Əliyev Aydın Əkbər oğlu 1962 - ci il oktyabrın 2 - də Bakı şəhərində anadan olub. 1970 - ci ildə 116 saylı orta məktəbin birinci sinfinə daxil olub. Elə həmin ildə atası balaca Aydını Xəzər Dənizçiləri Mədəniyyət Evinin Əhmədli qəsəbəsindəki filialının qarmon sinfinə qoyur. Ata Aydının musiqiçi olacağına inanırdı. Elə sonralar bu arzu və ümid öz təsdiqini tapdı. Xoşbəxtlikdən qarmon sinfinə Aydının müəllimi canıyanan insan, vicdanlı şəxs, peşəsinin vurğunu, əsl pedaqoq Amalya Hüseynovanın olması bu uşağın gələcəkdə peşəkar musiqiçi, tanınan sənətkar olacağına zəmin yaratmışdır. Amalya xanım Aydını övladı kimi əzizləmiş, onun yaxşı bilik alması və not tədrisi qayğısına qalmış, xalq musiqisi incilərini ona sevə - sevə öyrətmişdir. Bu gün ötən günləri hörmətlə xatırlayan müəllim - şagird bir - birlərinin haqqında ürək dolusu danışır, Aydın müəlliminin zəhmətini itirməyib təşəkkür edir, Amalya xanım ən əziz və sevimli şagirdi ilə fəxrlənir və qürur hissi keçirir. Aydına ilk dəfə 1968 - ci ildə qarmon alınıb. Əslində onun ilk müəllimi Bəylərxan olub. O, Aydına evdə dərs keçirmiş. Əkbər kişinin evində dəf, nağara və tütək alətləri varmış. Özü bu alətlərdə mükəmməl çalırmış. Əkbər başqa sahədə çalışsa da musiqi ilə də məşğul olurdu. Aydın balaca vaxtlarından evlərində gördüyü zərb alətlərini və tütəyi sərbəst olaraq öyrənməyə çalışmış və buna nail olmuşdu. 1976 - cı ildə atası Aydını H.Z.Tağıyev adına toxuculuq fabrikinin mədəniyyət sarayındakı "Sahil" adlanan özfəaliyyət xalq çalğı alətləri ansamblına gətirir. Sonralar məşhur musiqiçi kimi tanınan klarnetçalan Məşədi Məhəmməd, nağaraçı Elşən Qasımov da bu özfəaliyyət kollektivindən peşəkar ifaçılığa vəsiqə alıblar. Aydın 1976 – 1978 - ci illərdə "Sahil" ansamblında çalmışdır. Ansamblın bədii rəhbəri tarzǝn - pedaqoq Ağaqardaş Mürşüdov Aydının bacarığını görüb ona xüsusi qayğı göstərirdi. Əkbər ata Ağaqardaş müəllimdən bütün muğamlarımızı Aydına öyrətməsini xahiş edir. Ağa - qardaş müəllim ansamblın məşqlərindən əvvəl əlavə vaxt ayıraraq tarda çaldığı muğamları bütün şöbə və guşələrilə Aydına öyrədir. Əbəs deyil ki, çəkilən zəhmət hesabına Aydın Əliyev muğamlarımızı tamam - kamal bilir və qarmonda onları ǝla ifa edir. XXI əsrdə bu sənətkar qarmon musiqi alətilə muğamlarımızın dolğun, təsirli, doğru - düzgün çalıb, təhvil verən ifaçılar sırasında özünə əsas yer tutur. 1975 - ci ildən A.Əliyev toy sənətçiləri sırasına qoşulub, tədricən sənətkarlar arasında tanınıb və çox yerlərə dəvət olunub. 1978 – 1981 - ci illərdə Azərbaycan Televiziyası və Radiosunun musiqi kollektivlərində, xalq artisti tarzan Baba Salahovun rəhbərlik etdiyi "Araz" xalq çalğı alətləri ansamblında çalan Aydın böyük təcrübə qazanır. Çalışdığı müddətdə məşhur müğənniləri müşayiət edir, solo hissələr çalır, musiqiçilər arasında da çox tanınır. A.