Adil Hüseynov haqqında ilk dəfə 1980 - cı illərin sonlarında Vaqif Əsədovdan eşitmişəm. Vaqif belə bir yaşlı sənətkarın, çox mahir qarmon ifaçımızın olduğunu xüsusi vurğunluqla dilə gətirirdi. O, mənə deyirdi ki, tez - tez Adil kişinin iş yerinə gedir və onun otağında bu böyük sənətkarın ifasını dinləyərək zövq alır. Mənə də təklif etmişdi ki, gedib onu dinləyək. Bu adamın çalğısında maraqlı cəhətlər xeyli çoxdur. Həm də maraqlı orasındadır ki, onun yaşı çox olsa da enerjili ifa göstərir, cǝld barmaqlarla çalır. Çox heyif ki, o zamanlar mən belə bir güclü sənətkarın qarmon ifalarını eşidə bilmədim. Əslində Vaqif Adil Hüseynovu öz uşaqlıq çağlarından tanıyır. Çünki vaxtilə məhəllə adamı olublar. O, uşaqlıqdan Adil kişinin ifalarını eşidib və belə bir güclü çalğının vurğunu olub. Vaqifin atası Adil ilə yaxşı münasibətdə idi. Özü isə onun oğlu Əli ilə dostluq edirdi. 2006 - cı ilin sonlarında, 2007 - ci ilin birinci yarısında telefon vasitəsilə Adil müəllimlə bir - neçə dəfə danışmış, keçmiş sənətkarlarımız və xüsusilə Qızxanım Dadaşova haqqında bəzi məlumat almışdım. Söhbət zamanı hiss edirdim ki, Adil əmi mədəni və səmimi insandır. O, mənim qarmon sənətimiz və ona xidmət edənlərimiz haqqında kitab üzərində işləməyimi bilib minnətdarlıq etdi və xeyir - dua verdi. Mən bu gün özümü günahkar sayıram ki, gərək elə zəngləşdiyim dövrdə onun özündən izn istəyib evinə gedərək ətraflı müsahibə alıb 2008 - ci ilin fevral ayında nəşr olunan kitabıma daxil edǝydim. Həmin zaman o, xəstə olduğunu dilə gətirirdi. Telefon vasitəsilə nə lazımsa söyləmǝyǝ hazır olduğunu bildirirdi. Görünür o səbəbdən mən onlara getməmişəm. Lakin yenə də özümü təqsirli bilirəm. Bu dəfə isə Allah qəlbimə salıb ki, onun barəsində yazım. Odur ki, onun oğlu, Bakı İdman Akademiyasında dərs deyən Əli müəllimlə telefon bağlantısı yaradaraq 2012 - ci il sentyabr ayının 14 - də, günorta saatlarında Füzuli küçəsindəki 9 mərtəbəli binaya, onun mənzilinə gedǝrǝk atası haqqında bildiklərini soruşdum. Adil Məşədi Məmməd Həsən oğlu Hüseynov 1923 - cü il mayın 2 - də Bakıda zərgər ailəsində dünyaya gəlib. Ailə 1 may küçəsi, dalan 17 - də yaşayırdı. (Xalq arasında bu ərazi "Zərgər - palan" məhəlləsi adlanırdı). Teyyub Dəmirovgilin də evi vaxtilə həmin dalanda olub. Adilgilin pəncərəsi Dram Teatrının binasına açılırmış. Məşədi Məmməd Həsəngilin (1890 - 1956) şǝcǝrǝ nümayəndələri zərgər olublar. Zərgər - palan məhəlləsində onların 3 - 4 zərgər dükanları var idi. Bu nəslin nümayəndələri həmişə varlı - sərvətli yaşayıblar. Məmməd Həsən Nərgiz xanımla (1905 - 1983) ailə qurub. Onların beş oğlu və bir qızı dünyaya gəlib. Övladlar valideynlərin himayəsində xüsusi qayğıyla böyüyüblər. Ailənin ilk övladı Adil olub. Nərgiz xanım qarmon çalmaq bacarığına malik idi. O dövrlərdə Rusiyada istehsal olunmuş balaca zəngli qarmonunu boş vaxtlarda çalar, uşaqları sevindirərdi. Adil ananın qarmonunun həvəsinə qarmon çalmağa həvəs göstərmişdi. Burada haşiyə çıxmalı oluruq: "Adilin ömür - gün yoldaşı Sima xanım Hüseynovanın ana tarəfdən ulu babası Şuşadan yetişən xanəndə, bütün