Qulam Mirzə Məşədi Mirzə oğlu Güney Azərbaycanın Zǝncan əyalətinin Gümüşoba kəndindən idi. O, rǝiyyət nümayəndəsi olaraq həmişə min bir zəhmətlə halal çörəyini qazanmışdı. Doğulduğu və boya - başa çatdığı kənddə Qarabirçək xanımla ailə qurmuşdu. Qarabirçək xanım xan nəslindən idi. Gümüşoba kəndi bu gün də mövcuddur. Əkinçi - biçinçi olan Qulam Mirzə yaz - yay aylarında ailəsini götürüb Quzey Azərbaycana gələrdi. 1917 - ci ildə onlar biçinlə əlaqədar Quba əyalətinin kəndlərində idilər. Ailənin üçüncü oğlu dünyaya gəlmişdi. Adını Qulam Hüseyn qoydular. Biçin müddəti qurtaranda ailə Zǝncana qayıtdı. Bu zaman körpənin üç ayı tamam olurdu. Qulam Güney Azərbaycanda boya - başa çatıb. O, 8 - 10 yaşlarında fitri istedadı sayəsində tütək, balaban Hüseyn (Zakir Mirzəyevin atası) çalmağı öyrənmişdi. Əməkdar artist Zakir Mirzə Qulam böyük bir nəslin nümayəndəsi idi. Qulam Hüseynin ata - anası, əmiləri, dayıları və başqa yaxın qohumları 1928 - ci ildə Quzey Azərbaycana köç ediblər. Şəcərənin üzvləri əvvəlcə Lənkəranın Qumbaşı qəsəbəsində məskunlaşırlar. Sonralar nəslin bəzi nümayəndələri İmişliyə gediblər. 6 aydan sonra darıxdıqları üçün qohum - əqrabanın bəzisi doğma elə, Zǝncana qayıtmış, digərləri isə İmişlinin kəndlərində məskunlaşaraq təsərrüfatla məşğul olmuşlar. Qulam valideynləri, əmiləri və digər doğmaları ilə İmişlidə qalmış, onlara kömək etməklə bərabər, el - obanın çal - çağırında balabançı kimi fəaliyyət göstərmişdir. Qulamın atası, əmiləri İmişlinin Çaxırlı kəndində ev - eşik tikib, bina salarkən o, doğmalara kömək edir, həm də bu kəndin klubunda işləyirdi. Bu zaman onun 15 -16 yaşı var idi. Yuxarıda qeyd etdiyimiz kimi, qohum - qardaşın bəziləri Zǝncana dönəndə, Qulam Bakıya gəlir, gənclik illərində və orta yaşlarında müxtəlif işlərdə çalışır. Onun valideynləri dünyasını dəyişmiş və İmişlinin Çaxırlı kəndində dəfn olunmuşdular. Övladlar Poltavka kəndində yurd - yuva qurdular. Qulam Hüseynin özündən böyük iki qardaşı da vardı. Cəfərqulu İmişlidə yaşamış və orada dünyasını dəyişmişdir. Qurbanəli Xaçmazda məskunlaşmış və orada ömrünü başa vurmuşdur. Məmmədhüseyn Qulamın kiçik qardaşıdır. O, XXI əsrin əvvəllərinə qədər İmişlidə ömür sürmüşdür. Zakirin ana babası Ağababa Zəncanın Zöhrün kǝndindən idi. Onlar Bakıya xeyli əvvəllər gəlmişdilər. Qulam Hüseyn Bakıya gəlir. Onun nəsil qohumları bu şəhərdə çox idi. O, müxtəlif işlərdə çalışır, "Fəhlə klubları" nda, "Şoferlər klubu" nda özfəaliyyət ansambllarında balaban ifaçısı kimi fəaliyyət göstərir. Gənc yaşlarında Tibb Məktəbinə daxil olur. Bu təxminən 1940 - cı ilə təsadüf edir. Təhsili başa vurmur. Bakının Saray kəndindən olan Aşıq Əli ilə sənət yoldaşlığı edib məclislərə gedir. 1941 - ci ildə Qulam Hüseyn Respublika dəmir yolu idarəsinə işə girir. Qatarlarda müfəttiş işləyir. Onu kommunist partiyası sıralarına qəbul edirlər və Bakı -Gəncə qatarında müfəttiş kimi çalışır. Həmin ildə Qulam Hüseyn Mədinə xanım Ağababa qızı ilə ailə həyatı qurur. Bir müddət qaynatasının həyətindəki mənzildə yaşayırlar. 1943 - cü il sentyabr ayının 16 - da ilk övlad dünyaya gəlir. Adını Zakir qoyurlar. Zakir 3 - 4 aylıq olanda onların ailəsi qonşu həyətdəki mənzildə məskunlaşır. Gənc ailə başçısı Qulam Hüseyn kəskin ağlı, dərin düşüncəsi və bacarığı ilə ətrafındakıların diqqətində idi. Həzrəti Əli əleyhissəlam buyurub: "Ağıllı adam odur ki, özünə dost qazana". Bakıda olduğu müddətdə Qulam kamalı, ağlı sayəsində çoxları ilə ünsiyyət yaratmış, xeyli dost qazanmışdı. Oturub - durduğu adamlara həmişə yaxşılıq edərdi. Deyirlər ki, insanın qiyməti onun etdiyi yaxşılıqla ölçülür. Nizami Gəncəvi əsərlərində yazır:
"Quyuya salsan da yaxşılığı bil
Yena qayıdacaq o itən deyil".
"Yaxşılığı əzəldən adət etsən özünə,
Yaxşılığın hər yerdə qapı açar üzünə".
Xoş əməllərinə görə Tanrı Qulam Hüseynin qarşısına xeyir - əməl adamları çıxarırdı. Belə xeyirxahlardan biri də Azərbaycan Respublikası Dəmir Yolu İdarəsi Həmkarlar Komitəsinin o zamankı sədri Hüseyn müəllim idi. Qulamı Dəmir Yolu İdarəsinə işə o düzəltmişdi. Qulam Hüseyn öz sazəndə dəstəsilə neçə - neçə dost - tanışın toyunda təmənnasız çalıb - çağırmış, imkansız ailələrin toy - büsatına təmtəraq, yaraşıq vermişdi. Bu kimi işlər Hüseyn müəllimin nəzərində idi. Həm də o, Qulamın xüsusi zövqlə çaldığı balabanın səsinin sehrinə düşmüşdü, bu ifanın vurğunu idi. Həmkarlar Komitəsi sədri Hüseyn müəllim Qulam Hüseynin işgüzarlığını və bacarığını nəzərə alıb onun Bakı Dəmir Yolu İdarəsinə anbar müdiri təyin olunmasına kömək edir. Artıq bu zamanlar Qulam Hüseynə Biləcəri Dəmir Yolu Stansiyası ətrafındakı binada beş otaqlı mənzil verirlər. Zakir Mirzəyev 2 yaşa qədər həmin mənzildə boy atıb. 1944 - cü ildə Qulam Hüseyn Mirzəyev əsgər çağrılır və müharibəyə göndərilir. Yarım ildən sonra döyüşlərin birində yaralanır və arxa cəbhəyə, Bakıya qaytarılır. Onu milis orqanlarına işə götürürlər. Burada baş leytenant rütbəli zabit kimi çalışsa da, bu iş onun ürəyincə olmadığı üçün öz ərizəsi ilə işdən azad edilir. İdarədə demişdi ki, o, musiqiçidir, öz sənətini işlətməklə xalqına, el - obasına xidmət etmək istəyir. 1946 -cı ildə Qulam Bakı şəhəri 3 saylı milis şöbəsindən işdən çıxaraq əvvəlki iş yerinə, Dəmir Yolu İdarəsinə qayıdır. Burada çalışaraq boş vaxtlarında musiqiçilik fəaliyyətinə də imkan tapır. Qulamın xalası oğlu İzzət kişi ailəsilə Xaçmaz şəhərində yaşayırdı. Həmçinin Qulamın Hüseynxan dayısı və onun qızı Balaxanım bibi də Xaçmazda məskunlaşmışdı. Qohum - əqrəba tez - tez bir yerə yığışar və sevincli günlərini yaşayardılar. Qulam Xaçmazdakı xanəndə və aşıq dəstələri ilə birlikdə bir müddət el - obanın çal - çağırında, konsertlərdə, şənliklərdə, toylarda çalışaraq yaxşı musiqiçi kimi tanınır və çox böyük nüfuz qazanır. Ad - sanlı, məşhur adamların toylarında balabanını ürəklə səsləndirməsi onu o yerlərdə daha da tanıtdırmışdı. Burada bir haşiyə çıxaq: Deməliyik ki, bir musiqiçi kimi Qulam Hüseyn Mirzəyev tam yetkin, samballı sənətçi idi. O, balabanda Zǝncan, Ərdəbil, Urmiya, Təbriz, Qaradağ aşıq havacatlarını, Qərb aşıq sənəti nümunələrini, o cümlədən Şirvan aşıq məktəbinə xas olan havaların, şikəstəlǝrin hamısını ustalıqla çalırmış. Bu hər sənətkara nəsib olmur. Görünür onun qan yaddaşı çox güclü olmuş, genində və ruhunda saf milli musiqi duyumu toplanmışdır. O, aşıqların söylədiyi dastanları incəliklərinə qədər əzbər söylərmiş. Adlı - sanlı toyların birində Xaçmaz rayon Partiya Komitəsinin birinci katibi Səlimov Qulam Hüseynin ifasını diqqətlə dinləyir və çox bəyənir. Çağırıb səmimi söhbət aparır. Onların qohumluğu varmış. Rəhbər işçinin musiqisevərliyi, sənətkara hörməti, o cümlədən qohumluq əlaqələri Qulamın bəxtinə işıq salır. Birinci katib yoldaş Səlimov Qulam Mirzəyevi Xaçmaz rayon Taxıl İstehsalı Bazası anbarına müdir təyin edir. 1947 - ci ildə ailədə oğul dünyaya gəlir. Adını Adil qoyurlar. Qulam 1945 - ci ildə həyata gəlmiş oğlunun da adını Adil qoymuşdu. Lakin uşaq körpəlikdə xəstəlik keçirdiyi üçün qalmamışdı. Xaçmazda yaşayan İzzət xalaoğlu Qulam Hüseynin ailə vəziyyətini nəzərə alıb ona yaxşı şǝraiti olan, hǝyǝt - bacalı ev verir. Qulam bir müddət burada yaşayır. Toylardan əldə etdiyi yaxşı qazanc hesabına qazandığı halal pul ilə Xaçmazda özünə ev alır. Bu əsl mülk idi. 1948 - ci ildə Qulam Hüseyn ailəsini Bakıdan Xaçmaza aparır. Özünə gün - güzəran düzəldir. Xaçmazda yaşayan sənət adamları ilə yoldaşlıq, dostluq əlaqələri qurur. Musiqiçilik peşəsi həmişə onu özü tərəfə çəkirdi. Bu da onun qismətinə düşmüş bir iş idi. Sənətçilər daha yaxşı bilirlər bunu. Sənət "çeşməsi" ndən su içəndən sonra ondan kənar düşmək çətin gəlir adama. Sanki taleyin bu işə bağlanır. Qulam Hüseynin bəxtinə düşmüş istedad onun taleyini izləyərək öz ardınca çəkib aparmağa qadir idi. Başqa işlərdə çalışanda da işini elə qura bilirdi ki, musiqiçiliklə də məşğul ola bilsin, sevimli balabanını səsləndirsin. Müharibədən qayıdandan sonra əvvəl Yanğından Mühafizə İdarəsində, sonra isə Milis şöbəsində çalışarkən sevimli peşəsini işlədə bilmədiyi üçün çox qəribsəmişdi. Ərizə yazıb Daxili İşlər Orqanından çıxanda əvvəlcə onu buraxmaq istəməmişdilər. Çünki çalışdığı vəzifələrdə o, özünü doğrultmuşdu. O zamankı Daxili İşlər Naziri yoldaş Yaqubov Mirzəyev Qulamı yanına çağırtdırıb söhbət aparmış, yaxın vaxtlarda onu təhsil almağa göndərəcəklərini bildirmişdi. Lakin, musiqi aləmi, ifaçılıq sənəti, aşıq yaradıcılığı, dastanlar, şikəstələr, "Koroğlu" havaları onu öz sehrli məkanına doğru çəkmişdi. Şirvan aşıqlarının əksəriyyəti, o cümlədən ustad sənətkar Aşıq Qurbanxan (1905 -1977) da balabançı Qulamı tanımış, sənətini bəyənmiş və şəxsiyyətinə hörmət etmişdi. Yazımızın bu yerində məlumat üçün bir haşiyə çıxaq: Qulam Hüseyn Mirzəyev Güney Azərbaycanda başladığı ömür yolunu Quzey Azərbaycanda 2005 - ci ildə tamamladı. O, Xaçmaz şəhər qəbristanlığında doğmalarının məzarlarının əhatəsində uyuyur. Onun yas mərasimində Bakıdan ora gedən sənət yoldaşlarımızla birlikdə hamımız iştirak etdik. Zakir 1951 - ci ildə Xaçmaz şəhər məktəbinin birinci sinfinə gedir. Ana kəlməsi, vətən sözü yazmağı öyrənir. İlk günlərdən yaşıdlarından və məktəb uşaqlarından heç bir cəhətlə və fikrǝn heç nə ilə fərqlənməyən bu uşağın genində böyük istedad olduğunu, daxilində vulkan yatdığını bilənlər yox idi. Bu oğlanın içindəki təlatüm sonralar hərəkətə gǝləcək, vulkan isə zamanında püskürəcəkdi. Zakirin söhbətlərindən: "Valideynlərim deyərdilər ki, az yaşlarımda cǝld və çevik uşaq olmuşam. Az sonra ata - anam musiqi duyumumu hiss ediblərmiş. Atam balabanı həzin - həzin səsləndirəndə dərhal diqqət kəsilər, çaldığı muğamları, el havalarını, aşıq melodiyalarını həssaslıqla dinlərmişəm. 3 - 4 yaşım olanda, Bakıda yaşayarkən evimizdəki qavalı qıçlarım arasına qoyub çalarmışam. Sonrakı vaxtlar isə öz yadıma gəlir. Atam balabanda oyun havalarını çalarkən qavalda ritm tutub onu müşayiət edərdim. Yorulanda və ritmi çaşanda atam gülümsünüb başıma sığal çǝkǝrdi. Qarmon çalmağa hədsiz həvəsim vardı. Radioda qarmon ifası eşidən kimi fikrim ora cǝmlǝnirdi. Qonum - qonşuda toy olanda, əgər orada qarmon da çalınırdısa ora can atırdım. Uşaq təxəyyülümdə, xəyalımda qarmon çalmaq arzusu var idi. 7 yaşım olanda atamdan xahiş etmişdim ki, mənə qarmon alsın. O, belə də etdi". Zakirin 8, qardaşı Adilin 4 yaşı olanda qızılca xəstəliyinə tutulurlar. Xəstəlik Zakiri tamam gücdən salır. O, yemək yemir. Valideynlər nə qədər dilə tutsalar da uşağın iştahası tamam küsdüyündən yaxşı qidalana bilmir. Bunu duyan, çox narahat olan ata Zakirə deyir: "Sən yeməyinə yaxşı fikir versən, səninçün ən çox arzu etdiyin bir şeyi alacağam". Ata işdən qayıdarkən bir neçə hədiyyə və qoltuğunda tutduğu iri bir bağlama ilə evə gəlir. Digər hədiyyələr açıq - saçıq görünsə də, bağlamanın içindəkinin nə olduğu uşaqları çox maraqlandırır. Qulam Hüseyn kişi uşaqların anasından soruşur: Hə, de görüm, bu gün bu uşaqların yemək yeməkləri necə olub? Ana cavabında: - "Adil nisbətən yaxşıdır. Zakir isə heç nə yemir" - deyir. Bunu eşidən ata Zakirin saçını tumarlayıb dillənir: Oğlum, əyləş süfrə başında, bir iştahla şam ye. Səni lap çox sevindirən bir hədiyyəni, bax, o kağıza bükdürdüyümü, bağlamadakını sənə verim. Zakir dərhal yeməyə başlayır. Çox sevinən ata bağlamanı açır və içindəki 12 dilli, yarımtonsuz qarmonu ciyərparəsinə verir.
Zakirin ilk çalğı aləti. 12 - dilli diatanik qarmon
Zakir qarmonu qucağına alıb dizləri üstünə qoyur, kəməri çiyninə salıb neçə vaxt ağzında zümzümə etdiyi "Heyvagülü" havasını çalmağa başlayır. Qarmonu əlinə alanda sevincindən kövrələn balaca Zakirin üzündə nikbinlik bildirən cizgilər görünür, qəlbində fərəh hissi baş qaldırır. Onun həvəslə qarmon çalmağını görən ata - ana kövrəlir. Xəstəlikdən üzülmüş, gözləri çuxura düşmüş və bənizi solmuş Zakir balanın qarmonu əlinə alan kimi onun əhvalında yaxşılığa doğru dəyişiklik olduğunu hiss edən valideynlər çox təsirlənmişdi. Qarmon çala - çala bu uşaq dərhal ruhən sağalsa da, bir neçə gündən sonra fiziki cəhətdən də tamam şəfa tapmışdı. 8 yaşında Zakirə qarmon alınmasının onun xəstəliyi ilə bağlı olması bəlkə də tale qismətidir. Atanın xəstə uşağı ruhlandırmaq üçün azyaşlı övlada qarmon alması zərurətdən irəli gəldi. Zakir isə yazımızda qeyd etdiyimiz kimi, 6 - 7 yaşında olarkən qarmon çalmaq arzusunu bildirmişdi. Ata isə kiçik uşağın qarmona gücü çatmayacağını bildiyindən, alətin körüyünü dartmaq üçün fiziki cəhətdən hazır olmadığını düşündüyündən, onun əziyyət çəkməsini istəmədiyindən qarmon alınmasını yubandırırdı. Zakirin dediklərindən: "Qarmonu əlimə alan kimi çala bilməyimin obyektiv səbəbləri var idi. O dövrdə hər yerdə, radioda, toylarda "Heyvagülü" rəqs havası ifa olunardı. Demək olar ki, tez - tez eşidirdim. Yaddaşımda əzbər idi. O zaman çox dəbdə olan xalq havası idi. Elə indi də toylarımız bu rəqs havası səslənmədən keçə bilməz. Hələ qarmonum olmamışdan əvvəl də xəyalımda barmaqlarımı qarmonun dilləri üstündə ardıcıllıqla düzürdüm. Ağzımda isə bu musiqini səsləndirirdim. Bəlkə də Ulu Tanrının mənə göndərdiyi bir qismət idi ki, ilk anlardan qarmon çalmaq məndə alındı. Ata - anam Bakıya nənəmgilə və digər doğmalara xəbər göndərib bu sevincli anlarını onlarla da bölüşmüşdülər. Xaçmaza, bizə xəbər gəldi ki, nənəm hədsiz sevinib. Quran açıb, Quran oxuyub, Allaha dua edib və mənim musiqiyə gəlişimə görə xeyir - dua verib". Zakir 9 yaşından Xaçmaz Şəhər Pioner və Məktəblilər Evinə musiqi dərnəklərinə gedir. Müntəzəm məşqlər edir. Sevimli qarmonundan bir an da olsun ayrılmır. Evdə qarmonu əlindən yera qoymur. Uşaq daha həvəslənsin, çaldığı havalar bütöv, dolğun olsun deyə Mədinə xanım qavalı götürüb ritm tutar, oğlunu müşayiət edərmiş. Sonralar Zakirǝ 18 dilli diatonik qarmon alınır. 1952 - ci ildə Quba şəhərində ətraf rayonlarla birlikdə Zonalar (bölgə) arası pioner və məktəblilər evi bədii kollektivlərinin baxış - müsabiqəsi keçirilir. Balaca musiqiçi Zakir Mirzəyevi bu böyük tədbirə solist kimi göndərirlər. 9 yaşlı qarmonçu yaşadığı rayonu şərəfləndirir, müsabiqənin diplomunu alır, birinci yer verildiyi üçün o, məktəbli geyimi ilə də mükafatlandırılır. Ev məşqlərində ona qardaşı Adil də kömək edir, nağara çalıb Zakirin müşayiətçisi olur. Beləliklə, Zakir Mirzəyev istedadlı uşaq olaraq hər il müsabiqələrdə üzvü olduğu Xaçmaz mǝktəblilər evinin təmsilçisinə çevrilir. Getdiyi bütün tədbirlərdən böyük müvəffəqiyyətlərlə qayıdan bu çox bacarıqlı oğlan uşağını Xaçmaz rayon mədəniyyət evinin rəhbərliyi öz bədii kollektivinə dəvət edir. Burada bir haşiyə çıxmaq gərəkdir: 1954 - cü ildə Respublika Xalq Yaradıcılığı Evinin rəhbərliyi Azərbaycan rayonlarını gəzib bədii özfəaliyyət kollektivlərini, xalq musiqiçilərini dinləyib ən istedadlılarını baxış - müsabiqələrə dəvət edirdilər. Zakiri də Xaçmaz mədəniyyət evində dinləyib çox bəyənsələr də, yaşı az olduğu üçün müsabiqəyə buraxmırlar. Lakin, istisna etməli olurlar. Zakirin aşıb - daşan istedadı, yaşından çox böyük göstərici təqdim etməsi münsiflər heyətini onu tədbirlərə buraxmağa vadar edir. Respublika Xalq Yaradıcılığı Evinin məsul işçilərindən biri Hənifəzadə rayonlardakı istedadların axtarılıb üzə çıxarılması və müsabiqələrin yekun konsertlərinə cəlb olunması üçün təhkim olunmuş bir şəxs idi. Zakiri Xaçmaz musiqiçiləri içərisindən seçən və onun gələcəyinin ümidverici olduğunu təsdiq edənlərdən biri də məhz Hənifəzadə olmuşdu. Beləliklə, Zakir Mirzəyev hər il Respublika Müsabiqələrinə buraxılır. 1956 - cı ildə özfəaliyyət kollektivləri və solistlərin Bakıda keçirilən "baxış - müsabiqəsində münsiflər heyətinin sədri böyük bəstəkar Əfrasiyab Bədəlbəyli, üzvlər məşhur bəstəkarlar, C.Cahangirov, Q.Hüseynli, T.Quliyev, N.Əliverdibəyov (o, həm də məşhur drijordur) və Respublika Xalq Yaradıcılığı Evinin direktoru M.İsmayılzadə idi. Müsabiqənin yekun konsertində Zakir cǝld, iti sürətli, ritmik, oynaq melodiya olan "Bakı" rəqsini ifa edir. Ifa hamının xoşuna gəlir. 13 yaşlı uşağın cəld barmaqlarla, ustalıqla çaldığı melodiya ǝsl peşəkar ifa idi. Zakiri xaçmazlı nağaraçalan Xeyrullah müşayiət edirdi. Zakirin öz yaşından qat - qat, dəfələrlə artıq ifasını məşq zamanı görən Xaçmaz Rayon Mədəniyyət Şöbəsinin müdiri Məmmədağa Şirinov onun bu tədbirdə çox böyük nailiyyətlər qazanacağına tam arxayın idi. Odur ki, bu zirək, çevik oğlanın müsabiqənin son turuna düşməsi üçün çəkdiyi zəhmətə çox sevinirdi. Zakir Mirzəyevin hər hansı bir tədbirə göndərilməsi Xaçmaz rayonuna fəxarət, baş ucalığı gətirməsi demək idi. Bu istedadlı oğlan uşağı peşəkar musiqiçi qədər bacarıq nümayiş etdirə bilirdi. Zakirin yalnız ağ dillərdən ibarət (diatonik) qarmonu olduğu üçün, müsabiqə zamanı digər iştirakçıdan xahiş edib onun qarmonunu, tam peşəkar səviyyəli, yarımtonlu (xromatik) aləti alıb ona verdilər. Öz çıxışına 30 - 40 dəqiqə qalmış həmin qarmonla məşq edən Zakir səhnəyə çıxan kimi od parçasına dönmüşdü. Özünü tamam unutmuşdu. Üstünə düşdüyü məsuliyyəti anladığındanmı, sel kimi çağlayıb gələn fitri istedadından idimi, bilmirdi. Çalıb qurtarandan sonra öz işinin qiymətini biləcəkdi. Böyük insan, əsl ziyalı, bəstəkar Əfrasiyab Bədəlbəyli (1907-1976) Zakiri münsiflər heyəti əyləşən zala çağırır. Zakir səhnədən düşüb onların yanına gəlir. Əfrasiyab müəllim ondan soruşur:
- Hə, qoçaq, neçə yaşın var?
