12 -13 yaşlarım olanda tez - tez radiodan eşidirdim: "Qarmonda çalır İsfəndiyar Coşqun". Onun ifa etdiyi oyun havaları, "Hümayun" dəramədi və "Hümayun" muğamı ruhuma hakim kəsilirdi. Qarmonun səsi məni ovsunlayırdı. O zaman mənim ağlıma belə gəlmirdi ki, gələcəkdə mən də qarmon ifaçısı olacağam. Çünki mən 14 yaşım olanda, 14 dilli, diatonik (yarımtonsuz) qeyri peşəkar qarmonla çalğı öyrǝnməyə başlamışam. Yaşımın erkən çağlarında radio dalğalarında müntəzəm olaraq Teyyub Dəmirovun (1908 - 1970), Məmmədağa Ağayevin (1919 - 1982), Qızxanım Dadaşovanın (1925 - 1967), Abbas Abbasovun (1924 - 1997) və başqalarının qarmonda çaldıqları rəqs havalarını və muğamları çox eşitmişəm. Ustad Əhəd Əliyevin "Segahı" nı isə qrammofon valı vasitəsilə dinləyərdim. Bu gün bir musiqiçi kimi deyə bilərəm ki, adını çəkdiyim qarmon ifaçıları Əhəd məktəbinin davamçıları olublar. Bu milli Azərbaycan qarmon məktəbidir. Burada xalqa həddən artıq yaxınlıq, doğmalıq, məhəbbət vardır. Xalq ruhundan, xalq musiqisi çeşməsindən axıb gələn milli səpgi, milli üslub, milli çalarlar var bu ifaçılıq qaydalarında. Bu dediklərimiz İsfəndiyar Coşqunun da ifalarının əsas məziyyətlərindən idi. Əlbəttə, uşaqlıq və gənclik illərində qarmon ifaçıları, o sıradan İsfəndiyar Coşqun haqqında heç bir məlumatım yox idi. Sənətkarların lent yazılarından öyrənə - öyrənə musiqiyə qədəm qoydum. 1970 - ci illərin əvvəllərində günün birinci yarısında, müəyyən saatlarda musiqiçilərin filarmoniyanın bağına toplaşdığı anlarda mən də oralara qədəm qoymağa başladım. "Bakı Soveti" (hazırda "İçərişəhər") metro - stansiyası tərəfdən bağın girəcəyindəki 2 - 3 skamyada Azərbaycanımızın ən məşhur xanəndələri və musiqiçiləri əyləşər və şirin - şirin söhbət edərdilər. İsfəndiyar Coşqun da onların arasında olardı. O, əksər hallarda hamıdan gec gələr və tez də gedərdi. Biz gənc musiqiçilər məşhur sənətkarlar tərəfə maraq və həsrətlə baxardıq. Mən sənət adamlarımızı tanımaq üçün yaşlı musiqiçilərdən soruşub məlumat alırdım. İsfəndiyar Coşqun səviyyəli, əxlaqlı və mədəni şəxs idi. Öz xislətinə uyğun sənətkarlarla oturub dururdu. O, tarzənlərdən Əhsən Dadaşov (1924 - 1976), Baba Salahov (1923 - 1981), Hacı Məmmədov (1920 - 1981), klarnet ifaçılarından Yaşar Həsənov (1937 - 2000), Elxan Səmədzadə, xanəndələrdən Əbülfət Əliyev (1926 - 1990), Niyaz Mehdiyev (1937 - 2013), Novruz Feyzullayev (1932 - 2008), Məmməd Salmanov (1930 - 2005) və digərlərilə təmasda olurdu. Onun adı dövrünün məşhur qarmonçalanları ilə bir sırada çəkilirdi. İsfəndiyar Əli oğlu Bərxu 1929 - cu il (pasportda 1925 - ci il) sentyabr ayının 14 - də Gəncə şəhərində İran (Güney Azərbaycan) mühacirləri ailəsində anadan olmuş, uşaqlıq illərini isə Şəmkir şəhərində keçirmişdir. Söylədiklərinə görə ailəsinin vəziyyəti ağır olub. 1930 - cu illərin ikinci yarısında Sovet dövlətinin başçısı İ.V.Stalinin xüsusi əmrilə, türklərin