XX əsrin 40 – cı – 60 - cı illərində dünyaya qədəm qoyan soydaşlarımız daim radio dalğalarından Abbas Abbasovun qarmon ifasını eşitmişlər. Bəzən onun televiziya çıxışlarından da bəhrələnənlər olub. O, televiziyada xalq oyun havalarını və ayrı - ayrı muğam parçalarını ifa edib. Yazı müəllifi kimi deyirəm ki, uşaq çağlarımda doğma radiomuzda Abbas Abbasovun konsertlərini çox dinləmişəm. O zamanlar belə ifaçılar mənim üçün əlçatmaz zirvə idilər. Xəyalıma da gəlməzdi ki, mən də qarmon ifaçılığı üzrə çalışacaq, musiqi dünyamızın bir üzvü olaraq A.Abbasov kimi sənətkarları yaxından görəcək və həmsöhbət olacağam. 1950 - ci, 1970 - ci illərdə Abbas Abbasovun ifaları Təbriz radiosu ilə də səsləndirilirdi. Yaxşı xatırlayıram ki, 1980 - ci illərdə musiqiçilərin toplaşdığı bağda A.Abbasovla tanışlığımız zamanı o, Təbriz radiosunda verilən konsertlǝrindən fəxrlə söz açırdı. Həm də Təbrizi, sevgi ilə dilə gətirirdi. Axı, o da əslən Güney Azərbaycandan idi. Abbas Abbasov Abbas Hüseyn oğlu Abbasov 1924 - cü ildə Bakının Sabunçu qəsəbəsində "Həmşərilər məhəlləsi"ndə dünyaya göz açıb. ("Həmşəri" həmşəhərli, həmkəndli, həmyerli anlamındadır. XX əsrin əvvəllərində Cənubi Azərbaycan əyalətlərindən işləmək, dolanmaq üçün Bakıya köç edənləri "həmşəri" adlandırırdılar - Ə.R.). Balaca Abbas yeddi dilli, yarımtonsuz qarmonla az - maz çalğı öyrənmişdi. 12 yaşında atası ona 40 manata bir qarmon almışdı. Elə sənətə ilk addımlar da bu alət vasitəsilə olmuşdu. Həmin vaxtlar o, "İnnabı", "Lalə", "Vağzalı", "Tərəkəmə", "Heyvagülü" rəqslərini öyrənmişdi. O illərdə öyrəndiyi hər oyun havası, mahnı ailədə böyük sevincə səbəb olur və toy - bayrama çevrilərdi. Bəs necǝ! Axı bu sadə, zəhmətdən yoğrulmuş ailədə musiqini çox sevirdilər. Anası da uşağı təriflər, barmaqlarından, üz - gözündən öpər və dönə - dönə xoş sözlər deyib həvəsləndirərdi. Qavalda çalmağı bacaran ana da hərdən ona qoşulardı. Abbasın ən çox sevdiyi Kor Əhədin "Segah"ı idi. Qrammafon valından "Segah"ı dəfələrlə dinlǝsə də doymazdı. O qədər qulaq asmışdı ki, Əhədin bütün xallarını əzbərləmişdi. Evdə hər gün çal - çağır olduğu üçün ailə xoş günlərini yaşayırdı. Lakin 1941 - ci ildə Rus - Alman müharibəsinin başlaması bütün ailələr kimi Abbasgilin də şən günlərini kədərli, qəm - qüssəli etdi. Atanı cəbhəyə apardılar. Bir ildən sonra ağır yaralandığı üçün geri qaytardılar. O, 1942 - ci ildə, ömrünün son günlərində qardaşı Zeynala vəsiyyət etmişdi ki, qarmon sənətini daha mükəmməl öyrənsin deyə Abbası Teyyub Dəmirovun yanına aparsın. Abbas əmisi Zeynal ilə adını çox eşitdiyi, radiodan tez - tez ifasını dinlədiyi, lakin üzünü heç vaxt görmədiyi Teyyub Dəmirovun mənzilinə gedir. Sonralar Abbas xatırlayıb deyirdi: "O, mənə əyləşmək üçün yer göstərdi və dedi ki, oğlum, nəyi bacarırsan, onu da çal. Mən Əhədin valından öyrəndiyim "Segah"ı çaldım. Gülümsəyərək əlini kürəyimə vurub dedi: - Bu lap Əhəddir ki... Əmimə: Mən buna dərs keçə bilmərəm, özü çala bilir, hansı yolu tutubsa qoy elə də davam etsin, - dedi. Bunu eşitsək biixtiyar gözlərim doldu. Əmim də bundan mütəəssir oldu. Xeyli dil - ağız etdikdan sonra Teyyub mənə dərs deməyə razılıq verdi. Mən az zaman müddətində