- On üç.
Sual: Müəllimin kim olub?
Cavab: - Özüm öyrənmişəm.
Bəstəkar daxili səmimiyyətini üzündəki təbəssümlə bir az da gücləndirərək deyir: - Sən bilirsənmi ki, bu çalğınla 30 il qabağa getmisən? Belə qabiliyyət hər adama nəsib olmur bala. Səni biz öz nəzər - diqqətimizdə saxlamalıyıq. Hər birimiz sənə kömək etməliyik, sən böyük musiqiçi ola bilərsən. Heç bilirsənmi münsiflər heyətində kimlər təmsil olunur? - Xeyr! Bilmirəm, - deyə Zakir cavab verir. Sənin ifanı çox böyük insanlar, əsl sənətkarlar bəyəndi - söyləyən Ə. Bədəlbəyli əlini uşağın çiyninə qoyaraq münsiflər heyətinin üzvlərilə Zakiri tanış edir. Bu sıcaq münasibət gənc musiqiçinin qəlbinə nur çiləyir, saf ürəyini daha da işıqlandırır, onun sənətə olan sevgisinə böyük ümidlər qatır və daxilində inam çırağı yandırır. Onu da qeyd etməliyik ki, Zakir məktəblilərin yay tətilində Bakıya gələr və burada qalardı. Yaxın qohumları Seyyid Qurban oğlu Seyyid Böyükağanın peşəkar sənətkar qarmonunda çalardı. Bu alətlə tez - tez məşq etməsi onu xeyli inkişafa aparmışdı. Böyükağa çox xeyirxah insan idi. Qarmonunu Zakirdən heç vaxt əsirgəməzdi. Əksinə, onu həmişə təriflər və həvəsləndirərdi. Peşəkar qarmonçu olan Seyyid Böyükağa Zakirin ana nənəsi Dibaxanımın əmisi nəvəsi idi. Tətil günlərində Zakir həm də məşhur qarmonçu Musa Həsənovun qarmonundan da istifadə edirdi. M. Həsənov Zakirin dayısı Mirnəcəfin baldızı oğludur. Sənətkar uşaqlıq xatirələrini çözələyərək, onu sənətin dərinliklərinə doğru çəkən o uğurlu günlərindən danışır: "1956 - cı il baxış - müsabiqənin sonuncu günü böyük hazırlıqla təmtəraqlı, konsert səviyyəli təşkil olunmuşdu. Burada "Bayatı - Şiraz dəramədini ifa etdim. Bu böyük tədbir Azərbaycan Dövlət Dram Teatrının köhnə binasında keçirilirdi və canlı yayımla respublikamıza yayılırdı. Fəxri fərman, "müsabiqənin qalibi" döş nişanı və məktəbli geyimi ilə (kostyumla) mükafatlandırıldım. 1957 - ci ildə Bakıda keçirilən tələbə və gənclər festivalının II turunda müvəffəqiyyət qazandım. Laureat oldum. Mənə festivalın döş nişanını və fəxri fərman təqdim etdilər. 1959 - cu ildə müsabiqədə çıxış etmək üçün Bakıya dəvət olundum. Burada daha böyük uğurlar qazana bildim. Artıq daha böyük məsuliyyət hiss edirdim. 16 yaşım var idi. Əvvəlki müsabiqələrdə az - çox tanınmışdım. Münsiflər heyətinin üzvləri və sədr ǝ. Bədəlbəyli mənə diqqət və qayğı göstərirdilər. Əfrasiyab müəllim çox xeyirxah, müdrik, xalq musiqisinin keşiyində sayıq duran, istedad axtarışında olan, istedadlı gənclərin qayğısına qalan çox böyük insan idi. Belə xisləti və cəhətləri ilə onu Üzeyir bəyə də bənzətmək olar. Müsabiqədə ifa etdiyim "Bayatı - Şiraz dəramədi" nin radio fonduna lentə yazılması üçün Ə.Bǝdəlbəyli xüsusi göstəriş verdi. İfamda həmin melodiya lentə alındı və radionun qızıl fondunda bu gün də saxlanılır və səsləndirilir". 16 yaşlı bir qarmonçunun laureat olması, böyük bəstəkarlar tərəfindən bəyənilməsi və artıq Xaçmaz toylarında həvəslə sənət göstərməsi çoxlarının, o cümlədən Dağıstan Muxtar Respublikasından Xaçmaza qonaq gələn mədəniyyət işçilərinin də diqqətini cəlb etmişdi. Toyların bir neçəsində qonaq olan Mahaçqala Filarmoniyasının direktoru Vahabov gənc sənətçini diqqətlə dinləyib onun məharətinə valeh olur. O, Zakirin atası Qulam kişi ilə söhbət edir və bildirir ki, Dağıstanda belə qarmonçu yoxdur. Vahabov ata və oğulu Mahaçqalaya dəvət edir. Dağıstan Muxtar Respublikasının xalq artisti müğənni Şəmsiyyə Şamxalova, filarmoniyanın tarzəni Heydər Abdullayev, Zakir Mirzəyev və onun atası Qulam Mirzəyev və Xaçmazdan nəfəs alətləri ifaçısı Məmmədşah, Qumıqqışlaq kəndindən olan tarzən - xanəndə İsa və digər musiqiçilərdən ibarət heyyət yaradılaraq yaxşı bir konsert təşkil olunur. Konsert Mahaçqala Filarmoniyasında verilir. Zakir burada "Bayatı - Şiraz" va "Dilkəş" muğamlarını solo ifa edir. Uğurlu keçan konsertin səsi - sorağı çox yerlərə gedib çıxır. Odur ki, həmin ifaçıların konsertini Dağıstanın əksər yerlərində təşkil etməli olurlar. Konsertin keçirildiyi yeri, günü, saatı bildirən elanlara (afişa) Şəmsiyyə Şamxalovanın və mahir qarmonçu, festival laureatı Zakir Mirzəyevin adları yazılır. Birinci konsertdən sonra artıq Zakirin sorağı Dağıstana yayılmışdı. Beləliklə, Dağıstanın Tabasaran, Xuçnı, Məhərrəmkənd, Dərbənd, Qasımkənd, Bilici və digər şəhər və kəndlərində bir - birindən gözəl konsertlər verilir. Bu konsertlər üç ay davam edir. Axtı kəndində, Aqni stansiyasında, Buynaqski (Teymurxan) qəsəbəsində də konsertlər təşkil olunur və Zakirin təqdim etdiyi şən, oynaq melodiyalar hərarətlə qarşılanır. Vahabov Mahaçqalada yekun konsert də keçirərək Zakirin atası ilə söhbət aparıb bildirir: "Biz onu filarmoniyaya işə götürürük. Burada o, məşhurlaşacaq. Onu hər yerə aparacağıq, fəxri adlar alacağıq". Lakin, ata buna razılıq vermir. Özünə güvənc, arxa - dayaq bildiyi, göz qarası böyük oğlunu gözündən uzaq qoymaq istəmir. Keçmiş SSRİ məkanında və dünyanın əksər yerlərində məşhur olan "Ləzginka" rəqs ansamblının rəhbərləri və musiqiçiləri Zakirin məşqlərindən, xüsusilə filarmoniyadakı sonuncu konsertdəki çıxışlarından vəcdə gəlirlər. Onu ansambla əsas qarmonçalan, aparıcı musiqiçi kimi işə götürmək istəyirlər. Bütün bu təkliflərə Qulam Hüseyn kişinin razılıq verməməsinin özündə də görünür bir hikmət varmış. Tale, qismət Zakiri Azərbaycan musiqi mədəniyyətinə və doğma el - obasına xidmət etmək üçün hazırlayıbmış. Zakiri dinləyirəm: "Əfrasiyab müəllim mənim ali təhsil almağımın və sənətimlə daha yaxşı məşğul olmağımın qayğısına qalaraq Bakıya gəlməyim üçün Xaçmaz rayon mədəniyyət şöbəsinə və valideynlərinə məktub göndərdi. Rayon rəhbərliyi bu təklifi böyük sevinclə qarşıladı. Ailəmiz qürur hissi keçirdi. Ata - anam həvəslə Bakıya gəlməyimə razılıq verdi. 1960 - cı ildə mən Bakıya gəldim və ana babamın mülkinə, doğulduğum evə daimi qeydiyyata düşdüm. Əfrasiyab müəllim respublikamızda fəaliyyət göstərən o zamankı Xalq Yaradıcılığı Evinin direktoru Məbud İsmayılzadə ilə söhbət aparmışdı ki, mənim işlə təmin olunmağıma köməklik göstərsin. Məbud müəllimin tapşırığı ilə məni Səttarxan adına zavodun (əvvəlki adı Leytenant Smidt) Mədəniyyət və Texnika Sarayındakı mahnı və rəqs ansamblına məşqarası -qarmonçu təyin etdilər. Ustad qarmonçu Məmmədağa Ağayev burada əsas müşayiətçi, aparıcı - musiqiçi idi. Onunla bir yerdə çalışmağımla fəxr edirdim. Ondan rəqs kollektivi üçün çalmaq qaydalarını öyrənirdim. M.Ağayev də mənə hörmətlə yanaşır, ifamı bəyənirdi. Rəqs ansamblında fizika - riyaziyyat elmləri namizədi Məlik Babayev müşayiətçi - qarmonçu idi. Zakir 1962 - ci ildə Bakıdakı 36 saylı fəhlə - gənclər məktəbinin X sinfini bitirərək M.A. Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun Mədəni - Maarif fakültəsinin əyani şöbəsinə daxil olur. Noyabr ayında Sovet ordusuna xidmətə çağrılır. Hərbi xidməti başa vuraraq 1964 - cü ildə vətənə qayıdır. İnstitutda təhsilini davam edən Zakir aşıb - daşan bədii enerjisini müntəzəm məşqlǝrǝ, konsertlərə və el - obamızın toy - büsatına sərf edir. Cavan qarmonçuya məşq yeri axtarmaq lazım gəlmir. Yaxın qohumları Seyyid Kübra xanım onu çox istədiyindən mənzillərindəki otaqların birini çalıb - oxumaq üçün cavanlara ayırır. Onun oğlu Nəriman Səmədovun yaxşı səsi və oxumağı var idi. Birlikdə məşq edirdilər. Onların məşqinə nağaraçalanlardan Ramiz Həsənov, Rafiq Budaqov, Zöhrab Məmmədov, Tahir Hüseynov, klarnetçalanlardan Fərhad Hüseynov, Əzizağa Cabbarov, Kazım Cavadov gəlirdilər. Yüksək sənət eşqilə öz üzərində çalışan, ağıllı adamların məsləhətini dinləyən, özündən yaşca çox - çox böyük sənətkarlarla oturub - duraraq onların zəngin təcrübəsindən bacarıqla bəhrələnən bu gənc musiqiçi özünə cığır aça - aça irəliləyirdi. Deməliyik ki, Zakir hələ 13 yaşından Xaçmazın toylarında çalaraq sənətdə bərkiməyə başlamışdı. Bu uşağın çalğısını hər yerdə hərarətlə qarşılayır və böyük sənətkarların yanında əyləşən, yaşı, stajı az olan bu sənətçinin qarmon çalmağına xüsusi maraq göstərirdilər. Institutda oxuduğu illərdə Zakir tam peşəkar qarmonçu kimi Azərbaycanın ən tanınmış musiqiçiləri və xanəndələrilə nəinki Bakıda, hətta respublikamızın əksər bölgələrində el şənliklərində müntəzəm iştirak edirdi. 1968 - ci ildə o, ali təhsili başa vurur və təyinatla Azərbaycan Dövlət Filarmoniyasına solist - qarmonçu göndərilir. Bu təyinat gənc musiqiçinin sənət aləmində, bədii ictimaiyyət içərisində, sənətkarlar arasında daha yaxşı tanınması üçün geniş imkanlar açırdı. Ürəyi könlünü verdiyi sənəti ilə döyünən, həyat amalı, yaşam tərzi musiqi olan coşqun ifalı Zakirin Dövlət Filarmoniyasında işləməsi ona çox şey verdi. Hər ifaçı xalqın yaddaşına yazıla bilməz. Zakir çıxış etdiyi irili - xırdalı tədbirlərdə, toy - büsatdakı çıxışlarında, radioda səsləndirilən qəlbəyatımlı çalğılarında ayrı - ayrı fərdlərin qəlbinə köçür, damla - damla xalqın yaddaşına yazılırdı. Ə.Bədəlbəylinin zəhməti hədər getmir, uzaqgörənliyi özünü doğruldurdu. Bu məqamda yenə Zakirin özünü dinləmək istəyirəm: "Çalışqanlığım, zəhmətə qatlaşmağım Allahın da nəzərindən qaçmamışdı. Ulu Yaradan hər yerdə mənə qapı açırdı. 1964 - cü ilin sonlarında Televiziya və Radionun nəzdində professional hazırlıqlı musiqiçilərin öz ifalarında musiqi nömrələrini yazdırmaq üçün komissiya təşkil edilmişdi. Azərbaycan xalq musiqisinin inkişafı yolunda yorulmaq bilmədən çalışan fədakar insanlar, ustad tarzən, muğam bilicisi Əhməd Bakıxanov, bəstəkarlardan Səid Rüstəmov, Cahangir Cahangirov, Adil Gəray, müğənnilərdən Şövkət Ələkbərova və digər sənət adamları mənim ifaçılığımı diqqətlə dinləyib bəyənəndən sonra radionun fonduna çalğılarımın daxil olmasına razılıq verdilər. Sonra radionun baş redaktorunun rəsmi göndəriş kağızı ilə radionun səsyazma studiyasına göndərildim. Bu kimi işlərin o dövrlərdə öz qayda - qanunları, müəyyən mərhələləri aşıb - keçmək məsələləri və çətinlikləri var idi. O zaman bir ifaçının bir il ərzində 4 - 5 musiqi nömrəsinin yazılmasına icazə verilirdi. Lakin, elə həmin ildə mənim bəstələdiyim beş melodiyanı radionun fonduna aldılar. Artıq mən bütün sədləri keçərək respublikamızda ən çox tanınmış, sevilən və populyar qarmonçalan idim. Əslində elə qazandığım uğurlara görə ali təhsil ocağından birbaşa təyinatla ən mötəbər musiqi ocaqlarından birinə göndərmişdilər. Ə. Bakıxanov da rəhbərlik etdiyi xalq çalğı alətləri ansamblına məni dəvət etmişdi. Onun sağlığı dövründə bu kollektivdə çalışmaq mənə qismət olmasa da, sonralar həmin ansamblda xeyli müddət qarmonçu-solist olaraq radionun lent yazılarında və canlı çıxışlarda, televiziya konsertlərində çaldım. Əsas iş yerim olan Dövlət Filarmoniyasında əvvəlki həvəslə işimi davam edirdim". İlk dövrlərdən istedadı üzə çıxdığı üçün müntəzəm olaraq 1950 – 1960 - cı illərdə və daha sonralar da Zakir haqqında qəzet və dərgilərdə məqalələr yazılmış, radioda verilişlər hazırlanaraq efirǝ verilmişdir. Qeyd etdiyimiz məlumatlar olan qəzet və dərgilər, radio verilişlərinin lentlərinin əksəriyyəti sənətkarımızın şəxsi arxivində qorunur. Zakir müəllim solo - konsertlərinin afişalarını da qoruya bilib. Sənətkarın keçdiyi şərəfli və məhsuldar sənət yolunu əks etdirən çox qiymətli məlumatlar, hətta son 10 - 15 ildə televiziya verilişlərindəki çıxışları və konsertlərini əks etdirən videolentlər də Z.Mirzənin şəxsi arxivində vardır. Hazırlanmış "radio - oçerk " in birini dinləyirəm. Verilişin aparıcısı, radio - müxbiri danışır: "...1959 - cu ildə Zakiri hələ çoxları tanımırdı. Odur ki, bir qədər geri qayıdaq. 1959 - cu il imiş. Moskvada keçiriləcək Azərbaycan Mədəniyyəti və İncəsənəti ongünlüyünə ciddi hazırlıq gedirmiş. Ölkənin paytaxtına (Keçmiş Sovetlər Birliyinin paytaxtı Moskva şəhəri nəzərdə tutulur. - Ə.R.) Odlar diyarının sözünü, sənətini təmsil edəcək ən layiqli nümayəndələr seçilirmiş. Zakirin ifasına qulaq asandan sonra onu da Moskvaya gedəcək sǝnətkarların sırasına daxil edirlər. Lakin, biləndə ki, Zakirin vur - tut 15 yaşı var, çıxılmaz vəziyyətə düşürlər. Axı əsasnamǝyǝ görə ən cavan iştirakçı 16 yaşında olmalı idi. Nə isə, uzun mübahisədən sonra Zakirin də nümayəndə heyətinin tərkibinə daxil edilməsinə nail olurlar. Zakir gənclik illərində Zakir yaşca böyük sənət dostları ilə birgə paytaxtın (Moskvanın Ə.R.) müxtəlif iri müəssisələrində, fabrik və zavodlarda, mədəniyyət saraylarında çıxış edir. Ongünlüyün sonunda isə paytaxtın sütunlu salonunda səhnəyə çıxıb o vaxtkı ən sevimli nömrələrini, "Bakı" rəqsini və "Bayatı - Şiraz" dǝramǝdini (musiqisi T. Dəmirovundur) ifa edir. Səfərdən mükafatlarla, laureat kimi geri dönür". Bilirik ki, bəşəriyyətin çoxəsrlik mədəni irsində musiqi xüsusi yer tutur. İnsanın özünü ifadə və özünütəsdiq vasitəsi olan musiqi incəsənətin heç bir növü ilə müqayisə edilməzdir. Musiqinin yaradılması hiss və fikirlərin harmonik vǝhdətini, ehtiras və arzuların yüksək səviyyəsinin olmasını, ruhun yüksək notlarda gəzişməsini tələb edir. Özünü sənətdə dərk edəndən, az - çox təsdiqləyəndən Zakir sənətində yuxarıda qeyd olunan fikirlər öz təsdiqini tapmışdı. Musiqi şəxsiyyətin estetik tərbiyəsində mühüm yer tutur. Qədim mütəfəkkirlərin qeyd etdiyi kimi, musiqi "qəlbin dilidir", "hisslər məktəbidir", o, insanların ürəyindən "od çıxarmağa", həyatda dayaq olmağa qadirdir. Zakir qəlbinin saf hisslərini musiqinin dilinə çevirərək insanlarla danışıb həmişə. Emosional dil olan musiqisilə bu ifaçımız yatmış bəxtləri oyanmağa çağırıb, sınıq könülləri ovundura bilib, çox ürəklər coşdurub, çox arzu - diləklərə qanad verib və neçə - neçə istəkləri bir - birinə qovuşdurub. Efirdə çaldığı şən, oynaq oyun havaları ilə gənclərin qǝlbinə od salıb, sevgi oyadıb, cavanlarda toy - nişan ovqatı yaradıb və onları ailə qurmağa səsləyib. Zakirin konsert, toy çalğılarından, "Mirzəyi" sindən, "Vağzalı" sından, "Tərəkəmə" sindən, "Oynaq rəqs", "Azəri", "Zakiri", "Şəfayəti" adlanan və neçə - neçə toy ovqatlı, şadlıq büsatlı havalarından sevgi dolu ürəklər riqqətə gəlib danışıb, məhəbbət alovu ilə alışıb, dilləşib - anlaşıb və nəhayətdə toyda birləşib. Zakirin "Segah" ı hər dəfə səslənəndə neçə kinli, acıqlı ürəklər yumşalıb. Bu bənzərsiz, sehr dolu, hikmət dolu "Segah" bütün musiqiduyarları ram etməyə qadirdir. Lunaçarski haqlı olaraq qeyd edirdi ki, "musiqi bütün səslər dünyasını, yaxud da verilmiş səs sistemini harmoniyaya çevirir". Zakirin öz səslər dünyası var idi. Onun çalğısında hər an harmoniya yaranırdı. Bu onun daxili aləminin, mənəvi dünyasının, təmiz qəlbindən süzülüb gələn səslərin harmoniyası idi. O zamanlar o özü hələ harmoniyanı bilmirdi. Lakin, xalq musiqimizin zənginliklərindən süzülüb durulan, təmiz azəri türkünün varlığında, genində, qanında saflaşan harmoniya olaraq öz - özünə, bədahǝtən alınırdı. O, cığır açıb sənət yoluna çıxdığı zamandan özü də bilmədən özünə gündən - günə, aydan - aya, ildən - ilə artan pərəstişkarlar toplayırdı. Efirdə ifaları səsləndiyi ilk anlardan onun adına radionun ünvanına çoxlu, müxtəlif məzmunlu minnətdarlıq məktubları gəlirdi. Bu gün bu ifaçının özünü sənət aləmində tam təsdiq etdiyi bir vaxtda televiziya və radio verilişləri redaksiyalarına musiqisevərlərin daha çox və daha məzmunlu yazıları məktublar vasitəsilə yol almaqdadır. Yazımızda qeyd etmişik ki, 1964 - cü ilin axırlarında Zakirin ifasında beş rəqs melodiyası radiomuzun fondu üçün götürülmüşdü. Özünün bəstələdiyi, "Şənlik rəqsi", "Rəqs melodiyası", "Gülşəni" rəqsi, "Yeni rəqs" və xalq oyun havası "Qazaxı" lentə yazılmışdı. Bu çalğıların hamısını mahir nağaraçı Zöhrab Məmmədov müşayiət etmişdir. Zakirin bu ifası qarmon ifaçılığına yeni çalarlar gətirmişdi. Bu tamamilə orijinal bir sənət, yeni səpgi idi. Bu çalğılarda yarımtonlardan bacarıqla istifadə etmək qabiliyyəti var idi. Onun sonrakı dövr yaradıcılığına da yuxarıda dediklərimiz tam şamil olunur. O, yaratdığı melodiyalarda və çaldığı xalq havalarında cǝld, iti və çox güclü barmaqlarının və daxili hisslərinin sayəsində qarmonun qara dilləri (yarım ton) və ağ dilləri (ton) arasında əlaqə yaradaraq musiqini daha bǝzəkli, çox şirin, cəzbedici formada çatdırır. Dilli (klaviş) alətlərdə söylədiyimiz ifa tərzi çox çətindir. Bu böyük ustalıq tələb edir. Axı, haqqında danışdığımız ifaçılıq səpgisi dilli (klavişli) alətlər üçün xarakterik deyil. Zakir Mirzə simli alətlərə, xüsusilə kamanlı musiqi alətlərinə (kaman, skripka, viola və s.) xas olan çalarları, ifa xüsusiyyətlərini özü də bilmədən qarmon sənətinə gətirmişdi. Bu şedevr idi. Bu yenilik yaxşı qarşılandı. Çünki burada gözəl ifa, incə duyum, böyük ustalıq iş görürdü. Belə sənət nümunələrində dinləyicinin hiss və duyğularına təsir edən emosional güc var idi. Zakir sənətində ağ və qara dillərin bir -birilə sıx vəhdəti və harmoniyası var. İncəsənətin predmeti onu başa düşən və gözəllikdən zövq ala bilən adamları yaradır." Zakir musiqi üçün yaranmışdı. Musiqinin gözəlliyindən zövq almağı, onu duymağı bacarırdı. Həyatın şirinliyini, təbiətin gözəlliklərini musiqiyə gətirirdi. Bizə elə gəlir ki, qarmon ifaçılığı sənətində bu biçimdə, bu seçimdə, bu yetkinlikdə, bu bitkinlikdə, bu sürətdə və bu cəsarətdə ikinci birisi hələ olmamışdı. Zakirin özünü də musiqi yaradır, musiqi formalaşdırır, həyat meydanına çıxarır və cəmiyyət üçün hazırlayırdı. Musiqidə ifaçılıq ilə zövq almaq bir - birinə müvafiqdir. Zakir kimi sənətçinin zövqü və ifaçılığı bir - birindən yaranır və bir - birini tamamlayırdı. Yazımızda qeyd etmişik ki, Zakir Mirzə sənətilə qarmon ifaçılığına yeni nəfəs, yeni həvəs, təpər, güc - qüdrət və inkişaf gəlmişdi. Nəinki xanəndələr, ifaçılar, ayrı - ayrı şəxslər, hətta böyük bastəkarlar, tanınmış ziyalılar və dahi şəxsiyyətlər onun haqqında söz deməyə, ürək dolusu danışmağa başlamışdılar. 