İctimai fikir tariximizdə və ədəbiyyatımızda özünə böyük yer tutan Mirzə Cəlil deyirdi: "Elǝ yaşayasan ki, öləndən sonra da ölməyəsən". Öz dövründə ifaçılıq sənətimizdəki misilsiz xidmətilə sayılıb seçilən, qarmon sənətimizdə klassikləşən, bu gün də hörmətlə anılan, həmişə xatırlanan, onu görüb dinləyib, çalğısını eşidib sevənlərin, yaxından tanıyanların qəlbində yaşayır bu insan. Məmmədağa Əkbər oğlu Ağayev 1919 - cu il dekabrın 20 - də Bakıda anadan olub. Əkbər Ağayev ticarətçi idi. Evini, ailəsini kifayət qədər yaxşı dolandırırdı. O, tanınmış Seyyid nəslindən olan Seyyid Əhmədin qızı Umuxanımla ailə qurmuşdu. Onların 2 oğlu, bir qızı var idi. Umuxanım əla qarmon çalırdı. Seyyid ailəsindən olduğu üçün toylara getməmişdi. Boş vaxtlarında uşaqlarını başına toplayıb sevimli qarmonunu həvəslə dilləndirirdi. Məmmədağa kiçik yaşlarından qarmona maraq göstərirdi. O, qarmon çalmağı anasından öyrənmişdi. Ata - ana övladlarının gələcək həyatı, xoşbəxtliyi naminə bacardığını əsirgəmir, hər birinin savadlanmasına çalışırdı. Məmmədağanı 1927 - ci ildə məktəbə qoyurlar. O, bacarığı və qabiliyyəti ilə tay - tuşları arasında seçilirdi. Musiqiyə vurğun Məmmədağa anasından öyrəndiyi bütün havaları yaşına uyğun tərzdə, bacardığı qədər yaxşı çalırdı. Anasının yarımtonsuz, bircǝrgəli qarmonu onun karına gəlirdi. Sənəti daha mükəmməl öyrənsin deyə Məmmədağa Əhəd Əliyevdən də müəyyən qədər dərs alıb. Ustad sənətkar Mǝmmədağanın istedadını duyub, onu həmişə təriflərmiş. Məmmədağa yetkinlik yaşlarından toylara çağrılır. Get - gedə tanınmağa başlayır. Sənət aləminə daxil olandan sonra dost - tanışı artıb çoxalır. İfaçılıq dairəsi də genişlənir. Tam peşəkar kimi qəbul olunandan sonra Məmmədağa radionun canlı konsertlərinə dəvət olunur. Oyun havalarını şən, oynaq səpgidə çalan Məmmədağa geniş miqyasda tanınır. Tamlıq və bütövlük Azərbaycan insanı üçün əsas cəhətlərdən sayılır. Ulularımız və böyüklərimiz bütöv və tam insan olmuşlar. Genindən gələn saflıq, atadan aldığı əxlaq, tərbiyə, anasından eşitdiyi öyüd - nəsihət öz müsbət nəticəsini verdiyi üçün gənclik illərində Məmmədağa artıq bütöv və tam insan idi. Odur ki, dövrünün ən yaxşı və tanınan sənətkarları Məmmədağanın əxlaq və davranışını bəyəndiyi üçün onu öz toy dəstələrinə götürmüş və müxtəlif yerlərə apararmışlar. Böyük sənətkarlarla oturub - durması, sənət əlaqələri gənc qarmonçunu daha da formalaşdırır. Tez - tez xanəndə dəstələrilə toylara çağrılan Məmmədağa tar - kamanı diqqətlə dinlər, oxuyanın muğamda işlətdiyi usta gəzişmələri mənimsər, muğamları yaxşı öyrənməyə çalışardı. Onun özünün zövqü, musiqi duyumu, fikirləri ilə düzəltdirdiyi xromatik qarmonlar bir - birindən yaxşı, gözəl səsləri ilə seçilən alətlər olub. Karpuşkinlə və digər ustalarla həmişə fikir mübadiləsi aparan Məmmədağanın əlinə ən güclü səslənən alətlər gəlib çıxardı. Gənclik illərindən Məmmədağa Əhədin, Teyyubun ifasını həmişə dinləmiş, Azərbaycan qarmon ifaçılığı yolunu düz tutaraq istər