Xalq musiqisinə yaxından bələd olan, ona bacarıqla xidmət edən, yorulmaz təbliğatçı vəzifəsini çiynində daşıyan sənətkarlarımız zəngin bədii irsimizi, çoxçalarlı musiqimizi, mənəvi dəyərlərimizi qoruyanlar və yaşadanlar sırasında duraraq ən şərəfli işə xidmət edirlər. Elə sənətçilərimiz vardır ki, ifaçılıq sənətimizə öz zəngin töhfələrini versə də, reklamdan, məşhurluqdan uzaq dayanıblar. Onlardan biri haqqında da söhbət açacağıq. O, xalq musiqiçiləri arasında ən mahir qarmon ifaçılarımızdan biri kimi qəbul olunur. Bu ifaçı özünü solist kimi təqdim etməyib. Lakin ən bacarıqlı müşayiətçi kimi hamımızın gözü qarşısında həqiqi sənət yolu keçib gəlǝrǝk yüksəlib. Obyektiv olmağı bacarmaq lazımdır. Obyektiv fikirlər söyləməyə çalışacağıq. Etiraf edim ki, o, sənətkar kimi sevdiyim və bir insan kimi hörmət bəslədiyim simalardandır. Şəmsəddin (Şəmsi) Oqtay oğlu Ağamalıyev 1961 - ci il oktyabr ayının 25 - də Bakıda anadan olub. Onların yaşadığı məhəllə Mirzə Fətəli küçəsinə aid idi. Təzə Pir məscidinin aşağı qapısı tərəfdə yerləşirdi. Şəmsi üçuşaqlı ailənin ikinci övladıdır. Oqtay Əsəd oğlu Ağamalıyev başqa sahədə çalışsa da musiqiyə xiridar, həm də istedadlı idi. Yaxşı rəqs etməyi, nağara və piano çalmağı vardı. Radio və televiziyadan müntəzəm olaraq xalq musiqisini dinləyib xüsusi zövq alardı. Evdə dincǝldiyi vaxtlarda piano arxasına keçər və həvəslə xalq havalarımızı ifa edərdi. O, ailənin birinci övladı Fəxrəddin üçün qarmon almışdı. Fəxrəddin də istedadlı idi, pianoda çalırdı. Lakin qarmonda çalmaq ona çətin gəlirdi. Səbəb onun fiziki cəhətdən zəif olması idi. Qarmonun dillərini sərbəst işlədib musiqiləri yaratsa da körüyü çəkib geri qaytarmaq ona asan deyildi. 7 - 8 yaşlarında Şəmsi evdəki "Kazan" qarmona biganə qalmamış, sərbəst olaraq götürüb çalmağa başlamışdı. Xatırlayır ki, ilk öyrəndiyi mahnı, o illərdə tez - tez eşitdiyi, Zeynəb Xanlarovanın oxuduğu və toylarda çalınan "Tbilisi" mahnısı (bəstəkar Ə.Tağıyev) idi. Az sonra isə neçə - neçə mahnıları, xalq havalarını öz uşaq təxəyyülü ilə, yaşına uyğun səviyyədə öyrənmiş və sonsuz həvəslə çalmağa başlamışdı. Ailə üzvləri sevinirdilər. Bəs necə... Axı o, bacarıqlı idi, heç kəsdən təlimat almadan nə qədər mahnı öyrənmişdi. Ata Şəmsinin qabiliyyətini görüb onu məhəllədəki, Əliağa adlı qarmonçalanın yanına dərs almağa qoydu. O, musiqi məktəbinin qarmon sinfində dərs deyirdi. Şəmsi Əliağadan 2 ilə yaxın bir müddət ərzində, ev şəraitində dərs alaraq ifa qaydalarını öyrəndi. Əliağa müəllim Şəmsinin səviyyəsini görüb onun atasına uşağın musiqi məktəbində təhsil almasını tövsiyə etdi. Beləliklə Şəmsini 12 saylı uşaq musiqi məktəbinin qarmon sinfinə qoydular. O, 1972 – 1976 - cı illərdə burada təhsil aldı. Musiqi məktəbində onun ixtisas müǝllimləri Paşa, Qüdrət və Camal olmuşdur. Şəmsi Ağamalıyev 1968 - 1978 - ci illərdə Yasamal (əvvəl Oktyabr) rayonu