1978 - ci ildə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Dövlət Konsert - Qastrol Birliyini yaratdı. Müğənnilər, ansambllar və solist instrumental ifaçılar həmin təşkilata köçürüldülər. Zakir də solist -qarmonçu kimi orada çalışırdı. O dövrdə filarmoniyanın direktoru dünya şöhrətli drijor-bəstəkar, maestro Niyazi idi. Niyazi Zakiri tanıyır və sənətini bəyənirdi. Zakir Mirzə ötən dövrü xatırlayır: "Maestro Niyazi obyektiv adam idi. Yaxşı musiqiçilərə xoş münasibət bəsləyirdi. 1979 - cu ildə mənim televiziya çıxışlarımın birini seyr edərkən qarmonda çaldığım melodiyalarda sağ - sol əllər ilə sual - cavab çalmağım onun diqqətini çəkir. Xalq melodiyalarından başqa Şərq və Qərb bəstəkarlarının əsərlərindən nümunələr də ifa etmişdim. Repertuar da bu böyük musiqiçini qane edibmiş. Konsert axşamının səhəri filarmoniyanın işçilərindən birini ardımca yaşadığım mənzilə göndərmişdi. Həmin gün məni öz musiqiçi heyətimlə birlikdə təcili filarmoniyanın səhnəsinə dinləyişə, məşqə çağırmışdı. Özü birinci sırada əyləşərək diqqətlə məni dinləyirdi. Ətrafına bəstəkar Telman Hacıyevi, filarmoniyanın bədii şurasının üzvlərini və həm də inzibati işçiləri toplamışdı. Bütün ifalarımı diqqətlə dinləyən Maestro Niyazi sənətimə yüksək qiymət verməklə məni "Qarmonun Paqaninisi" adlandırdı. Mən həmin dinləyişdə qəfildən qarmonu tərsinə çevirib sol əl ilə aşağıdan yuxarı çalmağa başlayıb, sağ əlim tərəfə düşən alətin sol gövdəsinin düymələrilə unison və ya iki - üç səslə müşayiət etməyə başladım. Maestro dedi ki, bu ifa virtuozluğun zirvəsi sayılır. Zakir Mirzə o zamana qədər heç bir xarici ölkə səfərlərinə getməmişdi. O dövrün, Sovet dövlətinin öz ciddi qayda - qanunları və qadağaları var idi. Sənətçi əvvəlcə sosialist ölkələrində olmalı idi ki, sonra kapitalist ölkələrinə səfər edə bilsin. Həm də səfərə yollananın həbsdə ailə üzvləri və ya yaxın qohumları var idisə, o zaman sənətkar ölkə xaricinə buraxılmırdı. Virtuoz sənətilə, Maestro Niyazinin göstərişi ilə Zakir Mirzə bir başa ilk olaraq kapitalist ölkəsi olan Hollandiyaya göndərilən heyətin üzvlüyünə daxil edildi. Musiqiçi heyətinin rəhbəri böyük bəstəkarımız Tofiq Quliyev idi. Ciddi məşqlər apararaq həmin heyət 1979 - cu illərin sonlarında Hollandiyada böyük nailiyyətli çıxışlar etdi. Bu Zakirin xarici ölkəyə ilk səfəri və yadda qalan uğurlarından biri oldu. 1981 - ci ilin sonlarında Azərbaycan musiqiçiləri Nepala və Hindistana səfərə göndərilir. Heyǝtin üzvləri xanəndə İslam Rzayev, tarzən Həbib Bayramov, kaman ustası Habil Əliyev, nagaraçalanlar Böyükağa Muradov, Əli Əmiraslanov, qarmonçalanlar Zakir Mirzəyev, Hüseyn Həsənov və Dövlət Mahnı və Rəqs ansamblının kiçik bir qrupu idi. Xarici ölkədə veriləcək konsertin proqramına nəzər - diqqət edib yoxlamaq üçün böyük bəstəkar Fikrət Əmirov və Mədəniyyət Nazirliyinin rəhbər və məsul işçiləri dəvət olunmuşdular. Proqrama baxış filarmoniyada keçirilirdi. Zakirin də solo çalğıları dinlənildi. O, əvvəlcə öz yaradıcılığının məhsulu olan "Muğam və rəqs"' i çaldı. Sonra xarici ölkə bəstəkarlarının əsərlərindən bir neçə nümunə göstərdi. Sonda qarmonu tərsinə çevirib çalarkən bu möcüzədən vəcdə gələn Fikrət Əmirov ayağa qalxmışdı. İfa bitən kimi o, səhnəyə qalxıb Zakirin iki əlindən də tutaraq, sənətkarın əllərini yuxarı qaldıraraq, ona minnətdarlıq edərək ürək dolusu tərifləmişdi. Nepala və Hindistana gedən sənətçilər heyətinin rəhbəri F. Əmirov idi. 12 gün Nepalda qalan sənətkarlarımız həddən artıq hərarətlə, hörmətlə qarşılanan 8 uğurlu konsert vermişdi. Bu işdə hər bir musiqiçimizin yüksək peşəkarlığı, məsuliyyəti və sənət amalı yüksək rol oynamışdı. Böyük səs sənətçimiz İ.Rzayevin oxuduğu muğam, təsnif və bəstəkar mahnıları, mahnı və rəqs ansamblının qeyri - adi solo ifaları Nepal tamaşaçılarını heyrətləndirmişdi. Nepal dövlət quruluşuna görə krallıq ölkəsidir. Konsertlər o dərəcədə səviyyəli keçirdi ki, hətta bu konsertlərin əksəriyyətində kral öz ailə üzvləri ilə iştirak edərək birinci sırada əyləşir, həvəslə dinləyir, maraqla tamaşa edib alqışlayırdı. Zakir yüksək peşəkarlığı və virtuozluğu ilə kralı da ovsunlamışdı. Sonuncu konsertdən sonra dövlət başçısı Azərbaycandan gələn sənət adamlarının şərəfinə dünya mətbəxinin ən yüksək nümunələrilə zəngin ziyafət vermişdi. Ziyafətdə kral Azərbaycan musiqisinin qüdrətindən, sehrindən danışmış və bütün sənət adamlarımızı tərifləmişdi. O, çıxışının sonunda bir xahişi olduğunu bildirir: "Mən istərdim ki, qarmonçu Z. Mirzəyev konsertlərdə ifa etdiyi musiqiləri burada da təqdim etsin. Bu mənim, ailə üzvlərimin və burada iştirak edən çox hörmətli və əziz qonaqlarımızın arzusudur". Heyətin rəhbəri F. Əmirov da bu fikri alqışladığını bildirir. Z.Mirzə əvvəlcə öz repertuarını təqdim edir, sonra qarmonu tərsinə çevirərək sağ, sol əllə maraqlı, sual - cavablı, bir - birini tamamlayan cümlələrlə heyrətli bir nümunə göstərir, sonda qədim bir xalq mahnımızı ifa edərək ortada təsirli bir "Segah" çalır. Zakirin çıxışları böyük maraqla və alqışlarla qarşılanır. Dövlət səviyyəsində təşkil olunmuş bu ziyafət səmimi, mehriban, dostluq, qardaşlıq məclisinə, xalqlararası mədəniyyətin tanışlığı tədbirinə çevrilir. Kral səmimiyyətini və razılığını bildirir. Nepaldan Hindistana gələrkən Fikrət Əmirov Habil Əliyev və Həbib Bayramovla söhbət edǝrǝk Zakirin "Segah" ı haqqında danışır: "Əzizlərim! Bilirsiniz ki, mən tarzən olmuşam. Muğamlarımıza və musiqi alətlərimizin imkanlarına, ifa qaydalarına yaxından bələdəm. Zənnimcə siz də mənimlə razılaşarsınız ki, Zakirin "Segah" ifası heyrətamizdir. Bu ifa zənginliklər, müxtəlif təsirli səs çalarları, yeni fikirlər və hikmətlərlə doludur. Bu "Segah" insanı istər - istəməz öz alǝmindən qoparır, öz dünyasından çıxararaq başqa bir möcüzəli aləmə aparır. Onun "Segah" ifasında keçmişimiz, bu günümüz və sabahımız vardır". Hindistan ölkəsində də 3 - 4 gün qalan böyük sənətkarlarımız bir neçə uğurlu konsert verǝrǝk vətənə dönür. 1982 - ci ildə Zakir Mirzə Vyetnam ölkəsinə 15 günlük səfərə göndərilir. Bu sənət səfəri üçün xanəndələr, Baba Mahmudoğlu, Zaur Rzayev, Zümrüd Məmmədova, tarzən Həbib Bayramov, kamançaçı Hilal Məmmədov, nağara ifaçısı Böyükağa Muradov toplanmışdı. Yaxşı repertuar hazırlanmışdı. Bu proqramla Azərbaycan musiqisinin gücü və yüksək səviyyəsi dünyanın hər hansı bir ölkəsində göstərilə bilərdi, göstərildi də. Müğənnilərimizin oxuduqları muğam və mahnılar, musiqiçilərimizin hər birinin ayrı - ayrılıqda ifa etdikləri sololar, xüsusilə Zakirin şux, oynaq rəqs melodiyaları konsert proqramını rəngarəng və məzmunlu etmişdi. Zakir Vyetnam tamaşaçıları qarşısında da öz möcüzələrini göstərirdi, qarmonu ifa zamanı qəfildən çevirərək ustalıq nümayiş etdirirdi. Tamaşaçılar ayağa qalxaraq sürəkli alqışlarla onu yenidən səhnəyə çağırırdılar. Zakirin repertuarında Montenin "Çardaş" əsəri də var idi. Azərbaycan sənətçiləri ilə rəhbər kimi Lidiya Rasulova getmişdi. Zakir bu səfərə həm ansambl tərkibində, həm də solist kimi göndərildiyi üçün o, bu məsuliyyəti hiss edir və çox hünərli bir sənət göstərirdi. Vyetnamın bütün informasiya vasitələri Azərbaycan sənətçilərinin, xüsusilə Z. Mirzəyevin virtuoz ifaçılığından danışırdı. Konsertlərin sonu Zakirin solo çıxışları ilə tamamlanırdı. Onu unikal ritm ifaçısı, nağaraçalan B. Muradov "zərgər dəqiqliyi" ilə müşayiət edirdi. Hanoyda sonuncu konsertdə qəribə bir hadisə baş verdi. Konsertin sonunda çıxışı zamanı Zakir adəti üzrə özünü unudaraq iti, cǝld barmaqlarla öz qəlbindəkiləri izhar edərkən qarmonun sol ələ keçirilən kəməri qəfildən qırılır. Vəziyyətdən çıxmaq və konsertin nizamını pozmamaq üçün o, dərhal qarmonu tərsinə çevirib çənəsini alətin gövdəsinə sıxaraq ifasını sonuna qədər davam edir. Bu özü də sənətkarın möcüzələrinə bir dəstək, bir təkan olur. Dünya musiqi aləmində buna bənzər hadisələr olub. Belə vəziyyətlərdən çıxan sənətkarlar hǝmişə öyülüb, xatırlanıb və "əfsanəvi" musiqiçi kimi yadda qalıblar. Elə burada yada düşür ki, ölməz Niyazi Zakiri "Qarmonun Paqaninisi" adlandırmaqda səhf etməyibmiş. Vyetnamın dövlət rəhbəri Azərbaycan sənət adamlarının uğurundan çox məmnun qalaraq onları "Vyetnamın fəxri vətəndaşları" sıralarına daxil edir. Tariximizin geri anlarına nəzər yetirdikdə müşahidə edirik ki, Zakir 1979 - cu ildə Brüsseldə keçirilən Beynəlxalq müsabiqədə iştirak etmişdir. Buraya dünyanın hər yerindən gəlmiş ən yaxşı ifaçılar toplanmışdı. Onların hər birinin çıxışı yüksək səviyyədə keçir, xarüqəladə bir hadisəyə çevrilirdi. Zakir özü bu barədə belə yazır: "Mən onları dinlədikcə özlüyümdə fikirləşirdim: necə eləyim ki, salondakıları heyrətləndirə bilim. Qərara gəldim ki, ifa zamanı gözlənilmədən qarmonu çevirib, sol əlimlə çalım. Elə də etdim. Birdən salonda elə gurultulu alqış qopdu ki, özüm də karıxıb qaldım. Alqışların ardı - arası kəsilmirdi. Çalıb qurtarandan sonra məni səhnədən buraxmaq istəmirdilər...". Onun bu çıxışı bütün avropalıları valeh etmişdi. Zakir Brüsseldən qızıl medalla qayıtdı. Mali Respublikası Afrika ölkəsidir. Paytaxtı Bomako şəhəridir. Zakirgilin musiqiçi heyəti bu ölkəyə Xarici Ölkələrlə Əlaqələr və Dostluq Cəmiyyətinin xəttilə 1983 - cü ildə getmişdi. Cəmiyyətin sədri xalq şairi Nəbi Xəzri, müavini Rasim Süleymanzadə idi. Səfərə gedən heyətin rəhbəri və tərcüməçisi Rasim Süleymanzadə, ümumi rəhbər isə Sənan Axundov təyin olunmuşdu. 10 günlük səfərdə 7 konsert verilmişdi. Bəzən bir gündə 2 konsert keçirilirdi. Tarzən Həmid Vəkilov, kamançaçalan Hilal Məmmədov idi. Müğənnilər Canəli Əkbərov, Zaur Rzayev, Zümrüd Məmmədova, Dövlət Mahnı və Rəqs ansamblının kiçik bir qrupu maraqlı proqramla çıxış edərək tamaşaçı sevgisini qazanmışdılar. Bütün qəzetlər Azərbaycan artistlərinin məharətindən yazırdı. Zakir Mirzə öz proqramını "Muğam və rəqs" lə başlayır və ikinci təqdim etdiyi melodiya həmin ölkənin lirik əhvallı xalq mahnısı olurdu. Bütün tamaşaçılar bu mahnını ifaçının qarmonunun məlahətli səsi altında oxuyurdular. Uzun sürən alqışlardan sonra Zakir Montenin "Çardaş" əsərini çalırdı. Bütün ifalardan sonra tamaşaçılar ayaq üstə duraraq əl çalırdılar. Yenidən səhnəyə qaytarıldıqda, sonda Z. Mirzə qədim "Azərbaycan" rəqsini ifa edirdi. Girişdə "Zəmin - xarǝ", "Dügah" muğam hissələri gəzişir və sonra oynaq ritmlərlə rəqs melodiyasını tamaşaçı ovqatını daha da şən etmək üçün çalırdı. Ölkə qəzetlərinin biri Zakirə ayrıca səhifə ayıraraq, şəklini verib onun böyük sənətkarlığından yazırdı. Azərbaycan heyəti oteldə nahar edərkən R. Süleymanzadə qəzeti əlində tutaraq hamıya göstərib Zakirin əlini sıxıb, ürəkdən təbrik etmişdi. Zakirin uğurlu sənəti, şən xasiyyəti, yol yoldaşlığı və mehribanlığı R.Süleymanzadənin va S.Axundovun diqqətini cəlb etmiş, sonrakı dövrlərdə də onlar arasında səmimi yoldaşlıq, dostluq əlaqələri yaratmışdı. Bakıda Rasim müəllimin toyuna Zakir öz dəstəsilə dəvət olunmuş və sənətkarımız burada yaddaqalan ifalar göstərmişdi. Azərbaycan sənət adamları ilə birgə Zakirin Polşa, Macarıstan və Ruminiya ölkələrində də müxtəlif illərdə müvəffəqiyyətli çıxışları olmuşdur. 1984 - cü ildə Azərbaycan sənətçiləri Konqo vǝ Anqola ölkələrinə göndərilir. Səfər 15 gün davam edir. Heyət Azərbaycan Xarici Ölkələrlə Əlaqələr və Dostluq Cəmiyyətinin təşəbbüsü və təşkilatçılığı ilə göndərilmişdi. Ansamblın heyətinə tarzən Adil Bağırov, kaman çalan Hilal Məmmǝdov, qarmonçu Abutalıb Sadıqov, nəfəsli alətlər ifaçısı Elşad Cabbarov, nağara ifaçısı Əli Əmiraslanov və qoşanağara çalan Fərhad Bakılı daxil edilmişdi. Müğənnilər Qaraxan Behbudov, Züleyxa Mirismayılova və Süleyman Zeynalov idi. Zakir Mirzə dəstəyə yenə də solist - qarmonçu kimi dəvət olunmuşdu. Qrupun rəhbəri bəstəkar Aqşin Əlizadə idi. Azərbaycan Dövlət Mahnı və Rəqs ansamblının 2 rəqqası və rəqqasəsi də bu səfərdə böyük bacarıq nümayiş etdirmişdilər. Əvəz Qasımov və Nisə Rəhimovanın milli ruhlu, gözəl quruluşlu rəqslərimizi oynaması tamaşaçılara o qədər maraqlı idi ki, alqışlar kəsilmirdi. Zakir Mirzəyev repertuarında bəzi dəyişikliklər etmişdi. Belə ki, o, açılışı "Orta - Mahur" muğamı ilə edir, sonra öz proqramından bir - iki nümunə göstərir, axırda isə "Martov xorovodu" nu çalırdı. Uzun sürəkli alqışları qazanıb tamaşaçıların tələbilə yenidən səhnəyə qaytarılanda, həmin ölkənin ən populyar musiqisini ifa edib çıxışını tamamlayırdı. Yerli informasiya vasitələrinin hamısı Azərbaycan qarmonunun sehrindən, ifaçının geniş imkanlarından və məharətindən söz açırdı. Ümumiyyətlə, Konqoda və Anqolada hər bir sənət insanımız öz bacarığını göstərə bilmiş və vətənimizi layiqincə tərənnüm etmişdi. İstər yuxarıda adlarını qeyd etdiyimiz Avropa ölkələrində, istərsə də ərəblərin diyarında, müsəlman dünyasında Zakir Mirzə sənəti eyni maraqla, yüksək səviyyədə qarşılanmış, sənətkarın hər bir ifası əhəmiyyətli dərəcədə Azərbaycan ifaçısına şöhrət gətirmişdir. Ayrı - ayrı illərdə ərəb ölkələri Liviya, Misir və Mərakeşdə Azərbaycan musiqisinin səslənməsi o dövr üçün mühüm əhəmiyyət kəsb edirdi. Belə ki, ana vətənimiz Azərbaycan o zaman Sovetlər Birliyinin əsarətində idi. Uzaq ölkələrdə, digər qitələrdə musiqimizin səslənərək uğur qazanması, sevilməsi Azərbaycanımızın tanınması üçün müəyyən işlər görmüşdü. Milli mədəniyyətimizin, xalq musiqimizin tanınaraq sevilməsində Zakir Mirzənin də çox böyük xidmətləri olmuşdu. Yüksək enerji, sonsuz həvəs və dərin sevgi ilə Liviya, Misir və Mərakeşdə milli musiqimizi təbliğ və təmsil edən Zakir həmin ölkələrdə də yaxşı iz, unudulmaz xatirə qoymuş və sevilən sənət göstərə bilmişdi. Böyük sevinclə deməliyik ki, Zakirin ifası və rəngarəng repertuarı böyük musiqi xadimlərimizin, musiqisevər xalqımızın, başqa ölkələrdəki musiqiçilərin və dünya xalqlarının rəğbətini qazanmışdı. Doğrudan da, qarmon ifaçılığı sənətində bu səviyyəyə çatanımız, ikinci belə fenomen sənətçimiz olmamışdı. Hələ Hollandiya səfərinə hazırlıq dövründə proqrama baxış keçiran Maestro Niyazi 1979 - cu ildə Zakirin yüksək peşəkar ifaçılıq bacarığına vurğun olaraq demişdi: "Zakir, bax burada, filarmoniyanın bu səhnəsində səninlə Vaqif Mustafazadənin birgə konsertini təşkil etməliyik. Birinci şöbədə hər birinizin ayrı - ayrı çıxışlarınız, konsertin ikinci hissəsində isə iç - içə, birlikdə, sintez olunmuş ifalarınız göstərilməlidir. Bu çox maraqlı, qeyri - adi, unikal bir şey ola bilər". Əfsuski, bu arzu həyata "vəsiqə" ala bilməmişdi. V.Mustafazadə 1979 - cu ildə dünyadan köçdü. Bir musiqiçi, bir tamaşaçı və həm də kitab yazmaq arzusunda olan bir həvəskar kimi demək arzusundayıq, bəlkə ölməz sənətkarımız Niyazinin istəyini bu dövrümüzdə reallaşdıraq? V.Mustafazadənin yadigarı, sevimli övladı, cazmen - pianoçu, müğənni Əzizə Mustafazadə ilə Zakir Mirzənin birgə konsertləri düzənlənsin?! Zakirin muğam improvizələri ilə Əzizə xanımın caz fantaziyaları sintez edilərək musiqisevərlərin ixtiyarına verilsə zənnimizcə əhəmiyyətli bir hadisə ola bilər. Necə ki, ustad xanəndə, xalq artisti Alim Qasımovun dünyanın müxtəlif janrlı musiqi qrupları, orkestrlərilə muğam parçalarını oxuyaraq sintez etməsi dünya musiqi aləmi tərəfindən bəyənilir. Və yaxud istedadlı musiqiçi, yaradıcı şəxs, xalq artisti Milli Konservatoriyanın rektoru Səyavuş Kəriminin Azərbaycan va Norveç musiqiçilərinin çıxışını özündə əks etdirən layihələri və yaxud onun fikir və düşüncələrinin məhsulu olan bu səpgili tədbirlər necə də təqdirəlayiqdir. Norveç və Azərbaycan musiqiçilərinin birgə çıxışlarındakı tədbirdə tarımızın, kamanımızın, ritm alətlərimizin, xanəndələrimiz Nazpəri Dostəliyeva və Zabit Nəbizadənin oxuduqları muğam, təsnif və mahnılar qardaş ölkə sənətçilərinin çıxışları ilə necə də bir - birinə uyuşur, biri digərini tamamlayırdı. Bəstəkarlarımızın, yaradıcı adamların yuxarıda haqqında söz açdığımız tədbirlərin hazırlanması və təşkili zamanı zənnimizcə Zakir kimi ustadların da iştirakını vacib bilməlidirlər. Belə ki, belə "layihə" lərdə də qarmonumuz öz sözünü deməlidir. Düşünürük ki, Zakir Mirzə ömrünün ən sanballı, sənətinin müdrik çağında sehirli sənəti və sevimli qarmonu ilə ölkəmizdə və dünyanın sivilizasiyalı ölkələrində keçirilən müxtəlif mədəniyyət tədbirlərində, musiqi yaradıcılığı layihələrində iştirak edərək bu sahədə də yeni cığırlar açmalı, sənət sözünü deməlidir. Zakir Mirzə Kamboca dövlətində 1989 - cu ildə konsertlərdə olmuşdur. 