ZƏRGƏR Kərbəlayi Muxtar axır vaxtlar dükana gec, həm də yorğun gələrdi. Bunu görən şagirdlər bir - birilə pıçıldaşardılar:
- Yəqin usta gecəni yenə də toy məclisində keçirib. Ona görə də yorğundur... Lakin şagirdlər yanılırdılar. Kərbəlayi Muxtarı xanəndə kimi toylara, mərsiyəxan kimi yas məclislərinə tez - tez dəvət edərdilər. Ancaq bu məclislərin heç birində o, yorulmazdı. Ustanın işə gec, yorğun halda gəlməyinin ayrı bir səbəbi vardı... Zərgər Muxtarın ikinci oğlu beş - altı ay idi ki, anadan olmuşdu. Lakin uşaq yatmaq bilməzdi, hey qışqırıb ağlardı. Bunu görüb eşidənlər deyərdilər: yəqin bir yeri ağrıyır... Kərbəlayi Muxtar şəhərdə həkim qalmır ki, uşağı göstərməsin. Hətta Kərim bəy Mehmandarovun səyi, həkim Mirzə Hüseynin verdiyi həblər uşağı sakitləşdirə bilmir... Bir gün Kərbəlayi Muxtar evdə tək olan zaman, ağlayan oğlunu ovundurmq istəyir. Bir şey çıxmadığını görüb, onu qucağına alır və yava - yavaş «Segah» üstündə layla çalmağa başlayır... Çox keçmir ki, atasının laylasından, daha doğrusu, oxumağından xoşhallanan körpə Abutalıbı yuxu aparır. Kərbəlayi Muxtar sevindiyindən bilmir nə etsin. Arvadı evə gələn kimi onu səsləyir:
- Arvad, muştuluğumu ver, uşağın dərdinə çarə tapıldı.
- A kişi, uşağın dərdi nədir? Həkimlər nə deyirlər?
- Heç nə, çarəsi «Segah» dır. Arvad təəccüblə kişini süzüb dillənir:
- A kişi, «Segah» nədir?
- Rəhmətliyin qızı, bilmirsən «Segah» nədir?!
Bax, bu «Segah» oğlumun dərdinə dərmandır...
- Sonra Kərbəlayi Muxtar gülümsəyərək başını bulayıb sözünə davam edir:
- Son eşiyə çıxan kimi gədə qəfildən yenə çığırıb ağlamağa başladı. Nə qədər yüyrüyü tərpətdim, yellədim, bir şey çıxmadı. Axırda layla çala - çala oxumağa başladım. Bir az keçmiş uşaq gözlərini yumub yatmağa başladı. Həmin gündən uşağın «dərdinə» çarə tapıldı. Gecələr körpə ağlayan kimi Kərbəlayi Muxtar «Segah» üstündə layla çalardı. Bunun nəticəsində də yuxusuz qalan zərgər Muxtar çox vaxt işə gecikər, iş vaxtı mürgüləyərdi. O zamanlar heç kəsin ağlına gəlməzdi ki, «Segah» la yuxuya gedən 6 - 7 aylıq uşaq, gələcəkdə «Segah» ustası kimi bütün Qafqazda məşhur musiqiçi olacaqdır. Abutalıb Kərbəlayi Muxtar oğlu Yusifov 1884 - cü ildə Şuşa şəhərində anadan olmuşdur. Abutalıb xalq musiqisinə hələ kiçik yaşlarından həvəs göstərmişdir. Bu isə təsadüfi deyildi. Abutalıbın atası Kərbəlayi Muxtar uzun illər məşhur mərsiyəxan və xanəndə olmuş, tarzən Əli Əsgər ilə birlikdə Qarabağ - İran məclislərində çıxış etmişdir. Abutalıbın böyük qardaşı Behbudun gözəl səsi var idi. Bunu nəzərə alan Kərbəlayi Muxtar Abutalıba qarmon alır. Beləliklə, qardaşın biri əldə qaval, digəri isə qarmonu tutub yavaş - yavaş xalq havalarını çalıb oxumağa başlayırlar. Zərgər Muxtar xalq şənliklərinə dəvət olunarkən oğlanlarını da özü ilə bu məclislərə aparardı. Behbudun zərif və məlahətli səsi, balaca Abutalıbın şirin çalğısı dinləyiciləri heyran edər, onları dinləməkdən doymazdılar. O vaxtlar Şuşa şəhərində qurulan məclislərdə