Bədəl Hacı Ağa oğlu Bədəlov 1907 - ci ildə Bakının Qobu kəndində anadan olub. Hacı Ağa dindar, şəriət qanunlarına əməl edən, imanlı, xeyirxah insan idi. O, övladlarını da xeyirxah xislətdə tərbiyə edib böyütmüşdü. Bədəlgil dörd qardaş, iki bacı idilər. O biri qardaşlarından fərqlənməyən Bədəl də bütün kənd uşaqları kimi qaçıb yürüyər, uşaqlara aid olan müxtəlif oyunları oynar, ev və çöl işlərində ata - anasına kömək edərdi. Kəndlərində toylar olanda toyxanadan kənarda və çadırın ağzında dayanıb həvəslə çalıb - oxuyanları dinlərdi. Onda musiqiyə böyük həvəs oyanmışdı. Məktəbdə təhsil aldığı illərdə musiqi ilə məşğul olurdu. Diatonik qarmonu var idi. Vaxt olanda həvəslə çalırdı. Xeyli sonralar onun əsl sənətkar qarmonu olacaqdı. Gənclik illərində Qobu kəndindən Bakı şəhərinin özünə gələr, musiqiçilərlə görüşüb yoldaşlıq edər, böyük sənətkarlardan öyrənərdi. Addım - addım, ilmə - ilmə sənətə yiyələnərdi. Bədəl əvvəllər qarmon - qaval heyətilə toylara gedərdi. Tədricən xanəndələrə qoşulub tar - kaman, qaval dəstəsilə çaldı. Xeyli sonralar qarmon - nağara dəstəsilə çıxış etdi. 1960 - cı illərin sonlarında qarmonçu, klarnetçi, nağaraçı üçlüyü meydana çıxanda Bədəl də belə musiqiçi heyətləriylə toylara getməyə başladı. Bədəl şəhərin mərkəzində məskunlaşmışdı. Musiqiçilər içərisində ad - san, dərin hörmət qazanmışdı. Sənətkar kimi hər yerdə qəbul olunurdu. O, dövrünün adlı - sanlı xanəndələri və musiqiçilərlə mehriban sənət dostluğu edirdi. Bədəl Bədəlov Bakı şəhərinə köçəndən evində müəllimlik edərək həvəs göstərənlərə qarmon ifaçılığı sənətinin sirlərini öyrətməyə başlayır. Evində xeyli tələbələrlə məşğul olur. Yaxşı məşğul olduğu üçün ona müraciət edənlər çox olurdu. Bədəl müəllimin əsl istedadı elə müəllimliyində cəmləşmişdi. Onun fərdi üslubu, şagirdlərə yanaşma tərzi, xüsusi öyrətmək qabiliyyəti olmuşdur. O, sadədən çətinə doğru xalq musiqimizin nümunələrini mərhələ - mərhələ evinə gələn həvəskarlara öyrədirdi. Onun öyrətdiyi tələbələrin əksəriyyəti sonralar musiqiçi kimi çalışmışlar. İllər keçdikcə Bədəl adının ardınca müəllim sözünü əsl xidmətilə möhkəmləndirən bu insan doğrudan da əsl qarmon müəllimi idi. Beləcə də hamının yanında Bədəl müəllim kimi tanınırdı. Səbr, dözüm, mehriban xasiyyət, sənətinə və öyrətdiyinə məhəbbət, hər bir şəxsə fərdi qaydada yanaşma tərzini tapmaq və s. musiqi müəllimi üçün əsas şərtlərdir. Qeyd etdiyimiz cəhətlər hamısı Bədəl müəllimin şəxsiyyətində toplanmışdı. Hələ musiqi məktəblərində qarmon sinfi açılmamış, Bədəl müəllim kimi bu sənəti sevən insanlar öz mənzillərində bu ifaçılıq sənətinin tədrisini quraraq musiqi mədəniyyətimizə, bütünlükdə millətimizə xidmət edirdilər. Bədəl müəllim qarmonçalanlar, M.Ağayev, A.Abbasov, S.Vəzirov, Q.Dadaşova, M.Hǝsǝnovla dostluq, xanəndələr Qulu Əsgərov, H.Hüseynov, E.Cəbrayılov, Y.Kələntərli, R.Muradova, S.Qədimova, R.Həsənova ilə sənət yoldaşlığı edirdi. O, bir neçə il Azərbaycan Dövlət mahnı və rəqs ansamblında müşaiyətçi qarmonçalan işləmişdir. B.Bədəlov 1934 - cü ildə Balaxanımla ailə həyatı qurub və beş övladı dünyaya gəlib. Onlar övladlarını ləyaqətlə böyüdüb cəmiyyət üçün hazırlamışlar. Qarmon Azərbaycan xalqının sevimli aləti kimi həmişə sevilmişdir. Zaman - zaman bu aləti çalmaq istəyənlərin sayı çox olmuşdur. Belə həvəslilərin arzu - istəyini, təlabatını peşəkarlar yerinə yetirirdi ki, B.Bədəlov belə peşəkarlardan və müəllimlərdən biri idi. O, Azərbaycan gəncliyinə sənət öyrətməkdən zövq alırdı, müəllimliyi özünə həqiqi peşə etmişdi. 