Ruzbeh demişdir: "Əxlaq və şərəf həyatın on böyük sərvətidir". Yüksək əxlaq, tərbiyə, abır - ismət, səmimiyyət sahibi olan, şərəfli bir ömür yolu gələn sənət adamlarımızdan biri haqqında ürəklə söhbət açaq. Baxışǝli Həbib oğlu Əliyev 1954 - cü il (at ilində) oktyabr ayının 22 - də (tərəzi bürcündə) Bakının Balaxını qəsəbəsində anadan olmuşdur. Bu həyata bir oğul, üç qız gətirən Həbib kişi həyat yoldaşı Fatimə xanımla sadə ömür - gün sürürdü. O, sürücü işləyirdi. Fatimə xanım evdar qadın idi. Həbib ata ilk arzusu, ümidi olan ilk övladı Baxışǝlini 1961 - ci ildə Balaxanıdakı 204 saylı məktəbə qoyur. Baxışǝli 1971 - ci ildə orta məktəbi bitirir. Bayatımızın birində deyilir:
Göydə ulduz naşıdı,
Kim balamın yaşıdı?
Qız gözümün qarası,
Oğlan ürək başıdı.
Sadə peşə adamı olan Həbib ata ürəyinin başı gözünün nuru, dizinin taqəti saydığı oğlu Baxışǝlinin ali təhsil almasını, hüquqçu, iqtisadçı, həkim və mühəndis olmasını istəyirdi. Neçə dəfə oğluna məsləhət edib demişdi: "Bala, məktəbdə dərsələrini yaxşı oxu, gələcəyini fikirləş, instituta gedərsən. Qarmon çalmaqdan bir şey çıxmaz. Mən də gənclik illərində musiqiyə həvəskar idim. Tar dərsinə gedirdim, kifayət qədər çalmağı öyrənmişdim. Müəllimim rəhmətə gedəndən sonra, həvəsdən düşdüm, tar çalmağı atdım". Ata oğlunun istedadını nəzərə almaq istəmirdi. Şair Zəlimxan Yaqubun fikri burada yerinə düşür: "İstedad gur yanan çıraq kimidir, İstedad çağlayan bulaq kimidir." Uşaq çağlarında Baxışəlinin qarmon çalmağa olan həvəsi və istedadı aşıb - daşırdı. Bu istedad və maraq onun gələcəkdə peşəkar sənətkar olması üçün zəmin yaratdı. Baxışǝli tez - tez əmisigilə gedər, qarmonu götürüb gizlincə çalardı. Əmisinin yarımtonsuz "Kazan" qarmonu var idi və həvəskar kimi çalmağı da bacarırdı. Bu zaman Baxışǝlinin 9 yaşı olardı. Artıq əmisinin qarmonu ilə müəyyən qədər havalar çalırdı. Əmisi bunu biləndən sonra az - çox çala bildiklərindən bir qədər də qardaşı oğluna öyrətdi. Baxışəlinin anası Fatimə xanım oğlunun gizlincə qarmon çalmaq öyrənməsinə, hədsiz həvəsinə və istedadına ürəkdən sevinərək qarmon almaq qərarına gəldi. Ana bir gün oğluna dedi: - "Baxış balam, ömrümə naxış balam. Pul toplamışam. Sabunçuda qarmon görmüşəm. Dur gedək onu alaq. Öyrənib soruşmuşam, o qarmonlar musiqi dərsi oxuyanlar üçündür. Səni qarmon dərsinə qoyarıq, gedib yaxşı öyrənərsən". Baxışǝlinin qanadı olsaydı, sevincindən uçardı. Yarımtonlu qarmon alınıb evə gətirildi. O gündǝn evdən hər gün qarmon səsi gəldi. Anası hərdən deyirdi: "Baxış, bəsdir, yorulub əldən düşdün, bir az da dincəl də!" Lakin həvəs və qabiliyyət bu uşağa qarmonu yerə qoymağa imkan vermirdi. 