Onunla tanışlığımız 1971 - ci ilə təsadüf edir. M.F.Axundov adına Akademik Opera və Balet Teatrının səhnəsində Bakıdakı mədəniyyət saraylarının özfəaliyyət x.ç.a. ansamblları arasında baxış - müsabiqənin yekunu keçirilirdi. Səhnə kənarlarında və səhnə arxasında toplaşmış ansambllar səhnəyə öz dəvətlərini gözləyirdilər. Hər ikimiz əlimizdə qarmon qarşılaşdıq. Tanış olduq. O, mənim qarmonumla maraqlandı. Alıb, çalıb baxdı və bəyəndiyini bildirdi. Sonrakı dövrlərdə mən bu sənət adamının fǝaliyyətini izləmiş və usta çalğıya malik bir qarmon ifaçısını kəşf etmişdim. O, meydanda olan, çox xanəndələrin və musiqiçilərin bəyənib qəbul etdiyi sǝnətkar kimi özünü təsdiq etmişdi. Sənət fəaliyyətini öz doğma yurdunda davam etdirsə də, yaxşı sorağı gəlib mənə çatır, gec - gec də olsa Bakıda musiqiçilər toplaşan bağda rastlaşırdıq. İslam Məmməd oğlu Süleymanov 1949 - cu il iyunun 26 - da Ağstafa şəhərində anadan olub. Məmməd kişi ilə Güləsər Cahangir qızının qurduğu halal, mehriban ailədə doqquz övlad dünyaya gəlib, boy atıb böyüyüb. Üçüncü övlad İslamdır. Güləsər xanım ömür - gün yoldaşı Məmmədə arxa - dayaq olaraq övladların sağ - sağlam, xoşbəxt böyüməsi üçün çalışır, onları dərin ana nəvazişi və sevgisilə əhatə edirdi. Məmməd Süleymanov dəmiryolu üzrə hərbiləşdirilmiş mühafizə bölməsində rəis müavini işləyirdi. Onun çox yaxşı saz çalmaq bacarığı vardı. Bütün saz havalarını bilirdi. Musiqilə evdə, özü üçün məşğul olurdu. 1957 - ci ildə özünə qarmon da almışdı. Bu 16 dilli diatonik qarmon Tatarıstanın Kazan şəhərindəki musiqi alətləri fabrikində istehsal olunmuşdu. Məmməd Süleymanov boş vaxtlarda qarmon da çalırdı. 7 yaşlı İslam qarmon çalmağa can atırdı. Atasının ifasını seyr edir, dinləyir və maraq göstərirdi. İslam da qarmonu götürür, gücü çatmasa da dartışdırır, nəsə öyrənməyə çalışırdı. O, ilk havanı atasından öyrəndi. Ata ona "Mahur" muğamına əsaslanan, sadə quruluşlu, kiçik həcmli bir mahnı öyrətdi. Bu Səməd Vurğunun məşhur "Azərbaycan" şeirinə bəstələnmiş ("El bilir ki, sən mənimsən" misrası ilə başlanan şeir) və aşıqlarımızın, aşıqlar xorunun çalıb - oxuduqları mahnı idi. İslam bu havanı yaşına görə çox gözəl çalırdı. Beləliklə o, öz yaddaşı və həvəsi sayəsində evlərindəki sadə qarmonun imkanları daxilində xeyli havalar öyrəndi. Öyrəndikcə də həvəsi çoxalırdı. İslam Süleymanov 1956 – 66 - cı illərdə dəmir yolçuların Ağstafa şəhərindəki 24 saylı (sonralar 1 saylı və 3 saylı adlanıb) orta məktəbində təhsil alıb. O, çox zehinli və enerjili uşaq idi və dərslərini çox yaxşı oxuyurdu. İslamın musiqiyə həvəsini, istedadını duyan, həm də onun məktəb dərslərinin öhdəsindən bacarıqla gəldiyini görən ata, ona yeni bir qarmon alıb hədiyyə etdi. Bu İslamın 4 - cü sinifdə oxuduğu dövrə təsadüf edir. Məmməd kişi qarmonu Tbilisi şəhərindən, gürcülərdən alıb gətirmişdi. 