Əgər çıraq yana - yana işıq saçırsa, insan da yarada - yarada öz işığını, nurunu ətrafa yayır. Dünyaya adi insan kimi gələn Teyyubun qǝlbinə kiçik yaşlarından sənət eşqi doldu. Bu eşq onu sənətə gətirdi. O, musiqi sənətində bütövləşdi, bərkidi, cəsarətlə addımlamağa başladı. Yaşayaraq yaratdı. Yarada - yarada öz sənət işığından sənət dünyamıza nur yaydı. Çoxlarına bu nurdan pay düşdü. Könüllər işıqlandı. Özündən sonra gələn qarmon sənətçiləri bu sənət işığıyla addımlayaraq insanlığa vǝ musiqi mədəniyyətimizə xidmət etdilər. Teyyub Hacı Məmməd oğlu Dəmirov 1908 - ci il aprel ayının 25 - də Bakının qədim yaşayış məskənlərindən olan Çəmbərəkənddə, tacir ailəsində anadan olub. Hacı geniş imkanlı, varlı - dövlətli, sərvətli olmuş, Xəzər dənizində üzən şəxsi gəmiləri vasitəsilə ətraf yerlərlə böyük ticarət əlaqələri qurmuşdu. Teyyubgil ailədə beş uşaq; üç qardaş, iki bacı idilər. Ailədə uşaqlar ata - ana qayğısı və məhəbbəti ilə şad - xürrəm, xoşbəxt yaşayırdılar. Tale insana hər şeyi eyni vaxtda vermir, istedadı, adı, şan - şöhrəti, xoşbəxtliyi. İstedad insana əvvəldən verilir, dünyaya gələndə. Onu inkişaf etdirmək üçün isə zəhmət, işgüzarlıq lazımdır. Şan - şöhrəti, istedadının qiymətini isə yenə yorulmadan çalışmağın hesabına ala bilərsən. Əgər ilahi bunu sənin adına, taleyinə yazıbsa. Bəzən olub ki, böyük istedad sahibi əldə etdiklərinin, yaratdıqlarının, bilik və bacarığının qiymətini almayıb. Dünyaya gəlib, öz işini görüb və səssiz – səmirsiz çıxıb gedib, bir yuxu, bir kölgə kimi. Teyyub Dəmirov dünyaya kölgə kimi sakit gəlib getmədi. Qaynar bulaq kimi çağladı, dağ çayları kimi coşdu, aşıb - daşdı. Ailənin üçüncü övladı Teyyuba istedad verilmişdi. 10 - 11 yaşlarında xoş avazla oxuyar, nəğmə deyərdi. Qavalı qıçları arasına qoyaraq çalar, ritmləri səsləndirər, daha da həvəslənərdi. Oxumağı getdikcə daha da yaxşı alınırdı. Teyyub elə az yaşlarındaca məşhur musiqiçi Əhəd Əliyevin dəf çalanı kimi toylara gedirdi. O, təxminən 14 yaşına qədər ustad qarmonçunun qaval çalanı olub. Teyyub Kor Əhədin saz, qarmon, balaban, tütək çalmağını diqqətlə izlər və öyrənməyə çalışırdı. Özü isə tələb olunan anlarda bildiyi mahnı və təsnifləri, xırda muğam parçalarını oxuyardı. Onun yaxşı oxumaq bacarığı qarmonçu Əhədi də qane edirdi. Çünki qarmonçuların dəstəsindəki dəfçalan həm də oxuyan olmalı idi. O zaman təlabat belə idi. Əhədin ustad çalğısı Teyyubun oxuduqlarını bəzəyər, zənginləşdirǝr və tamamlardı. Onlar birlikdə Bakıda ev şəraitində keçirilən "qız toyları" nda çalıb - çağırar və çox bəyənilərdilər. Bakıda və onun ətrafındakı qəsəbə və kəndlərdə qadın şadlıq məclislərində həmişə qadın sənətçilər (qarmon, qaval çalan) iştirak edərdilər. Əhədlə Teyyubun birlikdə "qız toyları" na dəvət olunmasında bir incə mətləb var idi. Teyyubun uşaq, yaşının az olması, Əhədin isə gözdən əlilliyi onların qadın şənliklərinə dəvət olunması üçün əsas şərtlərdəndi. Hər gün toy çaldığı üçün yorğunluq hiss edən qarmonçu Əhəd qadın məclislərinin birində xahiş edir ki, onu həyətə, havaya çıxarsınlar. Bir azdan məclisdəkilərin darıxdığını hiss edən Teyyub ustadın qarmonunu götürüb çalmağa başlayır. Hamının xoşuna gəlir. Əhəd həyətdə əyləşib, çalğını