solist, istərsə də musiqi heyətləri tərkibində qarmonunu layiqincə və ustalıqla səsləndirmişdir. Böyük sənətkarlar, xanəndələr, tarzənlər, kamançaçalanlar, balaban və klarnet ifaçıları ilə daim sənət ünsiyyətində olan Məmmədağa sənətdə pillə - pillə, addım - addım irəliləmiş, peşəkar ifaçılıqda özünə yol açaraq dəsti - xətt yaratmışdır. Onun dəsti - xətti ondan ibarətdir ki, o, qarmon ifaçılığına cǝld, çevik, sürətli çalğı, iti barmaqlar gətirmişdir. M.Ağayev xalqımızın cǝld raqs havalarından "Qazağı", "Şalaxo", "Xançobanı", "Bakı", "Tiflisi" və s. melodiyaları coşqun ruhla, öz ifa tərzi, öz xalları ilə məharətlə çalmışdır. Onun ifaçılıq texnikasını nəzərə alıb 1939 - cu ildə Azərbaycan Dövlǝt Filarmoniyasına, mahnı və rəqs ansamblına musiqiçi dəvət edirlər. Bir neçə il burada çalışdıqdan sonra o, Dövlət Filarmoniyasında solist qarmonçalan kimi fəaliyyətini davam etdirir. Bununla bərabər 1940 - cı illərdə T.Dəmirovdan sonra M.Ağayev Ə.Bakıxanovun rəhbərlik etdiyi xalq çalğı alətləri ansamblında çalır. Hörmətli sənətkarımız 1978 - ci ilə qədər filarmoniyada solist işləmişdir. Bu dövr ərzində o, bir neçə dəfə yenidən Dövlət Mahnı və Rəqs ansamblına qarmonçalan dəvət olunmuş, 1950 – 1951 - ci illərdə və 1956 - cı ildə bu kollektivdə çalışmışdır. 1978 - ci ildə Azərbaycan Dövlət Qastrol - Konsert Birliyi yaranarkən Filarmoniyanın bütün solistlərilə birlikdə M.Ağayev də adı çəkilən müəssisəyə keçirilmişdir. 1941 – 1945 - ci illər Sovet - Alman müharibəsi zamanı M.Ağayev konsert briqadalarının tərkibində döyüş bölgələrində və hospitalarda saysız - hesabsız çıxışlar etmişdir. O, dövlət rǝhbərləri tərəfindən tərifnamələr və fəxri fərmanlar almışdır. M.Ağayev 1946 - cı ildə Böyükxanım Ağa Həsən qızı ilə ailə qurub. Hər ikisi seyyid nəslindən olan ər - arvad xoşbəxt ömür sürərək həyata iki oğul, iki qız gətirmişlər. Yüksək mədəniyyətə, dərin elm və biliyə sahib olan Böyükxanım həkim idi. Onların dörd nəvəsi, altı nəticəsi vardır. M.Ağayev 1950 - ci ildə Sənaye İnstitutunun energetika fakültəsini bitirmişdir. Həmin ildən başlayaraq müəyyən dövr ərzində Azərbaycan Baş Enerji İdarəsində mühəndis işləmişdir. Yeri gəlmişkən bir məsələni də desək yaxşı olar. 1930 - cu illərin sonunda Məmmədağa Bakı Energetika Texnikumunu da bitirmişdi. İçərişəhərdə ailə üzvləri ilə yaşadığı üçmərtəbəli mülkün birinci mərtəbəsində M.Ağayev özünə xüsusi musiqi otağı ayırmışdı, burada tez - tez məşq edər, sənət dostlarını oraya toplardı. Hamı ilə səmimi ünsiyyət yaradan Məmmədağanın evinə bütün sənət dostları, o cümlədən Əbülfət Əliyev. Qulu Əsgərov, Eynulla Cəbrayılov, Əliyar Əmirov, Rübabə Muradova, Şövkət Ələkbərova, Sara Qədimova, Bəhram Mansurov, Hacı Məmmədov, Tǝlət Bakıxanov, Səfərəli Vəzirov və b. gəlirdilər. Xalq oyun havalarımızın gözəl ifaçısı olan M.Ağayev özü də neçə - neçə rəqs melodiyalarının bəstəçisi idi. 1960 - cı ildə Respublika Xalq Yaradıcılığı evi M.Ağayevin "10 rəqs" adlı monoqrafiyasını Azərbaycan Dövlət Musiqi