Minǝli Güləli oğlu Eyvazov 1956 - cı il martın 3 - də Balaxanıda anadan olub. 1971 - ci ildə 204 saylı məktəbdə natamam orta təhsili başa vurub. 1966 – 71 - ci illərdə Balaxanıdakı M.Ə.Sabir adına mədəniyyət evində Rafael Orucovun qarmon sinfində təhsil alıb. Şagirdlər arasında istedadı ilə seçilib. O, 15 yaşından qarmon ifaçısı kimi xalq musiqisinə gəlib. Əvvəllər doğma qəsəbədəki özfəaliyyət ansambllarında, 204 saylı ümumtəhsil məktəbin dǝrnəyində çıxış edib. Ustad qarmon ifaçılarından Teyyub Dəmirov, Məmmədağa Ağayev və Abbas Abbasovun lent yazılarından bəhrələnib. Minəli Zakir Mirzə və Aftandil İsrafilovun canlı çıxışlarını çox görüb, eşitmişdi. Bundan əlavə hər iki qarmon ifaçısının radio və televiziya ifalarını müntəzəm izlǝyǝrǝk öz sənət inkişafına nail olmuşdu. Gənclik həvəsinin, sənət sevgisinin, qarmon ifaçılığına olan güclü marağının və bir də Balaxanı musiqiçilərilə məşqlərin sayəsində Minəli Eyvazov ǝsl sənət adamı kimi yetişmişdi. O, yaxşı qarmonçalanların sırasında dayanmışdı. Minəli elə sənətə qədəm qoyandan yaxşı çalırdı. Sonrakı çalışqanlıq və toylarda müntəzəm çalması bu zəhmətkeş insanı həqiqi peşəkar səviyyəyə çatdırmışdı. Minǝli Eyvazov 1 - ci Zabrat qəsəbəsindəki mədəniyyət sarayının qarmon sinfində dərs demişdi. Həmin mədəniyyət ocağında 1990 – 92 - ci illərdə milli rəqs qrupunun müşayiətçisi olmuşdu. Rəqs kollektivinin rəhbəri baletmeyster Danil Rabayev Minǝlinin musiqiçi kimi fəaliyyətindən, rəqs quruluşunu yetərincə müşayiət etməsindən həmişə razı qalmışdı. Yazı müəllifi olaraq deyirəm ki, D.Rabayevlə ilk tanışlığımda o, mənim qarmon ifaçısı olduğumu bilib, Minəli haqqında söhbət açdı, onu xeyli təriflədi. O zaman mən hələ Minəlini tanımırdım. Minǝli Eyvazovu nəinki Balaxanı sənətçiləri, həmçinin Bakının kənd və qəsəbələrində olan ən güclü, ən peşəkar musiqiçilər də tanıyır və onu öz dəstələrinin tərkibində toylara aparırdılar. Minəli də bu işlərin qarşılığında öz işini layiqincə görür, qarmonunu el dilində dindirir, toyların bütün repertuarını çalır və klarnet dəstəsini əla müşayiət edirdi. Musiqişünas, dissertant, Suraxanı rayonu üzrə 2004 - cü ilin ən yaxşı müəllimi fəxri adını almış Kəmalə Cabbarovanın xatirələrindən: "Minəli mənim dayım oğludur. 1983 - 85-ci illərdə Zabratdakı 1 may adına mədəniyyət sarayında musiqi nəzəriyyəsi müəllimi işləyirdim. Minəli ilə iş yoldaşı idik. O, məndən xeyli əvvəl buranın qarmon sinfində dərs deyirdi. Minəli mənim fortepiano müşayiətimlə Tofiq Quluyevin mahnılarını hazırlamışdı. Seçib işlədiklərimiz bəstəkarın "Ürək nəğmələri" kitabından idi. Minǝli Tofiq Quluyevin, Rauf Hacıyevin mahnılarını ifa etməkdən zövq alırdı. O, Avropa klassik bəstəkarlarından da bir - neçə əsəri repertuarına daxil etmişdi. Hazırladıqlarını mədəniyyət sarayında keçirilən konsertlərdə və səviyyəcə yüksək olan məclislərdə çalırdı. Əsərləri disklərə yazmaq arzusunda idi. Heyif, ǝcal imkan vermədi". Minǝli sakit təbiətli idi, astadan, mülayim danışırdı, heç kəslə mübahisə etməz, bir kimsənin xətrinə dəyməzdi. Bu insan elə sənət üçün, xalq işinə yaramaq üçün, toy - büsata şirin, məlahətli ecaskar qarmon səsi bəxş etmək üçün yaranmışdı. Elə musiqi sənətində o, öz yerində, öz tutumunda idi. Elə öz işini də görüb getdi. Qarmon ifaçılığı sənətində Minǝli Eyvazovun yeri özünün tutduğu layiqli yer boyda boş qaldı. Minəli dostumuzla 1 il 3 ay Qaraçuxur qəsəbəsindəki "Gilan" şadlıq sarayında birlikdə çalışmışam. Zalın musiqiçiləri Minǝligilin ansamblı idi. Mən məclisləri idarə edirdim. 