1968 - ci ildə Baxışəlini Sabunçu qəsəbəsindəki mədəniyyət sarayının musiqi kursuna gətirdilər. O zaman burada mövcud olan qarmon kursu üç illik idi. Uşağın qabiliyyətini yoxlayıb, sərbəst olaraq qarmon çalmaq bacarığını görüb onu ikinci sinifə qəbul etdilər. O, burada daha yaxşı çalmaq öyrəndi. Müəllimi Əyyub Babayev Baxışǝlinin qavrama qabiliyyətini görüb onu daim nəzarətdə saxlayırdı və deyirdi: "Bu uşaq gələcəkdə çox yaxşı qarmonçalan olacaq". Zaman göstərdi ki, o, fikrində yanılmayıb. Haşiyə: "Əyyub Babayev Bakı Mədəni - Maarif Texnikumunda, Sabunçudakı və Suraxanıdakı mədəniyyət sarayında, həmçinin öz evində fərdi qaydada dərs deyərək çox qarmonçalanlar hazırlamışdır ki, onların əksəriyyəti sonralar yaxşı ifaçı, bəziləri isə müəllim kimi fəaliyyətdə olmuşlar". 12 yaşlı Baxışəli Bakıxanov (əvvəlki adı Razin) qəsəbəsində yerləşən Neft və Qaz Sənayesi İşçilərinin mədəniyyət sarayının x.ç.a.ansamblının məşqlərinə gəlirdi. Balaxanıdan əlində "Kazan" qarmon avtobusla Bakıxanov stansiyasına gələr, oradan da məşqə yollanardı. Bu yaşda olan uşağın əlində qarmon daşıyaraq bir qəsəbədən başqa qəsəbəyə gəlib məşqlərdə iştirak edərək yorğun - arğın geri qayıtması asan iş deyildi. Bütün bunlara qatlaşmağa onu vadar edən təbii ki, çalmaq. çalmaq və yalnız çalmaq həvəsi idi. Stansiyada çörək və ərzaq dükanları, yeməkxana və kafe xidmət göstərirdi. Kafenin pəncǝrǝsinin birindən satış təşkil edərək küçə xidməti də yaratmışdılar. Bulka və kakao alanlar hündür, dayaq stolların yanında ayaqüstü nahar edirdilər. Məşqdən gələn, bərk açmış Baxışəli də kakao və bulka alıb iştahla yeyirdi. Qarmonu da yanına qoymuşdu. Yeyib qurtardıqda, qarmonu götürüb getmək istədikdə yerindəcə donub qaldı. Qarmon yox idi. Arzusu, istəyi olan,onunçün ən qiymətli olan bir şeyi aparmışdılar. O, ağlamağa başladı, evdəkilərə nə cavab verəcəkdi? Ağlamaqda davam edirdi. Stansiyadakı növbətçi milis işçisi yaxınlaşıb nə baş verdiyi ilə maraqlandı və uşağı yanına salıb ətrafı, dükanların, avtobusların və qatar stansiyasının içərisinə nəzər yetirdi. Bir şey tapılmadı. Qəmli, peşman uşaq evə qayıdıb hadisəni olduğu kimi ata - anaya danışdı. Atası Baxışəli ilə Bakıxanov stansiyasına gəlib dükanların satıcılarından, küçə ticarəti ilə məşğul olanlardan, tanış - bilişdən və bir daha kafe işçilərindən qarmonun tapılması ilə maraqlansa da, gördüm deyən olmadı. Ata - bala dilxor olaraq Balaxanıya qayıtdılar. Kasıbçılıq idi. Sada, kasıb yaşayan ailə üçün təbii ki, bu itki idi. Bəyəm istənilən vaxt istədiyin bir şeyi almaq olurdu? Balaca musiqiçiyə həvəs gəlirdi, çalmaq istəyirdi, lakin qarmonun olmaması onun qol - qanadını qırırdı. O, az müddət də olsa iztirab çəkdi. Uşağın fikir çəkdiyini hiss edən ananın ürəyi sıxılırdı. O, gedib kənddə yaşayan atası Malikǝjdər kişidən borc pul götürərək oğlu ilə Sabunçu qəsəbəsindəki mədəni mallar dükanına gəldi. Müxtəlif rəngli "Kazan" qarmonlar balaca musiqiçinin gözlərini qamaşdırırdı. Bilmirdi hansını alsın. Bir - bir götürüb çalırdı. Çaldıqca da həvəsǝ gəlirdi. Bəs necə?! Axı neçə vaxtdı sevimli işinə həsrət qalmışdı. Elə cuşə gəlmişdi