1941 – 1945 - ci illər ərzində, ağır müharibə dövründə Bədəl müəllim əsgər kimi ön cəbhələrdə döyüşmüşdür. O, əsir düşmüş, əzab - əziyyətlərə dözmüş, bacarıq göstərərək əsirlikdən qaçmışdır. Müharibə dövründə dəfələrlə ölümlə üz - üzə gəlsə də Allahın iznilə sağ - salamat vətənə qayıtmışdır. Müharibədən sonra Bədəl müəllim yenə də, toy - büsatda çalıb çağırmış, şəxsi mənzilində sevimli və şərəfli işiylə, tədrislə məşğul olmuşdur. 1960 - cı illərin əvvəllərində musiqi məktəblərində qarmon sinfi açılarkən B.Bədəlov Bakı şəhər 12 saylı uşaq musiqi məktəbinə müəllim dəvət olunur. Həmçinin o, Lökbatan qəsəbəsindəki 9 saylı uşaq musiqi məktəbində də qarmon dərsi deyir. Ömrünün sonuna qədər o hər iki məktəbdə çalışır, xeyli şagird yetişdirir. Onun dərs dediyi şagirdlərin ən istedadlıları və sənətə vurğunları tǝhsillərini musiqi texnikumlarında davam etdirərək müəllimliklə və ya ifaçılıqla məşğul olmuşlar. Bakı və şəhər ətrafı qəsəbələrdəki musiqi məktəblərinin əksəriyyətində vaxtilə Bədəl müəllimin hazırladığı şəxslər musiqi dərsləri aparırlar. Bədəl müəllim Rusiyanın Tula şəhərindəki ən yaxşı ustalarla əlaqə yaradaraq onların düzəltdiyi Azərbaycan qarmonlarının vətənə gəlməsi üçün şərait yaratmışdır. O, hazırladığı şagird və tələbələrin tədris üçün nəzərdə tutulan "Kazan" markalı alətlərdən sonra peşəkarların musiqi aləti olan əsl Azərbaycan qarmonuna yiyələnməsi üçün həmişə vasitəçi və yardımçı olmuşdur. Tələbələri peşəkar yola qədəm atdığı dövrdə onların ən yaxşı qarmonları əldə etməsi üçün B.Bǝdəlov həmçinin Bakıdakı qarmon ustaları ilə də mehriban ünsiyyətdə olmuşdur. Əbəs deyil ki, bu gün orta yaşlı qarmonçalanların əksəriyyətinin əlindəki alətlər Bədəl müəllimin tövsiyyəsi və vasitəsilə alınan keyfiyyətli qarmonlardır. Bədəl müəllimin qız tələbələri də çox olmuşdur. Onlar yaxşı sənət öyrəndikdən sonra qadın musiqiçilər dəstəsinə qoşularaq xalqımızın el şənliklərində, toy - büsatında ləyaqətlə xidmət etmişlər. Belə qarmonçalanların sayı onlarladır. Məşhur qarmonçalan 2006 - cı ildə Respublikanın əməkdar artisti fəxri adını almış Gövhər Rzayevanın adını xüsusilə qeyd etməliyik. 1970 - ci illərin ortalarından etibarən ifaçılıq sənətimizdə məşhurlaşan bu xanımın ifasında radionun fonduna oyun havaları, xalq mahnıları və bəstəkarlarımızın əsərləri yazılmışdır. Televiziya verlişlərində və canlı konsertlərdə Gövhər Rzayeva tez - tez çıxış edir. O, Tanınan qarmonçalan, son dövrdə müğənni kimi daha çox məşhurlaşan gözəl qarmon ifaçısı Hüseyn Həsənov da 12 saylı musiqi məktəbində oxumuşdur. O, bu məktəbə daxil olanda kifayət qədər bacarıqla qarmon çalırdı. Hüseyn beşillik qarmon sinfini üç il müddətinə əla qiymətlərlə bitirmişdir. Musiqi məktəbinin proqramına uyğun olaraq Bədəl müəllimin tapşırıq və tövsiyyəlǝrindən müəyyən qədər bəhrələnən Hüseyn peşəkar sənətə bu sənət ocağından yol götürmüşdür. Gözəl qarmon ifaçısı olmuş Məryəm Məhərrəmova da B. Bədəlovdan dərs almışdır. O, sənətə dəf çalan kimi gəlsə də, müəllimindən qarmon ifaçılığı qaydalarını çox yaxşı öyrənmiş, qadın ifaçılar içsərisində yaxşılardan sayılmışdır. Bakı və Abşeron toy - büsatında Qızxanım Dadaşova kimi o da hörmətlə qarşılanmış, çox məclislərə dəvət olunmuşdur. Məryəm xanımın dəfçalanları Nəsibə Xıdır qızı, Nəsibə Lənkəranlı, Hörmət Babayeva və başqaları olmuşdur. 