Mən onun ifasını ilk dəfə 1976 - cı il dekabr ayının sonlarında eşitmişəm. Həmin il fevral ayının 5 - də məndən 4 yaş böyük qardaşım Rəhmanın öz mənzilində ailə üzvləri, doğmaları və dostları ilə birlikdə qeyd etdiyi ad günündə yaxşı çalıb - oxumaq olub. Həmin vaxt mən Ukrayna Respublikasında hərbi xidmətdə olmuşam. 1976 - cı il dekabr ayının əvvəllərində hərbi xidmətdən Bakıya qayıdıb doğmalarıma qovuşmuşam. Rəhman öz ad gününü qeyd etməsi haqqında söhbət etdi, kimlərin iştirak etmasindən söz saldı və maqnitofonu şəbəkəyə qoşdu. Qarmonun zəngin çalarlı xoş ahəngi otağa yayıldı. İki il hərbi xidmətdə olub Azərbaycan musiqisindən uzaq düşmüş bir qarmon ifaçısına bu səsin necǝ təsir etdiyini təsəvvür edə bilərsinizmi? Lentdən eşitdiyim "Rast" muğamının "Bərdaşt" ını "Əraq" la başlamışdı. (Yeri gəlmişkən qeyd edək ki, bir çox xanəndələrimizin radio fonduna daxil olmuş "Rast" muğamı ifalarında tarzənlərimiz "Bərdaşt"ı "Novruzi - rəvəndə" ilə yox, məhz "Əraq" la başlayıblar. Əslində isə "Rast" ın "Bərdaşt" "Novruzi - rəvəndə” dir. Musiqi tədrisində də belə öyrədilir və son 20 - 30 ildə də bütün konsertlərdə belə eşidirik) Mətləbə qayıdaq. Maqnitofonda eşitdiyim "Bǝrdaşt" ı qarmonçalan səlis, aydın, bitkin cümlələrlə, peşəkar barmaqlarla elə ifa edirdi ki, heyran olmamaq mümkün deyildi. Dərhal qarmonçalanın kim olduğunu soruşdum. Qardaşım onun Faiq Süleymanov olduğunu söylədi və bu gəncin çox istedadlı qarmonçalan olmağından söz açdı. Söhbət əsnasında Rəhmanın ad günündə çıxış edən musiqi üçlüyünün klarnetçalan Akif Qürbətov, qarmon ifaçısı Faiq Süleymanov və nağaraçı Keşlǝli Nadirdən ibarət olduğu bəlli oldu. Adı çǝkilən musiqiçilər və qarmon ifaçısı, mərhum Fərhad Salamov Rəhmanla sənət yoldaşlığında idilər. Faiqin ustalıqla müşayiət etdiyi "Rast" ı və təsnifləri oxuyan böyük qardaşım İsrafil olmuşdu. Beləliklə həmin vaxt Faiq Süleymanovu bacarıqlı qarmonçalan kimi kəşf etmiş və sonrakı dövrlərdə onun yaradıcılıq yolunu bacardığım qədər izləmişəm. Faiq Ağamehdi oğlu Süleymanov 1956 - cı il oktyabrın 2 - də Bakıda anadan olub. Əslən içərişəhərlidirlər. Bu ailədə beş övlad böyüyüb. Faiq üçüncüdür. Atasının anası Rübabə xanımın (1910 - 1994) qarmon çalmaq bacarığı var idi, yarımtonsuz qarmonda xalq havalarını şirin - şirin çalardı. O, bu işlə özü, ailəsi üçün, həvəskar kimi məşğul olurdu. Balaca Faiq ilk dəfə qarmonu nənəsində görüb, onun ifasından eşidib. Rübabə xanımın 67 yaşı olanda nənənin çaldığı qarmon səsinə daha çox diqqət kəsilmiş, maraqlanmağa başlamışdı. O, sinini götürüb dizləri üstə qoyar, elə təsəvvür yaradardı ki, guya qarmon çalır. Ondan böyük qardaşı Səməd ǝla nağara çalmaq qabiliyyətinə sahib idi. Teleradionun "Qərənfil" məktəblilər ansamblında çalır, "Bənövşə" uşaq xorunu müşayiət edirdi. Faiq xatırlayır ki, onun uşaqlıq illərində qohum - qəbilənin toy - büsatının qadın şənliklərinə