dinləyib məclisə qayıdanda Teyyubun ifasını bəyəndəyini söyləyir və bu işi davam etməsini tövsiyə edir. Həmin vaxtdan Teyyub yalnız qarmon çalmaqla məşğul olur. 16 yaşından sərbəst olaraq toylara getməyə başlayır. O, Bakı və Abşeron toylarına gedirdi. Teyyub saz çalmağı da yaxşı öyrənmişdi. Çox yerlərdə istifadə edirdi. Dəfçalanı ilə birlikdə getdiyi toylarda Teyyubgili yaxşı qarşılar və çox bəyənərdilər. Ənənəyə uyğun olaraq Teyyubun da dəfçalanı oxuyurdu. Teyyub muğamları, dəraməd və rəngləri, oyun havalarını elə məharətlə çalırdı ki, hamı heyran olurdu. Sənətdə özünü təsdiq edəndən sonra ifasını əvvəl qrammafon valına, sonra isə radionun fonduna yazdırıb, daha artıq tanınır. Xanəndə Hacıbala Hüseynov onun xalası oğludur. Teyyub Dəmirov məşhurlaşandan sonra onu özüylə toylara nağaraçalan aparıb. Qabiliyyətini duyub tez - tez öz evinə dəvət edərək ona oxumaq yollarını öyrədib. Teyyubun tövsiyələrindən öyrətdiyi oxuma qaydalarından Hacıbaba xalaoğlu çox şey əxz edib götürür və onunla birlikdə getdiyi toylarda nağara çala - çala oxuyub daha da səriştəli olur. Çox sonralar Hacıbaba sərbəst xanəndə kimi fəaliyyətə başlayır və xeyli müddətdən sonra ustad sənətkara çevrilir və müəllimlik edir. Ümumiyyətlə neçə - neçə ifaçının musiqiyə gəlib, peşəkar səviyyəyə yüksəlib məşhurlaşmasında T.Dəmirovun xüsusi qayğısı və böyük zəhməti danılmazdı. T.Dəmirovun musiqi ictimaiyyəti arasında və bütünlükdə cəmiyyətdə dərin nüfuzu olmuşdur. Bütün fəaliyyəti boyu onun sənəti sevilmişdir. O, "Əhəd məktəbi" nin layiqli davamçısı sayılır. Sənətkarın sənət aləmində yaxın dostları və yoldaşları saysız - hesabsız idi. Misal olaraq bəstəkar Səid Rüstəmov, şair Süleyman Rüstəm, xanəndələr Əbülfət Əliyev, Əlibaba Məmmədov, Mürşid Məmmədov, klarnet ifaçısı Nadir Axundov, tarzənlər Məmmədağa Muradov, Həbib Bayramov və başqalarının adlarını çəkə bilərik. Gənclik illərində H.Bayramovun ustad qarmonçu ilə yaxın dostluğu çoxlarına nümunə olmuşdur. Teyyub müəllim cavan tarzəni özüylə konsertlərə və toy məclisinə aparmışdı. Onlar birlikdə əsl sənət nümayiş etdirmişlər. Məşhur xanəndə Fatma Mehrəliyeva ilə yoldaşlıq edən T.Dəmirov onun sənətdə özünü tapmasına çox kömək etmişdir. Fatma xanımın ifasında səslənən, fonda yazılan, bu gün də hamı tərǝfindən sevilən və həqiqi sənət nümunəsi olan "Kəsmə şikəstə" nin hazırlanıb başa gəlməsində ustad qarmonçalanın xidməti olub. T.Dəmirov qarmonda çalaraq və həm də oxuyaraq ulularımızın bizə yadigar qoyduğu, nadir sənət incisi, "Kəsmə şikəstə" ni cümlə - cümlə, bənd - bənd bütün incə nəfəslərinə qədər F.Mehrəliyevaya öyrətmişdir. T.Dəmirovun musiqimizə dərindən bələd olması onu həmişə sənətçilərə gərəkli etmişdir. Xanəndələr Şövkət Ələkbərova, Sara Qədimova, Rübabə Muradova, Gülxar Həsənova, Həqiqət Rzayeva, Töhvə Əliyeva və digərləri tez - tez onun evinə gələr, müntəzəm məşqlər edər, çalğısını dinlər, tövsiyə və söhbətlərindən çox şey öyrənərdilər. Qarmonumuzun bir alət kimi ifasının daha mükəmməl, geniş imkanlı olması üçün T.Dəmirov həmişə düşünmüş və axtarışlar aparmışdır. Bu alətin tembrinin milli musiqimizə daha uyarlı və uyğun olması üçün Bakıda yaşayan, qarmon düzəldən ustaların hamısı ilə tez - tez görüşüb