Azərbaycan musiqi səmasında istedadlı və tam peşəkar qarmon ifaçılarımız da ulduz kimi parlamışlar. Düzdür bu geniş sənət səmasında öz yerini tuta bilməyən, tez yanıb tez sönən ulduzlarımız da olmuşdur. Lakin ömrün ixtiyar çağına, sənətinin şirəli, daha dadlı - tamlı, ləzzətli, sanballı vaxtına qədər sevimli işinə fədakarlıq göstərənlərimiz də kifayət qədərdir. Yazdığımız bu kitab boyu onların ömürlərini səhifələmişik. Onlardan biri barədə də ürəklə qələm işlədirik. Əgər qarmon sənətinə xidmət edənləri bir orduya bənzətsək, o da fǝal, nümunəvi, daim ön sıralarda öz yerini tutan bir əsgər sayıla bilər. Elə isə səmimi söhbətə başlayaq. Çünki, o, təkcə yüksək sənətilə deyil, həm də səmimiyyətilə qəlbimizdədir. Əsgər Həsən oğlu Həsənov 1947 - ci il iyun ayının 7- də Ağstafa şəhərində dünyaya gəlib. Həsən kişi (1928 - 2011) və evdar qadın olan Gülsüm xanım həyata gətirdikləri iki oğulu göz bəbəyi kimi qoruyaraq, onların hər bir qayğısına qalaraq, sevib əzizlǝyǝrǝk boya - başa çatdırmışlar. Saqif və Əsgərin orta tǝhsilinə xüsusi nəzarət edən ata - ananın arzu və ümüdləri yerinə yetmiş, hər iki oğul ali təhsil alaraq vətən üçün çalışmışlar. Saqif Həsənov hazırda istefada olan polis polkovnikidir. Əsgərgilin ana tərəfdən babası Həsən Mülkülü (1904 - 1994) Tovuz rayonunda yaşayıb yaradan məşhur el şairi idi. Onun 4 kitabı nəşr olunub. 2011 - ci ildə millət vəkili, şairə, yazıçı - publisist Qənirə Paşayevanın təşəbbüsü ilə Bakıda, Musiqili Komediya Teatrının binasında və Tovuzda Həsən Mülkülünün yubiley tədbirləri keçirilmiş və İctimai Televiziya vasitəsilə yayımlanmışdır. Əsgərin dayısı, 6 kitab müəllifi Əziz Məftun (1936 -1978) Tovuzun Mülkülü kəndində yaşayıb yaratmışdır. 2010 - cu ildə Qənirə Paşayevanın təşəbbüsü ilə Azərbaycan Dövlət Muğam Teatrında Əziz Məftunun yubileyi təntənəli şəkildə qeyd olunmuşdur. Əsgərin ata babası Aşıq Əsgər (? - 1934) xalqın sevimli sənətkarlarından biri olmuşdur. Əsgər öz babasının adını daşıyır. Əsgər Həsənov 1954 – 1965 - ci illərdə Ağstafa şəhərindəki 1 saylı orta məktəbdə təhsil alıb və buranı medalla bitirib. Musiqiyə gəlişi 6 - 7 yaşlardan başlayıb. 12 dilli yarımtonsuz qarmonda çalğı öyrənib. O, bu işə heç kəsdən təlimat almadan yiyələnib. Uşaqlar balaca olanda atası Bakının Kubinka adlanan məhəlləsindəki bazardan Əsgərə 12 dilli diatonik qarmon, Saqifə isə dodaqla ifa olunan qarmon (qarmoşka) almışdı. Əsgərin qarmona olan həvəsi və bacarığı göz önündəydi. Atası ona akkordeon da almışdı. Uşaq bu alətdə də bacarıq göstərirdi. Bir müddətdən sonra o, artıq akkordeonu tələb olunan formada, beş barmaqla çalır və sol əldəki bas akkordlarla özünü müşayiət edirdi. Sonrakı dövrlərdə peşəkar qarmon ifaçısı kimi yetişərkən beş barmaqdan məharətlə istifadə etməyi onun karına gəlmiş və onu çoxusundan qabağa apararaq fərqləndirmişdi. Atası Əsgərin musiqidə get - gedə kamilləşməsini