ərazisindəki 199 saylı orta məktəbdə təhsil alıb. Onun xatirələrindən: "Atam Respublika Müəllimlər Evinin direktoru Tofiq Quluyevlə dost idi. Burada musiqi kursları, həmçinin qarmon sinifləri mövcud idi. Tofiq müəllimin məsləhətilə atam məni ora gətirdi. Burada Tofiq müəllimdən dərs alan, qarmon sinfində dərs deməyə başlayan Fuad Əliyevdən muğamları öyrəndim". Şəmsi Ağamalıyev musiqi məktəbinin 2 - ci sinfində oxuyarkən istedadlı uşaq kimi seçilərək AzTV - nin nəzdində fəaliyyət göstərən, məktəblilərdən ibarət "Qırmızı qərənfil" x.ç.a. ansamblına qəbul olunmuşdu. Ansamblın bədii rəhbəri Nazim Nağıyev uşaqlarla dəramədlər, rənglər və bəstəkar mahnılarını hazırlayırdı. Radio üçün lentlər yazılır, televiziyada canlı çıxışlar olurdu. Şəmsi bu kollektivin sevimli, bacarıqlı və ən uğurlu yetirmələrindən biri oldu. O, burada 4 il çıxış etmişdi. Ş.Ağamalıyev oxuduğu ümumtəhsil məktəbin bədii özfəaliyyət kollektivinin də üzvü idi. Məktəb tədbirlərinin hamısında çalır, olimpiadalarda və müsabiqələrdə fəallıq göstərirdi. Məktəbdə musiqi və nəğmədən dərs deyən Vaqif müəllim ansambla rəhbərlik edirdi. Bir zamanlar Bakının "Azneft meydanı" adlanan məkanında Tibb İşçiləri mədəniyyət evi yerləşirdi. Burada məşhur "Səadət" özfəaliyyət x.ç.a. ansamblı fəaliyyətdə idi. Bu kollektivdən xeyli sayda musiqiçilər və müğənnilər yetişərək peşəkar sənətə gəliblər. Ansamblın rəhbəri tarzən - pedaqoq Ağasaleh Abbasəliyev (1931 - 1991), konsertmeyster onun oğlu Ağacəbrayıl Abbasəliyev idi. Şəmsi "Qırmızı qərənfil" ansamblındakı fəaliyyətindən sonra "Səadət" ansamblına gəlmişdi. O, 1978 - ci ilə qədər bu ansamblda çıxış etmişdi. Həmin vaxtlar bu kollektivə musiqi tədrisi müǝssisələrində təhsil alan istedadlı gənclər toplanmışdı. Bu sırada fortepiano ifaçıları Həsənağa Qurbanovu və Malik Paşayevi, klarnetçalanlar Şərbət Rzaquluyevi, Samiri və qobulu Həsənağanı, tarzənlər Fikrəti (haz. Lənkəran Musiqi Kollecinin direktoru) və Aydın İbrahimxəlilovu (haz. Şəki Mədəniyyət və Turizm şöbəsinin müdiri), zərbçalan Mirzəli Abbasəliyevi və b. misal göstərə bilərik. Ansambl konsertlərdə və müsabiqələrdə yüksək səviyyəli çıxışlarla fərqlənirdi. "Səadət" x.ç.a. ansamblı bütün baxış - müsabiqələrdə birincilik qazanırdı. Şəmsi bu ansamblda olmasından xeyli məmnun olmuş, sənət yetkinliyi artmış, ansambl musiqiçisi kimi də iri addımlarla qabağa getmişdi. O, artıq peşəkar sənətə qovuşurdu. Sənətkarın xatirələrindən: "Müğənni Mais Məmmədov (1939 - 1998) bizim məhəllədə, bir həyətdə yaşayırdı. O, məni özüylə toylara aparırdı. Hələ uşaqlıq yaşlarımı tamam etməmiş onunla neçə - neçə şadlıq mərasimlərində, toy - büsatda olmuşdum. 