ustadımdan "Xalabacı", "Ayşadı", "Baharı", "Maralı", "Kolxoz rəqsi" kimi oyun havalarını, "Zabul", "Rast", "Bayatı - Şiraz", "Rahab" və "Bayatı - Qacar" muğamlarını öyrəndim. On beş tələbəsi arasında ǝn çox mənim xətrimi əziz tutur, mənə arxalanırdı. Bəzən də vacib işləri olduğu vaxtlarda tələbələrilə məşğul olmağı mənə tapşırırdı". Abbas ilk dəfə xanəndələr Rübabə Muradovanı, Xan Şuşinskini, tarzən Qurban Pirimovu, klarnetçalan Nadir Axundovu Teyyub Dəmirovun evində görmüşdü. Digər böyük sənətkarlarla Abbasın ilk tanışlığı da ustadının musiqi ocağında olmuşdu. Müharibənin ilk illərindən artıq T.Dəmirovun qarmonçalanlar ansamblı fəaliyyətdə idi. Bakı və şəhər ətrafından toplanan qarmonçalanlardan əlavə ansambl tərkibində Teyyubun öz tələbələri də var idi. Bir gün filarmoniyada böyük dövlət tədbiri keçirilirmiş. Qarmonçalanlar ansamblı "Bayatı - Şiraz" muğam - dǝstgahını ifa edir. Muğamın "Mayə"sini Teyyub Dəmirov özü çalır. "Bayatı - İsfahan" və "Üzzal" şöbələrini isə Abbas Abbasova həvalə edir. Teyyub müəllim muğamın bütün şöbə və guşələrini özü çala bilərdi. Məqsəd isə sevimli və istedadlı tələbəsi Abbasın belə böyük tədbirlərdə püxtələşməsi və tanınması idi. O, doğrudan da yetirmələrinin uğuruna ürəkdən sevinirdi. Ömrünün sonlarında Abbas ilk müvəffəqiyyətlərindən olan bunu xatırlayıb deyirdi: "Fasilə vaxtı bir nəfər gözlüklü şəxs bizə yaxınlaşdı, diqqətlə üzümə baxdı, əli ilə saçlarımı qarışdırıb - Teyyub, bundan müğayat ol, - dedi. Səhəri gün Teyyubdan həmin kişinin kim olduğunu soruşduqda: Hǝ, Abbas, o, bizim dövlətimizin rəhbəridir, Mircəfər Bağırovdur, söyladi". Bir gün T.Dəmirov Abbasgilə gəlib sabah səhər radioda canlı çıxışla konserti olduğunu, lakin vacib işə görə gedə bilməyəcəyini, bildirir. Xahiş edir ki, Abbas gedib həmin konsertdə Teyyubun adıyla çalsın. Qəfil və məsuliyyətli təklifdən Abbas çaşıb - qalaraq deyir: - Ustad, mən bunu bacararammı? T.Dəmirov: "Bacarmalısan!" deyərək tələsik çıxıb gedir. A.Abbasov həmin gün səhər bir - neçə tanımlı sənətkarlarla birlikdə Teyyub Dəmirov adıyla "Bayatı - Qacar" muğamını, "Bəxtəvəri" və "Tərəkəmə" rəqslərini çalır. Teyyub özü isə evdə Abbasın radiodakı ifasını dinləyirmiş. Abbas konsertdən sonra onların evinə gedəndə Teyyub ayağa durub onun əlini sıxıb təbrik edir: "Hə, indi bildim ki, məni əvəz edə biləcək bir tələbəm var". Hələ üstəlik bir yüzlük də çıxarıb Abbasın cibinə salır. Abbas sanki böyük sınaq imtahanından çıxmışdı. Həmin gündən onun üçün böyük səhnəyə yol açılır. Ustadının razılığı və tövsiyəsilə A. Abbasov əvvəl incəsənət idarəsində, sonra isə Azərbaycan Dövlət Filarmoniyasında solist kimi işə düzəlir. Həmin dövrdə Xan Şuşinski, Şövkət Ələkbərova, Sara Qədimova, Rübabə Muradova. Əlibaba Məmmədov, İldırım Həsənov, Əliyar Əmirov, Həqiqət Rzayeva, Mürşid Məmmədov, Anatollu Qəniyev, Məmməd Salmanov, Tükəzban İsmayılova kimi tanımlı müğənnilərlə birgə konsertlərdə çıxış edən, rayonlarımızda səfərlərdə olan Abbas Abbasov məşhurlaşır. 1956 - cı ildə SSRİ - nin paytaxtı Moskva şəhərində musiqi kollektivlərinin baxış - müsabiqəsi keçirilərkən A.Abbasov da iştirakçı olub. Oradan qayıtdıqdan sonra Abbas Cahangir Cahangirovun təkidilə radio üçün "Ayşadı", "Bülbülü", "Lalə", "Xalabacı" və "Tǝrǝkǝmə" oyun havalarını lentə yazdırıb. 