Qafqazda məşhur olan sənətkar Əbdülbaqi Zülalov Bülbülcan (1841 - 1927) idi. Ailələrilə bir müddət Nuxada (Şəki) yaşamışdılar. Əzizə Məmmədova Azərbaycan dram teatrının ilk peşəkar aktrisalarından biri, opera sənətimizin ilk leylisi, milli kinomuzda bir sıra obrazlar yaratmış Sona Salman qızı Hacıyevanın anasıdır. Sona xanımın 1 yaşı olanda atası vəfat edib. Babası Əbdülbaqi Zülalovun himayəsində yaşayan Əzizə xanım və Sona 1916 - cı ildə Tiflis şəhərinə köçüblər. Az sonra Türkmənistanın Aşqabad şəhərinə, 1919 - cu ildə oradan Bakıya gəliblər. Əvvəl Əzizə xanım, az sonra Sona Hacıyeva Əli Bayramov klubunda dram dərnəyinə üzv olublar. Bakıda ana - bala səhnəyə ikisi də eyni vaxtda qədəm qoyublar". Sonralar səhnə fəaliyyətlərinə görə Əzizə Məmmədovaya əməkdar, Sona Hacıyevaya xalq artisti fəxri adı verilmişdir. Ana tərəfdən gələn istedad Adildə də özünü biruzə vermişdi. Atası ona əvvəl yarımtonsuz qarmon almışdı. Sonralar isə Adilin əl qarmonlarının hamısı Arxip Karpuşkinin düzəltdikləri idi. Evdə alman markalı "Şmit Vaqner" pianosu vardı. Adil uşaqlıqdan piano çalmağa başlamışdı. Ömrünün sonuna qədər bu alətdə çalırdı. Pianonu qarmon barmaqları ilə, şirin xallarla çalırdı. Adilin ana tərəfdən nənə - babasıgil hazırda fəvvarələr meydanı adlanan yerdə üçotaqlı mənzildə yaşayırdılar. Mənzili onlara dövlət başçısı Mircəfər Bağırovun göstərişi ilə vermişdilər. Uşaq vaxtı atası Adilə qızıl işini, zərgərliyi də öyrətmişdi. Adil bu işi yaxşı bilirdi. Musiqiçilər arasında onu Zərgəroğlu Adil kimi tanıyırdılar. Özü sərbəst öyrənib çalğı qaydalarına yiyələnsə də muğamlara da yaxından bələd olmaq istǝyirdi. Odur ki, 14 - 15 yaşlarda muğam öyrənmək həvəsi Adili Kor Əhəddən dərs almağa istiqamətləndirmişdi. O, ustadın tələbələrinə öyrətdiyini dərhal götürürdü. Daha müəllimin ona ayrıca nəsə öyrətməsinə heç ehtiyac qalmırdı. Bir dəfə Kor Əhəd dərs zamanı mətbəxə keçib nahar edir. Sonuncu dərs keçdiyi tələbəyə tapşırıq verir ki, indicə öyrətdiyini təkrarlasın. Tələbə müəllimin öyrətdiyi kimi çala bilmir, tez - tez çaşır və ardıcıllığı unudur. Bu zaman qarmonu Adilə verir. Adil öyrədilən dərsi dərhal yerli - yerində çalır. Əhəd otağa daxil olub soruşur: - A bala, dərsi hazırlaya bildin? Mətbəxdən eşidirdim. Çalan sən idin? Tələbə çaşmış vəziyyətdə: - Hə... mən... - demək istədikdə ustad qarmonçu deyir: - Yox, sən deyildin. Bu Zərgəroğlunun işidir. O, daha mənim dərsimə gəlməsin. Onun dərsə ehtiyacı yoxdur, özü öyrənə bilir. Adil Hüseynov elə gənclik illərindən ən bacarıqlı qarmon ifaçılarından biri kimi sənət meydanına çıxmışdı. O dövrün tanımlı qarmon ifaçılarının hamısı onu yaxşı tanımış, ifasını bəyənmiş və neçə illər onun fəaliyyətilə maraqlanmışdılar. O, ən yaxşı sənətkarlarla birlikdə toy şənliklərinə gedirdi. Adil klarnert ifaçısı ilə birlikdə də məharətlə çalırdı. A.Hüseynov XXI əsrdə qarmon sənətimizin canlı tarixi və şərəfi idi. Əfsus ki, musiqi ictimaiyyəti, teleradio yayımları şirkətləri və mətbuat belə bir ifaçıya üz tutmadılar. Əlbəttə mən bacardığım qədər lazımi yerlərə məlumat verdim. Lakin səlahiyyətsiz