dəfçalan xanım (xalq artisti, xanəndə Tələtin anası) öz qarmonçalanı ilə, kişi məclislərinə isə Talǝt Qasımov gələrdi. Klarnetçalan Suliddin İsmayılov və ya Məhərrəm Zeynalov olardı. Faiqin atası Ağamehdi Məhərrəm Zeynalovla dost idi. Ağamehdigil Bakımızın köhnə məhəllələrindən birində "Sovetski" də (Sovet küçəsi) yaşayırdılar, sonra isə ailə Yasamal yaşayış sahəsinə köçmüşdü. Odur ki, Faiq əvvəl 173, sonra isə Yasamaldakı 13 saylı orta məktəbdə oxuyub. Onun ümumtəhsil dövrü 1963 – 1973 - cü illəri əhatə edir. Çox maraqlı və istisna haldır ki, Faiq 7 yaşında olarkən qarmon sinfinə gəlib. O, Respublika Müəllimlər Evində fəaliyyət göstərən 5 illik qarmon sinfində təhsil alıb. Ona Tofiq Quluyev (o, həm də ixtisasca tarzən idi) dərs deyib. Balaca Faiq qarmon çalmağa o qədər həvəskar idi ki, alǝtin ona ağır gəldiyinə də məhəl qoymur, çalmaq, elə hey öyrənmək istəyirdi. Bütün bunları görən, duyan ata belə az yaşlı oğlunu qarmon sinfinə qoymalı olmuşdu. Müəllimi də bunu həmişə qeyd edirdi ki, bu uşaq enerjilidir, yorulmazdır, istedadlıdır. Faiq xatırlayır ki, Tofiq müəllim ona ilk dəfə ən sadə, kiçik bir melodiyanı, "Şən qazlar" Ukrayna xalq mahnısını öyrətmişdi. Sonralar isə proqrama əsasən sadədən mürəkkəbə doğru xeyli materialı mənimsəyən Faiq irəliyə doğru getmişdi. Erkən musiqiyə gəlməsi onun kiçik yaşlardan inkişaf etməsinə və sənət üçün tez formalaşıb yetkinləşməsinə xidmət etmişdi. Faiq onun oxuduğu qarmon kursunda təhsil alan istedadlı uşaqların, sonradan yaxşı qarmonçalan kimi yetişən Fuad Əliyev (Kürdəxanıdan), Yusif Ağayev və digərlərinin adını hörmətlə çəkir. Yusif sonralar xeyli müddət Azərbaycn Dövlət Mahnı və Rəqs ansamblının aparıcı qarmonçalanı olmuşdur. Fuad Bakı toylarının əsas qarmon ifaçılarından birinə çevrilmişdir. Respublika Müəllimlər Evindəki musiqi təhsili ilə kifayətlənməyən Faiq həm də qaboyçalan Kamil Cəlilovdan muğam dərsi almışdır. Onlar o zaman Yasamalda qonşu idilər. K.Cəlilov həm də balaban (dǝmkeş), qarmon və nağara ifaçısı olmuşdur. Faiq Kamil müəllimdən ən çox işlənən, toy - büsatda, konsertlərdə, xanəndə müşayiətində lazım olan muğamları öyrənmişdi. Sonralar musiqi aləmindəki geniş fəaliyyəti muğamlara onun daha yaxından bələd olmasına şərait yaratmışdı. Faiqin bir qarmon ifaçısı kimi yetişməsində o zamankı Bakı musiqi mühitinin, radiodakı, televiziyadakı konsertlərin, toy şənliklərindən yazılmış maqnitofon lentlərinin də mühüm əhəmiyyəti olmuşdur. Konsertlərdən, lentlərdən öyrəndiklərini öz ifasına gətirərək Faiq evdə daim məşq edirdi. Mahir qarmon ifaçıları Məmmədağa Ağayev, Səttar Hüseynov, Zakir Mirzəyev və Aftandil İsrafilovun radio lentləri və qrammafon vallarındakı ifalar həlledici dərəcədə Faiqin köməyinə çatmışdı. Faiq Aftandilin Bakı toyxanalarından çalğıları toplanan maqnitofon lentlərini də əldə edib dinləmiş, virtuoz çalğı qaydalarına meyl etmişdi. İstedadlı