görüb, 1957 - ci ildə ona Gəncədəki qarmonçalan İmamquludan Bakılı Bədəl Bədəlovun qarmonunu alıb gətirmişdi. Bu Əsgərin sevincini və qarmon sənətinə olan sevgisini birǝ on qat artırmışdı. Əsgər o dövrün böyük qarmonçalanları Teyyub Dəmirov, Məmmədağa Ağayev, Qızxanım Dadaşova, Abbas Abbasov kimi sənətkarların radio çıxışlarından çox şey əxz etmişdi. Həmçinin yaşadığı bölgənin el sənətkarlarının toylarda çaldıqlarını əyani şəkildə görüb eşidirdi. O, Ağstafada qarmonçu Səfəri, Vahidi (el arasında dyadya Vasya) və Zakiri (ləqəbi Zirçik) dinləmişdi. Həmin vaxtlar Zakir Ağstafanın ən yaxşı qarmonçalanı idi. Əsgərin uşaqlıq illəri həm də Tovuzda keçirdi, ora ana babasıgilə gedirdi. Toylarda tovuzlu qarmonçalanlardan solaxay Məhərrəm Aviloğlu, Xas Tofiq və digərlərinin ifasını eşidirdi. Tovuzun ən mahir qarmonçalanı Xas Tofiq idi. Hər bir sənətkarın ifası Əsgərin beynində öz əksini tapır və onun təxəyyülünü formalaşdırırdı. İstər radiodan və qrammafon vallarından, istərsə də el şənliklərindən eşitdiyi xalq havalarını və muğamları barmaqlarına köçürürdü. O vaxtlar Ağstafa ayrıca rayon deyildi, Qazax rayonuna daxil idi. Əsgər Həsənov Qazax rayon pionerlər evinin (hazırda uşaqların və gənclərin yaradıcılıq mərkəzi) rəqs kollektivini qarmonla müşayiət edirdi. Rəqs dərnəyinin rəhbəri Əli Ağacanov, pionerlər evinin direktoru Əminə xanım idi. Əsgəri Qazaxa atası öz avtomobili ilə aparıb gətirirdi. 1946 - cı ildən Həsən kişinin şəxsi avtomabili olub. Əsgər Qazax rayon mədəniyyət evinin x.ç.a. ansamblında da çalırdı. Ansamblın rəhbəri müğənni Vasif Tağıyev idi. O, Respublika üzrə baxış - müsabiqənin laureatı olmuşdu. Ansambl Qazax, Ağstafa, Tovuz bölgəsində, Gəncədə, Bakıda və digər yerlərdə konsertlər vermişdi. Əsgərin xatirələrindən: "Uşaqlıqdan "Segah" muğamına meyl etmişəm. Yaxşı yadımdadır, konsertlərdə bu muğamı öz bacarığım, öz düşüncəm səviyyəsində ifa edirdim. Səhnədə hər dəfə "Segah" çalanda özüm də kövrəlirdim, gözlərimdən yaş gilələnirdi. Sonrakı dövrlərdə Bakıda musiqi fəaliyyətimi davam etdirəndə də bu hallar baş verirdi. Elə rayonda da, Bakıda da "Segah" çalanda kövrəldiyim üçün mənə "özü çalıb, özü də ağlayan qarmonçalan" deyirdilər". Müəllifdən haşiyə: "XX əsrin 70 - ci illərinin sonlarında mədəni mallar satışı dükanından Əsgər Həsənovun ifaları olan qrammafon valı almışdım. Valda onun "Segah" ifası da var idi. Bu valı arabir dinləyirdim və hər dəfə Əsgərin "Segah" ı məni vəcdə gətirir, düşündürürdü. Doğrudan da "Segah" da o, ürəyini boşaldıb qəlbini aça bilirdi və həqiqətən bu muğamı incə çalarla, təsirli təqdim edirdi". 