Qızxanım Həsən qızı Quliyeva - Dadaşova 1925 - ci il fevral ayının 23 - də Bakıda anadan olub. Həsən həyat yoldaşı Səlimə xanımla mehriban yaşamış, dünyaya gǝtirdikləri dörd qız, iki oğulu zəhmətlə və məhəbbətlə böyütmüşlər. Övladlar hərəsi bir sənətə sahib olaraq cəmiyyətdə özlərinə yer tutmuşlar. Səlimə xanımın qardaşı Məmmədağa Məmmədov mahir qarmonçalan olmuş və evində oğlan uşaqlarına bu sənətdən dərs demişdir. Olduqca şən uşaq olan Qızxanım coşub - daşıb qaynayar, atılıb - düşər, şən - şən ötüşər, nəğmələr oxuyarmış. Bütün bunları uşaqlıq şıltaqlığı sayan valideynlər əhǝmiyyət verməzmişlər. Az sonra Qızxanımın öz dayısının qarmonunu çaldığını görəndə bunu ona qadağan edirlər. Valideynləri bazar - dükana yollananda, qonaq gedəndə balaca Qızxanım gizlincə dayısı Məmmədağanın qarmonunu götürüb, evdə xəlvət bir guşəyə çəkilər və ya bağda ağaclar altında əyləşib, eşitdiyi, az - çox yaddaşında saxladığı xalq havalarını çalmağı öyrənərmiş. Gizlincə qarmon çalmağı onun 8 - 9 yaşlarına təsadüf edir. Bir gün Məmmədağa qarmon səsi eşidir. Ahəstəcə yaxınlaşıb Qızxanıma diqqət kəsilir, ifasını dinləyir və hǝddən artıq təəccüblənir. Qızcığaz başını qaldırıb dayısını görəndə qorxur, özünü itirir, qarmonu dizi üstündən yerə qoyur. O, tir - tir əsir, elə bilir ki, dayısı onu cəzalandıracaq. Axı, bir dəfə Qızxanım sevinə - sevinə dayısından ona qarmon çalmağı öyrətməyi xahiş etsə də, rədd cavabı almışdı. Məmmədağa demişdi: "Qarmon çalmaq qız peşəsi deyil. Ümumiyyətlə bu çətin işdir. Qiz – gəlinin musiqiçi olması məsləhət deyil". İndi isə Qızxanımın istedadı və bacarığı dayını ovsunlayıb bir az da kövrəltmişdi. Məmmədağa qızın alnından öpüb, saçlarını tumarlayıb deyir: "Bacı qızı, sən çox qoçaq, zirək, qabiliyyətli qızsan. Səni dinlədim. Qarmonu həvəslə, elə qəşəng çalırsan ki, adam məəttəl qalır. Bu bacarığı Allah özü sənə bəxş edib. Mən onun göstərişinin əleyhinə gedib günaha bata bilmərəm. Sənə qarmon alacağıq. Ata - anandan təvǝqqe edəcəyəm ki, sənə bu işlə məşğul olmağa icazə versinlər". Elə də olur. Balaca Qızxanıma qarmon alınır. Sevinci yerə - göyə sığmayan bu istedadlı qız qarmonundan ayrılmır, hər gün məşğul olur. Bacılarını, məhəllə qızlarını başına yığıb onları sevindirir. 12 yaşına çatanda onun yaxşı qarmon çalmağını görən qonşular, məhəllə adamları Qızxanımın ata - anasından onun qohum - qonşu toylarında çalmağı üçün icazə istəyirlər. Beləliklə Qızxanım məhəllələrindəki qız toylarında, xınayaxdı məclislərində çıxış etməyə başlayır. Dəfçalanı əvvəllər xalası, bacısı, sonralar isə Nəsibə Xıdır qızı, Şəfiqə, Rəfiqə, Nəsibə Lənkəranlı və Hörmət xanım olmuşdur. Adəti üzrə təlabata uyğun olaraq dəf çalmaqla bərabər bu qadınlar qız məclislərində həm də oxuyurdular. Qızxanım