adam olduğum üçün istəyim yerinə yetmədi. Onunla yalnız əməkdar artist, musiqi üzrə fəlsəfə doktoru, ustad qarmonçu Zakir Mirzə əlaqə saxlayırdı. Mən Adil kişinin evində onun oğlu Əli müəllimlə söhbət edərkən o, Zakirin qocaman qarmonçuya bağışladığı öz kitablarını, Əhəd Əliyev və qarmon sənəti barəsində yazdığı qəzet məqalələrini gördüm. Adil Hüseynov 1941 – 1944 - cü illərdə Bakıda, Salyan kazarması adlanan hərbi hissədə xidmət edib. Əsgərlikdən sonra Azərbaycan Dövlət Xalq Təsərrüfatı İnstitutunun əmtəəşünaslıq fakültəsinə daxil olub və buranı uğurla bitirib. Sonra həmişə ticarət sahəsində çalışıb. O, Trikotaj Bazasının müdiri işləyib, Kubinkada, Basin küçəsində (hazırda Füzuli) trikotaj dükanlarını idarə eləyib. Bu adam maddi cəhətdən həmişə imkanlı yaşayıb. Ailəsini firavan dolandırıb, mənzili, bağ evi həmişə qonaq - qaralı olub. Onun evinə gələn dostların əksəriyyəti məşhur sənət adamları idi. Bu sırada xalq artisti, aktyor Məlik Dadaşov, onun qardaşı Süleyman Dadaşov, qarmonçu Qızxanım Dadaşova, xalq artistləri, görkəmli mügənnilər Şövkət Ələkbərova, Sürǝyya Qacar, Sara Qədimova, Rübabə Muradova, xalq artistləri olan aktyorlar Ələsgər Ələkbərov, Lütvəli Abdullayev, Sofa Bəsirzadə, Məhluqǝ Sadıqova, Bəşir Səfəroğlu, Leyla Bədirbəyli və Əliağa Ağayevin adlarını çəkə bilərəm. Bu insanlar Adilin ailə şənliklərinin qonağı olur, o da həmin sənətkarların ev tədbirlərində öz ailəsilə iştirak edir, qarmonu ilə məclisləri rövnəqləndirirdi. Əli Adil oğlu mənə atasından yadigar qalan 5 ədəd maqnitofon kasetləri göstərdi. Bunlara "babin", "baraban" kasetlər deyilir. XX əsrin 50 – 60 - cı illərində istifadə olunan iri həcmli maqnitofonların lentləri bu cür olurdu. Həmin lentlərdə Adil Hüseynovun öz ailə tədbirlərində, bağdakı yığıncaqlarda və dost - qohumların şənliklərində 1950 - ci ildən 1962 - ci ilə qədər ifa etdiyi sololar və məşhur müğənniləri müşayiət etməsi toplanıb. Mən həmin kasetlərə həsrətlə baxsam da, dinləmək arzusunda olsam da, təbii ki, bu mümkün deyildi. Çünki həmin kasetlərin maqnitofonu bu günə gəlib çatmayıb. Adil Hüseynov 1948 - ci ilə qədər toylarda çalıb. Gənclik illərində ev şənliklərində onu qavalla Məlik və Süleyman Dadaşov qardaşları müşayiət edib. Süleyman özü də əla piano ifaçısı kimi tanınırdı. O, mahir qarmonçu Qızxanım Dadaşovanın həyat yoldaşı idi. Adilgilin bu ailə ilə də dostluğu vardı. Bir - birlərinin evlərində olanda piano, qarmon çalır və sənət mübadiləsi aparırdılar. Bütünlükdə bunlar qarmon sənətimizin inkişafına zəmin yaradırdı. Süleymanın da, Qızxanımın da, Adilin də vurduqları şirin xallar o dövrün qarmon ifaçıları üçün nümunə idi. Adilin ən yaxın dostları Ələsgər Ələkbərov, Məlik Dadaşov və Leyla Bədirbəylinin həyat yoldaşı Kamil idi. Pul qazanmaq xatirinə deyil, sənətə olan məhəbbət Adili təşviqat briqadasına gətirmişdi. O, aktyorlar Ağahüseyn Cavadov, Lütvəli Abdullayev, qarmonçu Teyyub Dəmirov və digər məşhurların daxil olduğu təşviqat briqadasının tərkibində Azərbaycan rayonlarına konsertlǝrǝ gedirdi. Adil Hüseynov öz qaynanası, aktrisa Sona Hacıyeva