Rza Abdulhüseyn oğlu Şıxlarov 1919 - cu ilin fevralında Salyanda anadan olub. 7 yaşında qarmon çalğısını öyrənib. İlk dəfə 13 yaşında Muğan - Gəncəli kəndində toyda çalğıçı kimi məharət göstərib. Məhşur qarmonçı Kor Əhəd 1934 - cü ildə İrana gedərkən Biləsuvarda tutulur və Salyana sürgün olunur. Rza ustad qarmonçu üçün Salyanda ev tutur və ona şagirdlik edir. O, Əhəddən el havalarının əksəriyyətini və bəzi muğamları öyrənir. Rza Şıxlarov 1942 - ci ildə müharibəyə yollanır, bir il sonra yaralanır və ordudan təxris olunur. Qalan ömrünü ürəkdən bağlandığı sənətinə həsr edərək ən yaxşı qarmonçalanlardan biri kimi el - obasında tanınır. O, Şirvan Aşıq dəstəsinə qoşulan ilk qarmonçalan sayıla bilər. Uzun illər Aşıq Qurbanxan, Aşıq Pənah və Aşıq Bəylərlə yoldaşlıq edərək toylara gedir. 1950 - ci illərin əvvəllərindən aşıqlarla toylara gedən Rza həmçinin yerli xanəndələrlə, o cümlədən tez - tez doğma elinǝ toylara çağrılan xanəndə Qulu Əsgərovla da məclislərə gedirdi. R.Şıxlarovun çalğısında klassik yol, peşəkarlıq, ustalıq həmişə özünü göstərib. Onun ifası Əhədin çalğısına daha çox oxşayıb. Rza qrifdə sərbəst gəzişər, sol gövdədəki səslərdən məharətlə istifadə edərdi. O, həmçinin klassik muğamlarımızı yaxşı mənimsəyərək qarmonunda yüksək qabiliyyətlə səsləndirirdi. Ustad sənətkar "Segah"ı çox təsirli çalırdı. Rza muğam biliçilərindən sayılırdı. Bu yazının müəllifi özünün uşaqlıq və gənclik illərində Aşıq Pənahın idarə etdiyi toylarda Rza Şıxlarovun ifasını dəfələrlə dinləmişdi. Rzanın üzündən heç vaxt təbəssüm əskik olmazdı. Rza Şıxlarov muğamlarımızın mükəmməl bilicilərindən biri idi. 1960 - cı illərdə Azərbaycan radiosunda bəstəkar Əfrasiyab Bədəlbəyli "Muğam" verilişi aparırdı. Verilişin daimi dinləyicilərindən biri olan R.Şıxlarov radioya məktub göndərir və fikirlərini bölüşürdü. Mən ustad qarmonçu ilə onun ahıl çağlarında tanış olmuşam. Gənclik illərində Salyan toylarından qayıdarkən bir neçə dəfə onun "QAZ - 21" markalı avtomobilində yol yoldaşı və həmsöhbət olub Bakıya gəlmişəm. Muğamlardan sual verdikdə ondan hǝmişə dürüst və maraqlı cavab almışam. Muğamların unudulmuş şöbə və guşələrinin adını çəkirdi. Ustad qarmonçunun nəvəsi, simli alətlər ifaçısı Bəybala mənə bir audio - kaset bağışladı. Orada Rza Şıxlarovun ifaları var. Sənətkarın 70 yaşdan sonra ev şəraitində, nəvəsinin ad günündə çaldığı "Rast" və "Segah" muğamlarına qulaq asanda heyrətləndim. Belə yaş həddində bu cür səlis ifa hər adama nəsib olmur. Həmin ifaları mahir qarmon ifaçılarımız Zakir Mirzə, Baxışəli Əliyev və Nemət Hüseynov da dinləyib çox bəyəndilər. Rza Şıxılarova həsr olunan şeir:
Tofiq Kərim
Ürəyimin odunu qarmonda dilə verdim,
Mən öz məhəbbətimi həm bəmə, zilə verdim,
Xalqımın sənətini bu yurda, elə verdim,
Bilirəm el içində məhəbbətim qalacaq.
Xoş niyyətim qalacaq,
Şah sənətim qalacaq!
Kişi kimi yaşadım öz müdrik həyatımı,
Bəxş etdim Salyanıma qaynar istedadımı,
Musiqi aləmində ucaltdım öz adımı,
Muğamat dünyasında qüdsiyyətim qalacaq,
Səadətim qalacaq,
Şah sənətim qalacaq.
_____________________________________________________________________________________________________________________
Əhsən Rəhmanlı “Qarmon ifaçılığı sənəti və onun Azərbaycanda tədrisi”, Bakı “MBM” 2014, Səh. 134, 135.