Aşıq sənətinə qulluq edənlərin fəaliyyətinə nəzər salanda görürük yaradan aşıq, ifası aşıq və ustad aşıq var. Dastanlarımızı, aşıq oxumalarını, saz havalarını yaradan aşıqlarımız olmuşdur. Onların yaratdıqları nadir sənət inciləri zaman - zaman yaşanmış və dövrümüzə qədər gəlib çatmışdır. Həmçinin muğam sənətimizdə də istər xanəndələrimiz, istərsə də alət ifaçılarımız olmuşdur. Xanəndələr Hacı Hüsü, Cabbar Qaryağdı oğlu, Xan Şuşinski, tarzənlər Sadıqcan, Cəmil Əmirov, Mirzə Fərəc, Əhməd Bakıxanov və neçə - neçə sənətkarlarımız mahnılar, təsniflər, diringilər, dəraməd və rənglər yaratmışlar ki, bu günümüzə qədər gəlib çatmışdır. Musiqi tariximizin sonrakı dövrlərinə nəzər salsaq, nə qədər yaradıcı sənət adamlarının adlarına rast gələrik. Zurna, balaban, tütǝk ifaçısı, ustad Əli Kərimov çoxlu sayda oyun havaları yaratmışdır. Sonrakı sənətkarlar o havaları yaşatmış, toy - büsatda çalmışlar. Hafizǝlərdə, dillərdə yaşayan bu oyun havaları indiki toylarımızın da əsl rəqs musiqisidir. Xanəndələr Qulu Əsgərov, Əlibaba Məmmədov, Niyaməddin Musayev, Məmmədbağır, Baba Mahmudoğlu, kaman ustası Habil Əliyev, tarzən Əhsən Dadaşov, qarmonçalanlar Teyyub Dəmirov, Məmmədağa Ağayev, Qızxanım Dadaşova, Abbas Abbasov, Zakir Mirzə, Aftandil İsrafilov, Zahid Məmmədzadə, klarnetçalan Ələkbər Əsgərov, tar, gitara ifaçısı Bəhram Nəsibov və onlarla sənət adamlarımızın adlarını çəkmək olar ki, onların yaradıcılıqlarından bizə könül oxşayan musiqilər, nəğmələr qalıb. Qarmon sənətində öz yeri, xüsusi çəkisi olan, müsiqi aləmində yaradıcı şəxs kimi tanınan bir vətəndaşımızdan söhbət açaq. Onun yaratdıqları sözün əsl mənasında həqiqi sənət nümunələridir. Cəfərov Xanlar Məmmədağa oğlu 1956 - cı il (meymun ili) fevral ayının 2 - də (dolça bürcü) Bakının Əmircan (Əmirhacan) qəsəbəsində anadan olmuşdur. Atası Məmmədağa müəllim Xalq Təsərrüfatı İnstitutunu bitirmişdir. O, uzun illər NBNZ - dǝ mühasib işləmişdir. Onun həyat yoldaşı Roza xanım bu dünyanı gənc yaşlarından tərk etmişdir. Xanlar anasını foto - şəkillərdən xatırlayır. Körpə yaşlarından belə bir acılıq dadan Xanlar əsl ata sevgisi, qayğısı ilə böyüyürdü. Ata oğlanlarının hər ikisinin tərbiyəsiylə ciddi məşğul olur, gələcək xoşbəxtlikləri üçün əlindən gələni edirdi. 7 yaşında Əmircan kəndindəki 84 saylı məktəbin I sinifinə gedən Xanlar VIII sinifdən etibarən 97 saylı məktəbdə təhsilini davam etdirir. Daha sonra iki il 204 saylı orta məktəbdə təhsil alaraq buranı 1973 - ci ildə bitirir. Xanların istedadı uşaqlıqdan hiss olunurdu. O, ağzında mahnılar oxuyar, masa üstündə ritm tutub nağara kimi vurardı. Sonralar sərbəst olaraq nağara çalmağa başlayır. Xanlar uşaq çağlarında həmişə dişlərini bir - birinə sıxıb ritm tutarmış. Bu özü çox maraqlı bir işdir. Aydın məsələdir ki, musiqidə ritm əsas meyardır. Xanların sonralar yaxşı musiqiçi kimi yetişməsində uşaqlıqdan ritminin güclü olması bir faktordur. Xanlar uşaqlıqda qoşa nağara da çalıb. Daha sonra 12 yaşında ikən sərbəst olaraq, öz bacarığı hesabına kamança çalmağı da öyrənib. 12 - 13 yaşlarında Xanlar artıq Əmircan qəsəbə mədəniyyət evində xalq çalğı alətləri ansamblında kamança çalırmış. Atası onun musiqi qabiliyyətini görüb təhsil alması üçün 5 saylı uşaq musiqi məktəbinin violençel sinifinə gətirir. O, burada 1 il təhsil alandan sonra həvəsdən düşüb uzaqlaşır. Görünür bütün bunlar onun uşaq şıltaqlığından irəli gəlirmiş. Xanlar atasından xahiş edir ki, onu fortepiano sinifinə qoysun. O, burada da 1 il təhsil alır və yarımçıq qoyur. Daha sonrakı 1 il ərzində ümumiyyətlə musiqi ilə məşğul olmur. Xanlargilin həyətində 2 iri, qollu - budaqlı tut ağacı var idi. O, tez - tez tut ağacına dırmaşar, evdəkilər üçün tut çırpar, özü isə iri, yoğun budaqların birində əyləşib ayaqlarını sallayaraq mahnı oxuyardı. Günlərin birində ağaca çıxıb, tut yeyib, öz "uşaq konsert" ini verərkən qəfildən onda belə bir arzu yaranır ki, qarmon çalmalıdır. Beləliklə o, fikir və düşüncələrini qarmon çalmağa yönəldir. Özünün qarmonu isə yox idi. Bu o vaxtlar idi ki, Xanlar 97 saylı məktəbin 8 - ci sinifində oxuyurdu. Məktəbin musiqi - nəğmə dərsləri keçirilən sinif otağında qarmon var idi. Nəğmə dərsini aparan musiqi müəllimi Vahid Axundlu özü də qarmonçalan idi. Dərs zamanı fortopiano və qarmon çalırdı. Xanlar dərsdən sonra həmin sinif otağına gələr və qarmon çalmağı öyrənərdi. Əvvəllər gizlincə məşğul olsa da, sonralar aşkarlandı və müəllimlər onu daha da həvəsləndirdilər. Vahid Axundlu və digər müəllimlər dedilər: "Xanlar, sən bununla daha ciddi məşğul ol. Bu iş səndə alınır. Əcəb