Nəşriyyatı tərəfindən buraxdırmışdır. Burada toplanan və ustad qarmonçumuzun bəstələdiyi rəqs melodiyalarının 10 ədədi bəstəkar T.Quliyev tərəfindən fortopiano üçün işlənərək nota salınmışdır. Rəqs havalarının adları aşağıdakılardır: "Gənclik rəqsi", "Mahnı – rəqs", "Yeni rəqs", "Qaytağı", "Baharı", "Naz elə", "Rövşəni", "Şamaxı rəqsi", "Ağır rəqs". "Nuxa rǝqsi". Məmədağanı özlərinə müəllim bilən, ustad sanan neçə qarmonçu, o cümlədən Qızxanım Dadaşova 1940 - cı illərdə onun evinə gələrək sənət mübadiləsi edər, fikir və düşüncələrini bölüşər, ifasını dinlər və muğamları öyrənirmiş. Yeri gəlmişkən deməliyik ki, oyun havalarımızın ən mahir ifaçısı sayılan Məmmədağa müəllim muğamlarımızın əsl bilicisi və gözəl ifaçısı olmuşdur. 1946 - cı ildə Kübra Əbilova Məmmədağadan dərs almışdır. 1946 - 1950 - ci il ərzində Musa Hǝsənov, 1950 - ci illərdə Həmid Haqverdiyev, İsmayıl Dadaşov (Təbrizli), Həsənağa İçərişəhərli və başqaları Məmmədağa müəllimdən sənətin sirlərini öyrənmişlər. M.Ağayev 1948 – 1950 - ci illərdə Sumqayıt şəhərindəki kimyaçıların mədəniyyət sarayında ansambl rəhbəri işləyib. O, 1956 - cı ildən 1964 - cü ilə qədər Səttərxan adına (keçmiş adı Leytenant Şmidt) zavodun mədəniyyət və texnika sarayındakı "Coşqun" rəqs ansamblında müşayətçi – qarmonçalan kimi çalışmış, Azərbaycanın hər yerində və Sovet dövlətinin əksər respublikalarında konsertlərdə olmuşdur.
1961 – 62 - ci illərdə qarmonçalanlardan Zakir Mirzəyev, 1963 – 1964 - cü illərdə Aftandil İsrafilov də həmin rəqs kollektivində M.Ağayevlə çiyin - çiyinə çalışaraq ustad sǝnətkardan rəqs quruluşlarının və kompozisiyaların müşayiətini öyrənmişlər. Ümumittifaq qarmmafon valları firması ustad qarmonçalanın valını buraxdırmışdır. İfaçı bu vallarda "Şalaxo", "Tiflisi", "Tərəkəmə", "Qaytağı", "Azərbaycan", "Vağzalı" oyun havalarını, "Şur" və "Cahargah" muğamlarını çalmışdır. Sənətkarı nağarada Böyükağa Muradov və Vasif Əliyev müşayiət etmişdir. Yazımızın əvvəllərində söyləmişik ki, qarmon ifaçılığı yarananda ritm müşayiətçisi dəfçalanlar olmuşlar. Elə M.Ağayev də radioda ilk əvvəl yazdırdığı lentlərdə oyun havalarını dəfçalan Əzizağa Nəcəfzadənin müşayiətilə çalmışdır. Onun dəfçalan Paşa Ələkbərovla da yoldaşlığı olmuşdur. Qarmon - nağara çalğısının birlikdə təşəkkül tapmasından başlayaraq B.Muradov va V.Əliyev istər radioda və televiziyada, istərsə də digər konsertlərdə və toy şənliklərində M.Ağayevin ifalarını müşayiət etmişlər. Hər iki nağaraçı Məmmədağanın sadiq dostu olmuşlar. Klarnetçalanlar Adil Bayramov, Əliağa Əliyev də uzun illər M.Ağayevlə yaxın sənət yoldaşlığı etmişlər. Aşağıda biz M.Ağayevin ifaçında radionun fonduna yazılan və bu günə qədər qorunan rəqs melodiyalarının və muğamların siyahısını göstəririk: "Vağzalı", "Mirzəyi", "Yüz bir", "Nazbarı", "Azərbaycan", "Dərbəndi", "Beş nömrə", "İnnabı", "6 nömrǝ", "14 nömrə", "Lətifə", "Brilliant", "Toy rəqsi", (Cahangir Cahangirov), "Sevinc rəqsi" (R.