Əliyev 1986 – 1991 - ci illər ərzində Mədəniyyət və İncəsənət Universitetində təhsil alır və qiyabi yolla mədəni - maarif fakültəsini bitirir. Sənətkarımız 1986 – 1989 - cu illərdə dünya şöhrətli müğənni, xalq artisti Zeynəb Xanlarovaya məxsus xalq çalğı alətləri ansamblında çalmışdır. Bu müddət ərzində musiqi heyətinin tərkibində Azərbaycan rayonlarında, SSRİ - inin ən böyük şəhərlərində, 1989 - cu ildə Danimarkada konsertdə olan Aydının sənəti daha da yetkin olur və mükəmməlləşir. Onun xarici ölkəyə ilk səfəri isə 1984 - cü ildə Almaniya Federativ Respublikasına olmuşdur. Universitetdə təhsil aldığı zaman ictimai, mədəni - kütləvi işlərdə çalışmış, musiqiçi kimi sevilmiş, IV kursda ona Tǝdris Teatrında xalq çalğı alətləri ansamblı yaratmaq tapşırılmışdır. O, bunun öhdəsindən bacarıqla gəlmiş, Mələkxanım Əyyubova və Zahid Quliyevi ansambla solist gətirmişdir. Ansambl Şirvan və Qarabağ bölgəsində, Şuşa şəhərinin özündə konsertlər vermişdir. A.Əliyev bir zamanlar təhsil aldığı qarmon kursunda 1980 – 1981 - ci illərdə dərs demişdir. İfaçılıq və müəllimlik Aydının həyatında və sənətində vəhdət təşkil etmişdir. O, 1983 – 1987 - ci illərdə Çingiz Mustafayev adına mədəniyyət evindəki qarmon sinfində müəllim işləmişdir. Xalq artisti, bəstəkar - cazmen, fenomen musiqiçi R.Babayev, qarmonçalanlar H.Həsənov, X.Cəfərovdan başqa Aydınla da işləməyi xoşlarmış. 1991 -1994 - cü illərdə A.Əliyev R.Babayevin rəhbərlik etdiyi kollektivdə çalışmışdır. Hazırda Milli Konservatoriyanın rektoru, xalq artisti, bəstəkar Səyavuş Kərimi də həmin orkestrdə bir zamanlar fəaliyyətdə olub. Bu gün də Aydın S.Kərimi ilə müntəzəm yaradıcılıq əlaqələrindədir. A.Əliyev Türkiyə, Norveç, İsveç, Hollandiya (2 dəfə), Belçika, İtaliya, İsveçrə, Kanada, Danimarka (2 dəfə) və Skandinaviya ölkələrində səfərlərdə olmuşdur. YUNESKO - nun səlahiyyətli nümayəndəsi, Fransanın Paris şəhərində yaşayan, dünyanın on qədim musiqisinin elmi araşdırıcısı və təbliğatçısı olan, xüsusilə Şərq mədəniyyətini öyrənən Jan. Düring 1997 - ci ildə Bakıya gələrək Aydının ifasında Azərbaycan muğamlarını, qədim xalq oyun havalarını diskə yazaraq aparmış, klassik musiqi nümunəsi kimi ən böyük ölkələrdə yaymışdır. Bu iş öz - özlüyündə Aydın, bütünlükdə işə Azərbaycan qarmon ifaçılığı sənəti üçün böyük müvəffəqiyyət sayıla bilər. J.Dürinq Aydının çalğısını klassik formada, yalnız dəfin müşayiətilə istəmişdir. Kompakt diskǝ yazılmış bu ifalar 1898 - ci ildə Azərbaycan radiosunun fonduna da qəbul olunmuşdur. Qeyd etdiyimiz diskin uğuru hesabına A.