Deyirlər gözəlliklər qoynunda, təbiətin mənzərəli yerlərində dünyaya gələn, gəzib - dolanıb boy atan kəslərin xisləti xeyirli, xasiyyəti gözəl olur. Uşaqlıq çağlarından xoş rəftarı, mehribanlığı, xeyirxahlığı ilə seçilən Səfərəli öz kökü üstündə boy ataraq yaxşı insan kimi ad çıxarıb, şərəfli bir ömür sürüb öz şəcərəsinə baş ucalığı gətirdi. Səfərəli Ağarza oğlu Vəzirov 1929 - cu il aprelin 28 - də Xızı mahalının Dizəvər kəndində dünyaya gəlib. O, 1936 - cı ildə Dizəvər kənd məktəbinin 1 - ci sinfinə gedir. İbtidai təhsili başa vurduqdan sonra onların ailəsi Bakıya köçür. Ağarza kəndinin varlı, imkanlı şəxslərindən biri kimi sayılıb - seçilirdi. O, həvəskar qarmonçu idi. Boş vaxtlarında ailə üzvləri, qohum - əqrabası, dost - tanışı üçün çalardı. Kənddə yaşadığı dövrdə oğlu Səfərəlinin həvəsini görüb ona çalmaq öyrətmişdi. Səfərəli ibtidai təhsilini Bakıda 25 saylı orta məktəbdə davam etdirir. Atası Səfərəlini 1941 - ci ildə ustad qarmonçu Əhəd Əliyevin yanına aparır. 1942 - ci ildə kor Əhəd dünyasını dəyişəndən sonra o dövrdə yaxşı qarmonçu kimi tanınan Teyyub Dǝmirovdan dərs almağa başlayan Səfərəli musiqi sənətini mükəmməl bilmək, qarmon ifaçılığına həqiqi sənətkar kimi sahib olmaq üçün real qüvvəsini sərf edir. Öz çalışqanlığı hesabına sonralar kamil bir sənətkar kimi yetişir, el arasında tanınır, musiqiçilər arasında dəsti - xətti ilə seçilir. O, həm də yüksək mədəniyyəti, alicənablığı ilə də musiqi alǝmində sayılıb seçilmiş, onu tanıyanların qəlbində özünə məskən salmışdı. S.Vəzirov orta məktəbi bitirdikdən sonra Xalq Təsərrüfatı İnstitutuna daxil olur. Burada yaxşı, intizamlı tələbə kimi tanınmaqla bərabər ictimai işlərdə fəallıq göstərənlərdən biri kimi hörmət qazanır. İnstitutda xalq çalğı alətləri ansamblı yaradır və kollektivə yaxşı rəhbərlik edərək rəngarəng repertuar hazrlayır. Institut rəhbərliyi tərəfindən təşəkkürlər alan Səfərəli müəllimlər və tələbələrin dərin hörmətini qazanır. S.Vəzirovun rəhbərlik etdiyi ansambl doğma təhsil ocağında və başqa institutlarda da konsertlər verir. 1951 - ci ildə Polşada keçirilən Beynəlxalq Festivalın qalibi olan S.Vəzirov doğma vətənə üzüağ dönərək doğmalarına, musiqiçi dostlarına, oxuduğu ali təhsil ocağına bol - bol sevinc bəxş edir. S.Vəzirov institutu bitirib iqtisadçı kimi bu sahədə fəaliyyətə başlayır. Sənətkarımız 1949 - cu ildən 1953 - cü ilə qədər peşəkar sənətdə çalışıb. Konsertlərdə və toy şǝnliklərində məşhur xanəndələr və sayılan ifaçılarla fəaliyyət göstərib. O, 1953 - cü ildə radionun fonduna "Çahargah" və "Zabul" muğamını, "Qazaxı", "Kolxozu", "Azərbaycan", "14 nömrə", "Qaytağı", "Tərəkəmə", "Vağzalı" rəqslərini və musiqisi özünün olan "Pambıq çöllərində" kompazisiyasını yazdırmışdır. Beş oğul, bir qız atası olan S.Vəzirov övladlarını ləyaqətlə böyütmüşdür. Özü ifaçılıqdan uzaqlaşıb başqa sahədə çalışsa da, oğullarının musiqi təhsili almalarına xüsusi diqqət və qayğı göstərmiş, bir sənətkar kimi yetişmələrinə yaxından kömək etmişdir. İstedadlı bir nəslin nümayəndələri olan bu övladların hər biri ən yaxşı ifaçılara çevrilərək musiqi mədəniyyətimizə həqiqi xidmət göstərmiş, incəsənətimizin xarici ölkələrdə təbliğ olunmasında iştirak etmişlər. Böyük oğul Kamil simli alətlərin və qarmonun ən yaxşı ifaçılarından olaraq, dünya şöhrətli müğənni Rəşid Behbudovla Mahnı Teatrında çalışaraq milli musiqimizi dünyanın hər yerində təmsil etmişdir. Kaman ustası Hacı Ədalət öz sənətinin peşəkarlarından sayılaraq müşaiyətçi və solist kimi ölkəmizdə və onun hüdudlarından kənarda incəsənət ustalarımızla birlikdə ən müvəffəqiyyətli konsertlərdə, festivallarda və ən böyük tədbirlərdə çıxış etmişdir. Əcəl onu vaxtsız əlimizdən almış. Hacı Ədalət 52 yaşında dünyasını dəyişmişdir. Ramiz çox gözəl piano ifaçısı idi. Xalq çalğı alətləri ansambllarında çalışırdı. Ulu Tanrı bu gənc ifaçını öz dərgahına apardı. Babək və Qalib də musiqiçi kimi yaxşılardan sayılırdı. Babək (Ağarza) klarnetin və digər nəfəs alətlərinin mahir ifaçılarından sayılır. Qarmon ifaçılığında klassik sənətçilərdən sayılan S.Vəzirov 1982 - ci il noyabr ayının 9 - da vəfat etmişdir.
__________________________________________________________________________________________________________________
Əhsən Rəhmanlı “Qarmon ifaçılığı sənəti və onun Azərbaycanda tədrisi”, Bakı “MBM” 2014, Səh. 132,133.