Çoxdan arzuladığım bir məqsədə yetişdim. 2012 - ci il aprel ayının 28 - də doğma, qədim Bakımızın M.A.Əliyev küçəsindəki 234 saylı üçmərtəbəli binanın ikinci mətrəbəsində məşhur sənətkarımız, xalq artisti Aftandil İsrafilovun mənzilində oldum. Ora onun dəvəti ilə getdim. Görüşməkdə məqsədim sənətkarla ətraflı söhbət etmək, ondan müsahibə almaq idi. Getdiyim ünvanın ətrafında söküntü işləri aparılırdı. Üzbəüz binaların daşı - torpağı daşınır, yerində təmizlik işləri aparılırdı. Tədricən söküntü plana uyğun olaraq olduğum ünvana doğru hərəkət edəcək, bu binaların da ömrünə son qoyulacaq, onların yerində XXI əsrə uyğun qurub - yaratma işləri aparılacaq, müasir xiyabanlar və parklar salınacaq. Bakının köhnə ünvanları bizim yazdığımız kitabların səhifələrinə, tarixə köçəcək. Mahir sənətkardan bilgi almaq, ömrünün müəyyən anlarını öyrənmək mənim üçün önəmli bir iş idi. Hiss etdim ki, uzun yaradıcılıq yolu keçmiş bu insanla bir görüş, iki - üç saatlıq söhbət mənim yazımın ətraflı olmasına, bitib - tamamlanmasına bəs etmir. Öz fəaliyyəti barədə, ümümiyyətlə musiqi alǝmində görüb - eşitdikləri haqda onda o qədər maraqlı məlumatlar var ki... Avtandil Eynulla oğlu İsrafilov 1941 - ci il yanvar ayının 24 - də Bakıda anadan olub. Onların yaşadığı mənzil L.N.Tolstoy 54, Mustafa Sübhi küçəsinin tini ünvanında yerləşirdi. Bu ailədə yeddi uşaq böyüyüb - boy atıb. Eynulla İsrafilov təkcə məhəllədə, qonşular arasında deyil, eləcə də iş yoldaşları, dostlar, qohumlar və onu tanıyanlar arasında böyük nüfuza malik idi. O, daxilən saf, mərhəmətli, xeyirxah, çörəkverən, insaflı, mürüvvətli və haqqı tanıyan bir kişi olduğu üçün çoxlarının hörmət bəslədiyi və sevimlisi olan bir insana çevrilmişdi. Eynulla ictimayi - iaşə sahəsində çalışırdı. Kitab müəllifi kimi qeyd edirəm ki, Eynulla kişinin alicənab, dəyanətli və mərd insan olması barədə mahir qarmon ifaçımız, əməkdar artist, fəlsəfə doktoru Zakir Mirzənin dilindən tez - tez eşitmişəm. Zakir Xaçmaz şəhərində boy atıb böyüdüyü üçün bunun şahidi olub. Həmin dövrdə Eynulla İsrafilov bir müddət Xaçmaz dəmir yolu vağzalının yeməkxanasının müdiri vəzifəsində çalışıb. Zakirin atası Qulam Hüseynin Eynulla ilə dostluğu varmış. Zakir həmişə deyib ki, Eynulla kişinin Xaçmazda böyük nüfuzu vardı. Eynulla İsrafilov Şərqin böyük xanəndəsi Cabbar Qaryağdıoğlu (1861-1944) ilə möhkəm dost olub. Ustad xanəndə Eynullaya Fransada istehsal olunmuş piano bağışlayıb. Gələcəyin böyük sənət adamı, mahir qarmon ifaçısı olacaq Aftandil evlərindəki pianoya biganə qalmamış, musiqiyə gəlişini bu alətlə başlamışdır. Özünün dediyi: "Uşaqlıq illərində əksər tay - tuşlarım kimi mən də futbol oynamaqdan doymazdım. Məhəllə yoldaşlarımla futbol oynayıb, yorulub evə gələndə fortepiano arxasına keçib çalar və dincələrdim. Radiodan da tez - tez qarmon ifaçılarının çaldıqlarını dinləyirdim. Piano ilə neçə vaxt idi məşğul olurdum və yaxşı da çala bilirdim ki, qarmon çalmaq həvəsinə düşdüm. Qonşumuzda Mirzǝağa kişi vardı. Yarımtonsuz qarmonunu tez - tez çalardı. Yaz - yay aylarında qarmonunu götürüb damın üstünə çıxar, orada əyləşib çalaraq dincələrdi. Mən onun çalmağını görüb dinləmişdim. Elə onun əlində qarmon görǝrǝk, ifasını eşidərək, radiodan tanınan qarmonçalanların ifasını dinləyərək qarmon çalmağa meyl et mişdim." Aftandil də çoxları kimi ilk əvvəllər "Kazan" qarmonda və Tulada istehsal olunan alətlərdə çalaraq sənət öyrənmişdi. Onun xatirələrindən: "Atamın dostlarından biri də qarmonçalan Ağahüseyn idi. O, atama bildirmişdi ki, bir nəfərdə əla bir qarmon var, satır, məsləhət görürəm ki, onu sənin oğlun üçün alaq. Atam Ağahüseyn əmi ilə gedib həmin qarmonu mənə alıb gətirdi. Bu 1958 - ci ilə təsadüf edir. Həmin qarmon mənim gələcək sənət fəaliyyətimi həll etdi və uğurlarımın təməlini qoydu. Mən indi də Ağahüseyn kişini hörmətlə xatırlayıram, ona Allahdan rəhmət diləyirəm. O, əslən maştağalı idi, şəhərdə yaşayırdı. O, dövrünün yaxşı qarmon ifaçılarından biri sayılırdı. Şəhərin Sovetski adlanan məhəlləsində İsrafil adlı bir kişi yaşayırdı. Arabir Rusiyanın Tula şəhərinə gedər və Azərbaycan musiqiçiləri üçün hazırlanmış qarmonlar gətirərdi. Mənə satdıqları qarmonu isə xüsusi sifarişlə oranın ən yaxşı ustasına həvalə etmiş, məxsusi öz oğlu Yusif üçün düzəltdirmişdi. Bu yaxşı qarmon çıxmışdı. Lakin oğlu musiqidən uzaqlaşdığı üçün İsrafil həmin qarmonu satmalı olmuşdu. Bu nadir nüsxə, bu keyfiyyətli alət mənə qismət oldu. Qarmonun yalnız qrifi yaxşı işləmir, rahatsızlıq yaradır və məni qane etmirdi. Odur ki, usta Valentinin Basin (hazırda Füzuli) küçəsindəki emalatxanasına getdim. O, həmin qarmona ǝla qrif düzəltdi və yaxşı işləyən mexanizmlər yığdı". Aftandil Bakıdakı Mərkəzi Pioner və Məktəblilər Evinə gedir və qarmon dərnəyinin məşğələlərində iştirak edirdi. Müəllimdən bir şey öyrənməsə də ansamblda və orkestrdə çalması onun inkişafı üçün şərait yaratmışdı. Onu diqqətlə dinləmiş, istedadını duymuş və ifasını bəyənǝrǝk nəfəs alətləri orkestrinin tərkibinə götürmüşdülər. Orkestr əsərləri özünəməxsus tonallıqlarda ifa edildiyi üçün bunlar qarmon alətində yarımtonlara düşürdü. Başqalarına bu çətin gəlsə də Aftandil bunların öhdəsindən məharətlə gəlirdi. O, artıq bu çətinliyə alışmışdı, həmin tonallıqları mənimsəyib sərbəst çala bilirdi. Bu da orkestr rəhbərinin, bütünlükdə yaradıcı heyyətin və pionerlər evi rəhbərliyinin nəzərindən yayınmamışdı. Kollektiv 1959 - cu ildə Moskvada keçiriləcək Azərbaycan ədəbiyyatı və incəsənəti ongünlüyünə ciddi hazırlaşırdı. Vaxt yetişəndə ora ǝn istedadlı uşaqları və yeniyetmələri göndərmək üçün seçim edildi. Hamını bir yerə toplayıb Moskvaya, dekadaya gedənlərin siyahısı oxunanda Aftandil İsrafilovun da adı salınmışdı. Beləliklə o. Moskvada mədəniyyətimizi təbliğ edənlər sırasında olmuşdur. Orkestr əsərlər ifa etməklə bərabər həm də, "Cücələrim" mahnı və rəqs ansamblını da müşayiət edirdi. Aftandil 1960 - cı ilin sonuna qədər pionerlər evində rəqs quruluşlarını və solist müğənniləri müşayiət etmişdir. O, 1961 - ci ildən L.