2 həftə davam edən bu səfərdə Zakir kambocalıları heyrətləndirə bilmişdi. Bu konsertlərdə tarzən Həbib Bayramov, kaman çalan Qabil, nağaraçalan Çingiz Mehdiyev, müğənnilər İlhamə Quliyeva, Niyaməddin Musayev, rəqqas Yusif Qasımov, rəqqasə Səbinə Qasımovanın çıxışları Azərbaycan mədəniyyətinin həqiqi təbliği idi. Zakir Mirzənin İran İslam Respublikasına səfərləri mühüm əhəmiyyət kəsb edir. Orada yaşayan yurddaşlarımız belə sənətkarların gəlişini həmişə səbirsizliklə gözləmiş, toy - bayramla qarşılamışlar. Z. Mirzənin o ölkədə verdiyi solo - konsertlər dövrünün çox böyük hadisəsi idi. Sənətkarımızın milli qarmonumuzu, bütünlükdə isə xalq musiqimizi sərgiləməsindən yurddaşlarımız iftixar və qürur hissi keçirirdilər. İranın böyük şəhərlərində - Tehranda, Təbrizdə, İsfahanda... Zakirin konsertləri tamaşaçılar tərəfindən yüksək qiymətləndirilmişdir. Təbrizdə fars və Azərbaycan dillərində dərc olunan "Fǝcr Azərbaycan" qəzetinin 1993 - cü il tarixli, 988 - ci sayında "Ürəyi çırpınır barmaqlarında" adlı məqalədə yazılıb: "Adını eşidib, üzünü görmədiyimiz, ancaq illər boyu ürəyimizdə yaşatdığımız Zakir Mirzəyev bu gün öz qarmonunu dilə gətirərkən sanki ulu dağlarımızın seyrinə düşürük. Savalanın saysız - hesabsız tarixi kitablarını vərəqləyib, qəhrəmanlıq rəmzini öyrənirik, Səhəndin uca zirvəsində Şəhriyarın ürək döyüntülərini, könül bağırtılarını eşidirik, onun pıçıltılarından ürəyimiz kövrəlir, bayatımız ağıya, ağımız isə fəryada çevrilir...". Həmin qəzetin 989 - cu sayında Lətif Hüseynzadənin məqaləsində isə oxuyuruq: "Mahir ifaçılıq sənətinə malik olan Zakir Mirzəyevin qarmonunda Azərbaycan muğamları, xalq mahnıları, Azərbaycan bəstəkarlarının əsərləri özünəməxsus bir ustalıqla səslənir". İranın ən böyük şəhəri və paytaxtı olan Tehranda da Zakirin konsertləri çox uğurlu keçmişdir. Şəhərin məşhur "Rudǝki" salonundakı çıxışı Tehran musiqisevərləri tərəfindən hərarətlə qarşılanmışdır. Tehranın "Oxbar" qəzeti onun ifaçılıq sənətinə yüksək qiymət verərək yazırdı: "İranda qarmon heç zaman tək bir alət kimi səhnəyə yol tapmamışdı. Ancaq "Rudǝki" salonunda iki gecə verilmiş konsert sübut etdi ki, bu alət haqqında çox söz demək olar". Konsertlərdən sonra soydaşlarımız səhnə arxasına gəlib Zakir müəllimi yaxından görür, əlini Sıxıb üzündən öpüb, xoş, səmimi sözlərlə sevgi və sayqılarını izhar edirdilər. Tehranda yaşayan bir qardaşımız kövrələ - kövrələ Zakir Mirzəyə demişdi: "Mən səni və qarmonunu tez - tez yuxuda görürdüm. Ayılanda qarmonun səsi qulaqlarımdan getmirdi. Səninlə görüşməyimizə inanmırdım. Şükr olsun Allaha, gəldin səni gördük. Əziz qardaşım, biz, cənubda yaşayan türklər səni lap çox istəyirik". Z. Mirzə deyir ki, bu sözləri o insan Güney Azərbaycan türklərinin ləhcəsilə elə şirin və səmimi söylədi ki, elə mən özüm də təsirlənib ağladım. Zakir müəllimin İrandakı coşqun, təntənəli çıxışları inanırıq ki, orada qarmon ifaçılığı sənətinin inkişafına bilavasitə xidmət edəcək. Hörmətli sənətkarımızın İran İslam Respublikasındakı konsertləri uzun bir dövrün üst - üstə qalanmış həsrət, dərd yükünü necə də yüngülləşdirirdi. Onun dərin və zəngin ifaları ilə könüllər ovunurdu, yaralar sızıldamırdı, qaysaq bağlayırdı. Zakir sənətində Vətən birləşirdi, Azərbaycan boyda bir dünya birləşirdi. Bu müdrik, əsrarəngiz, sehirli, nikbin sənətdə xalqımızın min illər boyu keçdiyi yol, millətin özünə xas yaşam tərzi, xalqın özünü dərki və gələcəyə böyük inamı var. 2005 - ci il sentyabr ayının 25 - dən 29 - a qədər Türkiyənin Qars şəhərində Qafqaz Xalqlarının II Qurultayı keçirilmişdir. Qurultayın təşkilatçılarından Musiqi Akademiyasının rektoru, xalq artisti, professor Fərhad Bədəlbəyliya "faks" gələrək ondan həmin tədbirdə iştirak və çıxış etmək üçün musiqişünas alimlər, folklor kollektivi göndərməsini və özünün iştirakını xahiş etmişdilər. Azərbaycandakı mühüm dövlət tədbirlərilə əlaqədar Fərhad müəllim Türkiyəyə gedə bilmədiyi üçün, bu işi fəlsəfə elmləri doktoru, musiqişünas alim, Musiqi Akademiyasının professoru, rektorun elmi işlər üzrə yardımçısı Gülnaz Abdullazadəyə həvalə etmişdi. Gülnaz xanım Türkiyəyə Əməkdar artistlər, qarmon ifaçısı, Zakir Mirzəyevi, muğam ifaçısı Nuriyyə Hüseynovanı, tarzən Elçin Nağıyevi, kaman ifaçısı Fəridə Məlikovanı, xanəndə Rövşəni, "Aysel" uşaq və gənclər rəqs qrupunu aparmışdı. Səfərə gedən heyətin üzvləri 20 nəfərdən ibarət idi. Musiqişünas alim, sənətşünaslıq namizədi Fərəh xanım Əliyeva da bu qrupun üzvlərindən biri kimi iştirak edirdi. Sǝfərə gedən heyətin rəhbəri Gülnaz xanımın və Fərəh xanımın elmi mühazirələrinin mətni öncədən qurultayın təşkilatçılarına göndərilmişdi. Qars şəhərinə Gürcüstandan, Ermənistandan, Rusiyadan, Baltikyanı respublikalardan, Polşa, Çexoslovakiya, Rumıniya ölkələrindən alimlər və musiqi folkloru kiçik heyətləri gəlmişdi. Qurultay mədəniyyət müəssisələrinin binalarında, musiqi tədbirləri isə stadionda və şəhərin geniş meydanlarında keçirilirdi. Qurultayın açılışı günü möhtəşəm "yürüş - konsert" təşkil olunmuşdu, çal - çağırla Qars qalasına yürüş edilmişdi. Stadionda ertəsi gün keçirilən böyük konsertdə Zakir Mirzə cəsarətli və heyrətli sənət nümayiş etdirmiş, milli muğam üçlüyümüz və rəqs qrupu hamını heyran qoymuşdu. Zakir Mirzəni nəinki qardaş ölkə tamaşaçıları, xarici dövlətlərdən gələn qonaqlar, həm də ermənilər alqışlayırdılar. Bu Azərbaycan musiqisinin qüdrətindən, ifaçımızın yüksək sənət qabiliyyətindən irəli gəlirdi. Çıxışlardan sonra Zakir müəllimin əlini sıxır, gül - çiçək dəstələri bəxş edir, qucaqlayıb öpürdülər. Bir daha dünyanın neçə - neçə xalqlarına ənənəvi Azərbaycan muğam üçlüyümüz, milli rəqs sənətimizlə birgə qarmon ifaçılığımız Z. Mirzə sənətində öz sözünü demişdir. Gülnaz Abdullazadənin və Fərəh Əliyevanın milli mədəniyyət tariximiz, qədim və çağdaş musiqimiz haqqındakı çox güclü elmi mühazirələri və dəqiqliyə əsaslanan məntiqli mülahizələri qurultayın işində böyük əhəmiyyət kəsb etmişdir. Erməni alimləri bu çıxışlardan qıcıqlanıb, etiraz edib atmacalar atsalar da, alimlərimiz tutarlı dəlillərə əsaslanan cavablarla onları susdururdular. Avstriya ölkəsinin paytaxtı Vena şəhərində 2006 - cı ilin may ayının 28 - də Azərbaycanın keçmiş, mərhum prezidenti Heydər Əliyevin heykəlinin açılış mərasimi keçirildi. Heykəlin müəllifi şöhrət ordenli, xalq artisti, heykəltaraş Ömər Eldarovdur. Tədbirdə Azərbaycanın Avstriyadakı səfiri Fuad İsmayılov, Mədəniyyət və Turizm Naziri Əbülfəz Qarayev, Musiqi Akademiyasının rektoru, xalq artisti, professor, pianoçu Fərhad Bədəlbəyli, Mədəniyyət və İncəsənət Universitetinin rektoru Timuçin Əfəndiyev, Uşaq Filarmoniyasının musiqi qrupu iştirak edirdi. Əməkdar artist, sənətşünaslıq namizədi, virtuoz sənətçi Zakir Mirzəyevin də bu mühüm tədbirdə çıxışları nəzərdə tutulmuşdu. Heykəlin açılışı zamanı həmin meydanda Zakir Mirzəyev əsasən klassik əsərləri ifa etdi. Sonrakı konsertlər isə Avstriyadakı Azərbaycan səfirliyində və BMT - nin həmin ölkədəki nümayəndəliyinin binasında verildi. Zakir Mirzə burada da seyrçiləri öz sehrinə bürüdü. Zakir Mirzə 1974 – 1976 - cı illərdə Əhməd Bakıxanov adına xalq çalğı alətləri ansamblında qarmonçu - solist kimi fəaliyyət göstərmişdir. Az vaxt ərzində Zakir ansambl tərkibində işləmək qabiliyyətini nümayiş etdirə bilmişdir. Dəramədlərdə, rənglərdə öz solo yerlərini qabarıq göstərməklə bərabər, ümumi unison ifa zamanı qarmonun səsini ansamblın ümumi səsilə düzgün uzlaşdırmışdır. Bu işdə də yaxşı musiqi duyumu, həssas ürək gərəkdir. Ansambl həmin dövrdə radio və televiziyada canlı konsertlər vermiş, həmçinin lent yazılarında və çəkilişlərdə məhsuldar işləmişdir. O zaman əksər xanəndələr, o cümlədən, Ş. Ələkbərova, T.İsmayılova, R.Muradova, I.Rzayev, B. Haşımov, H.Qubadov, H.Hüseynov, Ə.Əliyev, S.Qǝdimova, Y.Məmmədov, M.Salmanov, E.Rəhimova, S.İbrahimova, A.Babayev, M.Məmmədov, T.Mustafayev, S.Mirzəyev, S.Abdullayev, B.Mirzəyev və İ.Quluyeva bu ansambl ilə lentlər yazdırır, televiziyadakı çıxışlarında və dövlət tədbirlərində oxuyurdular. Zakirin belə müğənniləri müşayiət etməsi onların özünü və ansamblın rəhbərini qane edirdi. Ə.Bakıxanov adına ansambl kənd zəhmətkeşlərilə də görüşlərə gedir, kolxoz və sovxozlarda tanınmış müğənnilərin iştirakı ilə maraqlı proqramla çıxış edirdi. Belə konsertlərdə Zakir Mirzəyev xanəndələri layiqincə müşayiət etməsilə və öz şən oynaq rəqslərilə dərin tamaşaçı rəğbəti qazanırdı. Zakir istər bu ansamblın kiçik tərkibi ilə, istərsə də toy dəstələrilə respublikamızın hansı bölgəsinə, şəhərinə, kəndinə gedirdisə o, sevimli sənətkar kimi qarşılanır və ondan "Muğam və rəqs" ifa etməsi xahiş olunurdu. 1967 - ci ildən etibarən Əliəkbər, Zakir və Zöhrabın konsertlərdə, toylarda olduqca məzmunlu, çox peşəkar, həddən artıq maraqlı və bir - birini tamamlayan ifa nümayiş etdirmələri o dövrü yaşayıb görənlərin yaxşı yadındadır. Bu sənətkarların hər biri ayrı - ayrılıqda böyük sənətkar olmaqla yanaşı, həm də bənzərsiz ifaçı idilər. Onların hər biri təklikdə həm də solo nümayiş etdirirdilər. Bu cür səviyyəli, üç nəhəng sənətkar bir yerdə olanda bir - birinin həvəsinə, bir - birinə qarşılıqlı hörmət naminə, sual - cavab, bitkin musiqi cümlələrilə, həm də bahəm elə çalardılar ki, hər bir ifa yetkin bir əsər səviyyəsində alınardı. Bunu sözlə ifadə etmək çətindir. Gərək o anları yaşayaydın, gözünlə görəydin və dinlǝyǝydin. Əgər həmin çıxışlar, o ifalar lentlərə alınıb qorunub saxlansaydı, bu gün gənc sənətçilər o cür nümayiş olunan sənətdən bəhrələnər, çox şey əxz edib öyrənə bilərdilər. Bədahətən gələn bu ifalar həmişə alınmır axı. Həmçinin o ifaların audio və video lentləri yazılıb dünyanın musiqi elmi inkişaf etmiş ölkələrinə göndərilsəydi, maraqla qarşılanar və oradakı bəstəkarlar bu möcüzəli, bədahətən, qəfil təbdǝn, ani yaşantıdan yaranan, qəfildən beynə, fikrə gələn, düşüncəyə dönən və o andaca çalınıb təhvil verilən musiqi nümunələri əsasında zəngin əsərlər yazardılar. Elə bu gün fəaliyyət göstərən gənc bəstəkarlarımız da bu musiqidən yararlana bilərdilər. Necə ki, Azərbaycanımızın ən nəhəng bəstəkarları ustad xanəndələrimizdən, ən peşəkar instrumental ifaçılarımızdan eşidib öyrəndiklərindən bacarıqla istifadə edib simfonik əsərlər yaratmışlar. Həyatda, cəmiyyətdə, dünyada hər şey sadədən mürəkkəbə, asandan çətinə doğru getdiyi, inkişafın təkamülə doğru yol aldığı kimi 1939 - cu ildə Lənkəranda klarnetçi Nəsir, qarmonçu Mahmud xalaoğlu və nağaraçı Nurəddinin yaratdığı musiqi üçlüyü geniş intişar taparaq Azərbaycanın hər bölgəsində bu cür sənətçi dəstələrinin yaranmasına gətirib çıxardı. Z.Mirzə, Ə.Əsgərov və Z.Məmmədovdan ibarət musiqi üçlüyü belə sənət heyətləri fəaliyyətinin zirvəsini tapdı. Adı çəkilən virtuoz sənətçilər ömürlərinin on yeddi ilini birlikdə sənət işlətməyə sərf edǝrǝk xalqımızın toy - nişanında bər - bəzəkli, əsrarəngiz, sahmanlı ifalar göstərərək el - obamızı sevindirmişlər. Zakir Mirzə klarnet ifaçıları Bəhruz Zeynalov, Vəli Qədimov, Adil Bayramov və Məhərrəm Zeynalov ilə də konsertlərdə, toy - mağarda birlikdə çıxış etmişdir. Zakir Mirzə, Adil Bayramov və Tahir Hüseynov üçlüyünün ifasında "Sevinci" və "Bəxtəvəri" rəqsi radio lentlərində bu gün də qorunur və səsləndirilir. Lentlər efirdə səsləndirilən anlardan bu rəqs melodiyaları toyların repertuarına daxil olmuşdu. "Sevinci" rəqsi geniş yayılmışdı. Bu melodiyanın bəstəsi Zakirin atası Qulam Hüseyn Mirzəyevindir. Zakirin klarnet ifaçısı Vəli Qədimovla toy çalğıları da musiqisevərlərin yaxşı yadındadır. Dinləyənlər deyirlər ki, onların birlikdə ifa etdikləri hər bir melodiya şən, oynaq və bitkin bir əsər idi. Evlərdə bu lentləri qoruyanlar da vardır. Qarmon, klarnet və nağara üçlüyü (trio) tərkibində ümumi səslənməni tam təmin edən, ustalıq göstərən əsasən iki sənətkarımızın adını çəkə bilərik: Zakir Mirzə və Teyyub Teyyub oğlu. Gənc musiqiçilərə tövsiyyə edirik ki, onların lent yazılarını əldə edib, dinləyib öyrənsinlər. Fikrimizi böyük Azərbaycan alimi Xacə Nəsrəddin Tusinin hikmətli kəlamları ilə işıqlandıraq: "Hikmətli o adamdır ki, onun fikri, sözü və işi bərabər və bənzər olsun". "Onu bil ki, böyük yaradanın bəxş etdiyi nemətlər içərisində hikmətdən daha yaxşısı yoxdur". Zakir yaradıcılığına diqqətlə yanaşanda orada dərin hikmət toplandığını görürük. N.Tusinin digər bir kəlamında - "Yaxşı ad qazanmaq xatirinə heç bir qanunsuzluğa yol vermə" - deyilir. Bu fikri tam şəkildə Z. Mirzə sənətinə və şəxsiyyətinə aid etmək olar. Azərbaycan folklorunun, xalq musiqisinin və muğamlarının qayda - qanunları var. Zakir milli musiqimizdən düzgün bəhrələnərək yüksəlib. O, ad - sanı, şan - şöhrəti yalnız ifaçılığının gücünə və səmimiyyətinə görə alıb. Onun qəlbi el nəğmələri və xalq musiqisi ilə döyünür. Zakirin ürəyi barmaqlarında çırpınır. Qəlbinin sözləri barmaqlarına süzülüb dil açıb danışır. Zakir müəllim uzun illərdir ki, Azərbaycan və dünya ədəbiyyatı klassiklərinin əsərlərini, Şərqin hikmət dünyasını əhatə edən ən nadir kitabları mütaliə edir. Görkəmli Azərbaycan filosofu Nəsrəddin Tusiyə bir də müraciət edək: "Hikmət sevər ol, hikmət sahiblərinin sözlərinə qulaq as, dünyadakı aludəçilikdən uzaq ol". Zakir Mirzə gənc yaşlarından hikmət sahiblərinə qoşulub həmişə. Onların hikmətindən yararlanıb. Dostları hikmət, söz sahibləri Bəxtiyar Vahabzadə, Tofiq Bayram, Əliağa Kürçaylı, Qılman İlkin, Nəriman Həsənzadə, Əliəkbər Şahid, elm adamları, Fuad Qasımzadə, Vasim Məmmədəliyev, İnqilab Kərimov, Ramiz Fasch, Ağababa Musa oğlu, Rasim Əfəndiyev, jurnalist Vaqif Əlixanlı, musiqi xadimləri Tofiq Bakıxanov, Arif Məlikov, Ramiz Zöhrabov, Gülnaz Abdullazadə, Fərhad Bədəlbəyli, Rafiq İmrani, Səadət Abdullayeva, Oqtay Rəcǝbov, Zemfira Səfərova, Rǝna Məmmədova, Nigar Carulla qızı və bu qəbildən olan insanlardır. Zakir Mirzə ifası insanı pis əməllərdən çəkindirir. Bu musiqi insanı daxilən saflaşdırır, mənəvi ucalığa aparır. O, əsl yaradıcılıq yolu tutub gedir. Sənətilə özündən sonra qarmon ifaçılığına gələnləri də düz istiqamətləndirməyə çalışır. Milli qarmon ifaçılığından uzaqlaşanlara hətta təpinir də. Zakir müəllim populyar olub, sonra da tez dəbdən düşüb yaddan çıxan sənətkarlardan olmayıb. O, ifaçılığa elə gəlib ki, dünən olduğu kimi bu gün də var və sabah da olacaq. Bu sənəti xalq sevdiyi üçün xalq da yaşadacaq. Çünki Əhəd Əliyev, Teyyub Dəmirov, Məmmədağa Ağayev, Abbas Abbasov, Səttar Hüseynov, Qızxanım Dadaşova, Rza Şıxlarov, Əflatun Ağayev, Adil Hüseynov, Teyyub Teyyuboğlu və Zakir Mirzə kimi sənətkarların qarmon ifaçılığı xalq ruhundan qopub gəlir və xalqın səsi və mənəvi dünyası ilə səsləşir. Zakir Mirzə yaradıcılığı mütərəqqi mahiyyət kəsb etməklə bərabər Azərbaycanımızın çox zəngin olan musiqi sənətində, qarmon ifaçılığında çox mühüm bir mədəniyyət faktorudur. Onun ifaçılıq sənətinin fəlsəfəsi vardır ki, bu anlamda tədqiqat işi apararaq onu açmağa çalışacağıq. Xalq şairi Bəxtiyar Vahabzada, şair Ağababa Babazadə və Zakir Şərq üslubunda, Azərbaycan musiqisi üçün hazırlanmış, yəni "Azərbaycan qarmonu" adını almış hər hansı bir aləti Zakir dilləndirsə, həmin qarmon yenə sehirlənəcək, sənətkarımızın sənət ruhuna hopmuş hisslər, xalqımızın çox coşqun və bəşəri duyğuları səslənəcək, milli ruh tərənnüm olunacaq. Zakir sənət aləminə gəldiyi gündən muğama meylli olub və bu janra ciddi yanaşıb. Bu günə qədər öyrənə öyrənə, ustad sənətkarların çalıb - oxuduqları muğamları dinləyə - dinləyə, öz ifalarında bu ciddi musiqiyə həmişə yer verǝrǝk, bacarıqlı muğam ifaçısına və bilicisinə çevrilib. Konsertlərdə, toylarda ustad xanəndələr Əbülfət Əliyev, Rübabə Muradova, Bakir Haşımov, Hacıbaba Hüseynov, Əlibaba Məmmədov, Yaqub Məmmədov, Arif Babayev, Baba Mirzəyev, Novruz Feyzullayev, Əliyar Əmirov və başqalarının muğam ifaları zamanı müşayiət etməsi də bu işdə ona mühüm yardımçı olub. Şərqin böyük dühası İbn Sina (980 - 1037) demişdir: "Biz ölüb gedirik, lakin özümüzlə bir şey aparırıq, heç nə bilmirik". Zakir Mirzə bu gün də, bu yaşında da axtarır, öyrənir. Bildiklərini də tələbələrinə öyrədir. Özü belə deyir: "Mən uşaq olarkən atam mənə muğamların xırda hissələrini öyrǝdib və bu ulu sənətə böyük həvəs oyadıb. Bu ovsunlu janr həmişə məni özünə tərəf çəkib. Həmişə özümdə bir ehtiyac hiss etmişəm ki, mən muğam çalmalıyam. Xanəndələrlə yoldaşlıq edəndə də dəstgah muğamların ifası zamanı onları müşayiət etməkdən zövq alırdım. Dəramədləri, rəngləri, təsnifləri tar - kaman çalanlara qoşularaq həvəslə çalır, ayrı - ayrı şöbə və guşələri qarmonda səsləndirərək rəngarənglik yaradır və xanəndəyə təb verirdim". Zakir gənclik çağında, 1970 - ci ildə Azərbaycan radiosunun fonduna "Segah" muğamı yazdırıb. Bədii şura və musiqi aləmi bu ifanı çox bəyənib. Böyük bəstəkar C.Cahangirov o zaman Televiziya və Radio Komitəsində bədii - rəhbər vəzifəsində işləyirmiş. O, radionun fonduna lentlər