Musiqi aləmində çalışmağa başladığım dövrdən mən onu səliqə - səhmanlı ansambl qarmonçalanı kimi görüb tanımışam. Bunu elə həmdövr həmkarlarımız, yaş hədləri bizimlə uyğun olan musiqiçilərimiz də təsdiq edə bilərlər. Özü də ilk anlardan o, yaxşı, samballı, bütöv ifaçılığı ilə nəzəri cəlb edib. Mən onunla son dövrlərdə musiqiçilərimizin xeyir - şər məclislərində rastlaşmış, qarşı - qarşıya, yaxud da yanaşı əyləşib həmsöhbət olmuşam. Onun mədəni davranışı, yüksək tərbiyəsi, əxlaq normalarına riayət etməsi, sadəliyi və ən əsası səmimiyyəti diqqǝtimi cəlb edib. Ondan bu yazı üçün müsahibə alarkən bu insanda kəşf etdiyim yüksək insani keyfiyyətlərin bir daha şahidi oldum. Həmkaralarına, ürəkaçıqlığı, hörmət və ehtiramla yanaşan, hər birinin sənətini sevib bəyənən bu şəxsin qəlbinin saflığını duydum. Bir də onu dəqiq kəşf etdim ki, bu adam tam şəkildə paxıllıq hissindən və riyadan uzaqdır. Bu məntiqdən nəticə çıxararaq onun haqqında həvəs və məhəbbətlə yazıya istiqamət götürdüm. Faiq Seyfəl oğlu Əlibalayev 1952 - ci il avqust ayının 17 - də Bakıda anadan olub. Ailədə iki oğul və bir qız boy atıb böyüyüb. Böyük oğul Azər, ikinci oğul Faiqdir. Ata ikinci oğulun adını Baycan qoymaq istəmşdi. O, oğullarının adında doğma Azərbaycanımızın adını daim eşitmək istəyirdi. Sonra nədənsə fikrindən daşınıb ikinci oğluna Faiq adını vermişdir. Ailənin qız balası, gül kimi ətirli, nar çiçəyi kimi zərif, gözəl Gülnarə xanım şad xoşbəxt böyüyərək arzulara çatmış, jurnalist peşəsinə yiyələnərək əsl vətən övladı kimi yaşamış və fəaliyyət göstərmişdir. Bu gün də fəaliyyətdə və şərəfli yaşamaqdadır. Seyfǝl Əmir oğlu Əlibabayev (1914 - 1989) vokal səsli müğənni idi. O, Azərbaycan Dövlət Filarmoniyasında mahnı və rəqs ansamblı yaranan ilk anlardan orada çalışırdı. Pensiya yaşına qədər 40 il Azərbaycan Dövlət mahnı və rəqs ansamblında işləmişdir. O, 1938 - ci və 1959 - cu illərdə SSRİ - nin paytaxtı Moskvada keçirilən Azərbaycan ədəbiyyatı və incəsənəti ongünlüyünün iştirakçısı olmuşdur. Seyfǝl mehriban ailəsilə Bakının o zamankı dağlı məhəlləsində yaşayırdı. Onun həyat yoldaşı Hökumə Ələkbərova (1922 - 1993) ixtisasca həkim idi. O, Azərbaycanın səhiyyə sahəsində tanınan simalardan sayılırdı. Seyfǝl Əlibabayev 1941 – 1945 - ci illər Sovet - Alman müharibəsində döyüşüb. Davadan sonra ǝvvəlki iş yerində çalışıb. Misirdə, Çində və başqa ölkələrdə sənət səfərlərində olaraq səs sənətini təmsil edib. Faiqin xatırladıqlarından: "Atamın dostları arasında filarmoniyanın artistləri də var idi. Qarmonçalan Səttar Hüseynov (1929 -1981), kaman ifaçısı Tələt Bakıxanov (1927 - 2007) və digər sənətkarlar bizə gələrdilər". Faiqgilin yaşadığı məhəllədən xeyli musiqiçilər yetişib. Eyvazovlar ailəsinin nümayəndələrini misal olaraq göstərə bilərik: kaman ifaçısı, xalq artisti, professor Şəfiqə Eyvazova, qarmon ifaçıları Firuz Eyvazov, Vəzifə Eyvazova, udçalan Yasǝf Eyvazov. Onlardan başqa da bu ərazinin musiqiçi yetirmələri olub. F.