çıxış edən Məşədi İsi, Dəli İsmayıl, Cabbar Qaryağdı oğlu, Sadıqcan, Məşədi Zeynal və məşhur qarmonçalan İsi bəy kimi böyük sənətkarların tükənməz yaradıcılıqlarından ilham alan gənc Abutalıb gecə - gündüz öz üzərində çalışaraq sənətin sirlərini əxz etməyə can atardı. şübhəsiz ki, onu birinci növbədə qarmonçu İsi bəyin qeyri - adi çalğısı maraqlandırardı. Abutalıb İsi bəyin iştirak etdiyi musiqi məclislərinin birini də buraxmazdı, saatlarla onun yanında oturub gözlərini bir anlığa belə İsi bəyin barmaqlarından çəkməzdi. O, İsi bəyin barmaqlarının «izini» yadında saxlayıb evə gələn kimi onları dəfələrlə təkrar edərdi... İsi bəy də bu istedadlı gəncin sənətə hədsiz həvəsini nəzərə alıb toy zamanı qarmonunu Abutalıba verib bəzi oyun havalarını çaldırardı. Gənc qarmonçu oyun havaları içərisində «Mirzəyi», «İnnabı», «Vağzalı», xüsusilə ən qədim milli hava sayılan «Tərəkəmə» ni bütün havalardan gözəl, oynaq və rəvan çalardı. Artıq Abutalıb iyirmi yaşında kamil bir qarmonçu knmi xalq şənliklərində şöhrət qazanır. Eyni zamanda o, tar çalmağı da öyrənir. Beləliklə, istedadlı çalğıçı toylarda qarmonda oyun havalarını çalmaqla, xanəndəni də sədəfli tarında müşayiət edərdi. Bunu görən o dövrün gənc müğənniləri məhz Abutalıb ilə məclislərdə çıxış etməyi özləri üçün şərəf bilədi. Abutalıb gözəl tar çalmağı bacarsa da xalq arasında əvəzsiz virtuoz qarmonçu kimi daha məşhur idi. Atası vəfat etdikdən sonra Abutalıb məşhur xanəndə Məşədi Məmməd Fərzəliyevlə birlikdə Gəncəyə, oradan Tiflis şəhərinə gedir. Orada musiqiçilərlə dostlaşır, bir qədər sonra Tiflisdə yaşayıb yaradan bir çox azərbaycanlı ziyalıları ilə, o cümlədən Eynəli Sultanov, Cəlil Məmmədquluzadə, Həmidə xanım Cavanşir, Zülfüqarbəy Hacıbəyov, Hüseyn Cavid, İbrahim İsfahanlı, Mustafa Mərdanov, Mirzağa Əliyev, Seyid Şuşinski, Məşədi Zeynal, Məcid Behbudov və başqaları ilə yaxından tanış olur. Abutalıb onlarla əməkdaşlıq şəraitində Azərbaycan milli mədəniyyətinin tərəqqisinə çalışır, bu yolda əlindən gələni əsirgəmir. O, Tiflisdə verilən teatr tamaşalarında, «şərq konsertləri» ndə, ədəbi gecələrdə yaxından iştirak edir, çoxmillətli Tiflis tamaşaçılarının hədsiz hörmət və rəğbətini qazanır. Heç təsadüfi deyil ki, teatr afişa və proqramlarında Abutalıbın adına tez - tez təsadüf edilirdi. «Qafqaz» qəzeti 1911 - ci il 2 avqust tarixli nömrəsində teatr elanlarının birində yazırdı: «3 mart 1911 - ci ildə «Gürcü dvoryan teatrı» nın binasında Zülfüqar bəy Hacıbəyovun «Əlli yaşında cavan» operettası tamaşaya qoyulacaqdır. Tamaşada ilk dəfə olaraq Münəvvər xanım Məmmədquluzadə və opera artisti Mirzağa Əliyev iştirak edəcəklər. Tamaşanın musiqisini qarmonçu Abutalıbın iştirakı ilə şərq çalğı alətləri orkestri ifa edəcəkdir». Son əlli ildə qarmon Azərbaycanda geniş intişar tapmışdır. Yaxşı yadımdadır, 30 - cu illərdən bəri Azərbaycan toylarında gündüzlər qadın məclislərinə qarmonçalan, axşamlar kişi məclislərinə isə üçlük (tar, kaman, qaval) dəvət