İstedad doğulanın özü ilə dünyaya gəlir. Həyata istedadla gələn və ona uğurlu yol açan bu qabiliyyətdən layiqincə və bacarıqla istifadə edən, özünü sənətdə yaxşı bir ifaçı kimi təstiqlǝyǝn daha bir sənətkarımızdan söz açaq. Hüseyn Həsənǝli oğlu Həsənov 1950 - ci il (Palang ili) aprel ayının 7 - də (qoç bürcü) Bakıda anadan olub. Həsənəli müəllim inzibati işlərdə çalışıb. Üç uşağın, iki qız və bir oğlanın anası Gülsüm xanım balalarını məhəbbətlə böyütmüş, cəmiyyətə layiqli övladlar bəxş etmişdir. Hüseyn ailənin ikinci övladıdır. Hüseyn 1957 - ci ildə Bakıdakı 12 saylı orta məktəbin birinci sinfinə daxil olmuş, 1965 - ci ildə 8 illik təhsili bitirmişdir. Həmin ildə Rabitə Texnikumuna qəbul olunmuş, 4 il burada təhsil alaraq diplom almışdır. Lakin bu sahədə çalışmamışdır. Çünki uşaqlıqdan onun musiqiyə hədsiz həvəsi olmuşdur. Hüseynin istedadı kiçik yaşlarından üzə çıxmışdır. O, uşaq ikən bir dəfə şəhərdə küçə ilə gedərkən dükanın vitrinində qarmon görür. Evə gələn kimi atasından xahiş edir, həmin qarmonu aldırır. Həmin alət 12 dilli yarımtonsuz qarmon idi. Bu 1959 - cu ilə təsadüf edir. Hüseyn istedadı, musiqi yaddaşı hesabına "Darçını" rəqsini, Q.Hüseyinlinin "Cücələrim" mahnısını, "Heyvagülü", "Tərəkəmə" oyun havalarını və neçə - neçə melodiyaları sərbəst olaraq öyrənir. O, bir ilə yaxın bir müddətdə bu qarmonda çalır. Həsənəli ata oğlunun istedadına bələd idi. Üstəlik də onun qarmon çalmağa sonsuz həvəsi olduğunu görüb Hüseyn üçün yarımtonlu "Kazan" qarmon alır. Ata oğlunun yaxşı musiqiçi olması arzusu ilə yaşayırdı. Onun özünün də musiqiyə sonsuz həvəsi, bu işdə müəyyən bacarıq və qabiliyyəti var idi. Həsənəli simli alət mandalinanı yüksək bacarıqla çalırdı. O, mandalinada çaldığı, özünün çox xoşuna gələn melodiyaları oğluna həvəslə öyrədirdi. Evdə ata - oğul kiçik ansambl yaratmışdılar. Dinləyiciləri isə ailə üzvləri idi. Gülsüm xanım belə ailə konsertlərindən sonra Hüseynin boynunu qucaqlar, saçını tumarlayıb, üzündən öpüb onu təriflər və xeyir - dua verərdi. Ana oğlunu daha da həvəsləndirmək üçün hər dəfə deyərdi: "Oğlum, bu dəfə lap yaxşı çaldın. Maşallah gündən - günə inkişaf edirsən. Lap radiodakılar kimi çalırsan. O gün olsun ölməyim, görüm ki, televiziyada konsert verirsən". Ananın xeyir - duasını, arzu və istəklərini Ulu yaradan eşitdi. Sonralar həqiqətən Hüseyn ǝsl sənətçi olacaqdı. Televizya və radioda çıxışlar edəcəkdi. Əmisi ustad xanəndə Hacıbaba Hüseynov da bir neçə dəfə Hüseyni dinlədikdən sonra onun gǝləcəkdə yaxşı musiqiçi olacağına zəmanət vermişdi. Hüseynin xatirələrindən: "Atam axşamlar və gecələr radiodan Türkiyə verilişlərini, konsertlǝrini dinləyirdi. Səsini xoşladığı müğənnilərin mahnılarını bəzən maqnitofona yazardı ki, işdən yorğun gəldiyi anlarda istirahət edərkən bir daha dinləsin. Bu mahnılar mənim də xoşuma gəlirdi. Bu musiqilərin təsiri mənim gənclik illərimdə 1⁄4 (çetvert) tonlu qarmon düzəltdirib çalmağımda hiss olundu. Əmim, xanəndə, xalq artisti Hacıbaba Hüseynov (1919 - 1993) atamın maqnitofona köçürdüyü türk mahnılarını 1950 – 1970 - ci illərdə çox dinləyib. O, bu mannıları sevirdi və oxumağı xoşlayırdı. Həmin mahnıların bəzilərini ömrünün və həyatının müdrik çağlarında repertuarına daxil etmiş, xalqa sevdirmişdi. Bizim muğam pərdələrində, milli alətlərimizin müşayiətilə oxuduğu üçün, bunlar xalq musiqimizin inciləri kimi qəbul olunur, türk musiqiləri olduğu bilinmirdi. Əmim o mahnıları həm də bizim sözlərimizlə oxuyurdu axı...". 