1950 - ci il (Palang ili) oktyabr ayının 5 - də (Tǝrǝzi bürcü) Neftçala rayonunun Xıllı qəsəbəsində (Aşağı Xıllı) sadə yaşayış tərzi olan, zəhmətkeş ailədə anadan olmuşam. Ailənin sonbeşiyi, səkkizinci övladıyam. Yeddi qardaş, bir bacı idik, lap nağıldakı kimi. Atam Mikayıl kişi neft mədənlərində fəhlə işləmişdir. El arasında şəxsi keyfiyyətləri, xeyrixahlığı və mərdliyi ilə seçilmişdir. O, təqaüdə çıxandan sonra şəxsi təsərrüfatı, bağçılıq və heyvandarlıqla məşğul olar, əldə etdiyi gəlirdən müəyyən qədər ǝlsiz - ayaqsızlara, imkansız ailələrə kömək edərdi. El ağsaqqalı adı qazanmışdı. Mikayıl kişi səkkiz övladını xeyirxah, humanist ruhda tərbiyə etmiş, hamısını səxavətli olmağa səsləmişdi. Anam Mənsurə Kərbəlayi Cavad qızı olduqca cəfakeş, zəhmətkeş, övladlarını xüsusi qayğı və məhəbbətlə böyüdən, əsl azərbaycanlılara məxsus evdar qadın idi. Savad almasa da fitrətən bilikli, fəhmli olaraq çoxlu bayatılar söylər, nağıllar danışardı. Yaxşı musiqi duyumu olduğu üçün uşaqlıqdan yadında qalan qədim nəğmələri iş - güc zamanı astadan, aşağı səslə oxuyardı. Yadımdadır, mənim 5 - 10 yaşım olanda anam böyük qardaşımın övladlarına layla çalanda mən həmişə kövrəlib ağlayardım. Onun ahəstəcə oxuduqları mənim kövrək uşaq qəlbimi titrədirdi. Görünür anamın söylədiyi həzin, təsirlə nəğmələr mənim musiqi duyumuma köçür, qan yaddaşıma hopurmuş. Sonralar başa düşdüm ki, saf, təsirli, qəmli ana nəğmələri mənim gələcək musiqi dünyamı yaradırmış. Qədim yaşayış məskənlərindən biri olan Xıllı savadlı, elmli və istedadlı adamların məskənidir. Xıllı qəsəbəsində muğam biliciləri, sənətə xiridar olan şəxslər, həmçinin ömürlərinin müəyyən dövrlərində musiqi sənətilə məşğul olan bacarıqlı adamlar var idi. Kənd - kəsəkdə toylar olanda musiqi səsi eşidərkən bütün uşaqlar kimi oraya qaçır və maraqla çalğıçılara tamaşa edərdik. Qonşuluqda zurnaçalan var idi. Yaz - yay aylarında öz evlərinin eyvanında məşq edib toya hazırlaşanda çaldığı zurnanın səsi ətrafa yayılırdı. O zaman mən də ağac budaqlarından kəsib hazırladığım qoşa nağara çubuqlarını götürüb kətili qarşıma qoyar və nağara kimi çalardım. Eşitdiyim musiqilərin ritmini düz tuturdum. Beləliklə ilk istedadım üzə çıxdı. Böyük qardaşımdan biri istedadımı və musiqiyə olan həvəsimi görüb mənə qoşa nağara düzəltdi. Radioda oyun havaları eşidən kimi ritmi tutar, qoşanağara çalardım. Evimizdə qaval var idi. Onu qıçlarımın arasına qoyub çalmağı öyrəndim. Bir neçə ildən sonra alətin əldə tutmaq qaydasını vərdiş etdim. Mən 1958 - ci ildə Xıllı məktəbinin birinci sinfinə getmişəm. Yaxşı oxuyurdum. Üçüncü sinfə keçəndə atam məni daha yüksək təhsil alım deyə Neftçala şəhər internat məktəbinə apardı. O, məni savadlı, təhsilli görmək üçün həmişə tövsiyyə edib deyirdi: "Dərslərinə ciddi fikir ver, yaxşı oxu. Çalış təhsil alıb ya müəllim, ya həkim, ya da mühəndis olasan. Bunlar yaxşı sənətdir". Adları çəkilən peşələri atam çox bəyənir və önəm verirdi. Internat məktəbin 6 - cı sinfində oxuyarkən burada nəfəs alətləri orkestri yaradıldı. Rayondakı hərbi hissələrin birindəki musiqi taqımının tranbonçalanı, moldav millətinin nümayəndəsi Anastas Kuzmic orkestrə rəhbər dəvət olunmuşdu. O sinfləri gəzib oğlanların istedadını yoxlayarkən məni də bəyəndi. 2 - 3 il məktəbimizin orkestrində solo tenor alətini çaldım. Mənim nəfəs alətləri orkestrindəki fəaliyyətimə nəinki sinif yoldaşlarım, tanışlar, qohumlar, hətta doğmalarım da təəccüb qalmışdılar. Qarmon çalmağı öyrənməyimin qəribə tarixcəsi var. Məndən dörd yaş böyük olan qardaşım Rəhman böyük qardaşımız Əhəd müəllimin ilk övladı Qalibin ad gününə 14 dilli, yarımtonsuz qarmon almışdı. Bu 1964 - cü ilə təsadüf edir. Qalibin 9, mənimsə 14 yaşım var idi. Yaxşı yadımdadır, ilk öyrəndiyim musiqi Q. Hüseynlinin məşhur "Cücələrim" mahnısı oldu. Sonralar isə Ə.Tağıyevin "Bülbül", "Ya bir olar, ya iki", "Tarla bülbülü", kinofilmindən mahnı, muğam rəngləri, "Qatar" tasnifi, "On dörd nömrə", "Darçını" rəqslərini və s. melodiyaları öyrənib çalmağa başladım. Deməli, 14 yaşım