O, böyük istedad sahibi olsa da, tale üzünə gülmədi. Bəxtsizlik axarında sənətdən və həyatdan çox erkən getdi. Bu gün orta və gənc nəsil nümayəndələri onu tanımır, lakin yaşlı nəslin musiqiçiləri belə bir sənətçini çox yaxşı xatırlayırlar. Axı onlar öz dövründə qarmon aləminə yeni nəfəs, yeni təravət, yeni güc - təpər gətirmiş bir istedadlı gənci necə unuda bilərlər? Həmid Əbdürrəhman oğlu Haqverdiyev 1947 - ci il yanvar ayının 26 - da Bakıda anadan olub. Onların əsil - nǝcabəti Xızı mahalının Fındığan kəndindəndir. Bu kənd Azərbaycanımıza böyük ziyalılar bəxş edib. Həmid 1954 – 1964 - cü illərdə 161 saylı orta məktəbdə təhsil alıb. Buranı əla qiymətlərlə bitirib. 1964 - cü ildə Azərbaycan Dövlət Neft və Kimya Institutunun neft - mexanika fakültəsinə daxil olub və buranı böyük uğurla, qırmızı diplomla mühəndis ixtisası üzrə bitirib. Oçerkimizin qəhrəmanı hələ orta məktəbin aşağı siniflərində oxuyarkən, özü sərbəst olaraq qarmon çalğısını öyrənmişdi. Sonralar bu işin onda yaxşı alındığını görüb - dinləyən dost - tanış, qohum - əqrəbanın marağı, tərif dolu sözləri onu sənət aləminə bir addım da yaxınlaşdırmışdı. Atası onun həvəsini görmüş, duyğularını, qabilliyyətini hiss etmiş, oğlunu ustad yanına şagird qoymaq qərarına gəlmişdi. Əbdürrəhman kişi Azərbaycan Dəmir Yolu İdarəsində çalışırdı. O, Azərbaycan ərazisində və ondan kənarlarda hərəkət edən qatarlarda vaqon bələdçisi işləyirdi. Yaxşı pul qazanırdı. Özü də çox abırlı - hörmətli kişi idi. Cəmiyyətdə tanınırdı. Qohum - qonşuda, kəndçiləri və iş yoldaşları arasında ağsaqqal kimi qəbul olunurdu. Onu əksər Bakı musiqiçiləri də tanıyırdılar. Əbdülrəhman məşhur qarmonçalan Məmmədağa Ağayevlə də yaxşı münasibətdə idi. Odur ki, o, oğlunun Məmmədağa Ağayevdən dərs alması arzusunda oldu. Beləliklə məktəbli Həmid 13 yaşından başlayaraq bir neçə il Məmmədağa Ağayevin İçərişəhərdəki evinə getmiş və canı qədər sevdiyi peşənin incəliklərini, xırdalıqlarını, muğamları və çətin ifa olunan xalq havalarını öyrənmişdi. Ustad sənətkar ona çox şey öyrətmişdi. O, öz işindən zövq alırdı. Çünki Həmid onun göstərişlərini dərhal qavrayır, çalğısı ilə müəllimin tələbinə cavab verirdi. Beləliklə Həmid ustadının ən sevimli tələbələrindən biri oldu. Sonrakı dövrlərdə onlar arasında hətta möhkəm dostluq yaranmışdı. Məmmədağa Ağayev Həmidi digər yetirmələrinə nümunə göstərirdi. Hörmət və məhəbbət qarşılıqlı idi. Həmid ustadı ilə fəxr edirdi. "Gül dəstəsi" - qarmonda çalır Hamid Haqverdiyev. Bu kəlmələri radio dinləyiciləri ilk dəfə 1962 - ci ildə eşitmişdilər. Adı çəkilən rəqs melodiyası gənc ifaçının öz bəstəsi idi. Bu rəqs havası Azərbaycan radiosunun fonduna qəbul olunmuşdu. Səkkizinci sinif şagirdi, 15 yaşlı gənc öz yaşına uyğun olmayan tərzdə, əsl peşəkar ifaçılıq qaydaları ilə, şirin barmaqlarla çalmışdı. O, çox erkən yaşlarda özünü təsdiq etmiş, sənətdə