18 dilli, qəhvəyi rəngli, diatonik (yarımtonsuz) alət gürcülərin çaldıqları qarmonlardan idi. Alətin sol tərəfindəki səs sırası (baslar) gürcülərin musiqisinə, ifaçılığına uyğun hazırlanmışdı. İslam 6 - cı sinfə qədər bu qarmonda çaldı. Bu cür sadə, primitiv alətlər vasitəsilə sənət öyrənən istedadlı soydaşımız gələcəyin çox böyük qarmon ifaçısı olacaqdı. Qeyd etməliyik ki, 4 - cü sinifdə oxuyarkən İslamı istedadlı uşaq kimi rayondan Bakıya müsabiqəyə yollamışdılar. Azyaşlılar arasında keçirilən müsabiqədə İslam "Vağzalı" çalmış, diplom və hədiyyə almışdı. 6 - cı sinifdə oxuyarkən ata oğluna tam peşəkar qarmon almalı oldu. Kiçik həcmli bu alət çox yaxşı qarmon idi. Uşaq bu alətdə tam sərbəst çalır, istedadını, bacarığını daha yaxşı üzə çıxara bilir və çoxlarının diqqətini özünə cəlb edirdi. İslam qarmona könül vermişdi, ürək bağlamışdı, dərsdən gələn kimi məşq edirdi, radiodan eşitdiyi qarmon havalarını öyrənirdi. O, əsasən Teyyub Dəmirovun, Məmmədağa Ağayevin, Abbas Abbasovun, İsfəndiyar Coşqunun və Səttar Hüseynovun qarmon ifalarından bəhrələnir, getdikcə öz çalğısını cilalayır və sürətli inkişafa yol alırdı. Ağstafa şəhərindəki toylarda isə o, qarmonçalan Səfər Kərimovu və Vahid kişini görüb dinləmişdi. Vahid kişini el arasında "Dyadya Vasya" çağırırdılar. ("Dyadya" rus sözüdür, dilimizdə əmi, dayı deməkdir). Vahid 1941 – 45 - ci illər Alman - rus müharibəsinin iştirakçısı olmuşdu. Əsgər yoldaşları onu öz dillərinə rahat və uyğun olsun deyə, Vasya adlandırmışdılar. Ağstafada da onu elə beləcə çağırırdılar. İslam Ağstafa toylarında qarmonçu Əhliman Əliiskəndərovun sənətini də görüb dinləmişdi. O, İslamdan 4 - 5 yaş böyük idi. 7 - ci sinifdə oxuyarkən İslam artıq Ağstafada bacarıqlı qarmonçu kimi tanınırdı. Odur ki, onu uşaq bağçasına müşayiətçi - musiqiçi, qarmonçalan kimi işə götürmüşdülər, ştatda olan işçi idi, maaş alırdı və öhdəsinə düşən işi məharətlə yerinə yetirirdi. Onu işə götürərkən sənədləşmədə hər şey düz gəlsin deyə, yaşı artıq göstərilmişdi. Bu ştata Ağstafanın yaşlı qarmonçalanları dəvət olunsalar da onlar bu işin öhdəsindən gələ bilməmişdilər. Çünki onlar azyaşlı uşaqlar üçün bəstələnmiş nəğmələri bilmirdilər və həmin musiqiləri öyrənib mənimsəmək onlar üçün çətin idi. İslam isə o cür mahnıları, musiqiləri çala bilirdi. Bilmədiklərini isə müəllimələr ağzında oxuyan kimi dərhal öyrənir və çalırdı. İslamın uşaq bağçasında işləməsini tövsiyə edənlər yaşlı musiqiçilər, onu konsertlərdə görən böyüklər olmuşdu. Axı İslam kiçik yaşlardan dəmiryolçuların mədəniyyət evində keçirilən tǝdbirlərdə, teatr tamaşaları, səhnəciklər arasındakı fasilələrdə qarmon çalıb, alqışlar və tamaşaçıların rəğbətini qazanmışdı. O, Ağstafada diqqətdə olan istedadlı bir uşaq idi. Hələ səhnəyə çıxdığı ilk anlarda o, stulda əyləşərkən ayaqları yerə çatmırdı. Qarmonu dizləri üstə alıb, rahat çalmaqdan ötrü bu balaca musiqiçinin ayaqları altına kiçik kǝtil qoyurdular. Onun belə şəraitdə solo ifaları maraqla qarşılanırdı. İslam ilk dəfə toya getməsini belə xatırlayır: "8 - ci sinifdə oxuyurdum. Qarmonçalan Səfər kişi bizə gəldi. O, klarnet də çalırdı. Toylara klarnetçalan kimi də gedirdi. Dedi ki, dəstəmizin qarmonçalanı xeyli əvvəl başqa toy üçün vədə verib. İndi bizim dəstəyə toy gəlib. İstəyirik ki, səni özümüzlə aparaq. Bildirdim ki, mənim sabah dərsim var, mən sizinlə toya