olanda 14 dilli qarmonda çalğı öyrəndim. Bu ya təsadüfdür, ya da burada bir uyğunluq, qismət məsələsi var. Əslində 14 yaşında milli musiqi alətlərində çalmağı öyrənmək çox gecdir. Bu yaşda xalq musiqisilə məşğul olanlar heç vaxt gəlib sənətin zirvəsinə çata bilməzlər. Görünür mənim taleyimə belə yazılıbmış. Sənətə gec gəlməyim böyük nəticələrə nail olmamağıma səbəb oldu. Internat məktəbin özünün ciddi tədrisi və təlim tərbiyə rejimi olduğu üçün orada sərbəst olaraq musiqi ilə məşğul olmaq mümkün deyildi. Şənbə günü dərsdən evə gəlib, bazar ertəsi qayıdırdım. Yalnız bir gün qarmonla məşğul ola bilirdim. Həvəsim, istedadım olsa da, mövcud vəziyyət, şərait mənə musiqi ilə məşğul olmağa imkan vermirdi. Atam istedadımı və həvəsimi görüb mənim üçün 18 dilli, yarımtonsuz qarmon aldı. O zaman nə mən, nə də o, bilmirdik ki, əsl qarmonun yarım pərdəsi olur. Xeyli sonralar qardaşım Rəhman mənim üçün Rusiya istehsalı olan, peşəkar musiqiçi üçün nəzərdə tutulan, bütöv akkardeon aldı. Bu alətdə xeyli havalar öyrəndim. Sol əlin ifasında müəyyən çətinlik yaransa da öhdəsindən gǝlirdim. Musiqi ilə əsasən yay tətili aylarında məşğul olurdum. Böyük qardaşım Əhəd (1931 - 2010) müəllim mənim musiqi ilə məşğul olmağımı bəyənir və daha da həvəsləndirirdi. Həvəsim daha da artsın deyə oğlu Qalibə nağara aldı ki, bir yerdə məşğul olaq ki, ritmlə çala bilim. Yay aylarında Qaliblə qarmon - nağara məşq edirdik. Bir müddətdən sonra isə dost - qohumlarda olan xırda məclislərə və xınayaxdılara dəvət olunduq. Qalib orta məktəbi bitirib elm ardınca getdi. 1968 - ci ildə Bakı Mədəni - Maarif Texnikumuna daxil oldum. Təhsil illərində musiqiyə olan həvəsim və bacarığım daha da artdı. "Inşaatçılar" mədəniyyət sarayının xalq çalğı alətləri ansamblına üzv oldum. Buradakı bir neçə illik fəaliyyətim dövründə xeyli konsertlərə getdim. Evdə müntəzəm olaraq məşhur qarmonçalanlar Məmmədağa Ağayev, Abbas Abbasov və İsfəndiyar Coşqunun lentlərini dinləyirdim. Həmçinin Zakir Mirzə, Teyyub oğlu, Vaqif Şıxıyev, Aftandil İsrafilov və Həmid Haqverdiyevin ifalarını eşitməkdən doymazdım. Onlardan çox şey öyrəndim. Bu sənətçilər mənim üçün sehirli aləm idi. Onları əlçatmaz zirvə sanırdım. Artıq sənət məni öz aləminə qovuşdurmuşdu. Ayrılmaq mümkün deyildi. Bəzən yüngülvari toylara da gedirdim. Əsl alətim, toy qarmonum isə yox idi. Texnikumda tələbə yoldaşım, xeyirxah, alicənab gənc olan Tahir Məmmədovun qarmonu ilə əvvəllər neçə toylarda çaldım. Sonralar atam mənim taleyimi musiqiyə, incəsənətə bağladığımı, bu sahədə təhsil aldığımı nəzərə alaraq mənim üçün əsl sənətkar qarmonu aldı və bu işlə məşğul olmağım üçün xeyir - dua verdi. Texnikumda yay tətilinə çıxarkən hər yay Neftçalaya gedərdim. Evdə məşq edəndə anam məni həvəslə dinləyər və çox sevinərdi. Qonşumuz, uşaqlıq dostum Soltan dəf çalırdı. Bizə məşqə gələrdi. Qardaşım Abdurahman (1943 - 2005) bizə qoşulub oxuyurdu. O, M.M.Seyidzadə, Ə. Vahidin qəzəllərini "Rast", "Cahargah", "Şur", "Segah" muğamları üstə oxuyar və sonra təsniflərlə tamamlardı. Yeri gəlmişkən qeyd edim ki, onun ifasını tez - tez müşayiət etməyim məni xalq musiqimizə, muğamlara, təsniflərə bir az da yaxınlaşdırdı. Sənətimdə irəliləyiş yarandı. Abdurahman bu işi davam etsəydi xanəndə ola bilərdi. Lakin peşəsinə, müəllimliyə bağlandı, ömrünü orta məktəbdə dərs deməyə həsr etdi. Mənim musiqiçi kimi yetişməyimdə qardaşım İsrafil müəllimin çox böyük təsiri olmuşdur. Sənət eşqi, istedadı coşub çağlayan bu insan musiqiyə xiridardır, şeirə - qəzələ, ədəbiyyata yaxından bələddir. Onun həm də gözəl, aydın diksiyası vardır. İstər Bakıdakı, istərsə də rayondakı evimizdə olan ailə şənliklərində o, həmişə qarmon çalar, oxuyardı. Sonra qarmonu mənə verər, mən də onun oxumalarını müşayiət edərdim. Onun daxilində güclü, bədii enerji var. Görünür bədii enerji onu tərpətdiyi, narahat etdiyi üçün boş vaxtlarımızda həmişə qarmonu qutusundan çıxarıb mənə verər, özü isə şövqlə muğam, təsnif və mahnılar oxuyub məni də həvəsə gətirərdi. Xıllıdakı evimizdə tamaşaçılarımız