1977 - ci ildə məşhur müğənni İslam Rzayev (1934 - 2008) instrumental ansambl yaratmışdı. Ora xeyli musiqiçilər cəlb edilmişdi. Mənim də ki, həvəsim aşıb - daşırdı. Peşəkar ansambllarda çalışmaq istəyirdim. Mais Məmmədov məni İslam müəllimin yanına gətirdi. Bu ansambl Azərbaycan Qastrol və Konsert Birliyinin tərkibinə daxil edilmişdi. Orada geniş şərait olmadığına görə məşqlər Dövlət Filarmoniyasında keçirilirdi. İnstrumental ansambl olduğu üçün ilk əvvəllər bura qarmon ifaçısı götürmürdülər. Odur ki, 1 il faemi çaldım. 1978 - cu ildə Zaqatala rayonuna konsertə getdik. İslam müəllimin icazəsilə qarmonumu da özümlə götürdüm. Əvvəldən düşündüyümüz düz çıxdı. Rayon ərazisində konsert verdiyimiz bəzi yerlərdə elektrik cərəyanı olmurdu. Səsgücləndirici aparatları işlədə bilmədiyimiz üçün faemini, elektro gitaranı ifa etmək mümkün deyildi. Belə olduqda qarmonumu çalırdım. İslam müəllim dedi ki, sən nə ağıllı oğlansan, əvvəldən bilirdin ki, qarmonu da götürmək lazımdır. Konsertdə qarmon çalmağım onun xoşuna gəldi və dedi ki, bundan sonra ansamblin faemi çalanı yox, qarmonçalanısan". Oxucu nəzərinə çatdıraq ki, İ.Rzayevin rəhbərlik etdiyi instrumental ansamblın fəaliyyəti geniş, çoxşaxəli olduğu qədər də əhatəli və dəyərli idi. Müğənniləri müşayiət edərək radio fonduna mahnılar yazılır, televiziyada tez - tez konsertlər verilir və rayonlara səfərlər olurdu. Neçə illər ərzində bu ansamblda müxtəlif musiqiçilər yetişmişdir. O illərdə heyət üzvləri arasında dəyişiklik olsa da Şəmsi Ağamalıyev əsas və davamiyyətli ifaçılardan biri olmuşdur. Ansambl yaranarkən Qurbani qardaşlarından Abdulla tar, Möhsüm kamança, Yadulla isə akkordeon, Elşən Qasımov və Pövşən Aslanov nağara, Mirzəli Abbasəliyev və Fərhad Rəhimov zərb, Natiq Nuruyev skripka, Kazım gitara, Vilayət Bərini banco (sonralar gitara), Əlikram Quluyev və Məhəmməd Hüseynov klarnet, İsmayıl Əliyev fortepiano, Eldar akkordeon, Aydın İbrahimxəlilov bas tar çalırdı. Sonralar tarzən Firuz Əliyev (haz. x.a.), kaman ifaçısı Munis Şərifov (haz. ǝ.a.), nağaraçalan Əli Rzayev ansamblın daimi üzvü oldular. Ansambl çox müğənilərlə işləyirdi. Bu sırada İslam Rzayevin özünün, Qulu Əsgərov, Elmira Rəhimova, Zaur Rzayev, Mais Məmmədov, Zöhrə Abdullayeva, Mais Salmanov, Qədir Məmmədov, Ağadadaş Ağayev, Baloğlan Əşrəfov, Yusif Mustafayev, Həbib Rəhimov, Məhəbbət Kazımov, Səbinə İlyasova, Fərman Cəfərov, Gülnarə Mahmudova, Azad Zamanov və Zahidə Məmmədsalahovanın adlarını qeyd etməliyik. İ.Rzayevin rəhbərlik etdiyi ansambl hər yay Şuşada keçirilən Azərbaycan musiqi günlərinə göndərilirdi. Cıdır düzündə keçirilən təntənəli mərasimdə Azərbaycan Dövlət simfonik orkestri SSRİ xalq artisti, maestro Niyazinin dirijorluğu ilə çıxış edirdi. İslam müəllimin instrumental ansamblı bu möhtəşəm tədbirdən sonra Şuşaǝtrafı rayonların hamısında konsertlər verirdi. Şəmsəddin Ağamalıyevin xarici ölkələrə ilk səfəri 1983 - ci ildə çox uğurlu olub. O zaman Azərbaycan Dövlətinin rəhbəri Heydər Əliyevin təşəbbüsü və bilavasitə təşkilatçılığı ilə Azərbaycan gəmisi vasitəsilə sənət ustalarımız 6 ölkǝyǝ: Yunanıstan, İspaniya, Malta, Fransa, İtaliya və Türkiyǝyǝ olduqca maraqlı səfər etmişdi. Bu səfərə yığma heyyət getmişdi. Tarzənlər Həbib Bayramov, Adil Bağırov, kamançaçalan Fəxrəddin Dadaşov, nağaraçalan Böyükağa Muradov, zərbçalan Mirzəli Abbasəliyev, nəfəs alətləri ifaçısı Elşad Cabbarov, qarmon ifaçıları Cavanşir Məmmədov, Şəmsi Ağamalıyev və Yusif Ağayev musiqiçilər heyyətinin üzvləri idilər. SSRİ xalq artisti Lütfiyar İmanov, əməkdar artist Xuraman Qasımova (sonralar x.a.), Akif İslamzadə say - seçmə musiqiçilərimizin müşayiətilə oxuyaraq Azərbaycan vokal sənətini xarici ölkələrin tamaşaçılarına layiqincə təqdim edərək sevdirmişdilər. Qarmonçu Yusif Ağayev rəqqaslarımızı müşayiət etmişdi. Burada haşiyə çıxaraq qeyd etməliyik ki, Şəmsi peşəkar musiqi sənətinə qədəm qoyduğu anlarda dövrün ən populyar qarmon ifaçıları Avtandil İsrafilov və Zakir Mirzənin ifalarından bacarıqla bəhrələnmişdir. Nəticədə özü də usta bir qarmonçalana çevrilərək bu sənətin öncülləri, bu gün isə artıq nümunə olanları sırasına çıxmışdır. Ş.Ağamalıyev 1984 - cü ildə 2 ay müddətində Almaniyada festivalda iştirak etmələrini də yaxşı xatırlayır. Qrupun tərkibində müğənnilər Elmira Rəhimova və Tələt Qasımov (1933 - 2013) (qeyd edək ki, sonralar hər iki müğənni xalq artisti idi), nağaraçalan Tahir Hüseynov, nəfəs alətləri ifaçısı Əlikram Quluyev, tarzən Ramiz Həsənov, rəqs sənətçilərimiz Nigar Zeynalova və Təranə Muradova (haz.x.a.), Abgül və Müseyib var idi. 1986 - cı ildə müğənni Nisə Qasımova (haz.x.a.) Şəmsini öz ansamblına dəvət etmişdi. O, bu instrumental amsamblın tərkibində də öz yerində olan bir musiqiçi idi və öz ustalığı, dolu, tamam - kamal, bütöv çalğısıyla ümumi səslənməyə təkan olur və rövnəq verirdi. Bundan əlavə ona həvalə olunan sololarda, müğənninin oxuduğu muğam parçalarındakı müşayiət hissələrində də o, mahir bir qarmonçu olduğunu sübut edirdi. Nisə xanımın radioya təqdim etdiyi səs yazılarında, televiziya çəkilişlərində və canlı çıxışlarda Şəmsinin ifa yolu xüsusi əhəmiyyət kəsb edirdi. Ş.Ağamalıyev Nisə xanımın ansamblının tərkibində Azərbaycanın rayonlarında, keçmiş SSRİ - nin bir çox şəhərlərində, Türkiyə ölkəsində dəfələrlə konsertlərdə olmuşdur. 1991 - ci ildə Bakıda daha bir musiqi heyyəti təşkil olunmuşdu. Bu heyyət yalnız xarici ölkələrə səfərlər üçün yaradılmışdı. Səfər öncəsi toplanıb məşq edirdilər. Heyətin tərkibinə tarzən Möhlət Müslümov (haz.x.a.), kaman ifaçısı Fəxrəddin Dadaşov (haz.x.a.), nəfəs alətləri ifaçıları Elşad Cabbarov (haz.ǝ.a.), Akif Qürbətov (haz.