Teyyub Teyyub oğlu 1944 - cü il sentyabr ayının 27 - də anadan olub. İstedad ona genlə gəlib, qanında yoğrulub. Dünyaya göz açandan musiqi eşidib. Atasının çaldığı qarmonun səsinə yuxuya gedib. "Segah" və "Şur" un sədaları ona layla çalıb. Ayılanda yenə sirli - sehirli səslər eşidib. Balaca Teyyub 1951 - ci ildə Bakı şəhəri 19 saylı məktəbin birinci sinfinə gedib. Bu məktəbdə bir zamanlar çox məşhur şəxslər, o cümlədən əfsanəvi qəhrəman Mehdi Hüseynzadə (Mixaylo) təhsil almışdır. Teyyub sonralar təhsilini 44 saylı məktəbdə davam etdirmiş və 1960 - cı ildə oranı bitirərək Azərbaycan Dövlət İncəsənət İnstitutuna daxil olmuşdur. Məktəbdə oxuduğu illərdə Teyyub Bakı şəhəri 12 saylı musiqi məktəbində fortepiano sinfində təhsil almışdır. Kiçik yaşlarından qarmon çalmağı öyrənən Teyyub musiqi məktəbini bitirəndən sonra pianonu çox yaxşı çalmışdır. Ata Teyyub oğul Teyyubdan bir gün soruşur: "Gələcəyin qarşıdadır. Hansı sənətə sahib olmaq istərdin?” Oğul cavabında qarmonçalan olacağını söyləyir. Ustad sənətkar gülümsünərək deyir: - "Peşə seçməkdə sən tam sərbəstsən. Atam qarmonçalandır deyə, mən də qarmonçalan olacağam deyib, düşünmə. Mənə görə bu sənətə gəlməyini istəməzdim. Qəlbində sənətə, musiqiyə həvəs varsa, bunu özündə hiss edirsənsə, onda razılaşa bilərəm. Oğul, bu peşənin çətinlikləri lap çoxdur. Dözə biləcəksənsə buyur, gəl. Mən də bacardığım qədər kömək edərəm. Musiqiçilikdə istedad və həvəs əsas şərt olsa da, dözüm, səbr, nəzakət də böyük rol oynayır". Teyyub Teyyuboğlu sənətə gəldi. Həqiqi qarmonçalan oldu. Ustad atanın başını uca etdi. Musiqi aləmində yaxşıların sırasında yer aldı, sayıldı, seçildi. "Teyyub bala" kimi tanındı və bu adla çağrıldı. Teyyub balanın dediklərindən: "Mən sənətə atamın hörmət - izzətinə, şan - şöhrətinə görə gəlmişəm. Uşaqlıq və gənclik illərimdə harda olurdumsa, qarmonçalan T.Dəmirovun oğlu olduğum üçün mənə hörmət edər, nəvaziş göstərərdilər. Atamın adını hər yerdə hörmətlə çəkib, sənətindən ürək dolusu danışardılar. Mən atamla birlikdə cəmiyyət arasına çıxanda onun necə qarşılandığını görüb qürur hissi keçirərək fərəhlənərdim. Düşünürdüm, gör musiqiçi olmaq necə böyük şərəfli işdir ki, atam Teyyub Dəmirov bir belə nüfuza malikdir. Ona bütün dövlət idarələrində hörmət edərdilər. Az - çox sənətdə möhkəmlənib tanınandan sonra daha çox məsuliyyət hiss etməyə başladım. Axı, mən T.Dəmirovun oğlu, sənətinin davamçısı idim. Mən zəif sənətkar ola bilməzdim. Elə atam da bunları demişdi". 1964 - cü ildə Azərbaycan radiosunda səslənmək üçün ilk dəfə lent yazdıran Teyyub Teyyub oğlu bir muğam və dörd rəqs melodiyası ifa edir. Ata Teyyub oğlunun çalğısının diqqətlə dinlǝyib xeyir - dua verməklə bərabər müəyyən tövsiyyələr edir, iradlarını bildirir. O, deyir: "Sənin ifanda tələskənlik hiss olunur. Buna mütləq diqqət et. Xüsusilə muğam çalarkən təmkinli ol. Tǝmkinli çalıb, fikirləri düzgün, aydın, bitkin çatdır. Muğam cümlələrində bitkin fikir olmalıdır. Bütünlükdə götürdükdə sənin lentlərdəki ifalarını bəyənmək də olar. Davam et. Məsuliyyətini, özünə qarşı tələbkarlığını bir də artır. Get - gedə daha yaxşı olacaq". Ümumiyyətlə atası Teyyub balaya həmişə muğamları dərindən öyrənməyi məsləhət görürdü. 