Azərbaycan Respublikasının əməkdar artisti (hal - hazırda xalq artisti), böyük sənətkar və vətəndaş Sadiqov Ənvər Hidayət oğlu 30 aprel 1966 - ci ildə Bakı şəhərində ziyalı ailəsində doğulub. O, İkinci dünya müharibǝsində həlak olmuş əmisi Ənvərin adını daşıyır. İlk əvvəl öz yaşıdlarından heç də seçilməyən şıltaq vǝ dəcəl bir oğlanın çox kiçik yaşlarından, məktəbəqədər dövrdə musiqiyə meyl göstərməsi musiqi duyumlu olan valideynlərin nəzərindən yayınmır, buna diqqət yetirilir və şərait yaradılırdı. Çünki uşağın musiqi yaddaşını, musiqi zövqünü hiss etmişdilər. Deyirlər təsadüfün hökmü böyükdür. Qəribə də olsa məhz Ənvər doğulan il, 1966 - cı ildə valideynlər musiqi məktəbində təhsil alan böyük övladları, qızları üçün "Belarus" markalı fortepiano almışdılar. Artıq 6 yaşından başlayaraq Ənvər həmin fortepianoda ifa edirdi. Bakının Xətai rayonundakı 63 saylı orta ümumtəhsil məktəbin 5 - ci sinfində oxuyarkən Ənvər tez - tez qonşudan gələn həzin qarmon səsini dinləyir. Gecənin sükutundan süzülüb keçən bu ecazkar səsin sehrinə düşür balaca Ənvər. Mənzili və ifaçısı bəlli olmayan bu səs onu sanki gələcǝyǝ səsləyir, heç kimin görmədiyi, bilmədiyi uzaq və məchul zirvələrə doğru, anasının danışdığı nağıllardakı əfsanəvi aləmə aparır, açıq pəncərəyə söykənib bu səsi dinlədikcə gözünü gecənin uzaq ulduzlarına dikib sanki nağıllardakı uçan xalçalarda qalaktikanı sǝyahət edir, dan ulduzunu axtarır Ənvər. Hələlik sadə və təvazökar müəllim ailəsində heç kim bilmir ki, Azərbaycanın musiqi qalaktikasında yeni, kövrək dan ulduzu cilalanır. Hələlik heç kim bilmir ki, bu ulduzun milli ifaçılıq sənəti zirvəsində parlaması üçün nə qədər uzun və çətin yollar keçilməli, müəllim və valideynləri illərlə gǝrgin zəhmət çəkməlidirlər.
Qaranlıq gecədə səni gözləyib,
Durmaqdan yoruldum, ey Dan ulduzu!
Uzaq üfüqlərə göz gəzdirməkdən
Az qala kor oldum, ey Dan ulduzu!
Öksüz taleyimtək gecikdin nədən?
Karvarqıran doğdu, görünmədin son,
Oxşatdım, yanıldım, könül verdim mən
Bilmədən vuruldum, ey Dan ulduzu!
Arxasınca qoşdum sonsuz bir yola,
Hər addımda tuş gəlincə bir kola,
Qaranlıqda çox baxındım sağ - sola,
Hər yana buruldum, ey Dan ulduzu!
Büsbütün yorulub gücdən düşərkən,
Bir ulduz parladı uzaq üfüqdən.