sayını azaltmaq məqsədilə Güney Azərbaycan mühacirlərini İrana köçürməyə başladılar. Onların arasında Əli Bərxunun ailəsi də var idi. 1941 - ci il iyunun 22 - də Alman - Sovet müharibəsi başladı. Qızıl Ordunun hissələri Sovet - İran müqaviləsinin (1921 - ci il) 6 - cı maddəsinə əsasən İrana daxil oldular. İranda siyasi mühit xeyli dəyişdi və bir sıra siyasi təşkilatlar fəaliyyətə başladılar. Saf uşaq qəlbində azadlıq eşqi alovlanan, doğma xalqına sevgi bəsləyən 12 yaşlı İsfəndiyar Bərxu bu təşkilatların birinə kömək edir, onun məqsəd və məramını bildirən kağızları Təbriz şəhərinin ən görkəmli yerlərində divarlara yapışdırırdı. Bu kimi tapşırıqları yerinə yetirərkən polis İsfəndiyarı dəfələrlə yaxalamış və idarəyə aparmışdı. Yaşının az olmasını nəzərə alıb ona işgəncə verməmiş, həbs etməmiş, yalnız qulağını dartmaqla kifayətlənib buraxmışdılar. İsfəndiyar isə daha da mətinləşir, yaşı artdıqca xalqının azadlıq mübarizəsinə daha əzmlə qoşulurdu. 1945 - ci il dekabrın 12 - də Təbrizdə Azərbaycan Milli Hökuməti elan edildi. Hökuməti qorumaq üçün fədai dəstələri yaradılmağa başladı. Azadlıq aşiqi İsfəndiyar Bərxu da əlinə silah alaraq fǝdailərə qoşuldu. O, Urmiyada günahsız qanlar axıtmış sərhəng (polkovnik) Çəngənənin, qarətçilik və quldurluq edərək Təbriz camaatını qorxuya salan Qarnıyırtıq Kazımın tutulub Milli Hökumətə təhvil verilməsində fəal iştirak etmişdi. İsfəndiyar hələ kiçik yaşlarında Şəmkirdə olarkən qarmon çalmağa başlamışdı. Köçüb gedərkan atası onun qarmonunu da unutmayıb özlərilə Təbrizə aparmışdı. Balaca İsfəndiyar Təbrizdə öz ailə üzvləri, bir də məhəllə uşaqlarını başına toplayaraq onlar üçün qarmon çalıb sevindirərdi. Onu müşayiət etmək üçün Təbrizdə həmişə qaval çalan tapılardı. (Bir ritm aləti olaraq qaval Güney Azərbaycanda həmişə işlədilib və qorunub. Elə bu gün də vətənimizin ayrılmaz bir hissəsi olan Güney Azərbaycanın bütün şəhərlərində və kəndlərində, əksər ailələrdə qaval var və şənliklərdə istifadə olunur). İsfəndiyar Bərxu yetkinlik dövründə inqilabi hərəkatın öncüllərindən olanda da yorğun anlarda da dostlarını başına toplayıb onlar üçün qarmon çalır, bu insanların milli ruhunun, milli musiqi mədəniyyətimizə olan sevgilərinin yüksəlməsinə vasitəçi olurdu. Seyyid Cəfər Pişəvərinin başçılıq etdiyi Azərbaycan Milli Hökumətinə savadlı, bacarıqlı, peşəkar hərbi kadrlar lazım idi. Bir qrup gənc 1946 - cı ilin iyulunda Bakıya hərbi məktəbə oxumağa göndərilmişdi. Onların arasında İsfəndiyar Barxu da vardı. Bakıya təhsil almağa göndərilən gənclərin yaşı iyirmidən az olmamalı idi. İsfəndiyarın isə o zaman hələ 17 yaşı da tamam olmamışdı. Ona görə də o, öz yaşını artırıb 20 etmişdi. Bakıdakı zabitlər məktəbində onlar üçün hər cür şərait yaradıb, hər cür ərzaq növlərilə təmin etmişdilər. Hətta belə ərzaqı bakılıların özləri görməmişdi. Güneydən gələn kursantlarda belǝ fikir yaradılırdı ki, Şura