Əfəndiyev), "Tibilisi" (Ə.Tağıyev) "Gözüm səndədir", "Xalabacı", "Bənövşə", "Uzun dǝrǝ", "Tərəkəmə", "Bəxtəvəri", "Hüsnyar", "Qars", "Əsgəranı", "Bağdaduri", "Bakı", "Xançobanı", "Tiflisi", "Şalaxo", "Qazağı", "Turacı", "Şəlalə", "Naz eləmə", "Gənclik rəqsi", "Naz elǝ". Muğamlar: "Humayun", "Segah", "Çahargah", "Zabul", "Bayatı - Qacar". Respublikanın xalq artisti, tarzən H.Məmmədovun rəhbərlik etdiyi xalq çalğı alətləri ansamblında 1960 - cı illərdə çalışan M.Ağayev keçmiş SSRİ məkanının böyük şəhərlərində, o cümlǝdǝn Leninqradda, Riqada, Rumuniya, Polşa, Bolqarıstan kimi xarici dövlətlərdə möhtəşəm konsertlərdə olmuşdur. Sənətə qədəm qoyandan ta ömrünün sonuna qədər xalqımıza sədaqətlə xidmət edən bu ulu sǝnətkar Bakıda və Azərbaycanın bütün bölgələrində, Zaqafqaziya respublikalarında toylarda, konsertlərdə çalaraq çox böyük ifaçılıq sənəti göstərmişdir. Böyük sənətkarımızı xüsusilə Qarabağda həmişə səbirsizliklə gözləmiş, toylara gələndə bəzən həftələrlə, aylarla qonaq saxlayaraq, ən böyük məclislərə dəvət edərək sənətindən layiqincə bəhrələnmişlər. M.Ağayevin toylara çağırıldığı Ağdam, Ağcabədi, Bərdə rayonlarının yaşlı nümayəndələri və qocaman sənətkarları onun toy çalğılarını bu gün də xatırlayırlar. M.Ağayev Qarabağa tək dəvət olunar, orada yaşayan ən mahir sənətkarlarla çalıb - çağırarmış. Çox halda özü ilə dostu, nağara ifaçılığında ən yaxşılardan sayılan B.Muradovu da apararmış ki, muğam dəramədlərini, rəngləri və oyun havalarını daha dəqiq və səviyyəli çala bilsin. Ağdamlı məşhur tarzən Xosrov Fərəcov, Cəlal Əliyev, Abbas Yusifovun dəvətilə 1963 – 1966 - cı illərdə Qarabağa tez - tez dəvət olunan M.Ağayev getdiyi yerlərdə misilsiz peşəkarlıq və yaddaşlara köçən sənətkarlıq göstərmişdir. Abbas Yusifov həm tarzən, həm də qavalçalandır. O, Məmmədağanın yanında qaval çalırmış. Külli Qarabağ musiqiçiləri nəcib, mehriban, təmiz, pak insan olan M.Ağayevi əzizlər, evlərində qonaq saxlardılar. Ağdamın özündə, Bərdə və Ağcabədi şəhərlərində, o cümlədən böyük qəsəbə olan Hindarxda çalınan toylarda M.Ağayevlə birlikdə xanəndələr Əbülfət Əliyev, İldırım Həsənov, Aydın Məmmədov, Barat Fərhadov, Bərdəli Cəlal kişi olarmış. 82 yaşlı tarzən Cəlal Əliyevin dediklərindən: "Məmmədağanın məclislərimizə gəlməsini toyların sahibləri xahiş edirdilər. O da, böyük məmnunluqla dəvəti qəbul edərdi. Gözütox, əxlaqlı, ağır təbiətli və olduqca səmimi insan idi. Sənəti xasiyətindən, rəftarı, davranışı sənətindən gözəl olaraq bir uyğunluq yaradırdı. Toylarda solo çıxışlarda ən çox "Cahargah", "Bayatı - qacar". "Segah" muğamlarını xüsusilə təsirli çalırdı. Ağdamlı qarmonçalanlardan Y.Yusifov, Ə.Quliyev, Y.Zeynalov və Müzəffər müəllimlə yaxın dostluq edərdi". Ömrünün hər bir anını, ən mənalı çağlarını Azərbaycan incəsənətinə, musiqi mədəniyyətinə, ifaçılıq sənətimizin daha da yüksəlməsinə həsr edən böyük sənətkarımız Məmmədağa Ağayevə fəxri ad verilməmişdir. Heç bir xəstəlik keçirməyən bu nəcib insan 1982 - ci il aprel ayının 1 - də qəflətən vəfat etmişdir. Onun