Bu görünən səndin, artıq gəldin sən,
Axır səni buldum, ey Dan ulduzu! (Cəfər Cabbarlı)
Hələlik yeniyetmə Ənvər özündən bixəbər, biixtiyar mehr saldığı musiqi alətini, əslində isə bütün gələcəyinin simsarı olacaq qarmon əldə etmək arzusunu ehtiyatla valideynlərinə bildirir. İsrarlı xahişlərdən sonra atası Hidayət müəllim Əhmədli qəsəbəsindəki mağazaların birindən 12 yaşlı oğlu Ənvərə "Kazan" markalı qarmon alır və elə həmin gün oğluna sevdiyi "Laçın" mahnısını öyrənməyi tövsiyyə edir. Ənvər 1978 – 1983 - cü illərdə Bakı fəhləsi mədəniyyət evi nəzdində fəaliyyət göstərən qarmon kursunda müəllimi Tağı Tağıyevdən bu sənətin sirlərini, xalq oyun havaları və muğamları öyrǝnir, qarmon ifaçılığının incəliklərini mənimsəyir. Evdə müntəzəm olaraq musiqilə məşğul olur, əksər tanınmış ifaçıların canlı çıxışlarını izləyir, lent yazılarını dinləyib onlardan bəhrələnir. Ə. Sadıqov hərbi çağırış yaşı çatanadək, 1983 – 84 - cü ildə H.Z.Tağıyev adına mədəniyyət evinin qarmon kursunda dərs deyib. O, hərbi xidmətdən öncə Bakı radio zavodu klubunun, Səttarxan adına mədəniyyət sarayının, Bakı toxuculuq kombinatı mədəniyyət evinin özfəaliyyət xalq çalğı alətləri ansambllarında çalışmaqla bir musiqiçi kimi yetişir, konsertlərdə müşayiətçi və solist kimi formalaşır. 1984 -1986 - cı illərdə Ə.Sadıqov Moskva vilayətində hərbi xidmətdə olduğu dövrdə musiqidən, sevimli alətindən uzaq düşür. Hərbi xidmətdən sonra isə öz çalğısı, ifası özünü qane etmədiyindən Ənvər ümumiyyətlə musiqiylə məşğul olmaq istəmir. Valideynlərinin təşəbbüsü və xahişilə dövrünün tanınmış klarnet ifaçısı Məşədi Məhəmməd Hüseynov onun musiqi duyumunu, bacarıq və qabiliyyətini yoxlayır, bu gəncin istedadına inanır, ona ruhdan düşməyib çalışmağı, öz üzərində işləməyi tövsiyyə edir. Sonralar Məşədi Məhəmməd gənc Ənvərə, onun istedadına xüsusi qayğı ilə yanaşaraq onun bir ifaçı kimi formalaşmasında yaxından iştirak edir. Gənc ifaçı Ənvər Sadıqovun bir musiqiçi kimi formalaşmasında onun sənət dostu, qarmon ifaçısı Rüstəm Həsənağa oğlu Quliyev də mühüm rol oynamışdır. Məhz bu səbəbdən istər Məşədi Məhəmmədin, istərsə də R. Quliyevin vaxtsız ölümü Ənvəri bərk sarsıtmışdı. Bu gün də Ənvər öz sənət dostlarını hörmətlə yad edir, onların əziz xatirəsinə ehtiramla yanaşır. 1994 – 2005 - ci illərdə Ə. Sadıqov xalq artisti müğənni Brilliant xanım Dadaşova ilə çalışır, müxtəlif konsertlərdə, tədbirlərdə, televiziya verlişlərində onu müşayiət edir. Böyük sənətkarla birgə fəaliyyət Ənvərin musiqi zövqünün formalaşmasında, milli estrada və caz musiqisinin görkəmli simaları olan Rafiq Babayev, Akif İslamzadə və digər sənətkarlarla mənəvi körpünün, ilahi rabitənin yaranmasında böyük rol oynayır. Özünəməxsus