qabiliyyətin var". Xanlar daha da həvəslənir, qarmon alır və evdə müntəzəm məşğul olur. Ata onun bu məşğuliyyətinə çox sevinir və tez - tez onu dinləyir. Bir müddətdən sonra Xanlar atasından xahiş edir ki, ona əsl sənətkar qarmonu alınsın. Məmmədağa müəllim oğluna bahalı qarmon alır. Xanlar sonsuz həvəslə bu alətlə irəliyə doğru addımlamaqda idi. 1971- ci ildə Xanlar Rusiyanın Tula şəhərinə gedir və özünə daha yaxşı qarmon alır. Qeyd edək ki, 2 - ci Cahan müharibəsindən sonra Tula şəhərində Azərbaycan qarmonları hazırlanırdı. Bizimkilər gedib sifariş verib bəyəndikləri alətləri gətirirdilər. Xanlar təzə qarmonla təzə həvəs olub daha ciddi məşq etməyə başlayır. Yoldaşları onun yaxşı qarmon çalmağını görüb ondan öyrənməyə gəlirlər. XX əsrin 60 - cı, 70 - ci illərində Bakıda bir çox şadyana, ailə tədbirləri olurdu ki, sonrakı dövrlərdə zamanın diqtəsilə aradan çıxdı. Məsələn, "Əsgər yola saldı", toy mərasimindən bir gün qabaq "Toy axşamı", "Toy verdi", "Qaranquşdu" adlanan şən məclislər və s. keçirilərdi. Xanlar öz kiçik dəstəsilə tez - tez belə məclislərə çağrılardı. Bundan başqa ad günləri, yubileylər, oğlan uşağına qurulan "kiçik toy" larda çalması Xanları daha böyük məclislərin astanasına gətirirdi. Gənc olmasına baxmayaraq Xanlar Əmircan qəsəbəsində musiqiçi kimi qəbul olunurdu. Yavaş - yavaş toylara ayaq açırdı. Xanlar ilk dəfə toyda məşhur gitaraçı Rafiq Hüseynovla (Rəmiş) çalmasını indi də xatırlayır. Deyilənə görə gənc qarmonçu ustad sənətkarı necə müşayiət etmişdisə, Rəmiş buna məəttəl qalmışdı. 1974 - cü ilə qədər Xanlar ətraf kənd və qəsəbələrə məclislərə çağrılır. Həmin illərdə o, klarnet musiqi alətini ifa etməyi də öz bacarığı nəticəsində öyrənmişdi. Hətta bəzi yaşıdları bu alətlə məşğul olmağı ondan öyrənmişdilər. Lakin özü bu alətin ifaçısı olmağı yox, qarmonu daha üstün tuturdu. Bütün bu kimi işlərə baş vurması onu sübut edirdi ki, bu gənc çox böyük istedad sahibi idi və bu fitri qabiliyyət getdikcə daha qabarıq şəkildə üzə çıxırdı. Böyük şairimiz Səməd Vurğunun belə şeiri vardır.
"Arzular, diləklər həvəsdən doğur,
Can nǝyǝ lazımdır həvəs olmasa."
Artıq uşaqlıq şıltaqlığı arxada qalırdı. Onun fitri istedadı ilə həvəsi vəhdət yaradaraq onu gǝləcək musiqiçi kimi hazırlayırdı. Dahilərdən biri deyib: "İncəsənət çox qısqancdır, o, istəyir ki, bütün ömrünü ona həsr edəsən". Xanlar gənc ömrünü artıq musiqi ilə keçirirdi. Bu aləm onu özünə çəkirdi. El arasında belə bir söz var: "Musiqi bəzəkli gəlin kimidir. O, səni özü tərəfə çəkir". Əsl sənətə xidmət edənlər musiqinin necə cazibədar, ovsunlu olduğunu yaxşı anlayırlar. Rus bəstəkarı Dmitri Şostakoviç demişdir: "Musiqini sevmək üçün onu dinləmək lazımdır”. Xanlar əlinə düşən qrammofon vallarını, lentləri dinlər, sevdiyi nəğmələri, xüsusilə oyun havalarını qeyri - adi yaddaşı hesabına tezcə də öyrənərdi. Yazımızın bu hissəsində bir az geriyə dönməli olacağıq. 1970 - ci ildə Xanlar qarmon sənətini daha mükəmməl öyrənmək üçün Qaraçuxur qəsəbəsindəki mədəniyyət sarayının musiqi kursuna daxil olur. Uşaqlıq dostu Vaqif Bağırov da onunla bir oxuyur. Burada Mirzə müəllimin sinifində çox şey öyrənir. Mirzə müəllim ona xüsusilə muğamları diqqətlə öyrǝdir. Çünki, Xanlar oraya gələndə artıq mahnılar və oyun havalarının çoxusunu demək olar ki, bilirdi. Bütün bu qeyd olunanlar tarixə çevrilir deyə bir haşiyǝ çıxaq: "Mirzə müəllim qəlbi təmiz, vicdanlı və əxlaqlı adam olduğu üçün bütün bildiklərini ən istedadlı tələbələrə ürəklə öyrədirdi. O, işlədiyi mədəniyyət sarayında uzun illər tələbələr hazırlamışdır. Mirzə müəllim tar və qarmon ifaçısı idi. Toylara qarmon ifaçısı kimi gedirdi. Əslən qazaxlı olan bu kişi Bakıya gələrkən əvvəllər neft sənayesi sahəsində çalışmış, sonra isə qarmon müəllimi kimi ömrünün sonuna qədər layiqli və səmərəli fəaliyyət göstərmişdir. Onun hazırladığı yetirmələrin əksəriyyəti qarmon sənətində tanınıblar. Xanlar həmişə Mirzə müləlimin xatirini əziz tutur və Allahdan ona rəhmət diləyir". Xanlar beşillik qarmon kursunu üç ilə bitirib vəsiqə alır. "Kəlilə və Dimnə" kitabında yazılıb. "Nə qədər çalışsalar da hünər və istedadın qarşısını almaq mümkün deyil". Düzdür, Xanların musiqi ilə məşğul olması qarşısında heç bir sədd yox idi. Atası və doğmaları onun bu əməlindən məmnun idilər. Lakin qeyd edək ki, bu cavan oğlan öz istedadı. çalışqanlığı, musiqiyə bağlanması ilə özünə yol açırdı. Artıq o, özü də fitri istedadın onu öz ardınca çəkib aparmasının əksinə sıxa bilməzdi. İstəkli şairimiz Məhəmməd Hadi demişdir:
"Elmin, hünərin mərifətin varsa, buyur gǝl!