1959 - cu il martın 21 - də Respublika baxış - müsabiqəsinin yekun konserti Opera və Balet Teatrının binasında keçirilirdi. Proqramda Əsgərin "Segah" ifası da var idi. O, "Segah" ı əvvəlki həvəslə çalmışdı. Sonra isə ansambl tərkibində müğənninin oxuduğu "Azərbaycan" mahnısını (bəstəkar Rauf Hacıyev) müşayiət etmişdi. Münsiflər heyətinin sədri Əfrasiyab Bədəlbəyli (1907 - 1976) Əsgəri yanına çağırıb demişdi: - A bala, sözün düzü sənin "Segah" ını diqqətlə dinləmədim. Lakin mahnıdakı müşayiətin məni özünə cəlb elədi, çox gözəl, əla çaldın. Neçə yaşın var? Vallah, 12 yaşım var demişdi Əsgər. Əməkdar incəsənət xadimi, məşhur bəstəkar Ə.Bədəlbəyli təəccübünü gizlətmədən demişdi: Bacarıqlısan, istedadın yaşından böyükdür, bundan sonra da musiqilə məşğul ol, mütləq öz üzərində çalış. Həmin müsabiqədəki nəticə, yüksək nailiyyət Əsgəri geniş anlamda tanıtdırdı və bu səs - soraq Qazax - Ağstafa bölgəsində böyük əks - səda doğurdu. Ağstafanın bütün mədəni - kütləvi tədbirlərində Əsgərə diqqət və qayğı göstərərək onun solo çıxışlarına imkan yaradılırdı. O, artıq rayon musiqiçilərinin də diqqətində idi, onu toylara aparmağa başlamışdılar. Orta məktəbi bitirənə qədər Əsgər Ağstafadakı klarnetçalanlar Mikayıl, Aydın, nağaraçalan Akif, xanəndə Qərib Allahverdiyevlə toy məclislərinə gedirdi. Həmin illərdə Gəncədən xanəndə Cavad, nağaraçı Cəmil gəlib Əsgəri özlərilə Gəncə toylarına və ətrafdakı el şənliklərinə aparırdılar. Şəmkirdən olan klarnetçalan Nəriman, Tovuzdan xanəndə Vahid də Əsgərin ifasını dəyərləndirərək onu vədələşdikləri məclislərə öz dəstələrinin tərkibində aparırdılar. Əsgər o zamanlar toy repertuarına daxil olan, yeni dəbə düşmüş mahnıların, rəqs havalarının hamısını bilir və yerli - yerində çalırdı. Musiqi yaddaşı çox güclü olduğu üçün o, tələbata uyğun olan musiqilərin hamısını öyrənə bilirdi. Ağstafada artıq geniş Azərbaycan məkanı üçün layiqli, istedadlı qarmon ifaçısı yetişirdi. Yazımızın bu məqamında maraqlı bir hadisəni də yazıya köçürməli oluruq. 1963 - cü ildə ustad qarmonçalan Teyyub Dəmirov Azərbaycan Dövlət Filarmoniyasının artistlərilə Ağstafaya konsertə gəlir. Konsertdən sonra Əsgərin atası Həsən Həsənov musiqiçiləri evinə dəvət edir və onların şərəfinə qonaqlıq verir. Tanışlıq zamanı Əsgərin ifasını da dinləmək istədiklərini bildirirlər. Əsgər dərin məsuliyyət hissilə ustadlar qarşısında "Segah" ifa edir və bu evdəki "Dnepr" markalı maqnitofona yazılır. 17 dəqiqə ərzində çalınan bu muğamı Teyyub Dəmirov bəyənir və deyir: "Sən yaxşı qarmon ifaçısı olacaqsan. Sənə təvǝqqem, məsləhətim o ola bilər ki, bu işlə ciddi məşğul olasan. Bakıya gələndə mənlə əlaqə saxla, səni oğlumla tanış edim, o da musiqiçidir". Ustadın rəyi və tövsiyəsi 16 yaşlı qarmon ifaçısının həvəsini və məsuliyyətini daha da artırmışdı. O gündən Əsgər daha çox məşq etməyə başlamışdı. Əsgər Həsənov 1965 – 1970 - ci illərdə Politexnik İnstitutun elektrotexnika fakültəsində təhsil alıb və kabel izolyasiyası mühəndisi ixtisasına yiyələnib. Ali təhsili qırmızı diplomla başa vurub. Institut illəri gənc musiqiçinin bu sahədə çalışması üçün də geniş şərait yaradıb. Həmin dövrdə digər ali təhsil ocaqlarında olduğu kimi Politexnik Institutda da peşəkar gücə malik özfəaliyyət kollektivləri fəaliyyətdəydi. Burada tarzən - dirijor Nəriman Əzimovun (hazırda xalq artisti) rǝhbərlik etdiyi x.