oxuyanları da gözəl müşayiət edirdi. Qız toylarında daha yaxşı çıxış etmək üçün qoşa nağaranı da dəstəyə ilk dəfə o gətirmişdi. Məhəllə toylarından sənətə ayaq açan Qızxanımın sorağı əvvəl Bakının hər tərəfinə, sonra isə bütün Abşerona yayılır. Dəstəsilə çalıb - çağırır, bəyənilir, sevilir. Qızxanımın sənətə bağlandığı dövrdə qadın qarmonçalanlar olsa da, heç biri onun səviyyəsinə gəlib çatmamış, xalq tərəfindən onun qədər sevilməmişlər. Qızxanımın çalğısı bənzərsiz və təsirli idi. Onun sevilǝn, uğurlu sənəti bu sənətkara getdikcə daha böyük şöhrət gətirirdi. Qızxanımın Şövkət Ələkbərova, Rübabə Muradova, Fatma Mehrəliyeva, Sara Qədimova, Tükəzban İsmayılova, Bülbül, Qulu Əsgərov, Əbülfət Əliyev, Qurban Pirimov, Bəhram Mənsurov və Teyyub Dəmirovla sənət dostluğu olub. Sənətilə yaxşı tanınan Qızxanım radioya solist kimi dəvət olunur. Müntǝzəm canlı çıxışları ilə Azərbaycanın hər yerində tanınır. Üzeyir bəy, özü şəxsən Qızxanımın ifasını çox bəyənirmiş. Qızxanımın öz sənətinə sonsuz sevgisi, onu Sülyeman Dadaşovla da tanışlığa gǝtirib çıxardı. Süleyman olduqca istedadlı bir insan idi. O, konservatoriyanın bəstəkarlıq fakültəsində təhsil alırdı. Üzeyir bəyin tələbəsi idi. Süleyman Üzeyir bəyi həmişə özünə ideal bir insan saymışdı. S.Dadaşov gözəl pianoçu kimi tələbə yoldaşları, musiqiçi dostları və müəllimləri arasında böyük rəğbət qazanmışdı. Onun piano çalğısında xalqımızın zəngin musiqisinin çalarları hiss olunurdu. Süleymanın bəstələdiyi neçə - neçə əsərləri bir gün yoxa çıxır. Məlum olur ki, onlar oğurlanıb. Bu əsərlər başqasının adından təbliğ olunarkən Süleyman bundan bərk inciyib küsür. Konservatoriyanın yuxarı kurslarında təhsil alsa da, buranı tərk edir. O, Azərbaycan Dövlət Sənaye İnstitutunun memarlıq fakültəsinə daxil olur və əla qiymətlərlə buranı bitirir. Institutda təhsil aldığı illərdə bu təhsil ocağının bütün mədəni - kütləvi tədbirlərində çıxış edir, pianoçu kimi tanınır və hörmət sahibi olur. Süleyman Dadaşov xeyli müddət radioda çıxış edərək milli musiqi nümunələrimizi, xüsusilə rəqs melodiyalarını sevə - sevə, böyük ustalıqla ifa etmişdir. Qızxanımın ürəyinin incə, həzin nəğmələri var idi. O, təmiz, kövrək qəlbinin sevgisini musiqiyə çevirib insanlara bəxş edirdi. Onun çalğısında doğma xalqın adət - ənənələrinin ətri duyulur, torpağa, vətənə məhəbbət hiss olunurdu. Qarmonu ilə Süleymangilə gələrkən birlikdə məşq edər, bir - birindən öyrənər, səmimi, mehriban söhbətləşər, sənət və həyat haqqındakı fikirlərini bölüşərdilər. Musiqi Qızxanımla Süleyman arasında əsl dostluq yaratdı və bu dostluq sevgiyə çevrildi. Şair Məhzun musiqiyə həsr etdiyi şeirində deyir:
"Bu həyat gülşəninin xoş havası musiqidir,
Məhəbbət aləminin rəhmünası musiqidir".