1962 - ci ildə Latviya Respublikasının Riqa şəhərində keçirilən "Məktəblilərin Ümumdünya festival" ında Azərbaycandan iki uşaq, Firuz Eyvazov və Hüseyn Həsənov iştirak edib. Hüseynin bu möhtəşəm tədbirdə həm müğənni, həm də qarmonçalan kimi çıxışları olub. O "Ögey ana" kinofilmindən "İsmayılın mahnısı" nı ("Kəndimiz") tədbir üçün xüsusi hazırlamış kompozisiya daxilində oxuyaraq alqışlar qazanmışdı. Riqada çıxan qəzetlərdə Hüseyn məktəbli müğənni kimi təqdim olunmuş, şəkili verilmiş, haqqındı maraqlı yazılar getmişdi. Hüseynin musiqiyə olan hədsiz - hüdudsuz marağı onu Bakının mərkəzində yerləşən Respublika Müəllimlər Evinin "Arzu" xalq çalğı alətləri ansamblına gətirir. O burada 1965 - ci ilin əvvəlindən 1966 - cı ilin sonuna kimi məşğul olur. Bədii rəhbər əvvəl tarzən Əbdülağa Nəcəfov, sonra isə xalq artisti Baba Salahov olmuşdur. Onlar Hüseynin çalğısından həmişə razı qalmış, konsertlərdə ona müntəzəm solo çıxışlar vermişlər. Ansamblın o zamanki üzvlərindən kamançaçalan Fəxrəddin Dadaşov və başqaları bu ansamblda yetişərək sonradan məşhur musiqiçi olmuşlar. Baba Salahov həm də televiziyanın və radionun xalq çalğı alətləri ansamblının rəhbəri idi. Ansamblın solisti, məşhur qarmonçu A.İsrafilov xarici ölkələrdə səfərdə olarkən televiziyadakı canlı çıxışa B. Salahov gənc musiqiçi Hüseyni gətirir. Bu konsertlərdə Hüseyn xalq artisti, muğam ustası Sara Qədimovanı "Segah" muğamı ilə müşayiət edir. Çalğı çox uğurlu və təsirli alınır. Xalq artisti, məşhur və ustad sənətkar Əlibaba Məmmədov evində bu konserti televiziya vasitəsiyla seyr edirmiş. Bu zaman o gənc Hüseynin çalğısını bəyənir və 1968 - ci ildə yaratdığı "Humayun" xalq çalğı alətləri ansamblına dəvət edir. Beləliklə bu ansambla ilk qarmonçu kimi dəvət olunan H. Həsənov burada 12 il fəaliyyət göstərir. Televiziya və radiodakı çıxışları zamanı ansambl tǝrkibində Hüseynin çıxışları onu az vaxt ərzində məşhurlaşdırır. Hüseynin dediklərindən: "Mən bu kollektivdə işləməkdən böyük zövq almışam. Burada püxtələşmiş, əsl sənət yoluna burada cığır açmışam. Əlibaba Məmmədov özü bir məktəbdir. Ansamblın üzvləri tarzən T. Məmmədov, klarnetçi Ə.Əsgərov, nağaraçı Zöhrab Məmmədovun əhatəsində və təsir dairəsində sənət işlətmək özü böyük məsuliyyət tələb edirdi. Elə çiynimə düşən bu məsuliyyət məni həqiqi peşəkar sənət üçün hazırladı. Ansamblın məşqlərindən gələndən sonra evdə də çoxlu məşq edirdim. "Humayun" ansamblının solistləri uzun illər müğənni Novruz Feyzullayev, Validə Mahmudova, Məmmədbağır Bağırzadə, Zümrüd Məmmədova, Təhmiras Şirinov, Səxavət Məmmədov olmuşlar. Ansambl müntəzəm olaraq Bakıda, Azərbaycanın