Yoxsa bu həyat aləminə olma bir əngəl".
Xanlar sənətə öz hünərilə gəlmişdi. Bəzi valideynlər özlərinin arzusu əsasında musiqi qabiliyyəti olmayan övladlarını musiqi tǝhsilinə gətirirlər. Musiqi müəllimləri onlara övladlarının istedadsız olduqlarını dedikdə, razılaşmırlar, hətta inciyirlər. Sonrakı dövrdə bu uşağı müxtəlif yollarla, tanışlıqla kollecə, ali musiqi ocağına düzəltməyə nail olanlar da olur. Lakin həmin övladlar ya sənətimizə əngəl olurlar və yaxud bu işdən uzaqlaşırlar. Xanlargilin yaşadığı Əmircan qəsəbəsində Rafiq adlı kamança ifaçısı var idi. O, bir gün Xanların qarmon çalmağını görüb çox bəyənir və onu Azərbaycan Dövlət Filarmonyasına aparır. Rəhbərlik onun ifasını diqqətlə yoxlayandan sonra işə götürürlər. Beləliklə Xanlar Cəfərov 1972 - ci ilin sonlarından etibarən Azərbaycan Dövlet Mahnı və Rəqs ansamblında işləyir. Burada çalarkən o, ansamblın tərkibində keçmiş SSRİ məkanının böyük şəhərlərində, həmçinin ölkənin paytaxtı Moskvada konsertlərdə olur. Belə məsuliyyətli konsertlər Xanları get - gedə peşəkar musiqiçi kimi daha da formalaşdırır və dünya görüşünü artırır. Bir gün əməkdar incəsənət xadimi, bəstəkar - tarzən Ağası Məşədibəyov filarmoniyada məşq zamanı Xanları dinləyir, çox bəyənir və onu rəhbəri olduğu "Azərbaycan təranələri" xalq çalğı alətləri ansamblına dəvət edir. Bu məşhur ansambl da filarmoniyada yaranmışdı. Ansamblın solistləri Azərbaycanın ən tanınmış xanəndələri, əməkdar və xalq artistləri idi. Həmçinin xalq artisti Zeynəb Xanlarova konsertlərə o dövrdə "Azərbaycan təranələri" ansamblı ilə gedirdi. Xanlar bu ansamblın tərkibində ən iri, bir - birindən maraqlı və möhtəşəm konsertlərdə çıxış edirdi. Zeynəb xanımla onların İrəvan səfərində də təmtəraqlı, izdihamlı konsertləri olmuşdu. Məşhur qarmonçu Avtandil İsrafilov da bu konsertdə solist kimi çıxış edirdi. A.Məşədibəyov rəhbərlik etdiyi ansambla mahir ifaçıları cəlb etmişdi. Bəzən konsert səfərlərinə gedəndə ansambla əlavə olaraq daha məşhur, ustad musiqiçiləri də dəvət edərdi. belə sənətkarlardan mahir klarnetçalan Şəmsi Imanov, qarmonçalan Abbas Abbasov və başqalarının adlarını göstərmək olar. Bu ifaçılar sənət səfərlərində həm də solist kimi öz ifalarını təqdim edirdilər. Ansambl hər il bütün yay aylarını Şimali Qafqazın ən görməli yerlərində, kurort şəhərlərində konsertlər verirdilər. Keçmiş SSRİ məkanının hər yerindən istirahətə gələn müxtəlif xalqların nümayəndələri üçün verilən konsertlər Azərbaycanın musiqi mədəniyyətinin əsl və layiqli təbliği idi. Belə konsertlərin hazırlığı üçün keçirilən məşqlərdə iştirak edən Şəmsi İmanov Xanlar haqqında belə söyləmişdi: "Səhnədə məşq gedirdi. Yanımda qarmonçalan uşaq əyləşmişdi. Olduqca usta çalğısı var idi. İnanmağım gəlmirdi. Gözümü yumurdum, elə bilirdim böyrümdə yaşlı, ustad bir sənətkar əyləşib. Gözümü açıb görürdüm ki, yanımdakı qarmonçu uşaqdır. Doğrudan da heyrətli bir iş idi". Göründüyü kimi Xanlar 1970 - ci illərin əvvəllərində nəinki dinləyicilər, hətta ən böyük sənətkarlar tərəfindən qəbul olunurdu. Xanlar Cəfərov 1974 – 1976 - cı illər ərzində ordu sıralarında olmuşdur. Ordudan qayıtdıqdan sonra əvvəlki iş yerinə Dövlət Filarmoniyasına qayıdır, "Azərbaycan təranələri" xalq çalğı alətləri ansambılında çalışır. 1978 - ci ildə Azərbaycan Qastrol - Konsert Birliyi yaranır və filarmoniyada çalışan xalq çalğı alətləri ansamblları və bütün solistlər oraya köçürülür. 1982 - ci ilin iyul ayına qədər Xanlar bu mədəniyyət müəssisəsində çalışır. Bir müddət tarzən Tofiq Məmmədovun qrupunda, daha sonra xalq artisti, tarzan Hacı Məmmədovun rəhbəri olduğu xalq çalğı alətləri ansamblında solist və müşayiətçi olan Xanlar daha yaxşı tanınmağa başlayır. Şair Ramiz Rövşənin belə bir fikri var: "Yazmaq üçün insanın içində bir işıq, sevinc olmalıdır". Bütünlükdə bunu yaradıcı adamların hamısına şamil etmək olar. Xanlar artıq yaratmağa, musiqi bəstəlaməyə, eşitdiyi, çaldığı xalq musiqi nümunələrinə yeni əlavələr etməyə başlamışdı. Məşq etməkdən doymurdu. "Ən ağıllı dərs özünə keçdiyin dərsdir" - deyirlər. Xanlar evində məşq zamanı özünə dərs keçirdi elə bil. O, özünü əsl sənətdə axtarırdı, onun ürəyində əsl sənət eşqi vardı. 