Əliyev 2002 - ci ildə YUNESKO xətti ilə keçirilən "İpək yolu" adlı dünya xalqlarının folklor musiqisi festifalında iştirak edib və bu böyük tədbirin diplomantı olub. Amerikada yaşayan məşhur musiqiçi Yoyomanın orkestrinin festifalın iştirakçısı olması bu böyük əhəmiyyətli tədbirin dəyərini xeyli artırmışdır. Aydın Əliyev adı çəkilən tədbirin 52 gün iştirakçısı olmuş, Amerikada və Avropa ölkələrində konsertlərdə çalmışdır. 2003 - cü ildə keçirilən, Jan Dürinqin dəvətilə "Şərq musiqisi festivalı" nda iştirak üçün Tayvan ölkəsinə gedən Aydın xalq artisti, tarzən M.Müslümov, xalq artisti, kamançaçı F.Dadaşov və xanəndə, əməkdar artist Zabit Nəbizadə ilə çıxış etmiş, özünün solo ifasını da göstərmişdir. Sevimli qarmonçumuz müxtəlif zamanlarda müğənnilər, A.İslamzadə, M. Bağırzadə, B.Dadaşova, N.Dostəliyeva və başqaları ilə yoldaşlaq edərək toylara və konsertlərə getmişdir. 2006 - cı ildə A. Əliyev "Sǝda" ansamblının tərkibində əməkdar artist N.Dostəliyeva ilə Rusiyada və Türkiyədə konsertlərdə olmuşdur. Bütün sənət fəaliyyəti boyu o, klassik qarmon ifaçılığı yolunu tutmuş, Ə.Əliyev, T.Dəmirov, M.Ağayev, A.Abbasovun sənəti əks olunmuş lent yazılarından bəhrələnmişdir. 1984 – 1985 - ci ildə Aydın böyük sənətkar Abbas Abbasovla (1924 - 1997) sənət əlaqələri quraraq ondan 100 ədədə yaxın rəqs havası öyrənib. A.Abbasov klassik qarmon ifaçımız, xalq oyun havalarını və muğamlarımızı incəliklərinə qədər bilən şəxs idi. Bu gün sevimli sənətkarımız bu dünyada olmasa da onun bildikləri, musiqi inciləri hal - hazırda da, gələcəkdə də gənc musiqiçilərə lazım olacaq deyə Aydın maqnitofon lentlərində və hafizəsində qoruyur. Son dövrlərdə qarmon sənətinə gələn gənclər A.Əliyevin evinə tez - tez gəlib ondan dərs alır, bilmədikləri incə mətləbləri öyrənirlər. Bütün bunları Aydın müəllim təmənnasız edir. Mərhum atasının tövsiyəsi, nəsihəti və vəsiyyətinə görə T.Dəmirovun sənət yoluna, yaradıcılığına məhəbbətlə yanaşan, həmişə ustad sənətkarlardan öyrənən Aydın bu gün də bu işə sadiq qalır. O, ustadın həyat və yaradıcılığı haqqında ciddi araşdırmalar aparır, bəzi anlarda mətbuatda və efirdə onu işıqlandırır. Aydın 2006 - cı illin əvvəllərində öz vəsaiti hesabına T.Dəmirovdan bizə yadigar qalan muğam ifalarını və oyun havalarını kompakt diskə köçürtdürmüşdür. Məqsəd budur ki, gənc musiqiçilərimiz bu sərvətdən bəhrələnsinlər. A.Əliyev hazırda Azərbaycan Dövlət Milli Konservatoriyasının "Instrumental ifaçılıq kafedrası" nda çalışır. Milli alətlərimiz üzrə təhsil alan tələbələrə milli rəqs melodiyalarımızı öyrədir. O, xalq rəqs havalarımızı bütün incəliklərinə qədər bilir və tədris zamanı bunlardan layiqincə istifadə edir. Aydın Əliyev elmi mövzu üzərində işləyərək müdafiəyə hazırlaşır. Biz isə uğurlar diləyirik.
________________________________________________________________________________________________________________________________
Əhsən Rəhmanlı “Qarmon ifaçılığı sənəti və onun Azərbaycanda tədrisi”, Bakı “MBM” 2014, Səh. 566 – 568.