ç.a. ansamblı da var idi. Əsgər həm həmin ansamblda, həm də görkəmli baletmeyster, xalq artisti Əlibaba Abdullayevin (1915 - 1980) rəhbəri olduğu rəqs ansamblında çalırdı. Həmin rəqs ansamblında Əsgərdən qabaq Avtandil İsrafilov işləmişdi. Əsgər rəqsləri müşayiət etdiyi üçün 35 "rubl" maaş da alırdı. Bakı musiqi cəmiyyətinə daxil olması Əsgəri tam peşəkar musiqiçi kimi yetişdirirdi. Səhnələrdə, televiziyada institut ansamblının tərkibindəki soloları Əsgərin tanınmasına xidmət edirdi. Politexnik İnstitutda dövlət tədbiri keçirilərkən filarmoniyanın məşhur sənətkarları da dəvət olunmuşdular. Konsertdə institutun ansamblı da öz proqramını təqdim edirdi. Teyyub Dəmirov filarmoniyadan öz qrupu ilə gəlmişdi. Əsgərin söylədiklərindən: "Mən Teyyub müəllimi görən kimi sevincək ona yaxınlaşıb salamlaşdım və Ağstafada bizim evdə qonaq olarkən mənim ifami dinlədiyini, tövsiyəsini və öz oğlu ilə məni tanış edəcəyini xatırlatdım. O, məni gördüyündən məmnun olduğunu bildirdi və oğlu Teyyubu çağırıb mənimlə tanış etdi. Xoşbəxtlikdənmi, ya ki, tǝsadüfdənmi Teyyub Teyyuboğlu da atasının qrupu ilə gəlmişdi, ansambl tərkibində o zaman klarnet çalırdı. Mən Teyyuboğlu ilə yaxından tanış oldum və sonrakı dövrlərdəki münasibətimiz aramızda dostluq yaratdı. Bu səmimi dostluq bu günə qədər davam edir". Nəriman Əzimov Azərbaycan Televiziyasının nəzdində x.ç.a. ifaçılarından ibarət kiçik qrup yaratmışdı. Heyətin tərkibində qarmonçalan Əsgər Həsənov, tarzən Bəhram Nəsibov, klarnet ifaçısı Anzor Quluyev və digər istedadlı gənclər var idi. Ansamblın televiziyada konsertləri olurdu. Artıq Bakı musiqiçilərilə Əsgərin yaxın münasibəti yaranmışdı. O, tanınan musiqiçilərlə toylara gedirdi, Bakıda, rayonlarda məclislərdə olurdu. Bu sırada nağara ifaçı Çingiz Mehdiyev (1932 - 1992), klarnet ifaçıları Adil Bayramov (1932 - 1975) və Babaxan Bağırov (1939 - 2006) da var idi. Sonrakı illərdə Əsgərin tanınmasında Babaxanın xüsusi rolu olmuşdu. O, istər özüylə vədələnmiş, istərsə də məşhur xanəndələrlə danışılmış sanballı toy şənliklərinə Əsgəri özüylə aparırdı. Beləliklə uzun illər ərzində Babaxanla Əsgər birlikdə çalışmışdılar. Ümumiyyətlə Əsgər Həsənov Bakının ən mahir klarnet ifaçılarının hamısı ilə şənliklərdə olmuşdu. Bu sırada Məlik Fərmanov (1918 - 1994), Həsən Məhərrəmov (1922 - 1982), Məhərrəm Zeynalov (1932 - 2005), Kamal Axundov (1932 - 2012), Ələkbər Əsgərov (1933 - 1995), Anzor Quluyev, Elşad Cabbarov, Cəfər Həsənov, Vəli Qədimov (1940 - 2009), Əşrəf Əşrəfzadə (1940 - 1973), Vaqif Kazımov (1943 - 1993), Əlikram Quluyev, Hacı Həmidoğlu, İntiqam Dadaşoğlu, Dağlı Hüyseynağa, Elxan Sǝmədzadə, Əlirza Orucov və Kazım Cavadovun (1942 - 1996) adları qeyd olunmalıdır. Əsgərin