40 ilə yaxın bir dövrdə Məryəmlə ən çox sənət yoldaşlığı edən Hörmət xanımı xüsusi qeyd etmək olar. Nağaraçalan Sara Nağıyeva Məryəm xanımın dəstəsində xeyli müddət olmuşdur. Bakıdan başqa Azərbaycanın şəhər və kəndlərindəki qadın məclislərinə dəvət olunan Məryəm Məhərrəmova yaxşı sənətilə hər yerdə ad - san qazanmışdır. Onun gözəl siması, gülər üzü, mülayim xasiyyəti, yaxşı musiqiçi olması uğurlu sənətilə vəhdət təşkil edirdi. Elə buna görə də məşhur olan və ya istərsə də az tanınan müğənnilər hamısı bu gözəl sənətçi ilə yoldaşlıq etməyə cani - dildən razı idilər. Məryəm xanım vədələşdiyi toy məclislərinə Sara Qədimovanı, Rübabə Muradovanı, Validə Mahmudovanı, Maxrux vǝ Tahirə Muradovaları aparardı. Sonrakı dövrlərdə isə onun müğənniləri Zahidə Məmmədsalahova, Bəsti Sevdiyeva, ən çox isǝ Nazpəri Dostəliyeva və Zöhrə Abdullayeva olmuşlar. Az da olsa müəyyən vaxtlarda Nisə Qasımova və Brilyant Dadaşova da Məryəm Məhərǝmmova ilə qız toylarına getmişlər. Məryəm xanımın şöhrəti uzaqlara da yayılmışdı. O, dəstəsilə Dərbənd, Səmərqənd, Buxara, Almatı, Sır - dərya şəhər və vilayətlərinə tez - tez qız toyu məclislərinə dəvət olunurdu. Azərbaycan qarmonunu, bütünlükdə isə milli musiqimizin sehrini çox yerlərə aparmışdır. Bədəl müəllim ikinci dəfə ailə qurmuşdu. Onun xanımı su sonası kimi gözəl, gül çöhrəli, nəcib və mehriban Məryəm Məhərrəmova idi. Ömürlərinin xoşbəxt anları çox olub. Həm də bu mehriban ailənin üzvləri milli musiqimizə, el adətlərimizə xidmət etmişlər. Bu ailənin üç oğlu dünyaya gəlib. Oğlanların ikisi Akif və Namiq istedadlı musiqiçi kimi yetişiblər. Namiq uşaqlıqdan zərb alətlərinin ifasına meyl etmiş və gənclik illərində müğənniliyə başlamışdır. Müğənni kimi tanınmağa başlarkən qəfil ölüm onu aramızdan aparmışdır. Namiq avtomobil qəzasında həlak olmuşdur. İki gənc övlad itirən Məryəm xanım sevimli qarmonu ilə vidalaşmışdı. Bədəlov Akif Bədəl oğlu 1961 - ci il aprelin 24 - də anadan olmuşdur. Onu 1968 - ci ildə Bülbül adına orta ixtisas musiqi məktəbinin skripka sinfinə qoymuşlar. İlk günlərdən bu uşağın istedadı üzə çıxmışdır. Məşhur musiqiçi Bayandur müəllim onunla çox ciddi məşğul olar, gələcəyinə böyük ümid bəslərdi. Balaca Akif ikinci sinifdən sonra skripka çalmaq istəmir. Qarmon çalmağa hǝdsiz həvəsi olan, atasının sənətini davam etdirmək arzusuyla yaşayan Akifi oxuduğu məktəbdən çıxarmalı olurlar. Bədəl müəllim onu 12 saylı musiqi məktəbinə gətirir. Akif atasının qarmon sinfində həvəslə təhsil alır, evdə də atasının göstərişlərini yerinə yetirir. Musiqi məktəbini bitirən Akif öz üzərində işləyərək inkişaf edir. Bir müddət Zabrat mədəniyyət evindəki qarmon sinfində dərs deyir. O, uzun illərdir ki, toy ansambllarının tərkibində toy məclislərində çalıb - çağırır. Akif istedadlı qarmonçalandır. Bütün ömrünü qarmonun tədrisinə həsr etmiş təcrübəli müəllim Bədəl Bədəlov 1982 - ci il dekabr ayının 5 - də dünyadan köçmüşdür. 2008 - ci illə nəşr olunan "Qarmon ifaçılığı sənəti və onun Azərbaycanda tədrisi" kitabım çapdan çıxarkən Məryəm xanım telefon vasitəsilə mənə təşəkkür etmişdi. O, 2010 - cu ildə dünyasını dəyişib.
______________________________________________________________________________________________________________________________
Əhsən Rəhmanlı “Qarmon ifaçılığı sənəti və onun Azərbaycanda tədrisi”, Bakı “MBM” 2014, Səh. 84 - 87.