musiqiçi olacağına ümid yaradan Faiq Süleymanov 13 yaşından sənətə daxil olmuş və şadyana məclislərdə çalmağa başlamışdır. O, getdiyi ilk toy haqqında belə söyləyir: "Klarnet ifaçısı Nəsrullah Səmədov, dǝmkeş - balabançı Məmməd Hüseyn İbrahimov, nağaraçalan -xanəndə Məmmədəli Əliyev (Sail təxəllüslü qəzəlxan – şair - Ə.R.) ilə birlikdə olduq. Onlar sonralar da bir müddət məni toylara apardılar. Mən 14 yaşlı uşaq, onlarsa yaşa dolmuş sənətkarlar olsalar da pul bölgüsündə fərq qoyulmurdu. Onların hər birinə düşdüyü pay qədər mənə də pul verilirdi. Beləliklə mən ilk sənət tərbiyəmi belə insanlardan götürdüm. Belə hallar mənim üçün nümunə, örnək və məktəb idi." Həmin vaxtlar Kamil Cəlilov Faiqi uşaq bağçalarındakı tədbirlərə çalmağa aparırdı. Faiqi dinləyirəm: "1970 - ci illərdə klarnetçalan Şəmsi İmanov, qarmonçalan Avtandil İsrafilov ǝn mahir və populyar sənətkar kimi toyların yaraşığı idilər. Hər birinin də öz dəstǝi var idi. Lakin bu iki sevimli sənətçini öz şənliklərində birlikdə görmək istəyənlər də olurdu. Odur ki, bəzi hallarda Şəmsi və Avtandil toylarda birlikdə çalırdılar. Düzdür, onların ifa tərzi bir - biri ilə o qədər uyuşmasa da, hər halda məclislərdə olurdular. Şəmsi ilə Aftandilin eyni toyda birləşdiyi anlarda mən Aftandilin dəstəsilə, Vəli Qədimovla şənliklərə gedirdim. Bu hallar, Vəli və onun sənət yoldaşları ilə birlikdə çalmağım mənim sənət artımıma təkan verdi. Aftandil Şəmsi ilə digər toylara gedəndə öz dəstəsində yerinə məni qoyurdu. O zamanlar Aftndili Əmircan və Suraxanı toyxanalarına tez - tez dəvət edirdilər. Həmin vaxtlar Aftandilin toy ansamblının müğənnisi Rövşən Behcət idi. 1977 - ci ildə Aftandil İsrafilovun qardaşı Ənuşiravanın toyunda Vəli Qədimovla mən çaldım." Faiq Süleymanov sonrakı illərdə Azərbaycan Neft və Kimya İnstitutunun "Gənclik" mahnı və raqs ansamblının ştatda olan işçisi olmuş, rəqs quruluşlarını məharətlə müşayiət etmişdir. Rəqsin rəhbəri əməkdar artist, məşhur baletmeyster Kamil Dadaşov, xorun rəhbəri Ənvər Məmmədov, konsertmeyster, tarzan Yadigar Əliyev idi. Yəhudi əsilli mahir qarmonçu - müğənni Xaniko Yegizarov da bu ansamblın işçisi idi. Fikrət Əliyev balaban, tütək və klarnet çalırdı. Bu ansambl baxış -müsabiqələrdə, festivallarda çıxış etmiş, yüksək nailiyyətlərə imza atmış, keçmiş SSRİ məkanında, xarici dövlətlərdə bir - birindən uğurlu çıxışlar etmişdi. Faiq Süleymanov Çexoslovakiya, Polşa, Rumıniya, Bolqarıstan, Yuqoslaviya, Almaniya Demokratik Respublikası və digər ölkələrdəki səfərləri indi də xatırlayır və bütün bunları sənətinin, həyatının maraqlı anları sayır. Onu da qeyd etməliyik ki, rəqs ansamblının musiqiçisi olmaq çətin və məsuliyyətlidir. Faiq bu çətinliyin öhdəsindən gələ bilirdi. Faiqin xatırladıqlarından: "Mən 1975 - ci ildən etibarən 5 - 6 il "Şənlik" x.