Vaqif Şaban oğlu Bağırov qarmon ifaçılığı sənətində tanınanlardan biridir. O,1955 - ci ildə anadan olub. Göz açıb evdə həmişə musiqi səsi eşidib. Onun xatırladıqlarından: "Qardaşım Arifin Yusif adlı dostu tez - tez bizə məşqə gəlirdi. O, Mexaniki zavodda çalışırdı. Həm də həvəskar qarmonçu idi. "Kazan" qarmonunu daim bizim evdə qoyub gedirdi. Ariflə Yusif növbəti məşqini bizim evdə edərkən əyləşib onlara diqqətlə tamaşa edirdim. Yusif təzə bir melodiya öyrənmişdi. Onu məşq edirdilər. O vaxt "Avropalı gəlin" İran kinofilmindən "Tormoz Hüseyn" mahnısı dəbdə idi. Toylarda da çalınıb - oxunurdu. Yusif həmin mahnını qarmonun ikinci oktavasının "fa" kökündə çalırdı. Mən onun barmaqlarına və qarmonun dillərinə baxıb o pərdələri yadımda saxladım. Həm də melodiya artıq beynimdə idi. Arif və Yusif məşq edib, alətləri yerinə qoyub getdilər. Qarmonu götürüb "Tormoz Hüseyn" mahnısını çalmağa başladım. Beləliklə, qarmonda ilk havanı öyrəndim. Günlər ötdükcə öyrəndiklərimin sayı artırdı. Atam həvəsimi və götürmə qabiliyyətimi görüb klarnetdə çalaraq oyun havalarını mənə öyrǝtdi". Vaqif Bağırov qarmon sənətinə 1970 - ci ildən qədəm qoyub və az zaman ərzində sürətlə irəliləyib. Onun musiqi yaddaşı, öyrənmək qabiliyyəti çox iti idi. Onun özünün musiqi aləti olmasa da Yusifin "Kazan" markalı qarmonundan istifadə edirdi. Vaqifin dedikləri: "Teyyub Teyyuboğlunun 1968 - ci ildə çıxmış qrammafon valı mənim ilk əvvəllər istifadə etdiyim vəsait oldu. Bu valda sənətkar "Sənsən" mahnısını və bir - neçə oyun havasını çalmışdı. Onların hamısını çalmağa başladım. Mənə ilk sənət verdiyi üçün həmin valı indi də qoruyuram. O dövrdə Zakir Mirzənin valına da çox qulaq asdım. Onun "Muğam və rəqs" i çox sevilirdi. Qrammafon valından bu əsəri olduğu kimi öyrənib çalmağa başladım. Virtuoz sənətkarın "Cǝld rəqs" ini də repertuarıma daxil etdim. O illərdə "Melodiya" firması bir üzündə Əşrəf Əşrəfzadənin "Bayatı - kürd" muğamı, digər üzündə Aftandil İsrafilovun "Laçın" xalq mahnısı və "Qazaxı" rəqsi ifaları yazılan qrammafon valını nəşr etmişdi. Bunları da sevə - sevə öyrəndim. Mahir sənətkar Məmmədağa Ağayevin valını da əldə etmişdim. Əla "Segah" çalmışdı. Onu da dinlədim və öyrəndim. O çağlardan "Segah" a məhəbbətim artdı. Qrammafon valları mənim ilk müəllimim oldu". Vaqif Bağırov Qızxanım Dadaşovanın, Teyyub Dəmirovun qrammafon vallarındakı ifalarından da bəhrələnmişdi. Xeyli sonralar isə Əhəd Əliyevin "Segah" ı yazılmış valını əldə etmişdi. Həmyaş olan Vaqiflə Xanların yaxın dostluğu onların az zaman ərzində xeyli dərəcədə inkişaf etməsinə zəmin yaratmışdı. Onlar bir - birinin evində tez - tez məşq edər, lentləri, qrammafon vallarını birlikdə dinlər və öyrəndikləri şirin xalları bir - birinə ötürərdilər. Gənclər bu qərara gəlmişdilər ki, Qaraçuxurdakı mədəniyyət sarayına gedib Mirzə İbrahimovdan dərs alsınlar. Eşitmişdilər ki, Mirzə təcrübəli müəllimdir və şagirdlərə yaxşı muğam öyrədir. Xanlar Cəfərov və Vaqif Bağırov Mirzə müəllimin sinfinə getdilər. O, hər iki gəncin bacarığını yoxladı və çox