2001 - ci il sentyabr ayının 28 - də, axşamüstü mən növbəti toy məclisini idarə etməyə gələrkən avtomobil qəzasına düşdüm və bərk yaralandım. Hadisəni ətrafdan seyr edənlərdən bir neçəsi gəlib məni avtomobildən çıxarıb yol kənarında təhlükəsiz bir yerə uzandırdılar. Şadlıq sarayına cəmi 30 - 40 metr qalırdı. Tamaşaya gələn cavanların birini "Gilana" göndərdim ki, qəzaya düçar olmağımı mənim sənət yoldaşlarıma bildirsinlər. Mənim köməyimə ilk yüyürüb gələn Minǝli Eyvazov oldu. Dǝrhal boynumu qucaqlayıb üzümdən öpdü, mənə "can - can" deyib təskinlik verdi. Hər dəfə başıma gələn faciəni xatırladıqda Minǝlinin dərhal özünü mənə yetirməsi yada düşür və çox kövrəlirəm. Minəli Eyvazovun daha bir istedadı üzə çıxmışdı. O, qarmon alətinin təmirilə məşğul olmağa başlamışdı. 1998 - ci ildən təmir işləri görürdü. 2003 - cü ildən etibarən artıq özü Azərbaycan qarmonları düzəldirdi. Sifarişlər də get - gedə artırdı. Qarmon ifaçıları onun işini bəyənirdilər. O, 30 qarmon düzəltmişdi. Həmin qarmonlar sənətçilərin əlində səslənir. Minəli usta - təmirçi kimi get - gedə daha artıq tanınırdı. Virtuoz qarmonçu, əməkdar artist, sənətşünaslıq namizədi, Mədəniyyət və İncəsənət Universitetinin dosenti Zakir Mirzənin "Azərbaycan qarmonu - solaxay qarmon" ixtirası Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyi tərəfindən 05.12.2007 - ci il tarixdə təsdiq olunub və "Şəhadətnamə" verilib. "Solaxay qarmon" hazırlanmasını Zakir Mirzə Baxışəli Əliyevin məsləhətilə Minǝli Eyvazova tapşırmışdı. Minəli həmin qarmonu layiqincə düzəldib ustad sənətkara təqdim etmişdi. Bundan əlavə Minəli Zakir müəllimin tələbələrinə "Solaxay qarmon" hazırlanması üçün "Kazan" qarmonların beş - altısını rekonstruksiya etmişdi. Minəli 1988 - ci ildə ailə qurub. Bir qızı, bir oğlu, bir nəvəsi var. Minəli Eyvazov qısa xəstəlik dövrü keçirərək 2009 - cu il sentybrın 22 - də dünyasını dəyişib. Minǝli haqqında məlumat almaq üçün sənət dostumuz Baxışəli Əliyevlə onların mənzilinə gedərək ailə üzvlərilə görüşdük. Ailə üzvlərinin hamısı evdə idi. Yalnız özü yox idi. Yeri görünürdü. Onu yad etdik. Hamı kövrəlmişdi. Təkcə Minəlinin nəvəsi, atasının dizləri üstündə əyləşən 2 yaşlı Əli bu ağır itkini hiss etmirdi. O, şirin, əziz girami uşaqlıq dövrünü yaşayır. Bu kitab nəşr olunan da Əlinin artıq 6 yaşı var. Əli Minǝlinin ilk nəsil davamçısıdır. Kim bilir bəlkə də o gələcəkdə babasının sənət yolunu da davam edəcək. Biz isə Əliyə şirin, şən, ata - analı uşaqlıq dövrü və gələcək üçün mənalı insan ömrü arzulayırıq.
__________________________________________________________________________________________________________________
Əhsən Rəhmanlı “Qarmon ifaçılığı sənəti və onun Azərbaycanda tədrisi”, Bakı “MBM” 2014, Səh. 496 – 498.