ifa tərzi, virtuoz ifaçılıq texnikası, taktiki improvizasiya bacarığı, milli musiqimizin mahiyyətinə xələl gətirmədən onun məzmununu zənginləşdirəcək oranjemançılıq istedadı, Ənvər Sadıqovun şöhrətini günbəgün artırır, onu mənsub olduğu xalqın sevimlisinə, ifa etdiyi milli musiqini isə dünyəvi dəyərlərə çevirir. Ə.Sadıqov Azərbaycan mədəniyyəti və incəsənətini ləyaqətlə təmsil edir, ABŞ, Rusiya, Çin, İngiltərə, Fransa, Ukrayna, Avstriya, Çexiya, Gürcüstan, Almaniya, Norveç, Belçika, Türkiyə, İtaliya, Mərakeş, İsrail və digər ölkələrdə, möhtəşəm konsert salonlarında, dövlət səviyyəli rəsmi tədbirlərdə Azərbaycan musiqisini tərənnüm edir, onun qarmonu dünya xalqlarının, müxtəlif millətlərin dilində danışır. 2000 - ci ildə Ə.Sadıqovun ilk audio - diski işıq üzü görür və artıq 2001 - ci ilin martında Rusiyanın tanınmış və nüfuzlu "Oxo MOCKвы" radio kanalı dünyanın 58 ölkəsinə yayımlanan 2 saatlıq verilişini, xüsusi buraxılışını məhz Ənvər Sadıqovun ifalarının təhlilinə həsr edir. Veriliş ərzində aparıcılar Boris Alekseyev və məşhur akkordeon ifaçısı Valeriy Kovtun, habelə baş redaktor Aleksey Vanediktov heyranlıqla Ənvər Sadıqovun ifaçılıq istedadından danışır, bu çalğını dinləyicilərə qeyri - adi, sanki ilahi bir səslənmə kimi təqdim edirlər. Veriliş ərzində Ə.Sadıqova canlı telefon əlaqəsi yaradılır və bu zaman Bakıda olan Ənvər telefonda 15 dəqiqə ərzində aparıcıların suallarını cavablandırır. Amerikada yaşayan bir soydaşımız birbaşa yayım vasitəsilə zəng edir, sevinclə Ənvərə təşəkkür bildirərək uğur arzulayır. Ə. Sadıqov qarmon ifaçılığı sənətində ilk dəfə milli balet musiqisinə müraciət edərək böyük cəsarətlə bəstəkar Qara Qarayevin "Yeddi gözəl", "İldırımlı yollarla", Fikrət Əmirovun "Min bir gecə", Arif Məlikovun "Məhəbbət əfsanəsi" baletlərinə bəstələnmiş musiqiləri qarmonda gözəl bir zövqlə ifa edir, milli balet musiqimizə yeni nəfəs verir, milli mənəvi dəyərlərimizə yeni ömür yaşadır. Azərbaycanda simfonik janrda yazılan əsərlərə, milli klassik musiqiyə müraciət etməklə Ə.Sadıqov həm qarmon alətinin geniş imkanlarını üzə çıxarır, həm bu alətin statusunu yüksəldir, həm də dinləyici və tamaşaçının musiqi zövqünün formalaşmasına cəsarətlə müdaxilə edib hər cür bayağılaşmanı, musiqimizə və milli dəyərlərimizə yad olan yersiz elementləri, ünsürləri sıxışdırıb meydandan çıxarır. Özünü sənətdə tanıyandan, hələ 1991 - ci ildən Ə. Sadıqov qarmonumuzun təkmilləşdirilməsi, onun səslənmə imkanlarının genişləndirilǝrǝk simfonik orkestrlə birgə ifa olunması barədə düşünür, axtarışlar aparır, material toplayırdı. O, 2003 - cü ildə Zahir Dadaşova sifariş verərək üç oktavali, registrli qarmon düzəltdirib. Səs ardıcıllığında fərq edib, adi qarmonlardakı "do" səsindən yuxarıya doğru səs artıraraq "sol" sǝsina qədər əlavə edib. Bu alət "si" kökündədir. 