ç.a. ansamblının da qarmonçalanı olmuşam. Məndən əvvəl bu ansamblın qarmonçalanı Əhliman Zabitoğlu olub. "Gənclik" mahnı və rəqs ansamblında işlədiyim illərdə "Şənlik" də də çıxış edirdim. Radioya lentlərin yazılmasında, televiziya çıxışlarında olur, bəzən rayonlara da konsertlərə gedirdik. Ansamblın bədii rəhbəri və konsertmeysteri kamançaçalan (həm də tar ifaçısı) Aqşin Quluyev idi." Aqşin Quluyevin fikirləri: "Rəhbəlik etdiyim ansamblda Faiq öz yerində olan bir musiqiçi idi. Mən onun dəqiqliyindən, ciddiliyindən, məsuliyyətli olmasından, sənətindən, yaxşı musiqi yaddaşından həmişə razı qalmışam. Əsl ansambl çalanı olduğu üçün, səliqəli ifası bütün alətlərlə uyuşurdu. Onun sənət yoldaşlığı da səmimidir. Hara getsə üzağardandır. O vaxtlar gənc olsa da ǝla qarmonçalan idi. Sonralar lap püxtələşdi. Hazırda özünün "Xəzər" adlı çox səviyyəli bir ansamblı var. Onu televiziya ekranlarında tez - tez görürəm. "Şənlik" ansamblının ilk müğənnisi Cavanşir Həsənov və Surǝyya İbrahimova olub. Sonralar Xavər Yusifova, Qara İsmayılov, Səxavət Məmmədov, Əlisa Xaliqoğlu, Məmmədbağır Bağırzadə, Rafiq Məmmədov, Knyaz Əliyev, Elmira Rəhimova, Mais Salmanov, Teymur Mustafayev. Rusif Məmmədov, Eyvaz Həsənov, Təranə Vəlizadə və Baba Mahmudoğlu da "Şənlik" lə birlikdə çıxış ediblər. Radioda, televiziyada, filarmoniyada, rayonlarda konsertlərimiz olurdu. Əməkdar artist (hazırda xalq artisti - Ə.R.) Elmira Rəhimovanın filarmoniyada əməkdar incəsənət xadimi, professor, bəstəkar Oqtay Rəcəbovun mahnılarından ibarət solo konserti oldu. Bu çox uğurlu konsertdə müğənnini bizim "Şənlik" ansamblı müşayiət edib. Adları sadalanan müğənniləri qarmonçalan Faiq Süleymanov ansambl tərkibində ustalıqla müşayiət edib və solo hissələrdə məharət göstərib." Faiq 1973 – 1975 - ci illərdə Rəsulzadə (o vaxtkı Kirov) qəsəbəsindəki mədəniyyət sarayının qarmon sinfinin müəllimi olmuşdur. Burada klarnet ixtisasından dərs deyən Akif Qürbətovla tanış olmuş və 15 il onunla toy yoldaşlığı etmişdir. Onun xatirələrindən: "Akif Qürbətov o dövrün populyar klarnetçalanlarından biri idi. Ay ǝrzində toyları çox olardı. Onunla Bakıda, rayonlarda, Əlibayramlı (hazırda Şirvan) və Gəncə şəhərlərində, qonşu respublikalarda toylarda olmuşam." Faiq 1973 – 1978 - ci illərdə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun Mədəni - Maarif fakültəsində qiyabi yolla təhsil alıb. İnstitutun rəqs ansamblında və tarzən, əməkdar artist (hazırda xalq artisti) Adil Bağırovun rəhbərlik etdiyi özfəaliyyət x.ç.a. ansamblında çalıb. 