qohum - qardaş, ailə üzvlərimiz, Bakıdakı mənzilimizdəki məşqimiz zamanı dinləyicilərimiz isə həyətdə gəzib - dincələn qonşularımız və pəncərələrimizin altından keçib gedərkən musiqi səsi eşidib ayaq saxlayıb dayananlar olardı. Məşqimiz bitəndən. sonra pəncərələrə yaxınlaşdıqda görürdük ki, aşağıda xeyli dinləyicimiz toplanıb. Bütün bunlar mənim sənət eşqimi daha da yüksəldirdi. Qardaşım İsrafil müəllimlə arabir toy məclislərinə də dəvət alırdıq. Mən texnikumun sonuncu kursunda oxuyarkən Bakının Əhmədli qəsəbəsindəki (Kǝnd Əhmədli adlanır) mədəniyyət evinin qarmon kursunda dərs demək üçün dəvət olundum. Buranın müdiri İmran müəllim məni həvəslə işə götürdü. Əmək fəaliyyətimə ilk dəfə burada başladım. 1970 - ci ildə Mədəni - Maarif Texnikumunu bitirdim. Bakıdakı 8 saylı uşaq musiqi məktəbində də dərs deməyə başladım. Burada az işlədim. Az sonra Bakı Şəhər Xalq Yaradıçılığı Evinə işə qəbul olundum. Buradakı "Qaravəlli" xalq teatrında quruluş hissə müdiri işlədim və musiqiçi kimi çalışdım. Yaradıcılıq Evinin direktoru Əhməd Mirzəyev çox mehriban insan olduğu üçün hamımıza hörmətlə yanaşırdı. Burada yaxşı kollektiv, isti münasibət var idi. "Qaravəlli" teatrının rejissoru Ələsgər (Fǝrǝc) Nağıyev idi. O, məşhur milyonçu Musa Nağıyevin nəvəsidir. Fǝrǝc müəllim təqaüdə çıxandan sonra məşhur aktyor, xalq artisti Məlik Dadaşov rejissor dəvət olundu. Buradakı işçiləri, Zemfira xanım, Bilqeyis xanım, Əliağa Mövsümov, İbrahim Əliyev, pianoçu Gülşən Mirzəbəyova və nağaraçalan Tahir Hüseynovu hörmətlə xalırlayıram. Gülşən Mirzəbəyova məşhur pianoçu Rüxsarə Mirzəbəyovanın qızı və onun sənətinin həqiqi davamçısıdır. Gülşən xanım da tanınmış sənətçidir. Müxtəlif dövrlərdə ansambllarda, orkestrdə çalmış və uzun illər xalq artisti Baba Salahovun rəhbərlik etdiyi xalq çalğı alətləri ansamblında pianoçu kimi çalışmışdır. Gözəl bəstəkardır. Xeyli mahnılar, muğam dəramədləri və rəqsləri vardır. O, ali təhsil müəssisələrində uzun illərdir dərs deyib. Gülşən xanım bədii rəhbəri, xalq artisti, xanəndə Baba Mahmudoğlu (1940 - 2006), musiqi rəhbəri Əhsən Rəhmanlının olduğu "Misri" ansamblında pianoçu kimi öz yaradıcılıq töhfəsini vermişdir. Mən texnikumda oxuduğum illərdə qardaşım Rəhman klarnet musiqi aləti aldı. Onun əvvəldən musiqiyə böyük həvəsi olub. Əsgərlikdə olarkən hərbi - hissənin özfəaliyyət dərnəyində bir az musiqiylə məşğul olmuşdur. O, 1970 - ci ildə 24 yaşı olarkən musiqi təhsili almaq üçün Bakı Mǝdəni - Maarif Texnikumuna daxil oldu. Məşhur musiqiçi Elşad Cabbarovun balaban sinfində tǝhsil aldı və klarnet ifaçılığını öyrəndi. Təbii ki, 24 yaşında ifaçılıq sənəti ilə məşğul olmaq çox çətindir. Amma ondakı həvǝs, dözüm, səbr onun sənət öyrənməsinə imkan verdi. Onunla evimizdə müntəzəm məşq etməyimiz hər ikimizin inkişafına xidmət edirdi. Yaxşı dəstə düzəltdik və qardaşımla 20 ildən artıq sənət yoldaşlığı etdik. Toy ifaçılığının çox incə mətləbləri, məziyyətləri, həm də irli - xırdalı çətinlikləri vardır ki, uzun illər birlikdə yoldaşlıq etmək mümkün olmur. Bir filosofdan soruşurlar: "Dost yaxşıdır, yoxsa qardaş?". Cavab verir ki, "Qardaş da dost olsa yaxşıdır". Mən qardaşlıqdan başqa Rəhmanla həqiqi dost və əsl sənət yoldaşı idim. Onunla Bakıda və əyalətlərdə çoxlu konsertlərdə və toylarda olduq. Xanəndə Bakir Haşımov, Canəli Əkbərov, Baba Mahmudoğlu, Teymur Mustafayev, Niyaməddin Musayev, Sabir Mirzəyev, Zaur Rzayev, Eyvaz Həsənov, Səxavət Məmmədov, Səfa Qəhramanov, Qara İsmayılov, Səxavət Babayev, Təhmiraz Şirinov, Rusif Məmmədov, Sabir Novruzov, Mais Məmmədov, Məhəbbət Kazımov, Əvəzxan Xankişiyev, İlkağa Şahbazov, Şamil Quluyev, Bayram Musayev, Tahir Xəlilov, Məzahir Kuhi, Şücaət Kərimov, Dünyamalı Saraclı (1953 - 2010) və başqaları ilə mehriban, səmimi sənət yoldaşlığımız olub. Bir neçə dəfə xanəndələrimiz Hacıbaba Hüseynov, Alim Qasımov və Zahid Quliyevlə də birlikldə toy məclisləri keçirmişik. "Könül" adlanan bizim toy ansamblı Azərbaycanı qarış - qarış gəzmiş, Qərbi Azərbaycanda, Borçalı, Qarayazı, Başkeçid ellərində, həmçinin Tiflis şəhərində çox - çox toy məclislərində olmuşdur. 