söhbətlər aparar və onlara dəyərli təkliflər verərmiş. Karpuşkin, Juravlev, Flippov, Qorbunov, Zverev, Valentin kimi ustalar Teyyubun əsaslı və dəyərli fikirlərilə hesablaşmış və qarmon düzəltdikləri zaman onun dediklərini nəzərə almışlar. Qarmonun səs tembrini daha incə, zərif edən, üstünə dilçəklər düzülmüş mis tənəkələrdən (tirlərdən, plankalardan) birini "Skripiçnaya planka" adlandırırlar. (Burada qarmonun içərisindəki "do" və "sol" səsə aid dilciklərin birlikdə səslənməsi üçün köklənməsi nəzərdə tutulur). Bilirik ki, bəzi simli alətlərin kvarta, kvinta köklənməsi vardır ki, bu ifa zamanı mühüm əhəmiyyət kəsb edir. Teyyub saz da çaldığı, simlərin səslənməsinə yaxşı bələd olduğu üçün görünür belə səs çalarını, həmahəngliyi qarmon tembrinə gətirib. 1938 - ci ildə T.Dəmirov Bakıda və onun ətrafında yaşayan ən yaxşı qarmonçalanları öz ǝtrafina toplayaraq "qarmonçalanlar ansamblı" təşkil etmişdir. Bu ansambl Zaqafqaziyada və Şərqdə analoqu olmayan bir kollektiv idi. Teyyub müəllim ciddi məşqlər apararaq, yaxşı səslənməyə nail olmuş, repertuara xalq musiqisi nümunələrini, dəraməd, rǝng, diringi və oyun havalarını daxil etmişdi. Bu ansambl bir sıra dövlət tədbirlərində və keçirilən müxtəlif konsertlərdə çıxışlar edərdi. Teyyubun belə bir ansambl yaratması onun yaradıcılıq məhsulu, sənətə sevgisi idisə, digər tərəfdən qarmon ifaçılığının inkişafına və sevilməsinə həqiqi xidmət idi. Ansambl Bakıdan kənarda da konsertlərə getmiş, rayonlarımızın əksəriyyətində, həmçinin Lənkəran, Salyan, Şəki və Gəncə şəhərlərində də olduqca maraqlı çıxışlar etmişdi. Repertuarda ansambl şəklində çalğı ilə bərabər ayrı - ayrı solo hissələr var idi. Bəzi musiqi əsərlərində unison çalğıdan başqa çoxsəsli əsərlər də vardı. Zərb alətləri iki dəf, bir nağara və bir qoşa nağaradan ibarət olmuşdur. T.Dəmirov ansambla rəqqaslar da dəvət etmişdi. Repertuara "Çobanlar rəqsi", "Tərəkəmə", "Naz eləmə", "Qaytağı" rəqsləri daxil idi. 1941 - ci ildə Sovet - Alman müharibəsi başlayana qədər "Qarmonçular ansamblı" fəaliyyət göstərib. Əslən Cənubi Azərbaycandan olan Mustafa Payan Sovet Azərbaycanında yaşayarkən tanınan xanəndə idi. Konsertlərdə oxuyur, radioda müntəzəm çıxış edir, Bakıda və onun ətrafında keçirilən toy şənliklərinə dəvət olunur, bəzən rayon yerlərinə də gedib çıxırdı. O, Sovet dövlətinin başçısı İ. V. Stalinin göstərişi və Azərbaycan Sovet Respublikasının başçısı M.C.Bağırovun icrası ilǝ 1939 - cu ildə İran mühacirləri kimi öz ölkəsinə deportasiya olunanlar sırasında idi. Mustafa Təbriz radiosunda oxuyurdu. Bu sətirlərin müəllifi 1950 - ci illərdə, 1960 - cı illərin ortalarına qədər radio dalğaları ilə Təbriz radiosundan Mustafa Payanın konsertlərini dinləyib. O, zil səsə, geniş diapozona, zəngulələrə malik olmasa da qaltanlı, ürǝyǝyatımlı səsilə, aydın diksiyası və qəzəl ehtiyatının zənginliyilə çoxlarının sevimli xanəndəsi idi. M.Payan doğrudan da Qüzey Azərbaycanda yaşayarkən məşhur bir xanəndə olaraq özünə pərəstişkarlar qazanmışdı. Deportasiya olunana qədər o, son illəri Teyyub Dəmirovla mehriban, sıx sənət yoldaşlığında olmuşdu. Sonralar onu xatırlayan ustad qarmonçu öz ailə üzvlərinə və sənət yoldaşlarına deyərmiş: "Mustafa