bütün bölgələrində, keçmiş SSRİ - nin ən böyük şəhərlərində müntəzəm konsertlər vermişdir". H.Həsənov Moskvanın Sütunlu salonundakı böyük müvəffəqiyyətlə keçən konsertləri həqiqi sənət imtahanı sayır. Hüseyn Azərbaycanın ən məşhur xanəndələri və müğənniləri ilə toylara getmiş, öz sənəti ilə hər yerdə sevilmiş, əsl qarmon sənəti nümayiş etdirmişdir. Ustad sənətkar Ələkbər Əsgərov və Zöhrab Məmmədovla birlikdə musiqi üçlüyündəki toy büsatda çalıb - çağırmalarını Hüseyn həmişə böyük fərəh hissi ilə xatırlayır. Ümumiyyətlə Hüseyn müəllim xalqın şənliklərində, toylarda çalıb - oxumağı doğma millətə əsl xidmət sayır və bundan şərəf duyur. 1978 - ci ildə "Humayun" ansamblı Dövlət Filarmoniyasından Azərbaycan Konsert Birliyinə keçdiyi üçün Hüseyn bu müəssisədə işini davam etdirir. Bu idarədə o, 1980 - ci ildən 1995 - ci ilədək solist - qarmonçalan vəzifəsində çalışır. Məsəl var: "Kimə niyyət, kimə qismət". Hüseyn qismətindən çox razıdır. Niyyət etdiklərinin ǝksəriyyətini qismətində görüb. H.Həsənov öz sənətinin həqiqi vurğunu olub. Öz işinə çox ciddi və məsuliyyətli yanaşdığındandır ki, əsl sənətdə özünə yol açıb. Özündən əvvəlki ustad qarmonçalanlardan öyrəndiklərini öz yaradıcılıq sücgəcindən keçirərək püxtələşmiş sənətkar kimi meydana çıxarkən XX əsrin 80 - ci illərində qarmon ifaçılığına Hüseyn Həsənov yeni üslub, yeni çalğı manerası gətirdi. 1977 - ci il radionun fondu üçün yazdığı "Pərvanə" rəqsində qarmon ifaçılığına yeni yanaşma, təzə keçidlər, başqa cür səslənmənin olması daha çox nəzərə çarpırdı. "Bayatı - Şiraz" muğamı əsasında bəstələdiyi, 1978 - ci ildə radionun fonduna yazdırdığı "Nuranə" rəqsi zövqü oxşayan, könüllərə tez yol tapan, sümüyə düşən oynaq bir melodiyadır. Lent yazısında rəqsin əvvəlində Hüseyn cəld, çevik olduqca maraqlı, ustavari gəzişmələr etmişdir. Bu lentlərdə Hüseyn Həsənovu nağarada Rafiq Balabəyov, qoşa nağarada İlqar Sail, balabanda Baba Ağayev, fortepiano da Həsənağa Qurbanov müşayiət etmişdir. Sənətkar 1973 - cü ildə xalq artisti, tanınmış tarzən Həbib Bayramovun musiqi qrupu ilə Saxalin şəhərində keçirilən Zaqafqaziya ongünlüyündə çıxışlar etmişdir. Bu qrupun tərkibində seçmə musiqiçilər olmuşdur. Heyyətin hər birinin, həmçinin ayrılıqda solo çıxışları xüsusi marağa səbəb olmuşdur. 1989 - cu ildə Azərbaycanın görkəmli nümayəndələri, millət vəkillərindən bir neçəsi və musiqiçilər heyəti Almanyada səfərdə olarkən Hüseyn müəllim də bu tərkibdə idi. Bu heyyətin üzvü olan xalq artisti, bəstəkar Vasif Adgözəlov, aktyor Həsən Turabov, pionoçu Fərhad Bədəlbəyli, Fidan və Xuraman Qasımovalar, xalq yazıçısı Anar və sayılıb - seçilən musiqiçilərmiz H.Həsənovun çaldığı musiqi nümunələrindən razı qalmış və ona təşəkkür etmişlər. Burada bir məsələni də qeyd etmək yerinə düşər ki, Hüseynin könlünün nəğmələri olmuşdur ki, o bunları yalnız səsilə, oxumağı ilə təqdim edərək qəlbinin atəşini söndürə bilmişdir. Qarmon sǝnətində püxtələşdikcə uşaqlıqda onda olan oxumaq qabilliyyəti get - gedə güclənərək üzə çıxmış, oxuduqca səsi daha da çilalanmış getdiyi toylarda özünün səs çalarlarına uyğun mahnılar oxumuşdur. 