İki insanın könül telləri bir - birinə sevgi nəğməsi çala - çala həyat simfoniyası yaratdı. Süleymanla Qızxanım 1948 - ci ildə ailə qurdular. Onlar çox mehriban yaşadılar. Həyat fəlsəfələri musiqi idi. Qızxanımın sənəti daha da çiçəklənməyə başladı. Filarmoniyada çalışmaqdan başqa, Qızxanım 1950 - ci illərdən etibarən radioda solist olmuş, televiziyada çıxış etmişdi. Qızxanımla Süleyman evdə yorulmadan, müntəzəm məşq edər, oyun havalarını yeni bəzəklərlə işlərdilər. Süleymanın pianoda vurduğu şirin xalları, melizmləri Qızxanım qarmon ifaçılığına gətirirdi. Süleymanın çaldığı "Tǝrǝkǝmə" xalq rəqsini xalq musiqimizin nadir nümunələrindən saymaq olar. Qızxanımın genişləndirib çaldığı "Uzun dǝrǝ" rəqsi də nümunəvidir. Qızxanımın ifası ilə Süleymanın çalğısı bir - birini tamamlayırdı. Əbəs deyil ki, onların çalğısından zövq almaq üçün sənət dostları, ən məşhur musiqiçilər onların evinə gələrdilər. Bu qonaq - qaralı evdə bəzən musiqi müsamirələri keçirərdilər. Onların evlərinə bəstəkarlar, aktyorlar da gələrdilər. Bəstəkar Tofiq Quliyev Süleyman Dadaşovun piano ifasını həmişə təriflərmiş. Cazmen - bəstəkar Vaqif Mustafazadə Süleymanın milli zəminə əsaslanan ifasını dəfələrlə dinləmiş və onları nota yazıb götürmüşdü. Sonralar lent yazılarında onlardan bacarıqla istifadə etmişdi. Tanınmış qarmonçalan Kübra Əbilova və məşhur kino - aktrisa, xalq artisti Nəcibə Məlikova Qızxanımın ən yaxın rəifqǝləri idilər. Qızxanımın yaxşı oxumaq qabiliyyəti və gözəl səsi olmuşdur. O, bu qabiliyyətindən yalnız ev, ailə şadyanalığında, qohum - qardaş şənliklərində istifadə etmişdir. Eşidənlər deyirlər ki, o, "Kəsmə şikəstə" ni olduqca təsirli oxuyurmuş. Q.Dadaşova radionun fonduna "Şahnaz" muğamını, "Uzun dǝrǝ", "Vağzalı", "Lalǝ", "Bǝxtəvəri" oyun havalarını yazdırmışdır. Bu gözəl ifalarda incə qadın qəlbinin həssas duyğuları hiss olunur. Sual oluna bilər ki, belə mahir ifaçının lentə yazdırdıqları niyə azdır? Birinci səbəb odur ki, onun bu işlə məşğul olmağa vaxtı olmamışdır. Qızxanım öz dəstəsilə müntəzəm olaraq Bakı və Abşeron toylarına dəvət olunmuşdur. Demək olar ki, burada keçirilən əksər qız toylarında o, çalmışdır. Onun sənəti hamı tərəfindən sevilir və qəbul olunurdu. Bakıda bəzən o, bir gündə üç toya getməli olmuşdur. Belə ki, məclislərində Qızxanımı görmək arzusunda olanlar toylarını günün ayrı - ayrı vaxtlarına, müxtəlif saatlara təyin edirdilər ki, o, gəlib iştirak edə bilsin. Qızxanım dəstəsilə Azərbaycanın müxtəlif bölgələrinə də toylara getmiş, hətta Dərbənd şəhərinə neçə dəfələrlə dəvət olunmuşdur. Bütün bu dediklərimiz, həm də onun ömrünün qısa olması imkan verməmişdir ki, o, böyük həvəslə və yüksək peşəkarlıqla çaldığı oyun havalarını lentə yazdırsın. Qızxanıma bacı qədər əziz olan, onunla sənət dostluğu edib dəstədə dəf çalan, yaşı səksəni keçmiş Nəsibə Xıdır qızının dediklərindən: "Qızxanım "Tərəkəmə" və "Uzun