Azərbaycanda solaxay qarmonçalanın bir neçəsinə rast gəlmişəm. Burada maraqlı iş orasındadır ki, bu ifaçılar alət necədirsə, elə də götürüb çalğı öyrəniblər. Yəni qarmondakı səs ardıcıllığını dəyişmədən, necə varsa, o formada çalmaq şərtilə solaxay çalmağa başlayıblar. Belə ifaçıların biri də Tovuzdandır. Məhərrəm Avil oğlu Məmmədov 1930 - cu il avqust ayının 8 - də Tovuz şəhərində dünyaya gəlib. Ailədəki dörd övladın üçüncüsü Məhərrəm olub. Ata pinəçi, ana evdar qadın idi. Ata şəcərəsi Tovuz rayonunun Öysüzlü, ana tərəf Düz Qırıqlı kəndindən olub. Məhərrəm tar ifaçısını yaxından müşahidə edib dinlərkən, onda musiqi sənətinə həvəs oyanıb. Tarın sol ǝllǝ ifa olunduğunu görüb o da qarmonu sol əllə çalmağa başlayıb. O illərdə əlinə düşən diatonik (yarımtonsuz) qarmonla ilk ifa qaydalarını öyrənib. Sənət öyrənəndən sonra isə Tula şəhərində Azərbaycan üçün hazırlanan qarmonlardan birini alıb. Məhərrəm Məmmədov 1937 – 1947 - ci illərdə Tovuz şəhərindəki M. Qorki adına orta ümumtəhsil məktəbdə oxuyub. Məktəbin özfəaliyyət dərnəyində çalıb. Təhsil ocağının tədbirlərində, şəhərdə təşkil olunan konsertlərdə istər ansambl tərkibində, istərsə də solist kimi çıxış edib. O, gənclik illərindən el şənliklərinin musiqiçilərindən biri olub. El havalarını, aşıq mahnılarını qarmonda səsləndirib. Onun üzvü olduğu ilk dəstə ağstafalı klarnet ifaçısı Mikayıl Xəlilovdan, nağaraçalan Akifdən və Gəncədə yaşayan, əslən bərdəli xanəndə Cavaddan ibarət idi. Yalnız toylarda deyil, rayonun kənd mədəniyyət evlərində konsertlərdə də çıxış edirdilər. Məhərrəm sonralar Tiflisdən xanəndə Kazım, nağaraçalan Muquç və digər yoldaşlarla Gəncə - Qazax bölgəsində toy - büsatda çalıb -çağırıbdır. Daim musiqi sənətilə məşğul olan qarmon ifaçımız tovuzlu sənətçilərdən nağaraçı Vahid İlmayılov, klarnetçalan Şəmil və xanəndə Mirzəli Qasımi ilə yoldaşlıq edib. Vahid sonralar müğənniliyə başlayıb. Məhərrəm Aviloğlu neçə illər müğənni Vahid, nağara ifaçısı Akif və klarnetçalan Şəmil ilə Rusiyanın şəhərlərinə səfərlər edərək bu ölkədə məskunlaşan soydaşlarımızın şadyana məclislərinə, toy - büsat anlarına bəzək vermişlər. Xalqın bağrından qopan, xalq ruhundan yaranan musiqilərdən yoğrulan sənətkarlarımızın hər biri xalq ruhunun tərənnümçüsü və adət - ənənələrə sədaqət göstərənlər olmuşlar. M. Aviloğlu da bu sıralarda dayananlardandır. O, böyüyüb başa çatdığı, suyunu içib, havasını udduğu bölgǝnin adətlərini sevmiş, uşaqlıqdan eşitdiyi el havalarını, aşıq havacatlarını beynində, zehnində, ürəyində gəzdirərək qarmonun ecazkar səsinə qatıb toy - mağarda el sənətkarı kimi sevilmişdir. Qarmon sənəti tarixində solaxay qarmonçularımızın da adı yaşayacaq. Əslində solaxay qarmon ifaçısı olmaq çətin bir işdir. Bu böyük istedad və diqqət tələb edir. Təsəvvür edək ki, qarmon çevrilmiş, tərs vəziyyətdə, qalın səslər aşağıda, nazik səslər yuxarıda olur. Zaman gələcək, yenə solaxay qarmon ifaçılarımız olacaq. Lakin onlar məxsusi sol əllə çalınmaq üçün nəzərdə tutulan alətlərdə ifa göstərəcəklər. (Bax. Əhsən Rəhmanlı, "Zakir Mirzə zirvəsi", "Min Bir mahnı" nəşriyyatı, Bakı - 2008, səh. 268 - 273) Əziz oxucu! Gələcək solaxay qarmon sənətimiz barədə fikirlərimizlə tanış olmaq istəsəniz, elǝ oxuduğunuz bu kitabın Zakir Mirzəyə aid bölümünə diqqət yetirə bilərsiniz. Fikrimizi oçerkimizin qəhrəmanı Məhərrəm Məmmədova yönəldək. O, 1956 - cı ildə ailə qurub. Halal zəhmətlə 5 övlad böyüdüb. Oğullarından biri qoşa - nağara ifaçısı kimi 30 il el şənliklərinə xidmət edib.
____________________________________________________________________________________________________________________
Əhsən Rəhmanlı “Qarmon ifaçılığı sənəti və onun Azərbaycanda tədrisi”, Bakı “MBM” 2014, Səh. 148,149.