1970 - ci illərdə Əmircanda Bağırovlar musiqiçi ailəsi var idi. Ailənin başçısı Şaban kişi bacarıqlı insan, ali təhsilli mühəndis idi. Onun musiqiyə bağlı olması övladlarına da sirayət etmişdi. Şaban kişi yaxşı klarnetçalan idi və Şəmsi İmanovla yaxşı münasibətdə olurdu. Onun oğlanları Arif nağara, Vaqif qarmon, Akif balaban, Rafiq isə qoşa nağara çalırdı. Şaban kişi övladlarının musiqi tərbiyəsi ilə də ciddi məşğul olurdu. Xanlar bu ailədən Ariflə, xüsusilə özü ilə tay - tuş olan qarmonçalan Vaqiflə yaxın dostluq edirdi. Ariflə birlikdə toylarda çalardı. Xanlarla Vaqifin sənət yoldaşlığı çox maraqlı idi. Bir - birinin evlərində tez - tez görüşər, hərə öz qarmonunu götürərək birlikdə məşq edərdilər. Bəzən məşqlər saatlarla uzanardı. Onların bir - birinin həvəsinə çalması, bir - birlərindən geri qalmaq istəməmələri, həqiqi sənət rəqabəti hər ikisini daha da püxtələşdirirdi. Xanların gənclik illərini xatırlayanlar deyir ki, o, sənətinə qarşı həmişə tələbkar olub. Ev məşqlərində bəzən elə olub ki, ifası cǝld, çətin olan rəqs melodyasının üzərində bir ay çalışıb. Xanlar "Az - konsert" də Hacı Məmmədovun kollektivində işlərkən ən məşhur müğənnilərlə birlikdə Bakıda və rayonlarda sayı - hesabı bilinməz qədər konsertlərdə olmuşdur. 1983 - cü ildə Xanları klarnet, balaban, tütək ifaçısı Fərhad Hüseynovun rəhbərliyi ilə instrumental ansamblın tərkibinə keçirmə yolu ilə Nizami adına mədəniyyət və istirahət parkına işə göndərirlər. Bir müddət burada çalışır. Rəhbərliyin əmrilə o, 1984 - cü ildən yenidən Azərbaycan Qastrol - Konsert Birliyinə qaytarılır və ən böyük tədbirlərə göndərilir. Xanlar 1988 - ci ilə qədər burada fəaliyyətdə olur. Xanların 1979 – 80 - cı illərdə estrada müğənnisi Akif İslamzadə ilə də sənət yoldaşlığı olmuş, Bakının şadlıq saraylarında və restorantlarında çalıb - oxumuşlar. Ümumiyyətlə ən yaxşı musiqiçilərdən biri kimi çoxları onunla yaradıcılıq əlaqələri qurmuşlar. Buna misal olaraq cazmen - bəstəkar, xalq artisti Rafiq Babayevin, əməkdar İncəsənət xadimi (haz. x.a., professor) Səyavuş Kəriminin adlarını göstərmək olar. O insanlar həyatda nüfuz və uğur qazanırlar ki, onlar ömür pillələrini bir - bir qalxırlar. Xanlar ömür pilləkanında səbrlə, dözümlə qalxdıqca, sənət pillələrini də bir - bir uğurla qalxaraq ucalırdı. 1980 - ci illərin ikinci yarısından müğənni Nisə Qasımova ilə sənət əlaqələrinə başlayan Xanlar Cafarov istedadlı musiqiçiləri ətrafına toplayır. Əslində bu ansambl əvvəllər bəstəkar Ələkbər Tağıyevin rəhbərliyi altında "Arzu" adı ilə tanınırdı. Nisə Qasımova və digər müğənnilər bu ansamblın müşayətilə Ə. Tağıyevin çox sevilən mahnılarını oxuyurdular. Xanlar ansamblın musiqi rəhbəri kimi ciddi yaradıcı işlər quraraq yeni səslənmə yaradır. Bu dövrdə musiqiçi kimi digər müsbət cəhətləri üzə çıxır. Məlum olur ki, ansambl ilə işləmək qabiliyyəti, alətlərin səslənməsini duyma bacarığı, onların bir - birilə uzlaşdırma səriştəsi artıq onun əsl işidir. Xanlargil Nisə Qasımova ilə televiziya və radiomuzda müntəzəm çıxışlar edir, Bakı və ətrafda konsertlərdə olurlar. Nisə Qasımova ilə ansambl Dağıstanda uğurlu konsertlər verir. Nisə Qasımova ilə sənət yoldaşlığı Xanlara şöhrət gətirir. Belə ki, ifaçılıqdan başqa onun digər yaradıcılıq cəhətləri də daha qabarıq şəkildə üzə çıxır. Musiqi ictimaiyyəti Xanları yaradıcı sǝnətkar kimi qəbul edir. Xanların N.Qasımova ilə yaradıcılıq əlaqələri bu günə qədər davam edir. 1988 - ci ildə Azərbaycan Dövlət Muğam Teatrı yaranarkən Xanlar da işə dəvət olunur. O, burada bir il fəaliyyəti dövründə səmərəli iş göstərir. Müxtəlif saraylarda, həmçinin televiziyada, radioda xanəndələrimizdən, xalq artistləri İslam Rzayevi, Qədir Rüstəmovu, Aygün Bayramovanı, Famil Nəcəfovu və b. müşayiət edir. Buradakı fəaliyyəti zamanı Xanların zərgər dəqiqliyi kimi göstərdiyi solo çalğıları, unikal sənəti aşkar olur. 1990 - cı ildə Bakıda "Ümid" instrumental ansambl yaranır. Ansamblın tərkibi Özbəkistandan yaşayış yerlərindən çıxarılmış Axısxa türklərindən və Qərbi Azərbaycandan deportasiya olunmuş azəri türklərindən ibarət idi. Kollektivi yaratmaqda məqsəd onların doğma yurdlara qayıtmaq arzu və həvəsini gücləndirmək, ümid çırağını yandırmaq idi. "Ümid" ansamblını yaradan Axısxa türkü Faiq Azğurluya məsləhət görürlər ki, təşkilatçılıq, yaradıcılıq qabiliyyəti olan, ansambl işini gözəl bilən Xanları musiqi rəhbəri kimi dəvət etsin. F.Azğurlu belə də edir. Ansamblı təşkil etmək Xanlara həvalə edilir. 