edərdilər. Bəzən tar və kamançanın yanında qarmonçuya da yer verərdilər. Qarmonda çalınan «Mirzəyi», «Tərəkəmə», «Azərbaycan», «14 nömrə», «İnnabı», «Qəşəngi», «Ənzəli», «Dilican», «Beşaçılan», «Sürüşdüm - düşdüm» və başqa havalar daha oynaq, daha şirin səslənirdi. Təsadüfi deyildir ki, qızlar və gəlinlər toya dəvət olunanda qarmonçalanın kim olacağı ilə maraqlanardılar. Qarmonçu Abutalıbın toya dəvət olunması qız və gəlinləri xüsusilə maraqlandırardı. Nədənsə onun çalğısı rəqqasələrin sümüyünə daha çox düşürdü. Bu isə təsadüfi deyildi. Onun «Tərəkəmə» sinə və yaxud «Segah» ına qulaq asan hər kəs yerində rahat dura bilməzdi. Dərin lirizm, zərif duyğu, incə zövq, zəngin xallar, şirin barmaqlar Abutalıbın çalğısı üçün ən səciyyəvi cəhətlər idi. Abutalıbı həmkarlarından ayıran cəhətlərdən biri də onun xalq musiqisinin ən incə nöqtələrini dərk etməsi, şirin və duzlu çalğısı ilə dinləyicini məsti - xumar etməsi, səhnə mədəniyyəti idi. Abutalıb həm də milli muğam ifaçılığı üsuluna möhkəm yiyələnmiş sənətkar idi. Özünəməxsus fərdi yolu, ədası, vərdişi olan virtuoz çalğıçı idi. Abutalıb «Segah», «Bayatı - Qacar», «şikəsteyi - fars» muğamlarını, bütün oyun havalarını, xüsusilə «Tərəkəmə» ni çalanda elə gəzişmələr, incə xırdalıqlar, elə şirin barmaqlar işlədərdi ki, adamlar onu dinləməkdən doymazdılar. Cəsarətlə demək olar ki, çalğı musiqimizin tarixində Abutalıb kimi «Tərəkəmə» çalan ikinci bir qarmonçu olmamışdır. Təəssüflə demək olar ki, bəzi müasir qarmonçular böyük sənətkarın ənənəsini davam etdirmirlər, ona görə də «Tərəkəmə» kimi qədim el havasını düzgün çala bilməyib başına min bir oyun açırlar. Kərbəlayi Muxtar oğlu milli çalğı ifaçılığı üsuluna möhkəm yiyələnmiş sənətkar olmaqla klassik irsə də hörmət və ehtiramla yanaşan qarmonçu idi. O, muğam çalarkən ürəkləri oxşamağa çalışar, bəzən həzin, bəzən də şən çalğısı ilə dinləyicini həm kədərləndirər, həm də sevindirərdi. Bir sözlə, dinləyicini ələ alıb ona hər şeyi unutdurmağı bacarırdı. Lakin Abutalıb heç bir vaxt çaldığı musiqini artırıb əskiltməz, eyni nərdəni, eyni guşəni bir neçə dəfə təkrar etməzdi. Musiqinin təravətini pozan yersiz titrəyişlərə yol verməzdi. Əksinə, çaldığı havanın bitkinliyə və yetkinliyinə fikir verməklə, onun təsir gücünü, emosionallığını daha da artırardı. Mən dəfələrlə İslam Abdullayev, Qurban Pirimov, Seyid Şuşinski, Levon Qaraxanov və Xan Şuşinski kimi qocaman sənətkarlar ilə söhbət zamanı qarmonçalanlar haqqında söz salanda onların hamısı Abutalıbı musiqi qabiliyyətinə, çalğı texnikasına və ifaçılıq məharətinə görə yüksək qiymətləndirərdilər. Abutalıbı yaxından tanıyan və onunla uzun illər dostluq etmiş Seyid Şuşinski onun haqqında öz xatirələrində yazır: «Bir gün Üzeyir bəy konservatoriyanın rektoru olanda məni çağırıb dedi:
- Ağa, bu qarmonçalanlar məni cana gətiriblər. O deyir «məndən olmaz», bu deyir «Mən hamıdan yaxşı çalıram». Ona görə bu hay - küyə son qoymaq üçün konkurs keçirmək lazımdır.