yazdıran neçə - neçə qarmonçuların özlərinə bildirirmiş: "Ifalarınız zəifdir, milli kökdən uzaqdır. Qarmonu Zakir kimi çalarlar. Onun muğam ifasında və bütün rəqslərində yüksək peşəkarlıq var. O cür yüksək sənətdən sonra sizin ifalarınızı fonda keçirmək düzgün deyil". Zakirin çaldığı "Segah" da geniş improvizə qabiliyyəti, geniş yaradıcılıq təxəyyülü, həssas musiqiçi ürəyinin döyüntüləri və çox böyük ifaçılıq texnikası vardır. Bu "Segah" o dövrün bütün böyük musiqiçiləri tərəfindən bəyənilirdi. Əslində bu ifa bütün dövrlər üçün məqbuldur. Zakir ifa etdiyi bu "Segah" ı ilə xalq ruhu hopmuş adət - ənənələrimizi, dərdimizi və sevincimizi əks etdirən "al - əlvan, zəngin bir xalça" toxuyub. Buradakı musiqi cümlələri ardıcıllıqla bir - birinə qovuşaraq, bir - birini tamamlayır. "Zakir Segah" ı olduqca təsirli və orijinal bir ifadır. Zakir müəllimi dinləyirəm: "Mənim üçün ustad tarzan - pedaqoq Əhməd Bakıxanovun muğam haqqında tövsiyyələri, ifaçılıq qaydaları və tədris yolu əsas olub. Onun lentlərini bu gün də dinləyirəm. Bəstəkar Əfrasiyab Bədəlbəylinin çox məşhur və dəyərli "Musiqi lüğəti" kitabı hər an gərəyimdir. Habil Əliyevin kamanda ifa etdiyi muğamlarla mənim ifalarım arasında oxşar cəhətlər var. Bizim təbimizdə müəyyən uyğunluq olması çalğımızı yaxınlaşdırır. Bunu o, özü də təsdiqləyir. Habil müəllim çaldığı bütün muğamlarda xarakterik cəhətləri, emosional təsiri, obrazı, ətri - təravəti böyük ustalıqla verə bilib. O, muğam çalaraq hamı ilə dil tapıb danışa bilir. Mən yaşa dolanda, həm tədris işimlə bağlı, həm də daxili ehtiyacımın tələbilə dəstgah -muğamlara daha çox üstünlük vermǝyǝ başladım. Hər muğam üzərində işlərkən mənəvi cəhətdən zənginləşirəm. Muğamların sirləri, açılmamış qatları açılır gözüm önündə. Məşhur balaban və klarnet ifaçısı Bəhruz Zeynalov da muğamlarımıza yaxından bələd idi. Televiziya və radio lentlərində ifa etdiyi muğamlar bu gün də qorunur. Zaman - zaman musiqiçilərimiz belə bir ustadın sənətindən "qidalanacaqlar". Mən Bəhruz müəllimdən muğam ifaçılığının qaydalarını, sirlərini çox öyrənmişəm". Uzun illər öz muğam yaradıcılığı qayğısına qalaraq ciddi axtarışlar və müntəzəm məşqlərin sayəsində Zakir müəllim bütün muğamlarımızı müfəssəl, tamam - dəstgah halında təqdim edə bilir. Onun ǝn böyük arzularından biri bütün muğamlarımızı disklərə dəstgah halında yazdırmaqdır. Çünki, qarmonumuzda hər bir muğam səslənə bilir, gözəlliyini və təravətini bu alətin ecazkar səsilə dinləyicilərə çatdırır. Hələlik isə radionun fondunda "Segah" dan başqa Z.Mirzənin ifasında "Zəmin - xarǝ", "Humayun", "Şikəsteyi - fars", "Şur", "Mirza Hüseyn segahı" muğamları vardır. Zakir müəllimin muğam ifaçılığı ümumiyyətlə bir özgə aləmdir. Burada da onun özünə aid ifaçılıq maneraları özünü göstərir. Başqa ifaçılardan fərqli olaraq onun muğam ifaçılığında da coşğunluq aşıb - daşan dağ çaylarının çağlaması, dənizin şahə qalxıb kükrəməsi, yanan tonqalların göylərə tərəf uzanan dilləri, döyüşə gedən igidlərin nərəsi, Koroğlunun Qıratının kişnərtisi, dağlar üzərində qıy vuran qartalların səsi vardır. Onun özünün mənəvi zənginliklərlə dolu muğam dünyası vardır. Muğam ifa edən Zakir Mirzə dinləyicini müxtəlif işıqlı rəngləri özündə birləşdirən zəngin bir aləmə, sirli - sehirli muğam dünyasına aparır. Onu dinləyənlər muğam bitənə qədər ifaçının hiss və duyğularından qopub gələn sehirli səslərin təsiri altında olur. Zakir muğamında sərbəstlik, dəniz qədər genişlik və səma kimi aydınlıq hiss edilir. İfasında yurda, torpağa, xalqa və müqəddəs Vətənə bağlılıq vardır. Bütün çalğılarında nikbin duyğular, coşqun notlar səslənir. Onun yaradıcılığında ulularımızdan bizə gələn genetik kodlar hiss olunur və özünü büruzə verir. Sənətkarımızın "Segah" ında yüksək eşq və ülvi məhəbbət özünə yuva tapıb. Z.Mirzə ifasında "yaşama sənəti", obraz vardır. O, canlı klassikdir. İki əsri qucaqlayan odlu, alovlu, qaynar qəlbli bu insan sağlığında canlı klassiklər səviyyəsinə yüksəlib. Zakir sənətində Kərəm atəşi, Məcnun yanğısı, bəşəri yanğı var. Zakir muğamı səslənərkən şəhid ruhlar təsəlli tapır, gənclərin qəlbində Vətən sevgisi qüvvətlənir, Qarabağ qazilərinin qələbə əzmi daha da güclənir. Zakir cəsarətli insan, sözü deməyi bacaran şəxsdir. O, milli qarmon ifaçılığından uzaqlaşanlar, yolu sarpanlara qarşı qətiyyətlə mübarizə aparır. Z.Mirzə musiqimizin milliliyini, saflığını, aydınlığını qoruyanların sırasında dayananlardandır. Bu böyük insanın sənətindəki ruh onun vətəndaşlıq qayəsindən gəlir. O, bu gün qarmon ifaçılığının zirvəsi, öyrətdiyi tələbələrin ustadı, başqalarının isə mənəvi müəllimidir. İçimizdə qovrulan ağrılarımız Zakirin muğamları ilə sakitləşir. Onun çaldığı bəzi muğamlarda sanki şəhid ruhlar bizimlə danışır. Bizi intiqama, qələbəyə səsləyir.
Yenə də Zakir haqqında vaxtilə radioda səslənən verilişlərdən birinin lentini dinləyirəm. Verilişin aparıcısı, məlahətli səsli bir xanım, Züleyxa Hacıyeva danışır: ... Zakir hərbi xidmətdə olanda da musiqidən ayrılmır. Müxtəlif xalqların melodiyalarını öyrənir, bayan çalmağa başlayır. Bayan çalmaq onun ifasında bir neçə ildən sonra üzə çıxacaq maraqlı tapıntı üçün özül yaradır. Bu barədə bir az sonra.... Bu an Zakirin özünə söz verilir: "İnstitutun birinci kursunu bitirəndən sonra məni əsgər apardılar. Leninqradda (Sankt - Peterburq .R.) qulluq edirdim. Bəxtim yaman gətirmişdi. Müğənnilərdən Yaşar Səfərov (1940 - 2006), Nazim Ağayev, aktyor Şamil Dəmirçiyev (İrəvan Dram Teatrının aktyoru), idmançı Oqtay Vəlixanlı (sonralar konsert aparıcısı) da mənimlə bir hərbi hissədə xidmət edirdilər". Dinlədiyim lentdə yenə veriliş aparıcısının səsini eşidirəm: - Zakir qarmona heç nə əlavə etməyib. Sadəcə olaraq ifa texnikasında elə gözlənilməz bir yol tapıb ki, elə bu qarmonda müəyyən dəyişiklik etməyə bərabər olub. Radio - oçerkdə bu barədə Zakir Mirzə belə deyir: "Bir - iki il qabaq bir istedadlı bayan çalanla tanış oldum. O vaxt həmin ifaçı ilə aramızda xeyli yaradıcılıq söhbəti getdi. Sonra, axşam onun çalğısına diqqətlə qulaq asdım. Ümumiyyətlə, bayanda çalınan melodiyalar dinləyicidə maraq doğurur. Bu da ən çox həmin alətin texniki imkanlarından irəli gəlir. Çünki bizim qarmonlardan fərqli olaraq bayanda sol tarəfdə altı, səkkiz, on cərgə səs düzümü mövcuddur. Bizim alətdə isə bu cəmi iki cərgədən ibarətdir. Odur ki, çoxsəsli melodiyalar bəzən qarmonda ürəyin istəyən tək alınmır. Öz zənginliyini, ǝlvanlığını itirir. Qarmonu çoxsəsli edə biləcək texniki imkanlar hələ kəşf olunmayıb. Sən demə elə indiki, məhdud yönlü halında da qarmonun gizli qalmış səs çalarlıqlarının sirrini açmaq mümkün imiş. Mən çoxdan idi ki, saatlarla bu işin üstündə, üzərində düşünürdüm, axtarışlar aparırdım. Məlumdur ki, sol ǝl sağ ələ nisbətən daha passivdir və adi yolla qarmon çalarkən əslində sol ǝla ela bir ehtiyac da duyulmur. Sadəcə olaraq hansısa düyməni basıb "züy" tutursan. Qarşımda bir məqsəd durur, sol əlin barmaqlarını da sağ əl qədər fəallaşdırmaq. Uzun müddətli gərgin məşqlərdən sonra gördüm ki, artıq sol əllə də düymələri basmaqla istənilən səsi almaq olur. Mən bir çox şənliklərdə, konsertlərdə sanki, özümü hər dəfə sınaqdan çıxarmaq istəmişəm. Hər dəfə də mənə elə gəlib ki, bu kiçik tapıntım həm dinləyicilərdə, həm də sənət dostlarımda xoş təəssürat oyadıb. Bu mənim üçün ən böyük mükafata bərabərdir. Haşiyə: (Müəllifdən) Zakirdən sonra qarmon ifaçılığına gələn ifaçılar sol əlin müşaiyətinə daha çox diqqət yetirməli oldular. Çünki, ifaçılıq qaydaları, tələbat artıq dəyişmişdi. Bu işin bünövrəsi Zakir kimi hünərli sənətçi tərəfindən qoyulmuşdu. Son iyirmi ildə qarmonun sol tərəfində artıq tək (unison) səslə müşayiət deyil, ikisəsli, üçsəsli və ya dördsəsli akkordlarla müşayiət etməyi bacarıqlı qarmonçularımız meydana çıxarıb yeni ifaçılıq qaydaları yaradıblar. Not əsərlərinin musiqi məktəblərində, kolleclərdə, Mədəniyyət və İncəsənət Universitetində müntəzəm tədris olunması və hər əsərə uyğun sol əlin akkordlarla müşayiətinin öyrədilməsi bu alǝtin sağ və sol əllə birlikdə mükəmməl ifasına geniş yol açıb. Bu adam zəhmətdən yoğrulub. Heç vaxt əziyyətdən qorxmayıb. Bütün həyatı boyu hünər göstərib. Hünərinin zəhmətinin bəhrəsini dərib, çalışqanlığının və fitri istedadının çörəyini yeyib. Sənətinin qüdrəti və zəhmətsevərliyilə atasının böyük külfətinin yaxşı dolanmasına, qardaşlarının və bacılarının yer - yurd, ev - eşik olmasına kömək edən Zakir bu kimi əməllərilə rahatlıq tapıb. İnsan kainat ağacının ən yetkin, ən möhtəşəm meyvəsidir. Zakir yetkin çağlarından doğma ailəsinə, qohum - əqrəbaya, el - obasına, xalqına xidmət edib. Həyatı oyun meydanına, səhnəyə bənzətsək, Zakiri öz rolunu oynayan aktyor kimi görərik. Zakir bu həyat səhnəsində öz sənəti və bəşəriyyətə xidmətilə özünü yaradıb, öz obrazını yaradıb, öz mükəmməl sənət obrazını yaradıb. O, özü keçdiyi ömür və sənət yolunu seyr etməkçün dönüb geriyə baxsa, orada sevinməli, öyünməli, fəxr etməli və mühüm əhəmiyyət kəsb edən çox şey görəcək! Elə biz özümüz də bu kitabı yazmaqla Zakir Mirzənin əsl obrazını yaratmaq və oxucuların gözünün qarşısında canlandırmaq istədik. Canlandıra bildikmi, yarada bildikmi? Bax, bunu oxucular deyəcək! Zakirin bütün yaradıcılığı lentlərə, disklərə yazılıb, nota köçürülüb qorunmalı, təbliğ və tədqiq olunmalı, tədrisdə istifadə edilməlidir. Onun yaradıcılığını unutmaq, yaratdıqlarını vaxtında ortaya gətirməmək təkcə milli musiqi folklorumuzun müəyyən bir sahəsinin itkisi deyil, geniş anlamda dünya mədəniyyətinə daxil olmalı sənətin itkisi deməkdir. Məhəbbət gözəl bir binadır. Hər bir varlığa, hər şeyə məhəbbət olduğu kimi, sənətə də məhəbbət vardır. Zakir müəllim musiqiyə və qarmon ifaçılığı sənətinə, yaradıcılıq işinə dərin məhəbbətlə, qəlbən bağlı bir insandır. Zakir bu gün müqəddəs duyğularla yaşayır. Allaha böyük sevgisi, dinə dərin etiqadı, inamı, imanı olan həqiqi bir müsəlman kimi müqəddəs kitabımız "Quran" a sığınıb. Hər dəfə ibadət edəndə əlini göylərə qaldırıb dünyamıza əmin - amanlıq, xalqımıza qələbə, millətimizə xoşbəxtlik və firavan həyat arzulayır. İslamda imandan sonra sədaqət gəlir. Dostluq sədaqətlə qidalanır. Zakir Mirzə öz sənətilə sadiq dostdur. Həmçinin dostluq etdiyi insanlara sadiqdir. Mehr - ülfət bağladığı dostlar arasında həmişə sədaqətilə seçilib, onların qəminə kədərlənib, uğuruna sevinib. Zakir "Muğam və rəqs" i 1962 - ci ildə bəstələyib. Həmin il əsgərliyə gedib. 1964 - cü ildə əsgərlikdən qayıdıb və həmin ilin noyabr ayında radio fondu üçün yazıb və əsər qızıl fonda qəbul olunub. "Muğam və rəqs" 1965 - ci ildən radioda səsləndirilir. O dövrün qaydalarına əsasən radionun "səsyazma evi" ndə yazılmış lentlərin dinlənilib, bəyənilib radionun əsas binasına gətirilib fonda köçürülməsi üçün müəyyən vaxt keçirdi. Az vaxt içərisində könülləri fəth edən bu musiqi hamı tərəfindən qəbul olunub və populyarlıq qazanıb. Bir zamanlar konsertlərimizin və toylarımızın daimi repertuarına daxil olan "Muğam və rəqs" öz yaradıcısına və ifaçısına böyük şöhrət gətirmişdir. Haqqında söhbət açılan sənət əsəri bu gün də sevilə - sevilə dinlənilir, müəllifini hər an tamaşaçı sevgisinə qərq edir və dinləyici diqqətində saxlayır. "Muğam və rəqs" Z. Mirzənin "Şah əsəri", yaradıcılığına çıraq tutan, ifalarının zirvəsinə ucalan əsərdir. İfada çox incə duyumlar və "sirli dünya" var. Bu Zakirin öz dünyasıdır. "Muğam və rəqs" də o, yeni bir kəşf etmişdi. Öz dünyasını kəşf etmişdi. Zakirin ifasında üstün cəhət həm də ondan ibarətdir ki, o, bütün çalğılarında (o cümlədən "Muğam və rəqs" də) sağ əlin səslənməsini sol əlin müşayiəti ilə zənginləşdirir, bütövləşdirir, tamamlayır. "Muğam və rəqs" həqiqi sənət incisi kimi milli musiqi sənəti xəzinəmizə həmişəlik daxil olmuşdur. Yeniyetmə dövründən və gənclik illərindən başlayaraq o, çoxillik yaradıcılığı ilə Azərbaycan ifaçılıq sənəti tarixində özünəməxsus məktəb yaratmış, istər əvvəllər, istərsə də pedaqoji fəaliyyəti ərzində istedadlı ifaçılar nəslinin yetişməsində böyük əmək sərf etmişdir. "Muğam və rəqs" də ən yüksək bəşəri duyğuları özündə əks etdirən məhəbbət, ilahi sevgi vardır. Doğrudan da bu ifa "vǝhy" lə gəlib. Allah böyük istedad bəxş etdiyi öz sevimli bəndəsi Zakirin ürəyinə cümlə - cümlə, hikmətlərlə salıb bu sevgini, beyninə sətir - sətir ötürüb bu məhəbbət dolu fikir və cümlələri. Qüdrətli Yaradanın, o Ulu Tanrının sanki, izni, buyuruğu ilə mələklər Zakirin zahirən yığcam, kiçik, lakin daxilən çox geniş sinəsinə naxış - naxış yazıblar bu ulu musiqini, bu sirli nəğməni ki, "sehirlənmiş" sənətkar insanlarla danışa bilsin. Şərqin böyük dühası İbn Sinaya görə: "Musiqi insan bədəninin bir hissəsidir. Elə bir hissəsidir ki, ürəkdən sinǝyǝ axaraq insanı vəcdə gətirir, onu düşündürür, qəmləndirir, ovundurur, şənlǝndirir". Z. Mirzənin "Muğam və rəqs" i öz ürəyindən gilə - gilə, damla - damla süzülüb saflaşaraq sinəsinə axıb ən əvvəl özünü saflaşdırıb ilahi eşq yoluna çıxardığı kimi, dinləyicilərin də ürəklərinə yol tapıb süzülərək sinələrinə axır. Onlar düşünürlər, rahatlıq tapırlar, dünyanın gözəlliklərini görmək və həyatı yaxından duymaq istəyirlər. Bu musiqidə nə yoxdur ki? İstər fəlsəfi anlamdan, istərsə əsərin bəstələnmə quruluşu baxımından, istərsə də sənətkarlıq, ifaçılıq texnikası cəhətdən genişlik, aydınlıq, səlislik və musiqi elmi qaydalarına əsasən "Moderato" (mülayim), "Alleqro" (tez -tez, cəld templǝr) vardır. Əsərdə improvizə yolu ilə muğam və rəqs melodiyası sintez edilmişdir. Özü də çox böyük ustalıqla. Bu sintez olduqca orijinal bir üsulla yaradılıb. Burada milli musiqimizin təsir gücünü özündə birləşdirən, xalq musiqimizdən gələn metro - ritmik əsası özündə cəmləşdirən təzə məzmun və ideya tərənnüm olunur. Zakir Mirzənin sərbəst improvizə, "gəzişmələr" lə çaldığı "Segah" öz dövrü üçün yeni səpgili bir ifa idi. Əsərin əvvəlində ("Giriş" də) çaldığı lirik melodiyadan sonra muğamı "lya", "si", "do", "re", "mi bemol" səsləri (zil pərdələrdə) ilə başlaması doğrudan da orijinal bir ifa yolu, yeni bir tapıntı idi. O vaxta qədər bütün ifaçılar "Segah" ın bu hissəsini yox, əsasən "Mübərriqǝ" pərdələrini işlədərək çalırdılar. Lakin, "Muğam və rəqs" geniş yayıldıqdan sonra Zakirin "Segah" da işlətdiyi forma və üslubdan nəinki instrumental ifaçılar, hətta xanəndələr də istifadə etməyə başladılar. Misal olaraq xanəndə Q.Rüstəmovun (1935 - 2012) "Sona bülbüllər" xalq mahnısında oxuduğu "Segah" da işlətdiyi olduqca təsirli səs çalarlarını, "nəfəs" ləri göstərə bilərik. Bu üslübda çalınan və oxunan "Segah" ın emosional təsiri daha çoxdur. Bu cür ifa səpgisindən mahir zurna ifaçısı Əliəfsər Şəkili (1930 - 1984) də istifadə etmişdir. Sanki, Zakirin qarmonunun da "ürəyi" var. Bəli, var. O, sevimli qarmonunu sinəsinə sıxanda, qarmon onun ürəyinə toxunaraq "qidalanır", "enerji" alır. Sinǝyǝ, ürəyə toxunan qarmon sənətkarın ürəyilə bir döyünür, bir nəfəs alır, bir səslənir. Zakirin qarmonunun səsi onun öz məhəbbətli ürəyinin səsidir. "Muğam və rəqs" həsrətli qəlblərin məhrəmi, sınıq könüllərin məlhəmidir. Çox təsirli, zəngin və məzmunlu olan bu əsl sənət əsəri həssas bir ürəyin pıçıltıları, yüksək insani keyfiyyətlərə, bəşəri məhəbbətə malik bir sənətkarın könül təranələridir. Bu ifanı dinlədikcə doymursan, vəcdə gəlirsən. Zakir Mirzənin dediklərindən: "1960 - cı illərin əvvəllərindən "Muğam və rəqs" də işlətdiyim lad, səslər, pərdələr fikrimə gəlmişdi, beynimdə dolaşırdı. Bu hisslər, bu fikirlər məni tərpədirdi, özünə cəlb edirdi. Bu musiqi duyumları, fikirləri üzərində hərdənbir məşğələlər aparırdım. Lakin, bunu lentə almaq zamanında qəribə hisslər məni bürüdü, özgə bir aləmdə idim. Özümdə deyildim. Beynimə gələn fikirlər, ahənglər ürəyimə axıb oradan da barmaqlarıma süzülürdü. Birbaşa, bir - nəfəsə, dayanmaq bilmədən çalıb lentə aldığım bu musiqi bitənə qədər mənə elə gəldi ki, uzun bir zaman keçdim, bir insan ömrü, sirli və qəribə zaman, tale yaşadım. Görünür bu mənim taleyim idi. "Muğam və rəqs" mənim sənət taleyimdir". Bəli, əziz oxucular, musiqisevərlər. "Muğam və rəqs" Zakir Mirzənin sənət "sənədi", "tanıtma vərəqi" (vizit vərəqi - Ə.R.), "peşə vəsiqəsi"dir. 1947 - ci ildə Bakıda anadan olmuş, Azərbaycan Dövlət Konservatoriyasını bitirmiş məşhur bəstəkar Firəngiz Əlizadə mahir kamançaçalan Habil Əliyevin ifası əsasında yazdığı "Habilsayağı" adlanan əsərilə Avropa və Amerika səhnələrini fəth etmişdir. Firəngiz xanım uzun illər Almaniyada yaşayıb fəaliyyət göstərmişdir. O, 2007 - ci ilin iyun ayının 20 - də Azərbaycan Bəstəkarlar İttifaqının sədri seçilmişdir, xalq artistidir. Zənnimizcə gənc bəstəkarlarımız Z. Mirzənin "Muğam və rəqs" adlı həmişəyaşar əsərinə diqqət yetirsələr, yaradıcı yanaşsalar, gələcək uğurlarını təmin edəcək materialı oradan ala biləcəklər. Adını çəkdiyimiz, milli muğamımız "Segah" mövzusu əsasında zənginləşmiş bu musiqi üzərində dünya səhnələrini səyahət edə biləcək böyük əsər yazmağı bəstəkarlarımızın öhdəsinə buraxırıq.