Əlibalayev 1959 – 1969 - cu illərdə 161 saylı ümumtəhsil məktəbdə oxuyub. Məşhur müğənnilǝr SSRİ xalq artisti Zeynəb Xanlarova və Azərbaycanın xalq artisti Nisə Qasımova və digər tanımlılar da həmin məktəbin məzunları olmuşlar. Nisə Qasımova Faiqdən bir sinif aşağıda oxuyurdu. 3 - cü sinifdə oxuyan Faiqi uşaq musiqi məktəbinin skripka sinfinə qoymuşdular. Sınaq imtahanında əla qiymət almışdı. Uşağın musiqi məktəbinə qəbul olunmasına ata çox sevinirdi. Anası isə buna razı olmadı. Faiqin skripka sinfinə getməsi onun ürəyincə deyildi. Belə olan təqdirdə Seyfǝl kişi oğlu üçün "Kazan" qarmon aldı. İstedadı qaynayan Faiq sərbəst olaraq qarmon çalmağa başladı. O da digər qarmon həvəskarlarımız kimi ustad qarmon ifaçılarımızın qrammafon vallarından, radiodakı konsertlərdən maqnitofona köçürülmüş lentlərdən öyrənirdi. 8 - ci sinif şagirdi olarkən Faiq artıq xırda şadyana məclislərdə çalırdı. 9 - cu, 10 - cu siniflərdə oxuyarkən o, atasının dostu, Azərbaycan Dövlət mahnı və rəqs ansamblının aparıcı musiqiçisi, mahir qarmonçalan Səttar Hüseynovdan dərs alırdı. Məşğələlər məşhur sənətkarın evində keçirilirdi. Faiq ustad qarmonçudan "Şur", "Zabul - Segah", "Rast" va "Bayatı - Şiraz" muğamlarını öyrənmişdi. Faiqi dinlərkən: "Səttar müəllim muğamlarımızı yaxşı bilirdi. Lap o dövrün tar, kaman ifaçıları qədər muğam yollarına bələd idi. Özü də muğam ifaçısı kimi ustalıq göstərirdi. Çalırdı, dinləyib heyran olurdum. Onun evinə dərs almağıma getməyim belə olmuşdu; bir dəfə bizdə olanda atamın xahişilə o, mənim çalmağımı dinləmişdi. Soruşmuşdu ki, muğam bilirsən? Demişdim ki, yox. Elə bundan sonra atam məni ondan dərs almağa göndərmişdi. Səttar ǝmi bu işi tamannasız, dostluq naminə edirdi. Lakin mənimlə əsl ustad kimi, vicdanla məşğul olurdu". F.Əlibalayev oxuduğu məktəbin özfəaliyyət ansamblında 1965 – 1969 - cu illərdə ən fəal üzvlərdən biri olaraq bütün məşqlərdə və konsertlərdə iştirak edirdi. Ansamblın rəhbəri, fortepiano ifaçısı Yusif Səlimov tədbirlərdə, bayram konsertlərində Faiqin solo ifaları üçün şərait yaradırdı. Çünki bilirdi ki, Faiq çaldğı şǝn, oynaq rəqs havaları ilə tamaşaçı ovqatını yüksǝyǝ qaldıracaq. Ansambl məktəblərarası olimpiadalarda fərqlənirdi. Faiq Əlibalayev orta məktəbi bitirib Politexnik İnstitutun memarlıq fakültəsinə qəbul olunur. Bir il təhsil aldıqdan sonra təhsildən uzaqlaşır. Onu yalnız musiqi sənəti düşündürürdü. Elə institutda təhsil aldığı zaman oranın özfəaliyyət x.