ki, dükanda olduqlarını da unutmuşdu. Bu yaşda uşağın belə məhərətli qarmon çalmağına o qədər adam toplaşmışdı ki... Onu satıcının səsi ayıltdı: "Ay oğlan, hansı qarmonu bəyəndinsə, göstər, onu qutusuna qoyub verim". Qarmon alındı. Ana - bala avtobusla kəndə qayıtdılar. Hər ikisinin sevinci dünyaya sığmırdı. Baxışəli nümunəvi şagird kimi üç illik təhsili iki ilə uğurla bitirib vəsiqə alır. Onun bacarığını görüb həmin mədəniyyət evində qarmon ixtisası üzrə müəllim saxlayırlar. Bir müddətdən sonra Baxışəli özünü müəllim kimi təsdiq edir. Bundan əlavə o, həmin mədəniyyət sarayındakı xalq çalğı alətləri ansamblında çalmağa başlayaraq tez - tez konsertlərə gedir. Mədəniyyət sarayında qarmon dərsi deyən, tarzən Bağır müəllimlə yaxşı tanışlıq Baxışəlinin toylara getməsi üçün imkan yaradır. Bağır müəllim həm də klarnet ifaçısı idi. Onların yaratdıqları dəstə Bakı və onun ətrafındakı qəsəbə və kəndlərdə toylarda çalırdılar. Toylarda çalmaq musiqiçilər üçün əsl sınaq təcrübə və peşəkarlığa açılan geniş yoldur. Bu yol Baxışǝlini də peşəkarlığa aparırdı. Hələ bundan da əvvəl 13 yaşında ikən Baxışəli doğma kəndi Balaxanıda Roza xala deyə çağırılan dəvçalanla sənət yoldaşlığı edərək "xınayaxdı" məclislərində iştirak edirdi. Roza xalanın həm də oxumağı var idi. Onlar birlikdə bir müddət Balaxanıda xırda məclislərdə çalıb - oxudular. Uşaq yaşlarından Baxışəlinin beləcə kiçik yığıncaqlarda çalması onun gələcəkdə daha böyük və yüksək səviyyəli yerlərdə çıxış eləməsi üçün bir astana idi. Baxışǝli 1974 - cü ildə ordu sırıalarına çağrılır. Başqırdıstan Muxtar Respublikasının Ufa şəhǝrindəki hərbi hissədə 6 ay qulluq edəndən sonra Gürcüstanın Tbilisi şəhərindəki hərbi hissələrdən birinə göndərilir, xidməti burada başa vurur və 1976 - cı ildə vətənə dönür. Həmin dövrdən doğma iş yerinə qayıdaraq müəllim kimi işini davam etdirir və toy - büsatda çalıb - çağırır. Məşhur xanəndə Məmmədbağır Bağırzadə ilə bir dəsdədə yoldaş olur. Burada bir məsələni qeyd etmək lazımdır ki, onların birgə fəaliyyəti hələ 1970 - ci illərin əvvəllərinə təsadüf edir. Onlar tez - tez toy məclislərində bir yerdə olurdular. O vaxtlar Məmmədbağır bir gənc xanəndə olaraq hələ ad - san qazanmamışdı. Ancaq Bakıda və onun ətraf kəndlərində yavaş - yavaş tanınmağa başlamışdı. Əsgərlikdən yeni həvəslə, enerji ilə qayıdan Baxışəli Məmmədbağırın toy dəstəsinə daxil olur və əsasən onunla yoldaşlıq etməyə başlayır. Onun çalğı üslubu, muğamları yaxşı çalması, xüsusilə müğənnini müşayiət etməsi M.Bağırzadəni tam qane edirdi. Üstəlik də Baxışəlinin sözündə işində düzlüyü, səliqəsi, ciddiliyi və yüksək tərbiyə sahibi olması M.Bağırzadəninin neçə - neçə qarmonçalanların içərisindən məhz onu seçməsinə əsas yaratmışdı. Onların birlikdə yaratdıqları dəstə Bakı və onun qəsəbələrində toyların əsl carçısı, sevimlisi, yaraşığı və bəzəyi oldu. Belǝ bir dəstənin toylarda uğurlu