adı daim musiqi tariximizdə yaşayacaq və xatirələrdə qalacaqdır. Doğrudan da Qarabağın əksər yerlərində onun xətrini əziz tutanlar, sənətini sevənlər, dost - tanışlar çox idi. Ağcabədi rayonunun Boyat (əslində tarixi adı Bayat) sovetliyinin Bilağan kəndində Soltanov Mehdixanın, onun qardaşının və qohumlarının toyunda Məmmədağa Ağayev çalmışdı. O, xalqın qəlbinə yol tapan, insanların ruhuna hakim kəsilən ifasıyla, şən, oynaq, ritmik, sümüyə düşən oyun havaları və bir də ki, sadəliyi, mehribanlığı ilə camaatın sevimlisinə çevrilmişdi. Bilağan camaatı ilə ünsiyyət bu kəndin neçə - neçə hörmət - izzətli şəxsləriylə Məmmədağa arasında dostluq münasibəti yaratmışdı. Bu dostluq Məmmədağa ilə Ənvər Ələsgər oğlu Hüseynovun kirvəlik qohumluğuna səbəb olmuşdu. Həmin kəndin sakini, dil - ədəbiyyat fənni üzrə müəllim, həvəskar qarmonçalan, xalq oyun havalarını sevə - sevə ifa edən, Məmmədağa sənətinin vurğunu, 70 yaşlı Mübariz Məmmədovun xatirələrindən: "Mən əlimə qarmon aldığım ilk anlardan radioda çıxış edən qarmonçalanları həvəslə dinlər və "Kazan" qarmonumla yamsılayardım. Teyyub Dəmirov, Məmmədağa Ağayev, Səfərəli Vəzirov və başqalarının çaldıqlarını maraqla izləyirdim. Bir gün eşitdim ki, M. Ağayev qonşu kəndə toya gəlib. O vaxtlar mənim 14 - 15 yaşım ancaq olardı. Böyüklərə qoşulub mən də o toya getdim. O vaxta qədər Məmmədağa müəllimi görməmişdim. Mağarın bir tərəfində kirimişcə ǝyləşib maraqla tamaşa edirdim. "Bulaq başında" mahnısı dəbdə idi. Sahib Şükürov da həmin mahnını oxumuşdu. Mən bu mahnını yaddaşımda saxladım və evə gələn kimi qarmonda çalmağa başladım. Bundan bir - neçə il sonra kəndçimiz Mehdixan M. Ağayevi öz toyuna gətirmişdi. O, bu ustad sənətkarla dostluq edirdi. O vaxtlar bizim tərəflərdə toylar 3 gün 3 gecə çalınırdı. Sənətinin vurğunu olduğum böyuk sənətkarla tanışlığım burada yarandı. Bu təxminən 1960 - cı ilə təsadüf edir. Rəqs edən bir qadın "Dəsmalı" havasını sifariş verdi. Məmmədağa müəllim bir anlıq duruxdu və dedi: "Mən belə hava eşitməmişəm". Belə olduqda məni tanıyanlar söylədilər ki, ay ustad, incimə, icazə versən bu uşaq o havanı çala bilər, özün də bir az dincələrsən. Məni onun yanına çağırdılar. Utanıb pörtmüşdüm. O isə mənə ürək - dirək verib dedi, qorxma, çal. Qarmonu mənə verdi, mən bacardığım qədər bu havanı çaldım. Ustad qarmonçu mənə və camaata bildirdi ki, bu xalq havasının adı "Dəsmalı" deyil, "Qoçəlidir". O, qarmonunu götürüb bu rəqsi o qədər gözəl çaldı ki... Mən ondan öyrəndiyim şirin xallarla "Qoçəli havasını öz ifamda təkmilləşdirdim. Haşiyə: "Bölgələrimizdə bəzən rəqs havalarımızın və mahnılarımızın adlarını dəyişik salırlar. Əslində "Dəsmalı" adında xalq rəqs havamız var, "Qoçǝli" deyil, bir ayrı melodiyadır. Gənclik illərində toylarda çalarkən rayonlarda bəzi rəqs havalarının, həmçinin "Pambığı", "Dəsmalı" və s. kimi rəqs melodiyalarının adlarına rast gəlirdim - Ə.R." Kaş o vaxt indiki kimi, texniki imkanlar, çəkiliş qurğuları olaydı. M.Ağayevin