mədəni, ǝxlaqlı, abır - ismətli insan, yaxşı həmsöhbət, sənətini sevdirə bilən xanəndə və sadiq dost idi. Yoldaşlıq etdiyim dövrdə mən ondan heç vaxt incimədim, yalnız düzlük, mehribanlıq və nəvaziş gördüm". Mustafanın da deportasiya olunacağını bilən Teyyub öz nüfuzundan istifadə edib yüksək vəzifə sahibləri vasitəsilə dostunu müəyyən qədər Bakıda saxlatdıra bilmişdi. Mustafa Bakıdakı sonuncu toyda da Teyyubla birlikdə olmuşdu. Yüksək mənsəb sahibləri xalqın sevimli sənətkarının, mahir qarmonçalanın sözünü yerə salmamış, xahişini nəzərə alaraq sənət dostundan ayrılmazdan əvvəl bahəm çalıb -oxumalarına imkan vermişdilər. Teyyub və sənət yoldaşları sonuncu toydan qazandıqları pulların hamısını Mustafa Payana vermişdilər. Həmin toyun səhərisi günü T.Dǝmirov dostu ilə idarəyə getmişdi. Elə o andaca M.Payanın yola salınma sənədləri hazırlanmışdı. Qeyd etməliyik ki, Mustafa ilə Teyyub istər Bakı daxilində, istərsə də şəhərdən kənar kəndlərdə və qəsəbələrdə çalıb - oxumaları ilə yaxşı iz qoymuş, ad - san qazanmış, ən çox sevilən sənətkarlara dönmüşdülər. Onların birlikdə sənət işlətmələri gözəl alınırdı. Teyyub öz xanəndəsini əla müşayiət edirdi. İranın əyalətlərini gəzib - dolaşan, bir müddət Təbrizdə yaşayan Mustafa Tehranda qərar tutmuşdu. Orada yaşayıb sənət fəaliyyətində olmuşdu. Tehranın mərkəz hissəsində onun dükanı və çayxanası var idi. Sovet Azərbaycanından deportasiya olunanlar, mühacirət edənlər, Təbriz, Ərdəbil, Zǝncan, Xoy, Mǝrǝnd, Sərab və digər şəhərlərdən Tehrana köçən soydaşlarımızın əksəriyyəti Mustafanın başına yığışardılar. Mustafa Tehranda da Teyyubu unutmur, dost - tanışın yanında onu tez - tez xatırlayır, dostu üçün sovqatlar və hədiyyələr göndərirdi. Əvvəla onu qeyd edək ki, Bakıdan gəmi - bərə ilə yola salınanlar Ənzəli limanına çatan, sərnişinlər sahilə çıxan kimi Mustafa telefonla Bakıya zəng vurub sağ - salamat çatması barədə Teyyuba məlumat vermişdi. Tehranda yaşayanda o, dəfələrlə Teyyubun dördrəqəmli 54 - 72 telefon nömrəsinə zəng edər, hal - əhval tutar, dostlar üçün, Bakı üçün darıxdığını dilə gətirər, kövrələrdi. Buna görə T.Dəmirovu dəfələrlə təhlükəsizlik orqanlarına dəvət edib söhbət aparmış, sorğu - sual etmiş, SSRİ -dən deportasiya olunan və xarici dövlətdə yaşayan bir şəxslə əlaqəni kəsməyi tapşırmışdılar. Sənətkar isə belə demişdi: "Əvvəla mən ona yox, o mənə zəng vurur. Bir də ki, mənə sədaqət göstərən, məhəbbət eləyən, başqa ölkədə yaşasa da məni unutmayıb yada salan bir insana necǝ deyə bilərəm ki, mənimlə əlaqəni kəs?!". 1941 - ci ildə böyük bəstəkar Ü.Hacıbəylinin göstərişi və birbaşa nəzarəti ilə ilk dəfə xalq çalğı alətləri ansamblı yaradılır və rəhbərlik tarzən pedaqoq Əhməd Bakıxanova tapşırılır. Əslində isə bu 1927 - ci ildə Azərbaycan radiosunda Ə.Bakıxanovun yaratdığı və 1937 -ci ilə qədər fəaliyyətdə olan ansamblın bərpası idi. Əhməd müəllim özünün yaratdıqlarından başqa Teyyubun bəstələdiyi dəraməd və rənglərdən də ansamblin repertuarında istifadə etmişdir. Ansamblın qarmonçalanı Teyyub idi. T.Dəmirov bütün ömrü boyu öz sənətinə və yaradıcılıq işlərinə ciddi yanaşmışdır. İstər ansamblların tərkibində, istərsə də solist kimi ən mühüm dövlət tədbirlərində və müxtəlif