mahir kaman ifaçısı, xalq artisti Habil Əliyevlə bir qrupun tərkibində konsertlərdə və toylarda çıxış etməsinin də səbəbkarı Babaxan Bağırov olmuşdu. Bir xatirəni də qələmə alaq. 1970 - ci ildə Bakının məşhur "Ceyran" restoranında adlı - sanlı kişilərdən birinin övladının toy şənliyi imiş. Məclisdə öz ansamblı ilə xalq artisti Gülağa Məmmədov (1925 - 1994) oxuyurmuş. Toy bitəndən sonraya isə tanımlı musiqiçilər qonaq çağrılmış və onlar üçün yenidən süfrə açılmış, məclis qurulmuşdu. Bunun obyektiv səbəbi bu idi ki, musiqiçilər və xanəndələr müxtəlif ünvanlarda şənlik mərasimlərində idilər. Hər kəs öz işini yola verdikdən sonra "Ceyran" restoranına gəlirdi. Əsgər Həsənov da Adil Bayramovla bu yığıncaqda iştirak edirdi. Məşhur klarnet ifaçısı Əşrəf Əşrəfzadə də öz müşayiətçisi, dǝmkeş - balabançısı Firudin Nuruyevlə və qarmonçu Teyyuboğlu ilə burada idi. Firudin Əsgər haqqında bir - neçə dəfə Əşrəfə danışmış, onun yaxşı qarmon ifaçısı olmasından söz açmışdı. Odur ki, Əsgərin ifasını eşitmək Ə.Əşrəfzadə üçün çox maraqlı idi. Əsgər Firudunun təkidilə bir nümunə ifa etməli olur. O, qarmonu götürərək bəstəkar C.Cahangirovun "Durnalar" mahnısını ifa edir, muğam gəzişmələrindan sonra "Çahargah" ın "Müxalif" inə keçid alaraq "Çahar - mizrab" ladında yaxşı bir çalğı göstərir,. Bu Əşrəfin çox xoşuna gəlir. Bu anda balabançı Firudun kişi sevincək Əşrəfə tərəf dönüb: "Sənə tərif elədiyim qarmonçalan Əsgər bu oğlandır" - deyir. Əşrəf Əsgərə yaxınlaşıb əlini onun çiyninə qoyaraq deyir: "Sən doğrudan da tərifə layiqsən". O gündən Əşrəfin göstərişilə xeyli toyların siyahısını Firudun Nuruyev Əsgǝrǝ yazdırır. Rəhmətlik Əşrəflə Əsgərin səmimi və mehriban yoldaşlığı olmuşdu. Əsgər Həsənov ali təhsili başa vuraraq 1970 – 1978 - ci illərdə Bakı Sovetində (hazırda Bakı İcra Hakimiyyəti) mühəndis işləmiş və həm də həmkarlar komitəsinin sədri olmuşdur. O, 1979 – 1990 - cı illər ərzində Bayıldakı İliç adına mədəniyyət sarayının qarmon sinfində dərs demişdir. Azərbaycan müstəqillik qazandıqda "Çinar" - kiçik müəssisəsi yaradaraq fəaliyyət göstərmişdir. Bütün bu illər ərzində o, ifaçılıq sənətindən bir an da ayrılmamışdır. Yorulmaz qarmon ifaçımız 1970 - ci ildə Əliağa Quluyevin, 1971 - ci ildə Əlibaba Məmmədovun, 1973 - cü ildə Əhməd Bakıxanovun rəhbərlik etdiyi x.ç.a. ansambllarında çalmışdır. 1973 - cü ildə Ümumittifaq "Melodiya" firmasının Tbilisi filialı Əsgər Həsənovun ifalarını qrammafon valına yazaraq satışa buraxmışdır. İfaçı həmin valda "Segah" muğamını, öz bəstəsi olan "Gülsümü". "Çiçək" rəqslərini və yaxın dostu Babaxan Bağırovun bir rəqs melodiyasını çalmışdır. 1977 - ci ildə Əsgər Həsənovun müştərək olaraq nağara ifaçısı Çingiz Mehdiyevla qrammafon valı nəşr olunaraq yayılmışdır. Valın bir üzündə Çingizin, digər tǝrǝfində isə Əsgərin solo ifaları öz əksini tapmışdır. 