ǝ.a.) qarmonçalan Şəmsi Ağamalıyev və nağaraçalan Rafiq Budaqov var idi. Qrup 1992 - ci ildə Amoko şirkətinin yaranması münasibətilə Amerikaya konsertə dəvət olunmuşdu. Həmin konsertdə xalq artistləri Fərhad Bədəlbəyli, Fidan və Xuraman Qasımovalar, kiçik qrupla "Qaya" vokal - instrumental ansambl, xanəndə Səkinə İsamayılova (haz.x.a.) və milli alətlər ifaçısı Həsənağa Sadıqov olduqca maraqlı proqramla çıxış etmişdilər. Ş.Ağamalıyev 1979 - 1983 - cü illərdə Balıq Sənayesi Texnikumunda təhsil alsa da bu sahədə heç vaxt çalışmayıb və bir an da musiqisiz olmayıb. Tanrımız onu musiqi sənəti üçün dünyaya gətirib. O da musiqili bir ömür yaşamaqda, qarmonumuza sədaqətlə xidmət etməkdədir. Texnikum təhsili illərində qarmon ifaçısı Akif Bədəloğlu da onunla bir kursda oxuyurdu. Dərsdən sonra əksər hallarda Akifgilə gedərdilər və qarmon çalardılar. Akifin valideynləri qarmon ifaçıları Bədəl Bədəlov (1907 - 1982) və Məryəm xanım (1927 - 2011) onları diqqətlə dinlər, tövsiyələr edər, gənclǝrin bilmədikləri xalq havalarını onlara öyrədərdilər. Şəmsi ilk əvvəllərdən solistliyə meyl etməmiş, özünü yaxşı müşayiətçi və ansambl ifaçısı kimi formalaşdırmışdır. Mövzumuzun əvvəlində bu məsələyə toxunmuşuq. Əslində ansambl ifaçısı olmaq çətin və məsuliyyətli işdir. Burada müxtəlif alətlərin səslənməsinə uyğun ifa yaratmaq, oktavalarda düzgün seçim etmək, zil - bəm çalğılara, forte vǝ piano ifalara nail olmaq, repertuar zənginliyini mənimsəyərək yadda saxlamaq və s. amillər tələb olunur. Bundan başqa hər bir ansamblın dəsti - xəttini dərk edərək ona uyğun ifa qaydaları tətbiq eləmək, tələb olunan anlarda muğamların şöbə və ya guşələrini yetərincə çalmaq və başqa incəliklər əsas şərtlərdəndir. Bütün bu saydıqlarımız usta qarmonçumuz Şəmsəddin Ağamalıyevdə vardır. Onun sənətində milli üslub, qarmon alətinə xas cəhətlər üst qatdadır. Sənətkarın ifası cəlbedicidir, tutumludur, doludur, boy - biçimlidir və yaraşıqlıdır. Zaman - zaman müdrik, ustad qarmonçalanlarımızın qarmon sənətinə hördükləri hər bir kərpic bizə fərəh verib, sənəti ucaldıb və yaşadıb. Bu insanlar bir qarmon sənəti binası ucaldıblar. Şəmsi kimi sənətkarlarımızı da həmin binanın divarlarına kərpic qoyaraq mərtəbələri ucaldanlar sırasında görürük. Çəkinmədən deyə bilərik ki, o, XXI əsrdə milli qarmon ifaçılığımızı qoruyub saxlayan, onu əsl nümunə kimi öz çalğısıyla göstərib təbliğ edə bilənlərdən biridir. Şəmsi sənəti bu əsrdə Azərbaycan qarmon ifaçılığı sənəti üçün əsl örnək və nümunədir. Elə şeylər vardır ki, onları gizlətmək olmaz. Hər şey bulaq suyu kimi şəffaf, aydın və duru olmalıdır. XXI əsrdə bəzi qarmon ifaçılarımızın sənəti, ifa tərzi, yolu, üslubu, səpgisi milli kökdən, milli ənənələrdən tamam uzaqlaşıb. Bu qaydada davam etsə Azərbaycanın gənc qarmonçalanlarının hansı xalqın musiqilərini ifa etmələri dərk edilməyəcək. Yaxşı ki, hələ Avtandil İsrafilov, Zakir Mirzə, Teyyub Teyyuboğlu, Xanlar Cəfərov, Şəmsi Ağamalıyev, Faiq Əlibalayev, Xeyrulla Dadaşov, İslam Süleymanov, Ənuşiravan İsrafilov, Faiq Süleymanov, Baxışəli Əliyev, Aydın Əliyev. Nemət Hüseynov və digərləri var. Cavan ifaçılar bunlardan nümunə götürməlidirlər. Böyük Fransız yazıçısı Balzak yazırdı: "Bizlərdən yalnız əxlaqlılar qalacaq". Sənət aləmində də əxlaqı münasibətlər əsas şərtlərdən biridir. Burada biz sənət əxlaqını nəzərdə tuturuq. Sənət işlətmək qaydalarında bəzi cəhətlər var. Ətrafındakı sənətkarların ifasını düzgün dərk etmək, onun gücünə, bacarığına dəyər vermək, hörmətlə yanaşmaq, qarşılıqlı anlaşma və alətlərin bir - birina uyuşması şəraitində birgə çalışmaq, ümumi gözəl, ürəkaçan, qəlbǝyatan, səviyyəli səslənmə yaradaraq müğənniləri və ya hər hansı bir alətdə solo ifa edən birisini layiqli müşayiət etmək bacarığı özü də sənət əxlaqına söykənir. Təmiz, layiqli, nümunəvi, samballı, səbrli, ardıcıl cümlələrlə aqilanə çalğı da sənət əxlaqından yaranır. Bütün bunlar sevimli sənətkarımız Şəmsi sənətinə xas cəhətlərdir. Belə sənətlər, əxlaqlı sənətlər yaşayacaq. Biz bu kimi sənətkarların zamanın və tarixin iç qatlarına çəkilərək unudulmasına imkan verməməliyik. Onların sənət fəaliyyətinə dǝyǝr verərək təbliğ etməliyik. Bundan qarmon sənətimiz qazanar. Şəmsi son dövrlərdə müasir müğənnilərimiz Rəşad İlyasov, İzzət Bağırov və Nazim Pişiari (lǝqəbi Faytonçu) ilə sənət yoldaşlığı edərək yaradıçılıq əlaqələrindədir. Onları müşayiət edən ansamblın musiqi rəhbəri Ş.Ağamalıyevdir. Bu müğənnilərin səslərinin disklərə yazılmasında, konsertlərdə, toylarda və televiziya çaxışlarında mahir qarmonçumuzun əhəmiyyətli dərəcədə rolu olur. O, N.Pişiari ilə Bakıda, Azərbaycanın və Rusiyanın iri şəhərlərində toylarda olmuşdur. Onlar İsrail ölkəsinə də səfər etmişlər. Bu oçerk üçün Şəmsidən müsahibə alarkən onunla tam səmimi söhbət edərək böyük qardaş məsləhətimi verdim. Söylədim: "İndi sənətinin və yaşının ən məhsuldar dövrü, musiqini ən yaxşı duyub, dərk edən çağlarındır. İfalarını disklərə yazdırıb nəşr etdir, radiolara təqdim elə, internetǝ sal və geniş şəkildə yayılmasına çalış. Buna sənin tam haqqın çatır. Həm də bu, XXI əsrdə qarmon ifaçılığı sənətimizin təbliği üçün layiqli töhfə olar". O, mənim səmimi fikirlərimi duydu, xahişimi və tövsiyəmi eşitdi və dediklərimi yerinə yetirəcəyinə söz verdi. Əmin oldum ki, arzumuz öz yerini alacaq və qarmon sənətimiz yeni incilərlə bəzənəcək.
Meydanda olan bir sənətkardi o,
Qarmonuna sadiq dostdu, yardı o,
Bu sənətdə solmaz bir bahardı o.
Ömrü bu aləmə qıyan Şəmsidir,
Həqiqi sənətə uyan Şəmsidir.
Neçə illər ansambllarda çalıb,
Buna könül bağlayıb, mehr salıb,
Zaman ötüb, böyük təcrübə alıb.
Müşayiəti düz duyan Şəmsidir,
Belə yönümdə iz qoyan Şəmsidir.
Sənət dünyamızda çoxdan tanınır,
Hamı onu yaxşı qarmonçu sanır,
Milli ifaları nura boyanır.
Bəlkə, qarmon səmasının "Şəms" idir?
Ucalardan biri sanın, Şəmsidir.
Əhsən Rəhmanlı, 18.11.2013
___________________________________________________________________________________________________________________
Əhsən Rəhmanlı “Qarmon ifaçılığı sənəti və onun Azərbaycanda tədrisi”, Bakı “MBM” 2014, Səh. 553 – 558.