2006 - cı ildə Ə. Sadıqov qarmon ustası Zahir Dadaşova yenidən müraciət edərək öz yeni ixtirasını reallaşdırmışdır. Üç oktavalı, "do" kökündə, "fa" dan "fa" ya qədər səs ardıcıllığı olan yeni bir registrli qarmon hazırlatdırmışdır. Ənvər Vladimir Tarasovla söhbət apararaq bu alətlər üzərində təkmilləşməyə nail olmuşdur. Təkmilləşmə nəhayət uğurlu sonluqla tamamlanmış və 2012 - ci ildə yeni bir üç oktavalı, "si" tonallığında, registrli "Renever" adlı qarmon yaranmışdır. Usta V.Tarasov Ə.Sadıqovun tövsiyəsi və elmi fikirlərinə əsasən bu qarmonu yüksək səviyyədə hazırlamışdır. Burada 5 tənǝkǝ tonlar, 4 tənəkə isə yarımtonlar üçün düzülmüşdür. Bu qarmonda registr və surdina (zil səsin tembrini bəmləşdirən) qoyulmuşdur. Qarmonun sol tərəfindəki səslər də ardıcıllıq cǝhətdən eyni ilə sağ klaviaturadakı kimidir. Qeyd etdiyimiz kimi Ə.Sadıqov Azərbaycan qarmonu üzərində təkmilləşmə aparılması barədə 1991 - ci ildən düşünsə də ölkədəki ümumi vəziyyət, müharibə şəraiti buna imkan verməmişdi. Nəhayət, arzusuna çatan Ə.Sadıqov 2014 - cü ildə ixtirasına müəlliflik şəhadətnaməsi almışdır. Müəllim və valideynlərinin tövsiyyəsilə hələ çox kiçik yaşlarından bu günədək öndə gedən ustad sənətkarlar Əhəd Əliyev, Teyyub Dəmirov, Zakir Mirzəyev, Məmmədağa Ağayev, Aftandil İsrafilov, Abbas Abbasov, Teyyub Teyyuboğlu, Xanlar Cəfərov, Şəmsi Ağamalıyev, Aydın Əliyev və digərlərinin ifalarını dinləyən, bu sənətin incəliklərini, musiqimizin kökünü, ruhunu və mahiyyətini mənimsəyən Ənvər öz sələflərinin layiqli davamçısı və qanuni varisidir. Öz yaradıcılığında Mirzə Babayev, Flora Kərimova, Arif Babayev, Məmmədbağır Bağırzadə, İlhamə Quliyeva, Brilliant Dadaşova, Azər Zeynallı, Nisə Qasımova, İbrahim Tatlıses, Tarkan, Filip Kirkorov kimi müğənniləri, habelə Ramiz Quliyev, Şəfiqə Eyvazova, Məhəmməd Hüseynov, Rəşad Haşımov, Cəmil Əmirov, Emil Əfrasiyab, Hakim Abdullayev kimi ifaçılarla birgə çalışmaqla sənət zirvələrini fəth edib, dan ulduzu kimi parlaya bilib Ənvər Sadıqov. Ənvər sənət aləmində tanınandan dünya dövlətlərində musiqimizi təmsil edib. Aşağıda Ə.Sadıqovun xarici ölkələrə bəzi səfərləri barədə ümumi məlumat veririk: 1997 - ci il, Norveç - Azərbaycan sənətçilərinin Norveçdə keçirilmiş müştərək konserti. Həmin ölkənin məşhur "Skruk" xoru, S.Kərimi, B.Dadaşova, İ.Muradov, H.Sadıqov, Ş. Eyvazova, E.Sadıqov. (Ənvər bu konsertlərdə Azərbaycan qarmonunu layiqincə səsləndirə bilib). 1999 - cu il, Amerikanın Vaşinqton şəhərində Azərbaycan Respublikasının təşkil etdiyi konsert. Müğənnilər - B.Dadaşova, M.Babayev Azərbaycan Dövlət Rəqs ansamblı. 