Azərbaycan radiosu fonduna Zakirin gənclik illərində eşidib öyrəndiyi melodiyalar, özünün bəstələdiyi rəqs havaları, klassik muğamlar və bəstəkar əsərləri daxildir. Aşağıda onun ifalarının radionun fonotekasına keçirilməsi üçün təsdiq olunma tarixləri göstərilir. Öz bəstələdiyi melodiyaların adlarının qarşısında sənətkarın öz adı (Zakir M.) yazılır.
"Bayatı - Şiraz" dəramədi (T. Dəmirov) - 10.05.1960
"Bakı" rəqsi (xalq musiqisi) 10.05.1960
"Oynaq rəqs" (Zakir M.) - 08.06.1966
"Gülşəni" rəqsi (Zakir M.) - 08.06.1966
"Şəfayəti" rəqsi (Zakir M.) - 08.06.1966
"Simuzǝr" rəqsi (xalq musiqisi) - 24.01.1966
"Qazağı" rəqsi (xalq musiqisi) 24.01.1966
"Azəri" rəqsi (Zakir M.)-04.03.1967
"Səadəti" rəqsi (Zakir M.) - 04.03.1967
"Muğam və rəqs" (Zakir M.) - 16.09.1968
"Ulduzu" rəqsi (Zakir M.) 16.09.1968
"Bəxtəvəri" rəqsi (Zakir M.) - 16.09.1968
"Dağıstan" melodiyası (Zakir M.) - 10.03.1970
"Segah" muğamı - 03.06.1970
"Səidə" rəqsi (Zakir M.) 20.10.1978
"Səbuhi" rəqsi (Zakir M.) 20.10.1978
"Firavan" rəqsi (Zakir M.) 20.10.1978
"Aygün" rəqsi (Zakir M.) - 20.10.1978
"Şalaxo" rəqsi (xalq musiqisi) - 20.10.1978
"Şur" muğamı - 20.10.1978
"Cavani" (Zakir M.) -12.03.1984
"Cəmilə" rəqsi (Zakir M.) -12.03.1984
"Rəhimi" rəqsi (Zakir M.) - 28.02.1984
"Samiri" rəqsi (Zakir M.) - 28.02.1984
"Kinto" rəqsi (xalq musiqisi) - 28.02.1984
"Gülnarə" rəqsi (Zakir M.)- 30.01.1984
"Qurban adına" (S. Rüstəmov) - 28.02.1984
"Iftixari" rəqsi (Zakir M.) -17.07.1985
"Məhərrəmkənd" rəqsi (Lazgi xalq musiqisi) - 17.07.1985
"Onu bağışlamaq olarmı? k/f-dən "Arzular" mahnısı (T. Quluyev) 17.07.1985
"Tərəkəmə" rəqsi (xalq musiqisi) - 17.07.1985
"Şalaxo" rəqsi (xalq musiqisi) - 17.07.1985
"Sevinc" rəqsi (M. Əhmədova) - 07.04.1987
"Qızılgül" rəqsi (Zakir M.) - 11.04.1988
"Qubanın ağ alması" (xalq musiqisi) - 11.04.1988
"Zəmin xarǝ" muğamı - 11.04.1988
"Xəyalə" rəqsi (Zakir M.) -11.04.1988
"Yar bizə qonaq gələcək" (xalq musiqisi) -11.04.1988
"Apardi sellǝr Saranı" (xalq musiqisi) -10.01.1994
"Bakı" rəqsi (xalq musiqisi) -10.01.1994
"Yunan melodiyası" (Yunan xalq musiqisi) - 02.02.1994
"Təbriz lövhələri" (Zakir M.) - 02.02.1994
"Tiflisi" rəqsi (xalq musiqisi) - 02.02.1994
"Ceyranım gəl" (Ə. Abbasov) - 02.02.1994
"Şikəsteyi - fars" muğamı - 02.02.1994
"Zabul avazında" (xalq musiqisi) - 02.02.1994
"Həzin tərzdə" (Zakir M.) - 02.02.1994
"Mart yallısı" (Macar musiqisi) - 02.02.1994
"Təbrizi" (Zakir M.) - 10.01.1994
3 hissəli simfonik orkestr üçün əsərin 2-ci hissəsi "Xatirə" (T. Bakıxanov) - 02.04.1998
"Yaylaqların mahnısı" (T. Bakıxanov) - 02.04.1998
"Gözəlliklər məskəni" (T. Bakıxanov) - 02.04.1998
"Səbr eylǝ" (T. Bakıxanov) - 02.04.1998
"Sevən könül" (T. Bakıxanov) - 02.06.1998
3 hissəli simfonik orkestr üçün əsərin 3-cü hissəsi "Rondo" (T. Bakıxanov) - 02.04.1998
3 hissəli simfonik orkestr üçün əsərin 1-ci hissəsi (T. Bakıxanov) - 27.02.1999
"Vətənimdir" (S. Ələsgərov) - 27.02.1999
"Qərənfil" (V. Adıgözəlov) - 29.03.1999
Məhəbbət əfsanəsi baletindən rəqs (A. Məlikov) - 27.02.1999
"Mürği - səhər" (Ə. Bakıxanov) - 27.02.1999
"Konsert" (T. Bakıxanov) 16.05.2001
Zakir Mirzə XXI əsrdə milli qarmon ifaçılığımızın möhürüdür. O, xalqın qəlbinə naxış - naxış möhürlənib. Zakir Mirzə sənətini daim püskürən, sönməyən vulkana bənzətmək olar. Bu Azərbaycan vulkanıdır. Bu gün o, qarmon ifaçılığında övliyaya, müqəddəsliyə çevrilir. Onun çalğısının canı, ruhu var. Sanki qarmon ifaçılığı Zakir sənəti ilə qidalanır. Zakirin ifasının insan qəlbinə tez yol tapmasının əsas səbəbi sənətkarın həssas duyumlu ürəyinin və ifaçılıq texnikasının geniş olmasıdır. Zakir müəllim özü gözəl rəqs melodiyaları bəstəkarıdır. Bu melodiyalarda onun incə duyumu, öz dəsti - xətti və ifaçılıq tərzi açıq - aydın sezilir. O, bəstəkar əsərlərini çalarkən həmin melodiyaları da dərindən duyaraq, oradakı məntiqə vararaq çalır. Coşqun tǝb, yüksək bədii enerji, geniş ifaçılıq texnikası, çalğı zamanı səsləri özünə ram etmək, qəlbindəki duyğularla beynindəki fikirləri birləşdirmək, böyük yaradıcı təfəkkür və təsirli məzmun Z. Mirzə sənətinin əsas cəhətləridir. İfa zamanı o, özünü unudur. Ürəyinin diktəsini, hökmünü icra edir. Onun rəqs melodiyalarındakı coşqunluq, parlaqlıq dinləyicinin hiss və duyğularına tez sirayət edir, onlar musiqinin ritminə, melodiyanın ahənginə qoşulurlar. Zakir müəllimin 100 - dən artıq bəstələdiyi melodiya var. Onlardan yalnız əllisini lentə yazdıra bilib. Z.Mirzə bəstəkarlarımızdan T.Quliyev, C.Cahangirov, S.Rüstəmov, S.Ələsgərov, A.Məlikov, V.Adıgözəlov və T.Bakıxanovun əsərlərini televiziyada, radioda və açıq konsertlərdə ifa edir. Zakirə musiqi irsən keçib. Bu nəsildə, onların cismində, qanında güclü musiqi duyumu vardır ki, zamanında özünü göstərə bilib. Zakirin sehirli qarmonunda sanki ilahidən gələn səs vardır. Onun qarmonundan çıxan səsin rəngi var. Orada əslində hər rəng vardır. Al - əlvan, könül oxşayan rənglər. Burada rənglərin ahǝngi özünü biruzə verir. Bədii ictimaiyyət Zakir sənətinə həmişə diqqət və maraqla yanaşıb. Zakir həqiqi musiqiçi, əsl xalq ziyalısı kimi daim xalqın, müxtəlif nəsillərdən olan insanların arasındadır. Bu insan gəncliyini, dincliyini, biliyini, əməyini öz sənətinə həsr etmişdir. Onun ömür səhifələrini vərəqlədikcə bir - birindən maraqlı səhnələri, nəsnələri və əhvalatları görməli olursan. Zakir pak ürǝyǝ və iti zehnə malikdir. Onun bütün ifa etdiyi oyun havalarında, istər xalq melodiyaları, istərsə də özünün yaratdıqları olsun, bunlarda yalnız milli musiqimizin ruhu, nəfəsindən yoğrulan ovqat, psixoloji məqam duyulur. Zakir Mirzə mərhələləri adlayaraq öz gözəl ifaları ilə əvvəlki uğurlarının təsadüfi olmadığını sübut etdi. Sənətkarımız iştirak etdiyi saysız - hesabsız konsertlərdə, dəvət aldığı tədbirlərdə, elimizin şənliklərində ecazkar musiqi nümunələrinin ifası zamanı ürəyini qoydu, ürəklərə yol tapdı, musiqinin bəşəri dili ilə hətta xarici ölkə səfərlərində əcnəbiləri belə məftun etdi. Hər çıxışdan sonra təbəssüm dolu çöhrələrin şahidi oldu. Zakir musiqinin fəlsəfəsini dərk edir, onun varlığı musiqi üzərində köklənib. Zakir Mirzə XX yüzilin 70 - ci illərində qarmon ifaçılığı sənətinin zirvəsini fəth etmişdir. Xalqın yaradıcılıq çeşməsindən qidalanan, Əhəd Əliyev, Teyyub Dəmirov, Məmmədağa Ağayev ifaçılıq üslubundan bəhrələnən Z. Mirzə əsasən həmin ənənəni saxlayaraq müasir ifaçılıq sənətinə xas cəhətləri qarmon ifaçılığına gətirmişdir. XX əsrin ikinci yarısında qarmon sənətinin inkişafında Zakirin xidmətləri ölçüyə gəlməzdir. Sənət səmasında ulduz tək parlayan gündən Zakir öz üslubu ilə başqalarından yüksək dərəcədə fərqlənmişdir. Zakir Mirzəni XXI əsrin əvvəllərində qarmon ifaçılığı sənətimizin zirvəsində şölələnən məşələ bənzətmək olar. Bu nəhəng sənətkarın öz ifaçılıq məktəbi vardır. Zakir müəllim 1999 - cu ildən Sumqayıt Musiqi Texnikumunda və Azərbaycan Konservatoriyası tərkibində Musiqi Kollecində qarmon ixtisasının muğam tədrisi üzrə çalışır. Pedaqoji fǝaliyyəti dövründə öz işinə ciddi yanaşan və ürək yandıran Zakir Mirzə tələbələrinin əksəriyyətini peşəkar sənətə istiqamətləndirə bilib. Zakir müəllimin tələbələri onun dəsti - xəttini tutub, onun yaradıcılıq izini davam edirlər. Tələbələr ondan klassik muğamlarımızı həvəslə öyrənirlər. O, olduqca tələbkar müəllimdir. Bütün yetirmələrindən qarmonu milli üslubda ifa etmələrini tələb edir. Zakir müəllim həmişə qarmonun bir ixtisas kimi düzgün tədris olunması barədə düşünmüş, bu yolda səmərəli işlər görmüş və axtarışlar aparmışdır. O, 2006 - cı ildə dərs demək üçün Mədəniyyət və İncəsənət Universitetinə də dəvət olunmuşdur. Ali tədris ocağında qarmonun tədris olunması bu ifaçılıq sənətinin prespektivindən və gələcək uğurlarından xəbər verir. Yüksək ixtisaslı, ali tǝhsilli qarmon ifaçılarının hazırlanmasında Zakir müəllim böyük əmək və bacarıq sərf edir. İstər kollecdə, istərsə də universitetdə hazırladığı tələbələr imtahan sesiyalarında layiqincə fərqlənir, yüksək göstəricilərlə çıxış edirlər. Zakir müəllimin kollecə və universitetə dəvət olunması burada qarmonun muğam tədrisinin daha da yüksəlməsinə səbəb oldu. Zakir müəllim yalnız ifaçılıqla və yaradıcılıqla məşğul olduğu dövrlərdə, pedaqoji fəaliyyətə başlamadığı zamanda da öz sənətini neçə - neçə azərbaycanlı gəncə öyrətmişdir ki, onlar bu gün peşəkar sənətdə özlərini göstərə bilirlər. Misal olaraq, Müşviqə Mahmudova, Gülağa Əsgərov, Adil Rzayev və başqalarının adlarını çəkə bilərik. 1965 -1970 - ci illərdə Gülağa Zakir müəllimdən dərs alaraq ifaçılıq sirlərini yaxşı mənimsəmiş və bir müddət bu sənət üzrə fəaliyyət göstərmişdir. Bakının Zabrat qəsəbəsindən Adil Rzayev Zakirin sevimli tələbələrindən olaraq 1969 -1970 - ci illərdə öz ustadından yaxşı dərs alaraq əsl qarmonçu kimi yetişmişdir. Sonra o, ali təhsil alaraq mühəndis ixtisasına yiyələnmiş, yaxşı mütəxəssis kimi çalışmışdır. Müşfiqə xanım qadın ifaçılarımız arasında ən yaxşılarından sayılır. O da Zakir müəllimdən öyrəndiklərini mükəmməlləşdirmiş və peşəkar ifaçı kimi ad çıxarmışdır. Bu gün də bayram şǝnliklərində, konsertlərdə və qız toylarında öz sənətini xalqa sevdirə bilir. Müşfiqə Mahmudova öz müəllimi Z. Mirzə ilə televiziya konsertində çıxış etmişdir. O, bu konsertlə daha çox yadda qaldığı üçün sonralar da radio verilişlərinə və televiziya konsertlərinə dəvət olunmuşdur. Sumqayıt Musiqi Kollecində qarmon ixtisası üzrə dərs deyən Vaqif Musayev də 1965 – 1970 - ci illər arasında Zakir müəllimdən ifaçılıq qaydalarını öyrənmiş və peşəkar sənətə qədəm qoymuşdur. Vaqif qaboy ifaçılığına da yiyələnmiş, bu ixtisas üzrə ali təhsil alaraq əsl musiqiçi kimi yetişmişdir. Sumqayıt Kollecində Zakir müəllimin sonsuz həvəslə işə başlaması nəticəsində neçə - neçə istedadlı tələbələr yetişərək sənətə qədəm qoydular. Ramil Nağıyev, Gülnarə Əliyeva xüsusilə fərqlənərək, baxış - müsabiqələrdə uğurlu nəticələr əldə etdilər. Ramil Bakı Mədəni - Maarif Texnikumunda (hazırda kollec), Gülnarə Bakıdakı 8 saylı musiqi məktəbində dərs deməyə başladılar. Aşağıda xalq artisti, professor, A.A.Bakıxanov adına mükafatın laureatı, bəstəkar Tofiq Bakıxanovun "Ekspress" qəzetinin "sənət/tarix" bölməsində (səh.19) 15 may 2001 - ci il tarixli məqaləsini veririk:
"Bu günlərdə xalq artisti, əməkdar incəsənət xadimi, əməkdar müəllim Əhməd Bakıxanov adına 6 saylı musiqi məktəbinin zalında Bakı Musiqi Kollecinin müəllimi, görkəmli sənətkar, mahir ifaçı Zakir Mirzəyevin qarmon sinfi üzrə tələbələrinin hesabat konserti olub. Maraqlı odur ki, belə bir tədbir musiqi həyatımızın tarixində ilk dəfədir ki, nümayiş etdirilir. Bu isə məşhur qarmonçalan, qarmon ixtisası üzrə gözəl və bilikli müəllim Zakir Mirzəyevin adı ilə bağlıdır. Zakir Mirzəyevi nəinki ifaçı, müəllim, eyni zamanda qarmon ixtisası üzrə ilk alim kimi tanıyırıq. Hesabat konsertində Zakir Mirzəyevin Sumqayıt şəhərindəki Soltan Hacıbəyov adına Musiqi Texnikumundakı və Qara Qarayev adına 8 saylı musiqi məktəbindəki tələbə və şagirdləri də iştirak edirdilər. XX əsrin əvvəllərində Azərbaycanda xalq çalğı alətləri ilə yanaşı, qarmon aləti üzrə də geniş inkişaf perspektivləri açıldı. Bu da dövrün görkəmli sənətkarı, qarmonçalan Əhəd Əliyevin adı ilə bağlıdır. Kor Əhədin çalğısı bir daha ona görə fərqlənirdi ki, onun çalğı texnikası bədii ifaçılıqla məharətlə birləşərək, çalınan havanın melodik imkanlarını artırırdı. Həmin qarmon məktəbinin davamçıları mərhum Teyyub Dəmirov, hal - hazırda bu sahədə fəaliyyətini ləyaqətlə davam etdirən Zakir Mirzəyevdir. Bu gün də musiqi texnikumları və 7 illik musiqi məktəblərində təhsil alan gənclər qarmon ixtisası üzrə fəaliyyət göstərirlər. Yuxarıda adı çəkilən hesabat konsertində gənclərin ifasında mu - ğamlardan "Hümayun", "Şur", "Bayatı - Şiraz", "Bayatı - Qacar", "Zabul". "Segah", Azərbaycan xalq mahnıları və rəqsləri ilə yanaşı, Azərbaycan bəstəkarlarının əsərləri də ifa olundu. Konsertdə iştirak edən tələbələrdən Azad Abbasov, Elçin Bağırov, Zakir İsmayılov, Rafael İslamov, Elnur İmanov, Aslan Məhəmmədov, Rövşən Hüseynov, Elnur Haşımov öz çıxışları ilə tamaşaçı - dinləyiciləri razı saldılar. Tələbələrin arasında fərqlənən gənc istedadlar da az deyildi. Onlardan respublikada keçirilən Gənc Musiqiçilər Müsabiqəsinin laureatı Murad Süleymanovun "Hümayun" u təsirli çalması, Rafael İsmayılovun "Bayatı - İsfahan"ı insanın ruhi aləminin həyəcan və iztirabları ilə yanaşı, onun sevincini də ifadə və tərənnüm etməsilə diqqəti cəlb edirdi. Eləcə də Q. Qarayev adına 7 illik musiqi məktəbinin şagirdi Aslan Məlikov respublikada keçirilən Gənc Musiqiçilər Müsabiqəsinin laureatı olaraq, öz çıxışı ilə həmişə böyük uğurlar qazanıb. O, konsertdə Tofiq Quliyevin "Qaytağı" sını texniki cəhətdən çox asanlıqla, zövqlə və məharətlə ifa etdi. Belə mürəkkəb musiqi əsərini düzgün ifa etmək onun gələcəkdə gözəl bir musiqiçi və populyar ifaçı olacağını bir daha sübut edir. Sumqayıt şəhərindəki S. Hacıbəyov adına Musiqi Texnikumunun tələbəsi olan Anar Abbasovun "Orta Segah" muğamı ilə çıxışı dinləyiciləri valeh etdi. O, respublikada keçirilən Gənc Musiqiçilər Müsabiqəsinin laureatlarından biridir. Gənc musiqiçi Anar böyük istedada malikdir. Bakı Musiqi Kollecinin istedadlı tələbəsi Şahin Seyidov isə "Zabul" muğamını böyük məharətlə və eləcə də "Şalaxo" rəqsini texniki cəhətdən yüksək səviyyədə ifa etdi. Ümumiyyətlə, Zakir Mirzəyevin tələbələrinin hesabat konserti professional səviyyədə nümayiş etdirildi. Bununla əlaqədar olaraq. gözəl sənətkar Zakir Mirzəyevin əməyinə yüksək qiymət vermək düzgün olardı. Bu konsertə Azərbaycanın görkəmli incəsənət xadimləri dəvət olunmuşdular. Həmin konsert hərarətli alqışlarla qarşılandı. Azərbaycan Respublikasının Dövlət Mükafatı Laureatı, görkəml xalq yazıçısı Qılman İlkin bu tədbirə yüksək qiymət verərək, gənc ifaçılar və onların uğurlu çıxışlarına böyük əmək sərf edən gözəl sənətkar Zakir Mirzəyevi ürəkdən təbrik edib, gələcəkdə onlara bundan da artıq müvəffəqiyyətlər arzuladı. Ümidvanq ki, Zakir Mirzəyev gələcəkdə də ifaçılıqla yanaşı, müəllimlik fəaliyyəti ilə bizi sevindirəcək". Z. Mirzə son dövrlərdə ifaçılıqla və tədrislə bərabər elmi fəaliyyətlə də məşğul olmuş, dərgilərdə və qəzetlərdə elmi məqalələrlə çıxış etmişdir. O, 1997 - ci ildən başladığı tədqiqat işini 2004 - cü ildə başa vurmuşdur. Zakir Mirzə "Azərbaycan xalq musiqisində qarmonun rolu və əhəmiyyəti" adlı dissertasiya işini 2005 - ci il yanvar ayının 31 - də müdafiə etmişdir. Müdafiə Musiqi Akademiyasının binasında "Caz musiqisi zalı" nda keçirilmişdir. Mövzu Azərbaycan Milli Elmlər Akademiyası Memarlıq və İncəsənət İnstitutunda qəbul olunmuşdur.