ilə də bölgələrə konsertlərə getmişdi. Əli Adil oğlu ana nənəsi Sona xanım haqqında fərəhlə danışır, sevinci yerə - göyə sığmır, onun şəkillərini, uzun illər qoruduqları mətbuat yazılarını mənə göstərir. Cəsarətlə deyə bilərik ki, Adil Hüseynov dövrünün çox böyük sənətkarı olub. Onun ifaları vaxtilə radio üçün lentlərə yazılıb. O, xalq havalarını xüsusi ustalıqla çalıb. Əslində bu sənətkar bütün mərhələlər ərzində müasir sayıla bilərdi. O, həmişə formada olan musiqiçi idi. Onun istedadı o qədər böyük idi ki, hətta tütək, balaban, akkordeon, mandalina və tar ifa etməyi bacarırdı. Bir dəfə dost məclislərinin birində ifa etdiyi alətləri görənlər ona təriflər söylərkən Adil də zarafatından qalmayıb demişdi: "Ət çəkən maşın da versəniz, çalacağam". 2000 - ci ilin əvvəllərində ANS televiziyasında əməkdar artist Brilliant Dadaşovanın (hazırda xalq artisti) aparıcı olduğu verilişdə Adil Hüseynov qonaq idi. Bir qarmon ifaçısı kimi verilişə diqqət kəsildim. Sualları cavablandırdıqdan sonra Adil kişi muğam gəzişmələri etdi və bir - neçə oyun havası çaldı. Yaşlı sənətkarın sənət enerjisinə, ifa texnikasına, özünəməxsus xallarına, cǝld barmaqlarına heyrət etməmək mümkün deyildi. Adil kişinin oğlu Əli müəllim bilgisayara atasının 1988 - ci ildə Bakı Şərq bazarındakı restoranda keçirilən yubiley tədbirinin diskini qoydu. Orada A.Hüseynovun ifaları da vardır. Mən onun 1996 - cı il martın 13 - də öz evindəki çalğılarını da seyr etdim. Diskdə o, əvvəl fortepianoda, sonra isə qarmonda çalır. "Bayatı - Şiraz" muğamını çalarkən "Bayatı - İsfahan" şöbəsində də gəzişmələr edir. Sonda isə populyar bir mahnı olan, xalq arasında "Tut ağacı boyunca" adlanan lirik nəğməyə yer verir. Təbii ki, bu mahnı onun gənclik illərinin ən sevimli melodiyalarından biri olduğu üçün elə cavanlıq eşqilə də çalır. Qəfildən modulyasiya edərək "Şahnaz" muğamına keçir. "Dilkeş" şöbəsində "Kürdü" yə də toxunur və bir rəng ifa edir. Həmin rəngin sonunda elə cümlələr çaldı ki, mən bunu heç kimdən, heç vaxt eşitməmişdim. Hətta lent yazılarında səsləndirilən dəstgah - muğamlarda rəngin bu hissəsindən istifadə edilməyib. Görünür həmin "Dilkeş rəngi" elə onun çaldığı kimi olub və sonralar unudulub. Adil Hüseynov onu gənclik illərində ustadlardan eşidib öyrənib və hafizəsində saxlayıb və yaxud o, melodiyaya öz əlavələrini edib. Diskdə qocaman sǝnətkarın qarmon ifaları da olduqca maraqlı idi. "Si" tonallığında "Segah" çalıb. Sonra özünǝməxsus şirin xallarla "Tərəkəmə"ni ifa edib. "Segah"da Əli Adiloğlu da kövrəldi, mən də. Hətta Əli müəllim dərindən ah çəkərək: "Eh, dünya..., dünya..." kəlməsini də dilə gətirdi. Bizi təsirləndirən bir məqam da o oldu ki, Adil kişi pianoda ayrıca "Segah" muğamı çalarkən dünyadan köçmüş həyat yoldaşı Sima Xosrov qızı Hacıyevanın (1928 - 1993) pianonun üstündə iri çərçivədəki gənclik dövrünü əks etdirən yaraşıqlı foto - şəklinə baxaraq ona həsr etdiyi şeiri söylədi. Video çəkiliş edən şəxs həmin anı çox gözəl tutub. A.Hüseynov Ə.Tağıyevin "Qonşu qız" mahnısını ifa edǝrkən sol əldə akkordlarla özünə ritm tutub. Yeri gəlmişkən