- Mən Üzeyir bəyin məqsədini baça düşüb elan verdim və elanda göstərdik ki, respublikada qarmonda birinciliyi qazanmaq üçün filan ayda, filan gündə öz qarmonları ilə konservatoriyanın klubunda hazır olsunlar. Nəhayət, konkurs elan olan günü Azərbaycanın hər yerindən əlliyə qədər qarmonçu yığışmışdı. Üzeyir bəy çıxdı səhnəyə, oturacaq stulun üzərinə 14 dilli bir qarmon qoyub dedi:
- Konkursun bircə şərti var. Kim bu qarmonda «Orta mahur» çala bilərsə, xahiş edirəm səhnəyə çıxsın.
Üzeyir bəyin bu elanından sonra zalda qarmonçular arasında bir növ çaxnaşma düşdü. Bir çoxları da təəccüb edib bir - birinin üzünə baxıb mat qaldılar. Nəhayət, Abutalıbdan başqa səhnəyəçıxan olmadı... Bunu görən Üzeyir bəy təzədən səhnəyə çıxıb əli ilə bığını tumarlayıb dilləndi:
- Hə, qocaqlar, necəsiniz? Tısa - bısanız yatdımı?!
Sonra üzünü mənə tutub dedi:
- Ağa, məsələ aydındır, yığıncağı bağla.
Mən Üzeyir bəyi yaxşı başa düşməyib ondan soruşdum:
- Ay bəy, bəs Abutalıb çalmayacaq?
O, başını bulayıb narazı halda dilləndi:
- Ağa, Abutalıbın çalğısına ehtiyac yoxdur. Məni, özlərindən razı qalıb «mənəm - mənəm» deyənlərin çalğısı maraqlandırırdı. Onların da qeyrəti bu gün aydın oldu. O günü mən də bir daha: «Abutalıbdan başqa qarmon çalan tanımıram» qənaətinə gəldim. Bax Abutalıb belə Abutalıb idi. Analar bir daha onu doğmaz». Abutalıbın mahir çalğısı qocaman müğənni Xan Şuşinskinin də diqqət mərkəzində olmuşdur. Abutalıbı həmişə hörmət və ehtiramla yad edən xanəndə həsrətlə dillənərdi:
- Mən əlli il musiqi məclislərində çalıb - çağırmışam. Bu müddət ərzində tanıdığım ən istedadlı və kamil musiqiçilərdən biri də Abutalıb idi. Bu adamın xəmiri musiqi ilə yoğrulmuşdu. Mən onun çalğısından doymazdım. Abutalıb bir havanı yüz dəfə çalsa belə adama xoş gələrdi. Çünki, o hər çalğısında dinləyiciyə yeni hiss aşılayardı. Onun «Segah» da vurduğu barmaqlar yadıma düşəndə ürəyim titrəyir. Abutalıb musiqi tariximizdə mahir tarçalan kimi də məşhurdur. O, ömrünün son on ilini əsasən tar çalmağa həsr etmişdir. Abutalıbın kiçik qardaşı Yusif (1907) də qardaşının yolu ilə gedərək qarmon çalmaq sənətini öyrənirdi. Yusifin gələcəkdə mahir qarmon ustası olacağına şübhə etməyən Abutalıb öz qarmonunu qardaşına verib, özü tar çalmaqla məşğul olmuşdur. Onu da deyim ki, Abutalıb heç də səhv etməmişdi. Hərçəndi o dövrdə Abutalıbın pərəstişkarları onun bu işindən mütəəssir oldularsa da, lakin həyat Abutalıbın uzaqgörənliyini sübut etdi. Öz qardaşının sənət məktəbini davam etdirən Yusif sonralar Zaqafqaziyada tanınmış ustad qarmonçu kimi şöhrət qazandı... Abutalıb bir tarzən kimi uzun illər öz sədəfli tarında Segah İslam, Seyid Şuşinski, Mehralı oğlu Bahadır və Xan Şuşinski kimi məşhur xanəndələri müşayiət etmişdir. O dəfələrlə musiqi müsabiqələrində iştirak etmiş, həmişə fəxri yerlərə layiq görülmüşdür. Onun böyük müvəffəqiyyətlə verdiyi konsertlər hələ da yaşlı dinləyicilərin yadından çıxmamışdır. Abutalıb otuz il öz gözəl çalğısı ilə Azərbaycan mədəniyyətinə xidmət etmişdir. Onun xalq arasında bir çox istedadlı şagirdləri olmuşdur. Azərbaycan çalğı musiqisi tarixində Abutalıb qədər xalq musiqisini dərindən bilən, onu son dərəcə gözəl, şirin və əzəmətlə ifa edən ikinci bir qarmonçu olmamışdır. Kor Əhəd, Kərbəlayi Lətif, Kamrabəyim, Məşədi Əli və Teyyub Dəmirov kimi görkəmli qarmonçular Abutalıb sənətindən çox şey öyrənmişlər. İstedadlı sənətkar Abutalıb Kərbəlayi Muxtar oğlu 1937 - ci ildə Ağdamda vəfat etmişdir.