1992 - ci il may ayının 13 - də, Qarabağ savaşının qaynar vaxtında Rəhmanın ilk övladı 19 yaşlı Elman Rəhmanlı Ağdamın Xramort kəndində erməni hərbi birləşmələrinin mühasirəsini yarıb keçmək istəyərkən döyüş yoldaşları ilə son nəfəsə qədər döyüşərək şəhid olmuşdur. O, Bakının Şəhidlər Xiyabanında uyuyur. Ruhu şad olsun! Həmin dövrdən Rəhman Rəhmanlı sənətdən uzaqlaşmış, ibadətlə məşğul olmağa başlamışdır. "Quran" oxuyaraq Ulu Tanrıdan xalqımıza kömək olmasını diləyir. Bir də səhər, axşam bütün şəhidlərimizin ruhuna dualar oxuyur. 2003 - cü ildə həyat yoldaşı Hacı Kamilə ilə müqəddəs Həcc ziyarətinə gedərək Hacı titulunu qazanmışdır. Mən 1972 - ci ilin yanvar ayından Bakı Elektrik Maşınqayırma Zavodunun mədəniyyət və texnika sarayına dəvət olundum. Burada qarmon kursunda dərs deməklə bərabər, həm də orada Rəhmanın rəhbərlik etdiyi "Könül" xalq çalğı alətləri ansamblında çalırdım. Müntəzəm olarq konsertlərə gedirdik. 1974 – 1976 - cı illər ərzində Ukraynada hərbi xidmətdə olmuşam. Evdən mənim üçün "Kazan" qarmon göndərmişdilər. Boş vaxtlarda çalırdım. Bəstəkarlıq qabiliyyətim 1975 - ci ildən meydana çıxdı. İlk bəstələrim "Segah rǝngi", "Əsgər anaları" mahnısı və "Şur təsnifi" oldu. Hər iki musiqinin sözlərini də özüm yazmışam. 1974 - cü ildə əsgərliyə gedəndən 2 - 3 ay sonra artıq şeir yazmaq qabiliyyətim meydana çıxmışdı. İlk yazdığım şerlərimi öz doğmalarıma həsr edib məktub vasitəsilə evdəkilərə, qohum - qardaşa göndərirdim. Deyilənə görə pis alınmırdı. 1975 - ci ildə Ukrayınanın İzyaslov şəhərində hərbi hissədə ezamiyyətdə olduğum zaman həmyerlilərimizdən ibarət mahnı və rəqs ansamblı təşkil etdim. Bu kollektivə çeçenləri, gürcüləri, Dağıstan xalqlarının bir - neçə nümayəndəsini də cəlb etdim. Az vaxt içərsində iş görə bildik. Hərbi hissələrdə, ətrafdakı kolxoz və sovxorzlarda konsertlər verdik. Hərbi hissənin rəhbərliyi tərəfindən təşəkkürlər aldım. 1976 - cı ildə hərbi xidməti başa vurub Bakıya döndüm. Əvvəlki iş yerində çalışmağa başladım. Mənə çox doğma olan BEMZ - nin mədəniyyət və texnika sarayında 12 il işləmişəm. Burada mənimlə çalışan, yaxından bir - birimizə bələd olduğumuz, sevdiyim qızla, fortepiano müəlliməsi Fəridə xanımla ailə qurmuşam. 1978 - ci ilin iyun ayında toyumuz olub. 1986 - cı il inşaatçıların mədəniyyət sarayına gəldim və burada qarmon kursunda əmək fəaliyyətimi davam etdim. Burada təhsil alan şagirdlərdən ibarət qarmonçalanlar ansamblı yaratdım. 1980 - ci ildə Mədəniyyət və İncəsənət Universitetinə daxil olub qiyabi yolla təhsil alaraq 1985 - ci ildə buranı bitirdim.. Bütün əmək fəaliyyətim dövründə yaradıcılıq işlərim bir an da dayanmayıb. Sözlər yazıb, mahnılar bəstələmişəm. Bəzən də şairlərin şerlərinə mahnılar qoşmuşam. Muğam dəramədləri və rǝnglərim var. 1977 - ci ildən başlayaraq müxtəlif oxuyanlarla yaradıcılıq əlaqələri qurmuş, onların ifasında mənim mahnılarımdan ibarət audio - kasetlər buraxmışam. Misal olaraq Şücaət Kərimov (Az. Konsertin solisti), Tahir Xəlilov, Şahməddin Salahov (vaxtilə filarmoniyanın solisti olub), Qara İsmayılov və Vəliağa Tağıyevi (Az. Konsertin solisti) göstərə bilərəm. Bu lent yazılarında "Könül" insturmental ansambl çalıb. Adları çəkilən müğənnilərlə toylara da bir zamanlar bir yerdə getmişik. 1999 - cu ildə Azərbaycan Televiziyası və Radiosu xorunun solisti Bayram Musayevin albomu işıq üzü görüb. O, bu albomda mənim dörd mahnımı oxumuşdur. Mahnıları mənim musiqi qrupum müşayiət etmişdir. 2001 - ci ildə xanəndə Qəhraman Rəhimovun səsi yazılmış albom nəşr olunarkən oraya mənim dörd mahnım daxil edilib. Q.Rəhimov uzun illər Azərbaycan Qastrol - Konsert Birliyinin solisti olub. Respublikanın xalq artisti İlqar Muradovun toy repertuarında sözləri və musiqisi mənim olan "Məlahət", "İnadkar əzizim" adlı mahnım var. Müğənni Nizami İsmayılov sözləri şair Zakir Fəxrinin, musiqisi mənim olan, estrada janrına aid "Qızlar qəribə olub" adlı mahnını 1990 - cı illərdə televiziya çıxışlarında dəfələrlə təqdim edib. Opera və Balet Teatrının solisti olarkən mənimlə yaradıcılıq ilişgiləri quran müğənni Məzahir Kuhi (1960 - 2011) 1994 - cü il Novruz bayramı ərəfəsində mənim "Salam Novruz bayramı" mahnımı televiziya konsertlərində oxuyub. Mahnının sözləri Hikmət Ziyanındır. Həmçinin bu mövzuda digər mahnımı xanəndə Bayram Musayev televiziyada nümayiş etdirilən "Bayram şənliyi" ndə oxumuşdur. Bu mahnının sözləri şair İsmayıl Dadaşovundur. 