çıxış etmələri haqqında xalq arasında olduqca maraqlı söhbətlər və şirin xatirələr vardır. Çox olub ki, bu dəstənin çalıb - oxuduğu toylarda məşhur xanəndələr Hacıbaba Hüseynov, Yaqub Məmmədov, Arif Babayev, Qulu Əsgərov, Zaur Rzayev, Ağaxan Abdullayev, Alim Qasımov və başqaları öz sazəndə dəstəsi ilə iştirak etmişdir. Belə ustadların çıxışlarını dinləməsi, bəzi hallarda onları müşayiət etməsi Baxışəlini muğam ifaçılığına yönəldirdi. Bütün bu müddət ərzində Baxışǝli Sabunçudakı mədəniyyət sarayında musiqi müəllimi işləyir. Artıq M.Bağırzadə məşhur müğənni olduğu üçün onlar Azərbaycanın bölgələrində. Qərbi Azərbaycanda və Borçalı elində, Tbilisi şəhərində çox böyük məclislərdə olmuşdular. Bakı toyları üçün Şəmsi İmanov, Ələkbər Əsgərov, Vəli Qədimov kimi mahir klarnetçalanların M.Bağırzadənin dəstəsinə tez - tez dəvət olunması Baxışǝlinin bir musiqiçi kimi formalaşmasına daha da kömək etdi. 1981 - ci ildə M.Bağırzadənin rəhbəri və solisti olduğu "Dilkǝş" ansamblı Azərbaycan Dövlət Qastrol - Konsert Birliyinə işə dəvət olunur. Baxışəli həmin ilin iyun ayından bu təşkilatda işləyir. "Dilkeş" ansambılının tərkibində o, Bakının mədəniyyət ocaqlarında, respublikamızın kənd rayonlarında, xırda və iri şəhərlərdə, vətənimizdən kənarda müxtəlif konsertlərdə, toy məclislərində yaxşı sənət nümayiş etdirərək bir qarmon ifaçısı kimi tanınır. Bütün konsertlərdə Baxışǝlinin solo çalğıları hərarətlə qarşılanır, toylarda isə dəstənin əsas, aparıcı çalğıçısı kimi sevilir. M.Bağırzadə getdiyi yerlərdə həmişə rəğbətlə qarşılanır, həqiqi və təsirli sənət nümayiş etdirir, hər tədbirdə dinləyicilərin sevgisini qazanırdı. Dəstəsi onu həvəslə müşayət edərdi. Mahnı və tǝsniflərin solo yerlərini, muğamların ayrı - ayrı şöbə və guşələrini Baxışəli müəllimin qarmonda çalması həmin çıxışlara xüsusi rövnəq, yaraşıq verǝr, sanki hər şeyi tamamlayırdı. Ümumiyyətlə Baxışǝli yaxşı muğam ifaçısıdır. Geniş ifaçılıq fəaliyyəti ilə məşğul olan bu sənətkar öz evində müntəzəm olaraq fərdi dərs keçməklə tələbələr hazırlamışdır. M.Bağırzadə 1985 - ci ildə Azərbaycan Televiziyası və Radiosuna solist kimi dəvət olunur. Baxışəli də "Dilkǝş" ansambılının tərkibində Azərbaycan Qastrol - Konsert Birliyindən işdən çıxır. Baxışəli həmin ildən etibarən Bakıxanov qəsəbəsindəki məktəblilərin yaradıcılıq mərkəzində qarmon müəllimi kimi əmək fəaliyyətini davam etdirir. Öz sənətini burada məktəblilərə həvəslə öyrədir. Həm də M.Bağırzadə ilə müntəzəm yaradıcılıq əlaqələrində olur. Demək lazımdır ki, "Dilkəş" ansamblı yaranan gündən M.Bağırzadənin bütün lent yazılarında və televiziyadakı hər bir çəkilişdə Baxışəlinin iştirakı olmuşdur. B.Əliyev 1986 - cı ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin qiyabi şöbəsinə daxil olur və buranı 1991 - ci ildə bitirir. Baxışəli müəllim Məmmədbağırla 30 il sənət dostluğu etmişdir. Bu hər sənətkara nəsib olmur. Burada şəxsi keyfiyyətlər, bir - birinə qarşı səmimi münasibət, düzlük, sədaqət və doğmalıq böyük rol oynayır. 