öz yerini tapmışdı. Tanış musiqiçilər onu özlərilə toy - nişana da aparırdılar. Bəs necə? Axı o bu işin öhdəsindən gələ bilirdi. Lakin Həmid toylara getməyə elə də meyilli deyildi. Onun məqsədi mükəmməl sənət öyrənərək qabağa çıxmaq, məktəbdə "əlaçı" adını qoruyub saxlayaraq dərin bilik alıb ali məktəbə qəbul olmaq idi. Elə valideynlərin də arzusu onu ali təhsilli, ixtisaslı bir vətəndaş, həm də yaxşı sənətkar kimi görmək idi. Həmid öz arzularını ata - ananın niyyətlərinə qataraq, ali məktəbə qəbul olmuşdu. Gənc tələbə ilk günlərdən təhsilə ciddi yanaşmış, elmin sirlərinə yiyələnmiş və yaxşı oxuyanlar sırasına qoşulmuşdu. O, həm də institutun xalq çalğı alətləri ansamblının ən fəal üzvlərindən biri idi. Yazı müəllifi kimi bildirirəm ki, Həmid adlı istedadlı qarmonçu barədə ilk dəfə 1970 - ci ildə sənət dostum, tar ifaçısı Sübhan Əzizovdan eşitmişəm. Onun xatirələrindən: "Mən 1967 - ci ildə Neft və Kimya İnstitutuna qəbul olunmuşam. 1968 - ci ildə yeni tədris ilindən institutun xalq çalğı alətləri ansamblına üzv yazılaraq bu kollektivdə tar çalmağa başladım. Ansamblın rəhbəri tarzən Fərhad Paşayev idi. Həmidlə tanışlığımız buradan başladı. O, ansamblın çox mahir qarmonçalanı idi. Sənət fədaisi olan bu adam məşqlərimiz zamanı bir dəqiqə də boş dayanmır, ele hey çalırdı. Fasilə veriləndə də onu məşq edən görürdük. Samballı çalğısı, iti barmaqları var idi. Onu dinləmək adama zövq verirdi". Mahir nağara ifaçısı Rafiq Budaqovun (ləqəbi Eysebio) söylədikləri: "Mən 1969 - 1971- ci illərdə Həmidlə birlikdə Neft və Kimya İnstitutunun mahnı və rəqs ansamblında çalışmışam. Elə o vaxtlardan özünü yaxşı qarmonçalan kimi göstərmişdi. Tələbəlik illərində o, musiqiçilər, xanəndələr toplaşan filarmoniya bağına gələrdi. Dərslərdən sonra gəldiyi üçün daim əlində portfel olardı. Onunla toylara çox getmişik. 1967 - ci ildən onun həbsinə qədər şənliklərdə çalmışıq. Klarnetçalan Bayram, mən və Həmid Bakıda və Sumqayıtda toy - nişanda çalardıq. Toyların əksǝriyyəti Sumqayıtda olurdu. Bunun da əsas səbəbi Bayram Vəliyevin orada sevilən sənətkar olması və Həmidgilin dağlı qohum - qəbiləsinin əksəriyyətinin Sumqayıtda yaşaması idi. Həmidin atası qohum - əqrəbanın ağsaqqalı və hörmətli şəxsi sayılırdı. Bütün qohumlar öz toylarını Həmidlə vədələşirdilər. Bir yandan Bayramla, bir yandan Həmidlə danışılan toylar çox olduğu üçün işimizin qaynar, sənətimizin məhsuldar dövrü idi. Həmid bir sənətkar kimi toylarda daha da yetişdi". 