1990 - cı il 20 Yanvar faciəsindən sonra axıdılan günahsız qanların yerdə qalmaması üçün savaşan, öz azadlığı və dövlət müstəqilliyi uğrunda çarpışan xalqımızın arzuları və ümidləri çox böyük idi. Belə bir dövrdə yaranan "Ümid" ansamblının özü də çoxlarının ürəyində ümid çırağı yandırmışdı. Xanlar ansambl üçün zəngin, rəngarəng repertuar yarada bilmişdi. Burada səslənən hər bir əsər, hətta xalq mahnıları özü də yeni səpgidə idi. Bütün xalq çalğı alətləri və instrumental ansambllarımızdan öz ifa tərzi, üslubu, çalğı manerası ilə fərqlənən "Ümid" Şərq və Avropa üslubunun birgə sintezini yaratmışdı. Bütün bunlar Xanlar kimi yeni fikirli bir sənətkarın musiqi duyumunun və aydın, parlaq düşüncələrinin məhsulu idi. Ansamblın tərkibində Azərbaycan milli alətləri ilə birlikdə, violençel, skripka, bas gitara, Avropa zərb alətləri dəsti birlikdə gözəl həmahənglik yaradaraq orkestr səviyyəsində səslənirdi. Burada X.Cəfərovun incə zövqü, yaradıcılıq təxəyyülü və işgüzarlığı mühüm rol oynayırdı. Ansambl ilk mərhələdə üç il fəaliyyətdə olmuşdur. 1941 - ci ildə dahi şəxsiyyət, böyük bəstəkar Üzeyir Hacıbəylinin göstərişi və iştirakı ilə xalq çalğı alətləri ansamblı yaradılır və rəhbərlik muğam bilicisi, tarzən - pedaqoq Əhməd Bakıxanova tapşırılır. Ə. Bakıxanov ansambl ilə xüsusi zövqlə, ustalıqla, dəqiqliklə işləyərək repertuara klassik muğamları, təsnifləri, dəraməd və rəngləri, xalq mahnılarını və bəstəkar əsərlərini daxil edərək lentə yazdırmışdır. O, bu ansamblda ardıcıl olaraq musiqiçilər və xanəndələr yetişdirmişdir. 1963 - cü ildə məşhur tarzən Əhsən Dadaşov Azərbaycan Televiziya və Radio Verilişləri Komitəsi nəzdində xalq çalğı alətləri ansamblı yaradır. Ansambla əsasən gəncləri cəlb edir. Yeni həvəslə, yeni tərzdə, yeni ampulada işə başlayan kollektiv böyük və uğurlu yaradıcılıq yolu keçir. Ə.Dadaşovun rəhbərlik etdiyi kollektiv yaradıcılıq səpgisi ilə Ə.Bakıxanovun və Ə.Quliyevin yaratdığı kollektivlərdən fərqlənir. Əhsən müəllimin sənətində fantaziya, incə, həssas duyum və bəzəklər çox olduğu üçün bunlardan ansambl işində ustalıqla istifadə edirdi. Adları çəkilən kollektivlər və onlardan sonra meydana gəlmiş neçə - neçə ansambllar özlərinə məxsus sənət yollarını addımlayaraq bu günə qədər gəlib çıxmışlar. Mübaliğəsiz deyə bilərik ki, ustad sayılan və ansambl yaradıcılığında öz dəsti - xətti olan Ə.Bakıxanov və Ə. Dadaşovdan sonra Xanlar Cəfərovun ansambl fəaliyyəti, rəhbərliyi xüsusi qeyd olunmalıdır. Xanların rəhbərlik etdiyi ansamblların həmişə öz dəsti - xətti olmuşdur. "Ümid" ansamblı heç bir mənbədən maliyyə dəstəyi almasa da az vaxt içərisində xeyli iş görmüş, şərəfli yol gəlmişdir. Xanların incə duyumlarla, zərif duyğularla işlədiyi melodiyalar, yeni oranjemanlarda müğənnilərin ifaları Azərbaycan radiosunun fonduna yazılmışdır. Təbii ki. gələcəkdə yaranacaq ansambllar "Ümid" in lent yazılarından çox şey öyrənəcəklər. "Ümid" instrumental ansambl fəaliyyətdə olduğu müddətdə Bakının ən böyük mədəniyyət ocaqlarında, Naxçıvanda, Mingəçevirdə, Salyanda və digər şəhərlərdə konsertlər vermişdir. Konsertlərdə əməkdar artistlər Brilyant Dadaşova, Nazpəri Dostəliyeva, İlqar Muradov, Nisə Qasımova (haz. xalq artistləri), həmçinin Nadir Bayramlı, Ruhəngiz Allahverdiyeva, Səbinə İlyasova, Tunar Rəhmanoğlu və Əlinağı İrəvanlı (rəhmətlik) iştirak etmişlər. 1988 - ci ildə X.Cəfərov tanınan sənətçimiz Həsənağa Sadıqovun rəhbərlik etdiyi "Mahirlər" ansambılının tərkibində Vyetnam ölkəsində konsertlərdə olmuşdur. O, 1989 - cu ildə məşhur cazmen, bəstəkar, xalq artisti Rafiq Babayevin musiqi qurupu ilə birlikdə Afrikaya maraqlı sənət səfərlərinə getmişdir. Xanlar eyforiyaya qapılmır, uğurları ilə kifayətlənmir və daim yaradıcılıq axtarışlarında olur. Radiomuzun fondunda Xanların bəstələdiyi, öz ifasında yazılmış lentləri qorunur. Sədi Şirazi deyib: "Düzlüyü çox sevər taleyi yazan, Görmədim düz yolda yolunu azan". Xanlar öz tale yazısının hökmü ilə öz düz, doğru yolunu tutaraq həyat və sənət səlnaməsini yazaraq yol gəlir. Necə deyərlər, karvan yöndə, sarvan öndədir. X.Cəfərov 1999 – 2001 - ci illər ərzində Moskva və Sankt - Peterburq şəhərlərində N.Qasmova ilə birlikdə çalışmış, musiqimizi ləyaqətlə təmsil etmiş, milli qarmonumuzun ecazkar səsini başqa xalqların nümayəndələrinə sevdirmişdir. Xanlar milli qarmonumuzun təkmilləşməsi yolunda da öz fikirlərini yürütmüşdür. O, ilk dəfə Azərbaycan qarmonuna akkordeonda olduğu kimi "registr" düzəltdirmişdir. 