səpgili konsertlərdə çıxışlar etmişdir. Cəmiyyətdə böyük hörməti olan T.Dəmirovun yüksək rütbəli şəxslərin, dövlət xadimlərinin yanında da böyük nüfuzu olmuşdur. Məşhur, əfsanəvi usta, düzəltdiyi qarmonların bənzəri, əvəzi olmayan Arxip Karpuşkin həbs olunub Bayıl həbsxanasına düşərkən T.Dəmirov onu buraxdırmışdır. Teyyub Dövlət Filarmoniyasına konsertə gələn Azərbaycanın o dövrdəki rəhbəri Mir Cəfər Bağırova cəsarət göstərərək yaxınlaşıb söhbətləşmiş, usta Karpuşkinin həbsdə qalmasının qarmon sənətinə ağır zərbə olacağını söyləmişdir. Beləliklə, A.Karpuşkin həbsdən azad olunaraq ömrünün qalan hissəsində elə nadir, nümunəvi qarmonlar düzəldir ki, həmin alətləri, gözəl, məlahətli diləkləri bu gün də ən yaxşı nümunələr kimi, ən peşəkar ifaçılar işlədir. Tanınan qarmonçuların əksəriyyəti onun düzəltdiyi alətlərlə öz ifalarını qrammafon vallarına və radionun fonduna yazdırmışlar. Karpuşkinin yaşadığı dövrdə də, ondan sonra da işləyən ustaların heç biri onun işini görə bilməmişlər və onun səviyyəsinə çatmamışlar. T.Dəmirovun xeyirxahlığı, müdrikliyi və uzaqgörənliyi nəticəsində Karpuşkin daha yaxşı işlər görmüş, qarmon sənətimizə dəyərli xidmət göstərmişdir. Teyyub müəllim 1938 - ci ildə Moskva şəhərində keçirilən "Dekada" da iştirak etmişdir. O, ansambl tərkibində və solist kimi şəhərin mədəniyyət müəssisələrində, fabrik və zavodlarda konsertlərdə olmuş, Kremldə xalq çalğı alətləri orkestrinin tərkibində çıxış edərək "Üzzal" çalmışdır. Sənətkar 1959 - cu ildə Moskvada keçirilən Azərbaycan mədəniyyəti və incəsənət ongünlüyündə də iştirak edərək əsl sənət göstərmişdir. Sənət işlətdiyi bütün dövr ərzində Bakının və rayonların ən nüfuzlu şəxslərinin toy məclislərinə dəvət alan sənətkarımız qarmonun ecazkar səsini hamıya sevdirmiş, xalq musiqimizi və özünün bəstələdiyi melodiyaları yüksək səviyyədə xalqa çatdırmışdır. O, gözəl xanəndə, incə zövqlü, kövrək və nadir səsli Fatma Mehrəliyeva ilə uzun illər sənət yoldaşlığı edərək onunla konsertlǝrǝ getmiş, özü ilə toylara aparmışdır. O dövrlərdə oğlan toylarına qadın müğənnilərin dəvət olunması qəbul olunmurdu. T.Dəmirov qadın müğənnini kişi toyuna aparan ilk musiqiçi idi. Fatma xanım arxayınlıqla, böyük həvəslə Teyyubla birlikdə oğlan toylarına gedirdi. Bu T.Dəmirovun el - obada, xalq arasında olan hörmət - izzətindən irəli gəlirdi. 1941 – 1945 - ci illər, müharibə dövründə T.Dəmirov məşhur müğənnilər Bülbül, Gülxar Hǝsǝnova, tarzən Hacı Məmmədov və başqa sənətçilərlə əsgərlər qarşısında çıxışlar etmişdi. Zabit və Əsgərlər Teyyubdan rəqs havalarını çalmasını xahiş edərkən o, məmnuniyyətlə bunu yerinə yetirǝr, döyüşçülər onun çaldığı melodiyalarla həvəslə rəqs edib şənlənərdilər. Teyyub "Qızıl əsgər" adlandırdığı rəqsi o dövrdə bəstələyib. Teyyubun üzvü olduğu musiqiçilər heyəti hospitalları gəzərək yaralı əsgərlərə konsertlər vermişdir. Hətta bu heyyətin üzvləri hospitallarda yataq xəstəsi olan yaralıların çarpayısı yanında da çalıb - oxumuşlar. Bunlar insanlığa, bəşəriyyətə əsl xidmət idi. Ağır müharibə illərinin sənət yoldaşlığı SSRİ xalq artisti Bülbül ilə Teyyub arasında dostluq yaratmışdı. Sonrakı illərdə də konservatoriyanın professoru Bülbül tez - tez Teyyubun evinə