1977 – 1979 - cu illərdə Sovet ordusu sıralarında, Azərbaycanda, Xıdırlı qəsəbəsindəki hərbi hissədə xidmət edib. Əsgəlikdən əvvəl və sonra gənc musiqiçi Respublika avtomobil nəqliyyatı işçiləri həmkarlar ittifaqının mərkəzi mədəniyyət evində çalışıb və "Avtomobilist" (avtomobilçi) ansamblına rəhbərlik dib. Bu ansamblın Baltikyanı respublikaların müxtəlif şəhərlərində, həmçinin Yurmalada, Polşa, Çexoslovakiya və Bolqarıstan ölkələrində konsertləri olmuşdu. Faiqin çalışdığı mədəniyyət evi Kəlbəcər rayonunu himayəyə götürmüşdü. Odur ki, hər yay oraya konsertlərə gedilirdi. Kəlbəcərə çatana qədər yolüstü Ağdərə, Xankəndi və Şuşada da konsertlər verilirdi. Ansambl rəhbəri olan F.Süleymanov sonralar 1993 - cü ilə qədər həmin mədəniyyət evində bədii rəbər vəzifəsində çalışmışdır. Bu mədəniyyət müəssisəsi həmin il bağlanmışdır. Səmərəli sənət yolu addımlamış sənətkar 1988 - ci ildə öz təşəbbüsü ilə "Xəzər" adlı instrumental ansambl yaratmışdır. Onun dediklərindən: "Ansambl yaratmaq çoxdankı arzum olub. İstəmişəm ki, sərbəst faaliyyət göstərək, geniş repertuarımız olsun, dəstədə halallığı yaradaq, hamıya bərabər halda əmək haqqı bölünsün. Axı toylarda, konsertlərdə ansambl üzvləri hamı birlikdə çalışır. Həmişə düşünmüşəm ki, dəstə üzvlərinə hörmətlə yanaşılsın, onlara bərabər halda zəhmət haqqı verilsin. Uzun illər getdiyim toylarda haqsızlıqla qarşılaşmışdım. Harama qarşı daxilimdə güc yaranmışdı. Bütün bunlardan uzaqlaşmaq istəyirdim və ansambl yaratmaqla buna nail oldum. Ansamblın adının necə olması barədə düşünərkən o vaxtkı üzvlərdən klarnetçalan Nurulla Bədəlov və ionikaçalan Pərviz Zeynalov (hazırda sintezator ifaçımız) təklif etdilər ki, bəlkə "Xəzər" adlandıraq? Mən razılaşdım. Onu da deyim ki, halal qrup yaratmağı mənə hansı qüvvə isə təhrik edirdi. Daxilimdən gələn səsin hökmü ilə bu işi icra etdim." Düzlüyü, halallığı sevən Faiqi Uca Allah sevdi, dəyərləndirdi. Halallıq bu saf insana halal şöhrət gətirdi. O, geniş məkanda tanındı, musiqi ictimaiyyətində, xalq arasında sevildi və şöhrətləndi. Allah - təala tərkibində, fəaliyyətində halallığı, təmizliyi qoruyub saxlaya bilən "Xəzər" ansamblını da şöhrətləndirdi. Bu ansambl nəinki musiqi mühitində, hətta respublikamızın hər yerində, onun hüdudlarından kənarda da tanındı və məşhurlaşdı. Belə bir musiqi heyyətinin yaranmasında, yaşamasında, geniş fəaliyyətində, uğurlu işlərində Faiq Süleymanovun xidmətləri çox böyükdür. Yazdığım bu oçerk üçün müsahibə alarkən, Bakı Humanitar Kollecindəki sinif otağımda onunla qabaq - qənşər əyləşib söhbət edərkən onun səmimiyyətini, təmiz qəlbini duydum, saf duyğularını hiss etdim. Bu insan paxıllıqdan, xəbislikdən, şər - böhtandan, riyakarlıqdan tam uzaqdır. O, iman əhlidir, xeyirxah əməllər sahibidir və düzlüyə xidmət edir. Dini ayinlərimizi doğru - düzgün icra etməyə çalışan bu adam bir an ibadətindən qalmır, cümə namazını məsciddə qılaraq, Allaha dualar edir, insanlarımıza xoşbəxtlik, xalqımıza xoş güzəran və əmin - aman həyat arzulayır. Haşiyə çıxaraq bildirmək istərdik ki, Faiq 1989 – 1991 - ci illərdə veteran rəqqaslardan ibarət olan ansamblda da çalmış, Kipr, Türkiyə və İsrail ölkələrində səfərlərdə olmuşdur. Həmin səfərlǝrǝ müğənni, xalq artisti Yalçın Rzazadə də getmişdi. Faiqin xatırlamalarından: "Səfərlər