1989 - 1991 - ci illərdə müxtəlif vaxtlarda qardaş Türkiyə ölkəsində səfərlərdə olaraq Xanlar öz solo təqdimi ilə qarmonumuzu türklərə sevdirmişdir. Bu səfərlərə o, Dövlət Muğam Teatrının tərkibində getmişdir. 2002 - ci ildə "Azərneftyağ" İstehsalat Birliyində "Neftçi" mahnı və rəqs ansamblı yaradılmışdı. Ansamblın bədii rəhbəri əməkdar artist Fikrət Verdiyev idi. O, musiqi rǝhbəri kimi kollektivə Xanlar Cəfərovu dəvət etmişdi. Milli rəqs quruluşlarını baletmeysterlər Fərhad və Tamilla xanım verirdilər. Ansamblın tərkibinin seçilməsində, repertuarın hazırlanmasında, kompozisiya quruluşlarında, mahnıların yeni səpgidə hazırlanmasında, oranjemanlarda Xanların çox böyük rolu var idi. Bu yaradıcı insan üçün burada geniş imkanlar yaranmışdı ki, onun bu böyük istedadı özünü tam şəkildə büruzə verirdi. Xanlar hər bir musiqi əsərinə yaradıcı yanaşaraq əhəmiyyətli işlərilə gözəl səslənmə yaradırdı. Müğənnilərin hər biri onun yaradıcı fikirlərindən və işləmələrindən razı qalırdılar. Xalq ruhundan qopub gələn xoş ahəngli melodiyalar, diringilər Xanların oranjemanında canlı konsertlərdə səslənmiş, lentlərə yazılmışdır. Misal üçün Ə.Dadaşovun "Rahab rəngi" ni, "Rast rəngi" ni və s, göstərmək olar. Bu melodiyalar elə işlənib oranjeman olunmuşdur ki, dünya səs xəzinəsinə daxil olmalı havalardır. Xanların bəstələdiyi "Çahargah dəramədi" bu muğama xas olan bütün xüsusiyyətləri özündə əks etdirir. Çahargahın bütün şöbə və guşələri burada təcəssüm tapır. "Neftçi" ansamblının bütün konsertlərində "Çahargah dəramədi" əzəmətlə səslənirdi. Bunlardan başqa X.Cəfərov klassik muğam "Çahargah"ı ansambl üçün xüsusi məharətlə işləmişdir. Burada ansambl ifası, ayrı - ayrı alətlərin solo çıxışları, xanəndələrin muğamın hər bir şöbə və guşələrini oxuması tam əhatə olunur. "Çahargah" bu şəkildə Azərbaycan Dövlət Filarmoniyasının səhnəsində böyük uğurla səslənmişdir. 2004 - cü ildə "Neftçi" mahnı və rəqs ansamblı Moskva şəhərində konsertlər vermişdir. Bu konsertlərdə kaman ustası, xalq artisti Habil Əliyevin də çıxışları hərarətlə qarşılanmışdır. Xanların hazırladığı repertuarı Moskva tamaşaçıları alqışlamışdır. Ansambl solistlər Aygün Bayramovanı, Feyruz Səxavəti, Nazpəri Dostəliyevanı, Bilal Əliyevi müşayiət etmişdir. Ansamblın müğənniləri Aygün Bayramova (haz.x.a), Könül Xasıyeva (haz.a.a.), Teyyub Aslanov (haz.ǝ.a.), Cabir Abdullayev (haz.a.a.), Əyyub Aslanov, Rövşən Behçǝt, Feruz Səxavət (haz.a.a.), Babək Niftəliyev, Səbuhi İbayev (haz.a.a.), Aytən Məhərrəmova, Məzahir Gəncəli, Ehtiram Hüseynov, İlkin Əhmədov, Bəsdi Sevdiyeva, Sərdar Bərdəli, Bəyimxanım və Samir Cǝfərov üçün gözəl, məzmunlu və bədii cəhətdən çox yüksək səviyyəli repertuar hazırlanmışdı. Kollektivdə Aşıq Qələndər, Aşıq Dəmir, Aşıq Altay, Aşıq Ədalət Dəlidağ da çalışırdı. Konsertlərin aparıcıları İlham Əzizov və Pünhan Ismayıl idi. "Neftçi" ansamblının "Azərneftyağ" İstehsalat Birliyinin mədəniyyət sarayında, Heydər Əliyev sarayında və televiziyada konsertləri olmuşdu. 2005 - ci ildə Nazpəri Dostəliyevanın (haz.x.a.) Moskvadakı konsertində müğənnini "Neftçi" ansamblı müşayiət etmişdi. Repertuarın hazırlanmasında X. Cəfərovun xüsusi xidməti olmuşdu. Xanların rəhbərliyilə "Ümid" ansamblı 2007 - ci ildə "Nərmin - Kəmalə" şadlıq sarayında məşhur müğənni Azəri qızı Günelin konsertinə xüsusi gözəllik vermişdi. 2011 - ci ildə Günelin Heydər Əliyev sarayında keçirilən konsertində müğənnini Türkiyədən gətirdiyi orkestr və X.Cəfərovun rəhbərlik etdiyi "Ümid" ansamblı müşayiət etmişdi. Qeyd etməliyik ki, Xanların əhəmiyyətli və səviyyəli yaradıcılıq bacarığından zaman - zaman bǝstəkarlar, müğənnilər, teleaparıcılar və digərləri istifadə etmişlər. O da bacarığını heç vaxt, heç kəsdən əsirgəməmişdir. Bu adam Allahın ona bəxş etdiyi istedadı xalqa, insanlara sərf etməyi özünə borc bilmişdir. 