1968 - ci ildə Moskvanın "Melodiya" firmasının Tiblisi şəhərindəki filialı Həmid Haqverdiyevin qrammafon valını buraxaraq geniş yaymışdır. Sənətkar burada "Qarabağ", "Güləri", "İlahə", "İlhamı" rəqslərini çalmışdır. Bunlar onun öz işləmələri, öz bəstələri idi. Bu ifaların nağara müşayiətçisi Almaz Quliyev olmuşdur. Könül oxşayan bu rəqslər radio fonduna daxil edilmişdir. Həmin melodiyaların hər biri o dövr üçün həddindən artıq maraqlı və orijinal ifalar idi. 21 yaşlı bir gəncin belə səviyyəli işi diqqəti çəkmiş və böyük marağa səbəb olmuşdur. Onu xüsusi qeyd edirik ki, onun çaldığı "Qarabağ" rəqsi dərhal sevilmiş, populyar olmuş və bütün gənc qarmonçalanların və o sıradan bu yazı müəllifinin repertuarında özünə yer almışdı. Həmin rəqs havası sonralar "Hop - stop" adı ilə klarnet ifaçılarının repertuarında əks olunaraq uzunömürlülük "vəsiqəsi" almış, toylarda daim ifa olunmuş və bu günümüzə qədər gəlib çatmışdır. Məharətli qarmonçalan Teyyub Teyyuboğludan aldığımız müsahibə: "Mən Həmidlə çox yaxın olmuşam. Onun ifasını bəyənmişəm. Çalğısında sərbəstlik, aydınlıq, çeviklik və güc var idi. Qarmon sənətinə yeni üslubla gəlsə də, bu ifalarda milli forma da özünü əks etdirirdi. Öz ifasında akkordeonda olduğu kimi birinci barmağın (baş barmaq) istifadəsinə də yer verirdi. Bəzən ifanı başlayan andan, bəzən də çalğının ortasında müəyyən mürəkkəb cümlələrdə baş barmaqdan ustalıqla istifadə edirdi. O dövrdə qarmon çalğısında bu kimi işlər də yenilik idi. Qarmonun klassik ifaçılıq ənənəsində, milli üslubda, elə bizim yaşıdların sənətə gəldiyi anlarda birinci barmaqdan istifadə olunmayıb. Lakin bizim bu sənətdə tanındığımız anlarda istisnalar var idi. Aftandil, Həmid, mən və bir neçəsi baş barmaqla ifaya meyl etmişik. Mən Ağası Məşədibəyovun Azərbaycan Dövlət Filarmoniyasında yaratdığı xalq çalğı alətləri ansamblının qarmonçalanı idim. Odur ki filarmoniyanın binasına daxil ola bilirdim. Həmidi də içəri buraxdırırdım. Fortepiano olan geniş otağa gedib, orada bir neçə saat məşq edirdik. Mən piano arxasına keçib onu müşayiət edirdim. O, bilirdi ki, mən musiqi məktəbində yeddillik fortepiano sinfini bitirmişəm. Odur ki, məndən xahiş edirdi onu müşayiət edim. Hər dəfə qarmonu götürüb filarmoniyaya mənimlə məşq etməyə gələndə onda sevinc hissləri özünü biruzə verirdi. Musiqi təhsili aldığım üçün harmoniyaya bələd olmuşdum. Həmid, çalğısının fortepianoda harmonik akkordlarla müşayiət olunmasından ruhlanır, ilhama gəlir və ifasında qəribə, çox maraqlı gəzişmələr meydana çıxırdı. Deyirdi: - Ay Teyyub, sənin akkordların beynimə yeni fikirlər gətirir, bədahətən təzə cümlələr, çalğı yolu gəlir ağlıma. Deyim ki, Həmidin çalğı manerası, zəngin gəzişmələri mənim çox xoşuma gəlirdi. O, həm də Teyyub Dəmirovun, Məmmədağa Ağayevin rəqslərini mükəmməl bilir və bəzən bunları elə ǝla tərzdə çalırdı ki, adam mat qalırdı. Bu kimi rəqslərdə təbii ki, onun öz çalğı manerası, öz üslubu, geniş imkanları daxilində daha cazibədar və yar - yaraşıqlı səslənirdi. Bizim filarmoniyadakı məşqlərimiz dörd - beş dəfə təkrar olunmuşdu və hər ikimiz bu işdən zövq almışdıq". Həmid Haqverdiyev qarmon sənətinin parlaq simalarından birinə çevrilmişdi. O, o dövrdə nəinki özündən sonra meydana çıxan qarmonçuların, hətta