2006 - cı il avqust ayında müğənni Dünyamalı Saraclının kompakt diski və albomu buraxılıb. Oxunan mahnıların bəzilərinin yeni səpgidə işləmələrinin və şair Əflatun Saraclının sözlərinə bəstələnən "Borçalı", Tariyel Qəribliyə aid olan "Saraclı" mahnılarının musiqisi mənimdir. Mən 1990 – 1993 - cü illər ərzində Bülbülə qəsəbəsindəki M.Ə.Sabir adına mədəniyyət evinin direktoru işləmişəm. Burada çalışdığım müddət ərzində bir - birindən maraqlı tədbirlər təşkil etmiş, Azərbaycanın tanınmış şairləri, yazıçıları, ictimai - siyasi xadimləri ilə görüşlər keçirmişəm. Bütün bunlar qəsəbə sakinlərinin xatirəsində indi də qalmaqdadır. Həmçinin burada müxtəlif səviyyəli konsertlər də olub. Hansı işdə çalışmağımdan aslı olmayaraq sevimli peşəmdən, qarmon ifaçılığından ayrılmamış, həm də müəllimlik işimi davam etdirmişəm. 1989 - cu il sentyabr ayında xalq artisti, xanəndə Baba Mahmudoğlu məni, musiqiçi yoldaşlarımla birlikdə "Dastan" folklor ansamblına dəvət etdi. Ansamblın birinci heyyəti dağılmışdı. Bizim toplanmağımız ikinci heyyəti yaratdı. Yaradıcı şəxs olduğum üçün B.Mahmudoğlu məni musiqi rəhbəri təyin etdi. Həmçinin inzibati işləri mənə tapşırdı. Qarqdaşım Rəhman da bu ansamblda nəfəs alətlərini ifa edirdi. Neçə - neçə qədim xalq mahnılarımızı yeni səpgidə işlədim və B.Mahmudoğlunun ifasında radionun fonduna yazdırdıq. Bunlara misal olaraq "Azərbaycan maralı", "Sarı bülbül" və s. xalq mahnılarını göstərə bilərəm. "Dastan" ansamblının televiziyada və radiodakı çıxışları sevgi ilə qarşılanırdı. Xalq artisti Səfa Qəhramanov, Xalidə Yaqubova da ansamblın solistləri idilər. Respublika sarayında bayram konsertlərində çıxışımız, Dövlət Filarmoniyasında konsertlərimiz, bölgələrə səfərlərimiz olmuşdu. Dəramədlərim, rənglərim ansamblın repertuarını zənginləşdirir, rəngarəng edirdi. Bəstələdiyim "Şur ahəngi" 1991 - ci ildə "Dastan" ansamblının müşayiətilə mənim solo qarmon ifamla radionun fondu üçün yazılıb. O, dövrdən müntəzəm olaraq radioda səslənir. Həmin ildə xanəndə Səfa Qəhramanovun ifasında "Çahargah" muğam - dǝsgahı Azərbaycan televiziyasında lentə alınıb və dəfələrlə nümayiş etdirilib. Bu muğam dəsgahında səslənən dǝrǝmad və rənglər mənim bəstələrim idi. İçərişəhərdəki xalça muzeyində "Dastan" folklor ansamblının üç konsertini çəkdilər. Hər konsertdə bir müğənni, Baba Mahmudoğlu, Səfa Qəhramanov, Xalidə Yaqubova oxuyurdu. Bundan başqa müxtəlif bayram günlərilə əlaqədar televiziya çəkilişlərimiz olurdu. Baba Mahmudoğlu özü yaradıcı şəxs olduğu üçün musiqidə həmişə yenilikçi işləri və fikirlərilə seçilib. O əksər musiqi əsərlərinə yeni fikirlər əlavə edər, solo hissələrdə əsasən saz, zurna, tütǝk, balaban, ney alətlərindən istifadə edərdi. Həmişə mənim təklif və fikirlərimi öyrənər, əksər hallarda bunlarla razılaşardı. O zamanlar onunla birgə yaradıcılıq işimiz, lent yazılarımızda etdiyimiz yenilik və s. bəzən etirazla qarşılanardı və təzyiqlərə məruz qalardıq. Hətta oranjeman etdiyimiz neçə - neçə xalq mahnıları bədii şura tərəfindən pozulmuşdur. Çox heyif ki, o cür yaradıcılığ işlərimizi köçürüb özümüzdə saxlamamışıq. XXI əsrdə Azərbaycanda yeni yaranan ansamblların əksəriyyəti bizim o zamankı ansambl sǝpgimizdən, yaradıcılıq qaydalarımızdan, bəzi məqamlarda xor səslərindən istifadə edərək və s. işlərimizdən bəhrələnərək işləyirlər. Mən və bizimlə uzun illər sənət yoldaşlığı edən musiqiçilər 1992 - ci ilin sonuna qədər "Dastan" ansamblında olduq. 1990 – 93 - cü illər ərzində o zaman Bakı restoran toylarında çox populyar olan müğənni Nizami İsmayılovla toy məclislərində çalıb - çağırdıq. 