1999 - cu il, İsrailin Hayfa şəhərində keçirilən "Azərbaycan mədəniyəti və incəsənəti günləri" B.Dadaşova öz ansamblı ilə, Mirzə Babayev və Dövlət Rəqs ansamblı (Ənvər bu tədbirlərdə solist - qarmonçalan kimi alqışlar qazanıb) 2000 - ci il, Amerikanın Nyu - York şəhəri, "Millenium" zalı, Brilliant Dadaşovanın solo konserti. Konsert boyu Ənvərin müşayiəti, ayrıca solo çıxışları diqqətdə olub. 2002 - ci il, Azərbaycan Dövlətinin Kıbrıs Türk Respublikasında düzənlədiyi möhtəşəm konsert. Müğənnilər: N.Musayev, B.Dadaşova, Aşıq Samirə, M.Əsədova, gənc müğənni A.Hǝsənoğlu. 2002 - ci il, Türkiyə və Azərbaycan televiziyalararası ("TRT" və AZTV) təşkil edilmiş möhtəşəm tədbir, konsert. (qarmonçu Ənvərin və pianoçu E.Əzimovun solo çıxışları çox böyük nailiyyət sayılmışdır). Konsertlər Antalya və Ankara şəhərlərində keçirilmişdir. 1998 - ci il may ayı: B.Dadaşovanın Rusiyada təşkil olunmuş ilk solo - konserti. Konsertin keçirildiyi yer - "Rossiya" zalı (Ənvərin qarmon və akkordeonda ifa etdiyi solo musiqi nömrələri). Konsert proqramının hazırlanması və oranjeman işləri Ənvərin zəhməti ilə başa gəlmişdi. Qeyd etdik ki, 2000 - ci ildən başlayaraq B.Dadaşova Ənvərin rəhbərlik etdiyi ansamblla Moskva şəhərində dəfələrlə konsertlərdə olmuşdur. 2005 - ci ildə Türkiyənin Qars şəhərində Böyük Mədəniyyət Mərkəzinin açılışına Ənvər Sadıqov solist kimi dəvət edilmişdir. O, bu konsertdə də öz sənətçi dostlarından ibarət heyətlə çıxış etmişdir. 2000 - ci ildə Ə.Sadıqovun ilk audio kasseti satışa buraxılıb. Kassetdə yazılmış melodiyalar rǝngarəng və bir - birindən maraqlıdır. Sənətkar "Qaytağı", "Cığatay" rəqslərini, R.Qasımovanın "Anacan dostum evlənir" mahnısını, hind və moldov melodiyalarını, Argentina bəstəkarı Karlos Jardelin "Tanqo" sunu, Amerika musiqisindən "Teykfayf" adlı cazz nümunəsini və s. melodiyaları milli qarmonumuzda və akkordeonda çox yüksək peşəkarlıqla ifa etmişdir. Ə.Sadıqovun ilk klipi "Teykfayf" adlı musiqiyə 1997 - ci ildə çəkilib. Çəkildiyi digər kliplərin məlumatını aşağıda göstəririk:
Karlos Jardel "Tanqo" – 2003 - cü il
A.Məlikov "Güllər "- 2004 - cü il
Astor Piatzzolla "Liber Tanqo" – 2005 - ci il
(Məlumat üçün bildiririk ki, A. Piatzzolla Argentina bəstəkarı, körüklü, dilli - klavişli alət olan bandoneon ifaçısıdır)