Şmidt adına maşınqayırma zavodunun mədəniyyət sarayının rəqs ansamblının qarmonçusu olmuşdur. Baletmeyster Şahvələd həmişə Aftandilin aydın, səliqəli, səviyyəli ifasından və müşayiət bacarığından razı qalırdı. Aftandil özü də burada çalışmasından məmnun idi. Həm maaş alır, həm də çətin rəqslərin quruluşlarını müşayiət edərək, iti, cəld sürətli melodiyaları ardıcıl çalaraq ifaçılıq qabiliyyətini, bacarığını artırırdı. Rəqs ansamblında çalması onu xeyli qabağa aparmışdı. Aftandil İsrafilov çalışdığı rəqs ansamblı ilə 1963 - cü ildə xarici ölkəyə səfər etmiş, Avstriya ölkəsinin şəhərlərində konsertlərdə olmuşdur. Bu onun ilk xarici ölkə səfəri idi. O, hələ bilmirdi ki, onu qarşıda hansı sənət uğurları gözləyir, peşəkar sǝhnələrdə özünü təstiq etdikcə nə qədər ölkələr gəzəcək, sololar ifa edəcək, qarmonumuzu sevdirǝcək və musiqimizi yüksək bacarıqla təbliğ edəcək. Əlbəttə bunlar yaradıcılıq və tale işidir. O, bütün söylədiklərimizi öz uğurunda və öz taleyində tapacaqdı. Tapdı da.. Aftandil İsrafilov 1960 - cı ildə Politexnik Instituta daxil olur. Ali təhsil ocağının özfəaliyyət x.c.a. ansamblının fəal üzvlərindən, aparıcı musiqiçilərindən biri kimi özünü təsdiq edir. Ansamblın rəhbəri, tarzən - drijor (hazırda xalq aristi) Nəriman Əzimov bu istedadlı gənc qarmonçalanın ifasından razı qalır, onu diqqətdə saxlayır və gələcəkdə böyük musiqiçi olacağını öncədən duyur. Məşqlər, konsertlər, baxış - müsabiqələr, böyük sənət adamlarının tövsiyyələri gənc Aftandilin musiqiçi kimi yetişməsinə təkan verir. Həmin illərdə o, özündən böyük sənətkarlarla və yaşıdları olan musiqiçilərlə toylara da gedir. Beləliklə qarmon ifaçılığı onun əsas işinə, sənətinə çevrilir və o, özünü bu peşədə tapır. 2 il institutda təhsil alan Aftandil təhsildən uzaqlaşaraq ömrünü həmişəlik qarmon sənətinə bağlayır və nəhayət ölkəmizin ən mahir qarmon ifaçılarından biri olur. O, təhsil aldığı ali məktəbdə öz qrup yoldaşlarını bu gün də xatırlayır. Onların əksəriyyəti sonralar elmin və istehsalatın müxtəlif sahələrində çalışaraq tanınan simalara çevrilmişdilər. Aftandilin qrup yoldaşlarından biri Əhməd Əhmədzadə hazırda ölkəmizin meliorasiya naziridir. Tarzən, əməkdar artist (sonralar xalq artisti ) Baba Salahov (1923 - 1981) rəhbərlik etdiyi x.c.a ansamblına 1965 - ci ildə Aftandili dəvət edir. Gənc qarmonçu 1978 - ci ilə qədər həmin ansamblda çalışır. Bu ansambl Azərbaycan Televiziya və Radio Verilişləri Komitəsinin nəzdində fəaliyyət göstərirdi. Avtandilə qədər bu ansambın qarmon ifaçıları Teyyub Teyyuboğlu və İsfəndiyar Coşqun (1929 - 1991) olmuşdur. Avtandil az vaxt içərisində bu peşəkar ansamblda özünü təstiq edir. Toy - büsatda onun ilk yoldaşlıq etdiyi klarnetçalan Vəli Qədimov (1940 - 2009) da həmin ansamblın fəal üzvlərindən biri idi. O, da özfəaliyyət ansambllarından yetişib gəlmiş və nəhayət ǝsl ansambl ifaçısı kimi formalaşmışdı. Avtandil ilə Vəlinin çalğısı istər ansambl tərkibində, istərsə də özləri birlikdə çalarkən çox yaxşı alınırdı. 1960 - cı illərin sonlarında, 1970 - ci illərin əvvəllərində bu iki musiqiçi Baba Salahovun idarəsilə fəaliyyət göstərən x.ç.a ansamblının aparıcı qüvvəsi və solistləri kimi musiqisevərlərin və musiqi xiridarlarının nəzər - diqqətində idilər. Bu ansamblla televiziyada çıxış edən, radioya ifalarını yazdıran müğənnilərin əksəriyyətinin muğam oxumalarını Avtandil və Vəli müşayiət edirdilər. Bundan başqa muğam dəramədləri və rənglərin əvvəllərində və ortalarında da istedadlı, məharətli ifaçılar Avtandil və Vəlinin solo ifaları mühüm əhəmiyyət kəsb edir, bu musiqiləri zənginləşdirərək əsl örnəyə və nümunəyə çevirirdi. Həmin melodiyalar bu gün üçün də əhəmiyyətlidir, radionun və televiziyanın fonotekasında qorunur. Baba Salahovun rəhbərlik etdiyi ansamblın daha cox məşhurlaşmasında və sevilməsində Avtandil və Vəlinin mühüm rolu olmuşdu. Musiqi ictimaiyyətinin, müğənnilərin, bəstəkarların diqqətində olan bu ansamblın çıxışlarını gənc musiqiçilər xüsusi maraqla izləyirdilər. Bu kitabın müəllifi də bir zamanlar Avtandil və Vəlinin televiziya və radio ifalarını izləmiş, əhəmiyyətli dərəcədə dinləmiş və onların çalğısından çox şey öyrənmişdir. Avtandil və Vəli x.ç.a. ansamblının tərkibində bəstəkar Şəfiqə Axundovanın "Şən rəqs" ini o qədər gözəl ifa ediblər ki... Avtandil İsrafilov Baba Salahovun ansamblının tərkibində xalq artisti Rübabə Muradovanın (1933 - 1987) oxuduğu "Gəl bizə yar" xalq mahnısında xanəndənin oxuduğu yanıqlı "Segah" muğamını ("sol" tonallığında) xüsusi tərzdə, özünəməxsus və təsirli halda müşayiət etmişdir. Belə misalları çox artırmaq olar. O, Qədir Rüstəmovun (1935 - 2012) istər televiziyada canlı konsertdə oxuduğu, istərsə də radio fonduna yazdırdığı "Olmaz, olmaz" (musiqisi Zöhrab Abdullayevin) mahnısında oxuduğu "Segah" muğamının ("fa #" tonallığı) ifasında da xüsusi ustalıq göstǝrǝrǝk öz dəsti - xəttini verə bilmişdir. Həmin müğənninin Azərbaycan radiosunun fonotekasında qorunan və səsləndirilən "Çahargah" muğam - dəstgahında Avtandil "Müxalif" şöbəsini və buradakı "Məxlut" guşəsini (bəzi xanəndələr bu guşəni "Müxalifin üstü" adlandırırlar) samballı və əla çalıb. Qədirin televiziyada oxuduğu "Sona bülbüllər" xalq mahnısında da Avtandil İsrafilov xanəndəni olduqca təsirli "Segah" la müşayiət etmişdi. Neçə - neçə xanəndələrin müşayəti zamanı Avtandilin çaldığı "Segah" ların heç biri bir - birinə bənzəmir və fərqli cəhətlər özünü biruzə verir. Bu işlərdə onun aşıb - daşan ilhamı, zəngin təbi, güclü musiqili ürəyi mühüm rol oynayır. "Segah" a onun xüsusi və məsuliyyətli yanaşması vardır. Düzdür, onun ilhamı "Bayatı - Şiraz" a, "Şüştər" ə, "Mahur" a daha yaxındır, lakin "Zabul" və "Segah" muğamları da sanki onun qarmon ifaçılığının boyuna biçilmişdir. "Bəstənigar" "Çahargah" muğamının bir şöbəsidir. Bu şöbədə həzinlik var. A.