1970 - ci illərin əvvəllərində klarnetçalan Adil Bayramovla Əsgər Həsənovun çaldıqları oyun havaları Azərbaycan radiosunun fondu və "Melodiya" firmasının qrammafon valları üçün yazılmışdır. Əsgər Həsənov klarnet ifaçıları Məhərrəm Zeynalovun, Kamal Axundovun "Melodiya" firması tərəfindən buraxılan vallarında müşayiətçi olmuşdur. Vaxtilə Əsgərin ifasında radio fonduna qəbul edilən "Tərəkəmə", "Şəlalə" və başqa oyun havaları müntəzəm səsləndirilirdi. Onun istər radiodakı, istər qrammafon vallarındakı ifalarını diqqətlə dinlədikdə hiss olunur ki, bütün bunlar öz biçimində, dürüst və kifayət qədər tutarlıdır. Onun yaradıcılığını izlədikdə təkamül və inkişaf yolunu izləmək mümkündür. O da cazibədar sənət yollarını mərhələlərlə keçib gəlmişdir. Qarmonunu xarici ölkələrin tamaşaçıları qarşısında səsləndirmək onun da qismətinə düşüb. İnstitut ansablının tərkibində ilk səfər 1965 - ci ildə Polşaya olub. Sonra hər il sosialist ölkələrinin birində yenə həmin ansamblın konsertləri təşkil olunub. Əsgər Həsənov Azərbaycan incəsənət ustalarından ibarət qrupların tərkibində 1982 - ci ildə Çexoslovakiyada, 1985 – 1986 - cı illərdə Almaniya və Yuqoslaviyada konsertlərdə çıxış edib. Əsgər Həsən oğlu Həsənov 1979 - cu ildə ailə qurub. Üç övladı, üç nəvəsi var. Əsgərin toyunda Avtandil İsrafilov və Vəli Qədimov çalıb. Bu toyda bir - birindən maraqlı, zǝngin və məzmunlu ifalar səslənib. Əsgər toyun gur məqamında o zaman çox gənc olan, qarmonçalan Xanlar Cəfərovun ifası üçün şərait yaradıb. Hələ sənət aləmində tanınmayan, 23 yaşlı Xanlar yüksək səviyyəli qarmon ifasıyla toy iştirakçıları olan məşhur sənətkarların diqqətini cəlb edib. Toyun səhərisi günü filarmoniya bağında Əsgərə yaxınlaşan xalq artisti, virtuoz tarzən Hacı Məmmədov (1920 - 1981) ondan Xanlar barədə məlumat alır və onu öz ansamblının tərkibində görmək istədiyini bildirir.
Uşaqlıqdan çalırdı o, qarmonu,
Dəqiq, həssas tuturdu hər bir tonu.
Xeyir - dua aldı Teyyub Dəmirdən,
Üzüağ keçdi sənət xəlbirindən.
Bakıdakı ali təhsil illəri,
Sürətlə apardı onu irəli.
İnstitutda, ansamblda yetişdi,
Qarmon çalmaq ona sevgili işdi..
Sonra digər ansambllarda çaldı,
Daha yüksək bir sənətə yol aldı.
Oldu Bakı musiqi aləmində,
Çaldı xalqımızın toy - düyünündə.
Böyük sənətkarlar onu tanıdı,
Əla ifaçılardan biri sandı.
Qarmonu sevərək çaldı, hey çaldı...
Hər yerdə tərif və təşəkkür aldı.
Qrammafon valındakı "Segah"
Titrədir qəlblərdə amanı - ahı.
"Segah"ı radioda da çalıbdı,
Fonotekamızda, fondda qalıbdı.
Öz rəqsləri də gözəl səslənib,
Duyğulu zövqlə, oynaq bəstələnib..
Sənətdə olub Əsgərin öz yeri,
Ardıcıl gəlib uğurlu illəri.
Keçdiyi yol ilə fəxr edə bilər,
Əsl qarmon sənətkarıdır Əsgər.
Ə.Rəhmanlı, 25.11.2013 - cü il
________________________________________________________________________________________________________________
Əhsən Rəhmanlı “Qarmon ifaçılığı sənəti və onun Azərbaycanda tədrisi”, Bakı “MBM” 2014, Səh. 321 – 327.