Azərbaycanının ağır müharibə illərindən təzə çıxmasına baxmayaraq bura "cənnətdir", hamı yaxşı dolanır, yağ - bal içərisində yaşayır. İ.V.Stalinlə İranın dövlət rəhbərlərinin xəyanətkar danışıqları nəticəsində Azərbaycan Milli hökuməti 1946 -cı il dekabrın 21 - də süqut etdi. Pişəvəri və onun silahdaşları, Milli Hökumətin nümayəndələri Araz çayını keçərək Şura Azərbaycanına mühacirət etdilər. Sovet dövlətinin xəyanəti nəticəsində S.C.Pişəvəri 1947 - ci ilin iyun ayında Gəncə - Yevlax yolunda avtomobil qazasına salındı. Sui - qǝst nəticəsində S.C.Pişəvəri həlak oldu. İsfəndiyar Bərxu və onun yoldaşlarının arzu və ümidləri puç olmuşdu. Onlar Sovet dövlətinə sonsuz nifrət bəsləyirdilər. Ümüdsüzliyə qapıldığı anlarda İsfəndiyar könlünü qarmona verirdi. Onu odlu ürəyinə sıxıb el nəğmələrini, muğamları səsləndirirdi. O, çaldıqca coşurdu, aşıb - daşırdı, qəlb arzularını musiqi dili ilə söyləyirdi. Qarmonu səsləndirərkən əslində bu coşqun təbli insan öz könül tellərini çalırdı. İsfəndiyar Bərxu Sovet hökumətinin əsl simasını gördükcə qəzəblənir, özünə yer tapa bilmirdi. 1948 - ci ilin əvvəllərində İsfəndiyar Bǝrxu, İsmayıl Tǝrǝqqipeyma və digər yoldaşlar bir yerǝ yığışıb "Gənc Qardiçilər" (qvardiyaçılar) adlı təşkilat yaratdılar. Təşkilatın əsas məqsədi Güneyli gənclər arasında iş apararaq onları vətənə qayıtmaq üçün hazırlamaq idi. "Gənc Qardiçilər" təşkilatının fəaliyyəti uzun çəkmədi. 1948 - ci ilin sonlarında bu təşkilatın bütün üzvləri, başda Tərəqqipeyma olmaqla həbs olunaraq Sibirə sürgün edildilər. Xoşbəxtlikdən İsfəndiyar Bərxunun adı siyahıya düşməmişdi. Filoloq - alim Məhəmməd Hatəmi Tantəkin və İsfəndiyar Bərxu Qulam Yəhya Danişianın başçılıq etdiyi Azərbaycan Demokrat Firqəsinin üzvü olsalar da, bu təşkilatın yürütdüyü sovetpǝrǝst siyasətlə razılaşmırdılar. Etiraz etdikləri üçün hər iki inqilabçı gənc 1960 - cı illərin əvvəllərində ADF - dən xaric edildilər. İsfəndiyar Bərxu zabitlər hazırlanan məktəbdə təhsil aldıqları zaman və ondan sonrakı dövrlərdə heç vaxt sevimli qarmonundan ayrı düşməmişdi. Bu sənəti işlədir, öz üzərində çalışırdı. Ustad sənətkarlar olan Teyyub Dəmirovun, Məmmədağa Ağayevin, Abbas Abbasovun, Səttar Hüseynovun, salyanlı Rza Şıxlarovun qarmon ifalarını dinləmişdi. İsfəndiyar Bǝrxu Azərbaycan Demokrat Firqəsinin mədəniyyət mərkəzində çalışır, orada yaradılmış "Məşəl" x.ç.a. ansamblında çalırdı. Sonralar daha fəal şəkildə Bakının musiqi ictimaiyyətinə qoşulan İsfəndiyar Coşqun bir qarmonçalan kimi tanınmağa başlamışdı. Coşqun onun şairlik təxəllüsü idi. Bu adla şeirlər yazırdı. Şeirləri M.