İsrafilov 1960 - cı illərin sonlarında Azərbaycan radiosunun fondu üçün "Bəstənigar" ifa etmişdir. "Çahargah" muğamının tərkibində bu şöbə "mi" tonalllığına əsaslansa da Avtandil bu muğamın qarmonda xüsusi səslənmə yerini duyub təyin edərək, "si" tonallığında çalaraq, sonluğu, qayıdışı (muğama ayağı) "sol" pərdəsinə gəlmişdir. Zəngin qarmon çalarları ilə bəzənmiş "Bəstənigar" ifasında o, "Segah" a da keçid etmişdir. Düzdür, "Bəstənigar" da "Segah" yoxdur. (Hərçəndi qədim muğam cədvəllərində muğamlarımızın şöbə və guşələrində müasir dövrümüz üçün bir - birinə zidd olan, məqbul sayılmayan adlara rast gəlirik.) Hörmətli və məharətli sənətkarımız xüsusi ustalıq göstǝrǝrǝk adını qeyd etdiyim muğamla "Segah" ın sintezini yaratmışdır. Mənzilində qabaq - qənşər əyləşib sənətkarla söhbət edərkən ona belə sual verdim: Əhəd Əliyevin qrammafon valında ifa etdiyi, siz sənətə gəldiyiniz zaman üçün çox məşhur olan, elə bu günlə də səsləşə bilən "Segah" ı dinləyib ondan bəhrələnmisinizmi? Belə cavab aldım: - Xeyr, mən onun "Segah" ını dinləməmişəm. Lakin onun üslubunda "Segah" çalan Abbas Abbasovu (1924 - 1997) və Səttar Hüseynovu (1929 - 1981) evimə dəvət edərək onların ifasına dǝfələrlə qulaq asmışam. Bir nəfər iranlı qarmonçu var idi. O da "Əhəd Segahı" nı yaxşı çalırdı. Sənətkar sözünə davam edərək belə dedi: "Segah" başqa aləmdir. Zəngin çalarlı, zəngin boyalı, al - əlvan naxışlı və olduqca təsirli muğamdır. Onu ifa edərkən adam özündə olmur, ətraf mühitdən tədric olunur. Bir anlıq unudursan, o sirli aləmə daxil olursan. Ifaçı bir az da dərinliklərə baş vursa, lap ürəyi partlaya bilər. Sözün düzü bu yaxınlarda mənim başıma belə bir iş gəlib. "Segah" sifariş vermişdilər. Məsuliyyət hiss etdim, çalmağa başladım. Get - gedə o dərin aləmə baş vurdum. Özümü və dinləyiciləri, toy iştirakçılarını, muğamı sifariş verəni unutmuşdum. Bir vaxt hiss etdim ki, ürəyim yerindən çıxmaq istəyir, partlamağa yaxınlaşır, deyəsən ölümə doğru gedirəm. Ürək ağrıları məni bu aləmə qaytardı, ayıldım, tez "Segah" a sonluq verdim, qarmonu masa üstünə qoyub ayağa durdum və qonaqların arasına gedib onlarla birlikdə əyləşdim. Alqışlar isə hələ də davam edirdi. Bir dəfə də Daşkənd şəhərində toyda təsirli "Segah" çaldım. O qədər pul səpdilər ki... Bu dəfə Avtandil bəy mənə sual verdi: "Əhsən müəllim, siz bilən "Segah" qarmonda hansı tonallıqda daha təsirli səslənir?" Fikrimdə götür - qoy edir, sənət işlətdiyim dövrdə çaldığım "Segah" ların təsirli pərdələrini xatırlamaq istəyirdim, "sol" damı, "fa #" dəmi, "fa" dami, "do #" dəmı? Cavab verməyə çətinlik çəkdim, tərəddüd etdim. Fikirləşdiyimi duyan sənətkar verdiyi sualı özü cavablandırdı. "Qarmonda "Segah" ən yaxşı və ən təsirli "si" də, "Xaric segah" kökündə səslənir". Mən solist kimi bunu dəfələrlə yoxlamışam. Bu yaxınlarda mən həmin tonallıqda belə bir maraqlı iş etmişəm. Yarımtonlara toxunmadan "si" kökündə "Segah" çalmışam. Efirə verməmişəm. Heç yerdə səsləndirməmişəm. Diski qutuya qoyub arxivimdə saxlamışam. İstəyirəm ki, mən dünyada olmayanda həmin ifa ilə maraqlansınlar, səsləndirib fikir bildirsinlər". Avtandil sənət aləminə gəldiyi ilk illərdə nağara ifaçılarından Ağasüleyman İmanov, Böyükağa Muradov, Rafiq Budaqov, Ramiz Həsənovla konsertlərdə, toylarda çalırdı. Geniş fəaliyyəti dövründə isə onun dəstəsinin əsas nağara ifaçısı Ramiz Həsənov olmuşdu. Onun müşayiəti Avtandilin ifası ilə daha yaxşı uyuşur, bütün incəliklər öz yerini alır, çalğı ilə müşayiət bir - birini tamamlayırdı. Sonrakı zamanlarda Aftandil İsrafilovun ansamblının əsas nağaraçalanı Rafiq Balabəyov olmuşdur. XX əsrin 60 - cı illərinin sonlarında qarmon ifaçısı Avtandil İsrafilov, klarnetçi Vəli Qədimov və nağaraçalan Tahir Hüseynov üçlüyünün Azərbaycan radiosunda ifa etdikləri yeni səpgili, yeni ruhlu oyun havaları hamının xoşuna gəlmişdi. Bu melodiyalar həddən artıq gözəl səsləndiyi üçün nəzər - diqqəti cəlb etmiş, gənc musiqiçilərin maqnitofon lentlərinə köçürülmüşdü. Bu təsirdən formalaşan, bu nümunədən yaranan yeni - yeni qarmonçu, klarnetçi, nağaraçı üçlükləri nəinki Bakımızda, eləcə də Azərbaycanımızın bütün bölgələrində artdı, çoxaldı. Hətta Qərbi Azərbaycanda, İrəvanda, Borçalı ellərində, Tbilisidə belə musiqi qrupları yarandı. Avtandilin, Vəlinin, Tahirin ifa etdikləri "Xəzəri", "Xoşbəxti", "Natiqi", "Bahar", "Siyəzən", "Toy rəqsi" (bəstəkar C.Cahangirov), "Qazaxı", "Qaytağı" oyun havaları az zaman içərisində geniş yayılaraq Azərbaycan toylarının repertuarına daxil oldu. Musiqiçilərimiz toy - büsatda bu melodiyaları sevə - sevə ifa edirdilər. Hətta gənc musiqiçilər bu havaları Avtandil və Vəli necə çalıbsa, elə o cür, həmin bəzəklərlə çalmağa çalışır, əksəri də buna nail olurdular. Baba Salahovun ansamblındakı fəaliyyətlləri, buradakı solo ifaları, radioda, televiziyada çaldıqları oyun havaları və bir neçə muğam Avtandil İsrafilov və Vəli Qədimovu çox məşhur etmiş nəinki respublika miqyasında, hətta onun hüdudlarından kənarda da tanıtmışdı. Onların yaratdıqları toy ansamblı hər yerə, ən gur məclislərə dəvət olunurdu. Onların çıxış etdiyi toylarda, konsertlərdə müğənnilərdən Tələt Qasımov, Zaur Rzayev, Rövşən Behçǝt, Sakif Məmmədov, Mais Məmmədov və digərləri oxuyurdular. Bu zaman bu heyətin nağara ifaçısı Ramiz Həsənov (1942 - 2011) idi. Onun özünəməxsus ritmləri Avtandil - Vəli üslubunu tamamlayırdı. Onların birlikdə ifa etdikləri canlı çıxışlar və qrammafon vallarına, radio fonduna yazdırdıqları melodiyalar ürəyə yatır, könül oxşayır, sümüyə düşür və həmişəyaşarlıq "vəsiqə" si alırdı. O, ifaları pianoda müşayiət edən Yusif Səlimovun xidməti xüsusi qeyd olunmalıdır. 