bǝyəndi. Vaqif və Xanlar oyun havalarını əla çalırdılar. Mirzə müəllim onlara yalnız muğamları öyrədirdi. Xanlar Mirzə müəllimdən az müddət, Vaqif isə cəmi 4 ay dərs aldı. Bu 1971 - ci ilə tǝsadüf edir. Vaqif həmin ildə 2 saylı texniki - peşə məktəbinə daxil olmuşdu. Dərzi peşəsinə yiyələnirdi. Hər gün dərsə getdiyi üçün qarmon sinfində təhsilini davam etdirə bilmədi. Həm də axı o, artıq sərbəst özü hər melodiyanı, yeni mahnıları və muğamları öyrənə bilirdi. Onun müəllimdən dərs almasına heç ehtiyac yox idi. Vaqif 1973 - cü ildə texniki - peşə məktəbi təhsilini başa vurdu. Vaqif artıq 1972 - ci ildən toylara gedirdi. O, ilk dəfə dayısı oğlu Ramazanın toyunda çalmışdı. Bu toya özüylə klarnetçalan İsrafil Əzimovu aparmışdı. Onun xatırladıqlarından: "Toyda çalmaq üçün sənətkar qarmonum (el deyimində "zakaz qarmon") yox idi. Əmircanda yaşayan Şamil kişidən nisyə qarmon aldım. Toydan sonra aparıb ona 100 "rubl" verdim. Beləliklə hər çaldığım toydan sonra aparıb qarmonun pulunu hissə - hissə ödəyirdim". Sonralar isə Şaban kişi 2 dəfə Rusiyanın Tula şəhərinə getmiş və oğluna qarmon alıb gətirmişdi. Vaqif ilk əvvəllər Əmircan və Bül - Bülə klarnetçalanları ilə toylarda olurdu. Bu sırada Ragib Ağatahir oğlu, Tofiq Şərif, Cabar Şərif, İsrafil Əzimov, Dostməmməd, Fikrət Əliyev və Vahidin adını çəkməliyik. Vaqif Əmircan toylarına maştağalı Fazili də gətirirdi. Yaxşı tanınandan sonra Vaqifin toy dairəsi genişlənmişdi. Bir müddət xanəndə Ağaxan Abdullayevin də qohumlarının toylarında çalmışdı. Vaqif Bağırov 1975 – 77 - ci illərdə Riqa şəhərində hərbi xidmətdə olub. İlk əvvəllərdən məktub vasitəsilə xahiş etmişdi ki, əsgərliyə onunçün "Kazan" qarmon göndərsinlər. Şaban kişi elə də etmişdi. Vaqifin "Kazan" qarmonu daim çarpayısının altında idi. Boş vaxt olan kimi məşq edirdi. Vaqif əsgər getdiyi ilin əvvəllərində Bayıl qəsəbəsindəki İliç adına mədəniyyət sarayında qarmon sənətindən dərs demişdi. Əsgərlikdən gələndən sonra da bir müddət həmin mədəniyyət sarayında çalışmışdı. Vaqifin müəllimlik fəaliyyəti bununla məhdudlaşmayıb. O, 1978 - 82 - ci illərdə Əmircandakı mədəniyyət evində qarmon kursunun müəllimi olub. Bir vaxtlar uşaqlarını musiqi təhsilinə qoyanlar daha çox idi. Xüsusilə qarmon sənətinə axın olurdu. (Son 20 ildə sintezator ifa etməyi öyrənmək istəyənlər hədsiz çoxaldı və buna görə də mədəniyyət evlərində və saraylarında sintezator dərnəkləri və kursları açıldı). Orta məktəblərin nəzdində də musiqi kursları fəaliyyət göstərirdi. Vaqif 1985 –89 - cu illərdə 204 saylı orta ümumtəhsil məktəbin qarmon kursunda dərs demişdi. Vaqif Bağırov öz üzərində çalışan musiqiçi olub həmişə. O, seçdiyi və çox sevdiyi peşədən zövq alıb daim. Sənətə məhəbbət onu görkəmli sənətkar, ustad tarzən Elxan Müzəffərovun Suraxanı mədəniyyət sarayında rəhbərlik etdiyi "Vətən" x.