F. Şuşinski “Azərbaycan xalq musiqiçiləri”, Bakı “Yazıçı” 1985, Səh. 234 – 238.
____________________________________________________________________________________________________________________________________
1884 - cü ildə Şuşa şəhərində mərsiyəxan, xanəndə Kərbəlayi Muxtar evində dünyaya göz açan Kərbəlayi Abutalıb kiçik yaşlarından musiqiyə həvəs göstərmişdir. O, tar və qarmon çalmağı məharətlə bacarırdı. Oyun havalarını gözəl ifa edən Kərbəlayi Abutalıb muğamlarımızı da qarmonda bacarıqla və şirin çala bilmişdir. O, neçə - neçə Qarabağ xanəndələrini, həmçinin ustad sənətkar Xan Şuşinskini də qarmonda dəyərli muğam ifası ilə müşaiyət etmişdir. Ustad qarmonçalan Kərbəlayi Abutalıb toylarda və konsertlərdə muğamlarımızı solo kimi çalarmış. Mahir musiqiçi ömrünün son on ilini tar çalmaqla keçirmişdir. Öz qarmonunu kiçik qardaşı Yusifə bağışlayaraq, tar çalmaqla xanəndələri müşaiyət etmişdir. Kərbəlayi Abutalıb xalq musiqisini gözəl bildiyi üçün çox qarmonçalanlar, o cümlədən Kor Əhəd, Kərbəlayi Lətif, Kamrabəyim, Məşədi Əli və Teyyub Dəmirov onun sənətindən çox şey əxz etmişlər. Abutalıbın atası Kərbəlayi Muxtar Qarabağda mərsiyəxan və xanəndə kimi tanınırdı. O, tarzən Əli Əsgər ilə Qarabağda və İranın bəzi şəhərlərində məclislərdə iştirak etmişdi. Abutalıbın qardaşı Behbudun da gözəl səsi vardı. Atası Abutalıbın da musiqiyə həvəsini görüb ona qarmon almışdı. Kərbəlayi Muxtar oğlanları ilə birlikdə də məclislərə gedirdi. Həmin vaxtlar Şuşa şəhərində qurulan məclislərdə çıxış edən Məşədi İsi, Dəli İsmayıl, Cabbar Qadyaqdıoğlu, Sadıqcan, Məşədi Zeynal və tanınan qarmonçalan Isi bəy kimi böyük sənətkarların tükənməz yaradıcılıqlarından ilham alan gənc Abutalıb öz üzərində çalışır, musiqi sənətinin sirlərini öyrənirdi. Abutalıb qarmonçu İsi bəyin çalğısı ilə çox maraqlanırdı və onun iştirak etdiyi məclislərin birini də buraxmazdı, saatlarla əyləşib gözlərini bir an belə onun barmaqlarından çəkməzdi. İsi bǝy bu istedadlı gəncin həvəsini nəzərə alıb toy zamanı qarmonunu ona verib bəzi havaları çaldırardı. Abutalıb oyun havaları içərisində "Mirzeyi", "İnnabı", "Vağzalı", xüsusilə də ən qədim milli rəqslərimizdən biri "Tərəkəmə" ni bütün havalardan gözəl çalardı. Abutalıb artıq 20 yaşında kamil bir qarmonçu kimi xalq şənliklərində şöhrət qazanmışdı. Onun tar çalmağını da nəzərə alan xanəndələr Abutalıbla yoldaşlıq etməyə üstünlük verərdilər. O, tarda xanəndəni müşayiət edər, qarmonda oyun havalarını çalaraq məclisdə canlanma yaradardı. O dövrün gənc müğənniləri toylarda məhz bu musiqiçi ilə çıxış etməyə çalışırdılar. Abıtalıbın tar çalmağı gözəl olsa da xalq arasında qarmonçalan kimi məşhurlaşmışdı. Atasının