dərə" rəqslərinin gözəl ifaçısı sayılıb. Bundan başqa o, "Kolxozu", "İnnabı", "Qoçəli", "Nərgizi", "Heyvagülü", "Brilliant" və başqa havaları da böyük ustalıqla ifa edirdi. Bəzən gecə yarısına qədər, bəzən də sübhədək toylarda çalardı. Camaat tələb edirdi, onun çalğısından, qarmonun səsindən doymurdular axı. O, camaatla yaxşı ünsiyyət saxlayırdı. Sözlərini yerə salmırdı. Qızxanım xoşxasiyyət, gözü tox insan, ǝsl xanım idi". (Kitabı ikinci dəfə çapa hazırlarkən artıq Nəsibə xanım həyatda yox idi. Allah rəhmət eləsin). Qızxanım çaldığı "Tərəkəmə" də o qədər xırdalıqlar, müxtəlif bəzəklər, çoxlu xallar, təkrarsız cümlələr, melizmlər işlədirmiş ki, ən böyük ifaçılar da bu rəqsi böyük əsər sayırmışlar. Süleymanın pianoda çaldığı xallar da bu işdə mühüm rol oynamışdır. Məhəmməd peyğəmbər (ə.s.s) hikmətli kəlamlarının birində demişdir: "Xeyirxah insanlar qadını daim yüksəldər, bədxahlar isə onu alçaldarlar". Süleyman müəllim öz qadınını daim yüksəldir, ona hər işdə kömək edir, sənətinin daha da çiçəklənməsi üçün bacarığını əsirgəmirdi. Qızxanım da ərinin evə, ailəyə sevgisi, insanlara olan mehriban, xeyirxah münasibətilə həmişə fəxr edər, onun musiqiçilik qabiliyyətindən zövq alırdı. Qızxanım Süleymanın pianoda sol əl ilə etdiyi harmonik akkordlardan qarmonun sol tərəfində peşəkarlıqla istifadə edirdi. O dövr üçün belə ifa çox böyük bir iş idi. Teyyub Dəmirov da qarmonun sol tərəfindəki səs düzümündən bir ayrı cür, öz üslübu ilə istifadə etmişdir. O, ailəvi dostları olan Süleymangilə gələr, onları dinlər və bu üç sənətçi bir - birinin sənətindən bəhrələnərdilər. Onların həmişə qarşılıqlı hörməti olmuşdur. Bu ailənin daha bir yaxın dostu olmuş, vaxtilə ən yaxşı qarmonçalanlardan sayılan Adil Zǝrgəroğlu (Hüseynov) söyləyirdi: "Qarmon çalmaqdan başqa, piano ifa etmək qabiliyyətim də var. Süleymanın gözəl ifası məndə bu həvəsi oyadıb. O, bütün tonallıqlarda sərbəst çalırdı. Buna baxmayaraq o, pianosunun birini elə köklətdirmişdi ki, bu alətin "do" pərdəsilə qarmonun "do" pǝrdəsi düz gəlirdi. O, bunu bizə görə etmişdi. Bəzən qarmonu yerə qoyub piano arxasına keçəndə eyni tonallıqlarda çalmaq bizə rahat gəlirdi. Qızxanımın çalğısı bir başqa aləm idi. Qəribə barmaqlar işlədirdi. Dinləyicini sehirləyirdi. O, kişi qarmonçalanların çoxusundan yaxşı çalırdı. Çoxu bunu özü etiraf edirdi. Heyf, belə sənətkarı ǝcəl tez apardı". Q.Dadaşova qədim el havalarının əksəriyyətini ifa edirmiş. Keçmişimizdən gəlib çatan "Uzun dǝrǝ" və "Qars" rəqsini hər yerdə işlədirmiş. Onun çaldığı "Qars" indi toylarda çalınan melodiya deyil. Bu hava "Şur" muğamına əsaslanır. "Uzun dərə” rəqsini isə Qızxanım iki variantda çalırmış. Onlardan biri "Köhnə uzun dərə" adlanan və "Mahur" muğamı üstündə, açıq pərdələrdə çalınan melodiyadır, digəri isə bu gün ifaçıların repertuarından düşməyən, "Şüştər" muğamına əsaslanan və Ü.Hacıbəylinin "O olmasın, bu olsun" əsərində