1963 - cü ildə T.Teyyub oğlu əməkdar incəsənət xadimi, tarzan - bəstəkar Ağası Məşədibəyovun rəhbərlik etdiyi xalq çalğı alətləri ansamblına dəvət alır və beş il burada çalışır. Sonralar isə bir il Televiziya və Radionun xalq çalğı alətləri ansamblında fəaliyyət göstərir. Bu ansambla xalq artisti, tarzən Baba Salahov rəhbərlik etmişdir. Teyyub bala atası barədə deyilən yüksək fikir və düşüncələrdən birini xatırlayıb belə deyir: "Ötən əsrin 60 - cı illərinin əvvəlləri olardı. Bəstəkar Telman Hacıyev mənzilində öz ad gününü qeyd edərkən musiqiçi dəstəmizlə məni, klarnetçalan Vəli Qədimovu, nağaraçalan Ramiz Həsǝnovu və xanəndə Baba Mirzəyevi dəvət etmişdi. Tanınmış ziyalılardan neçəsi, həm də bəstəkarlarımızın bəziləri orada qonaq idi. Məşhur bəstəkar Fikrət Əmirov da iştirak edirdi. Məclisi də o idarə edirdi. Mənim T.Dəmirovun oğlu olduğumu əvvəldən ona demişdilər. Musiqiçiləri qonaqlara təqdim edəndə F.Əmirov milli musiqimizin sənətçiləri və atam haqqında danışıb onların sənət fəaliyyətlərini çox dəyərləndirdi. Sovet dönəmində bütün təhsilini rus dilində alan hörmətli bəstəkarımız o dildə danışırdı: "Они создали музыку тогда, когда не было музыки". Dediklərinin dilimizlə izahı təxminən belə alınır ki, hələ milli musiqimiz geniş şəkildə təşəkkül tapmadığı, bir o qədər inkişaf etmədiyi bir zamanda T.Dəmirov və digər xalq musiqiçiləri həqiqi musiqi yaradırdılar". T.Teyyuboğlu 1965 - ci ildə İncəsənət İnstitutunu bitirsə də bununla kifayətlənməyib 1970 - ci ildə Xalq Təsərrüfatı İnstitutuna daxil olur və 1975 - ci ildə oranı bitirir. O, musiqiçi fəaliyyətindən uzaqlaşmayaraq ticarətlə də məşğul olur. Teyyub Teyyuboğlu 15 - 16 yaşlardan toylarda göründüyü və sənətdə baş çıxardığı üçün tez də parlamışdı. Məşhur bir qarmon ifaçısının oğlu olması da təbii ki, onun tez tanınıb geniş əhatǝdə çalışmasına münbit şərait yaratmışdı. Teyyuboğlu gənclik illərindən məşhur xanəndələr və musiqiçilərlə birlikdə toylarda birlikdə çalışırdı. O, xanəndə Əbülfət Əliyev, tarzən Məmmədağa Muradov, kamança ifaçısı Tələt Bakıxanov və digər məşhurlarla o qədər toy - nişanda olmuşdu ki... Teyyuboğlu tarzən Tahir Əliyev (mahir kaman ifaçısı, xalq artisti Habil Əliyevin qardaşı), xanəndələr Mürşid Abbasov, Süleyman Abdullayev, Sabir Mirzəyev və digərlərilə el şənliklərində. sənət nümayiş etdirmişdi. O, muğamlara yaxşı bələd olduğu üçün xanəndələr, bu sıradan Əbülfət Əliyev onun məlahətli qarmonunun müşayiətilə oxumağı xoşlayırdı. İlk anlardan böyük sənətkarlarla çiyin - çiyinə çalışması sənət yollarında onu daim irəli aparırdı. O, həmin dövrün tanınan klarnetçalanları ilə tez - tez toy - mağarda görünürdü. Qalalı Məlik (Məlik Fərmanov), Həsən əmi (Həsən Məhərrəmov), Suliddin İsmayılov, Məhərrəm Zeynalov, Adil Bayramov və Vəli Qədimov T.Teyyuboğlu ilə birlikdə çalmaqdan zövq alırdılar. Onun klarnet ifaçısını, müğənnini müşayiət etməsi də, solistliyi də belə sənətçiləri tam qane edirdi. Sənət dostumuz, xalq