gedə bilmərəm, inanmıram ki, bu işi bacaram. O, izah etdi ki, toy günün ikinci yarısında başlanır, dərs saatlarından sonradır. Səfər kişi atamla söhbət etdi, mənə görə ondan icazə istədi. Atam razılıq verdiyi üçün onlarla toya getdim. Bu toy şənliyi Ağstafanın özündə idi. Şənbə günü o məclisdə çıxış etdik. Dəstədə xanəndə də vardı, nağaranı Cocan çalırdı. İlk sınaqdan yaxşı çıxdım. Səfər dayı sabah da, bazar günü də məni dəstələrinin tərkibində toy mərasiminə apardı. Beləliklə toy - nişan məclislərinə ayaq açdım. Lakin məktəb dərslərindən geri düşməyim deyə, yalnız həftənin bazar günləri toylara gedirdim. Qazaxda yaşayan klarnetçalan Cəfər də məni tez - tez Qazaxa toy - büsat şənliklərinə aparırdı. O, əslən Güney Azərbaycanlı idi. Əvvəllər kamança çalmışdı. Toylarda kamançaya ehtiyac olmadığı üçün klarnet çalmağı öyrənmişdi. Qazaxda saatsaz işləyirdi." İslam Süleymanov orta təhsili başa vurub Bakıya gəlir, sənədlərini Xalq Təsərrüfatı İnstitutuna verir, qəbul olunur və 1971 - ci ildə buranı uğurla bitirir. Bakının mədəni mühiti və musiqi aləmi onu öz qoynuna alır və tam peşəkar musiqiçi kimi yetişdirir. O, ilk əvvəllər təhsil aldığı ocağın özfəaliyyət x.ç.a. ansamblında çalır və inkişaf edir. Həmin zamanlar institut ansamblına tarzən Yusif Heydərov rəhbərlik edirdi. Musiqiyə olan qədərsiz sevgi gənc İslamı Respublika Müəllimlər Evinin x.ç.a. ansamblına da gətirmişdi. Ansambla müxtəlif vaxtlarda məşhur tarzən Əhsən Dadaşov (1924 - 1976) va kaman ifaçısı, bəstəkar Ramiz Mirişli rəhbərlik etmişdi. Sənət sevgisi, bu işə olan dərin həvəs gənc qarmonçalanı "Azərnəşr" in özfəaliyyət x.ç.a. ansamblına da gətirmişdi. Ansambllardakı məşqlər, konsertlərdəki çıxışlar ifa olunan instrumental musiqilər, xalq mahnıları, bəstəkar əsərləri, müğənniləri müntəzəm müşayiət etmək İslamı qarmon aləminə, musiqi sənətinə həmişəlik bağladı. Bütün bunlara baxmayaraq o, hələ də Bakının toy musiqiçiləri və adlı - sanlı sənətkarlar arasında tanınmırdı. Tələbə idi, vaxtının çoxu dərslərə və ansambl məşqlərinə sərf olunurdu. Qəlbində isə məşhur sənətkarlarla birlikdə olmaq, onlarla sənət işlətmək, çiyin - çiyinə çalışmaq arzusu vardı. Bakıda toylara getmək həm də onun maddi vəziyyǝtinə xeyli kömək olacaqdı. İslamın xatirələrindən: "II kursda oxuyurdum. Tbilisi - Bakı qatarı ilə rayondan gəlirdim. Kupeyə bilet almışdım. Kupedə tək idim. Darıxdım və qarmonu götürüb çalmağa başladım. Qapı döyüldü, durub açdım. İki nəfər idilər. Onlardan biri qatar bələdçisi, digəri isə dəmir yolu müfəttişi idi. Dinləmək istədiklərini bildirdilər və izn alıb əyləşdilər. Çalmağa başladım. Hər ikisi diqqətlə dinləyirdi. Qarmonu qabına qoyanda bir - birimizlə yaxından tanış olduq. Qatar bələdçisi maştağalı Yusif toya gedib - getməməyimlə maraqlandı. Dedim ki, arzum, istəyim olsa da Bakıda toylara gedə bilmirəm, səbəbi odur ki, o işlərlə məşğul olan sənətkarlarla tanışlığım yoxdur. Yusif dedi: - Sən klarnetçalan Məhərrəm Zeynalovu tanıyırsanmı? Cavabında söylədim ki, özü ilə tanışlığım yoxdur, üzünü belə görməmişəm, lakin radioda lentlərini dinləmiş, qrammafon