AZƏRBAYCAN musiqiçiləri arasında adı hörmətlə yad edilən məşhur qarmonçalan Kərbəlayi Lətif əlli il Azərbaycan milli mədəniyyətinin inkişafına xidmət etmişdir. Lətif Hüseyn oğlu 1876 - cı ildə Şuşa şəhərində anadan olmuşdur. Onun atası Hüseyn kişi çəkməçiliklə məşğul idi. Lakin həvəskar musiqiçi kimi tanınmışdı. Hüseyn kişinin iki oğlu vardı. Məhəmməd və Lətif. Onlar ataları Hüseyn kişinin çəkməçilik sənətini öyrənməklə bərabər musiqiyə xüsusi həvəs göstərirdilər. Lətif atasından qarmon çalmaq öyrəndikdən sonra gözəl səsi olan böyük qardaşı Məhəmmədlə birlikdə məhəllə şənliklərində və ayrı - ayrı ailə məclislərində çıxış etməyə başlayır. Az keçmir ki, böyük qardaş çəkməçi Məhəmməd adı ilə Qarabağın məşhur xanəndələrindən biri olur. O, uzun illər Məşədi Zeynal Bala Məlikov kimi virtuoz tarzənlərlə Qarabağ, Gəncə və Tiflis məclislərində istedadlı bir xanəndə kimi çalıb - çağırır. Şübhəsiz ki, Lətifin musiqi sənətinə dərindən yiyələnməsində böyük qardaşı Məhəmmədin də ciddi təsiri olmuşdur. Kərbəlayi Lətif uzun illər Qarabağ məclislərində qardaşı Məhəmmədi, Malıbəyli Cümşüdü, Keçəçi oğlunu, Pəsxan Cəlili və Qəssab Abışı qarmonu ilə müşayiət etmiş, xalq arasında «şirin barmaqlar» adı ilə şöhrət qazanmışdı. 1914 - cü ildə bütün Qafqaz ölkəsində usta qarmonçalan kimi məşhur olan K. Lətif «Ekstrafon» aksioner cəmiyyəti tərəfindən Kiyev şəhərinə dəvət edilmişdir. O, burada «Şur», «Orta mahur», «Rast», «Bayatı - Qacar», «Çoban - bayatı» sı, «Segah» və s. muğamları, «Qızılgül», «Turacı», «Vağzalı» kimi bir çox oyun havasını qarmonda ifa edib vala yazdırmışdır. Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra Kərbəlayi Lətif Şuşada açılan musiqi məktəbində gənc nəslin təlim - tərbiyəsi ilə məşğul olmağa başlayır. Qarmonçu Lətif 1922 - ci ildə İran, İraq və Ərəbistan ölkələrinə səyahətə çıxır. O, klassik şərq musiqisi ilə yaxından tanış olmaq imkanı əldə edir. O, xarici səfərdən öz doğma vətəninə qayıdandan sonra öz bilik və təcrübəsini xalqın xidmətinə vermişdir. Kərbəlayi Lətif Azərbaycanda, hətta Zaqafqaziyanın bir çox şəhər və kəndlərində klassik muğamları müvəffəqiyyətlə ifa edərək dinləyicilərin dərin rəğbətini qazanmışdı. Kərbəlayı Lətif istedadlı bir musiqiçi kimi Şuşa, Ağdam, Bərdə dram teatrlarında uzun illər fəaliyyət göstərmiş, respublika olimpiadalarında dəfələrlə mükafata layiq görülmüşdür. O, 1935 - ci ilin dekabr ayında Bakıda, Azərbaycan Şura Cümhuriyyətinin XV illiyi münasibəti ilə keçirilən 1 - ci bədii özfəaliyyət olimpiadasında iki qarmonda «Bayatı - Qacar» və «Segah» muğamlarını məharətlə çalaraq birinci yeri tutmuşdu. «Kommunist» qəzeti bu münasibətlə Lətif Əliyevin şəklini vermiş, onun haqqında səmimi sözlər yazmışdır. 1939 - cu ilin oktyabr ayında SSR Xalq Komissarları Soveti nəzdində olan İncəsənət İşləri İdarəsinin qərarına görə Moskvada xalq musiqi alətlərində çalanların Ümumittifaq baxışı keçirildi. Bu baxışda həm professional, həm də həvəskar musiqiçilər iştirak edirdilər. Kərbəlayı Lətif Ümumittifaq baxışında milli musiqi havalarını böyük ustalıqla ifa edib tərifnaməyə layiq görülmüşdü. O, saysız - hesabsız el nəğmələrinin mahir bilicilərindən biri idi. Lətif istər milli oyun havalarını, istərsə də mahnılarını əzbərdən bilir, bunların hər birini ayrı - ayrılıqda məharətlə çalırdı. Təsadüfi deyildir ki, məşhur sovet bəstəkarı R. Qlier «şahsənəm» operası üzərində işlərkən Qarabağa getmiş və orada Kərbəlayı Lətifin ifasında otuza yaxın el mahnısı nümunəsini öyrənmiş və yazıb götürmüşdür. Görkəmli bəstəkar Əfrasiyab Bədəlbəyli isə 1936 - cı ildə «Qız qalası» baletini yazarkən, məşhur rəqqasə Qəmər Almaszadə ilə birlikdə Şuşa şəhərinə - Kərbəlayi Lətifin yanına gedir. Kərbəlayi Lətif onlara Şuşanın məşhur rəqqasələrinin oyun texnikası, milli oyun havaları haqqında ətraflı məlumat verir. Kərbəlayi Lətif öz sənətinin vurğunu idi. Məhz ona görə də öz bilik və təcrübəsini heç kəsdən əsirgəməzdi. Bu sadə, xeyirxah və nəcib insan hər kimdə musiqiyə həvəs, meyl görürdüsə, ona qayğıkeş bir müəllim kimi kömək edər, öz sənətinin sirrini ondan əsirgəməzdi. Ustad qarmonçu Kərbəlayi Lətif 1944 - cü ilin dekabr ayının 6 - da Bərdə şəhərində vəfat etmişdir.