1994 – 95 - ci illərdə İran İslam Respublikasının bəzi şəhərlərində, əsasən Tehranda çalışdım. Orada Azərbaycandan gedən sənət adamları ilə, əsasən isə Azərbaycan Konsert - Qastrol Birliyinin solisti, şair - xanəndə Bahadur Həkəri ilə yoldaşlıq edirdim. Bahadurla toy məclislərində müxtəlif ev tədbirlərində, ev konsertlərində müntəzəm çıxışlarımız olurdu. Bundan başqa sənətdə mənə ən yaxın yoldaş, sirdaş olan Bahadur Həkəri ilə Tehranda "Əlillər və qocalar" evində, müxtəlif xeyriyyə tədbirlərində çıxışlarımız olub. Bahadur Həkəri milli üslublu, xoş səsli xanəndə, yaradıcı insan, gözəl şair idi. Həkəri onun təxəllüsüdür. Növbəti Tehran səfərinə getmə ərəfəsində o, 44 yaşında dünyadan köçdü. Heyf, belə sadiq dostu, istedadlı insanı tez itirdik. Onun vəfatından sonra mən İranda çalışmağa son qoydum. Çünki, onun kimi etibarlı və sadiq sənət yoldaşı tapmaq çətin işdir. Baba Mahmudoğlu ilə də Tehranda müəyyən tədbirlərdə çıxışlarımız olub. Mən 1995 - ci il noyabr ayında Bakı Bələdiyyə Teatrının yaradıcı heyətilə Naxçıvan Muxtar Respublikasının bütün bölgələrində konsertlərdə olmuşam. Dövlət səviyyəsində oradan Türkiyǝ Respublikasına sənət səfərinə göndərildik. 12 gün bu ölkədə olaraq Ərzurum, Qars, Van, Ağrı şǝhərlərində çıxışlar etdik. Oynanılan teatr tamaşaları, verilən konsertlər seyrciləri heyran etmişdi. Konsertlərin açılışında mənim bəstəm olan "Vətən təranəsi" səslənirdi. Konsertlərdə solo ifam da olurdu. Türk tamaşaçıları qarmonun ecazkar səsini və bizim milli üslubu çox bəyənirdilər. Musiqi qrupumuzun üzvləri; virtuoz sənətçi, gitaranın, sazın, zurna, balaban, tütəyin mahir ifaçısı Vahid Babaşov, nağaraçı Niyaz Hüseynzadə, sintezator ifaçısı Səftər, müğənnilər isə Bələdiyyə Teatrının gənc aktyorları və aktrisaları idilər. Vahidin, Niyazın solo ifası gözəl alınırdı. 1996 - cı ildən 2000 - ci ilə qədər Bakı Xoreoqrafiya Məktəbində konsertmeyster - qarmonçalan işlədim. 2000 - ci ildə Bakı Mədəni Maarif Texnikumunun (haz. Bakı Humanitar Kolleci) rəhbərliyi məni işə dəvət etdi. O zamandan burada qarmon ixtisasının muğam tədrisi ilə məşğulam. Bundan əlavə burada "muğam tarixi" fənni üzrə də dərs demişəm. 2003 - cü ildə "Muğam tarixi" fənni üzrə proqramım çapdan çıxıb. Musiqi kollecləri üçün adı çəkilən fənn üzrə ilk proqram mənim tərəfimdən yazılıb. Elə bu fənnin tədrisi özü də bu dövr üçün yeni hadisə idi. Bizə qədər isə "Muğam tarixi" kursu milli konservatoriyada tədris olunurdu və bu iş bu gün də davam edir. 2001 - ci il sentyabr ayının 28 - də Bakı şəhərində ictimai nəqliyyatda sərnişin olaraq avtomobil qəzasına düşüb ömürlük əlil qalmışam. Bir il fǝal həyat fəaliyyətim olmayıb. Allahın izni ilə yenidən fəaliyyətə başlayıb Azərbaycan musiqi mədəniyyətinə xidmətimi davam etmişəm. 2002 - ci ilin ortalarında Baba Mahmudoğlu məni yenidən rəhbərlik etdiyi ansambla dəvət etdi. "Günəş" adlanan bu instrumental ansambl "Dastan" və "Xəzinə" folklor ansambllarının davamçısı idi. Baba müəllim "Günəş" ansamblına məni musiqi rəhbəri təyin edərək heyəti toplamağı mənə həvalə etdi. Az vaxt içərisində xeyli iş gördük və ansambli "Misri" adlandırdıq. Baba müǝllimin bəstələdiyi neçə - neçə mahnıları mənim oranjemanımda radioya, fonda yazdırdıq. Televiziya çıxışlarımız oldu. Bəzi çəkilişlərimiz televiziya fondunda qorunur. Fransa dövlətinin musiqi təbliğatı ilə məşğul olan böyük şirkətlərindən biri Bakıya gəlǝrǝk bizim ansamblı dinlədi, bəyəndi və yaradıcılıq ilişgiləri qurmaq üçün müqavilə bağladı. İlk səfǝrimiz 2004 - cü il noyabr ayının 4 - də Şimali Afrika ölkəsi Tunisə oldu. Hazırladığımız konsert proqramı, Baba Mahmudoğlu sənəti orada çox bəyənildi. İki uğurlu konsert verdik. İkinci səfərimiz 2004 - cü ilin dekabrın 5 - i ilə 10 - u arasında Türkiyənin Konya şəhərinə oldu. Burada çox böyük bir tədbir, "Mistik musiqi festivalı" keçirilirdi. 