Ə.Sabirin yazdığı üslubda idi. İsfəndiyar Coşqun el şairi idi. Çap olunmurdu. Çünki şeirlərinin əksəriyyətində sovet quruluşunu tənqid edirdi. Azərbaycan musiqi ictimaiyyəti tərkibinə fəal şəkildə qoşularkən, az zaman kəsiyində İsfəndiyar Coşqun əqidəsinə, düzlüyünə, saflığına görə özünə böyük nüfuz qazanmışdı. O, tanınan xanəndələrlə, yaxşı dəstələrlə konsertlərə, toylara gedirdi. Çalğısı da bəyənilirdi. Onun toy fəaliyyəti Əsasən XX əsrin 50 - ci, 60 - cı, 70 - ci illərinə təsadüf edir. Əfsus ki, o, radiomuzun fonduna 4 - 5 oyun havası və yalnız iki muğam, "Hümayun" va "Segah" yazdırıb. Onun böyük istedadı, geniş yaradıcılıq qabiliyyəti olduğu üçün neçə - neçə oyun havası, muğam dəramədləri və rənglər bəstələyib. Radiomuz üçün çaldığı "Hümayun" muğamında çaldığı dəraməd İ.Coşqunun öz bəstəsidir. Azərbaycan Firqəsinin mədəniyyət mərkəzindəki "Məşəl" ansamblının bədii rəhbəri tarzən - pedaqoq Baba Salahov idi. O, ömrünün çox hissəsini bu ansamblın rəhbərliyinə həsr edib. Onunla İsfəndiyar Coşqunun yaradıcılıq və dostluq əlaqələri bu mədəniyyət ocağından başlamışdı. Bir vaxtlar "Məşəl" ansamblına Əhsən Dadaşov da rəhbərlik etmişdi. Baba Salahov 1962 - ci ildə Azərbaycan Televiziya və Radio Verilişləri Komitəsi nəzdində x.ç.a. ansamblı yaradarkən İsfəndiyar Coşqunu da heyətin tərkibinə gətirmişdi. İsfəndiyarın bəstəlǝdiyi rənglər bu ansamblın repertuarında özünə yer almışdı. Bu ansambl rəsmi olaraq 1965 - ci ildǝ Azərbaycan Teleradio Komitəsi sədrinin əmrilə təsdiq olunmuşdu. B.Salahovun rəhbərlik etdiyi ansamblın ilk qarmonçalanları İsfəndiyar Coşqun və Teyyub Teyyuboğlu olmuşdur. 1965 - ci ildə isə bu kollektivə Aftandil İsrafilov gəlmişdir. Mahir qarmonçu olaraq İ.Coşqun 1970 - ci illərin sonuna qədər müxtəlif ansamblların tərkibində konsertlərdə, Niyaz Mehdiyev (xanəndə), Yusif Heydərov (tarzən), Yaşar Həsənov (klarnet ifaçısı) və Şirzad Həsənovdan (nağaraçalan) ibarət dəstə ilə toylarımızda fəaliyyət göstərmişdir. Bakı Mədəni - Maarrif Texnikumunun müəllimi, görkəmli tarzən, uzun illər "Təranə" Gənclik ansamblının rəhbəri olmuş Yusif Heydərovun dediklərindən: "Baba Salahovun rəhbərlik etdiyi "Araz" ansamblından çıxdıqdan sonra İsfəndiyar Coşqun bizim ansambla gəldi. 1960-cı illərin sonlarından 1970 - ci illərin sonlarına qədər "Təranə" ansamblında o, çox ciddi və səmərəli fəaliyyət göstərdi. Onun bəstələdiyi muğam dəramədləri və rənglərin sayı çoxdur. Biz onun "Bayatı - Şiraz" və "Hümayun" dəramədlərini ansamblın ifasında televiziyada canlı çıxışlarımızda çalırdıq. Onları radiomuzun fondu üçün də yazmışıq. Coşqunun "Rast rəngi" də çox gözəldir. Onu da məşq edirdik. Əfsus ki, lentə yaza bilməmişik. İsfəndiyar mədəni, ziyalı şəxs, gözəl sənətkar, əsl muğam bilicisi idi. Xeyli müddət onunla toy şənliklərində də olmuşam". İsfəndiyar Coşqun 10 uşaq atası idi. Ailənin böyük olmasına baxmayaraq o, çətinliyin öhdəsindən gəlir və övladlarını yaxşı dolandırırdı. Onun oğlu Xəyyam böyük istedad sahibi idi. Mahir zərb ustası, əla qarmonçalan idi. İ.Coşqunun qardaşı Məhəmməd Bǝrxu da qarmon ifaçısı olaraq ansambllarda çalışır, toylarda çalırdı. Məhəmməd Bǝrxu, Xəyyam və İsfəndiyarın digər övladları (təkcə kiçik qızdan