valındakı ifalarını eşitmişəm. Yusif kişi bildirdi ki, Məhərrəm Zeynalov (1932 - 2005) onun dostudur. Qatar Bakıya çatanda dostu onu qarşılayacaq. O, Məhərrəm üçün Gürcüstandan bir - iki qəfəs (yeşik) "Narzan" mineral suyu alıb aparır. Bakı dəmiryolu vağzalında ona verəcək. Söhbət ǝsasında məlum oldu ki, Yusif özü də klarnet çalır. Lakin bu işlə həvəskar kimi məşğul olur. Bakıya çatdıq. Vağzalda Yusif əvvəlcədən dediyi kimi Məhərrəm Zeynalovla məni yaxından tanış etdi, yaxşı qarmon çalmağım barədə məlumat verdi. Məhərrəm kişi mənə mehribanlıq göstərdi və evinə dəvət etdi. O, məni ailə üzvlərilə tanış elədikdən, qonaqpərvərlik göstərdikdən sonra məni dinləmək istədiyini bildirdi. Qarmon çaldım, diqqətlə dinlədi, klarneti götürüb qarmonla köklədi, birlikdə çaldıq, mənim müşayiət qabiliyyətimi yoxladı. O biri həftənin sonuna üçgünlük toya vədəmi aldı. Beləliklə mən klarnetçalan Məhərrəm Zeynalov, xanəndə Mürşid Abbasov (1937 - 1975), tarzən Böyükağa Cavanşirov və digərlərilə Dəvəçi (hazırda Şabran Ə.R.) rayonunda üçgünlük toyda oldum. Xanəndə də, klarnetçalan da mənim ifamdan razı qaldılar və sonralar məni toy şənliklərinə apardılar. Musiqiçilərlə tanışlığım onların toplaşdığı Filarmoniyanın bağına mənim də arabir gəlməyimə səbəb oldu. Təhsil aldığım Xalq Təsərrüfatı İnstitutu Filarmoniya bağına yaxın idi. Dərslər qurtarandan sonra 15 - 20 dəqiqəlik, yarım saatlıq da olsa bağa gedir və sənətkarlarla görüşürdüm. Məni klarnetçalanlardan Adil Bayramov, Kamal Axundov və Mikayıl Əliyev toylara aparırdılar. Bir dəfə institutumuzun özündə konsert var idi. İnstitut ansamblı və Azərbaycan Dövlət Filarmoniyasından dəvət olunmuş artistlər çıxış edirdilər. Tanınmış xanəndə Süleyman Abdullayev tar - kamançalanı ilə gəlmişdi. Konsertin birinci hissəsində biz tələbələr çalıb - oxuduq. Səhna kanarında əyləşib öz çıxış vaxtını gözləyən Süleyman Abdullayev va tarzən Həbib Bayramov və müşayiətçilər bizi dinləyirdilər. Çıxışımızı tamamlayıb səhnədən çıxarkən onlar mənim və nağaraçalanımızın onların qrupunda çalmağımızı xahiş etdilər. Dedilər ki, qoy muğam dǝstgahında rənglərin çalınmasında, mahnıların müşayiətində çalğılar daha yaxşı alınsın və dolu çıxsın. Razılaşdıq və səhnədə onları müşayiət etdik. Konsertdən sonra Süleyman mənim müşayiətimdən razı qaldığını, təşəkkürünü bildirdi və yaxından tanış oldu. O, sonralar məni öz dəstəsilə toy məclislərinə, Bakı restoranlarında və şadlıq evlərində keçirilən "kampaniya" şənliklərinə apardı." Qeyd etməliyik ki, Bakıya gələndən sonra İslam əlində daha yaxşı alət olsun deyə, qarmon almaq qərarına gəlmişdi. Onu Əhməd Bakıxanovun rəhbərlik etdiyi x.