1980 - ci illərdə öz dəstəsi ilə Bakı toylarında tanınmış, çox yerlərə dəvət olunmuşdur. Belə toylarda Hüseyn qarşısında qurulmuş mikrafonla özünəməxsus tərzdə oxumuş, ən yaxşı qarmonçalan kimi özünü göstərə bilmişdir. Hüseyn həmişə təhsilinin qayğısına qalmışdır, bu barədə düşündüyü üçün bu arzusu onu 1981 - ci ildə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Kronservatoriyasına gətirir. O, müvəffəqiyyətlə imtahan verib vokal fakültəsinə daxil olur və burada professor Kamal Kərimovun sinfində oxuyur. Oxuduğu müddətdə vokal sənətinin sirlərinə yiyələnir, həm də ixtisasından və bütün fənnlərdən əla qiymətlər alır. 31 yaşında ali təhsil ocağına gələn Hüseynin qarşısına müəyyən manelər çıxmışdı. Belə ki, o dövrdə Sovet dövləti qanunları bu yaşda ali təhsil müəssisələrində əyani şöbədə təhsil almaq üçün qadağalar yaratmışdı. Professor Kamal Kərimov H.Həsənovun istedadını, vokal oxumaq bacarığını, təhsilə sonsuz həvəs və arzusunu nəzərə alaraq rektor Elmira xanım Nǝzirovaya məktub yazır. Rektor və qəbul komisiyasının üzvləri məktubda K.Kərimovun Hüseyn haqqında yazdığı müsbət fikirləri, dəlilləri nəzərə alaraq, Hüseynin oxuduğu klassik əsərlərin yüksək səviyyədə təqdimini əsas götürərək istisna etməli olurlar. Beləliklə H.Həsənov konservatoriyaya götürülür. H.Həsənov uğurlu qarmonçalan kimi musiqi ictimaiyyətinin nəzər diqqətində olmuşdur. Cazmen, bəstəkar, xalq artisti Rafiq Babayevin rəhbərlik etdiyi "Cǝngi" vokal - instrumental ansamblına Hüseyni dəvət etmişdi. Bu musiqi qrupu 1989 - cu ildə yaranmışdır. Yaranan gündən və Rafiq Babayevin faciəli həlakı dövrünə qədər Hüseyn bu kollektivdə xalq artistləri Mübariz Tağıyev, Brilliant Dadaşova, əməkdar incəsənət xadimi, bəstəkar Siyavuş Kərimi, müğənni Firəngiz Rəhimbəyova ilə birlikdə çiyin - çiyinə çalışmışdır. Bir zamanlar Azərbaycan televiziyasında çox populyar olan "Səhər görüşləri" adlanan veriliş vardı. Xalq artisti Nəsibə Zeynalova, Hacıbaba Bağırov, Səyavuş Aslan və başqalarının iştirak etdiyi bu verilişdə musiqi tərtibatı və müşayiətçi kimi qarmon ifaları Hüseyn müəllimin olurdu. Hacıbaba Bağırovun baş rolda oynadığı, məzhəkəli, yumorlu televizya tamaşaları olan "Sonqulunun sərgüzəştləri", "Bildirçinin bəyliyi", "Sonuncu məhəbbət" dəki musiqi tərtibatı da Hüseyn tərəfindən işlənmişdir. O, burada oxunan mahnıları qarmon ilə müşayiət etmiş, rəqs melodiyalarını çalmışdır. Bütün bu işləri istedadlı musiqiçimiz heç bir maddi yardım, qonorar almadan, təmənnasız edirdi. O, belə yaradıçılıq əlaqələrindən yüksək zövq alır və bunu da doğma xalqına müəyyən xidmət sayırdı. H. Həsənov bəstəkar Ə. Tağıyevin yaratdığı və rəhbərlik etdiyi "Arzu" ansamblında da bir müddət fəaliyyət göstərmişdir. Solistlər, xalq artistləri N. Qasımova, M. B. Bağırzadə idi. Sonralar sənətçimiz qarmonunu SSRİ xalq artisti Z.Xanlarovanın rəhbəri və solisti olduğu ansamblın tǝrkibində səsləndirmiş, solo çıxışlarını təqdim etmiş, bu ansambl ilə birlikdə xeyli