2005 - ci il aprel ayının 2 - də Fransa dövlətinin Marsell şəhərində bu ölkədə ilk dəfə keçirilən çox möhtəşəm "Musiqi sənəti sərgisində" çıxışımız böyük uğura və nailiyyətə səbəb oldu. Dünyanın 800 musiqi kollektivlərinin lent yazıları dinlənilmiş, video - kasetlərinə baxılmış və 300 - nün çıxışları bəyənilmişdi. Münsiflər heyəti 32 ölkənin folklor ansamblını "Musiqi sərgisinə" buraxmışdı. Bu böyük tədbirdə Azərbaycanımızın möhtəşəm və zəngin musiqisi bir daha özünü təsdiq etdi və qələbə qazandı. Birinci yer Baba Mahmudoğlunun səsinə və onun kiçik tərkibli heyətinə verildi. Müğənnini üç musiqiçi ilə müşaiyət edirdik. Dörd sənətçi ilə o boyda sənəti və rəngarəng, zəngin proqramı əhatə etməyimiz münsiflər heyətini, Fransa tamaşaçılarını və dünyanın çox ölkəsindən sərgini görməyə gələnləri heyran qoymuşdu. Səfərdə bizimlə olan məşhur musiqiçi, nəfəs alətləri ifaçısı, Hacı Həmidoğlu, zərb alətlərini məharətlə çalan Heybət Babayevin proqram daxilindəki solo çıxışları, mənim qarmon ifam B.Mahmudoğlunun olduqca coşqun, çılğın, rəngarəng oxumalarını və bütünlüklə konsertimizin əhvalını və ruhunu tamamlayırdı. Bu çıxışımız dünyanın çox ölkələrinə müntəzəm konsertlərə getməyimiz üçün geniş yol açmışdı. 2005 - ci il iyun ayının 21 - də İsveçrəyə sənət səfərinə getdik. İyunun 23 - də İsveçrənin Martini şəhərində konsertimiz oldu. Bizi bu ölkəyə dəvət edən Fransa şirkəti növbəti konsertimizi öz ölkələrinə təyin etmişdi. İyunun 25 - də Fransanın Cülifi şəhərində konsert verdik. Ecazkar Azərbaycan musiqisi hər iki ölkə tamaşaçılarına möcüzəli gəlirdi. Deyim ki, getdiyimiz səfərlərimizin hamısında Azərbaycan qarmonuna maraq, onun səsinə aludəlik hiss etdim. Bu özü - özlüyündə qarmon ifaçılıq sənətinin uğuru sayılmalıdır. Konsertlərdən sonra səhnə arxasına gələn musiqi biliciləri, ifaçılar, jurnalistlər qarmonla maraqlanır, səs düzümünə diqqət yetirir, yaxından səsini eşitmək istəyir və foto şəklini çəkirdilər. Böyük sənətkarımız, sənət fədaisi, özünün fəlsəfi fikirləri ilə seçilən, elm, bilik, mərifət sahibi, xalq artisti, xanəndə Baba Mahmudoğlu ömrünün ən müdrik və məhsuldar çağında 2005 - ci il noyabr ayının 9 - da qəflətən iflic xəstəliyinə tutuldu. Noyabrın 7 - də onun 65 yaşını məşq zamanı ansamblın üzvləri ilə qeyd etmişdik. Baba müəllimin xəstələnməsi ilə müxtəlif ölkələrə olacaq səfərlərimizə son qoyuldu. O, 2006 - cı il dekabrın 6 - da dünyasını dəyişdi. Mən 1998 – 2005 - ci illər ərzində Bakıda köçkün həyatı yaşayan Ağdam X.Şuşinski adına muğam - musiqi məktəbində müəllim işləmişəm. 2002 - ci il sentyabr ayında Milli Konservatoriya tərkibində Musiqi Kollecinə qarmon ixtisası üzrə muğam tədrisi üzrə müəllim kimi dəvət olunmuşam. Bakıda məskunlaşan Şuşa Musiqi Texnikumunda 2006 - cı il sentyabr ayından dərs demişəm. İndiyə qədər müəllim işlədiyim dövr ərzində yüzlərlə tələbə yetişdirmişəm. Yetirmələrimdən İfaçılıqda və tədrisdə çalışanlar çoxdur. Bəzilərinin adlarını çəkməklə kifayətlənmək olar. Əhmədli mədəniyyət evində şagirdim olmuş Ramazan, 8 saylı uşaq musiqi məktəbində şagirdim olmuş Aslan Aslanov, BEMZ - nin mədəniyyət sarayında şagirdim olmuş Raman Əliyev ifaçılıqda, Bakı Mədəni - Maarif Texnikumunda (haz. B.H.K) tələbələrim olmuş Aynurə İskəndərova 36 saylı uşaq musiqi məktəbində, Afət İsmayılova 3 saylı uşaq musiqi məktəbində, Avtandil Fərhadov görmə qabiliyyəti zəif olan uşaqlar üçün musiqi məktəbində, Ənvər 13 saylı uşaq musiqi məktəbində və ifaçılıqda, Xatir Osmanov İsmayıllı şəhər uşaq musiqi məktəbində və ifaçılıqda, Abil Məmmədov ifaçılıqda, Milli Konservatoriya nəzdində Musiqi Kollecində tələbələrim olmuş Gülşən Eyvazova Şuşa Musiqi Kollecində, Orxan Bilasuvar şəhər uşaq musiqi məktəbində və ifaçılıqda, Zamiq Mahmarzayev X.Şuşinski adına Ağdam Muğam - Musiqi məktəbində, Rəşad Cəfərov 9 saylı uşaq musiqi məktəbində, Camal Şeydabəyov N saylı hərbi hissənin nəfəs alətləri orkestrində və ifaçılıqda, Muğam - Musiqi Məktəbində şagirdim olmuş Vidadi Cəyirli ifaçılıqda, Şuşa Musiqi Kollecində tələbəm olmuş Müşviq Əhmədov X.Şuşinski ad. Ağdam Muğam - Musiqi məkətəbində və ifaçılıqda, Azər Babayev və digərləri ifaçılıqda çalışmaqdadırlar. 