Xarici dövlətlərdə səfərlərdə istedadlı qarmonçalanımız virtuoz ifası ilə hər yerdə diqqəti cəlb edə bilmişdir. Müxtəlif musiqi qruplarımızın tərkibində o, üçoktavalı, regstirli qarmonunu ustalıqla dilləndirib musiqilərimizin zəngin səslənərək dünya xalqlarının qəlbinə yol tapmasına xidmət etmişdir. Getdiyi səfərlərin əksəriyyəti Heydər Əliyev fondunun xətti və təşkilatçılığı ilə olmuşdur. Bu uğurlu, möhtəşəm konsertlərin bir - neçəsində Ənvərə ayrılmış solo qarmon ifalarını tamaşaçılar maraqla, yüksək həssaslıqla və odlu - alovlu alqışlarla qarşılamışlar. Ənvər 2005 - ci ildə YUNESCO - nun xətti ilə Fransanın Paris şəhərində konsertdə olmuşdur. Bu səfərdə də Azərbaycanın say - seçmə sənətçiləri çıxış etmişlər. Konsert akademik Yusif Məmmədəliyevin yubileyinə həsr edilmişdi. 2006 - cı ildə YUNESCO - nun xətti ilə Fransada dünya xalqları sənətçilərinin konserti təşkil olunmuş və Ənvər Sadıqovun da daxil olduğu Azərbaycan musiqi qrupları maraqlı çıxışlarla seçilmişdi. 2008 - ci ildə Mərakeşdə Azərbaycan incəsənəti və mədəniyyəti günləri keçirilmişdi. Vətənimizin ən böyük sənət adamları ilə birlikdə Ənvər də öz qrupu ilə uğurlu çıxışlar etmişdi. 2011 - ci il aprel ayında Fransanın paytaxtı Paris şəhərində Azərbaycanın müxtəlif musiqi heyətlərinin tərkibindən seçilib yaradılmış estrada cazz qrupunun tərkibində Ə.Sadıqov da var idi. Bu qrup Azərbaycandan "Evrovision" Beynǝlxalq musiqi yarışmasında iştirak etmiş müğənniləri müşayiət etməklə bərabər instrumental ifaçıların da soloları təqdim olunurdu. Ənvər Azərbaycan bəstəkarlarının əsərlǝrindən seçmə olaraq "Vals - popurri" ifa etmişdi. Həmin ildə H.Əliyev fondunun təşkilatçılığı və maliyyə dəstəyilə Rusiyanın Moskva şəhərində, Kremlin Qurultaylar Sarayında da Azərbaycan artistlərinin möhtəşəm konserti olmuşdu. Həmin heyətin tərkibində olan Ə.Sadıqovun ifaları da paytaxt tamaşaçılarının marağına səbəb olmuşdu. Ümumiyyətlə mahir qarmon ifaçımız 2011 - ci ildə 8 dəfə xarici ölkəlǝrǝ səfərlər edərək bir - birindən uğurlu konsertlərdə olub. Həmin ilin iyun ayında Avstriyada verilən konsertdə caz - qrupun tərkibində röyal ifaçısı Emil Məmmədov, sintezator ifaçısı Eldar Məmmədov, bas gitara çalan Ruslan Hüseynov, zərb alətləri çalan İskəndər Ələsgərov və qarmonçalan, əməkdar artist Ənvər Sadıqov da var idi. Onlar hazırladıqları rəngarəng proqramı xüsusi virtuozluqla təqdim etmişdilər. Ənvər 2012 - ci ilin mayında 1 ay Azərbaycan sənətçilərinin tərkibində ABŞ - ın Nyu - York şəhərində konsertdə olmuşdur. Bu konsertlər Birləşmiş Millətlər Təşkilatının xəttilə Azərbaycanı təmsil və təbliğ etmək üçün təşkil olunmuşdu. Ənvər 1991 – 1992 - ci illər arasında R.Behbudov adına Dövlət Mahnı Teatrında çalışıb. O, 2006 - cı ildən 2012 - ci ilə qədər Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin "Cəngi" estrada - follklor ansamblının solisti olub. Bu ansamblın bədii rəhbəri və direktoru əməkdar artist, simli alətlərimizin ifaçısı Mircavad Cəfərovdur. Ə.Sadıqov 2012 - ci ildə Azərbaycan Teleradio Verilişləri Qapalı Səhmdar Cəmiyyətində "Qaytağı" adlı instrumental