artisti, xanəndə Baba Mahmudoğlu T. Teyyuboğludan söz düşərkən demişdi: "Bir - iki il idi ki, sənətə başlamışdım, toylara yenicə ayaq açmışdım. Hələ məşhurlaşmamışdım. Teyyub Dəmirov, onun oğlu Teyyub və digər sənət yoldaşları ilə bir dəstədə Siyəzəndə iki günlük toyda oxumuşam. Dəstənin klarnetçalanı Teyyuboğlu idi. Yaxşı da çalırdı". Mən sevimli həmkarımızdan bu barədə soruşduqda müsahibim gülümsünərək cavab verdi: "Bəli! Tamamilə doğrudur. Mən klarnet ifaçısı da olmuşam. Bu belə olmuşdu. Çaldığımız toyların birində klarnetçalanın kökü qarmonla düz gəlmirdi. Rahatsız olmuşdum. Ondan klarnetin dilçəyini (qamış - trost) dəyişib daha münasibini quraşdırmasını tələb etdim. O, da halını pozmadan, bir az da əda ilə: - Bu səninçün qarmon deyil götürən kimi çalasan, klarnetin işi çətindir, sən düşündüyün qədər də asan deyil - dedi. Səhərisi gün özümə klarnet aldım. Dörd ay ərzində ifanı tam öyrəndim. Hansı sənətkarla toylarda olurdumsa, inanmırdılar, deyirdilər ki, yox, sən bununla çoxdan məşğul olurmuşsan, 3 - 4 aya bu səviyyədə ortaya çıxmaq mümkün deyil. 1964 - cü ildən 1968 - ci ilǝ qədər toyların klarnetçalanlarından biri də mən olmuşam. Dərbənd şəhərinin usta və məşhur sənətkarı Şərafəddinlə üç il toy mövsümündə birlikdə işlədik. Dağıstanın hər yerinə şənliklərə gedirdik. Sonralar oralara öz təzə "QAZ - 24" markalı avtomobilimlə gedirdim. Toy sahiblərinin xahişilə gəlini oğlan evinə öz avtomobllimlə mən apapırdım. 1968 - ildə avtomobil qəzasına düşdük, əzildim, yeddi qabırğam sındı. Sağaldım, ayağa durdum. Bir müddət nəfəs almağımda çǝtinlik yarandı. Klarnet ifaçılığından uzaqlaşmalı oldum və qarmon sənətinə qayıtdım. Bu sənət atamın sənətidir, mənə daha çox doğma və əzizdir. Görünür mənim taleyim bu peşəyə bağlı imiş. Elə bu sənət də məni vaxtında çox yaxşı yaşadıb, hörmət - izzət sahibi edib, şöhrətləndirib. Əlbəttə bütün bu işlərin hamısında Allahın nəzəri, diqqəti və hikməti var. Uca Allahımdan çox razıyam, onun kərəminə şükür". 1970 - ci ildə atasının vaxtsız vəfatından təsirlənən Teyyub oğlu ifaçılıq sənətindən uzaqlaşmaq istəsə də, T.Dəmirovun sənət dostları, onun və özünün pərəstişkarları bunun qarşısını alırlar. Ağıllı, səmimi məsləhətləri eşidən Teyyuboğlu öz qəlbinin də səsini dinləyərək sənət aləmində öz işini davam edir. Teyyub bala tanınmış klarnetçalan Şəmsi İmanovla 1965 -1968 - ci illər ərzində yoldaşlıq edərək konsertlər və toylara getmişlər. Məşhur və Bakı toylarında nüfuza malik olan klarnetçalan Əşrəf Əşrəfzadə ilə 1968 – 1973 - cü illər ərzində səmimi dostluq və həqiqi sənət yoldaşlığı edən Teyyuboğlu həmin dəstə ilə birlikdə hər bir məclisdə çox yüksək sənətkarlıq nümayiş etdirmişdir. Bakının və Abşeronun əksər toylarında Əşrəfin dəstəsi çalanda məclislər gur keçər, xalq yığışıb gələrdi. O toyların sözü - söhbəti bu gün də dillərdədir. Ə.