Ələkbər Cavad oğlu Nəzərli 1882 - ci ildə Bakı şəhərində anadan olub. Uşaqlıqdan güclü musiqi istedadı, duyumu ilə seçilib. Özü öz bacarığı hesabına, sərbəst olaraq qarmon çalmağı öyrǝnən Ə.Nəzərli fəallaşaraq 18 - 20 yaşlarında musiqiçi kimi tanınmağa başlamışdır. Qeyd edək ki, onun uşaqlıq və gənclik dövründə yalnız yarımtonsuz qarmonlar mövcud olduğu üçün o da belə alətlərdə çalıb. Lakin sonralar xromatik qarmonlar yaranandan sonra Ələkbər bəy də həvəslə öz sənətini bu alət vasitəsilə inkişaf etdirmiş və Bakıda məşhurlaşmışdır. Yaşadığı dövrün mədəniyyət və incəsənət xadimləri tərəfindən tanınan Ə.Nəzərliyə get - gedə diqqət artmış, onunla yaxından əlaqə saxlamağa başlamışlar. Peşəkar ifaçı səviyyəsinə çatan bu insan dövrünün məşhur mədəniyyət ocağı olan Opera və Balet Teatrına gətirilib. Nəzərlilər ailəsi öz istedadı və incəsənətə bağlılığı ilə seçilib. Ələkbərin qardaşı Mehdi Nəzərli mahir klarnet ifaçısı kimi məşhurlaşmış və uzun illər Opera və Balet Teatrında çalışmışdır. O dövrün sənət adamları, incəsənət xadimləri, xanəndələri Nəzərli qardaşları ilə yoldaşlıq etmiş, onların sənət səviyyəsini dəyərləndirmişlər. Bütün istedadlı insanlara qayğı ilə yanaşan Üzeyir bəy onlara da biganə qala bilməzdi. Elə bu səbəbdən dahi bəstəkarın təşəbbüsüylə Nəzərli qardaşları "Koroğlu” operasının ilk musiqi ifaçıları sırasına gətirilir. Opera və Balet teatrının səhnəsində "Koroğlu" operasının ilk tamaşasında Ələkbər və Mehdi Nəzərlilər musiqi müşayiətçiləri olurlar. Ələkbər Nəzərli qardaşı Mehdi ilə uzun illər Opera və Balet Teatrının ştatlı işçisi olmuşdur. Onların sənət səviyyəsi burada çalışmaqla daha da artmışdı. Ələkbər bəy teatrın konsert tadbirlərində qarmon ilə çıxış etmiş, tamaşaların pərdəarası fasilələrində xalq havalarını çalmışdır. Bakıda "Musiqiçilər birliyi" varmış. Bu təşkilat tütün fabriki yaxınlığında yerləşibmiş. Həmin yerdə indi böyük həcmli, ən müasir binalar ucalır. Ələkbər Nəzərli "Musiqiçilər birliyi" nin rəhbərlərindən idi. Musiqi, ifaçılıq sənəti Ələkbər Nəzərlininin könül dünyası, həyat eşqi olaraq onu öz ardınca aparırdı. O, gecəsini gündüzünə qatıb hey çalışır, axtarışlar edir, daha da püxtələşirdi. Ələkbər bəy ǝsl sənət fədaisi olaraq ömrünü buna həsr etmişdi. 1918 – 1920 - ci illərdə indiki "Növbahar" restoranında sənətkar həm qarmonçu, həm də musiqiçilərin bədii rəhbəri kimi çalışmışdı. Ələkbərin qarmon ifaçılığının vurğunları bu restorana gələrmişlər. Səhərlər yüksək sənət enerjisilə məşq edən Ələkbər bəy özünün yaratdığı və sevə - sevə ifa etdiyi melodiyanın sehrli səslər aləminə qapılaraq özünü unudurmuş. Bu zaman onun yaşadığı evin hər gün yanından keçənlər açıq pəncərələrdən hər sabah eşitdikləri təsirli musiqiyə diqqət kəsilər, ayaq saxlayıb dayanardılar. Dinləyənlərin özləri ad verdikləri bu "Sabahı" havası səhər iş - güc ardınca gedənlərə xoş ovqat bəxş edərmiş. "Sabahı" havası Ə.Nəzərlinin elə bil qəlbinin xoş səsi idi. Sanki bu melodiyaya sənətkarın yaşam tərzi, həyata və dünyaya məhəbbəti, könül çırpıntıları, yüksək sənət eşqi və amalı toplanmışdı. Həzin, lirik "Sabahı" havası Ə.Nəzərli yaradıcılığının şah əsəri idi. O, bu musiqini varlığı qədər sevirdi. Əfsus ki, bu melodiyanın nə qrammafon valı, nə radio lentləri, nə də ki, not yazısı bizə gəlib çatmayıb. Ömrünün heç bir anını qarmonsuz, musiqisiz təsəvvür etməyən Ələkbər bəy qədim musiqi alətlərini toplamışdır. Müxtəlif dövrlərdə qarmon aləti adı altında mövcud olan, öz kökünü bu musiqi alətindən götürən çalğı alətlərini toplamağa başlayır, qarmonun tarixinə dair kolleksiya yığır. Misal olaraq, fiziqarmonu (ayaqla işlǝyǝn), alman istehsalı olan "Sneyder" markalı pianonu, A. Karpuşkinin ilk əvvəl düzəltdiyi bir cərgǝli, sonradan isə sağda iki cərgǝli, sol tərəfdə bir sıralı səs düzümü olan alətləri və s. göstərmək olar. Xalq arasında nüfuz, hörmət, ad - san qazanmış Ələkbər Nəzərlinin tələbəsi olmaq özü böyük şərəf sayılırdı. Gələcəyin peşəkar qarmonçuları olmaq istəyən həvəskarlardan neçəsi ondan dərs almış və bununla fəxr etmişlər. Ə.Nəzərli yalnız istedadlı gənclərlə məşğul olmuş, evində qarmonun tədrisi üçün xüsusi yer ayırmışdır. Qarmon ifaçılığında bir növ Ə.Nəzərli məktəbi yaranmışdır. Təkcə sadə vətəndaşlar deyil, həmçinin dövrün ziyalıları, elm və mədəniyyət xadimləri də övladlarını musiqi tərbiyəsi almaq üçün bu böyük sənətkarın yanına gətirmişlər.
__________________________________________________________________________________________________________________
Əhsən Rəhmanlı “Qarmon ifaçılığı sənəti və onun Azərbaycanda tədrisi”, Bakı “MBM” 2014, Səh. 37 – 40.