Direktor Akademik Rasim Əfəndiyev,
Elmi katib İlham Qazıyev.
Aparıcı müəssisə: Azərbaycan Dövlət Pedaqoji Universiteti.
Elmi seminar üzvləri: Musiqi alətləri kafedrasının müdiri, pedaqoji elmlər namizədi (hal - hazırda doktor) Minarə Dadaşova; uşaq ədəbiyyatı kafedrasının müdiri, professor, şair Zahid Xalil.
Rəylər:
Akademik Fuad Qasımzadə,
Xalq artisti, bəstəkar Tofiq Bakıxanov,
Xalq yazıçısı Qılman İlkin,
Xalq artisti, bəstəkar Azar Rzayev,
Xalq şairi Nəriman Həsənzadə,
Filologiya elmləri namizadi Flxan Məmmədli,
Milli Konservatoriyanın professoru Vaqif Əbdülqasımov,
Fizika - riyaziyyat elmləri namizədi Şamil Hacıyev.
Komissiyanın sədri: Musiqi Akademiyasının rektoru, professor, xalq artisti Fərhad Bədəlbəyli. Sədr müavini: professor, əməkdar incəsənt xadimi, sənətşünaslıq doktoru Ramiz Zöhrabov Komissiyanın üzvləri: Musiqi Akademiyasının elmi işlər üzrə prorektoru, professor, bəstəkar, fəlsəfə elmləri doktoru Gülnaz Abdullazadə, Bəstəkarlar İttifaqının katibi, professor Ramiz Zöhrabov, Elmlər Akademiyasının müxbir üzvü, sənətşünaslıq doktoru, professor Rəna Məmmədova, sənətşünaslıq doktoru, professor Zemfira Səfərova, fəlsəfə elmləri doktoru, musiqişünas - alim, professor Nigar Carullah qızı, Musiqi Akademiyası fortepiano şöbəsinin müdiri, professor Tərlan Seyidov, Milli Konservatoriyanın elmi işlər üzrə prorektoru, sənətşünaslıq namizədi Vaqif Əbdülqasımov, professor, əməkdar incəsənət xadimi, musiqişünas - alim Elmira Abbasova.
Elmi rəhbər: sənətşünaslıq doktoru Rafiq İmrani
Elmi katib: sənətşünaslıq namizədi, dosent Fərǝh Əliyeva
Apponentlər:
Musiqi Akademiyasının professoru, sənətşünaslıq elmləri namizədi (hal - hazırda doktor) Sǝadat Abdullayeva, pedaqoji elmlər doktoru, əməkdar müəllim, bəstəkar Oqtay Rəcəbov. Dissertasiya müdafiəsi işində Ali Attestasiya Komissiyası Rəyasət Heyətinin üzvü Azərbaycan Dövlat Universiteti Şərqşünaslıq kafedrasının müdiri, Elmlər Akademiyasının müxbir üzvü. professor Vasim Məmmədəliyev də iştirak edirdi. Zakir Mirzənin "Azərbaycan xalq musiqisində qarmonun rolu və əhəmiyyəti" mövzusundaki dissertasiya işinin müdafiəsi olduqca maraqlı va yüksak səviyyədə keçmişdir. Dissertantın çıxışı həvəslə dinlənilmiş, müxtəlif elmi suallar verilmiş, ifaçı kimi qarmon ifası da dinlənilmişdir. Dissertasiya iki girişdən, iki fəsildən, nəticə, istifadə edilmiş ədəbiyyat, notoqrafiya və əlavəlar bölməsindən ibarətdir. Zakir Mirzə uzun illər apardığı elmi işlər və tədqiqat sayəsində doğru və düzgün nəticə əldə etmişdir. "Qarmonun mənşəyi və onun Azərbaycan musiqisində istifadəsi tarixindən adlandırılmış I fəslin I bölməsində ("Qarmonun mənşəyi və texniki ifa xüsusiyyətləri") qarmon alətinin mənşəyi, inkişaf tarixi, texniki ifa və spesifik xüsusiyyətləri şərh olunur. Zakir Mirzə alətin mənşəyi məsələsinə düzgün yanaşaraq, səsin hasil olunma prinsipi, yəni səsin körük vasitəsilə əldə edilməsini əsas götürərək qarmonun ilkin növlərinin Avropa və rus alimlərinin qəbul etdikləri "şenq" nəfəsli aləti əsasında deyil, məhz Şərq, o cümlədən Azərbaycan ərazisində mövcud olan tulum - zurna (bu alətdə körüyü dəri tuluq əvəz edir) və ərğǝnunun (oxu - ǝrğan - Ə.R.) əsasında təşəkkül tapması fikrini irəli sürür. Həm də müəllif tulum – zurna - qarmon keçidini nəzərə alaraq belə bir nəticəyə gəlir ki, qarmonun mənşəyini Rusiya və Qərbi Avropada deyil, Şərq aləmi, o cümlədən Azərbaycan - Türk mühiti ilə əlaqələndirmək lazımdır. Dodaqla çalınan ərğǝrun (əslində - ərğan) aləti və onun ifası haqqındakı məlumatlar olduqca maraqlıdır. Birinci bölmədə Zakir Mirzənin müasir Azərbaycan qarmonunun əcdadlarından olan qarmonikalar, Qərbi Avropa dövlətlərində istifadə olunan akkordeonlar və onların ifaçılıq prinsipi haqqındakı məlumatları çox mühüm elmi əhəmiyyət daşıyır. Zakir Mirzə "Qarmonun Azərbaycan musiqisinin inkişafında yeri" bölməsində qarmonun Azərbaycan musiqi mədəniyyətində tutduğu yeri müəyyənləşdirir, onun istifadə formalarını izah edir. Daha sonra Azərbaycanın məşhur qarmonçularının adını çəkir. Qarmonu əsl milli alətimiza çevirən Əhəd Əliyevin onun üzərində apardığı təkmilləşdirici fəaliyyəti işıqlandırır və bu kimi işlərin sonralar Teyyub Dəmirov tərəfindən davam etdirilməsi göstərilir. Müəllif qarmonun Azərbaycan ərazisində geniş yayılmasında Bakı, Şuşa və Şamaxıda ayn - ayrı mədəniyyət fədailəri tərəfindən təşkil olunan musiqi məclislərinin rolunu və əhəmiyyətini xüsusi olaraq qeyd edir. Belə məclislərdə qarmorun da çalınması və təbliğ olunması haqda məlumat verilir. Tədqiqatçı qarmon ifaçılığında fərdi üslubların xüsusiyyətlərini, iki musiqiçinin eyni melodiyanı səsləndirərkən nəzərə çarpan cəhətləri - improvizə elementlərinə və ya texniki ifaya üstünlük verilməsini not yazılarına əsasən müqayisəli şəkildə araşdıraraq, oxşarlığı və fərdi cəhətləri müəyyən etmişdir. İkinci fəsildə "Qarmonun Azərbaycan xalq musiqisinin inkişafında əhəmiyyəti" şərh olunur. Xalq çalğı alətləri orkestri və ansamblların tərkibinə daxil edilməsi va qarmonun bu musiqi kollektivlərinin ümumi səslənməsinə gətirdiyi yeniliklər sadalanır. Qarmonun solo alət kimi istedadlı qarmonçuların ifa etdikləri instrumental muğam və rəqs melodiyalarının geniş yayılmasında və təbliğində, xalqın musiqiyə bağlılığının daha da yaxşılaşmasında rolu xüsusi vurğulanır. Əsasən rəqs musiqisi aləti olan qarmonun xüsusən muğam dəstgahlarında diringilərin ifasında misilsiz rolu qeyd olunur. Zakirin dissertasiya işində qarmonun professional musiqi aləti kimi Azərbaycanda geniş tǝşəkkül tapmasının obyektiv səbəbləri açıqlanır. Qarmonun özünəməxsus şəkildə səslənməsi konkret olaraq ifa olunan əsərlərin C. Cahangirovun xor və orkestr üçün yazdığı "Vətənim Azərbaycan" kantatası, T. Bakıxanovun qarmon üçün işlənmiş "Tar ilə simfonik orkestr üçün konsert" in timsalında hərtərəfli təhlil olunur. Z. Mirzə qarmonun səslənmə gücünə, tembrinə və ifa imkanlarına istinad edərək, onun xalq və professional musiqi nümunələrinin səsləndirilməsi üçün münasib bir alət olmasını inamla göstərir. Bu səciyyəvi cəhət öz növbəsində bizim milli musiqi alətimiz olan qarmonun xalq sənətçiləri və peşəkar musiqiçilərimiz arasında geniş yayılmasına, təşəkkül tapmasına və instrumental musiqimizin inkişafına səbəb olmuşdur. Dissertasiyada qarmonun musiqi mədəniyyətimizdə tutduğu mövqeyi, Azərbaycan xalq musiqisinin və peşəkar sənətin inkişafında rolu göstərilmişdir. Bu musiqi alətinin müşayiətçi və solo alət kimi əhəmiyyət daşıdığı da tutarlı izah olunmuşdur. Zakir müəllimin tədqiqatı nəticəsində gəldiyi nəticələr elmi cəhətdən çox düzgündür, dǝyǝrlidir. Bu nəticələrdən, bu sahədə aparılacaq elmi araşdırmalarda, ifaçılıqda və təhsil prosesində geniş istifadə etmək mümkün olacaq. Tədqiqatçı qarşıya qoyduğu məqsəd və vəzifəni düzgün müəyyənləşdirmişdir ki, bunun da nǝticəsində əldə etdiyi qənaətlər və nailiyyətlər məntiqi cəhətdən özünü doğrultmuşdur. Zakir Mirzənin dissertasiya işinin müdafiəsi zamanı komissiya üzvləri və sədr çıxışlarında bəzi iradlarını bildirsələr də ümumi işi çox yüksək qiymətləndirmişlər. Rəyçilərin, apponentlərin, Ali Attestasiya Komissiyası üzvlərinin və bəzi dəvətlilərin də bu elmi iş barədə fikirləri çox yüksək olmuşdur. Çıxışların bir neçəsini qısaca olaraq kitabımızda veririk. Zemfira xanım Səfərova, əməkdar elm xadimi, sənətşünaslıq doktoru, professor. "Zakir gözəl ifaçı, virtuoz sənətkardır. Müdafiəsi də çox xoşuma gəldi. Burada təcrübədən elmə gəliş var. Təcrübə bu gün elmə vəsiqə alır. Bu yaşda, 62 yaşda elmə gələn hələ olmayıb. Zakir həm novatordur, həm də mahir ifaçıdır. Qarmon ifaçılarımız çox olsa da Zakirin gördüyü işi edə bilən hələ olmayıb. Tarda novator Sadıqcan olduğu kimi, qarmon sənətində Zakiri deyǝ bilərik. Zakirin elmi müdafiə işi, fikirləri nəzərə alınmalı və tədrisdə istifadə olunmalıdır". Digər çıxışlar, o cümlədən Ramiz Zöhrabovun, Rəna Məmmədovanın, Nigar Cǝrulla qızının fikirləri də tutarlı, əsaslı, çox maraqlı idi. Tofiq Bakıxanov, şöhrət ordenli, bəstəkar, xalq artisti. -"Zakir Mirzəyevin yazdığı dissertasiyanı çox izləmişəm. Bu dissertasiyaya rəy də yazmışam. Bu barədə deyəcəm. Z.Mirzəyevin təqdim etdiyi bu əsərdə çox maraqlı tədqiqat işi var. Yaxından tanış olaraq gördüm ki, böyük zövqlə yazılmış dəyərli ilk elmi iş kimi təqdirəlayiqdir. Respublikanın əməkdar artisti Zakir Mirzəyev nəinki Azərbaycanda, həmçinin neçə - neçə xarici ölkələrdə müvəffəqiyyət qazanaraq ölkəmizə baş ucalığı gətirib. Tehran səfərlərində qazandığı uğurlar barədə orada nəşr olunan "Əxbar" qəzetində gözəl fikirlər yazılmışdır. 2002 - ci il oktyabrın 24 - 25 - də Tehranda keçirilən Birinci Beynəlxalq Azərbaycan elmi - bədii musiqi seminarında Zakirin çıxışları çox maraqla, həssaslıqla və hərarətlə qarşılandı. Bəstəkarlarımızın neçə - neçə əsərlərini Zakir müəllim yüksək peşəkarlıqla ifa edir. O, dəfələrlə mənim əsərlərimə də müraciət edib. İfaçı əsəri elə ifa edər ki, onu öldürə də bilər, yaşada da bilər. Tofiq Quliyevin "Sənə də qalmaz" mahnısını Rəşid Behbudovdan qabaq oxuyan müğənnilər olsa da, mahnı qəbul olunmamış, sevilməmişdi. Rəşid oxuyandan sonra bu mahnı həyata həmişəlik "vəsiqə" aldı. Zakir də bəstəkar əsərlərini elə ifa edir ki, qarmon ifasında səslənən ən yaxşı musiqi töhfəsi kimi həmişəyaşarlıq qazanır. Zakir müəllim dissertasiyanın II fəslində Azərbaycan xalq çalğı alətləri ansamblı və orkestri tǝrkibində qarmonun rolu haqqında məlumat verir. Buradakı fikirlər doğru və düzgündür. Müslüm Maqomayev 1927 - ci ildə Azərbaycan radiosunda musiqi verilişlərinin baş redaktoru vəzifəsində çalışarkən Üzeyir bəyin tövsiyyəsilə Əhməd Bakıxanovu çağırır və ona xalq çalğı alətləri ansamblı yaratmağı təklif edir. Əhməd müəllim ansambl yaradır. Bu solistlər ansamblı adlanırdı. Ə. Bakıxanov qarmonçu Əhəd Əliyevi də ansambla gətirmişdi. Üzeyir Hacıbəyov uzaqgörən şəxs idi. O, qarmonun özünəməxsus tembrindən ansambl vǝ orkestr tərkibində istifadə olunmasını gərəkli bilirdi. 1931 - ci ildə ilk notlu orkestri yaradarkən Əhəd Əliyevi çağıraraq qarmonu da ora əlavə etmişdi. Mən Zakiri bu günkü müdafiə işinə görə təbrik edirəm, ona yeni - yeni nailiyyətlər arzulayıram". Vasim Məmmədəliyev, Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü, Azərbaycan Dövlət Universiteti Şərqşünaslıq və İlahiyyat kafedrasının müdiri. - "Hörmətli Sədr! Hörmətli komissiya üzvləri! Mən burada Ali Attestasiya Komissiyası Rəyasət Heyətinin üzvü kimi iştirak edirəm. Bu günkü müdafiəni sözün həqiqi mənasında Ali Attestasiya Komissiyasının təlimatına çox uyğun, çox gözəl, polemik və eyni zamanda tələbkarlıq qaydaları ilə yüksək səviyyədə keçən görürəm. Mən də Zakirin dissertasiya işinin qəbul olunmasını, təsdiqini istəyirəm, ona sənətşünaslıq namizədi - alimlik dərəcəsi verilməsinə tərəfdaram. Zakir Mirzəyevin bu böyük uğurunu təbrik edirəm". Bu dissertasiya işinin müdafiəsində xalq şairi, əməkdar incəsənət xadimi Nəriman Həsənzadə də maraqlı çıxış etdi. O da Zakir Mirzənin elmi işinə rəy verənlərdən biridir. N. Həsənzadə çıxışını belə yekunlaşdırdı: "Qarmonun nəyi qaldı ki, Zakir onu tapmasın, ona toxunmasın, onu aşkar etməsin? O, ən mahir, ən birinci ifaçı kimi öz sözünü deyib, sənətini nümayiş etdirib. İstərsə də tədqiqatçı alim kimi bu alətin yaranma tarixini, mənşəyini, mərhələlərlə inkişafını araşdırıb tapıb göstərib, qarmonun musiqimizdə rolu, əhəmiyyəti, bu günü və sabahı barədə söhbət açıb fikirlərini məntiqli izah edib. Onun doktorluq işi yazması üçün daha nə qaldı ki? Hörmətli komissiya sədri və komissiya üzvləri! Olmazmı ki, Zakirin bu günki işi doktorluq işi kimi qəbul olunsun? Ona birbaşa sənətşünaslıq doktoru elmi adı verilsin". Bu təklif özü - özlüyündə məntiqli olub çoxlarının ürəyindən xəbər versə də, mövcud ali qanunlara əsasən qəbul oluna bilməzdi. Edilmiş bütün çıxışlar Zakir Mirzənin gördüyü çox böyük işin yüksək dərəcəsindən xəbər verirdi. Zakir müəllimin elmi nailiyyətlərini işıqlandırmağımızın sonunda onun öz fikirlərini yazıya çevirməyi lazım bildim: "Mən elm sahəsinə xalq yazıçısı, böyük ziyalı, ağsaqqallıqda və xeyir - xahlıqda misli bərabəri olmayan Qılman İlkinin məsləhəti və tövsiyyələri ilə gəlmişəm. Bu işi başlayan gündən ziyalılar nəslinin nümayəndəsi, şəcərəsinin musiqi işini, sənət izini layiqincə davam etdirən, saflıq, yaxşılıq, xeyirxahlıq nümunəsi, xalq artisti, məhsuldar sənət ömrü yaşayan böyük bəstəkar, şöhrət ordenli Tofiq Bakıxanovun əlini çiynimdə hiss etmişəm. O, köməyini bir an belǝ əsirgəmədən hər bir işdə mənə yardımçı olub. Adını çəkdiyim hər iki insana ömür boyu minnətdaram. Filologiya elmləri namizədi, musiqişünas və islamçı - alim Ramiz Faseh isə məni muğama istiqamətləndirib, bu sahə üzrə daha çox bilgilər əldə etməyimdə çox böyük vasitəçi olub". Sənətkarın təxəyyülündə, düşüncəsində, mənəvi ruhunda bir zənginlik, genişlik və özünəməxsus dəyərlər və harmoniya vardır. O, əvvəldən sənətə istedadla gəldiyi kimi də, etiqadla xidmət edib irəlilədi. Onun öz yaradıcılıq ovqatı və xisləti var. Bu insanda çılğın və hərarətli ifa ovqatı bütün fəaliyyəti boyu özünü göstərib. Ifalarının əksəriyyəti heyrət doğurur. Heyrət isə insanı düşünməyə vadar edir. Platon dialoqlarının birində deyirdi: "Fəlsəfənin başlanğıcı heyrətdir", yəni fəlsəfə heyrət etməkdən yaranıb. Zakirin ifalarına onun qeyri - adi istedadı, coşqun ilhamı, düşüncələri, ruhu, mənəvi varlığı hopduğundandır ki, bunların fəlsəfəsi vardır. Bu fəlsəfi duyumun açılmamış məqamları, düyünləri, nöqtələri vardır. Onlar çözülməli, açılmalıdır. Bu ifalarda saf Azərbaycan ruhu, geniş parlaqlıq, qədim türkün düşüncə və idrak tərzi öz əksini tapır. Zakirin çaldığı muğamlarda və lirik melodiyalarda, improvizasiyalarda aydınlıq, təsirlilik olduğu qədər də zərif hiss və kövrək duyğular və həm də geniş fəlsəfi duyum var. Bu sənətkarımızda eyni zamanda bədii hərəkət, bədii inkişaf, güclü bədii təsir hər an öz qüvvəsində qala bilir. Milli ifaçılarımız həmişə qəlblərindən süzülüb gələn xalq sənət nümunələrini zaman - zaman bər - bəzəkli, bənzərsiz yeni xallar, bədii modellər, yeni rənglər, boyalar və yeni bədii meyillərlə bizlǝrǝ çatdırıblar. Dediklərimiz Zakir Mirzə sənətkarlığında əks olunan, ona xas olan cəhətlərdir. Zakirin bəstələdiyi, radionun fonotekasında qorunan, tez - tez səsləndirilən rəqs melodiyaları indiyə qədər yaranmış xalq oyun havalarının yaranıb gəldiyi yollara bələdçilik edir. Onun bütün yaradıcılığında doğmalıq və səmimilik göz önündədir. Zakir Mirzə böyüyə - böyüyə, ucala - ucala yol gələn sənətkarlarımızdan biridir. Zakir instrumental ifaçılığımızda özünə yer almış qarmon sənətinə uçulub dağılmayan möhkəm və möhtǝşəm bina ucaltmışdır. Bu sarayın bünövrələrini