1972 - ci ilin fevral ayında Rusiyanın Leninqrad (hazırda Sankt - Peterburq) şəhərində "Bakı" restoranınn açılışı olmuşdu. Mərasimin təşkilatçısı Azərbaycan höküməti idi. Bu tədbirdən əlavə şəhərin mötəbər mədəniyyət müəssisələrində Azərbaycan incəsənət ustalarının konserti təşkil olunmuşdu. Ora estrada orkestri, tarzən Həbib Bayramov (1926 - 1994), müğənnilər Tükəzban İsmayılova, Anatollu Qəniyev (1931 - 1985), Oqtay Ağayev (1934 - 2006), xalq çalğı alətlərimizin bir neçə ifaçısı, qarmonçalan Aftandil İsrafilov, klarnetçi Əşrəf Əşrəfzadə (1940 - 1973), nağaraçalan Rafiq Budaqov və balabançı - dǝmkeş Sabir Məmmədov göndərilmişdi. Konsertlər bir - birindən maraqlı olmuş, Azərbaycan musiqiçiləri alqışlar qazanmışdı. SSRİ - nin məşhur "Melodiya" firmasının əməkdaşları konsertdə tamaşaçı olmuş, ifaçılarımızın sənətini bəyənmiş və studiyaya yazılışa dəvət etmişdi. O zaman qrammafon valının bir üzünə Əşrəf Əşrəfzadənin ifasında. "Vağzalı", "Qoçəli", "Həyatı", "Fikrəti" rəqs melodiyaları, digər üzünə isə Avtandil İsrafilovun ifasında "Laçın" xalq mahnısı və "Qazaxı" oyun havası yazılmışdı. Bütün bu ifalarda musiqiçilərimizi nağarada Rafiq Budaqov məharətlə müşayət edib. Qrammafon valları keçmiş SSRİ məkanının hər yerinə yayılmışdı. Deməliyik ki, bu vallar həm Ə.Əşrəfzadəyə, həm də Aftandil İsrafilova uğur gətirərək sənətkarlarımızı şöhrətləndirmişdi. Avtandil Əşrəfin ifalarını yüksək səviyyədə müşayiət etməklə bərabər "Laçın" xalq mahnısını və "Qazaxı" xalq oyun havasını böyük peşəkarlıqla, geniş imkanlarla çalmış, öz üslubunu açıq - aydın nəzərə çarpdırmış, xırdalıqları və bəzəkləri yerli - yerində işlədərək Azərbaycan qarmonunun dəyərini və səviyyəsini ucalara qaldırmışdır. A.İsrafilov XX və XXI əsr qarmon sənətimizin ən uğurlu simalarından biridir. XX yüzilliyin ikinci yarısında insrtumental ifaçılıq sənətində yüksəliş dövrü başlandı. Bu qarmon ifaçılığında da özünü göstərdi. Bu dövrdə parlayıb sənətdə seçilən və daim inkişafa doğru yol götürüb daim diqqətdə qalan sənətçilərimizdən biri də Avtandil oldu. Avtandilə qədər milli qarmon ifaçılığımız xüsusilə Azərbaycan mühitində sevilib dərk edilirdisə, onun ifaları əks olunan lentlər, qrammafon valları geniş yayıldıqdan, özü məşhurlaşdıqdan sonra bu sənət vətənimizin sərhədlərini aşaraq ətraf respublikalara yayıldı. Onun ifalarını Qafqazda yaşayan bütün millətlǝr, Orta Asiya xalqları və keçmiş Sovet dövlətinin tərkibində olan əksər xalqlar qəbul edib sevdilər. Avtandil milli qarmonumuzu çox yerdə tanıtdı. SSRİ xalqlarının akkordeon, bayan və qarmon ifaçılarının ən populyar olanları belə Avtandilin ifalarından razı qalaraq yüksək fikir söylǝyir, onun qarmonundakı tembrdən danışır və bu səsin sehrinə düşdüklərini bildirirdilər. A.İsrafilovu öz ansamblı ilə İrəvana, Tblisiyə, Şimali Qafqazın və Orta Asiya respublikalarının əksər şəhərlərinə dəvət edirdilər. Bu qeyd etdiklərimiz XX əsrin 70 - ci illərinin II yarısından başlayaraq 1990 - cı ilə qədər davam etmişdir. Xalqın yaradıcılıq çeşməsindən qidalanan Əhəd Əliyev, Ələkbər Nəzərli, Teyyub Dəmirov, Məmmədağa Ağayev, Səfərəli Vəzirov, Abbas Abbasov, Rza Şıxlarov, Səttar Hüseynov, Zakir Mirzə, Teyyub Teyyuboğlu və b. qarmon sənətimizin sütunları olmuşlar. Əhəd Əliyevin yaratdığı əsl milli qarmon məktəbinin, sənət yolunun adını sadaladığımız davamçıları bu üslubu, bu ənǝnəni ləyaqətlə davam etmiş və yaşatmışlar. Avtandil milli qarmon sənətimizin ənənələrindən bǝhrələnərək və bacarıqla istifadə edərək cəsarət və məharətlə öz üslubunu, öz məktəbini yaratmışdır. XX əsrin 70 - ci illərindən başlayaraq Avtandil məktəbinin davamçıları durmadan artıb çoxalmışdır. Sənət meydanında geniş addımladığı anlardan onun qarmon sənətimizə gətirdiyi yeniliklər davamçılar tərəfindən mənimsənilmiş və bu üslubdan geniş şəkildə istifadə olunmuşdur. Avtandil milli qarmon ifaçılığımıza daha çox xırdalıqlı barmaqlarla çalğı, tremolalı və melizmli yol gətirib. O, bu incəlikləri, zəriflikləri, xırdalıqları, bəzəkləri həm muğam fikirlərində, həm də rəqs melodiyalarının cümlələrində ölçülərə dəqiq tətbiq edərək işlədir. Bütün bunlar çevik barmaqlar, ustalıq tələb edir ki, bu da onun unikal sənətində özünü biruzə verir. Ən iti sürətli, cǝld çalınan oyun havalarımızı, "Şalaxo", "Xançobanı", "Qazaxı", "Kinto", "Bakı" və digər melodiyaları ifa edərkən belə onun uzun xırdalıqları musiqini bəzəyib gözəlləşdirməklə yanaşı, ritmlərin ölçülərinə əsaslanır, ölçü - biçi düz gəlir və heç bir halda onun barmaqlarında çaşmaq, dolaşmaq halları olmur. Cəsarətlə və fakta söykənərək deyə bilərik ki, 1970 - ci illərin əvvəllərindən sənətə gələnlərin və 1980 - cı illərdə qarmon ifaçılığına başlayanların çoxunda "Avtandil ifaçılığı məktəbi" nə meyl güclü olmuşdur. Avtandil qarmon sənətimizə dərin lirizm, forte, piano ifa və həzinlik gətirib. Onun ifasında ümümbəşəri hisslər və fikirlər daha çoxdur. Doğrudan da fenomen sənətkarımız Azərbaycan qarmonunun ifa yolunu ümumbəşəri səviyyəyə gətirmiş və bu sənəti hamının duyub başa düşəcəyi yüksəkliyə qaldırmışdır. Öz zəhməti, istedadı, çalışqanlığı, əzmi nəticəsində zəngin sənət qazanan Avtandil İsrafilovun əsas köməkçisi Ulu Yaradanın ona verdiyi bəxtdir ki, özündən yeddi addım qabaqda gedərək sahibini öz ardınca xöşbəxtliyə aparmışdır. Sadiq dostu qədər əziz bildiyi sevimli qarmonu qisməti, bəxti hesabına ona nəsib olmuş, sehirli səsilə sənətkarımıza şöhrət gətirmişdir. A.İsrafilov yaradıcı sənətkardır. O, repertuarındakı xalq oyun havaları, xalq mahnıları, dəramədlər, lirik melodiyalar və bəstəkar əsərlərinə həmişə yaradıcı münasibət bəsləmiş və hər birində öz cizgilərini vermiş, öz boyalarını əlavə etmişdir. Sənətkarın bəstələdiyi qrammafon vallarına, radio lentlərinə yazdırdığı rəqslər bir - birindən gözəldir. Uzun illər populyarlıqdan düşməyən "Kəmalə", "Nazilə", "Zemfira", "Simrani", "Aynura" və "Dağlar oğlu" rəqsləri bu sıradadır. O, qarmonumuzda ilk dəfə bəstəkar mahnılarını ifa edən sənətkarlarımızdandır. Ağabacı Rzayevanın "Pəri" mahnısı Avtandilin ifasında o qədər gözəl səslənib ki... A.