Belə bir sənət adamı haqqında Qarabağ, xüsusilə Ağdam musiqiçilərindən çox eşitmişdim. Əsasən qarmon sənətindən söz düşərkən ilk anda onun adı çəkilirdi. O, klassik Azərbaycan qarmon məktəbinin Şuşa nümayəndələrinin usta davamçılarından biridir. O, həmin bölgədə özündən sonra gələn qarmon ifaçıları üçün bünövrə qoyanlardan sayılır. Yusif Kərbəlayi Muxtar oğlu Yusifov 1906 - cı ildə Şuşada dünyaya gəlib. Ailədə səkkiz qardaş olublar. Böyük qardaş Kərbəlayi Abutalıb da milli qarmon sənətimizə bina hörənlərdən biri idi. F.Şuşinskinin "Azərbaycan xalq musiqiçiləri" kitabında (Bakı, "Yazıçı" nəşriyyatı - 2005) səh. 202 - də oxuyuruq: "Abutalıb musiqi tariximizdə məşhur tarçalan kimi də çox məşhurdur. O, ömrünün son 10 ilini əsasən tar çalmağa həsr etmişdir. Abutalıbın kiçik qardaşı Yusif də qardaşının yolu ilə gedərək qarmon çalmaq sənətini öyrənirdi. Yusifin gələcəkdə mahir qarmon ustası olacağına şübhə etməyən Abutalıb öz qarmonunu qardaşına verib, özü tar çalmaqla məşğul olmuşdur. Abutalıb heç də səhv etməmişdi. Hərçəndi o dövrdə Abutalıbın pərəstişkarları onun bu işindən mütəəssir oldularsa da, həyat Abutalıbın uzaqgörənliyini sübut etdi. Qardaşının sənət məktəbini davam etdirən Yusif sonralar tanınmış ustad qarmonçu kimi şöhrət qazandı". Ailənin beşinci övladı Yusif də əvvəllər qardaşı Abutalıb kimi tar çalıb. Sonralar isə qarmon sənətinə meyl edib, ifa qaydalarını və muğamları böyük qardaşından öyrənib. O, 20 yaşından sənət meydanına çıxıb, sazanda dəstələrinin tərkibində konsertlərdə çıxış edib və toylara gedib. Yusif toy məclislərində tar çalıb xanəndəni müşayiət edər, oyun havalarını isə qarmonunda səsləndirərmiş. Sonralar isə qarmonçu kimi məşhurlaşmış və toy - düyündə şirmayı dilli qarmonunu həvəslə çalmışdır. Yusif Yusifov el şənliklərimizdə xanəndələrdən Məşədi Bahadur, Musa Şuşinski, Xan Şuşinski, Bərdəli Cəlal, tarçalan Məşədi Nəriman və qavalçalan Xanlarla yoldaşlıq edib. O, XX əsrin 30 – 50 - ci illərində Qarabağın əsas qarmonçalanlarından biri olub. Gənclik illərində Ağdama köçüb. Bu zaman ailə qurub. Məşhur bəstəkar Soltan Hacıbəyov (1919 - 1975) Yusifin dayısı oğludur. Yusifin yetirmələrindən Yelmar Zeynalov, Vaqif Məmmədov, Ramiz Qarabağın el - oba şənliklərində çalışaraq öz ustadlarına baş ucalığı gətirmişlər. Vaxtilə Laçın, Kəlbəcər və Gəncə toylarında da Y.Yusifovu səbrsizliklə gözləmişlər. O, Şuşa və Ağdamda həm də bədii - kütləvi tədbirlərdə çıxış edirdi. Yazı müəllifi olaraq qeyd edirəm ki, öz dövrünün bu mahir qarmonçalanını F.