2002 - ci il sentyabr ayından etibarən Baxışǝli Əliyev Milli Konservatoriya tərkibində Musiqi Kollecində qarmonun muğam tədrisi üzrə müəllim işləyir. Onun bu tədris müəssisəsinə dəvət olunması kolecdə qarmon müəllimi işləyən Hacı Abutalıb Sadıqovun (1945 - 2008) zəmanəti, tövsiyəsi və məsləhəti ilə olmuşdur. Az vaxt içərisində Baxışəli Əliyev özünü əsl müəllim kimi göstərmiş, rəhbərlikdən dəfələrlə təşəkkür almışdır. Onun dərs dediyi tələbələr qış və yay imtahan sesiyalarında, buraxılış imtahanlarında bacarıqlı tələbə kimi fərqlənirlər. Baxışəli müəllimdən soruşduqda ki, hansı sənətkardan daha çox öyrənmisiniz, cavab verir: "Uşaqlıq çağlarımda Əhəd Əliyevin qrammafon valını dinləməkdən doymazdım. Ondan üzü bəri bütün sənətkarlardan öyrənǝ - öyrənə gəlmişəm. Teyyub Dəmirov, Məmmədağa Ağayev, Abbas Abbasov, Həmid Haqverdiyev, Vaqif Şıxıyev, Teyyub Teyyub oğlu və Avtandil İsrafilovun lent yazılarından çox şey öyrənib götürmüşəm. Qarmon sənətində Zakir Mirzəni özümə ustad sayıram. Onun unikal sənəti həqiqi mənada mənə örnəkdir, bir məktəbdir. Bu gün də onun canlı çıxışlarını və lent yazılarını müntəzəm dinləyirəm. Ümumiyyətlə onun yaradıcılığını izləyirəm. Ona görə də ifa üslublarımızda azca da olsa oxşarlıq var. Zakir Mirzə milli sərvətdir. Onun çalğı səpgisində qeyri - adilik, bir sirr var. Bu ifada milli sərgi, Azərbaycan koloriti, xalq ruhu daha çoxdur". Sual: - Müasir qarmon ifaçılığı sizi qane edirmi? Cavab: - Hal - hazırdakı qarmon ifaçılığında bəzi şərtlər, inkişaf nöqtələri məni qane edir. Lakin bütünlükdə götürdükdə yox. İndi gənclərin əksəriyyəti səhv yol tutub gedirlər. Çaldıqları melodiyanı tam təhfil vermək əvəzinə, harmonik gedişlərə, arpecio va improvizasiyaya daha çox yer verilir. ifa etdikləri musiqinin əsas mövzusu bilinmir, sanki hansı lad üzərindəsə məşğələ, fasiləsiz barmaq işləmələri, keçidlər göstərirlər. Onunçün də çaldıqlarının təsir gücü, tutumu olmur, milli ruh bilinmir. Baxışəli müəllim tövsiyə edir ki, gənc qarmon ifaçıları tar, kaman, balaban, klarnet ifaçılarını da dinləsinlər. Tarzən - pedaqoqlar Ə.Bakıxanov, K.Əhmədov və B.Mansurovun lentlərini eşitsinlər. Hacı Məmmədov, Ə.Dadaşov, H.Əliyev, S.İbrahimov, Ə.Vəzirov, B.Zeynalov, Ə.Əsgərov, V. Qədimov, F.Dadaşov və başqa musiqiçilərin ifaları olan kassetlərə qulaq assınlar. Elxan Müzəffərov müğam bilicisidir. Xüsusilə ondan çox şey öyrənmək olar. Yazımızda bir anlıq yenidən Baxışəlinin uşaqlıq və gənclik dövrünə qayıdaq. Həbib kişinin xəyalına da gəlməzdi ki, onun sadə evində boy atan bu arıq, çǝlimsiz uşaq yaxşı musiqiçi kimi ad - san qazanacaq, müəllim işləyəcək, sənətdə sayılıb - seçiləcək, Azərbaycanı gəzib xalqına dəyərli xidmət göstərəcək, qazancı ilə evə, ailəyə dayaq olacaq. Doğmalar söyləyirlər ki, ata sonralar oğlunun uğurlarından qürurlanırdı. Baxışəlinin ilk televiziya çıxışında ata evdəki televizora yaxınlaşıb ekranı öpmüş, kövrəlmişdi. B.