İsrafilov Azərbaycan Dövlət Konsert - Qastrol Birliyində instrumental ansambl yaradaraq yaradıcılıq fəaliyyətini daha da genişləndirmişdir. Müğənnilərdən Əli Mirəliyev, Sakif Məmmədov, Füruzə İbadova, Zöhrə Abdullayeva, Validə və Gülnarə Mahmudovalar həmin ansamblın solistləri idilər. Azərbaycan Dövlət Filarmoniyasında, rayonlarımızda, SSRİ - nin bir sıra şəhərlərində, İrəvanda, Gürcüstanda, Özbəkistan və Türkmənistanda ansamblın möhtəşəm konsertləri olurdu. Bütün konsertlərdə Avtandil İsrafilov solist kimi çıxış edir və alqışlar qazanırdı. Özbəkistanda keçirilən Azərbaycan incəsənəti və mədəniyyəti günlərində Aftandilin ansamblı uğurla çıxış etmişdi. Bir yazı müəllifi, həm də bir musiqiçi kimi qüdrətli sənətkarımızın rəhbərlik etdiyi ansamblın televiziyadakı ilk konsertini maraqla seyr etmiş və çox məmnun qalmışdım. İlk öncə "Çahargah rǝngi" çalmışdılar. Muğam ifaçılarımız tərəfindən müntəzəm səslənən bu rəng Avtandilin işlǝməsində zəngin bir əsərə çevrilmişdi. Həmin "Çahargah rəngi" klarnet ifaçısı Zabit Əfəndinin olsa da, ustad qarmonçu ona yeni nəfəs vermiş və zənginləşdirmişdi. Yeri gəlmişkən qeyd etməliyik ki, A.İsrafilovda bu bacarıq, bu keyfiyyət, melomanlıq çox güclüdür. O, kiçik melodiyaları genişləndirib zəngin əsərə çevirə bilir. Yaxud melodiyaların ladını məharətlə dəyişib ifa edir. Mǝsələn, "Bayatı - Qacar" rəngini "Çahargah rəngi" nə, sadə, primitiv "Şəki rəqsi" ni çətin ladlara çevirib çalır və s. və i.a. Avtandil yaradıcılığını izləyən bir araşdırıcı kimi belə halların dəfələrlə şahidi olmuşam və xeyli nümunələri sadalamaq mümkündür. Virtuoz qarmon ifaçımız Zakir Mirzənin dilindən, hətta televiziyadakı söhbətlərindən də eşitmişəm: "Avtandil ən kiçik, sadə bir melodiyanı işləyib genişləndirərək səviyyəli bir musiqiyə çevirə bilir". A.İsrafilovun öz dediklərindən: "Mən hər hansı bir muğamın "Mayǝ" sində və yaxud da hər hansı bir şöbəsində istənilən qədər gəzişmələr edə bilərəm. Elə müğənniləri də bu pərdələrdə müxtəlif cümlələrlə, ayrı - ayrı xallarla müşayiət edərəm". Bəli, bu doğrudan da belədir. Belə bir istedad, belə bir kamillik Aftandil müəllimdə var. Onun bitib - tükənməyən təbi, ilhamı vardır. Onun bu kimi keyfiyyətlərindən, üstün cəhətlərindən, keçdiyi səmərəli, zəngin, çoxjanrlı sənət yolundan nümunəvi, örnək fəaliyyətindən elmi işlər yazmaq mümkündür. T.Quliyev (1917 - 2000) Azərbaycan Bəstəkarlar İttifaqının sədri olarkən Avtandil sənətinə biganə qalmamış, onun "Kəmalə", "Zemfira", "Aynurə" və "Nazilə" rəqslərinin nota alınmasını lazım bilmişdir. Onun tapşırığı ilə Faiq Sücəddinov həmin rəqs melodiyalarını nota köçürmüşdür. Bəstəkarlar İttifaqı bu notları təstiq etdiyi üçün böyük qarmon sənətkarımıza xeyli qonorar verilmişdir. Yeri gəlmişkən onu da qeyd etməliyik ki, Avtandil müəllim adını sadaladığımız rəqsləri hər dəfə ifa edərkən həmin melodiyalara yeni fikirlər, fərqli melizimlər, başqa cizgilər, ayrı - ayrı boyalar, zəngin keçidlər əlavə edərək çalır. Bütün bunları o, bǝdahətən, qəfildən ilhamına gələn fikirləri dərhal musiqi cümlələrinə çevirərək edir. Həm də qəfil beyninə gələn, ürəyindən süzülüb gələn fikirləri barmaqları ilə ustalıqla icra edir. Doğrudan da o, viruoz musiqiçidir. Bütün yaradıcılığı, ifaçılığı boyu onun ürəyi, beyni və barmaqları bir - birini tamamlayıb. A.İsrafilov 1968 - ci ildə Azərbaycanın məşhur musiqiçilərilə birlikdə Hindistanda səfərdə olub. Ümumiyyətlə o, 30 - dan çox xarici dövlətlərdə çıxış edərək musiqimizi təbliğ etmişdir. 1970 - ci ildə şöhrətli müğənnimiz Zeynəb Xanlarova Türkiyəyə səfər edərkən onu müşayiət edən qrupun tərkibində Avtandil İsrafilov və Vəli Qədimov da var idi. Konsertlər maraqlı və uğurlu keçmişdi. Sənətkarlarımız qayıdarkən özlərilə populyar türk mahnıları toplamış, kasetlər də gətirmişdilər. Növbəti səfərdə Zeynəb xanım öz repertuarına həmin mahnıların bəzilərini də daxil etmişdi. 1972 - ci ildə Zeynəb Xanlarova ilə Türkiyəyə tarzən Həbib Bayramov, qarmonçalan Avtandil İsrafilov, klarnetçi Vəli Qədimov, nağaraçalan Böyükağa Muradov (1932 - 2007) və kaman ifaçısı Tǝlət Bakıxanov (1927 - 2000) getmişdi. Türkiyənin bütün informasiya vasitələri Azərbaycan musiqiçilərinin uğurları, maraqlı konsert proqramı barədə məlumat verirdi. Qəzetlərdə, dərgilərdə qrupun hər bir üzvünün sənət keyfiyyətləri və yüksək ifaçılığından söz açılırdı. Qardaş ölkə televiziyaları Zeynəb xanımın konsert çəkilişlərini yayımlayırdı. Sənətçilərimiz konsert lentlərini Azərbaycana gətirmişdilər. Bu konsert bizim televiziyada yayımlanarkən Azərbaycanın hər yerində onu maraqla izləmiş və böyük iftixarla seyr etmişdilər. Yaxşı xatırlayırıq ki, "Sev kardeşim" və "Seni yalancı, seni" türk mahnılarında Vəli Qədimovun klarnetdə və Avtandil İsrafilovun qarmonda ifa etdikləri sololar o qədər gözəl alınmışdı ki... Bu mahnıların Azərbaycanda populyar olub konsertlərin və toyların repertuarına daxi olmasında Zeynəb xanımın gözəl ifasıyla bərabər Avtandil və Vəlinin sololarının mühüm əhəmiyyəti olmuşdu. O dövrün biz gənc musiqiçiləri həmin soloları maqnitofon lentləri vasitəsilə əzbərləyir və toylarda, konsertlərdə çalırdıq. SSRİ xalq artisti, M.F.Axundov adına Akademik Opera və Balet Teatrının solisti Zeynəb Xanlarova gənclik illərində Əhməd Bakıxanovun rəhbərlik etdiyi x.ç.a. ansamblının müşayətilə oxuyub. Sonralar isə öz fəaliyyətini Əliağa Quluyevin və Ağası Məşədibəyovun rəhbərlik etdiyi x.ç.a. ansamblları ilə davam etdirib. O, 1979 - cu ildə özünə ansambl yaradıb. Avtandil Zeynəb Xanlarovanın rəhbəri və solisti olduğu instrumental ansamblda fasilələrlə olsa da, əhəmiyyətli dərəcədə fəaliyyət göstərib. O, bu ansambla dəvət olunanda burada qarmon ifaçısı Faiq Əlibalayev çalışırdı. Əksər hallarda hər iki qarmonçalan ansamblın tərkibində olur, dövlət tədbirlərində, Azərbaycanın müxtəlif bölgələrindəki konsertlərdə, xarici səfərlərdə birlikdə çıxış edirdilər. Zeynəb xanımın ansamblında qarmon ifaçılarından Hüseyn Həsənov və Aydın Əliyev də çalışıb. Lakin mərhələlərlə yenə Avtandil müəllim bu ansamblın aparıcı qüvvəsi olub. O, bütün konsertlərdə, radioya yazılan lentlərdə xarici ölkə səfərlərində dünya şöhrətli Zeynəb xanımı ustalıqla müşayət edib. Avtandil Zeynəb xanımın qrupunun tərkibində Avropa və Ərəb ölkələrində, ABŞ - da xeyli sayda konsertlərdə olub. 2010 - cu ildə Heydər Əliyev adına sarayda Zeynəb Xanlarovanın solo konsertində Avtandil müəllim də var idi. O, müğənnini müşayiət edərkən səviyyəli, təsiredici "Çahargah" çalmışdı. Müqtədir sənətkarımız musiqi incəsənəti, milli mədəniyyətimiz üçün dəyərli, qiymətli, çoxçalarlı, zəngin və fərəhli işlər görmüşdür. Onun qarmon sənətimizə gəlməsi, ön sıralara çıxması öz zamanı üçün yeni hadisə idi. O, qarmon ifaçılığı sənətinin daha sürətlə inkişaf edəcəyinə inam yaratmışdı. Sənətkara aid olan xeyli sayda faktları, çoxsaylı məlumatları müxtəlif mənbələrdə və ünvanlarda sığınacaq tapmış qeydiyyatları, xatirələri, məqalələri, məktub və teleqramları, böyük sənət adamlarının, mütəfəkkirlərin onun haqqında söylədiyi fikirləri, ifaları toplanmış diskləri, səhnələrdə çəkilmiş konsertlərinin, ona həsr olunmuş dörd televiziya verilişlərinin lentlərini toplayıb, geniş araşdırma apararaq samballı əsər, elmi araşdırma işi yazmaq mümkündür. Yazımızda bu fikrə təkrar toxunmaqla bunun labüdlüyünü nəzərə alaraq yenə o mətləbə gəlmişik. Avtandil sənəti həmişə dinləyici, tamaşaçı və musiqi xiridarlarının düşüncəsinə təsir göstərib, onlarının zövqlərini formalaşdırıb, ruhuna məhrəm olub. Onun haqqında yazılanlar sağlığında ona abidə ola bilər. Belə böyük musiqiçinin barəsində yazılanlar sənətinin vurğunu, bilicisi və mütəxəssis əlindən çıxması işin ümumi dəyərini xeyli dərəcədə və əhəmiyyətli şəkildə artırır. Virtuoz ifaçımızın keçdiyi zəngin, məhsuldar sənət yollarını və inkişaf mərhələlərini kino lenti kimi milyonların gözü qarşısında canlandırmaq məsuliyyətli olduğu qədər də şərəf işidir. O, ifaçılıq sənətimizə əvəzsiz enerji yükü sərf edib. Avtandil sənəti Azərbaycan qarmon ifaçılığı sənətinin qızıl fondunu yaradıb. O, Əhəd Əliyev, Teyyub Dəmirov, Məmmədağa Ağayev kimi müqtədir sǝnətkarların yandırdığı sənət məşəlini sönməyə qoymur, əksinə daha da alovlandırır. Bu məşəl bu gün etibarlı əllərdədir. İncəsənətin bir məqsədi də insan ruhunu, beyinlərin, zehinlərin fəaliyyətini yaxşılaşdırmaq, ürəkləri riqqətə gətirmək, tamaşaçı və dinləyici düşüncəsini cəmiyyətin faydasına yönəltməkdir. Bu yöndə bütün incəsənət işçilərimizin, musiqi xadimlərimizin, bu sırada instrumental ifaçılarımızın mühüm əhəmiyyətli xidmətləri olmuşdur. Onlardan biri də Avtandil İsrafilovdur. O, bütün canlı konsertlərində alqış tufanı qazanıbdır. Azərbaycan qarmonunu böyük konsert səhnələrində solo alət kimi təqdim etmək, geniş tamaşaçı kütləsi qarşısında rəngarəng repertuarla bacarıq nümayiş etdirmək ənənələrinin əsasını da A.İsrafilov qoyub. XX əsrin 70 - ci illərinin ikinci yarısında və 80 - ci illərdə istedadlı qarmon ifaçımızın nəfis şəkilli, reklamlı afişaları Bakımızın görkəmli yerlərində asılırdı. Azərbaycan Dövlət Filarmoniyasında, şəhərimizin iri mədəniyyət saraylarında A.İsrafilovun solo konsertləri olurdu. Tamaşaçıların müəyyən hissəsini gənc qarmon ifaçıları təşkil edirdi. Onlar sənət öyrənmək istəyənlər idi. Özlərinə ustad, örnək saydıqları ifaçının səhnədə canlı çıxışlarımı seyr edib eşitmək gənc ifaçıların sənət eşqini artırır və fəaliyyətlərinə müsbət təsir edirdi. O konsertlərdən yazılmış maqnitofon kassetləri geniş şəkildə yayılırdı. Cavan musiqiçilər həmin kasetləri əldə edib, ifa qaydalarını və yeni - yeni melodiyaları öyrənirdilər. Avtandilin uğurlu, anşlaq solo konsertlərindən sonra digər qarmon ifaçılarımız üçün də yol açıldı. Tanınan qarmon sənətçilərimiz Azərbaycan Dövlət Filarmoniyasında solo konsertlər verdilər. Avtandil pedaqoji sahədə çalışmayıb. Lakin, onun yetirmələri saysız - hesabsızdır. Vaxtilə ən dəbdə olan, çox sevilən sənətkar kimi Bakının özündə, kəndlərdə və qəsəbələrdə çadırda çalınan toylara ən çox dəvət olunan Aftandil idi. O, bütün toy şənliklərinə öz repertuarı, öz dəstəsilə gǝlərdi. Çalğıçıların masasının önü, səsgücləndirici aparatların kalonkalarının qarşısı o dövrün iri və ya orta həcmli maqnitofonları və mikrofonlarla dolu olardı. Qarmon sənətinə yeni yol götürənlər sevimli qarmonçumuzun bütün ifa etdiklərini lentlərə köçürür və diqqətlə barmaqlarına tamaşa edərdilər. Toylardan sonra hərə öz evində öz maqnitofonunu dinləyər və öyrənərdi. Gənc qarmonçalanlar bir - birindən Aftandilin lentlərini əldə edirdilər. Maraqlı burasıdır ki, mahir qarmonçunun XX əsrin II yarısında toylarımızda, konsertlərdə, televiziyada ifa etdiyi çox zəngin material XXI əsrin bu günlərinə qədər gəlib çatıb. Bu əsrimizdə də qarmonçular Aftandilin ötən əsrdə bədahətən çaldıqlarından bəhrələnirlər. Yazımızda qeyd etdiyimiz kimi A.İsrafilov tədris sahəsində çalışmasa da, onun ardıcıl, səmǝrəli, yaradıcı ifaçılıq fəaliyyəti qarmon sənətimizin Avtandil məktəbini yaratmışdır. Bu adam ömrünün 50 ildən çoxunu Azərbaycan qarmon sənətinin tərəqqisinə həsr etmişdir. O, qarmon sənətinin yeni ənənələrini yaratmışdır. Avtandil musiqi mədəniyyətimizin təbliği və inkişafında böyük xidmətləri olanların sırasında dayanır. A.İsrafilov 1982 - ci ildə Azərbaycan SSR - in əməkdar, 1998 - ci ildə Azərbaycan Respublikasının xalq artisti, 2009 - cu ildə Dağıstan Muxtar Respublikasının xalq artisti fəxri adlarına layiq görülüb. Onun sənətini Dağıstanda da çox sevirlər. O, müxtəlif illərdə və son dövrlərdə həmin respublikada konsertlərdə olmuş və ən möhtəşəm toy şənliklərində çıxış etmişdir. Dağıstanda da Avtandil sənətindən bəhrələnən, lentlərindən, disklərindən öyrənib qarmon sənətinə gələnlər az deyil. Onlardan biri də Dağıstanın xalq artisti Vsomoldik Əhmədovdur. O, bizim Azərbaycan qarmonunu ifa edir. V.