ç.a. ansamblının qarmonçalanı Musa Həsənovla tanış etmişdilər. Həmin dövrdə Musada Tula şəhərindəki ustaların hazırladıqları satlıq qarmonlar olurdu. Musanın atası Bakı - Moskva qatarının bələdçisi işləyirdi. O, Tuladan Bakıya qarmonlar gətirirdi. İslam Musa ilə onun qardaşı Ramiz vasitəsilə tanış olmuşdu. Ramiz Həsənov da Xalq Təsərrüfatı İnstitutunda təhsil almış və iqtisadçı ixtisasına yiyələnmişdi. Ramiz də gənclik illərində qarmonçalan kimi ansambllarda, toylarda çıxış etmiş, sonralar isə öz ixtisası üzrə iqtisadçı kimi çalışmışdır. İslam Musadan aldığı Tula istehsallı qarmonla xeyli müddət çalmışdı. Artıq o, musiqi alǝmində tanınır və adı yaxşı qarmonçular sırasında çəkilirdi. Yaxşı tanınması onun üzərinə böyük məsuliyyət qoyurdu. O, bütün bunları hiss etdiyi üçün müntəzəm məşqlər edir, öz üzərində çalışır, o dövrdə geniş şəkildə meydana çıxmış Zakir Mirzə, Aftandil İsrafilov, Teyyub Teyyuboğlu. Həmid Haqverdiyev və Vaqif Şıxıyevin ifaları toplanmış lentləri maqnitafon vasitəsilə dinləyir və eşitdiklərini öz ifalarında möhkəmləndirirdi. İslam Respublika Müəllimlər Evinə məşqlərə getdiyi anlardan qarmonçalan Hüseyn Həsənovla tanış olmuşdu. Hüseyn İslamın çalğısına yaxşı bələd idi. O, Islama Azərbaycan Dövlət Filarmoniyasında xanəndə (o dövrdə əməkdar, sonralar xalq artisti) Əlibaba Məmmədovun rəhbərlik etdiyi x.ç.a. ansamblında çalmağı təklif etdi. Hüseyn özü isə Salyan kazarmasında hərbi xidmətdə olduğu üçün ansamblda çalışa bilmirdi. İslamın razılığını alan Hüseyn onu filarmoniyaya "Hümayun" ansamblının məşqinə apardı. Onu da deməliyik ki, Əlibaba Məmmədovun məşqlərinə bəzi qarmonçalanlar gəlirdi. Elə Hüseyn İslamı məşq otağına gətirərkən orada yaxşı qarmonçalan gənclərdən iki nəfər əyləşmişdi. Bütün üzvlər toplanmışdı. Hamı məşqin başlanmasını gözləyirdi. İslamın xatirələrindən: "Hüseynlə birlikdə gecikmədən məşq yerinə gəlmişdik. İçəri daxil olduqda ansambl üzvlərini, Əlibaba müəllimi və qarmonçalanları görüb bir az özümü itirdim. Əlibaba Məmmədov məni başdan ayağa süzdü və soruşdu: - Hüseyn, dediyin oğlan budur? Hüseyn cǝld dilləndi: - Bǝli! Lap yaxşı. Qarmonu çıxart, bir şey çal. Əlibaba müəllim mənə müxtəlif tonallıqlarda "Şur" və ayrı - ayrı muğamlar üzərində bəzi melodiyalar çaldırdı. O, məndən "Humayun" rəngini bilib - bilmədiyimi, ansamblın repertuarına bələd olub - olmadığımı soruşdu. Mən bütün bunları çala bildiyimi söylədim. O da bir - iki melodiya çaldırıb dinlədi və ansamblda öz yerimdə əyləşmək üçün göstəriş verdi. Məşqə başlayarkən ətrafa nəzər saldım, hər iki qarmonçalan çıxıb getmişdi. Onlar dərk etmişdilər ki, ansambla mən qəbul olundum. Məşqdən sonra Əlibaba müəllim mənə bildirdi ki, konsertlərə çıxmaq üçün qara kostyumum, qara ayaqqabılarım, ağ köynəyim olmalıdır. Məşqlər II - V günlər saat 14 : 00 - dadır." Beləliklə İslam Süleymanov "Humayun" x.ç.a ansamblının tərkibində Filarmoniyada, televiziyada, Bakının mədəniyyət və təhsil ocaqlarında, konsertlərdə çıxış edir, radionun fondu üçün lent yazılarında çalırdı. Gənc qarmon ifaçısı üçün geniş imkanlar, daha yaxşı tanınması üçün şərait yaranmışdı. O, konsertlərdən başqa Əlibaba Məmmədovla və ansamblın digər müğənnisi Novruz Feyzullayevlə (1928 - 2008) toy mərasimlərinə gedirdi. Novruz Feyzullayevin dəvət olunduğu məclislərdə tarzən Əhsən Dadaşov olurdu. Müğənnilərdən Qulu Əsgərov (1928 - 1987), Məmməd Salmanov (1930 - 2005) və Nazim Ağayev də İslamı öz toy ansamblları ilə vədələşdikləri toylara aparırdılar. Qulu Əsgərov və Nəzakət Məmmədova (1944 - 1981) çalışdıqları Opera Teatrında x.