başqa) Almaniyada yaşayırlar. İsfəndiyar Coşqun tarzən Əhsən Dadaşov, xanəndə Əbülfət Əliyev, klarnet ifaçısı Elxan Səmədzadə və nağaraçalan Tahir Hüseynovdan ibarət toy ansamblının tərkibində də neçə illər fəaliyyət göstərmişdi. Bəzi hallarda bu heyətin tərkibində məşhur nağaraçalan Çingiz Mehdiyev də olurdu. İsfəndiyar Coşqunun şair kimi tanınması əsasən 1988 - ci il ümümxalq hərəkatı dövrünə təsadüf etdi. Onun şeirlərindən bəzilərinin adını çəkə bilərik: "Yazmamışam, yazammaram", "Qorxulu heykəl", "Bəsdir daha yatdınız", "Yest takaya partiya", "Vəzirov", "Hökmdar" və s. Bu kimi şeirlərində İ.Coşqun kommunist partiyasının, sovet quruluşunun vǝ velikorus sovinizminin riyakar, xəyanətkar siyasətini ifşa edirdi. Onu təqib edirdilər, neçə dəfə tutub dəlixanaya salmışdılar. 1987 - ci ilin əvvəllərində Bəxtiyar Tuncay, Tofiq Aslan, Fuad Ağayev, Ənvər Yusif Börüsoylu və Məhəmməd Hatəmi "Çənlibel" elmi - ədəbi birliyini yaratdılar. İsfəndiyar Coşqun da bu təşkilata qoşuldu. Dəfələrlə o, "Çənlibel" in toplantılarında çıxış etmiş, öz şeirlərini oxumuşdu. 1988 - ci ildə "Çənlibel" Elmi - Ədəbi Birliyi xalq hərəkatının başında dayandı. Bu təşkilatın rǝhbərliyi ilə mayın 16 - da, 18 - də və iyunun 9 - dakı nümayişlər və mitinqlərdə İsfəndiyar Coşqunun xüsusi fəallığı olmuşdu. Azərbaycan Milli Azadlıq Hərəkatı tarixinə "Meydan mübarizəsi" kimi daxil olmuş, 1988 - ci il noyabrın 17 - sindən başlayıb dekabrın 5 - də bitmiş o çətin, ağır və şərəfli günlərdə də İsfəndiyar Coşqun xalqın ön sıralarında olmuş və sona qədər tab gətirmişdi. O, töküləcək qanların qarşısını almaq üçün rus əsgərləri və zabitlərilə danışıq aparanlardan biri idi. Rus əsgərləri meydandakılara hücum edib dəyənəklərlə vuranda İsfəndiyar kişi camaatın ayaqları altında qalıb əzilmişdi. İsfəndiyar Coşqun 1989 - cu il may ayının 21 - də öz bağında "Birlik" cəmiyyətinin təsis yığıncağını keçirmişdi. Bu təşkilatın iyulun 8 - də keçirdiyi nümayiş zamanı həbs olunanlar arasında İ.Coşqun da var idi. O, yoldaşları ilə əvvəl Nərimanov R.P.I - nin zirzəmisində, sonra Bayıl həbsxanasında saxlanılmış və bir müddətdən sonra isə Şüvəlan təcridxanasına köçürülmüşdü. Həbsxanada onun vəziyyəti ağırlaşmışdı. Beləliklə o, avqustun 9 - da həbsdən buraxılmışdı.. Coşqun ürəkli bir insan bütün mənalı ömrünü xalqının milli musiqi mədəniyyətinə və bu millətin azadlığına sərf etdi. Çəkdiyi məşəqqətlər, gördüyü işgəncələr ona ömrünü davam etmǝyǝ imkan vermədi. İ.Coşqun 1991 - ci il avqustun 23 - də haqq dünyasına qovuşdu. O, Azərbaycanın müstəqilliyini görməsə də arzularının bir hissəsi həyata keçdi. Ən böyük arzusu isə o tayı - bu taylı Azərbaycanı bütöv görmək idi.
___________________________________________________________________________________________________________________
Əhsən Rəhmanlı “Qarmon ifaçılığı sənəti və onun Azərbaycanda tədrisi”, Bakı “MBM” 2014, Səh. 121 - 125.