zamanı Yalçın Rzazadə ilə yaxın tanışlığımız yarandı. Odur ki, bu təmiz, vicdanlı, mədəni insanla Bakıda 3 - 4 il toy yoldaşlığı etdik. O zaman ən elit toy şənliklərinə onu dəvət edirdilər. Biz "Xəzər" ansamblımızla onu müşayiət edirdik." "Xəzər" ansamblı yaranan andan bu günə qədər olduqca məhsuldar bir yol keçərək yalnız toy - büsatda deyil, lent yazılarında, televiziya konsertlərində də fəallıq göstərmişdir. Ansambl uzun illərdir ki, müğənnilərdən Ruhəngiz Allahverdiyevanı, Səbinə İlyasovanı, Zöhrə Abdullayevanı, Mələkxanım Əyyubovanı, Aybəniz Haşımovanı, Vǝliağa Tağıyevi, Sabir Əliyevi, Rusif Məmmədovu, Rafiq Cəfərovu, Elşad Qarayevi, Cavanşir Məmmədovu, Gülüstan Əliyevanı, Samir Cəfərovu, Nazpəri Dostəliyevanı, Elnarəni, Aynur Dadaşovanı və digərlərini müşayiət edərək səslərinin disklərə yazılmasında ustalıqla çalışmışdır. Şair Tağı Sadiqin (Bakı Metropoliteninin rəisi Tağı Əhmədov) şeirlərinə tarzən, xalq artisti Zamiq Əliyevin bəstələdiyi mahnılarını müxtəlif müğənnilərin ifasında studiyalarda yazılmasında "Xəzər" instrumental ansamblı iştirak edir. Bütün qeyd etdiyim yaradıcılıq işlərinin məşqləri Faiqin mənzilinin altındakı yarımzirzəmidə keçirilmişdir. Hazırda da həmin məkan "Xəzər" ansamblının yaradıcılıq emalatxanasıdır. Qeyd etdiyim ünvanda həftədə 2 dəfə ansamblın məşqləri keçirilir. Könül oxşayan neçə - neçə musiqi əsərləri, mahnılar Faiqgildə yaradıcılıq süzgəcindən keçərək cilalanmış, meydana gəlmiş, buradan pǝrvazlanaraq dinləyici və tamaşaçı məhəbbəti tapmışdır. "Xəzər" ansamblının kiçik heyəti 1994 - cü ildə səkkiz nəfər rəqqasə ilə birlikdə Dubaya getmiş vǝ "SİVİS Plaza" hotel - restoranda üç ay çalışmışdır. Bu ansamblın çıxışını çox bəyənən iş adamı, əslən fars Əbdürrǝzaq "Xəzər" i "Sancorc" 5 ulduzlu hotelə aparmışdır. Faiqgil burada 6 ay işlǝmişlər və tamaşaçı alqışları qazanmışlar. Əbdürrǝzaq 1999 - cu ildə Bakıya gəlib Faiqlə görüşmüş. "Xəzər" ansamblı ilə müqavilə bağlayaraq yenə Dubaya dəvət etmişdir. O, özü ilə 4 nəfər fars musiqiçi də gətirmişdi. 6 nəfər Faiqgil, 4 nəfər isə fars sənətçilər Bakıda birlikdə 2 ay məşq edǝrək Azərbaycan, fars, türk və ərəb musiqisindən ibarət repertuar hazırlamışdılar. Bu ansambl ilǝ səfərə bakılı müğənni Samirə Yusif qızı getmişdi. Faiqgil bu dəfə Dubayın "Qulfin" ingilis hotelində çalışmışdılar. Burada işi başa vurandan sonra bir ǝrǝb onları öz şəxsi "Bəhreyn - İnterneyşl" hotelinə dəvət etmişdi. Burada yalnız ərəb və fars mahnıları çalınıb - oxunurdu. Faiqgil az zaman içərisində onlara təqdim olunmuş disklərdəki repertuarı dinləyərək öyrənmiş və hər gün verilən konsertlərdə maraqlı çıxışlarla tamaşaçıları sevindirmişdilər. Buradakı fəaliyyət üç ay çəkmişdi. Sonra isə bu ansambl Qətərdə, Sərca və Abu - Dabidə konsertlər vermişdi. "Xəzər" bu gün də sənət meydanında olaraq aparıcı ansambllardan biri kimi tanınan müğənniləri və gəncləri