Əhmədov həm də jurnalistdir. Avtandilin ifasından bəzi seçmələr bəşər mədəniyyətinə töhvə olmuş, musiqi xəzinəsini zənginləşdirmişdir. Onun lirik ovqatlı ifalarının öz poeziyası var. Həqiqətən əsl istedadlı sənətkarlar qəlbindən süzülüb gələnləri barmaqlarının ifalarına gətirənlərdir. Biz də o illəri yaşayan, o tarixin şahidi olan musiqiçi kimi deyə bilərik ki, Avtandil İsrafilov klarnet ifaçısı Vəli Qədimov və nağaraçalan Ramiz Həsənovla sıx yaradıcılıq əlaqələrində olub. Onların ifaları bir - birini tamamlayır, yüksək səviyyəli sənət nümunələri yaradırdı. Birlikdə çalışmağa başladıqları ilk günlərdən Avtandillə Vəli qarmonla klarnetin doğmalığını, birlikdə əla səslənməsini yaratdılar. Onların radioya, qrammafon vallarına yazdırdıqları, toylarda ifa etdikləri melodiyalar açıq - aydın dediklərimizi təstiq edir. Bu ifalarda birlikdə çalğı, sual - cavab cümlələr və birinci - ikinci səslər rəngarənglik, ahəngdarlıq və gözəllik yaradır. Dinlədikcə insanın ruhu təzələnir, könlü xoş olur. Onların birlikdə qrammafon valına yazdırdıqları "Elmira", "Sevgilim", "Nazilə" (1974), "Laləzarı" (1972) rəqs melodiyaları bir daha söylədiklərimizin doğru olduğunun sübutudur. Bakımızda, Azərbaycanımızın hər yerində, vətənimizin hüdudlarından kənarda toy edənlər Avtandilgilin yolunu səbrsizliklə gözləmiş, qədəmlərindən fərəhlənmiş, yüksək sənətdən zövq almışlar. Avtandilin ansamblını Bakı qəsəbələrindən ən çox Balaxanı, Suraxanı və Əmircan toylarına dəvət edərdilər. Burada onların pərəstişkarları, fanatları saysız - hesabsız idi. Bu fanatlar içərisində gənc musiqiçilər də az deyildi. Mövzumuzda təkrar - təkrar qeyd etmişik ki, sənətə ilk addım atan qarmonçular Avtandilin konsertlərini və toylarda çaldığı nümunələri özlərinə tədris vəsaiti edirdilər. Avtandil müəllim XX əsrin 70 - ci, 80 - ci illərində qarmon sənətinə gələnlərin ümidgahı idi. O, sonrakı illərdə də musiqi okeanında üzən bir aysberqə bənzəyirdi. Aftandilin ifaçılığının spesifik xüsusiyyətlərindən biri də onun yüksək improvizə qabiliyyətinə məxsus olmasıdır. Bu qabiliyyət və ifa etdiyi musiqini duyma bacarığına malik olması sənətkara dəfələrlə ifa edilmiş musiqini yeni səpgidə səsləndirməyə, onu yeni boyalarla zənginləşdirməyə imkan verir. O, uzun illər ərzində Azərbaycan musiqisini və milli qarmonumuzu böyük ustalıqla təmsil etmişdir. Yaşının 70 - də də ustad musiqiçi gözəl yaradıcılıq formasını saxlaya bilib. Həmişə axtarışda olan sənətkar yeni tapıntıları öz ifasına gətirir, müxtəlif musiqi formalarından istifadə edir, Azərbaycan xalq mahnılarını, xalq oyun havalarını, həmçinin klassik və müasir bəstəkarlarımızın əsərlərini yeni, zəngin çalarlarla tamaşaçılara və dinləyicilərə təqdim edir. Musiqiçi, pedaqoq və tədqiqatçı kimi sənət meydanında məşhur olan ifaçılarımızın fəaliyyǝtini uzun illərdir ki, izləyirəm. Bu qənaətdəyəm ki, hər ifaçı 40 – 50 - 60 yaşdan sonra öz sənət enerjisini, qüdrətini saxlaya bilmir, inkişafdan qalır və formadan düşür. Lakin, A.İsrafilovun 65 yaşına qədər aybaay, ilbəil inkişafını müşahidə etmiş, izləmişəm. Doğrudan da onu bəxtəvər insan, xoşbəxt sənətkar saymaq olar. O, yaşlı musiqiçinin ürəyinə yük olan qarmonun körüyündən mǝharətlə istifadə edir. Ümumiyyətlə o, bütün fəaliyyəti ərzində qarmonun səslənməsi üçün əsas şərtlərdən biri olan körüklə (mex) işləməyi yaxşı bacarmışdır. Dünyanın əksər ölkələrində yaşayan Azərbaycanın dağ yəhudiləri bizim musiqimizlə nəfəs alırlar. Onlar da milli qarmonumuzun ecazkar səsini özlərinə doğma sayır, Avtandil sənətini sevirlər və onu öz şənliklərində görmək arzusuyla yaşayırlar. 1996 - cı ildə A.İsrafilov ABŞ - ın Nyu - York şəhərinə əslən Bakılı olan yəhudinin möhtəşəm toy şənliyinə dəvət olunmuşdu. Onunla ora klarnetçalan Qulammirzə Mirzəyev, qoşanağara ifaçısı, xalq artisti Sadıq Zərbəliyev, müğənni Zöhrə Abdullayeva da getmişdi. Sintezator ifaçısı Bakıdan Amerikaya köçmüş yəhudi musiqiçi idi. İki axşam keçirilən toy mərasimində birinci axşam amerikalılar, ikinci axşam isə Orta Asiya respublikalarından, Moskvadan, Sankt - Peterburqdan, Bakıdan və Qubadan dəvət olunan qonaqlar üçün ziyafət verilmiş, Azərbaycan musiqisi səslənmişdir. Toy mərasimindən sonra Aftandilgilin istirahəti təşkil olunmuş, onları 15 gün qonaq saxlayaraq Amerikanın əksər şəhərləri ilə tanış etmiş, gəzdirmişdilər. A.İsrafilov bir qrup incəsənət ustalarımızla birlikdə İran İslam Respublikasına da dəvət olunmuşdur. Tehranın məşhur Meydani Azadi (Azadliq meydanı) məkanındakı möhtəşəm konsert salonunda Azərbaycan musiqisi böyük uğurlar qazanmışdır. 2008 - ci il avqust ayının 15 - də keçirilən konsertdə Avtandilin soloları böyük rəğbətlə qarşılanmışdır. Konsertin sonunda İran parlamentinin sədr müavini səhnəyə gəlmiş, sənət ustalarımıza təşəkürünü bildirmiş, fəxri fərmanlar təqdim etmiş və Avtandilin sənətini xüsusi vurğulamışdır. O, mahir qarmon ifaçımıza diplom taqdim etmişdir. Orada qızıl suyu ilə yazılmışdır: "İran İslam Respublikasının ustadı adına layiq görülmüş sənətkar". Görkəmli şairlərdən biri deyib: "Mənə söz verməyin, mənə göz verin". Təbii ki, burada "göz" sözü burada fiziki anlamda yox, daha çox "azad fikir meydanı verin" mənasında işlənib. Görmək, müşahidə etmək əsl məktəbdi. Avtandil bəyin görmə, duyma, hiss etmə və müşahidə qabilyyəti çox qüvvətlidir. Bu kimi xüsusiyyətlər bütün ifaçılığı ərzində onun karına gəlib. Onun lirik ifalarında duyğulandırıçı çalarlar, rənglər var. Təbii ki, bunun özünü də duyğulu dinləyicilər, həssas qəlbli insanlar daha tez duya bilirlər. Avtandil yaradıcılığı ilə yaxından tanış olmaq üçün bu sənətə arifanə baxış, yüksək araşdırıcılıq qabiliyyəti gərəkdir. Onu demək lazımdır ki, yaradıcı şəxsiyyətlərin iç dünyasında başqalarına görünə bilməyən çeşidli insani keyfiyyətlərini istəməsələr belə yaratdıqlarında dolayısı ifadə edirlər. Bunu çox zaman özləri görmür və hiss etmirlər də. Yalnız arif adamlar bu "işarə və əlamətləri" duya, görə və dəyərləndirə bilirlər. Avtandil elə sənət meydanına uğurlu yol başladığı anlardan öz üslubunu yarada - yarada, dərin izlərini sala - sala gəlmiş və əsl sənət hökmüylə əksər cığırdaşlarına yol göstərən olmuşdur. O, özü də vaxtilə ona nümunə olanlara, yol göstərən bildiyi, özündən yaşca böyük olan qarmonçalanlara istinad etmiş, o sənətlərdən bəhrələnərək özünə lazım olanları əxz etmişdir. Kök atmayan heç bir bitki, ağac yaşamadığı kimi, əslinə, kökünə, bünövrəsinə istinad