Əliyevin çalğısında parlaqlıq, cəldlik, gümrahlıq, coşqunluq olduğu qədər də, həzinlik, yumşaqlıq və lirizm vardır. O, hər bir melodiyanı, dəstgahı həmin muğamın xarakterinə, ruhuna uyğun duyğularla çalıb təhvil verir, hər şöbənin və guşənin məzmunu və mənasını dinləyiciyə çatdırır, bütün bunları tədris ərəfəsində də yerinə yetirir. Böyük sənətkar, dünya şöhrətli bəstəkar F.Əmirov yazmışdır: "Əgər muğamlarımız təmiz ifa olunmazsa, orada yad musiqi ünsürləri özünə yer taparsa, gələcək nəsil də onu belə qəbul edəcək". Baxışəli müəllim muğamlarımızı milli zəmində, Azərbaycan ürəyi ilə, azərbaycanlı ürəyi ilə, xalq ruhunda olan bir üslubda çalır və dərs dediyi tələbələrə də belə öyrədir və sonda da onlardan o cür tələb edib təhvil alır. Əfsus ki, radiomuzun fondunda və kassetlərdə onun ifasında yalnız bir - neçə oyun havası vardır. Bu insan sənətə bir məbəd kimi baxdığından ifasını lentə yazdırmağa cürət etmir. Düşünür ki, hələ buna hazır deyil. Deyir: "Gǝrǝk muğamlarımızı lentə elə yazdırasan ki, unikal ifalar kimi hǝmişə dinlənilsin". Zakir Mirzə, Hacı Abutalıb kimi sənətkarlar həmişə onun muğamlarımızı və qədim oyun havalarımızı yüksək səviyyədə ifa etdiklərini söyləmişlər. Belə düşünürük ki, bu yazılarımızdan sonra Baxışəli müəllim öz ifalarını lentlərə, disklərə köçürüb xalqımıza ǝrmağan edəcək. Baxışəli sənət yoldaşları arasında mərdliyi, xeyirxahlığı, ürəyiaçıqlığı və mülayim xasiyyətilə fərqlənir. Dostlara qarşı həmişə sədaqətli, diqqətli olan bu insan çoxlarına qayğıkeşlik edərək neçə - neçə sənət yoldaşlarının zəhmətini, qayğısını çəkib. Aşıq Hüseyn Bozalqanlının şeirlərinin birində dostluq haqqında belə bir beyt vardır:
Hüseyn dost yolunda qoyar sərini,
Yada salar ustadını, pirini,
Gəzər həqiqəti, tapar yerini,
Verǝr dost yolunda canı həmişə.
Sanki bu şeir Baxşəli kimi insanlar üçün deyilmişdir. Baxışəli özünə ustad saydığı, sənətindən bəhrələndiyi sənətçilərə həmişə hörmətlə yanaşır. Həqiqəti, düzlüyü, səmimiyyəti çox sevən bu şəxs dostların cəfasını çəkməkdən nəinki bezib, hətta onların yolunda başından keçməyə hazırdır. Səhhətini itirən, ömürlük xəstəlik tapan, əlil qalan sənət yoldaşlarının daim xidmətində olan Baxışəli müəllim tez - tez onları yoxlayır, şəxsi avtomobili ilə dostları istədikləri yerlərə, həmçinin həkimə, müalicə mərkəzlərinə aparır. 