ç.a.ansamblında çalmışdı. Qarmon sənəti, musiqi aləmi gənc Faiqi özünə tərəf çəkirdi. Böyük şairimiz M.Şəhriyarın şeirlərinin birində deyilir: "Şair ola bilməzsən, anan doğmasa şair". Anadan musiqi üçün doğulmalısan ki, musiqiçi olasan. Faiq dünyaya musiqiçi olmaq üçün gəlib. Elə ona görə də öz uğurlu sənət taleyinə qovuşaraq əsl musiqiçi oldu, ölkələri gəzib - dolandı, qarmonu bağrına basıb hey çaldı... çaldı... F.Əlibalayev 1970 - ci ilin yayında filarmoniyaya işə girdi, Azərbaycan Dövlət mahnı və rəqs ansamblının qarmonçalanı oldu. O zaman bu ansamblın bədii rəhbəri Adil Qafarov, baletmeyster Əlibaba Abdullayev, konsertmeyster tarzən Firudun Yarməmmədov idi. Burada çalışmaq Faiqǝ çox şey vermiş, o, peşəkar sənətə qovuşmuş və sənət adamı kimi yetişmişdi. O, 1971 - ci ilin noyabr ayında Sovet ordusu sıralarına çağrıldı. Türkmənistandakı hərbi hissələrin birində xidmət edirdi. 1973 - ci ilin noyabr ayında ordudan tərxis olundu. Faiq 1974 - cü ildə 8 saylı musiqi təmayüllü internat məktəbin qarmon sinfində dərs demək üçün dəvət olunmuş, burada cəmi bir il çalışmışdır. O, yenidən filarmoniyaya gəlmişdir. Səhnə, ifaçılıq sənəti onu özünə cəlb edirdi. Gənc və istedadlı qarmon ifaçısı əməkdar incəsənət xadimi, tarzən - bəstəkar Ağası Məşədibəyovun (1912 - 1984) rəhbərlik etdiyi "Azərbaycan təranələri" x.ç.a. ansamblına işə düzəldi. Həmin məşhur ansambl tanımlı xanəndələr; Teymur Mustafayev, Sabir Mirzəyev (1943 - 2011), Anatollu Qəniyev (1931 - 1985), Elmira Rəhimova, Niyaməddin Musayev, Zaur Rzayev, İlhamə Quluyeva və başqa sənətkarları müşayiət edərək filarmoniyada, Bakının mədəniyyət müəssisələrində, təhsil ocaqlarında, rayonlarımızda, SSRİ - nin ən iri şəhərlərində konsertlər verirdi. Ansambl heyətinin üzvləri tarzən Zamiq Əliyev (haz.x.a.), kamançaçı Kamil, klarnetçalan Tofiq Babayev (1942 - 2004), nağara ifaçısı Almaz Quluyev (haz.3.a.), balabançı Kamil Allahverdiyev, pianoçu Yaşar, qoşanağaraçı Fərhad, udçalanlar Oqtay Babayev (1953 - 2011) və Sabir idi. 1975 - ci ildə xalq artisti Zeynəb Xanlarova da dövlət konsertlərində bu ansamblın müşayiətilə çıxış edirdi. O, 1976 - cı ildə bu ansamblın bir qrup üzvünü və başqa ansambllardan bir - neçə seçilən musiqiçiləri ətrafına toplayaraq özünə instrumental ansambl yaratdı. F.Əlibalayev də bu heyətə dəvət olunmuşdu. Həmin vaxtdan indiyə qədər Faiq bəy dünya şöhrətli müğənnimizi müşayiət edir. F.