2013 - cü ildən Mədəniyyət və İncəsənət Universitetinin "instrumental ifaçılıq" kafedrasında, "musiqi sənəti" fakültəsində çalışıram. Həmin ildən Azərbaycan Jurnalistlər Birliyinin üzvüyəm. Sevinirəm ki, musiqi mədəniyyətimiz üçün az da olsa, iş görə bilmişəm. Neçə illərdir ki, Milli Konservatoriyanın, kollec və musiqi məktəblərinin müəllimlərindən bir neçəsini, Mədəniyyət və İncəsənət Universitetinin, musiqi kollecləri tələbələrindən neçələrini "Misri" ansamblının tərkibinə gətirərək gənclərimizin musiqi sənətində püxtələşməsinə kömək etmişəm. Ailəmdə məndən başqa da musiqiçilər vardır. Həyat yoldaşım Fəridə Mədət qızı Musiqi Texnikumunun fortepiano şöbəsini bitirib, uzun illər musiqi sahəsində dərs deyib. Hazırda təqaüddədir. Böyük oğlum Anar Bakı Texniki Kollecini bitirib. O, çox istedadlıdır. Zərb alətlərində məharətlə çalır. Lakin başqa sahədə çalışır. 2006 - cı ildə ailə qurub. Fəridə və Mədinə adında qızları var. Kiçik oğlum Mikayıl Bakı Texniki Kollecini bitirib. Qarmon çalmağı məndən öyrənsə də, Ənvər Sadıqovu özünə ustad sayır. Mikayıl qarmonçalan kimi fəaliyyətdədir. O, 2013 - cü ildə ANS Müstəqil Teleyayım Şirkətinin "Kamerton" verilişinin instrumental ansamblının qarmonçalanı olub. Mikayıl 2010 - cu ildə ailə qurub. Aişə adlı qızı var. Qızım Nurayı Allah - təala mənim ad günümə hədiyyə verib. O həddən artıq istedadlıdır. Güclü musiqi duyumu olsa da, bu sahədə təhsil almasını məsləhət bilməmişik. Türk Litseyində təhsil almışdır. 2013 - cü ildə Mədəniyət və İncəsənət Universitetini musiqili teatr rejissoru ixtisası üzrə bitirmişdir. Onun diplom tamaşası çox uğurlu olmuşdur. Azərbaycan milli radiosunda mənim ansamblımın ifasında yazılmış xalq musiqisi nümunələri, bəstəkarlarımızın əsərləri və öz bəstələrim müntəzəm səsləndirilir. Bu sırada tarzən Sənan Əliyevin, qanun ifaçısı Gülşən Eyvazovanın, klarnet ifaçıları Hacı Həmidoğlunun, Elxan Səmədzadənin, Rameş Paşayevin, Aydın Murtuzayevin, balabançalan, əməkdar artist Fərhad Hüseynovun və nağara ifaçısı Heybət Babayevin solo ifaları əhəmiyyət daşıyır. 2008 - ci ildə "Qarmon ifaçılığı sənəti və onun Azərbaycanda tədrisi", "Zakir Mirzə zirvəsi", 2010 - cu ildə "Azərbaycanda klarnet ifaçılığı sənəti", 2012 - ci ildə "Səhnəmizin Məcnunu Baba Mahmudoğlu" kitablarım nəşr üzü görərək yayılmışdır. Kitablarım ANS, "Space" və AzTV - də işıqlandırılmışdır. 2013 - cü ilin fevral ayında Mədəniyyət və Turizm Nazirliyinin xətti ilə Musiqi Mədəniyyəti Muzeyində "Səhnəmizin Məcnunu Baba Mahmudoğlu" kitabımın təqdimetmə mərasimi keçirilmiş, televiziyaların mədəniyyət xəbərlərində işıqlandırılmışdır. Xalq artisti Yaşar Nurinin (1951 - 2012) "Space" televiziyasında aparıcı olduğu "Unudulmazlar" verilişində rəhbərli olduğum ansamblın dəfələrlə çıxışları olmuşdur. Ansamblın müşayiəti ilə bir sıra müğənnilər və instrumental ifaçılar çıxış etmişlər.
Musiqi elmini sənət seçmişəm,
Özünǝxas peşə yolu keçmişəm,
Peşəmə sadiqliyə and içmişəm.
Yenə yoldayam, geri qalmamışam,
Hələ sənətdəyəm, qocalmamışam..
Bu elmi - dəryadı, heç sonu yoxdu,
Kim nə qazanıbsa, bu baxtabaxtdı,
Yüksəlmək də bəzən ötəri taxtdı.
Sadə taxtımdan düşüb aşmamışam,
Hələ sənətdəyəm, qocalmamışam.
Bəzən təb gələndə aşıb - daşmışam,
Neçə - neçə nəğmələr də qoşmuşam,
Ad - san, şan - şöhrətdən uzaq qaçmışam,
Yazıb - yaratmaqdan yorulmamışam,
Hələ sənətdəyəm, qocalmamışam.
İllər keçdi ölkələrdə, səfərdə,
Uğurlu illərdə, həm də zəfərdə,
Musiqiylə oldum axşam, səhər də.
Elə arzum var, nail olmamışam,
Hələ sənətdəyəm, qocalmamışam.
Qəzaya düşəndə yaman darıxdım,
Sənət yollarıma, geriyə baxdım.
Qarmonu götürüb sinəmə sıxdım,
Hiss etdim, həvəsdən azalmamışam.
Hələ sənətdəyəm, qocalmamışam.
İndi də peşəmə sadiq qalıram,
Öz işimi sevib ilham alıram,
Qarmonu bağrıma basıb çalıram.
Ən uca nəğməmi mən çalmamışam,
Hələ sənətdəyəm qocalmamışam.
_____________________________________________________________________________________________________________________
Əhsən Rəhmanlı “Qarmon ifaçılığı sənəti və onun Azərbaycanda tədrisi”, Bakı “MBM” 2014, Səh. 394 – 412.