onun mənsub olduğu xalqın nümayəndələri; Kərbəlayi Lətif, Kərbəlayi Abutalıb, Seyyid Həsən, Əhəd Əliyev qoymuş, kərpicləri isə Teyyub Dəmirov, Məmmədağa Ağayev, Səfərəli Vəzirov, Adil Hüseynov, Səttar Hüseynov, Abbas Abbasov, Rza Şıxlarov, Yusif Yusifov, Əflatun Ağayev və digərləri hörmüşdür. Bu binanı tam tikib qurtarmaq və möhtəşəm hala gətirmək Zakir Mirzəyə nəsib olub. Zakir Qulamhüseyn kişinin Xaçmazdakı evindən, qartal yuvasından qanad çalıb uçdu, göylərdə dövrə vurdu, qartal dağların zirvələri üstündə qanadlandığı kimi sənətin zirvələrində qanad çaldı həmişə. Ata gözünün qarası, bağrının parası, hər dərdin çarəsi olan ilkin övladının gələcəyinə böyük ümidli idi. Səhv etməmişdi. Ümid özünü doğrultmuşdu. Belə bir deyim var: "Arzu zirvədədir, ümid ətəkdə". Müdrik bir atanın arzusu da, ümidi də zirvədə idi. Onun sadə bir evdən, adi həyat tərzi keçirən azərbaycanlı ailəsindən pərvazlanan oğlu böyük bir xalqa imtahan verəcəkdi. Verdi də. "Muğam və rəqs" onun xalq qarşısında ən böyük imtahanı idi. Zakir Mirzənin bu imtahanı böyük, ulu bir nəslin, Güney Azərbaycandan köç edib Quzey Azərbaycana gələn, o taylı, bu taylı məskunlaşan əsli - nəcabətli, əzəli - əbədi bir nəslin doğma xalqa töhfəsi, ǝrmağanı idi. Hansı yüksəklikdə, hansı mərtəbədə olmasından asılı olmayaraq Zakir sadə el adamı, müdrik elm adamı, vergili bir şəxs, ilhamlı insandır. Sevimli musiqi alətini bağrına basaraq, uzun bir dövr ərzində çalıb çağıraraq, sehirli səslər aləmində bu səslərdən zəngin xalı toxuyaraq gələ - gələ, axtara - axtara musiqi elmi ocağına daxil olub. Elmi axtarışları və tapıntıları bəhrə verib. Nəticə göz qabağındadır. Könlünü, saf düşüncələrini əks etdirən qarmonun ecazkar səsinin haradan gəldiyini tədqiqatlar apararaq tapmış, yazılı mənbəlǝrǝ əsaslanaraq qəti və məntiqli fikrə gəlmişdir. Əslində Zakir Mirzə ifaçılıq sənətimiz üçün Allah payıdır, Tanrı sevgisidir. Sənətkarımız geniş coğrafi miqyaslı sənət adamıdır. O, çox - çox ölkələrdə qarmonu ilə coşaraq səhnələri fəth edib. Vətənin dəyərini, xalqın sənət incilərini dünyaya tanıdıb. İncəsənət aləmində, yaradıcılıq işində canlı ehtiras, pafos mühüm rol oynayır. Ehtiraslı və həyəcanlı pafos, haqqında ürək dolusu danışdığımız sənətkarın ifaçılıq ruhuna hakim kəsilib. Zakir Mirzə özünü dərk edən, öz mənəvi aləmini zəngin etməyə, bütövləşdirməyə çalışan əsl ziyalıdır, mədəni bir insandır, xalq adamıdır, millətinə xidmət edən şəxsdir. O, vaxtını – vədəsini zamanın axarına buraxmır, istedadını və varlığını xalqımızın mədəniyyətinin inkişafına sərf edir. Bu gün Zakir Mirzə qarmon ifaçılığının dəyərlərini ucalara qaldıran şərəf daşıyıcısıdır. Deyirlər həyatın mənası sevgidədir. Yaşamaq özü sevgidir. Zakir Mirzəni yaşadan sənətinə olan böyük sevgidir. Onun ömür yaşı pillə - pillə artdıqca, indiyə qədər damla - damla qazandığı sənət də pillə - pillə artır. Onun "Şur" unu, "Şahnaz" ını eşidəndə xəyalən səma ənginliklərində qanad çalıram, çox ecazkar, qǝnirsiz bir sehr aləminə düşürəm, çəmən çiçəklərinin rəngini görüb, ətrini duyuram. Məlumdur ki, Qərb musiqisindən fərqli olaraq qədim Şərq musiqisi insanın həyatı ilə daha sıx bağlıdır, o Şərq adamının həyatının təzahürü olub, onun dünyanı hissetmə qabiliyyətini ifadə edir, indini keçmişlə və gələcəklə bağlayır. Zakirin ifasında səslənən hər bir muğam havasında keçmişimiz öz əksini tapır, oradan tarixlərin səsi gəlir, uluların hikməti duyulur, ağsaqqallar, ağbirçəklər bizi halallığa səsləyir və həm də ayıq - sayıq olmağa çağırır. Əgər Zakir Mirzə ən qədim alətlərimiz ney, çǝng, bərbət, ud və s. alətləri çalsaydı və tarın, kamanın, sazın, balabanın, zurnanın ifaçısı olsaydı da onun ifalarında Qoca Şərqin mənəvi zənginliyi, Azərbaycan türklərinin mübariz ruhu, keçmişi, bu günü öz əksini tapacaq, çaldığı alətin səsinin "işığında" gələcəyə gedən yol görünəcəkdi. Bu böyük sənət adamının ifasında xoşbəxtliyə inam var, xoşbəxt gələcəyə çağırış var, dinləyici insanın öz varlığına şükranlıq və İlahiyə şükür etmə, dərin sevgi və dualar var. Sufilikdə belədir: Əgər musiqiçi özünə qərq olmağı bacarmırsa, o, həqiqi musiqi yarada bilməz. Sufizmə görə, muğam haqqa çatmaq yolunda, Allaha qovuşmaq yolunda pillələrdir. Zakir Mirzə yetkinləşdikcə, özünü dərk etdikcə, yaşa dolduqca, kamilləşdikcə, Allaha olan inamı bütövləşdikcə, sevgisi dərinləşdikcə, səmimi ovqatlı, dərin məzmunlu sənətilə ilahi eşqə yol alır. Bu sənətin, bu ifaların da gücü bundadır. Onun sənətinin fəlsəfəsi İlahi eşqa yetişməkdir. Filosofiyada idraka məhəbbət, müdrikliyə, həqiqətə sevgi var. Sevgi anlayışı olduqca geniş mahiyyət daşıyır. Buraya insanın doğma, yaxın insana, həqiqətə, xeyirxahlığa, hakimiyyətə, var - dövlətə, vətənə, sənətə, Allaha və s. sevgisi daxildir. Hər insan həyatında sevgi mühüm rol oynayır. Zakir Mirzənin varlığında və düşüncəsində xeyirxahlığa, həqiqətə, idraka, müdrikliyə, sənətə, vətənə və Allaha dərin sevgisi özünü büruzə verir. Budur ömrünün müdrik çağını yaşamaqda olan yaradıcı insanın sənətinin gücü və fəlsəfəsi. Qarmonun səsində biz onun öz qəlbinin səsini eşidirik. Danışdığı zaman bizə deyə bilmədikləri sözləri, səslər vasitəsilə eşidirik, duyuruq. Onun ifalarından öz qəlbinin ətri gəlir. Musiqi və könlünün nəğmələri Zakir Mirzənin həyat enerjisidir. Onu sənətin sirli aləminə qoşub ardınca çəkib aparan yüksək eşqdir. Dünyanın bütün mütəfəkkirləri, filosofları, böyük şairləri eşqin fəlsəfi mənasını açıblar. Şərqin böyük müdriki Məhəmməd Füzulidə də eşqin anlamı var. Sadəcə izahını da verib: "Eşq bir bəladır ki, ona düçar olan bilər". Zakir Mirzə sənətin eşqinə mübtəla olaraq, əqidəsində, saf etiqadında saflaşdırıb müqǝddəsləşdirərək, qoruyaraq, ilahiləşdirərək Uca Tanrıya doğru yüksəlməkdədir. 2007 - ci ilin yay aylarında adəti üzrə görüşdüyünüz istirahət guşələrinin birində, Bakının Əhmədli qəsəbəsində, Neapol dairəsində Hacı Rəhmanın öz əlilə əkib becərdiyi yaşıllıqlar qoynunda yerləşən çayxanasında üç dost, üç həmkar Zakir Mirzə, Baxışəli Əliyev və mən oturub çay içirdik. Söyüdlərin və çinarların saldığı kölgə və sərinlik, çəkib gətirdikləri meh xüsusi əhval xoş ovqat yaradırdı. Qızmar yayın istiləri bu məkanda tamam hiss olunmurdu. Sevimli sənətkarımızın pürrəngi çay içǝ - içə söylədikləri, sənət haqqındakı maraqlı söhbətləri bizə ləzzət verirdi. Baxışəli söhbətin məcrasını dəyişmək üçün dilləndi: - "Zakir müəllim, buraya bu günki gəlişimizin əsas məqsədindən yayınırıq. "Solaxay" qarmon barədə danışaq".
Baxışəli Əliyev hələ 2007 - ci ilin qış aylarında mənə məlumat vermişdi ki, Zakir müəllim "solaxay qarmon" üzərində çalışır, vaxt - məqam çatanda onu meydana çıxaracaq. Zakir Mirzə tam yeni, "solaxay qarmon" barədə fikirlərini bizimlə bölüşdü. Özü - özlüyündə bu fikir çox maraqlı olduğu üçün ona xeyli suallar verdim və məntiqli cavablar aldım. Sol əl ilə çalınacaq qarmon milli qarmon ifaçılığımız qarşısında geniş perspektivlər açır və gələcək nailiyyətlərdən xəbər verir. Əlbəttə qarmonun ibtidaidən sol əl ilə çalınmağa başlaması, vərdiş qaydaları ilə ifaya nail olunması və gələcəkdə əsl peşəkar ifanın əmələ gəlməsi (indiki vəziyyətə gəlib çatması və ya ondan daha mükəmməl olması) üçün uzun illər, müəyyən dövr lazımdır. Zakir müəllim fikrini belə əsaslandırır ki, dünya xalqlarının istifadə etdikləri, həmçinin Azərbaycanın qədim və müasir simli, nəfəsli alətləri sol əlin vasitəsilə çalınır və sağ əl müşayiətçi rolunu oynayır (mizrab, tazanə vurur, kamanı işlədir və s.). Yeganə klavişli (dilli) alətlərin ifası zamanı (fortepiano, akkordeon, bayan, bandeneon, harmon, qarmon) çalınarkən sağ əl əsas işi görür, "ifaçı" olur. Görünür ki, milliyyətcə alman olan Fridrix Buşman 1822 - ci ildə ilk dəfə nəfəslə ifa olunan "dodaq qarmonu" (ağız qarmonu) düzəldib, daha sonra nəfəsli qarmon hazırlayanda sağ əlin "solist" kimi iştirakını, aparıcı rolunu nəzərə alıbmış. Sonra o, körüklü alət yaradanda da sağ əli ifaçılıq üçün əsas götürüb. Hər halda fortepiano alətində sağ əlin əsas "ifaçı" olduğunu da nəzərə alsaq F. Buşmanın bu reallığa da istinad etməsinə inanmaq olar. Dünyanın hər yerində klavişli (dilli) alətlər, o cümlədən ruslar, tatarlar, inquşlar, çeçenlər, bütünlükdə Qafqaz xalqlarının ifa etdikləri qarmonlar, həmçinin Əfqanıstan, Hindistan, Pakistan və ərəb ölkələrində çalınan harmonlarda ənənəvi olaraq sağ əl aparıcı rol oynayırsa, yeganə olaraq milli Azərbaycan qarmonu sol əl ilə çalınaraq sağ əl ilə müşayiət olunacağı üçün seçiləcək, digər xalqların alətlərindən ayrılacaq, fərqlənəcək. Qarmonun körüyü indikinin əksinə olaraq sağ əlin vasitəsilə sağ tərəfə çəkiləcək. Dediklərimizi ilk növbədə tədrisdə, ibtidai musiqi məktəblərində həyata keçirmək lazım gəlǝcək. Hər bir şeyə mərhələlərlə nail olunacaq. Qarşıda böyük çətinliklər var. Sol (solaxay) qarmonlar düzəldilməli (şagird qarmonları rekonstruksiya edilməli), şagirdlər yetişdirilməli, əldə olunacaq nailiyyətlər lazımi qədər təbliğ olunmalıdır. Heç bir çətinlikdən qorxmamalı, sevimli sənətkarımızın, görkəmli alimimizin fikirlərini tədricən, pilə - pillə, addım - addım, mərhələ - mərhələ yerinə yetirib hasilə gətirməliyik. Yuxarıda qeyd etdiyimiz kimi Kazan şəhərində istehsal edilən, tədrisdə istifadəyə gərək olan "şagird qarmonları" rekonstruksiya edilməli, "solaxay qarmon" halına salınmalıdır. Bu kimi işləri yerinə yetirmək üçün qarmon alətlərinin təmiri, düzəldilməsi və rekonstruksiya edilməsi sexi də açılmalıdır. Burada çalışmaq üçün Azərbaycanda kifayət qədər ustalar vardır. Yeri gəlmişkən qeyd edək ki, təşəkkül tapdığı zamandan son 20 - 30 ilə qədər Azərbaycan qarmonlarını qeyri - azərbaycanlılar düzəldər və təmir edərdilər. Lakin son dövrlərdə millətimizin nümayəndələrinin bu peşəyə meyli artıb. Nəinki Bakıda, hətta Lənkəranda. Əlibayramlıda (haz. Şirvan), Gəncədə, Tovuzda, Qazaxda, Ağstafada və Şəmkirdə qarmon ustaları var və getdikcə yeni nümayəndələr meydana çıxır. Hər bir yenilik, bir çox hallarda kəşf və yeni ixtira maneələrlə qarşılaşdığı kimi Z.Mirzənin də "solaxay qarmon ifaçılığı" (qarmonun sol əl ilə çalınıb, sağ əl ilə müşayiət olunması) fikirləri ilk əvvəllər etirazla qarşılana bilər. Lakin, virtuoz ifaçı, sənətşünas alim "Milli Azərbaycan qarmonu" nun gələcəyini gerçəkləşdirmək üçün fikirlərində qətiyyətlidir, elmi əsasları, dəyərli düşüncələri vardır. Tibbi nöqteyi - nəzərdən də qarmonun "solaxay" olması daha məqbuldur. Burada beyin yarımkürələrinin rolunu, icra qabiliyyətini əsas götürmək lazımdır. Zakir Mirzə fikirlərini mənimlə bölüşərkən mən ona tövsiyyə etdim ki, o, həkimləri də bu məsələyə cəlb etsin və onların tibb elminə əsaslanan fikirlərini əsas götürsün. Həmçinin Zakir müəllim mənim aşağıdakı fikirlərimlə də razılaşdı ki, qarmonun indiki vəziyyəti, bu qaydada çalınması, körüyün sol tərəfə çəkilməsi ürəyə yükdür, ağırlıq salır, ürəyi zəiflədir. (Yaxşı ki, son illər "peşəkar qarmonlar" ın sol gövdəsində, müşayiət rolu oynayan səslərin, tənəkələrin - plankaların sayı azaldılmış, alət xeyli yüngülləşmişdir). Yaşı ǝllini, altmışı keçmiş qarmon sənətçiləri öz ifaçılıq fəaliyyətini davam etdirməkdə çətinlik çəkirlər. Onların infarkt və ya iflic xəstəliyinə tutulması ehtimalı çoxalır. Qeyd etməliyik ki, digər xalq musiqiçilərimiz, xanəndələrimiz kimi qarmonçalanlarımızın da fəaliyyət meydanı və qazanc mənbəyi xalqımızın toy mərasimləridir. Qarmonun toylarımızda aparıcı musiqi alətlərindən biri olduğunu, mərasimlərin 5 - 6 saat çəkdiyini, üstəlik bəzi ifaçıların hər gün şənliklərdə çıxış etdiyini nəzərə alsaq qarmonçalanlarımıza nə boyda yük düşdüyünü dərk etmək olar. Əlbəttə, Zakir müəllimin bu ixtirasını həyata keçirmək üçün on illər lazım gələcək. Zakir Mirzə solaxay qarmonu indiki qarmonlarımızın həcmində (2 oktava yarım, do səsilə başlayıb fa səsilə bitir) usta Minǝli Eyvazova (1956 - 2009) düzəltdirib. Bundan başqa hazırladığı tələbələr üçün də bir neçə "Kazan" markalı tədris qarmonlarını "solaxay" hala salaraq rekonstruksiya etdirib. Yeni alətlə sənətkar müntəzəm məşq edir, sol əl ilə ifaçılıq qaydalarına vərdişlə nail olur. Belə ifaçılıq qaydalarını tələbələrə öyrədir. O, artıq bu qayda ilə iki - üç tələbə hazırlayır.
Gələcəkdə belə tələbələrin sayı çoxalacaq. Zakir müəllim yeni ixtirasına əzmlə yanaşaraq hazırladığı tələbələrlə geniş ictimaiyyət qarşısına çıxacaq, öz sözünü deyəcək və yeni nailiyyətləri ilə xalqımızı sevindirəcək. "Solaxay qarmon " un ilk milli Azərbaycan qarmonu kimi meydana çıxaraq onun tibbi nöqteyi - nəzərdən insan fiziologiyasına mənfi təsir göstərmədiyini əsaslandırmaq üçün Zakir Mirzə tibb işçiləri ilə ciddi söhbət aparmışdır. Bakı şəhəri Dəmir Yolu Xəstəxanası "nevroloji şöbə" nin müdiri, nevropatoloq - həkim İlham Cavadov elmi mənbələrə əsaslanaraq Zakir Mirzənin fikrinə müsbət rəy vermişdir. Bundan başqa həkim Hacı Əbdül Əhəd Əliyev yazılı mənbələrə istinad edərək, fikirlərini şəxsi təcrübə üzərində quraraq xüsusi yazılı rǝy hazırlamış və Zakir müəllimə dəstək olmuşdur. Əsaslı fikir və düşüncələrinin müsbət təsdiqinə nail olmaq üçün ustad sənətkar Azərbaycan Milli Konservatoriyasının rəhbərliyinə rəsmi müraciət etmişdir. Bu elm ocağının xalq çalğı alətləri kafedrasının 21 noyabr 2007 - ci il tarixli toplantısında Zakir Mirzənin rekonstruksiya etdiyi "sol əl ilə ifa olunan ilk milli Azərbaycan qarmonunun müdafiəsi" müzakirə olunmuş və 32 saylı protokolda öz təsdiqini tapmış, müsbət rəy verilmişdir. Milli Konservatoriyadan verilmiş sənədi əsas götürərək Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyi bir ixtiraçı kimi Zakir Mirzǝyǝ 05.12.2007 - ci il qeydiyyat tarixli "Şəhadətnamə" təqdim etmişdir. Zakir Mirzənin ixtirası barədə məlumat Internet saytında yerləşdirilib. Sənətkarın bir böyük uğurunu da qeyd edək. 2 - 3 il üzərində çalışdığı "Qarmon məktəbi" kitabını 2008 - ci il avqust ayında nəşr etdirib. 2013 - cü il sentyabr ayının 9 - da "Space" televiziyası Z.Mirzənin 70 illik yubileyini qeyd etdi. Görkəmli alimlər, bəstəkarlar, şairlər, sənət dostları ürək sözlərini dedilər. Yubiley tədbiri həmin il oktyabr ayının 30 - da Dövlət Mahnı Teatrında keçirildi. Burada da alimlər, xalq artistləri, görkəmli sənət adamları təbriklər söylədilər. Müğənniləri ə. Bakıxanov ad. x.ç.a. ansamblı müşayiət etdi. Qarmon ifaçılarından Baxışəli Əliyev, Teyyub Teyyuboğlu, xalq artisti Avtandil İsrafilov solo ifaları ilə yadda qaldılar. Sonda Z. Mirzə "Muğam və rəqs" lə bütün iştirakçılara bol - bol sevinc bəxş etdi.
__________________________________________________________________________________________________________________
Əhsən Rəhmanlı “Qarmon ifaçılığı sənəti və onun Azərbaycanda tədrisi”, Bakı “MBM” 2014, Səh. 182 – 241.