dövlət tədbirlrində çıxış etmişdir. Hüseyn bu ansambl ilə birlikdə Moskvada, İsveçdə, Norveçdə, Çində və s. yerlərdə konsertlərdə olaraq öz dünya görüşünü və sənətini daha da artırmışdır. Məşhur və lirik səsli müğənni Hüseynağa Hadıyev XX əsrin 80 - ci illərində Bakının restoran vǝ şadlıq evlərində keçirilən toyların əsas müğənnisi idi. H. Həsənov onun toy ansamblında 12 il çalmışdır. Onların çox səmimi sənət dostluğu olub. H. Həsənovun repertuarı çox genişdir. Rus, ǝrǝb, fars, ispan, moldav, bolqar, Kuba musiqisindən seçmə nümunələri məharətlə çalır. Onun kinofilimlərin çəkilişində də xidmətləri olmuşdur. Çəkilən filmlərə yazılmış musiqilərin həm müğənni, həm də musiqiçi kimi ifası üçün H.Həsənova bir neçə dəfə müraciət olunmuşdur. Bunlara misal olaraq "Bağlı qapı arxasında" kinofilminə Vasif Adgözəlovun yazdığı musiqiləri göstərmək olar. Adı çəkilən filmdə Hüseyn həm mahnıları oxumuş, ayrı - ayrı musiqiləri isə qarmonda çalmışdır. burada həmçinin ağızla çalının qarmondan da istifadə olunub. Eldar Mansurovun "Bəxt üzüyü", Cavanşir Quliyevin "Zovodilo" filminə yazdıqları musiqilərin neçəsini qarmonda H. Həsənov çalmışdır. Hüseyn müəllim Azərbaycan qarmon ifaçılığında öz misilsiz xidmətlərini göstərməklə bərabar, bu alətin təkmilləşməsi, üzərində islahatlar aparılması barədə də düşünmüşdür. O, böyük bəstəkarlarımızdan musiqimizdə vaxtilə 1/4 səslərin, həmçinin onların not işarələrinin olması barədə fikirlər eşitmişdir. Həm də 1/4 səslərin tarımızda, kamanımızda, ud, balaban və s. alətlǝrimizdə istifadə olunmasını, gözəl və təsirli səslənməsini eşitmiş və çox xoşlanmışdı. H.Həsənov belə səsdüzümlü qarmonu ortaya çıxarmış və həmin alətin vasitəsilə "Zəmin - xarə" və "Şur" muğamları əsasında yaranan melodiyaları lentə yazdırmışdır. Bu çalğının və bu səslənmənin də özünə məxsus gözəlliyi vardır. Bəzi sənətkarlarımız bu gün də belə qarmondan istifadə edirlər. Bundan başqa Hüseyn müəllim sağ və sol klaviaturada eyni səs düzümü olan üç oktavalı, xromatik qarmon da düzəltdirib istifadə etmişdir. Hal - hazırda bu alətdən Musiqi Kollecində tǝdrisdə istifadə olunur. Hüseyn müəlim 1/4 səslər düzdürdüyü qarmonun sol gövdəsindən eyni ölçüdə iki ədəd düzəltdirmişdir. Onların biri adi, hər kəs tərəfindən istifadə olunan iki oktava yarım səsə malik xromatik səs düzümlü, düymələr vasitəsilə çalınan gövdədir. Digəri isə akkordeon və bayan musiqi alətlərinin sol tərəfindəki səs düzümünə uyğun, akkordla düyməçiklər vasitəsilə ifa olunan sol gövdədir. Sənətkarımız hansı musqi əsərlərini çalacağından aslı olaraq sol gövdənin (korpusun) birini çıxarıb, digərini onun yerinə birləşdirir. Bu özü də maraq doğuran bir iş, sənətkar təxəyyülünün müsbət nəticəsidir. Hüseyn Həsənov qarmonumuz üzərində apardığı bir çox islahatlara görə, yenilikçi musiqi kimi qəbul olunur və tanınır. Sevimli sənətkarımızın sənət səfərlərində olduğu ölkələrin adlarını və tarixi göstəririk: Hindistan 1981, Nepal -1983, Yaponiya -1985, Almaniya - 1989, 1990, 1993, Macaristan - 1989, Türkiyǝ - 1991, 1992, 1995, İsveç - 1998, Norveç - 1998, Çin -1996, Kipr - 1999. 