Salyan qədim el, qədim mahaldır. Bu torpaq Mir Bağır Ağazadə, Əli bəy Hüseynzadə, Əlövsət Quliyev kimi ziyalı və ictimai - siyasi xadimlər, Böyükağa Talıblı kimi yazıçı, Əliağa Kürçaylı, Xəlil Rza Ulutürk kimi nəhəng şairlər, Əli Zeynalov, Həsən Məmmədov, Nadir Hüseynov kimi sevilən aktyorlar, Aşıq Pənah, Aşıq Qurbanxan kimi məşhur aşıqlar, Qulu Əsgərov kimi əvəzolunmaz xanəndə, Rza Şıxlarov, Əflatun Ağayev, Aslan İlyasov, Hacı Pərviz kimi qarmon ifaçıları, qeyri - adi, nadir istedada malik Həsənağa Sadıqov, İxtiyar Bəyləroğlu kimi musiqiçilər yetirmişdir. Salyan neçə - neçə böyük alimlərin, ziyalıların, istedadlı insanların, sənət adamlarının yurdudur. Dünya şöhrətli bəstəkar Arif Məlikov da əslən salyanlıdır. Şair Oqtay Rza, Tofiq Abdin, Əlisamid Kür, tanımlı rejissorlar, Azərbaycan və Özbəkistanın xalq artisti Firudun Səfərov və Əliqismət Lalayev bu torpağın yetirmələridir. Əflatun Miryaqub oğlu Ağayev 1928 - ci il aprel ayının 28 - də Salyanın Ərəbqardaşbəyli kəndində anadan olub. Miryaqub kişi Salyan rayon xəstəxanasında təsərrüfat işləri üzrə müdir işləyib. O, Sovet - Alman müharibəsinin iştirakçısı olmuşdur. Miryaqub həyat yoldaşı Zəhrə xanımla beş övladı Azərbaycan ürəyilə, həvəs - həvəsə, nəfəs - nəfəsə, məhəbbətlə, zəhmətlə, qayğıyla, sevgi sayğıyla böyütmüşdür. Əflatun dörd bacının bir qardaşı olduğu üçün Əziz - giramı idi. 8 yaşı olanda atası ona qarmon almışdı. Əflatun 9 - 10 yaşlarında qarmon çalmağa başlamışdı. Bu onda çox yaxşı alınırdı. Əflatunun musiqiyə gəlişi barədə 30 iyun 1940 -cı il tarixli "Azərbaycan pioneri" qəzetində məlumatla birlikdə şəkili də verilmişdir. Bu istedadlı uşaq qarmon çalmağa başlayanda Salyanda artıq Rza Şıxalarov kimi gənc qarmon ifaçısı konsertlərdə və toylarda çıxış edərək elin sevimlisinə çevrilmişdi. Əflatun onu dinlər, öyrənər, musiqiyə olan həvəsi daha da artardı. Yazıçı - jurnalist Vaqif Yusiflinin Bakıda "Şur" nəşriyyatı tərəfindən nəşr olunan "Yolun düşsə Şirvana" adlı kitabında Rza Şıxlarovun yetirmələri sırasında Əflatun Ağayevin də adı çəkilir. Salyanda XX yüzilliyin ikinci yarısında qarmonçalanlar çox olsa da onlardan yalnız ikisi, Rza Şıxlarov və Əflatun Ağayev daha çox peşəkarlıq qazanmış, dəsti - xətlə ayrılmış, el - obada və musiqiçilər arasında yüksək səviyyəli sənətkar kimi qəbul olunmuşlar. Əflatun gǝnçlik illərində Salyanda keçirilən konsert - tamaşalarda Qulu Əsgərovu, Rübaba Muradovanı çox müşayiət etmişdir. Onun olduqca təsirlə muğam ifası var idi ki, adı çəkilən xanǝndələri razı salardı. Əflatunun Aşıq Pənahla da sənət yoldaşlığı və yaxın dostluğu olmuşdur. Sənətdə yaxşı tanınandan sonra Ə. Ağayev Salyanda ən say - seçmə məclislərə dəvət olunmuş və şirin çalğısı ilə könülləri fəth etmişdir. Onun səsi, sorağı ətraf bölgələrə yayıldığı və Bakıya gəlib çatdığı üçün yaxşı tanınmış və Salyanlı Əflatun kimi məşhurlaşmışdır. Əflatun