öz yaşıdlarının diqqətini özünə cəlb etmiş və onlar üçün bir nümunə olmuşdu. Onun öz çalğı üslubu tez bir zamanda öz təstiqini tapmış və qəbul olunmuşdu. Onun ifalarını maqnitofon lentlərinə yazıb öyrənməyə başlamışdılar. Həmidin ifaları keçmişlə bu günü birləşdirir desək, səhv etmərik. Həmidin ifa tərzi qarmon sənətimizin keçmişi və bu günü arasında möhkəm bir körpüdür. Artıq son on - on beş ildə qarmon ifaçılarımız Həmidin sənət izini tapmış, onun ifa yoluna üz tutmuş, orada onlara lazım olan cǝhətləri əxz edərək öz çalğı maneralarına gətirmişlər. Onun öz yaradıcılıq məhsulu olan rəqslərin bir neçəsi qarmon repertuarına daxil olmuşdur. Belə melodiyalardan ən zəngin çalarlısını, cǝld barmaqlarla çalınanını "Həmidi" rəqsi adı ilə çoxları ifa edir. Həmid Haqverdiyevin beş, müxtəlif illərdə lentə yazılmış on ifası: "Qoçəli", "Gül dəstəsi", "Şən rəqs", "Rəqs melodiyası", "Qazağı", "Aygül", "Kolxoz", "Təbəssüm", "Şalaxo", "Tǝrǝkəmə" adlı oyun havaları və "Şur" muğamı Azərbaycan Dövlət Səsyazıları Arxivində qorunur. Görkəmli sənət adamlarımızın nadir ifaları toplanmış lentlərin qorunmasında həmin idarənin rəisi Yaqub Mədətova yalnız minnətdarlıq etməliyik. Belə arxiv idarələri keçmiş SSRİ - nin bütün respublikalarında mövcud olmuşdur. Lakin, hazırda bu yalnız Moskva və Bakı şəhərlərində qorunub saxlanılır. Həmid Haqverdiyev savadlı, elmli şəxs olduğu üçün ədəbiyyata, şeyriyyətə də bələd idi. Müşviqin yaradıcılığını çox sevirdi. O, sevimli şairin əksər şerlərini əzbər bilirdi. "Musiqi səninçün nədir?" - dedikdə buna Müşviqin şeiri ilə cavab verirdi. Onda daxilən kövrəklik də var idi. Həmid lap az, cəmi 33 il yaşadı. Lakin, qarmon ifaçılığında öz izini qoyub getdi. O, çox çılğın, haqsızlıqla barışmayan, söz götürməyi bacarmayan, əyilməyən, inadkar bir adam idi. Məhəllə adamlarından, tay -tuşlarından biri, vəzifəli şəxsin övladı onu təhqir etmişdi. Buna dözməyən Həmid onu qətlə yetirmişdi. Öldürülən oğlanın adamları hakimdən ölüm cəzası tələb edirdilər. O zamanlar cinayət məcəlləsində ölüm hökmü mövcud idi və Həmid bununla cəzalandırıla bilərdi. Lakin, görünür savadlı, elmli olması, orta və ali təhsili yüksək göstəricilərdə başa vurması və ilk dəfə cinayət törətməsi nəzərə alındığı üçün ona, cəzasını xüsusi rejimli islah - əmək müəssisəsində çəkməklə uzunmüddətli iş kəsilmişdi. Beləliklə sənət fədaisi olan, həddən artıq istedadlı bir insanın ifaçılıq karyerası beləcə bitdi. Həyatı isə, o, ikinci dəfə həbsxana divarları arasına düşərkən sona yetdi. Məşhur qarmonçalan - müğənni Hüseyn Həsənovdan aldığımız müsahibə: "Mən Respublika müəllimlər evinin özfəaliyyət xalq çalğı alətləri ansamblında çalırdım. Rəhbəri tanınmış tarzən, əməkdar artist Baba Salahov olan bu ansambl "Arzu" adlanırdı. Baba müəllim həm də Azərbaycan Teleradio Verlişləri Komitəsinin "Araz" xalq çalğı alətləri ansamblına da