ansambl yaradaraq ona rəhbərlik edir. Qrupda tarzən, Ələkbər Ələkbərov, sintezator ifaçısı Samir Şirinov, nağaraçalan Fuad Mehdiyev və zərb alətləri ifaçısı Taleh Qafarovdur. Bu ansamblın ifasında Azərbaycan və dünya bəstəkarlarının əsərləri səslənir. Həmçinin xalq musiqimizin nadir inciləri oranjeman edilǝrǝk yeni səpgidə, yeni səslənmədə dinləyicilərə və tamaşaçılara zövq bəxş edir. Məşhur musiqiçimizin 2010 - cu ildə diskləri çıxaraq geniş şəkildə yayılıb. "Seçmələr" adlanan diskdə sənətkarın 2001 - 2010 - cu illərdə ifa edib yazdırdığı müxtəlif janrlı əsərlər toplanıb. Bu proqram geniş repertuarlıdır. Ənvərin ifaları radiomuzun fondunda da müntəzəm səsləndirilir. Ənvər 2006 - cı ildə Pedaqoji Universitetin musiqi təhsili fakültəsinin əyani şöbəsinə qəbul olunub və 2010 - cu ildə buranı uğurla başa vurub. 17 sentyabr 2007 - ci ildə Ənvər Sadıqova Azərbaycan Respublikasının "Əməkdar artist"i fəxri adı verilmişdir. Ənvərin gənc qarmonçalanlara tövsiyəsi: "Klassik musiqimizi, usdad ifaçılarımızın, qədim sənətkarlarımızın lentlərini dönə - dönə dinləsinlər. Musiqimizin kökünə bağlansınlar. Zəngin Azərbaycan musiqisinin, sənət dünyamızın özünün kökü, özülü, əsası vardır. Hər bir yeni ifaçı buradan başlamalıdır. Uşaqlıq və gənclik illərində həvəslə bədii özfəaliyyət kollektivlərinə üzv olurduq. Ən böyük ifaçılarımız özfəaliyyət ansambllarından yetişiblər. İndiki cavanlar bu incə mətləbləri anlamırlar. Onların əksəriyyəti özfəaliyyət dərnəklərindən uzaqdırlar. Gənclər müşayiəti də öyrənməlidirlər. Peşəkar sənətə çatmaq, mərtəbələrlə tikilmiş möhtəşəm binaya bənzəyir. Binanın ən üst qatına mərtəbə - mərtəbə qalxırlar". Ənvər Sadıqov 1995 - ci ildə ailə qurub. İki övladı var. Hər ikisi Bülbül adına orta ixtisas musiqi məktəbində təhsil alır.
Uşaqlıqdan qarmonla ǝhd bağlayıb,
Əhd - peymana düz ilqar saxlayıb,
Oynaq çalğılarla coşub - çağlayıb,
Qarmon sehirdir, əlində Ənvərin
Dinib, danışır dilində Ənvərin.
O ürəkdən bağlanıbdı bu işə,
Ustadlardan öyrənibdi həmişə.
Sənət qazanıb gedir yüksəlişə,
Qarmon coşur səs selində Ənvərin
Dinib, danışır dilində Ənvərin.
Ə.Rəhmanlı, noyabr 2007
Musiqiyə ülvi məhəbbəti var,
Sənətinin gücü və qüdrəti var,
Bu gün onun çox böyük şöhrəti var,
Yeni səpgi, üslub yaradıb Ənvər.
Davamçılar bu yoldadır səfərbər.
Dövrümüzün böyük sənətkarıdır,
Qarmon sənətinin iftixarıdır,
Ustadların əsl yadigarıdır,
Yeni səpgi, üslub yaradıb Ənvər.
Çox çalışıb, olub sənətdə sərvər.
Ə.Rəhmanlı, may 2010
__________________________________________________________________________________________________________________
Əhsən Rəhmanlı “Qarmon ifaçılığı sənəti və onun Azərbaycanda tədrisi”, Bakı “MBM” 2014, Səh. 602 – 614.