gəlǝrək xalq mahnılarımızı məşq edib işləmiş, müəyyən fikirlərini onunla bölüşmüş, daimi yaradıcılıq əlaqələrində olmuşdur. Bülbül Teyyubun xalq musiqisinə yaxşı bələd olduğunu bildiyi üçün müğənnilərə onunla ǝlaqədə olmalarını tövsiyə edərdi. Doğrudan da ustad sənətkar, şöhrətli müğənni Bülbül xalq musiqimizin nadir inciləri olan mahnıları lentə yazdırmamışdan öncə tez - tez Teyyubla görüşər və ciddi məşqlər edərmiş. XX əsrin 50 – 60 - cı illərində Teyyubun ifa etdiyi melodiyalar və muğamlar vaxtaşırı səsləndirilmişdir. Onun ifasının vurğunu olub qarmon sənətinə gələnlər lap çox idi. Hələ 1941 – 1945 - ci illər ərzindəki müharibədən xeyli əvvəl T.Dəmirovun evində dərs alan Abbas Abbasov, Bədəl Bədəlov, Qızxanım Dadaşova, Kübra Əbilova, Hacıbala Dadaşov, Səttar Hüseynov sonralar peşəkar sənətkar və məşhur qarmonçalan olmuşlar. Ümumiyyətlə Azərbaycan qarmonunun formalaşıb peşəkar sənətdə işlədilməsi səviyyəsinə çatmasında, xalq musiqimizin inkişafında, oyun havalarının artıb çoxalmasında, ifaçılığın milli ruhda səslənməsində T.Dəmirovun xidmətləri bir həqiqətdir. Bir vaxtlar Azərbaycanda işlədilən on iki, on dörd, on altı dilli qarmonların təkmilləşib on səkkiz dilə çatdırılıb xromatik səs düzümünə gətirilməsi üçün Əhəd Əliyev və Teyyubun məsləhətləri və tövsiyələri daim əhəmiyyət kəsb edib. T.Dəmirov Dövlət Filarmoniyasının, radionun və sonralar televiziyamız yaranan gündən bu yayım ocağının solisti olmuş, ömrünün axırınadək burada yorulmadan çalışmışdır. Ustad sənətkar 70 - dən artıq oyun havaları, dəraməd və rənglər bəstələmişdir. Sözün həqiqi mənasında o, bəstəkar idi. Onun böyük ustalıqla bəstələdiyi "Bayatı - Şiraz" dǝramǝdini bəstəkar Rauf Hacıyev "Ürəyim sənsiz yanır" adlı mahnıya, "Zabul rəngi" ni isə bəstəkar - drijor Səid Rüstǝmov "Həkim qız" adlanan lirik mahnıya çevirmişdir. Muğamların mahiyyətini, ruhunu, xasiyyətini, ona xas olan cəhətləri təsirli şəkildə çatdırmaq ifaçıdan böyük qabiliyyət və həssaslıq tələb edir. Öz muğam ifası ilə qarmonçu Teyyub bu tǝlabatı həmişə layiqincə yerinə yetirib. O, hər muğamın öz xislətini, ruhunu və xarakterini düzgün duyduğu üçün bu hissləri verə bilib. Muğam ifaçılığı onun yaradıcılıq fəaliyyətinin ayrılmaz hissəsi olmuşdur. Aşağıda radionun fonduna yazdırdığı muğamların adları və lentə alınma tarixini göstəririk: "Bayatı - Şiraz", "Segah", "Rast", "Zabul", "Bayatı - Qacar" (1957), "Şur" (1965). Teyyubun bəstələdiyi xeyli oyun havaları vardır ki, özünün və başqa qarmonçalanların repertuarını bəzəmiş və bütün toylarda, el şənliklərində çalınmışdır. Aşağıda onun Azərbaycan radiosunun fonduna yazdırdığı, özü bəstələdiyi rəqs melodiyalarının adlarını və lentə yazılma tarixini veririk: "Qızıl Əsgər" (15.03.1957), "Nabat xanım" (01.02.1958), "Məlahət" (04.03.1961), "Aran köçü" (29.03.1961), "Elmira" (04.03.1961), "Solmazı" (08.03.1961), "Bülbülü" (16.08.1965). "Şəlalə" (04.02.1966), "Almaz" (09.02.1966), "Qəşəngi" (12.02.1967), "Elnuri" (12.02.1967). "Ayşadı" (12.02.1967). Sənətkarın bəstələdiyi və lentə yazdırdığı "Cəngi", "Xumar", "Hacıkənd", "Teyyubi", "Qaytağı" adlı melodiyaları da vardır. Bundan başqa sənətkarımız ayrı - ayrı oyun havalarını da lentə