rəhbərlik edirdi. Bu ansamblı da o, özü yaratmışdı və burada qarmon ifaçısı Aftandil İsrafilov idi. 1967 - ci ildə Aftandil Azərbaycan incəsənət ustalarının tərkibində Hindistana səfər etmişdi. Baba Salahov mənə dedi ki, televiziyada konsertimiz var. Aftandil burada yoxdur, məşqə gəl, konsertə çıxaq." Mən əvvəl Aftandilin yerinə televiziyaya çıxmağa cürət etmədim. Fikrimi də ona bildirdim. Lakin, sonra müəllimimizin sözünü yerə salmayıb razılıq verdim. Cəmi bir dəfə məşq edib canlı çıxışa getdik. Ansambl xalq artisti Sara Qədimovanı müşayiət edirdi. Onun repertuarında "Segah təsnifi" də var idi. Bunu "do" kökündə oxuyurdu. Təsnifin arasında "Segah" ı mən çalırdım və müğənnini müşayiət edirdim. Bu Baba müəllimin tapşırığı və Sara xanımın razılığı ilə olmuşdu. Özüm də hiss etdim ki, canlı çıxışda solom yaxşı alındı. Konsertin səhəri günü filaroniyanın bağına gəlmişdim. Sənətkarlar üç - bir, dörd - bir, toplanıb söhbət edirdilər. Onu da deyim ki, o vaxta qədər musiqiçilərin toplaşdığı bu məkana demək olar ki gəlmirdim. Çox adamı tanımırdım axı.. Bağa daxil olub tanıdığım musiqiçilərə yaxınlaşıb dayanmışdım ki, bir nəfərin mənə tərəf gəldiyini gördüm. O, diqqətlə üzümə baxıb soruşdu: - Dünən televiziya konsertində Sara Qədimova üçün muğam çalan sən idin? "Hə" cavabı aldıqda çalğının, ifa tərzinin xoşuna gəldiyini bildirdi. Onu da dedi ki, o, həmin anda müəllimi Məmmədağa Ağayevin evində imiş və konsertə birlikdə tamaşa edirlərmiş. Məmmədağa Ağayev maraqlanıb ki, görəsən bu cavan oğlan kimdir? Həmid söylədi ki, müəllimin sualına görə ekrana yaxınlaşdım ki, qarmonçalanın kim olduğunu təyin edim, lakin tanıya bilmədim. 17 yaşlı bir qarmonçalanın o dövrdə "Do" tonallığında "Segah" çalması, üstəlik televiziyada, canlı çıxışla belə sərbəst bacarıq göstərməsi maraqlı hadisə idi. Həmid öz adını dedi, tanış olduq. Mən də çox sevindim ki, belə mahir bir qarmon ifaçısı, tanınan şəxs mənimlə maraqlandı, çalğıma qiymət verdi. Fərəhimə səbəb olan bu tanışlıq yaxın əlaqələrimizi yaratdı, yoldaşlıq etdik və az sonra dost olduq. Tez - tez evlərinə gedib, üzbəüz əyləşib onu diqqətlə dinləyirdim. Onun çalğısı həddən artıq cəlbedici idi. Maraqlı cəhətin biri də o idi ki, Həmid öz ifalarını sol əldə akkordlarla çox gözəl müşayiət edirdi. O, sağ əl ilə çaldıqlarının sol ǝlin akkordları ilə ritmini tuturdu. Yarımtonlarda işləməyi çox sevirdi. Texniki imkanlara meyl edirdi və özünü çətinləyə alışdırırdı. Mən etiraf edirəm ki, onun sənətindən bəhrələnmişəm. Mənim sənət inkişafımda onun da sənət təsiri olub. Həbsxanaya düşənə qədər onunla sənət əlaqələrində və fikir mübadiləsində olmuşam. Heyf, çox heyf ki, nümunəvi qarmon ifaçısının taleyi belə oldu. O, qarmon sənətinin inkişafı üçün çox iş görə bilərdi. Bu adam sənətə ildırım sürəti ilə gəlmişdi.. O, sənətindən zövq alırdı. Bir dəfə filarmoniyanın bağında eşitdim