qeyd etməliyik ki, A.Hüseynov hərtərəfli bir insan idi. Klassik ədəbiyyatımıza bəslədiyi sevgisi vardı, şeiri sevirdi və özü də şeirlər yazırdı. Onun gənclik illəri məşhur şair Əliağa Vahidlə yaxın dostluqda keçmişdi. Düzdür, yaş hədləri çox fərqli idi, lakin dostluqları tuturdu. Adil ustad qarmonçu Əhəd Əliyevi toylarda çox dinləmişdi. Əhəd o dövrün örnək qarmonçalanı olduğu üçün Adil də bu kişinin şirin çalğısının vurğunu idi və hər dəfə məclislərdə onun ifasından nəsə öyrənirdi. Musiqişünas alim, mahir ifaçı Zakir Mirzənin söylədiklərindən: "22 yaşım olanda atam Qulamhüseynin dilindən Adil Zərgəroğlu kimi mahir qarmonçalanın olmasını eşitmişəm. Lakin istǝr o zaman, istərsə də sonralar bu adama heç yerdə rast gəlməmişdim. Atam mənə bunu da demişdi ki, sənin uşaqlıq çağlarında Adil Zərgəroğlu Bakı sənətkarları ilə Xaçmaz rayonunun toylarına gəlirmiş. Bu, müharibədən sonrakı dövrə təsadüf edir. Elə Qulamhüseyn kişiylə Adilin tanışlıq və yaxın münasibətləri o dövrdə olubmuş. Adil Hüseynov o illərdə bizim evdə olaraq mənim və qardaşım Adilin doğum günüylə bağlı yığıncaqlarda çalıbmış. Mən Adil Zərgəroğlu ilə 1980 - ci ildə tanış oldum. Bakının "Sirk restoranı" nda toyda çalırdım. O vaxtlar həmin restoranın müdiri Adil kişi idi. 1988 - ci ildən isə bu gözəl sənətkar, mehriban insanla yaxın ünsiyyətim başlayıb. 1990 - cı illərin sonlarında onu radio verilişlərinə aparmışam. Ondan müsahibələr alır, ifalarını efirdə səsləndirirdilər. Ömrünün sonuna qədər onunla əlaqəm kəsilməmişdi. Maraqlı şəxs, maraqlı ifaçı idi. Bu bir faktdır ki, onun ifa gücü son dövrlərə qədər qalmışdı. Balaban, klarnet ifaçısı Bəhruz Zeynalov Adil Zərgəroğlu ilə yaxın münasibətdə olduğumu eşitdikdə mənə onun muğamlarımızı mükəmməl bildiyini söyləmişdi. Adil kişi keçmiş dövrləri xatırladıqda həmişə Teyyubun, Məmmədağanın və Abbasın sənətini tərifləyirdi". Yazı müəllifi, həm də qarmon sənəti üzrə mütəxəssis olaraq mübaliğəsiz deyə bilərəm ki, yuxarıda adlarını qeyd etdiyim ustadlar və XX əsrin ikinci yarısında qarmon sənətinin digər parlaq simaları ilə müqayisədə Adil Hüseynov onlarla eyni səviyyədə dayana bilən bir sənətkar idi. Adil Hüseynov ailə başçısı kimi cəsarətli, müdrik və çalışqan olmuşdur. Onun övladları və nəvələri elmli, bilikli və təhsilli mütəxəssislərdir. O, 1948 - ci ildə ailə qurmuşdur. Bir oğlu, bir qızı və dörd nəvəsi var. A.Hüseynov 2008 - ci il oktyabr ayında dünyasını dəyişib. Sənətkarın nəvəsi Nazim Əli oğlu Hüseynov 2000 - ci ildə Bakı Dövlət Universitetinin fizika fakültəsini başa vurmuş, sonra isə magistr və aspiranturanı qırmızı diplomla bitirmişdir. Elmi müdafiə edərək fəlsəfə doktoru dərəcəsi almışdır. 2006 - cı ildə onu Moskvaya, Nüvə Tədqiqatları İnstitutuna baş elmi işçi aparmışlar. Hazırda İsveçrədə məşhur elmi mərkəzdə, yeraltı "Kolayder"də baş elmi işçi vəzifəsində çalışır.
_______________________________________________________________________________________________________________________________
Əhsən Rəhmanlı “Qarmon ifaçılığı sənəti və onun Azərbaycanda tədrisi”, Bakı “MBM” 2014, Səh. 108 - 113.