Əlibalayevin xarici ölkəyə ilk səfəri 1977 - ci ilə təsadüf edir. O, Qvineya - Bissau ölkəsində müğənnilər Elmira Rəhimova, Hüseynağa Hadıyev, tarzənlər Ramiz Quluyev (solist), Zamiq Əliyev, nağaraçalan Almaz Quluyev və bir - neçə digər musiqiçilərlə birlikdə çıxış edib. Faiq 1978 - ci ildə Mozambikə səfər etmələrini də yaxşı xatırlayır. Bu ölkəyə müğənnilər Elmira Rəhimova, Teymur Mustafayev, kaman ustası Habil Əliyev (adı çəkilən sənətkarlar haz. x.a.- ləridir), tarzən İdris Səmədov və nağaraçalan Oqtay getmişdi. 1980 - ci ildə Z.Xanlarova İspaniya ölkəsinə iki həftəlik səfər etmişdi. Onu orada öz ansambldan bir qrup müşayiət edirdi. Bu sırada klarnetçi Vəli Qədimov (1940 - 2009), tarzən Zamiq Əliyev, kaman ifaçısı Ədalət Vəzirov (1951 - 2002), nağara ifaçısı Almaz Quluyev, pianoçu Gülara Əliyeva və udçalan İbrahim Qasımov (1952 - 2009) getmişdi. Həmin səfərdə müğənni Akif İslamzadə də iştirak edirdi. 1981 - ci ildə Zeynəb Xanlarovanın Əfqanıstandakı konserti böyük sensasiyaya səbəb olmuşdu. Müğənnini İspaniyada müşayiət edənlər Əfqanıstanda da onunla birlikdə idilər. Yalnız qoşanağara ifaçısı Sadıq Zərbəliyev musiqi qrupuna əlavə olunmuşdu. Bura SSRİ - dən xeyli musiqi heyətləri gəlmişdi. Əfqanıstana Moskvadan SSRİ xalq artisti Moiseyevin rəqs ansamblı, Tacikistandan müğənni Corabek Muradov, Özbəkistandan rəqqasə Məleykə (onu dəflə əri müşayiət edirdi) və digər adlı - sanlı sənət admları göndərilmişdi. İki həftəlik səfərdə maraqlı konsertlər verilmişdi. Zeynəb xanım 1982 - ci ildə Yəmən ərəb ölkəsində 45 günlük səfərdə olmuşdu. Bu ərəfədə onun ansambl üzvləri arasında əməkdar artist, virtuoz qarmon ifaçısı Avtandil İsrafilov da (haz. x.a.) var idi. Müğənni Nizami İsmayılov da bu heyyətin tərkibində Yəməna göndərilmişdi. Faiqin xatırladıqlarından: "Olduğumuz bütün səfərlərdə rəqqas və rəqqasəmiz də olurdu. əvvəllər Afaq Məlikova və Nəriman Kərimov göndərilirdi. Sonralar isə başqalarına da imkan yaradılırdı. Uğurlu səfərlərdən biri də 1983 - ci ildə olmuşdu. Z.Xanlarova ilə birlikdə Yunanıstana İslam Rzayev (1934 - 2008), rəqqas və rəqqasə də getmişdi. 14 günlük səfərdə verilən konsertlər bir - birindən gözəl, təmtaraqlı, gur və məzmunlu keçmişdi. Musiqi heyətinin hər bir üzvü, o sıradan Faiq vətənə zəngin təəssüratla qayıtmışdı. Faiq 1984 - cü ildə Zeynəb Xanlarova ilə birlikdə Şimali Afrika ölkələri olan Tunis və Əlcǝzairdə olduqları səfəri də unutmayıb. Ansamblın tərkibində tarzən Fikrət Verdiyev də olmuşdu. Xanəndə, xalq artisti İ.Rzayev də heyətin tərkibində idi. F.