xalq oyun havalarının, muğamların mahir ifaçısı idi. Sənəti heç kəsin ifasına bənzəməzdi. Onun çalğısının öz ətri, öz üslubu vardı. Sağ ayağını sol ayağının üstünə aşırar, qarmonu dizinin üstündə öz üsulu ilə saxlar, aləti köksünə sıxıb baxışları ilə məclisdəkiləri seyr edib təmas yaradaraq ürəklə çalardı. Əflatunun muğam ifasının böyük təmkini, sambalı, güclü təsiri var idi. O, sanki, ürəyinin səsini eşidirdi, qəlbinin ən gözəl söz - söhbətini məclisdəkilərə danışırdı. Onun qarmonunun səsinin sehri var idi. Xüsusilə "Çahargah" və "Segah" muğamlarını məhəbbətlə çalırdı. Bu sətirlərin müǝllifi Əflatunun Salyan və Neftçala toylarında şirin - şirin çalıb xanəndə Teymur Hüseynovu müşayiət etməsini dəfələrlə görmüşdür. Uşaq çağlarından könlünü musiqiyə verən Əflatun qarmonla munis, səmimi yoldaş, həmsöhbət olmuşdu. Qarmonla dostluq ona hələ neçə - neçǝ, saya gəlməyən dostlar gətirəcəkdi. O, böyük nüfuz sahibi idi. Salyanda və ondan kənarda çoxlu pərəstişkarları və dostları var idi ki, saya - hesaba sığmırdı. Məşhur şairlər Əliağa Kürçaylı, Ağacavad Əlizadə, xanəndə Qulu Əsgərov onun ən yaxın dostları arasında idilər. Yerli xanəndə, radionun fondunda səsi yazılmış lentləri qorunan Teymur Hüseynovla uzun illər yoldaşlıq edən Əflatun Salyanda, Nefçalada və ətraflardakı konsertlərdə və toy şənliklərində çalıb - çağırmışdır. Ə. Ağayev radiomuzun fonduna "Kolxoz" və "Salyanı" oyun havalarını yazdırmışdır. Sonuncu Əflatunun özünün bəstəsidir. Sovet - Alman müharibəsi Ə. Ağayevin uşaqlıq, gənclik dövrünə düşür. Müharibə illərində Əflatun Salyan mədəniyyət evində çalışmış, qəsəbə və kəndlərə konsertlərə gedərək, zəhmətkeşlərə xidmət edərək onların qələbə ümidlərini yüksəltmişdir. Ə.Ağayev 1946 - cı ildə Səfərli Yaxşıxanımla ailə həyatı qurmuşdur. 1947 - ci ildə qızı Əfruzə, 1951 - ci ildə oğlu Əfsaləddin dünyaya gəlmişdir. Gənclik illərində əvəzsiz usta A. Karpuşkinə qarmon düzəltdirən Əflatun sənət işlətdiyi bütün dövr ərzində yalnız bu alətlə çıxış etmişdir. Ə. Ağayev Salyan uşaq musiqi məktəbinin ilk qarmon sinfinin müəllimi kimi işə başlamış, ömrünün sonuna qədər burada çalışmışdır. Əflatun müəllim rayonun mədəniyyət evində də uzun ilər qarmon tədrisilə ciddi məşğul olmuşdur. Hörmətli sənətkarımız XX əsrin 66 – 67 - ci illərində şagirdlərindən ibarət qarmonçalanlar ansamblı yaratmışdır. Onun sevimli və istedadlı tələbələrindən Təvəkkül Tağıyev, Balakişi Qafarov, Səxavət Bəşirov, Əliş Məmmədov, Yaşar Haqverdiyev, Rəhim Məmmədov, Alim Abbasov və digərləri bu gün musiqi mədəniyyətimizə xidmət edirlər. Əflatun Ağayev 1984 - cü il sentyabrın 25 - də dünyasını dəyişmişdir.
___________________________________________________________________________________________________________________
Əhsən Rəhmanlı “Qarmon ifaçılığı sənəti və onun Azərbaycanda tədrisi”, Bakı “MBM” 2014, Səh. 133 - 137.