çalğılarını, o vaxtkı toyların gözəlliyini lentlərə, disklərə köçürüb indi baxaydıq. Ancaq onu da deyim ki, insan yaddaşı da çox şeyə malikdir. Lap kameradan da yaxşı çəkərək özündə saxlayır. Əlbəttə, hər insanın özü üçün. O zamanlar bizim toylarda xanəndə, tar, qarmon va qaval ifaçıları olardı. Səsgücləndirici cihaz, mikrofon yox idi. Məmmədağa müəllimin bu dediklərimə ehyacı olmazdı. Elə çalardı ki, səs hər yerə yayılar, tam eşidilərdi. Barmaqları qarmonun şirmayı dilləri üzərində ildırım kimi çaxardı. Görüb bələd olduqlarımı sözlə ifadə etmək çətindir. İnanın ki, rǝqs edə bilməyənlər də onun ifalarına qol götürüb oynayırdılar. Məmmədağa Ağayev bizim tərəflərə gələndə dəstənin tarçalanı Ağdam Musiqi Texnikumunun direktoru Xosrov Fǝrǝcov, xanəndəsi Əbülfət Əliyev va qavalçalanı ağdamlı Çərkəz olardı. Qonşumuzda üçgünlük toy vardı. Məmmədağa müəllimin yaxınlığında əyləşmişdim. O, fasilələrlə mənə qarmon çaldırıb qulaq asar və bəzi göstərişlər verərdi. Onu da deyim ki, bu mahir sənətkarın sadəliyi, təvəzökarlığı, qəlbitəmizliyi və mehribanlığı adamı heyran edirdi. Açığını deyim ki, havaxt onun haqqında danışıramsa, özümü saxlaya bilmirəm, kövrəlirəm. Onun sənəti məni elə sehirlǝyib ki, heç vaxt bu çevrədən çıxa bilmirəm. Haşiyə (müəllifdən): 2012 - ci il aprel ayının ortalarında Mübariz müəllim və dostu, qarmonçalan İbrahim zəng edərək mənimlə görüşmək istədiklərini bildirdilər. Metronun "Elmlər Akademiyası" stansiyasının yaxınlığındakı çay evində görüşərək şirin söhbətlər etdik. Mən çantamdan foto - şəkilləri çıxarıb onlara göstərdim. Fotolar arasında Məmmədağanın əlində qarmon uşaqlıq, gənclik və sonrakı dövrləri əks etdirən şəkilləri də var idi. Mübariz müəllim ustadının şəkillərinə tamaşa edərək təsirləndi, kövrəldi və ağladı. İlk dəfə bu foto - şəkilləri görməsi ona qiymətli hədiyyə idi. Odur ki, əlini uzadıb əlimi sıxdı və bu zaman əlimdən öpdü. Bu gözlənilməz oldu və əlbəttə mən bunu istəməzdim. O isə səmimiyyətindən, mütəəssir olduğundan, mənə dərin minnətdarlıq hissindən və ən əsası böyük sənətkara, M. Ağayev sənətinə olan sevgisindən bunu etdi. Mübariz müəllim onun foto - şəkillərini öpdü, bağrına basdı və bir daha diqqətlə tamaşa etdi. Hörmətli oxuçu! Belə faktları kitaba daxil etməkdə yalnız bir məqsəd var. Ünlü sənətkarlarımıza olan xalq məhəbbətini göstərmək. Əgər bölgələrimizi gəzib dolaşsaq müqtədir səhətkarlarımız, o sıradan M. Ağayevlə bağlı o qədər maraqlı məlumatlar toplaya bilərik ki...". Mübariz müəllimin xatirələrinə qayıdaq:- Məmmədağaya olan sevgimi bilən Qardaşım Qaryağdı həkim deyir ki, qardaş, səninki artıq patalogiyadır, belə vurğunluq olmaz. Mən orta məktəbi bitirib Bakıya gəldim və Məmmədağa müəllimdən özümə yaxşı bir qarmon aldım. 