30 il sənət yoldaşlığı etdiyi xanəndə Məmmədbağırın xəstəlik dövründə həmişə onun xidmətində duran Baxışəli dostunun son nəfəsinədək yanında oldu. İndi də ötən xoşbəxt günləri dönə - dönə xatırlayan Baxışəli müəllim Məmmədbağırla yoldaşlıq edib sənət işlətdikləri dövrü ömrünün ən məhsuldar, gözəl anları sayır və deyir: "Mən o illəri, o çalıb - oxumaları, konsertləri, şənlikləri, toyları heç vaxt unutmaram. M.Bağırzadə ustad olmuşdu, xanəndəlikdə zərgər işi görürdü. O, yaradıcı şəxs idi, gözəl bəstəkarlığı və şairliyi var idi. Mən onun yoldaşlığından, sənətindən doymadım. Heyif, onu itirdik. Çox böyük bir sənətkar vaxtsız dünyadan köçdü. Hələ nə qədər yazıb - yaradacaqdı". Baxşəli müəllim dost itkisinə yanıb - yaxılır. "Dilkǝş" musiqi alətləri ansamblını yaşatmaqla təsəlli tapır. İstəkli sənət dostu Məmmədbağırdan yadigar qalan bu ansamblın fəaliyyətini bərpa etməklə o, ustad sənətkarın xatirəsini əziz tutur və onun qırılmış arzularını yaşatmaq istəyir. Oğlu Rahim Bağırzadənin təşəbbüsü ilə 2007 - ci il fevral ayının 4 - də Azərbaycan Dövlət Muğam Teatrında xalq artisti Məmmədbağır Bağırzadənin xatirə gecəsi keçirildi. Hamımız dǝvətli idik. Tədbirdə bəstəkarlar, görkəmli musiqi xadimləri, tanımlı xanəndələr, ziyalılar, mǝrhum sənətkarın dostları və həmkəndliləri iştirak edirdilər. Müğənnilər M.Bağırzadənin repertuarından mahnıları və təsnifləri oxudular. Baxışəli Əliyevin rəhbərliyi və iştirakı ilə "Dilkəş" ansamblı bütün proqram boyu müğənniləri layiqincə müşayiət etdi. Həmin il noyabr ayının 26 - da ikinci belə bir tədbir M.Bağırzadənin doğulub boya - başa çatdığı Nardaran kəndində keçirildi. Burada da mərhum xanəndə yad olundu, yaradıçılığı işıqlandırıldı, bəstələdiyi mahnılar və təsniflər bir daha yenilənərək müğənnilərin ifasında səsləndi. Əslində bu tədbir Tariyel Əhmədovun dünyanı vaxtsız tərk etmiş xanəndə - bəstəkarın həyat və yaradıçılığı barədə tərtib etdiyi "Azərbaycan oğluyam" adlı kitabın təqdimetmə mərasimi ilə bağlı düzənlənmişdi. İştirakçılara kitablar hədiyyə olundu. Baxışəli Əliyevin qarmonunun ecaskar səsi, vurduğu xallar yenə də müğənnilərin şirin nəfəslərini, zəngulələrini bəzəyirdi. Onun rəhbərliyilə "Dilkəş" instrumental ansambl "Nardaran" şadlıq sarayının səhnəsinə yaraşıq verməklə bərabər, hər çıxış edən müğənnini müşayiət etməsilə böyük rəğbət qazandı. Bircə M.Bağırzadə özü çatmırdı. Musiqi xadimlərinin, sənət yoldaşlarının, Nardaran camaatının yaddaşına köçən bu tədbir Rahim Bağırzadənin təşkilatçılığı, Nardaran qəsəbə nümayəndəliyi və bələdiyyəsinin təşəbbüsü ilə baş tutmuşdu. Göründüyü kimi Məmmədbağıra ata məhəbbəti və övlad sədaqəti ilə böyüyən cəmiyyətdə öz yerini tutan Rahim Bağırzadə atası ilə uzun dövr ərzində sənət dostluğu edən, özünə doğma əmi bildiyi Baxışəli müəllimlə müntəzəm əlaqə saxlayaraq "Dilkəş" ansamblının yaşamasına və ustad xanəndənin xatirə tədbirlərinin keçirilməsinə təşəbbüs göstərərək buna nail olur. Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə 2011 - ci ilin mart ayında Dövlət Filarmoniyasında Məmmədbağır Bağırzadənin xatirə gecəsi keçirilib. Bu tədbirin başa gəlməsi üçün də Rahim Bağırzadənin təşəbbüsü olmuşdu. Bu xatirə gecəsində də müğənnilər Məmmədbağırın mahnılarını oxudular və onları Baxışəli Əliyevin rəhbərliyilə "Dilkǝş" ansamblı müşayiət edirdi. Haqqında danışdığımız bütün bu tədbirlərin çəkilişləri olmuş və televiziyalar vasitəsilə yayımlanmışdır. Baxışəli müəllimin ailə həyatı uğurlu olmuşdur. O, 1979 - cü ildə ailə həyatı qurmuşdur. Həyat yoldaşı müəllimədir. Ailədə iki övlad böyüyüb. Qız orta ixtisas, oğul isə ali təhsillidir. Oğul Rasim atasının peşəsinə yiyələnmişdir. Gözəl qarmonçalandır. Bundan başqa fortapiano və sintezator alətlǝrini məharətlə çalır. Neçə illər "Dilkǝş" ansambılının tərkibində sintezatorçalan kimi fəaliyyətdə olmuşdur və bu gün də bu işi davam etdirir. O, Milli Konservatoriya tərkibində Musiqi Kollecinin qarmon sinfini də bitirmişdir. 2011 - ci ildən 33 saylı uşaq musiqi məktəbinin qarmon sinifində dərs deyir. Baxışəli Əliyevə 03 noyabr 2011 - ci il tarixdə Azərbaycan Kütləvi İnformasiya Vasitələrinin Həmkarlar İttifaqı (Azər KİVİHİ) Rəyasət Heyətinin qərarı ilə Mədəniyyət və İncəsənət sahəsində göstərdiyi xidmətlərə görə "Ustad sənətkar" Ali Mediya Mükafatı verilib. "Azərbaycan" qəzetində (20 dekabr 2011 - 05 yanvar 2012 - ci il) Elşad Dağlının "Mahir qarmon ifaçısı Baxışəli Əliyev" adlı məqaləsi oxucularda maraq oyadaraq onları sənətkarla bir daha yaxından tanış edib. Onun dörd nəvəsi var. Tumurcuq - tumurcuq boy atan nəvələrini görüb sevinən Baxışǝli müəllimin yaşamaq eşqi, qurub - yaratmaq həvəsi daha da qüvvətlənir. Baxışəli müəllim 2013 - cü ilin sentyabr ayından Mədəniyyət və İncəsənət Universitetinin qarmon sinfində dərs deyir. Sonda fikrimizi ona həsr etdiyimiz şeirlə bitiririk.
Sehirli səslərlə bizi bürüyür,
Dərdli ürəklərin buzu əriyir.
Cǝlddir barmaqları, çevikdir ǝli,
Sənətdə hünərlidir Baxışǝli.
Özü tək oğuldur, yox bəradəri,
Dostluqda təmizdir, yox bərabəri,
Musiqi aləmində nüfuzu var,
Qarmonunda nikbin nəğmələr çalar.
Otuz il çalışdı Məmmədbağırla,
Həmişə çıxış etdilər uğurla,
Dost getsə də itirmədi özünü,
"Dilkəş" i yaşatdı, tutdu izini.
Ə.Rəhmanlı, iyul 2007-ci il.
Sadaqətlə dostlar xidmətindədir,
Xəstənin, böyüyün zəhmətindədir,
Həqiqi dost kimi qiymətindədir,
Təmannasız işələr görən Baxışǝli.
Möhkəm dözümündən razı qalırıq,
Məsləhət, sözündən razı qalırıq,
Fikrindən, özündən razı qalırıq,
Yaxşılığa bina hörǝn Baxışǝli.
İnsanlıq hisslərini mühüm sanır,
Yaşa dolduqca o, nüfuz qazanır,
Ləyaqətli ömrü nura boyanır,
Kişi tək yaşayan, ǝrǝn Baxışǝli.
Lap əvvəldən qarmona vurğun gəlib,
Sənətilə əxlaqı uyğun gəlib,
Hər ifasına ilham, duyğu gəlib,
İstedadın barın dǝrǝn Baxışǝli.
Bu gün çox hünərli qarmonçalandır,
İlk sıralarda, öndə dayanandır,
Toyda, konsertlərdə alqış alandır,
Vaxtında ustada dönən Baxışǝli.
Əhsən Rəhmanlı 20.11.2013.
_______________________________________________________________________________________________________________________________
Əhsən Rəhmanlı “Qarmon ifaçılığı sənəti və onun Azərbaycanda tədrisi”, Bakı “MBM” 2014, Səh. 458 – 467.