ç.a. ansamblı yaratmışdılar. Qulu müəllimin tövsiyəsilə İslam həmin ansamblın da məşqlərinə gedirdi. O illərdə artıq gənc müğənni Zaur Rzayev populyar olmuşdu. Mahir kaman ifaçısı Habil Əliyev konsertlərə və toylara Zaur Rzayevlə birlikdə gedirdi. Onların birgə yaratdıqları toy ansamblının tərkibində bir müddət İslam Süleymanov da məharət göstərmişdi. İslamın xatırladıqlarından: "1973 - cü ildə atam iflic xəstəliyinə tutuldu. Atama, ailǝyǝ, böyük külfətə kömək edim, dayaq olum deyə, rayona getməli oldum. Həmin ilin may ayında anam dünyasını dəyişdi. Şəhərə gəlib Bakı Baş Tikinti İdarəsinin 2 saylı evtikmə kombinatında işə girǝrǝk institutda yiyələndiyim ixtisas üzrə iqtisadçı kimi çalışmağa başladım və yenə də qarmon çalmaq fəaliyyətimi davam etdirdim. Gündüz ixtisasım üzrə işləyir, axşamlar isə məni tanıyan müğənnilərlə restoran toylarına (kampaniyalar) gedirdim. Qazancımın çox hissəsini rayona, böyük ailəmizin dolanışığı üçün göndərirdim. Evin biş - düşünü bacılarım edirdi. 1973 - cü ilin dekabr ayında Sovet ordusu sıralarına çağrıldım və 1974 - cü ilin dekabr ayına kimi Arxangelsk vilayətində xidmət etdim. Əsgərlikdən Bakıya qayıtdığım gün musiqiçilər toplaşdığı yerdə göründüyüm zaman bir gün sonraya mənə toy dedilər. Nazim Ağayevgilin dəstəsində toy məclisində çaldım. Əvvəllər çalışdığım 2 saylı evtikmə kombinatındakı işimə bərpa olundum və toy musiqiçisi kimi fəaliyyətdə oldum. 1975 - ci ilin avqust ayına qədər Bakıda çalışdım. Gənc mütəxəssis kimi mənzil növbəsinə götürülmüşdüm, 1 ildən sonra mənzillə təmin olunacaqdım. İki bacım məndən böyük idilər. Ailə qurmuşdular. Üçüncü bacım orta məktəbi bitirirdi. Evin biş -düşü, təmizlik işləri, səliqə - səhmanı onun çiynində idi. O, məktəbi bitirib Bakıya ali təhsil almağa gəldi. İmtahan verib qəbul olunsaydı, o zaman mən yığışıb rayona gedib ailə qurmalı idim ki, evin gəlini ailənin biş - düşünü etsin, qadına aid səliqə - səhmanı yerinə yetirsin. Bacım imtahanlardan kəsilsəydi, rayona qayıdacaq, mən isə Bakıda qalıb öz işlərimi davam etdirəcəkdim. Bacım instituta qəbul olundu, mən isə həmişəlik Ağstafaya getməli oldum. Rayonda, ətrafda çaldığım toylardan qazandıqlarımla ailəmizə əsl dayaq oldum." Əziz oxucu! Haşiyə çıxaraq bildirmək istərdik ki, əsl oğul belə olmalıdır. Ailənin köməyi, dayağı olanlar, valideyn borcunu yerinə yetirmək istəyənlər əsl oğul sayıla bilərlər. İslam da beləlǝrindən oldu. Atalar deyib: "Oğul əl ağacıdır". Bu hikmətli sözlərdə çox mətləblər toplanıb. İslam həqiqi oğul kimi hərəkət etmişdi. O, Bakıda bir musiqiçi kimi tanınacaq, respublika miqyasında məşhur qarmonçalanlardan biri olacaqdı. Onun istedadı, geniş ifaçılıq imkanları buna tam imkan verirdi. Bakı Azərbaycan musiqiçiləri üçün sənət dəryası, inkişaf etməyə, tanınmağa şərait yaradan sənət məbədidir. Əyalət sənətkarlarının hamısı Bakıda pərvazlanıb, burada inkişaf edib, paytaxtdan qol - qanad açıb şöhrətləniblər. İslam Süleymanov da belələrindən biri olacaqdı. Ansambllarda çalışacaq, ifalarını radio fonduna, qrammafon vallarına yazdıracaq, televiziyamızda çıxış edəcək və xarici ölkələrdə sevimli qamonunu səsləndirərək musiqi sənətimizi təmsil edəcəkdi. Lakin o, bütün bunları buraxaraq evinə, doğma ocağına, ailəsinə qayıtdı. Özünün dediklərindən: "Bakıda tanınmış müğənnilər mənə taqvimlə xeyli toy günləri yazdırmışdılar. Onların hər birindən üzr istəyib, toylardan imtina edib rayona qayıtdım." İslam Ağstafada ilk əvvəllər dərnək rəhbəri, sonra isə uşaq musiqi məktəbində qarmon sinfinin müəllimi işlədi. 