2011 – 2012 - ci illər arasında teleaparıcı Murad Dadaşovun layihəsilə fəaliyyət göstərən "Qlobus - bənd" verilişləri bir - neçə televiziyada estrada musiqiləri səsləndirirdi. Toplanmış musiqi heyətində Xanların da olması işin səviyyəsini daha da yüksəldir və tamaşaçı zövqünə müsbət yönüm verirdi. Məhs Xanlara görə gənc musiqiçilər "Qlobus - bənd" in daimi tamaşaçısı idilər. Xanlar ora Azərbaycan musiqisinin bilicisi və həm də musiqilərin seçilib hazırlanması üçün və tərtibatçı kimi dəvət olunmuşdu. Müğənni, əməkdar artist Lalə Məmmədova da Xanların yaradıcılığından bəhrələnmişdir. O, qarmonçunun "Xanları" adıyla tanınan, "Ümid" ansamblının müşayiətilə yazılıb səsləndirilərək populyarlıq qazanan melodiyasını mahnı kimi oxumuşdur. Yazılışda müğənnini müəllif özü də müşayiət etmişdir. Çox gözəl bir mahnı alınmışdır. "Space" televiziyasında "Görüş yeri" adlı musiqi proqramı vardı. 2006 - cı ildə müğənni Zakir Əliyevi (haz.ǝ.a.) Xanlar Cəfərov öz qrupu ilə əla müşayiət etmişdi. Xanların bəstəkarlıq fəaliyyəti olduqca səmərəli və bəhrəlidir. Onun 100 - ə yaxın melodiyasının arasında mahnıları da vardır. Mahnılarının bəzilərini xalq artistləri Səməd Səmədov, Nisə Qasımova və əməkdar artist Teyyub Aslanov oxumuşlar. O, qarmon üçün "Daimi hərəkət" bǝstələmişdir. Göründüyü kimi bu cür zəngin yaradıcılıq yolu keçən, Azərbaycan musiqisinə öz töhfələrini verən bir sənətkarın yaradıcılıq nümunələrindən bəhrələnənlərin, rəhbərlik etdiyi ansambllardan yetişənlərin çoxu əməkdar, xalq artisti fəxri adlara yüksəlsələr də onun özü bu titullardan kənar qalıb. Belə bir atalar misalı var: "Çıraq öz dibinə işıq salmır". Musiqi mədəniyyətimizin inkişafında böyük xidmətləri olan, qarmon sənətimizi inkişafa aparan yaradıcı bir sənətkar diqqət və qayğıdan kənarda qalmamalıdır. X.Cəfərov mahir qarmon ifaçımız Avtandil İsrafilova "Şur təranələri" həsr etmişdir. Bu melodiyanı musiqiçilərin tədbirlərində ifa edir. Son dövrlərdə o, öz bəstələrindən biri olan, iti sürətli "Yevropeyka" adlı melodiyanı da gənc qarmon ifaçılarımızın arzusunu nəzərə alaraq əksər məclislərdə ifa edir. Populyarlıq qazanan bu əsər gənc qarmonçalarlarımızın repertuarındadır. Gənc musiqiçilər onun "Ayxanı" rǝqsini də çox sevir və ifa edirlər. O, melodiyanı nəvəsinə həsr etmişdir. X.Cəfərov 2012 - ci il iyunun 18 - də Əmircan qəsəbəsində nəvəsi Ayxana kiçik toy məclisi keçirmişdir. Bu məclis xalq musiqisi aləmində mühüm hadisə idi. Uğurlu keçən bu tədbirdə Azərbaycanın hər yerindən musiqiçilər və sənətsevərlər dəvət olunmuşdular. Sənət öyrənmək istəyən cavanlar hamılıqla bura toplanmışdılar. Maraq dairəsi lap geniş idi. Yaxşı çalıb - oxumaq vardı. Say - seçmə musiqiçilər və müğənnilər öz bacarıqlarını göstərə bilirdilər. Qonaqların xahişi ilə Zakir Mirzə, Avtandil İsrafilov və Xanlar Cəfərov birlikdə bədahətən gələn ifalarla gözəl kompozisiya təqdim etdilər. Bu təntənədə say - seçmə musiqiçilər və müğənnilər çalıb - oxuyaraq gələn qonaqlara xoş istirahət və zövq bəxş etdilər. X.Cəfərovun ömür sǝlnaməsinə nəzər salsaq uğurlu bir sənət yolu keçmiş məhsuldar bir sənət adamıyla yaxından tanış olmuş olarıq. İstedadlı qarmon ifaçımız 2013 - cü ilin sonlarında Misir Ərəb Respublikasında səfərdə olmuşdur. Onu deməyə borcluyuq ki, X. Cəfərov öz istedadı, bacarığı, işgüzarlığı, cəsarəti hesabına gördüyü işlərin, etdiyi xidmətin əvəzini və cavabını layiqincə almamışdır. Bu cür istedadlar daimi nəzarətdə olmalı və layiqincə təbliğ olunmalıdır. Klarnet ifaçısı İntiqam Dadaşoğlu ilə Xanlar Cəfərov bir nişan məclisində çalarkən xalq artisti, ustad xanəndə Hacıbaba Hüseynov da qonaq kimi iştirak edirmiş. İntiqamın atası ilə Hacıbabanın möhkəm dostluşu varmış. Xahiş olunur ki, o, bir şey oxusun. Hacıbaba müəllim deyir: "Axı, mən həmişə tar - kamanla oxumuşam. İndi xahiş edirsiz, onda gərək qarmonla oxuyam". Bu zaman yerbǝyerdən hamı səslənir ki, Hacıbaba müəllim oxu... Oxusan hamıya xoş olar... Otaq şəraitində keçirilən məclisdə masanın bir başında qarmon, klarnet, nağara üçlüyü, o biri başında isə Hacıbabagil əyləşmişdilər. Ustad xanəndə Xanlara üz tutub deyir: "Do" pərdəsini ver, bir şey oxuyaq". Xanəndə "Şur" üstdə qəzəllər oxuyur. Xanlar müşayiətilə onu cuşa gətirir. İlhama gələn Hacıbaba müəllim deyir: "Qarmonçalanın çalğısı xoşuma gəldi, gəlirəm onların yanına". O, təsnifə keçir və yenə guşəxanlıq edərək muğam oxuyur. Sonra "Segah" a keçid edir, muğamı və sonda bir xalq mahnısını elə şövqlə oxuyur ki, məclisə böyük zövq bəxş edir. Alqışlar kəsilmir.... Hətta özü də oxuduğundan məmnun qalaraq Xanlara üz tutub onu belə ustalıqla müşayiət etdiyi