Əlibalayevin xarici ölkələrə sonrakı səfərləri Hollandiya, İsveç, Almaniya, İngiltərə (2 dəfə), Türkiyə, Zimbabve, Zambiya və Kuba ölkələrinə olub. O, əksər səfərlərdə Z.Xanlarova ilə olsa da, Zambiya və Zimbabvedə müğənnilər Baba Mahmudoğlu (1940 - 2006) və Nisə Qasımovanı, Kubada isə Yaqub Məmmədov (1930 - 2002) və Züleyxa Mirismayılovanı müşayiət edib. Faiqin yol yoldaşlığı onunla səfərdə olanları həmişə qane edib. İstedadlı qarmon ifaçımız 1991 – 1995 - ci illərdə Gülarə Əliyeva adına "Dan ulduzu" instrumental ansamblda da çalışıb, neçə - neçə müğənnilərin səslərinin disklərə yazılmasında və televiziya konsertlərində iştirak edib. Həmin ansamblın tərkibində biz Faiqi televiziya konsertlərində dəfələrlə seyr etmişik. Penn belə bir fikir söyləyib: "Hər bir insan müqəddəs tarixdir". Əlbəttə bunu hər adama aid etmək mümkün deyilsə də, bəzi adamlara aid etmək olar. Faiq də belə insanlarımızdandır. O, milli musiqi tariximizin bir hissəsidir. Bu şəxs görün neçə illərdir səhnədədir. Uzun bir zaman ǝrzində qarmonun ecazkar səsilə insanlara mənəvi zövq bəxş edir. Onun toy - büsatımıza göstərdiyi xidmət zəngin olsa da qısa məlumat verməyə çalışdıq. O, ilk sənət addımlarını özündən yaşca çox böyük sənətkarlarla atıb. Bu sırada Həmid Məhərrəmov (1926 - 1985), Məlik Fərmanov (1918 - 1994), Həsən Məhərrəmov (1922 - 1982), Məhərrəm Zeynalov (1932 - 2005), Adil Bayramov (1932 - 1975), Vəli Qədimov (1940 - 2009) və Tofiq Babayevin (1942 - 2004) adlarını çəkə bilərik. F.Əlibalayevin xatirələrindən: "Toy - nişan məclislərinə ilk qədəmlərimi Həmid əmi ilə atmışam. Onun öyüd və nəsihətlərindən çox şey götürmüşəm. Mülayim təbiətli, əli düz, sözü düz olan bu kişi heç kəsin haqqını tapdamaz, heç kimin haqqını kəsməzdi. O, həmişə halallığı üstün tuturdu. Bu insan övladı yaşında olan, təzəcə sənətə çıxan musiqiçilərin onun yanında pərvazlanmasına, qol - qanad açmasına imkan yaradırdı. Onu həmişə hörmətlə xatıtlayıam". F.Əlibalayev musiqi sahəsinə daxil olduğu ilk anlardan sağlam bir çığır başlayıb və tutduğu düz yolla addımlayıb. O, indiyə qədər də əkdiyi çiçəkləri bəsləyib. Düz yoldan sarpmayan, səmimiyyətdən uzaqlaşmayan bu insan öz adını nüfuzlu musiqiçilərimizin sırasına yaza bilib. Hazırda toy sənətçiliyindən uzaqlaşsa da vaxtilə Bakımızın ən gur toylarında çalan musiqiçilərimizdən biri də Faiq olub. O, daha çox o dövrün şaqlıq saraylarında, restoranlarda keçirilən toyların (el arasında "kampaniya" adlanırdı) qarmonçalanı idi. Faiq uzun illər populyar müğənni Hüseynağa Hadıyevin (1946 - 1994) qrupunun tərkibində çalıb - çağırıb. Deyirlər ki, illər dəyirman kimi üyüdür bizi. İllər çox insanları sınayır, çoxlarını keyfiyyətcə dəyişə bilir. SSRi adlı qüdrətli bir dövlət dağıldıqda, quruluş dəyişdikdə, keçid dövrü adlanan zamanla