1981 - ci ildən 1991 - ci ilə qədər iqtisadçı vəzifəsində çalışdı. O, 1 saylı tikinti - quraşdırma idarəsinin iqtisadçısı oldu. 1991 - ci ildə həmin idarə bağlandı. Bütün bu illərdə İslam Ağstafanın və ətrafların ən mahir və məşhur qarmonçalanı kimi fəaliyyətdə olmuşdu. Onun sənəti sevilir, bəyənilir, örnək, nümunə kimi qəbul olunurdu. İslam Ağstafanın, Gürcüstanın Tiflis şəhərinin Sabutali (Sabutala) məhəlləsinin, Qardabani rayonunun (Qarayazı elinin) Kosalı, Nazarlı kəndlərinin, Ermənistan ərazisinə düşən ellərimizin ən gur məclislərində çalırdı. Onun ifasında muğamlarımız, xalq mahnılarımız, rəqs melodiyalarımız və aşıq havalarımız elə gözəl səslənirdi ki, sanki bütün bunlar qarmon sənəti üçün yaranıbmış. İslam müğənni Şəhadət Ömərovla, klarnetçi Aydın Əsədovla (o, Bakıdan gəlirdi), Qırlı kəndindən Mobil və digərlərilə bir dəstədə çıxış edirdi. O, Gəncə toylarına gələndə müğənni Ələddin Mövsümov olurdu. İslam Süleymanovun Aşıq Xanlarla da yoldaşlığı vardı. Onunla Tovuz və Bakı toylarına gəlirdi. İfaçılıq sənətindən əlavə İslam qarmon alətinin təmiri, bərpası və düzəldilməsilə də məşğul olur. O, 1976 – 79 - cu illərin qış aylarında Rusiyanın Tula şəhərinə gedir və qarmon düzəldən ustaların işlərilə tanış olub, bu sənətin sirlərini öyrənirmiş. Hər dəfə orada olarkən nəsə mənimsəyib gələr, öyrəndiklərini öz təcrübəsinə keçirərdi. İslam hər gələndə qarmon üçün lazım olan hissələri və iş prosesi üçün gərəkli alətləri, bəzi diləkləri alıb gətirərmiş. Qarmon sənətimizə ürəkdən bağlanan, bu işə sədaqətlə xidmət edən bu insan həm də alətlərin təmirini, köklənməsini çox yaxşı mənimsəmişdir. O, qarmon işini Tuladakı ustalar Robert Vasilyeviş Tatarinov, Yermak vǝ Filippovdan öyrənmişdir. Özünün dediklərindən: "Məni Filippovun evinə Tatarinov apardı və tanış etdi. Filippov və arvadı qoca idilər. O, əvvəlcə mənə heç nə öyrətmək istəmədi. Lakin bir xeyli söhbətləşdikdən sonra mənim davranışım, əxlaqım onun xoşuna gəldi. Dedi ki, haçan Tulaya yolun düşsə, mənim yanıma gələ bilərsən. Mən cəmi 2 - 3 dəfə onun mənzilində olmaqla qarmonların köklənməsini öyrənmişəm. Ən çox Tatarinovdan tövsiyələr almışam." İslam Süleymanov 1991 - ci ildən bir müddət Ağstafa rayon məişət evində emalatxana açaraq, qarmonların təmirilə məşğul olmuşdur. O, bu işi ifaçılıqdan ayrılmadan işlədirdi. 