ki, müğənni Mais Məmmədov (1939 - 1998) həbsxanada konsert vermək üçün qrup yığır. Maraqlandım və bildim ki, Həmidin olduğu cəzaçəkmə müəssisəsinə gedəcəklər. Həmidi görmək istədiyim üçün məni də qrupa daxil etməsini Maisdən xahiş etdim. Məlum oldu ki, konsert qrupunda qarmonçalan var, bu Xanlar Qəribovdur. Maisǝ dedim ki, Xanlar həm də pianoçudur. O, ansamblda piano çalar, mən də qarmonu ifa edərəm. Əgər oradakı səhnədə piano olmasa Xanlar elə qarmon çalar, mən solist kimi bir neçə solo ifa edərəm. Təki imkan olsun ki, mən ora gedim və dostum Həmidi görüm. Razılaşdıq və məhbuslar üçün konsertə getdik. 1 saylı cəzaçəkmə müəssisəsinə çatarkən oranın rəisinə birinci sualım bu oldu ki, Həmid hanı? O da bildirdi ki, Həmid bizim tədbirlərdən yayınır. Rəis sözünə davam edərək dedi: - Mən çox istəyirəm ki, Həmid mənim otağımda qarmon çalsın, onu dinləyim. Mən musiqi vurğunuyam. Hǝmidin sənətini də çox sevirəm. Ona deyirəm ki, evdə köhnə qarmonumuz var, onu yaxşıca təmir etdirim və gətirib qoyum bu otağa, ürəyin istəyəndə gəl çal. Sən məşq elə ki, sənətini yadırğamayasan, mən də dinləyim, xoşhal olum. O isə razı olmur. Konsertimiz çox maraqlı keçdi. Məhbuslar arasına göz gəzdirdim. O da zalda əyləşmişdi. Baxışlarımızla salamlaşıb görüşdük. Tədbirdən sonra ishal - əmək müəssisəsinin rəisi konsert qrupu üçün öz otağında çay və şirniyyat süfrəsi düzəltdirmişdi. Bizi ora dəvət etdi. Rəisdən Həmidin də dəvət olunmasını təvǝqqe etdim. O, razılıq verdi və onu da əlavə etdi ki, Həmid gəlsə də qarmon çalmayacaq. Söylədim: - Rǝis, o, bizim ən yaxın sənət dostumuzdur, xahiş edərik bir şey çalar. Şəxsən mənim özüm üçün onun ifasını eşitmək çox maraqlıdır. Həmidi çağırtdırdılar, gəldi, görüşüb, hal - əhval tutub söhbətləşdik. Hamı onu dinləmək arzusunda olduğunu bildirdi. O isə razılaşmadı. Belə olduqda onu bir kənara çəkdim, dost kimi xahiş etdim, sənətinə həsrət qaldığımı və dinləmək istədiyimi dilə gətirdim. Həmid sözümü qəbul etdi və qarmonu götürdü. Həbsə düşdüyü vaxtdan o ana qədər əli qarmona dəyməmişdi. İndiyə qədər yadımdadır ki, alətdə bir az gəzişmələr edib barmaqlarını açandan sonra "Laçın" xalq mahnısını, ardınca "Zemfira" rəqsini çaldı. Onun ifasının ilk cümləsindən son akkorduna qədər hönkürüb ağladım. Hiss edirdim ki, həyəcanlanır, kədərli anlar yaşayır və pərt olur. Vallah, çox təsirli səhnə idi. O, əvvəlki virtuoz çalğısını göstərə bilmirdi. Mən ona məsləhət gördüm ki, müəssisə rəisi ilə yaxın olsun, sözünü eşidib, onun otağında məşq eləsin ki, ifasını yadırğamasın. O isə bildirdi ki, bunu heç vaxt etməyəcək. Həbsxananın öz qayda - qanunları, dustaqların öz düşüncəsi, öz psixologiyası, öz fikirləri və hər işə öz baxışı var. Rǝhbərliyin otağına gedib gəlməyimə pis baxacaqlar, məni onların adamı sayıb, içəridən bayıra xəbər aparıb - gətirən kimi qələmə verəcəklər. Bu Həmidlə mənim