F. Şuşinski “Azərbaycan xalq musiqiçiləri”, Bakı “Yazıçı” 1985, Səh. 189 – 190.
_______________________________________________________________________________________________________________________________________
Kərbəlayi Lətif 50 il Azərbaycan milli mədəniyyətinin inkişafına xidmət etmişdir. Lətif Hüseyn oğlu 1876 - cı ildə Şuşa şəhərində anadan olmuşdur. Lətif qarmon çalmağı öz atası çəkməçi Hüseyndən öyrənmişdir. O, sonralar püxtələşərək öz qarmonu ilə neçə - neçə məşhur Qarabağ xanəndələrini müşayiət etmiş, xalq arasında "Şirin barmaqlar" adı ilə şöhrətlənmişdi. Artıq 1914 - cü ildə Kərbəlayi Lətif bütün Qafqaz ərazisində yaxşı qarmonçalan kimi tanınırdı. Həmin ildə ustad sənətkar "Ekstrafon" Aksioner Cəmiyyəti tərəfindən Kiyev şəhərinə dəvət edilir. Onun ifasında "Şur", "Orta Mahur", "Rast", "Bayatı - qacar", "Segah", "Çoban bayatı" muğamları, "Qızıl gül", "Turacı", "Vağzalı", kimi oyun havaları qammafon valına yazılmışdı. Kərbəlayi çalıb - çağırdığı toy - büsat məclislərində, gəzib - dolandığı yerlərdəki çıxışlarında qarmonu musiqi aləti kimi sevdirə bilmiş, bu sənətin həqiqi təbliğatçısı kimi fəaliyyət göstərmişdir. Lətif Hüseyn oğlu Sovet dövründə Şuşada açılan musiqi məktəbində dərs deyərək biliyini gənclərə öyrətmişdir. 1922 - ci ildə qarmonçalan Lətif İran, İraq və Ərəbistan ölkələrinə səyahətə çıxaraq orada klassik Şərq musiqisi ilə yaxından tanış olur. Səfərdən vətənə dönən sənətkar bilik və bacarığı ilə doğma xalqına daha həvəslə xidmət etmişdir. Kərbəlayi Lətif bütün fəaliyyəti boyu doğma Azərbaycanın, hətta Zaqafqaziyanın bir çox şəhər və kəndlərində klassik Azərbaycan muğamlarını ürəkdən, sevə - sevə ifa edərək uğurlar qazanıb dinləyicilərin sevimlisi olmuşdur. İstedadlı şəxs olan Kərbəlayi Lətif Ağdam, Bərdə teatrlarında uzun illər musiqiçi kimi çalışmışdır. O, Respublika "Baxış - müsabiqǝ" lərində çıxış edǝrǝk dəfələrlə mükafata layiq görülmüşdür. 1935 - ci ildə Bakıda keçirilən "I bədii özfəaliyyət olimpiadası"nda qarmonda məharətlə "Bayatı - Qacar" və "Segah" muğamlarını çalaraq birincilik qazanmışdır. 1939 - cu ildə Moskvada həm həvəskar, həm də peşəkar musiqiçilərin iştirak etdiyi "Ümumittifaq baxış - müsabiqəsi" ndə Azərbaycan milli musiqi havalarını ifa edən Lətif Əliyev Vətənə tərifnamə ilə qayıtmışdır. O, muğamlarımızın, saysız - hesabsız el nəğmələrinin yaxşı bilicisi kimi tanınırdı. Lətif istər oyun havalarını, istərsə də mahnıları əzbər bilir, onların hər birini ayrı - ayrılıqda ustalıq və məharətlə ifa edirdi. Məşhur bəstəkar R.Qlier "Şahsənəm" operası üzərində işlərkən Qarabağa getmiş və orada Lətif Əliyevin ifasında otuza yaxın el mahnısı nümunəsini öyrənərək nota yazmışdır. Həmçinin bəstəkar Ə. Bədəlbəyli 1936 - cı ildə "Qız qalası" baletini yazarkən, məşhur rəqqasə Qəmər Almaszadə ilə Şuşaya gedərək Kərbəlayi Lətiflə görüşüb. Lətif onlara Şuşanın məşhur rəqqasələrinin oyun tərzi, ifaçılıq texnikası, milli oyun havaları haqqında məlumat verib. Ustad musiqiçi özündən sonra sənətə gələn sənətçilərə öz bilik və bacarığını, ifaçılığın sirlərini həvəslə və qayğıkeşliklə öyrətmişdir. Ondan qarmon ifaçılığını öyrənənlər sonralar bu sənətin inkişafına xidmət etmişlər. Ustad qarmonçu Kərbəlayi Lətif 1944 - cü ilin dekabr ayında Bərdə şəhərində vəfat etmişdir.
___________________________________________________________________________________________________________________
Əhsən Rəhmanlı “Qarmon ifaçılığı sənəti və onun Azərbaycanda tədrisi”, Bakı “MBM” 2014, Səh. 32 – 34.