Şuşinskinin "Azərbaycan xalq musiqiçiləri" kitabında Qarabağ sənətkarlarının kollektiv çəkilmiş foto - şəkillərində görmüşəm. Bundan başqa Ağdam musiqiçilərinin bir yerə toplaşıb xatirə olaraq 1955 - ci ildə çəkdirdikləri fotolarda seyr etmişəm. Mülayim təbiətli bu insan Şuşa və Ağdam musiqiçilərinin əksəriyyətilə sənət yoldaşlığı etməyi bacarmışdır. Mahir qaval ifaçısı (o, həm də gözəl tarzən olub) Abbas Yusifovla Yusif kişinin çox mehriban sənət yoldaşlığı və sadiq dostluğu olmuşdur. Soyadları eyni olduğu üçün onları qardaş, ǝmioğlu sayırdılar. O, Qarabağda yaş həddi ilə ondan kiçik olanlar üçün Yusif ǝmi idi. Sənət ağsaqqalı kimi xətri əziz tutulur, hər yerdə ona ehtiram göstərilirdi. El arasında da, toy - nişan mǝclislərinin qonaqları da ona Yusif ǝmi - deyə müraciət edirdilər. Y.Yusifov Ağdam rayon mədəniyyət evində çalışırdı, burada keçirilən və kəndlərin klublarında verilən konsertlərdə çıxış edirdi. Üzeyir Hacıbəyli ilə tanışlıq Yusifin gənclik illərinə təsadüf edirdi. Üzeyir bəy onun ifasını dinləyərək bəyənmiş və Bakıya köçüb burada çalışmasını tövsiyə etmişdi. Yusif əmi yarımtonsuz qarmonlarla çalırdı. Xalq havalarımızın, bəzi muğamlarımızın ifası zamanı bunları yetkin, usta təqdim etsin deyə xüsusi məharət göstərirdi. Onun ustalığı axı nədə idi? Diatonik alətdə yarımtonların yerini doldurmaq üçün o, alətin körüyü ilə xüsusi işlər görür, bacarıq göstərirdi. İstifadə etdiyi qarmonu gənclik illərində usta Juravlyovdan almışdı. Uğurlu çıxmış bu alət şirin tembrli olaraq, həm də güclü səsə malik idi. Özü danışırmış: "Bakıya gedib qarmonumu Karpuşkinǝ verdim ki, yarımtonlar əlavə eləsin. Bir müddətdən sonra gedib götürəcəkdim. Xəbər gəldi ki, Karpuşkin ölüb. Bakıya, Karpuşkinin evinə gəldim. Ustanın yaxın adamı dedi: - Düş zirzəmiyə, qarmonlar hamısı oradadır, bax, gör hansı sənin qarmonundur, götür apar. Öz qarmonumu götürdüm. Usta ömrünün son günlərində sifarişimi yerinə yetirmiş, qarmonumu yarımtonlu etmişdi". Fazil Yusif oğlunun xatirələrindən: "Atamın usta Stalbova düzəltdirdiyi yarım tonsuz bir qarmonu da var idi. Həmişə bunu çalırdı. 1969 - cu ildə həmin qarmonu götürüb Bakıya gəldim. Usta Saşa Zverevin yanına gedib sifariş elədim ki, bu alətə yarımtonlar qoysun. Vǝdə yetişəndə gəlib baxdım, yoxladım, gördüm ki, əla qarmon çıxıb. İstədim ki, ustad sənətkarımız T.Dəmirova da göstərim, o da fikir bildirsin. Baxdı, çalıb yoxladı və çox bəyəndi. Masanın üzərinə bir - birindən yaxşı üç qarmon qoydu. Dedi ki, bunların hansını bəyənsən götür, sizin qarmonla dəyişək. Mən atamdan icazəsiz bunu edə bilməzdim. Odur ki, hörmət - izzətlə sağollaşıb getdim". Y.Yusifov ötən əsrin 40 - cı, 50 - ci illərində Ağdamın yerli radio qovşağı ilə tez - tez konsertlər verərdi. Xanəndələrdən əvvəllər Xan Şuşinski, Mehralı oğlu Bahadur, sonralar Şahmalı. Kürdoğlu, Mürşid Məmmədov, Bakir Haşımov və digərlərilə Ağdam və onun ətraflarında çalıb - çağırardı. O, toy - mağara özüylə tarçalan Lenturuşa Orucovu, Cəlal Əliyevi, qavalçalan Bəhram Səfərovu aparırdı. Yusif ǝmi Həmişə Qarabağın nüfuzlu sənətkarı olub. O, ifaçılq sənətimizdə 60 yaşa qədər çalışıb. 