üçün razılığını bildirir. Deyir: "Sənin çalğınla oxumaq mənə çox rahatdır". O vaxtdan neçə müddət keçsə də, hər dəfə rastlaşanda həmin nişan mərasimini yada salaraq Xanlara xoş sözləri əsirgəməzmiş. Toy musiqiçilərinin belə bir ənənəsi vardır. Onların toy məclisləri başqalarınkından xeyli fərqlənir. Bu məclislərdə qonaqlar əsasən toy musiqiçiləri olur. Belə toylarda çalmaq üçün ən mahir ifaçılar dəvət olunurlar. Adi çalğı çalan musiqiçilər belə tədbirlərdə baş çıxarıla bilməz və bǝyǝnilməzlər. Bu kimi toyların repertuarı da adi məclislərdəkindən fəqrlənir. Beləliklə bu toylarda samballı, çətin, nadir musiqilər, ən yaxşı oyun havaları, nadir bəstəkar əsərləri səslənir, ayrı - ayrı alətlərin solo taqdimatları dinlənilir. Hər dövrün çoxları tərəfindən qəbul olunan, bəyənilən musiqiçiləri olur. Həmin musiqiçilər öz dövrünün "musiqiçi toyları" nı idarə edirlər. Vaxtilə Ələkbər Əsgərov, Zakir Mirzə, Zöhrab Məmmədov və ya Aftandil İsrafilov, Vəli Qǝdimov, Ramiz Həsənovdan ibarət toy dəstələri (bir çox hallarda gitaraçı Rəmiş də belə heyətə daxil edilərdi) musiqiçi toylarında çalardılar. 1990 - cı ildən başlayaraq belə toylarda ya Xanlar Cəfərovun və ya Ənvər Sadıqovun dəstələri çıxış edirlər. Gənc musiqiçilər belə toylardan kənar qalmırlar. Onlar belə məclislərdə qonaq kimi həvəslə və maraqla iştirak edir və çox şey öyrənirlər. Toydan sonra həmin gənclər belə musiqiçilərin audio və video kassetlərini və ya diskləri əldə edib ondan layiqincə bəhrələnərək inkişaf edirlər. Belə toyların repertuarı internetdə "YouTube" vasitəsilə yayımlanır və bütün bunlara dünyanın hər yerində tamaşa etmək imkanı yaranır. Xanların son dövrlərdə çaldığı toyların lent yazılarının, disklərin hesabına gənc musiqiçilərimiz xeyli inkişaf tapmışlar. Beləliklə "Xanlar məktəb" inin davamçıları durmadan artır. X.Cəfərov 1979 - cu ildə ailə qurub. İki oğlu, bir qızı vardır. Oğlu Simran skripka ifaçısıdır. Xanlar şirin - şəkər nəvələrilə nəfəs alır. Nəvələrin şən səsləri, ətir - təravəti sənətkarımızı ilhama gətirir və onun yaradıcılıq işinə stimul verir.
Sənət meydanına çıxandan bəri,
Həmişə hər yerdə çalıb zəfəri.
Çox illər tanıdır Xanlar Cəfəri.
Heç kəs böylə uğuru ala bilməz,
Xanlar tək sənətkar heç ələ gəlməz.
Qarmonunda çalır hər bir əsəri,
Hər janrda vardır gücü, təpəri.
Bu cür zəngin göstərin bir nəfəri,
Belə ifa solub, üzülə bilməz,
Xanlar tək sənətkar heç ələ gəlməz.
Zəif çalğıdan, sadədən qaçıbdı,
Özünə bir üslub, cığır açıbdı,
Qarmon aləminə o, nur saçıbdı.
Onun ilhamı hər könülə gəlməz,
Xanlar tək sənətkar heç ələ gəlməz.
Sənət yolunda alışıb yanıbdı,
Gördüyü işi müqəddəs sanıbdı,
Professor adını o, qazanıbdı.
Belə bir nəhəng niyə dilə gəlməz?
Xanlar tək sənətkar heç ələ gəlməz.
Qarmon ifaçılığında zəhməti,
Zəngin işlərilə alıb şöhrəti.
Musiqidə öz ətri, təravəti,
Bu təravət hər çiçək, gülə gəlməz,
Xanlar tək sənətkar heç ələ gəlməz.
Uğurludur musiqiyə gəlişi,
İllərlə yaradıb ifa vərdişi,
Zərgər dəqiqliyindədir hər işi.
Xanlar tək sənətkar heç ələ gəlməz,
Gəlsə də inanın heç belə gəlməz.
"Ümid" kimi ansamblı yaratdı,
Yeni səpgi, ənənəni yaşatdı,
Məşhur oldu, böyük şöhrətə çatdı.
Halal ad - san asan əmələ gəlməz,
Xanlar tək sənətkar heç ələ gǝllməz.
Xiridarıdır yaratmaq işinin,
Öz yolu var peşəyə gəlişinin,
Vardır çığırdaşları bu kişinin.
Kimsə də bu izi heç silə bilməz,
Xanlar tək sənətkar heç ələ gəlməz.
Sənət onun yaxın dostu, yarıdır,
Qarmon sənətinin iftixarıdır,
Peşəsinin solmayan baharıdır.
Belə xiridar həlǝ - hələ gəlməz,
Xanlar tək sənətkar heç ələ gəlməz.
Öz üzərində müntəzəm çalışır,
Qarmon əlində dil açıb, danışır.
Kəhkəşanda ulduz kimi sayrışır,
Onun dəyərin hər kəs bilə bilməz,
Xanlar tək sənətkar heç ələ gəlməz.
Hər alətlə qarmonu səsləndirir,
Ansamblda onları dilləndirir.
Səsləri birləşdirirb sellǝndirir,
Bu coşqunluq dağdakı selə gəlməz,
Xanlar tək sənətkar heç ələ gəlməz.
İnkişafdadır daha geri getməz,
Bir bulaqdır, onun ilhamı bitməz,
O, yüksək ilhama hər adam yetməz.
Vurduğu xallar mizrab, telǝ gəlməz,
Xanlar tək sənətkar heç ələ gəlməz.
Ə.Rəhmanlı, may 2012 - ci il.
_____________________________________________________________________________________________________________________
Əhsən Rəhmanlı “Qarmon ifaçılığı sənəti və onun Azərbaycanda tədrisi”, Bakı “MBM” 2014, Səh. 483 – 495.