1958 - ci ildə tarzən Əliağa Quluyev (sonralar xalq artisti) Azərbaycan Dövlət Filarmoniyasında x.ç.a. ansamblı yaratmışdı. Əvvəllər bu ansamblın qarmonçalanı Abbas Abbasov olub. O, 1960 - cı illərin sonlarına qədər həmin ansamblda çalıb. Abbas Ağasi Məşədibəyovun, Həbib Bayramovun rəhbərlik etdiyi ansambllarda da çalıb. El şənlikləri, radio çıxışları A.Abbasovu daha da məşhurlaşdırmışdı. O, 12 ildən artıq məşhur klarnet ifaçısı Şəmsi Imanovla yoldaşlıq edərək onunla Bakıda, Azərbaycanın hər guşəsində, qonşu respublikalarda konsertlərdə və toylarda olub. Ümumittifaq "Melodiya" firması bu qrupun ifasında oyun havalarından və təsniflərdən ibarǝt val buraxıb. Bir zamanlar bu qrammafon valları nəinki Azərbaycanın hər yerinə, hətta ətraflara da yayılmışdı. Həmin ifalar dövrün tələbinə uyğun idi. Abbas geniş sənət meydanına atıldığı gənclik illərində o dövrün populyar qarmonçalanları Məmmədağa Ağayev, Səfərəli Vəzirov, Səttar Hüseynov, Adil Zərgəroğlu kimi sənətkarlarla yaxından tanış olaraq, onlarla dostluq əlaqələri qurmuşdu. Belə sənət adamları ilə bir sırada duran A.Abbasov qarmon ifaçılığımıza bina hörənlərdən biri olmuşdur. Azərbaycan radiosu üçün ilk dəfə "Rahab" muğamını qarmonda ifa edib lentə yazdıran Abbas idi. Bu ifanı dəfələrlə dinləmişik. 1990 -cı illərin əvvəllərində onun çaldığı "Rast", "Şur", "Bayatı - Şiraz" muğamları və xeyli sayda oyun havası radio üçün lentə yazılıb. O, iki - üç kinofilmdə "Segah" çalıb. Filmlərin birində isə onun ifasında Ağabacı Rzayevanın "Pəri" mahnısını eşidirik. Abbas Abbasov 1990 - cı illərdə Dənizkənarı parka, musiqiçilərin toplaşdığı yerə gəlir, orta yaş və gənc nəsil sənət nümayəndələri ilə söhbət edirdi. Əlbəttə o, darıxdığı məqamlarda özünə həmdəm, həmsöhbət axtarmaq üçün gəlirdi. Xalq sənətkarlarının yaşlı dövrü maddi çətinliklərlə keçir. Bu sənət gənclik dövrü üçün daha məqbul sayıldığına görə onlar toy - büsatdan, pul qazanmaqdan kənar qalırlar. Abbas kimi böyük sənətkar üçün də belə idi. O da çal - çağırdan, toy - nişandan, konsertlərdən kənar qalmışdı. Odur ki, özü demişkən 55 illik dostunu, sevimli qarmonunu maddi çətinlik üzündən satmalı olmuşdu. Özünə aldığı "Kazan" qarmonla könül nəğmələrini dilləndirir, arabir dəvət olunduğu dost - tanışın ev yığıncaqlarında səsləndirirdi. Abbasın Sabit adlı qardaşı da qarmon ifaçısı idi. Üçüncü qardaş olan Sabit "İnşaatçılar" mədəniyyət sarayında qarmon sənəti üzrə dərs deyirdi. O da Abbasın üslubu ilə çalırdı. Sabit 1980 - cı illərin sonlarında 54 yaşında dünyasını dəyişib. A.Abbasov gənc qarmon ifaçılarının akkordeon üslubu ilə çalmaqlarından narahat idi. O, özündən əvvəlki sənətkarların, öz ustadının yaratdığı, özünün və onunla eyni dövrdə çalışan qarmonçalanların işlətdiyi üslubun qorunmasının tərəfdarı idi. Abbas Abbasov 1997 - ci ildə dünyasını dəyişib.
________________________________________________________________________________________________________________________________
Əhsən Rəhmanlı “Qarmon ifaçılığı sənəti və onun Azərbaycanda tədrisi”, Bakı “MBM” 2014, Səh. 113 – 117.