1995 - ci ildə Musiqi Kollecində ilk dəfə qarmon ixtisası tədris olunmağa başlarkən dəvət olunan ilk müəllimlərdən biri olaraq H.Həsənov not va muğam üzrə işə başlamışdır. Sonra isə yalnız muğam ixtisasından dərs demişdir. İşlədiyi dövrdə nümunəvi müəllim kimi tanınmışdır. Hazırladığı tələbələr imtahan sesiyalarında, respublika baxış - müsabiqələrində özlərini layiqincə göstərə bilirlər. H. Həsənovun yenilikçi fikirlərindən biri də zurna nəfəsli alətində səslənən havaları qarmonda gözəl səsləndirməsidir. O, məşhur zurnaçalan, ustad sənətkar Əliəfsər Şəkilinin çaldığı "Şəki yallısını və "Cütcü" rəqsini ardıcıllıqla çalaraq lentə almışdır. Qeyd edək ki, "Cütcü" rəqsinin melodiyası XIX əsrin sonları, XX əsrin birinci yarısında yaşayıb yaradan zurna, tütək, balabanın misilsiz ifaçısı Əli Kərimovundur. Hüseyn "Naxçıvan yallısı" və "Şərur yallısı"nı qarmon ifasına gətirib, gözəl səslənmə yaradaraq lentə yazdırıb. Radioda onun ifasında səslənən "Rast" muğamı da qorunur. H. Həsənov 2000 – 2004 - cü illər ərzində xalq artisti, müğənni Ağadadaş Ağayevin rəhbərlik etdiyi instrumental ansamblda aparıcı musiqiçi və müğənni kimi çıxış etmiş, toylarda, konsertlərdə və lent yazılarında yaxşı sənət göstərmişdir. 2005 - ci ildən Hüseyn müəllimin sərbəst müğənnilik fǝaliyyəti başlanmışdır. Bu dövrdən başlayaraq H.Həsənov səsini lentlərə yazdırmış, kasetləri və diskləri çıxmışdır. O, artıq toyların və konsertlərin sevimli və populyar müğənnilərindən biri olaraq Hüseyn Bakılı kimi məşhurdur. Hüseyn müəllim 1975 - ci ildə ailə qurub. Onun halal ocağında qızı Pərvanə, oğlu Pərvin xoş gün görərək xoşbəxt boy atıblar. Oğlu Pərvin Bülbül adına orta ixtisas musiqi məktəbini, Mədəniyyət və İncəsənət Univerisitetini bitirib. O, atasının sənətini davam etdirir, mahir qarmonçalandır. Onun gənclərdən ibarət "Avanqard" instrumental qrupu vardır. Bu qrup televiziya müsabiqələrində gənc müğənniləri müşayiət edir və müxtəlif verilişlərdə çıxış edir.
Hüsn sözündən yaranan adı var,
Böyük nəsildəndir, qol - qanadı var.
Belə tanınan vətən övladı var,
Çöhrəsinə nur qonubdur Hüseynin.
"Humayun" ansamblında çalışdı,
Sənətkarlara qaynayıb - qarışdı,
Vətəni gəzdi, ölkələr dolaşdı.
Çox yerdə izi qalıbdır Hüseynin.
"Pərvanə", "Nuranə" rəqsini çaldı,
Radio bunları fonduna aldı,
Səsləndirildi, aləmə səs saldı,
Rəqsləri məşhur olubdur Hüseynin.
Yeni fikirlərlə sənətə gəldi,
Yeni üslub tutub yola düzəldi,
Tanınıb, sevimli olub yüksəldi,
Yolu qəbul olunubdur Hüseynin.
Çoxları bu gün də bu yolu çalır,
Bəyənilir, sevilir, həm ucalır,
Pərvin ata yoluna sadiq qalır,
Yerində oğlu çalıbdır Hüseynin.
Müğənni oldu Hüseyn Bakılı,
Səsinə kökləndi sənət əhvalı.
Toylar idarə eləyir sanballı,
Qəlbi mahnıyla dolubdur Hüseynin.
Əhsən Rəhmanlı 28.11.2013.
__________________________________________________________________________________________________________________
Əhsən Rəhmanlı “Qarmon ifaçılığı sənəti və onun Azərbaycanda tədrisi”, Bakı “MBM” 2014, Səh. 381 – 388.