vəfatından sonra Abutalıb məşhur xanəndə Məşədi Məmməd Fərzəliyevlə (əsl soyadı Hüseynov - Ə.R.) birlikdə Gəncəyə, oradan Tiflisə gedir. Abutalıb burada yaşayıb yaradan Azərbaycanlı ziyalılar ilə, o sıradan Eynəli Sultanov, Cəlil Məmmədquluzadə, Həmidə xanım Cavanşir, Zülfüqar Hacıbəyov, Hüseyn Cavid, Mustafa Mərdanov, Mirzağa Əliyev, Seyid Şuşinski. Məşədi Zeynal, Məcid Behbudov və digərləri ilə yaxından tanış olur. O, Tiflisdə verilən teatr tamaşalarında "Şərq konsertləri"ndə, ədəbi - bədii gecələrdə yaxından iştirak edir. "Qafqaz" qəzeti 1911 - ci il 2 avqust tarixli sayında teatr elanlarının birində yazırdı: "3 mart 1911 - ci ildə "Gürcü dvoryan teatrının binasında Zülfüqar Hacıbəyovun "Əlli yaşında cavan" operettası tamaşaya qoyulacaqdır. Tamaşada ilk dəfə olaraq Münəvvər xanım Məmmədquluzadə və orera artisti Mirzağa Əliyev iştirak edəcəklər. Tamaşanın musiqisini qarmonçu Abutalıbın iştirakı ilə Şərq çalğı alətləri orkestri ifa edəcəkdir". Firudun Şuşinski "Azərbaycan xalq musiqiçiləri" kitabında yazır: "Abutalıb həm də milli muğam ifaçılığına yiyələnmiş sənətkar idi. Özünəməxsus fərdi yolu, ədası, vərdişi olan bir çalğıçı idi. O, "Segah", "Çahargah", "Bayatı - Qacar", "Şikəsteyi - fars" muğamlarını, bütün oyun havalarını, xüsusilə "Tərəkəməni" çalanda elə gəzişmələr, incəliklər, şirin barmaqlar işlədərdi ki, onu dinləməkdən doymazdılar". İslam Abdullayev, Seyid Şuşinski, Qurban Pirimov, Xan Şuşinski kimi sənətkarlar Abutalıbın musiqi qabiliyyətinə və ifaçılıq məharətinə yüksək qiymət vermişdilər. Abutalıbı yaxından tanımış və onunla xeyli müddət dostluq etmiş Seyid Şuşinski onun haqqında öz xatirələrində yazırdı: "Konservatoriyanın rektoru olarkən bir gün Üzeyir bəy məni yanına çağırıb dedi: - Ağa, bu qarmonçalanlar məni cana gətiriblər. O deyir "məndən olmaz", bu deyir " mən hamıdan yaxşı çalıram". Ona görə də bu hay - küyə son qoymaq üçün konkurs keçirmək lazımdır. Mən Üzeyir bəyin məqsədini başa düşüb elan verdim və elanda göstərdim ki, respublikada qarmonda birinciliyi qazanmaq üçün filan ayda, filan gündə öz qarmonları ilə konservatoriyanın zalında hazır olsunlar. Nəhayət konkurs günü Azərbaycanın hər yerindən əlliyə qədər qarmonçu yığışmışdı. Üzeyir bəy çıxdı səhnəyə, stulun üzərinə 14 dilli bir qarmon qoyub dedi: - Konkursun bircə şərti var. Kim bu qarmonda "Orta mahur" muğamını çala bilərsə, xahiş edirəm səhnəyə çıxsın. Onun bu elanından sonra zalda qarmonçular arasında çaxnaşma düşdü. Bir çoxları da təəccüb edib bir - birlərinin üzünə baxıb mat qaldılar. Nəhayət, Abutalıbdan başqa səhnəyə çıxan olmadı... Bunu görən Üzeyir bəy təzədən səhnəyə çıxıb əli ilə bığını tumarlayıb dilləndi: - Hə, qoçaqlar, necəsiniz? Tısa - bısanız yatdımı?! Sonra üzünü mənə tutub dedi: - Ağa, məsələ aydındır, yığıncağı bağla. Mən onu yaxşı başa düşməyib soruşdum: - A bǝy, bǝs Abutalıb çalmayacaq? O, başını bulayıb narazı halda dilləndi: Ağa, Abutalıbın çalğısına ehtiyac yoxdur. Məni, özlərindən razı qalıb "mənəm - mənəm" deyənlərin çalğısı maraqlandırırdı. Onların da qeyrəti bu gün məlum oldu. O gün mən bir daha: "Abutalıbdan başqa qarmonçalan tanımıram" qənaətinə gəldim. Bax, Abutalıb belə Abutalıb idi. Analar bir daha onu doğmaz". F.Şuşinskinin qeyd etdiklərinə əsasən məlum olur ki, ustad xanəndə Xan Şuşinskinin də Abutalıbın sənətinə rəğbəti varmış. O, demişdir: "Mən 50 il musiqi məclislərində olmuşam, çox sənətkarlarla rastlaşmış, görüb dinləmişəm. Bu müddətdə tanıdığım ən istedadlı və kamil musiqiçilərdən biri də Abutalıb idi. Bu adamın xəmiri musiqi ilə yoğrulmuşdu. Mən onun çalğısından doymazdım. O, bir havanı yüz dəfə çalsaydı belə adama xoş gəlirdi. Onun "Segah" da vurduğu barmaqlar yadıma düşəndə ürəyim titrəyir". Qeyd etmişik ki, Kərbəlayi Abutalıb yaxşı tarçalan olaraq xanəndələrlərlə birlikdə çalıb - çağırmışdı. Bu sırada ustadlardan Seyid Şuşinski, Mehralı oğlu Bahadur, Segah İslam və Xan Şuşinski də olmuşdu. Onu da qeyd etməliyik ki, Abutalıb gənclik illərindən fəal çalışqanlıqda olaraq Şuşada və Bakıda "Şərq konserti" adı ilə keçirilən tədbirlərdə iştirak edirdi. O, öz solo çıxışlarında ifa etiyi "Mirzəyi", "İnnabı", "Beşaçılan", "On dörd nömrə", "Dilican", "Ənzəli", "Tǝrǝkǝmə" rəqslərini, diringiləri, dəramədləri, rəngləri və bəzi muğamları qarmonun imkanlarına uyğun olaraq incə duyğularla məharətlə ifa etmişdir. Dahi bəstəkarımız Ü. Hacıbəyli xalq musiqiçilərinə, xanəndələrə, sazəndə dəstələrinə hörmət və qayğı ilə yanaşdığı kimi, qarmon ifaçılarına da diqqət göstərirdi. O, Kərbəlayi Abutalıbın da ifasını diqqətlə dinləyərək dəyərləndirmişdi. Ustad tarzən Bəhram Mansurov 1934 - cü ildə bir dost məclisində Cahan Talışinskayanın qarmonçu Abutalıbın müşayiətiylə "Bayatı - Qacar" oxumasını yada salırdı. O gecə Kərbəlayi Abutalıbın "Karvan" adlı bir hava çaldığını da söyləyirdi: "Elə çalırdı ki, elə bil doğrudan da dəvə karvanı gedir"... Bütün Qarabağ bölgəsində və onun ətrafında toy şənliklərində qarmonu ilə sənətini sevdirə bilən və bu peşəyə böyük maraq oyadan Kərbəlayi Abutalıbın dəyərli xidmətləri olmuşdur. Kərbəlayi Abutalıb 1937 - ci ildə Ağdamda vəfat etmişdir.
_____________________________________________________________________________________________________________________________________
Əhsən Rəhmanlı “Qarmon ifaçılığı sənəti və onun Azərbaycanda tədrisi”, Bakı “MBM” 2014, Səh. 34 – 37.