Milli qarmon sənətimizin görkəmli nümayəndələrindən biri də Səttar Hüseynov (1929 - 1981) olmuşdur. O, bu sənətə sədaqətlə xidmət etmiş və yüksək səviyyəli sənətilə həmişə seçilmişdir. Doğrudan da bir sənətkar kimi xalq musiqimizi dərindən duyan, bilən bu insan qarmon sənətinin xiridarlarından biri olaraq böyük xidmət gösrərmişdir. Bu kitabımızın ayrı - ayrı səhifələrində, qarmon sənətçilərimizə həsr olunan oçerklərdə S.Hüseynovun adı hörmətlə çəkilmiş, xidməti dilə gətirilmişdir. O, uzun illər Dövlət Filarmoniyasında çalışmış, Azərbaycan Dövlət mahnı və rəqs ansamblının aparıcı musiqiçisi, qarmonçalanı olmuşdur. Sənətkar burada məhsuldar çalışmış, ansamblın tərkibində dövlət tədbirlərində, SSRİ respublikalarına səfərlərdə, rayonlarımızda, kolxozlarda, sovxozlarda, çobanların alaçıqlarında verilən konsertlərdə çıxış etmişdir. Səttarın qarmonunun səsi, ifa yolu, çalğı məharəti doğrudan da çalışdığı, könül verdiyi, ürək qoyduğu, ömür həsr etdiyi ansambl üçün yaraşıq, əvəzsiz və bütöv bir sənət idi. O, incəsənət ustalarımızın tərkibində xarici olkə səfərlərində də olmuş, rəqqaslarımızı müşayiət etməkdən əlavə müğənniləri də müşayiət etmiş, solo iafaları ilə də ustalıq göstərmişdir. Dövlət mahnı və rəqs ansamblında Səttar qədər uzun müddət çalışan qarmon ifaçısı olmamışdır. Lakin ona qarşı haqsızlıq olmuş, xidmətləri nəzərə alınmamış və ona heç bir fəxri ad verilməmişdir. Haqsızlıq, diqqətsizlik onun həyatında mənfi izlər qoymaya bilməzdi. Bütün bunların nəticəsi onu aramızdan vaxsız aparmışdır. Milli qarmon sənətimizin şərəf daşıyicılarından biri olan Səttar Hüseynovun adı musiqi tariximizdə yaşamalıdır.
_________________________________________________________________________________________________________________
Əhsən Rəhmanlı “Qarmon ifaçılığı sənəti və onun Azərbaycanda tədrisi”, Bakı “MBM” 2014, Səh. 78,79.