yazdırmışdır. "Heyvagülü", "Bənövşə" (26.01.1958), "Şalaxo" (27.02.1958). Ü. Hacıbəylinin "O olmasın, bu olsun" musiqili komediyası əsasında 1956 - cı ildə çəkilmiş kinofilmdə səslənən "Qıtqılıda" adlı oyun havası da T.Dəmirovun bəstəsidir. Məhsuldar yaradıcılıq fəaliyyətində olan böyük sənətkarımızın bəstələdiyi melodiyalardan xalq musiqimizdə və qarmon sənətinin tədrisində istifadə olunmuşdur. Bu melodiyalar xalq ruhundan qopub gəldiyi üçün bu gün də öyrənilir və tədris olunur. Tarzan - pedaqoq, bəstəkar Adil Gəray 1946 - cı ildə T.Dəmirovun bəstələdiyi muğam rənglərindən və rəqslərindən bəzilərini nota almışdır. Bəstəkar Səid Rüstəmovun oğlu Rafiq Rüstəmov Teyyubun dəramədlərinin və oyun havalarının əksəriyyətini nota yazmışdır. Bütün bunlar göstərir ki, sənətkarımızın yaradıcılıq işi heç vaxt diqqətdən kənar qalmamışdır. T.Dəmirov 1933 - cü ildə Mina xanımla ailə qurmuş, qız övladları dünyaya gəlmiş, ona Solmaz adı vermişdir. Ata qızının adına "Solmazı" rəqsi bəstələmişdir. Mina xanım dünyadan köçdüyü üçün Teyyub Minəvvər xanımla evlənmiş, bir oğlu, bir qızı olmuşdur. O, oğluna öz adını, Teyyub adını vermiş, qızını Dilşad adlandırmışdır. Övladlarının şərəfinə "Teyyubi", və "Dilşadı" rəqslərini bəstələmişdir. Böyük və hünərli yaradıcılıq yolu keçən Teyyub ümumxalq məhəbbəti qazansa da, dövlət nümayəndələri arasında nüfuz sahibi olsa da, ona heç bir fəxri ad verilməmişdir. Səbəbini belə izah edirdilər ki, o, kommunist partiyasının üzvü deyil. T.Dəmirov sahibkar, tacir oğlu idi. 1920 - ci ildə bolşeviklər Azərbaycanı istila edərkən Hacı Məmməd kişinin də varını, sərvətini, gəmilərini əlindən almışdılar. Müflisləşən, bundan çox darıxıb əsəbiləşən Hacı Məmməd 1921 - ci ildə vəfat etmişdir. Teyyub kommunist partiyası və onun ideologiyasına nifrət edirdi. Bunu haradasa açıq şəkildə bildirmək pis nəticə verə bilərdi. Lakin qəlbindəki qəzəb ona partiyaçı olmağa imkan vermirdi. Teyyubun sənətindən, bildiklərindən bəhrələnən sənətçilərə müxtəlif vaxtlarda fəxri adlar verilmişdir. Musiqimizin, qarmon ifaçılığının çiçəklənməsində yorulmaq bilmədən, ürəkdən çalışan T.Dəmirov isə bundan məhrum edilmişdi. Bir neçə erməni musiqiçilərə fəxri adlar verilməsi ona pis təsir etdiyi, əsəb sarsıntısı keçirdiyi üçün beyninə qan sızmış, xəstəlik dövrü keçirərək 1970 - ci il avqust ayının 9 - da, 62 yaşında vəfat etmişdir. B.Vahabzadənin şeirlərinin birində deyilir: "Həyat səni güldürəndə gülmüsən, Hünərin var ağladanda gül, görüm" Öz xalqına və onun musiqi mədəniyyətinə sadiqlik nümayiş etdirən ustad bir sənətkar haqsızlığa və etinasızlığa dözə bilməyib vaxtsız dünyanı tərk etmişdir. 1994 - cü ildə Azərbaycan Televiziyasında T.Dəmirovun yaradıcılığı haqqında hazırlanmış verilişdə xalq artistləri Tofiq Quliyev və Vasif Adıgözəlov də çıxış edirdilər. Orada T.Quliyevin belǝ bir fikri səslənir: "Gözümü açandan və musiqiyə gələndən mənimçün iki əlçatmaz işıq var, biri dahi Üzeyir Hacıbəyov, digəri T.Dəmirov. Mən nə qədər sağam, bu fikirdə olacam". Cəsarətlə deməliyik ki, Teyyub Dəmirov Azərbaycan qarmon ifaçılığı sənətində klassk yol, üslüb yaratmışdır. Teyyub Teyyuboğlunun söylədiklərindən: "1941 – 1945 - ci illərdə, müharibə zamanı Bakıdakı Leytenant