sonuncu görüşüm idi. Sonrakı taleyindən isə xəbərim olmadı". Müəllifdən haşiyə: "Bakı Elektrik Maşınqayırma zavodunun mədəniyyət və texnika sarayında qarmon sinfinin müəllimi işləyirdim. Həm də burada qardaşım Rəhmanın rəhbərlik etdiyi xalq çalğı alətləri ansamblında qarmon çalırdım. Ansamblda çalmaqda məqsəd həm qardaşıma kömək etmək və həmçinin müntəzəm məşqlərdə olaraq sənət formamı qorumaq idi. Bizim ansambl dövlət bayramlarında 1saylı ishal - əmək müəssisəsinə konsertlərə göndərirdilər. Çünki, zavodun bir sexi həmin müəssisədə idi. Məhbuslar həmin sexdə BEMZ - də hazırlanan elektrik motorları üçün müəyyən hissələr hazırlayırdılar. Odur ki, zavodun mədəniyyət sarayı həmin ishal - əmək düşərgǝsinin bayram tədbirlərini himayə edirdi. Növbəti tədbir Sovet dövlətinin 7 noyabr bayramı ilə əlaqədar idi. Ora konsertə gedirdik. Müəyyən bir iş ardınca rayona göndərilən qardaşım Rəhmanı ansamblın rəhbəri kimi mən əvəz etməli oldum. Ansamblı topladım, məşqləri edib, konsert proqramını hazırladım. 1 saylı həbs düşərgəsinə gedəcəyimizi eşidən tarzən Əfqan İbrahimov onun da konsertə aparılmasını xahiş etdi. Mən razılıq verdim. Konsert günü görüş yerinə o, məşhur müğənni Zaur Rzayevlə gəldi. Onlar yaxın dost və qohumdurlar. Əfqanın kiçik qardaşı da həmin həbsxanada cəza çəkirdi. Konsertə daha səviyyəli heyətlə gedirdik. Həbsxanada Əfqangil həm qardaşı, həm də Həmidlə görüşdülər. Düşərgənin klubunun səhnəsində səsgücləndirici cihazları quraşdırıb, səhnə arxasında artistlər üçün mövcud olan otaqda simli alətləri kökləyənə qədər onların əziz adamları ilə görüşməsi üçün yaxşı imkan yaranmışdı. Yeri gəlmişkən fikir söyləməliyəm ki, Zaur Rzayev populyarlaşdığı ilk illərdə və ondan əvvəl də Həmidlə çox yaxın olub. Onun sənəti Zaurun xoşuna gəlirdi. Odur ki, onunla razılaşdırılmış şəhər toylarının əksəriyyətinə özü ilə Həmidi də aparırdı. Onların sənət yoldaşlığı yaxşı tuturdu. Həm də bir - birinə hüsn - rəğbət göstərirdilər. Elə filarmoniyanın bağında dəfələrlə Zaur Rzayevin dilindən Həmidin çalğısı haqqında tərifli sözlər eşitmişdim. Həmid həbs olunandan sonra Zaur Rzayev öz toy ansamblına digər qarmon ifaçılarını gətirdi. Mətləbə qayıdaraq bildirirəm ki, konsert ilk anlarından öz səviyyəsini aldı və sürəkli alqışlarla qarşılandı. Mən həm də konsertin aparıcısı idim. Bir neçə musiqi təqdim etdikdən sonra zaldan səslər gəldi. Onlar "Həmid", "Həmid", "Həmid çalsın", "Həmidi eşidək" deyirdilər. Mən sağ əlimi qaldırıb onları sakitləşdirib dedim: - Arxayın olun, Həmid səhnəyə dəvət olunacaq. Onsuz da əvvəldən fikrimizdə olub ki, sənət yoldaşımız Həmidin ifası üçün bu səhnədə şərait yaradaq. Konsertin əvvəlində zala nəzər yetirdikdə Həmidin səhnə qarşısında üçüncü sırada əyləşdiyini müşahidə etmişdim. Ansamblın qarşısında, səhnənin ön tərəfində kətil, üstünə də qarmonumu qoydum. Həmidi təm - təraqla səhnəyə