etməyən sənət nə yaşaya, nə də inkişaf edə bilməz. Yazı müəllifi kimi, həm də sənət adamı, ələlxüsus qarmon sənəti üzrə mütəxəssis oduğum üçün özümdən 10 yaş böyük Avtandil bəyin fərdi və fərqli üslubları gözlərim qarşısında, müşahidə dövrümdə formalaşmışdır. Avtandil sənətinə şahidlik edərək bu doğru fikirlərə əsaslandığımı sənət adamları və Avtandilsevənlər təsdiq edə bilərlər. Yaradıçılıq motivinin miqyasından asılı olmayaraq onun ifalarının hər biri bitkinliyi və tutumu ilə nurlanmaqda və fərqlənməkdədir. Çǝkinmədən deyə bilərik ki, onun məna - məzmun yüklü ifaçıq sənəti tam şəkildə öz üslubu və dəsti - xətti üzərində yüklənib. Bu sənət fərdi görkəmə, fərdi biçimə, fərdi gücə və fərdi ovqata əsaslanmasaydı belə seçilə və sevilə bilərdimi? Əlbəttə ki yox! Mübaliğəsiz deyə bilərik; 40 ildən çoxdur ki, Avtandil sənətindən Azərbaycan qarmon ifaçılığı sənətində çalışanların hər birinin ifa qaydalarına, ifa yoluna pay düşüb. Doğrudan da o, sübut edib ki, Azərbaycan qarmonunda yalnız muğamları, xalq havalarını deyil, ən böyük bəstəkar əsərlərini, dünya xalqları musiqisini mahərətlə və cazibədar ifa etmək mümkündür. Avtandil müəllimin sənət, ifaçılıq zövqü ilə bərabər geyim zövqü də çox yüksək olub həmişə. O, daim xüsusi zövqlə geyinməyi bacarıb və geyimləri bir - birini tamamlayıb. Onun səhnə geyimləri də əksər solistlərdən fərqlənib. Solist kimi səhnədə, televiziya konsertlərində açıq rəngli (ağ, qırmızı və ya dama - dama) cəlbedici pencəkləri, zövq oxşayan qalstukları sanki onun solistliyini diqqətə gətirir və yalnız görünüşünü, görkəmini deyil, ifasını da tamamlayırdı. Bu isə öz - özlüyündə tamaşaçıya da zövq bəxş edirdi. Biz bu yazımızla qarmon aləmində öz izini yaradıb bu yolda cəsarətlə və uğurla addımlayıb yüksələn böyük bir ifaçımızın sənət cizgilərini çəkməyə, xarakterik cəhətlərini, səciyyəvi xüsusiyyətlərini nəzərə çarpdırmağa, diqqətə yönəltməyə, mühüm məziyyətlərini açıb göstərməyə, həqiqi qiymət və dəyər verməyə çalışmaqla vətəndaşlıq, yurddaşlıq, soydaşlıq borcumuzdan çıxmaq istədik. Fəqət buna nə qədər, nə dərəcədə nail olduq? Bunu diqqətli və duyan - düşünən oxucularımız deyə bilər. Avtandil haqqında bu yazını hazırladığım zaman çalışdığım Musiqi Kollecində mənə bir mǝcmuə təqdim etdilər. Bu Şəki Musiqi Kollecinin qarmon ixtisası üzrə müəllimi Zair Mustafayevin hazırlayıb ərsəyə gətirdiyi məcmuədir ki, burada Avtandil İsrafilovun bəstələdiyi, ifa edərək müxtəlif illərdə vallara, lentlərə, disklərə yazdırdığı rəqs mǝlodiyalarıdır. (Rəqslər, Orta ixtisas, uşaq musiqi və incəsənət məktəbləri üçün tədris vəsaiti, 2012, 42 səhifə, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi Mədəniyyətşünaslıq üzrə Elmi - Metodiki Mərkəzin Təhsil şöbəsində müzakirə olunmuş və 16.04.2012 - ci il tarixli 9 saylı protokoluna əsasən tədris vəsaiti kimi tövsiyyə edilmişdir). Hörmətli sənətkarımızdan ömrünün müdrik, yaşının 72 - ci çağında müsahibə alsaq da, yazımızı kifayət qədər geniş, məzmunlu və elmi dəyərlərə əsaslanmaqla yazmağa çalışdıq və zəhmətimizi onun hünərli, inkişaf dolu sənətinə halal etdik. O, xalq artisti olaraq prezident təqaüdçüsüdür. Avtandil Eynulla oğlu İsrafilov 1976 - cı ildə ailə qurub. Üç övladı və iki nəvəsi var. Sənətkarın Azərbaycan radiosunda qorunan ifaları:- "Bəstənigar" muğamı (1968 - ci il), "Elmira" rəqsi, "Şursayağı", "Segah" muğamı, "Nazilə" rəqsi, "Kəmalə" rəqsi, "Zemfira" rəqsi, "Lirik melodiya" (1974 - cü il), "Nazilə" rəqsi, "Laləzər" (1975 - ci il), "Jalə" rəqsi, "Dağlar oğlu" rəqsi, xalq mahnısı "Aman ovçu", "Simrani" rəqsi, "Cəmilə" rəqsi, Ə.Tağıyev "Sədaqətim var", "Azərbaycan təranələri", "Şalaxo" rəqsi, C.Cahangirov "Alagöz", "Tərəkəmə" rəqsi, "Rəqs" (1977 - ci il), "Aynurə" rəqsi (1979 - cu il), "Basqalı" rəqsi (1983 - ci il), "Lirik melodiya", T.Quliyev "Qızıl üzük", "Qarabağ" rəqsi, "Nargilə" rəqsi, "Lirik melodiya", "Şahbuzu" rəqsi, Ə.Tağıyev "Sənsən həyatım mənim", "Zabul - Segah" muğamı, "Məhərrəmkənd" rəqsi, "Ağır rǝqs", "Yeni rəqs", "Gülsümü" rəqsi, "Cəlalı" rəqsi, "Türk melodiyası", M.Əhmədova "Körpə balam dil açır" (1984 - cü il), "Naxçıvan" rəqsi, "Mən səni axtarıram" mahnı, "İran melodiyası", E.Sabitoğlu "Payız gəldi", xalq mahnısı "Küçələrə su səpmişəm", Ə.Tağıyev "Külək", "Yallı" rəqsi, mahnı "Bu gözəl zamanda", "Zemfira" rəqsi, "Qafqazı" rəqsi (1996 - ci il), "Ənzəli" rəqsi, "Qafqazı" rəqsi (2005 - ci il).
Tanındı gənclik çağı,
Yandı sənət çırağı.
Uca qalxdı bayrağı,
Sözünü dedi qəti,
Avtandilin sənəti.
Köhnə üslubu atdı,
Yeni üslub yaratdı,
Sənətin barı artdı,
Yenilməzdi qüdrəti,
Avtandilin sənəti.
Uğurlu yol gəlibdi,
Həmişə yüksəlibdi,
Tər çiçəklər dəribdi,
Xatırladır cənnəti
Avtandilin sənəti.
Bu yoldan dönməz oldu,
İlhamı sönməz oldu,
Zirvədən enməz oldu,
Güclü alıb vüsəti
Avtandilin sənəti.
Sərhədləri aşıbdı,
Dünyanı dolaşıbdı,
Coşub, aşıb - daşıbdı.
Heç çəkməyib möhnəti
Avtandilin sənəti.
Ifaları dəqiqdi,
İncə, zərif, antiqdi,
Hər xırda xal məntiqdi.
Eşqə bağlı ülfəti
Avtandilin sənəti.
Bu sənət solan deyil,
Təsirsiz olan deyil,
Geridə qalan deyil,
Qazanıbdı şöhrəti
Avtandilin sənəti.
Hər bir ifa əsərdi,
Geniş ümman qədərdi,
Unutdurur hər dərdi.
Böyükdür əzəməti,
Avtandilin sənəti
Qarmonçalanlar çoxdur,
Lakin beləsi yoxdur,
Bu sənət qızıl taxtdır.
Daim artır zinəti.
Avtandilin sənəti.
Ucaldıbdı qarmonu,
Sərbəst çalır hər tonu,
Yoxdur bu yolun sonu.
Düzgün alıb vəhdəti,
Avtandilin sənəti
Qarmonun tacidarı,
Xalqın sərvəti - varı,
Solmaz sənət baharı,
Uğur aldı qisməti
Avtandilin sənəti.
Bu sənətdə tac oldu,
Xalq gözündə ucaldı,
Toy - büsatda qocaldı.
Qorudu bu adəti
Avtandilin sənəti.
Qarmon onu yaşatdı,
Bu yollarda yaş artdı,
Böyük şöhrətə çatdı.
Aldı halal qisməti,
Avtandilin sənəti.
Ə.Rəhmanlı, mart 2013-cü il.
_______________________________________________________________________________________________________________
Əhsən Rəhmanlı “Qarmon ifaçılığı sənəti və onun Azərbaycanda tədrisi”, Bakı “MBM” 2014, Səh. 157 – 172.