Smidt adına zavod cəbhə üçün silah hazırlığına xidmət edirdi. Müharibə bitəndən neçə illər sonra da bu müəssisədə keyfiyyətli metallar qalmışdı. Məşhur qarmon ustası Valentin Velçev 1960 - cı illərdə Bakının mərkəzindəki Basin (hazırda Füzuli) küçəsindəki musiqi alətləri təmiri emalatxanasında işləyirdi. Atam emalatxanaya gedib onunla görüşərdi. Valentin Teyyub Dəmirovun nüfuzlu şəxs olduğunu bilirdi. Odur ki, atamdan L. Şmidt adına zavoddan yüksək keyfiyyətli metal lövhələr əldə etməyi xahiş edərdi. Zavod rəhbərliyi də atamın sözünü yerə salmazdı. Çünkü T. Dəmirov vəzifəli şəxslərin yanında hörmət - izzət sahibi idi. Atam yüksək çinli məmurların zənglərindən sonra zavoda gedərdi. Ona istədiyi materialı verərdilər. Həmin keyfiyyətli metallardan qarmonun tənǝkələrindəki (tirlər, rusca - blank, planka) səslərin (rusca - qolos) hazırlanmasında istifadə olunurdu". Valentin pensiyaya çıxandan sonra Bakıxanov qəsəbəsində öz mənzilində işləyirdi. T.Teyyub oğlu qarmonunu təmir etdirmək üçün onun yanına gedəndə usta onu hörmətlə qarşılamış və demişdi: "Sənin atan bizim işimizə çox kömək edib. Qarmonların hazırlanmasında onun təklifləri, tövsiyələri və ağıllı göstərişləri bizim işimizi xeyli qabağa aparıb. O, qarmon alətinin əsl xiridarı idi. Bu peşənin inkişafında onun böyük xidmətləri olub" T. Dəmirov doğrudan da musiqi aləmi üçün hərtərəfli xidmətlər sahibi idi. Bəstələdiyi melodiyalardan istər onun sağlığında, istər sonralar istifadə olunub. Bu gün də belədir. 2009 - cu il martın 18 - dən 25 - nə qədər Bakıda keçirilən Beynəlxalq Muğam Festivalının yekun konserti AzTV ilə həmin ayın 24 - də nümayiş etdirilən zaman bunu televiziya vasitəsilə izləyirdim. Üç nəfərdən ibarət ərəb musiqiçiləri (ney, qanun, zərb ifaçıları) T. Dəmirovun "Bayatı - Şiraz" dəramədini ifa etdilər. (Həmin dəraməd barədə bu yazımızda bəhs etmişik. Bu melodiyadan bizim muğam ifaçıları da tez - tez istifadə edirlər - Ə.R.). Dəraməddən sonra müğənni muğamı oxudu və sonda mahnı ilə tamamladı. Onlardan sonra səhnəyə Türkiyənin "İstanbul" muğam qrupu dəvət olundu. Solist Sadiye Elmli idi. Onu zərb, qanun, ud və ney ifaçıları müşayiət edirdilər. Onlar bizim lirik, həzin bir "Bayatı - Şiraz rəngi" ilə öz çıxışlarına qədəm qoydular. Müğənni "Bayatı - Şirazı" dahi şairimiz Nizaminin qəzəli ilə oxudu. Misir ərəb ölkəsinin "Əsil" adlanan ansamblı da "Bayatı - Şiraz" muğamını T.Dəmirovun bəstələdiyi dəramədlə başladı. Dəraməddən sonra müğənni muğamı oxudu və sonda həmin dəramədin son cümləsini sözlə ifa etdi. Gözdən əlil müğənni Mustafa Səid özü ud çalırdı. O, ud aləti üzrə mütəxəssis kimi Misir univesitetinin professorudur. Konsert zamanı T.Dəmirovun melodiyasını ilk eşitdiyimdə dərhal Teyyub Teyyuboğluna telefon açıb bildirdim ki, xarici olkə musiqiçiləri onun atasının dəramədini ifa edirlər, televiziyanı izləsin. O, sevindiyini bildirdi. Sözün düzü bir Azərbaycan vətəndaşı kimi, həm də qarmon ifaçısı və araşdırmaçı olaraq qürur hissi keçirdim.
_____________________________________________________________________________________________________________________
Əhsən Rəhmanlı “Qarmon ifaçılığı sənəti və onun Azərbaycanda tədrisi”, Bakı “MBM” 2014, Səh. 51 – 67.