üz - üzə dayanaraq əlbəyaxa olduqda nə qədər insan simaca dəyişdi, nə qədəri insani dəyərləri itirdi. Musiqiçi olduğumuz üçün biz öz mühitimizi, öz əhatəmizi daha tez gördük, daha aydın hiss etdik və duyduq. Faiq bəy öz biçimində, öz əxlaqında, öz xislətində və öz dəyərlərində qaldı. Müxtəlif zaman kəsiklərində biz onu necə vardısa, elə gördük. O, öz saflığını qoruyub saxlaya bildi. Həm də o, şöhrətpərəstlikdən uzaq olan şəxsdir, mənəmlik duyğusuna malik olanlardan deyil. İstəsəydi indiyə qədər olan imkanlardan istifadə edib özünə şöhrət qazanar və geniş reklam oluna bilərdi. Təvəzökarlığı və sadəliyi onu bu işlərdən uzaqlaşdırb. Biz onu musiqiçilərimiz və qarmon ifaçılarımız arasında xoşbəxtlərdən sayırıq. O, uğurlu, mənalı, məhsuldar və xoşbəxt sənət yolu keçib gəlib. Bu adam boy atıb böyüdüyü ailədə də, xidmət etdiyi sənətdə də, qurduğu ailədə də, nəsil davamçıları ilə də xoşbəxt olub. Faiq Əlibalayev 1979 - cu ildə ailə qurub. İki övladı, üç nəvəsi var. 2011 - ci ildə ona Azərbaycan Respublikasının əməkdar artisti fəxri adı verilib. Ondan bu oçerk üçün müsahibə alarkən sevimli sənətkarımız qəlbində Amerikadakı konsertlərin xoş duyğularını yaşayırdı. O, 2012 - ci ilin mart - aprel ayında Zeynəb Xanlarova ilə ABŞ - ın Nuyu - York şəhərində olmuşdur. Orada bir - birindən dəyərli, fərəhdaşıyıcı iki konsert verilmişdir. Biz həmin konsertin çəkiliş lentlərini Azərbaycan televiziyasının yayımları vasitəsilə seyr etmişik.
Ansambl onun həyatı olubdur,
İli, günü, xoş saatı olubdur.
Dilində nəğmə - bayatı olubdur,
Qarmon çalmaq qol - qanaddı Faiqə.
İlk gənclikdən səhnələrdə boy atıb,
Məşqlərdə gecəni gündüzə qatıb,
Pərvaz edib, böyük arzuya çatıb.
Qarmon çalmaq toy - büsatdı Faiqə.
Ömrü keçib konsertlərdə, səfərdə,
Saraylarda, hər rayon, hər şəhərdə,
Onu ucaldıbdır hər bir zəfər də,
Qarmon çalmaq şən həyatdı Faiqə.
Zeynəb Xanlarla gəzibdir dünyanı,
Şimal, Cənub, Şərqi, Qərbi, hər yanı,
Asiya, Avropa, Amerikanı.
Qarmon çalmaq şöhrət, addı Faiqǝ.
Xasiyyəti həlim, xisləti safdı,
Özünü qarmon sənətində tapdı,
Ifada millilik, şirinlik yapdı,
Qarmon çalmaq zövqdü, daddı Faiqə.
Hörmət, nüfuz qazanıb yaşa doldu,
Fəxri adla "əməkdar artist" oldu,
Düz əməllər, sədaqət onda boldu.
Xəbis hislər tamam yaddı Faiqə.
Ömrün çətinliklərini dəf etdi,
Əhsən onu tanıyaraq kəşf etdi.
Bu şeirlə o, Faiqi vəsf etdi,
Sözlə bir heykəl ucaltdı Faiqǝ.
Əhsən Rəhmanlı 19.11.2013.
_______________________________________________________________________________________________________________
Əhsən Rəhmanlı “Qarmon ifaçılığı sənəti və onun Azərbaycanda tədrisi”, Bakı “MBM” 2014, Səh. 433 – 440.