1963 - cü li olardı... M. Ağayevin qonşu kəndə toya gətirildiyini eşitdim. Bizim ailəyə də "Dəvətnamə" verilmişdi. Babamla birlikdə toya getdik. Məmmədağa müəllim məni artıq lap yaxşı tanıyırdı. Təmtəraqlı, maraq doğuran bir toy idi. Tar, qarmon, kamança, qaval məclisə rövnəq verirdi. Bizim kəndçi, həm də qohum, musiqi müəllimi, xanəndə Sabir Abbasov oxuyurdu. M.Ağayev onun səsinə, xanəndəlik qabiliyyətinə heyran qalmışdı. O, dedi ki, sənin yerin Bakıdır, ora gəlsən geniş fəaliyyətdə olarsan, inkaşaf edib tanınarsan. Hazırda Sabir müəllimin 80 - dən çox yaşı var. Həmin toy şənliyində mən maraqla ustad sənətkarın qarmonuna baxırdım. Məclisin qonaqları lap çox idi. Ustadım camaatın arasından məni gördü. Dərhal da yanına çağırdı, hal - əhvalımı xəbər aldı, mənə verdiyi qarmonu necə işlətməyimi və necə çalmağımı soruşdu. Sonra o, qarmonunu mənə verib dedi ki, bir - iki saatlıq işi var, bir yerə dəyib qayıtmalıdır. Dedi ki, mən gələnə qədər sən çal. Mən o anlarda iki saata qədər ustadımın qarmonunu çaldım. Kamança ifaçısı Bakıdan idi. O, mənə dedi ki, oğul, yaxşı çalırsan, çalış ki, müxtəlif tonallıqlarda işləməyi öyrənəsən. Sonra mənə məlum oldu ki, Məmmədağa müəllim heç yerə getməyibmiş və heç bir işi də yox imiş. Mağarın kənarında dayanıb siqaret çəkərək ifamı dinləyirmiş. Məqsədi çalğımda irəliləyişin olub olmadığını bilmək və lazım olduqda tövsiyə vermək imiş. 1970 - ci ildə mən artıq Azərbaycan Dövlət Pedaqoji İnstitutunda oxuyurdum. Arabir filarmoniyanın bağına gedib M. Ağayevi görürdüm. Mənlə mehriban görüşüb söhbət edər, kənddəkiləri xəbər alar, hamıya salam göndərərdi. Bir dəfə mən ona dedim ki, siz "Şalaxo" və "Tiflisi" rəqslərində çətin keçidlər edirsiniz, mən onları yaxşı öyrənə bilmirəm. O, gülümsəyərək bildirdi ki, bala, o keçidləri çox qarmonçalanlar edə bilmir, gələrsən öyrədərəm". Məmmədağa sənətinin heyranı, vurğunu, fanatı olan Mübariz Məmmədov hər dəfə Bakıya gələndə vaxtilə ustadının yaşadığı İçərişəhərdəki ünvanına gedərək onun evini, ailəsini, hətta qarmonunu da ziyarət edir. Son ziyarətdə Məmmədağanın həyat yoldaşı Böyükxanım hələ sağ idi. O, 2013 - cü ilin yayında dünyasını dəyişib. Mübariz müəllim onun hüzn məclisinə də gedib. Bu kitaba əlavə şəkillər toplamaq üçün 2012 - ci ilin iyun ayında M.Ağayevin evinə getdim. Böyükxanımdan fotoalbomu alıb fotoşəkillər hazırlanan yerə getdim. Şəkillərin surətini çıxarıb qayıdaraq albomu sahibinə qaytardım. Böyükxanım mənə dedi: - Qarmon sənətindən yazdığınız ilk kitabdan bizə bir ədədi çatıb. Nəvələrim isə istəyirlər ki, o kitabdan hər birində olsun. Əgər varsa, həmin kitabdan biz yenə alaq. Cavabında dedim: - Mən həmin kitabın əlavələrlə yeni nəşrini hazırlayıram. Kitab çapdan çıxan kimi sizə gətirərəm. O vaxta qədər mən qalmaram. - Elə deməyin, Allah ömür verǝr, yaşayarsınız və həmin kitabı da görüb sevinərsiniz. Görünür müdrik qadın əcəlin yaxınlaşdığını hiss edibmiş. Yeni kitabın çapdan çıxmasına onun ömrü çatmadı, 85 yaşında həyatla vidalaşdı. Ruhu şad olsun!
___________________________________________________________________________________________________________________
Əhsən Rəhmanlı “Qarmon ifaçılığı sənəti və onun Azərbaycanda tədrisi”, Bakı “MBM” 2014, Səh. 89 – 98.