istifadə etdiyi, Məşədi İbadın oxuduğu melodiyadır. Qızxanımın dörd qarmonu olub. Onlardan biri "do" kökündə imiş. Digər qarmonların birini A.Karpuşkin düzəldib. O, bu qarmonda çalaraq radioya lentlərini yazdırıb. Süleymanla Qızxanımın dörd qızı və bir oğlu dünyaya gəlib. Övladların hər biri fitri istedada malikdir. Qızların dördü də müğənnilik qabiliyyətinə malikdir. İstedad, yüksək musiqi qabiliyyəti və müğənnilik bacarığı onlara irsən keçib. Qızların dördü də musiqi təhsili almış, fortopiano sinifini bitirmişlər. Böyük qız Sədaqət V.Mustafazadənin rəhbərlik etdiyi "Sevil vokal kvarteti" nin üzvü olmuşdur. O, Mədəniyyət və İncəsənət Universitetini bitirmişdir. İkinci qız Lalǝ fortepiano, qarmon ifaçısı, oranjemançı, müğənni və bəstəkardır. Mədəniyyət və İncəsənət Universitetini bitirib. İradə ailənin üçüncü övladıdır. Hind, ǝrǝb, əfqan, fars və s. xalqların mahnılarını məharətlə oxumaqla bərabər, Azərbaycan bəstəkarlarının əsərləri ilə repertuarını daim zənginləşdirir. O da ali təhsillidir, Mədəniyyət və İncəsənət Universitetini bitirib. Brilliant öz ailəsinə və şəcərəsinə böyük şöhrət gətirmişdir. O, ölkəmizdə çox sevilən müğənnidir. Onun öz oxuma manerası vardır. Müğənni xalq mahnılarımızı, bəstəkar əsərlərini, başqa xalqların mahnılarını məharətlə oxuyur. Brilliant Dadaşova ölkəmizin hüdudlarından kənarda da tanındığı üçün tez - tez sənət səfərlərinə dəvət olunur və musiqimizi layiqincə təmsil edir. Brilliant güclü istedadı hesabına səsindən istədiyi kimi istifadə edə bilir. Anası Qızxanımın bir zamanlar qarmonda etdiyi şirinlikləri, bəzək və müxtəlif melizmləri təəccüb yaradacaq dərəcədə boğazında asanlıqla işlədir. Brilliant Dadaşova Mədəniyyət və İncəsənət Universitetinin musiqili komediya fakültəsini bitirmişdir. O, respublikamızın xalq artisti fəxri adına layiq görülmüşdür. Dörd qızın tək qardaşı Dadaş da istedad sahibidir. Zərb alətlərimizin hamısında xüsusi qabiliyyətlə çala bilir. O, başqa sahədə çalışır. Orta ixtisaslı texniki işçi kimi fəaliyyət göstərir. Ritm musiqinin əsas ifadə və formalaşma üslubundan biridir. Süleymanın və Qızxanımın dəqiq, güclü ritm qabiliyyətləri gen vasitəsilə övladlarına da sirayət etmişdir. Ritmlərinin güclü, duyumlarının həssas olması müğənni qızların ən çətin musiqiləri oxumalarına imkan yaradır. Qızxanım Dadaşovanın ilk dəfə Moskvanın "Melodiya", sonra isə Bakının "Təranə" firması tərəfindən valları buraxılıb. Sənətçinin ifasında vallara "Zabul" muğamı, "Vağzalı", "Tərəkəmə", "Bəxtəvəri", "Lalə" və "Uzun dǝrǝ" rəqsləri yazılmışdır. Bacarıqlı qarmon ifaçısı Q.Dadaşova 1967 - ci il aprelin 24 - də avtomobil qəzasında həlak olmuşdur.
__________________________________________________________________________________________________________________________________
Əhsən Rəhmanlı “Qarmon ifaçılığı sənəti və onun Azərbaycanda tədrisi”, Bakı “MBM” 2014, Səh. 117 - 121.