1993 - cü ildə ilk dəfə İran İslam Respublikasının Tehran şəhərinə səfər edən İslam Süleymanov burada ev şənliklərində, toylarda çalır, həm də orada yaşayan soydaşlarımızın qarmonlarını və akkordeonlarını təmir edir, kökləyirdi. Onun oralara gəlişi qarmon və akkordeon ifaçıları üçün bir fürsət olur, rahatlıq yaradırdı. İslam alətləri az müddət ərzində, lakin keyfiyyətli təmir edir və kökləyirdi. Ustanın belə cəldliyini görən ifaçılar onu "Kalaşnikov" avtomat silahına bənzətmiş və "Kalaşnikov" təxəllüsü vermişdilər. İslam 1999 - cu ilə qədər Tehrana gedib gəlmişdir. Bu sətirlərin müəllifi 1994 – 95 - ci illərdə Tehrana səfərləri zamanı orada İslamla rastlaşmış və hətta bir neçə tədbirdə ("bərnamə") birlikdə çıxış etmişdir. İslam 2009 - cu ildə dəvətlə yenə Tehran şəhərində olmuşdur. O, 1996 - cı ildə Tehranda xanəndə Baba Mahmudoğlunu konsertlərdə müşayiət etmiş, öz solosunda alqışlar qazanmışdır. Həmin illərdə İslam Baba Mahmudoğlu ilə Azərbaycan rayonlarında da konsertlərdə olmuşdur. 1999 - cu ildə Babanın ifasında diskə və radioya on iki mahnı yazılmışdır. Onu müşayiət edən ansambl tərkibində İslam Süleymanov da olmuşdur. Həmin mahnılarla müğənninin konsertlərinin Az.Tv üçün çəkilişində ansambl tərkibində İslamı da dəfələrlə görmüşük. Qarmon ifaçılığına həvəs bu ailənin digər üzvlərinə də sirayət etmişdir. İslamın çalğısını, ev məşqlərini görüb həvəslənən, əllərinə baxıb öyrənən qardaşlar Sahib, Afiq və Qəzənfər qarmon çalmağı öyrənmişlər. Onlar bunu özlərinə sənət etməmiş, ifaçılıq səviyyələri yaxşı olsa da bu işlə həvəskar kimi məşğul olmuş və hər biri ali təhsil alaraq başqa sahədə çalışmışlar. Sahib az zaman ərzində toylara getmişdir. Qəzənfər toylarda bir müddət sintezator çalmışdır. Hə, əziz oxucu! Sizləri daha bir istedadlı soydaşımız, əsl musiqiçi və zəhmətkeş bir insanla tanış etdik, onun hünər və zəhmət dolu ömür yoluna səyahətə çıxdıq. Bizə elə gəlir ki, bu cür işləri görməklə savab qazanırıq. İslam haqqında necə yazmaya bilərik? Axı o, doğrudan da atasına həqiqi, sədaqətli oğul, bacı - qardaşlarına köməkdar, arxa - dayaq olmuşdu. Bir də ki, qarmon ifaçılığından bəhs edən kitabımızda görünməyə onun haqqı çatır axı! O, hərtərəfli inkişaf etmiş qarmonçalandır və repertuarı çox zəngindir. İfaçılıq manerası XXI əsrlə, bu günümüzlə səsləşən yurddaşımızın ifasında oyun havalarımız, xalq və bəstəkar mahnılarımız, aşıq sənəti nümunələrimiz və qardaş türk ellərinin populyar mahnıları çox gözəl və zəngin çalarlarla səslənir. İslam Məmməd oğlu Süleymanov 1976 - cı ildə ailə qurub. Üç övladı və səkkiz nəvəsi var. Oğlu Elsǝvər Ağstafa şəhər uşaq musiqi məktəbinin skripka sinfini başa vursa da, musiqi ilə məşğul olmur. O, Gəncə Pedaqoji Universitetinin hərbi fiziki hazırlıq fakültəsini bitirib. Oğlu Eldəniz də musiqiyə istedadlıdır, qarmon çalmaq qabiliyyəti vardır. Musiqi sənətilə məşğul olmur. O, Azərbaycan Dövlət Pedaqoji Universitetinin hərbi hazırlıq kafedrasında təhsil alıb. Ehtiyatda olan zabitdir. Güləsər İslam qızı Ağstafa uşaq musiqi məktəbinin, Gəncə Musiqi Texnikumunun (hazırda kollec) fortepiano sinfini bitirib. Vaxtilə təhsil aldığı musiqi məktəbində fortepiano ixtisası üzrə dərs deyir.
____________________________________________________________________________________________________________________
Əhsən Rəhmanlı “Qarmon ifaçılığı sənəti və onun Azərbaycanda tədrisi”, Bakı “MBM” 2014, Səh. 359 – 367.