Əşrəfzadə 1973 - cü ildə avtomobil qəzasından ağır yaralanaraq vaxtsız dünyadan köçmüşdür. Bakı ağsaqqallarının məsləhətləri ilə həmin dəstəyə Əşrəfin tələbəsi olmuş, gənc klarnet ifaçısı Əlirza Orucov dəvət olunmuşdur. Teyyuboğlu düz 25 il Əlirza ilə sənət yoldaşlığı edərək Bakımızda və Azərbaycanımızın əksər bölgələrində ən məsuliyyətli, iri və geniş mağarlarda keçirilən toylarda çalaraq yaddaqalan və sevilən qarmon ifaçısı kimi qarşılanmışdır. Teyyuboğlu səviyyəli, əxlaqlı, düz, doğru və halal sənət işlətmişdir. Sənət yoldaşlarına qarşı səmimi olmuş, getdiyi toy - mağarda məclisdəkilərə nəzakət göstərmiş, mehribanlıq yaratmış, hamı ilə mədəni rəftar etmişdir. Toy sənətçiləri arasında intellekt səviyyəsi, mədəni davranışı, sözü bütövlüyü və öz sənətinə olan hörməti, sevgisilə seçilmiş, çoxlarına örnək olmuşdur. Onun bəstələdiyi bir neçə rəqs melodiyası vardır ki, onları radiomuzun fonduna yazdırmışdır. Bəstələdiyinin birini "Dilarə" rəqsi, digərini isə eləcə "Rəqs melodiyası" adlandırmışdır. O, atasının xüsusi ustalıqla bəstələdiyi "Qaytağı" rəqslərini də lentə aldırıb. Fondda onun çaldığı "Şüştər" muğamı da qorunur. 1971 - ci ildə Teyyuboğlunun qrammafon valı buraxılıb. Sənətkar orada "Gül dəstəsi" adlanan lirik, həzin melodiyanı, "Qoçəli", "Tərəkəmə" və "Şalaxo" rəqslərini çalıb. Xeyli müddət ifaçılıq sənətindən uzaqlaşsa da, 2006 - cı il may ayında ifasını kompakt diskǝ yazdırmışdır. O, bu diskə atasından yadigar qalan melodiyaları: - "Xumarı", "Solmazı", "Dilşadı", "Elmira", "Məlahəti" rəqslərini və "Qoç Əli" xalq oyun havasını yazmaqla bərabər, burada atasının yaratdığı dəramədlərlə "Şur", "Zabul" və "Bayatı - Şiraz" muğamlarını da böyük məharətlə çalmışdır. Teyyuboğlu qarmon ifaçılığı sənətinin gələcəyini uğurlu, davamiyyətli və həmişəyaşar görür. Gənc qarmonçalanlara tövsiyyəsi budur ki, onlar klassik formanı və qəbul olunmuş ümumi üslübü saxlasınlar. Musiqimizin kökü olan muğamlarımıza diqqətlə yanaşsınlar, bu sehirli, zəngin sənəti yaxşı mənimsəsinlər. Keçmiş sənətkarların qoyub getdikləri ifaları dönə - dönə dinləyib öyrənsinlər. Həqiqəti cəsarətlə söyləməliyik ki, Bakı kəndlərində bir zamanlar keçirilən milli ruhlu toylarımızda T.Teyyuboğlu ustad xanəndələr Hacıbaba Hüseynovu, Yaqub Məmmədovu, Əlibaba Məmmədovu, Alim Qasımov və başqalarını öz qarmon ifası ilə müşayiət etmiş və belə böyük sənətkarları razı sala bilmişdir. Bütün bunlar onun yetkin, kamil bir sənətkar olmasına və muğamlarımızı yaxşı bilməsinə sübutdur. T.Teyyuboğlu 1966 - cı ildə ailə qurmuşdur. İki oğlu, bir qızı vardır. Ocağında nəvələr boy atıb. pərvazlanır. Ömrünün ən mənalı çağında, 2001 - ci ildə Teyyub Teyyuboğlu Məkkə şəhərinə müqəddəs Hacc ziyarətinə gedərək Hacı titulunu qazanmışdır. 2013 - cü il oktyabr ayının 30 - da Dövlət Mahnı Teatrının binasında əməkdar artist, dosent, sənətşünaslıq üzrə fəlsəfə doktoru Z.Mirzənin 70 illik yubileyində T.Teyyuboğlu "Qəşəngi" rəqs havasını incə duyumla, şirin xallarla çalaraq alqışlar qazandı. O, atasının bəstəsi olan bu oyun havasını elǝ T.Dəmirovun üslubu ilə çox gözəl ifa etdi.
__________________________________________________________________________________________________________________
Əhsən Rəhmanlı “Qarmon ifaçılığı sənəti və onun Azərbaycanda tədrisi”, Bakı “MBM” 2014, Səh. 252 – 259.