1958 - ci ildə Ağdam şəhərində tarzən Cəlal Əliyevin direktor olduğu uşaq musiqi məktəbində qarmon sinfi açılarkən dərs demək üçün Y.Yusifov dəvət olunur. O, burada böyük həvəslə işə başlayır və xalq musiqimizin tədrisinə canıyananlıq edir. Buradakı yetirmələrindən Vaqif Məmmədov, Ramiz Səfərov və digərləri ondan çox şey öyrənirlər. Yetirmələri bu gün də onu qǝdirbilənliklə yad edirlər. Yusif əmi pensiya yaşına qədər həmin musiqi məktəbində çalışmışdı. Qavalçalan çopur Xanlar danışırmış: "Ağdam mədəniyyət evində təşkil olunan konsertdə çalıb - oxuyanlar çox idi. Ardıcıllıqla hər bir sənətkar səhnəyə çıxıb ifasını göstərirdi. Səhnəkənarı otaqda tanımadığım kor kişi oturmuşdu. Səhnədən yanıqlı "Segah" səsi gəlirdi. Bu Kərbəlayi Abutalıbın qarmonunun səsi idi. Kor kişi dedi: - səs salmayın, dinməyin, sakit olun, eşidin neca çalır ey...ay aman, bu nə çalmaqdı?! O, hıçqırıb ağlayaraq bir əli ilə başına vurmağa başladı. Qarmonun səsi, Abutalıbın "Segah"ı ona təsir etmiş, kövrəltmişdi. Məlum oldu ki, bu kişi məşhur qarmonçu Kor Əhəd imiş". Yusif belə bir sənətkardan, doğma qardaşı Abutalıbdan dərs almışdı. Bütün fəaliyyəti boyu Yusifin çalğısında ustadı Abutalıbın üslubu özünü biruzə verməkdəydi. Axı, Abutalıb da o dövr üçün hazırlanan yarımtonsuz qarmonda çalmış, körüklə işləməyə üstünlük vermişdi. Fazil Yusif oğlunun dediklərindən: "Xan əmi danışırdı ki, Abutalıb körüklə işləyərək "Şikǝsteyi - fars" ı elə çalırdı ki, onun təsirindən oxumaq çətinləşirdi. Mən heç bir qarmonçudan belə "Şikəsteyi - fars" eşitməmişəm. Bu başqa aləm idi. Doğrudan da o qədər gözəl çalırdı ki, oxumaq zəif, cılız alınınrdı". Xan Şuşinski Abutalıbın həmin muğamdakı çalğısını bənzətmək, oxşatmaq üçün zümzümə edərək əyani şəkildə təsəvvürünü yaradırmış. Y.Yusifov uşaqlıq və gənclik illərində Kərbəlayi Lətifi (1876 - 1944) də çox dinləmişdi. Ona hǝmişə hörmətlə yanaşırdı, adını hər yerdə əziz tuturdu. Gənc Yusif vədələşdiyi toylara Kərbəlayi Lətifi də özüylə aparır və bu qocaman sənətkarın bir daha el şənliklərində olmasından qürur duyurdu. Burada bir incə mətləb də var idi. Xiridar olanlar, bu işə bələd insanlar yaxşı bilirlər ki, o dövrdə yaşlı sənətkarların qazancları olmadığı üçün dolanışıq çətinliyinə düşürdülər. Bu sənət gənclik üçün daha münasib olduğuna görə qocaman sənətkarların məclislərə dəvəti məndudlaşırdı. Həmin məsələ bizdə həmişə belə olub, bu gün də belədir. Cənc Yusif incə duyumla müdriklik göstərərək Kərbəlayi Lətifi öz dəstəsinin tərkibində ağsaqqal kimi toylara apararaq, onun da ifasına imkan yaradar və maddi təminatına kömək edərdi. Zənnimcə bu günki gənclik, cavan xalq musiqiçilərimiz o zamanlar Yusifin etdiyi müdrikanə hərəkətindən və səxavətindən nümunə götürməlidirlər. Yusif Yusifov 1931 - ci lidə ailə qurub. Dörd oğul və iki qız böyüdüb. Dördüncü övlad Fazil atasının sənət yolunu davam edərək qarmon ifaçısı kimi özünü təsdiq edib. Y.Yusifov 1992 - ci ildə dünyasını dəyişib.
___________________________________________________________________________________________________________________
Əhsən Rəhmanlı “Qarmon ifaçılığı sənəti və onun Azərbaycanda tədrisi”, Bakı “MBM” 2014, Səh. 81 – 84.