müşayiət etməkdə, konsertlərdə və toylarda çıxış edərək geniş tamaşaçı auditoriyasını sevindirməkdədir. Faiqdə öz işinə, sənətinə yaradıcılıq üfüqlərindən boylanan bir münasibət vardır. O, öz bacarıq və istedadını tam məsuliyyətlə sənətinə yönəldib. Bu yaradıcı şəxs ansambl işini gözəl bilir, səslənməni düz qurur, hansı alətin hansı musiqi hissasini solo çalmasını düzgün həll edir. Sənətkarımız yaxşı oranjemançıdır. Müğənnilərin ifa etdikləri mahnıların "Xəzər" ansambli ilǝ hazırlanmasında Faiqin dəsti - xətti, yaradıcılıq işi və oranjemanının mühüm dəyəri və tutumu vardır. Sevimli sənətkarımızın xarici ölkə səfərlərinə bir də səyahət edək. O, 1985 - ci ildə Bakı şəhər Soveti Memarlıq İdarəsinin xəttilə Fransanın Paris vǝ Bordo şəhərlərində konsertlərdə olub. Bu heyətin tərkibində Azərbaycan memarları, kiçik musiqi qrupu, rəqqaslar və rəqqasələr olmuşdu. Faiq 1992 - ci ildə Portuqaliya ölkəsinə gedən rəqs ansamblının müşayiətçi musiqiçilərindən biri idi. Həmin ildə o, İran səfərində də olmuş, tarzən Fərman Hüseynov, klarnetçalan Akif Qürbətov, nağaraçı Şahvələd Qürbətov və müğənni Vəliağa Tağıyevlə birgə xalq musiqimizdən ibarət maraqlı konsert proqramı ilə soydaşlarımız yaşayan Ərdəbil, Qəzvin, Zǝncan və Təbriz şəhərlərində çıxış etmişdi. Faiq 1995 - ci ildə də İran İslam respublikasında konsertlərdə olmuşdur. Dǝyərli sənətçimiz 1997 - ci ildə üç həftəlik Danimarka, Norveç və İsveç ölkələrindəki uğurlu konsertləri də unutmur. Azərbaycan diasporunun təşkil etdiyi bu səfərdə musiqimizi müğənnilər Baba Mahmudoğlu, Nüşabə Ələsgərli, tarzən Vahid Qarabağlı, kaman ifaçısı Aqşin Quluyev, klarnetçi Akif Qürbətov, nağaraçalan Şahvələd Qürbətov və qarmonçu Faiq Süleymanov təmsil etmişdi. Danimarkadakı konsertdə Cəmşid adlı soydaşımız musiqiçilərimizlə tanış olmuş, özünün qarmonçu olduğunu bildirmişdi. Qarmon sənətinə həddən artıq vurğun olan bu insan Faiqin sənətinə sevgi bəslədiyini dilə gətirmişdi. O, Faiqin qarmon ifasından zövq almaq və nəsə öyrənib mənimsəmək üçün məxsusi olaraq Norveç və İsveç konsertlərinə gəlib tamaşaçı olmuş və azarkeşlik etmişdi. 2007 - ci ildə "Xəzər" instrumental ansamblı Berlindəki "Azərbaycan evi" mədəniyyət mərkəzinin sədri Tofiq Qarayevin dəvətilə Almaniya və Avstriyada konsertlər vermişdi. Ansambl bu konsertlərə özü ilə xalq artistləri Bilal Əliyev və Mələkxanım Əyyubovanı aparmışdı. Novruz bayramı münasibətilə təşkil olunmuş konsertlər çox səviyyəli keçmiş və alqışlar qazanmışdı. Sevimli oxucu, bu oçerkimizlə daha bir istedadlı yurddaşımızın ömür və sənət salnaməsinə nəzər yetirə bildik. Faiq Süleymanov 1981 - ci ildə ailə qurub. Üç övladı və bir nəvəsi var.
_________________________________________________________________________________________________________________
Əhsən Rəhmanlı “Qarmon ifaçılığı sənəti və onun Azərbaycanda tədrisi”, Bakı “MBM” 2014, Səh. 512 – 517.