dəvət etdim. Zalı alqış bürüdü. O gəlib səhnədə bərqərar olundu və çalmağa başladı. Son nöqtəni vurarkən başını qarmonun üstünə qoyub ağladı. Konsert briqadamızın bütün üzvləri mütəəssir oldular. Bax, Həmidi sonuncu dəfə belə gördüm. O, cəzasının çox hissəsini çəkərək azadlığa buraxılıbmış. Lakin az müddətdən sonra yenidən həbs olunub. Axı düşmənli idi. Onun azadlıqda gəzməsi ilə barışa bilməzdilər. Həmidin qohumu Qurbanın söylədiklərindən: "O, öldürdüyü şəxsin məzarını ziyarət etməyə mənimlə birlikdə getdi. Orada çox mütəəssir oldu, kövrəldi və pıçıltı ilə: Nə özün yaşadın, nə məni yaşamağa qoydun" - dedi. Əziz oxucu! Uğurlu başlamış ömür və sənət yolunun bədbəxt nəticə ilə sonuclanması onun doğmalarını, biz sənət yoldaşlarını ağrıtdığı kimi sizi də incidəcək. O, sağ qalsa idi, qarmon sǝnəti üçün çox iş görə biləcəkdi. Az zaman kəsiyində yiyələndiyi ifa tərzini, daha da rövnəqləndirəcək, yaratdığı melodiyaların, ifa etdiyi xalq havalarının sayını artıracaq və bu günkü məşhur sənət adamlarımızın sırasında dayanacaqdı. Lakin acı tale buna imkan vermədi. Onun haqqında yazılan bu oçerki tamamladıqdan sonra yazı masamın arxasından çəkilib dincəlməyə getdim. Qǝribə hisslər məni yuxulamağa qoymadı və beynimə bir neçə bənd şeir gəldi. Yataqdan qalxıb masa arxasına gəldim və acı tale yaşamış bu insanın xatirəsinə aşağıdakı şeiri yazdım.
Nərmǝnazik oğlan idi,
İstedadlı cavan idi,
Mahir qarmonçalan idi,
Sənətdə iz qoydu Həmid,
İzini düz qoydu Həmid.
Sənət ona qol - qanaddı,
Daim bu işə can atdı,
Öz üslubunu yaratdı,
Usta, pərgar idi Həmid,
Əsl sənətkar idi Həmid.
Qamon onun ürəyiydi,
Qazandığı çörəyiydi,
Hər bir zaman gǝrǝyiydi,
Sənətdə bir boydu Həmid,
Öz yolunu qoydu Həmid.
İstedaddan yoğrulmuşdu,
Musiqiyçün doğulmuşdu,
Bu iş üçün çağrılmışdı.
Allahdan pay idi Həmid,
İşıqlı ay idi Həmid
O, təhqirə dözəmmədi,
Çılğınlığından enmədi,
Fikrindən geri dönmədi,
Cinayət törətdi Həmid.
Məhbəslərə getdi Həmid.
Zil nəğmələri bəm oldu,
Taleyi acı, kəm oldu,
Həyatı dərd - ələm oldu,
Ağır bir iş etdi Həmid,
Həm də bir ibrətdi Həmid.
Acı taleh yaman olur,
Çox uğursuz zaman olur,
İnildǝyǝn kaman olur,
Tələsdi, səhv etdi Həmid,
Tamam oldu, bitdi Həmid.
Ömrünün baharı soldu,
Ürəyinə kədər doldu,
Yeri həbsxana oldu,
Sənəti tərgitdi Həmid,
Belə sona yetdi Həmid.
Ayrı düşdü qarmonundan,
Ömrünün xoşbəxt anından,
Qaldı sənət karvanından,
Həyatdan tez getdi Həmid,
Unuduldu, itdi Həmid.
Mən nə deyim bu fəlǝyǝ,
Törətdiyi bu kəlǝyǝ,
Ağı deyək bu taleyǝ,
Zaman sazın çaldın, Həmid!
Yerinsə boş qaldı Həmid!
Qalıbdı lent yazıları,
Zəngin gənclik ifaları
Ondan öyrənir çoxları,
İndi örnək olub Həmid,
Könüllərə dolub Həmid.
09.02.2012. Ə.Rəhmanlı.
______________________________________________________________________
Əhsən Rəhmanlı “Qarmon ifaçılığı sənəti və onun Azərbaycanda tədrisi”, Bakı “MBM” 2014, Səh. 298 – 305.