ç.a. ansamblına gətirib. Bacarıqlı qarmonçalan bu ansambl tərkibində sənət səriştəsini və təcrübəsini daha da artırıb. O, "Vətən" ansamblında 1978 – 1989 - cu illərdə xüsusi fəaliyyət göstərib, müntəzəm məşqlərə gəlib və bütün konsertlərin iştirakçısı olub. "Vətən" ansamblı Suraxanı mədəniyyət sarayının özündə, Bakının müxtəlif mədəniyyət müəssisələrində, rayon zəhmətkeşləri və neftçilər qarşısında tez - tez çıxış edirdi. Konsertlərdə Vaqif Bağırov müğənniləri müşayiət edir, öz solo ifaları ilə tamaşaçı sevgisi qazanırdı. "Oxu tar!" Respublika baxış - müsabiqələrində "Vətən" ansamblı hər il birincilik qazanırdı. Uzun illər ərzində uğurlu fəaliyyət göstərən bu ansamblda saya - hesaba gəlməyən gənc musiqiçilər və müğənnilər peşəkar sənətə yol almışlar. "Vətən" ansamblı həmişə yüksək peşəkarlıqla çalışmışdır. Bütün bunlara görə bədii rəhbər Elxan Müzəffərovun böyük xidmətləri hər yerdə qeyd olunmalıdır. Məşhur müğənni Xeyransa Məmmədova (1866 - 1995) da "Vətən" ansamblının yetirməsi idi. Elxan məllim onun istedadını hiss edib kiçik yaşlardan ansambla qəbul etmiş, onunla xüsusi hazırlıq apararaq böyük səhnə üçün hazırlamışdı. 1980 - ci ildə Respublika sarayında keçirilən təntənəli dövlət tədbirindən sonra verilən konsertə "Vətən" ansamblının da çıxışı salınmışdı. Xeyransa Məmmədova konsertdə Cahangir Cahangirovun "Dəli Kür" kinofilminə bəstələdiyi "Ana Kür" əsərini yüksək səviyyədə oxumuş və ardı - arası kəsilməyən alqışlarla yenidən səhnəyə qaytarılmışdı. O, "Sarı bülbül" xalq mahnısı ilə bir daha tamaşaçıların ürəklərini fəth etmişdi. Konsertdə Azərbaycan dövlətinin başçısı Heydər Əliyev də iştirak edirdi. Tədbirin sonunda o, Xeyransa Məmmədovanı, "Vətən" x.ç.a. ansamblının rəhbərini və üzvlərini təbrik etmişdi. Dövlət rəhbərinin göstərişilə Xeyransa musiqi təhsilinə cəlb olunmuş, onun gələcək həyatı və fəaliyyəti üçün mühüm işlər görülmüşdü. Əfsus ki, o, həyatının və sənətinin çiçəkləndiyi bir dövrdə xəstəlik taparaq həyatdan erkən getdi. Vaqif "Vətən" ansamblının bütün uğurlarını bu gün də unutmayaraq xoş xatirələr yaşayır. O, "Vətən" x.ç.a. ansamblının tərkibində 1980 - ci ildǝ Ukrayna Respublikasının Kiyev, Xarkov və başqa şəhərlərində konsertlərdə olmuşdu. Elxan Müzəffərov Vaqif Bağırovun istedadına yaxşı bələd idi, onun qayda - qanuna, nizam - intizama riayət etməsini ansamblın digər üzvlərinə nümunə göstərirdi. O, Vaqifin xətrini çox istǝyirdi. Elə bu gün də bu sıcaq münasibət davam edir. "Təşviqat qatarı" adı altında təşkil olunan konsertlərdə də "Vətən" ansamblı fəal idi. Elxan müəllim Vaqifi 1990 - cı illərin əvvəllərində Opera və Balet Teatrında yaranan x.ç.a. ansamblına dəvət etmişdi. Bu ansambl xalq artisti Səkinə İsmayılovanın təşəbbüsü ilə yaradılmışdı. Rəhbər o özü olsa da, ansambl üzvlərinin toplanması və ona bədii rəhbərlik edilməsi bilavasitə E.Müzəffərova aid idi. Bu ansamblın müşayiətilə yalnız Səkinə xanım özü deyil, Opera teatrının digər müğənniləri də oxuyurdular. 2 ilə yaxın bir müddətdə Vaqif Bağırov bu ansamblda çıxış etmişdi. Vaqif qardaşları Arif, Akif, Rafiqdən ibarət ailə ansamblı ilə çox toylarda çıxış edib. Onun şirin çalğısı, ifaçılıq bacarığı çox sənətçilərimizin diqqətində olduğu üçün o, neçə toy dəstələrinin tərkibinə dəvət olunmuşdu. Vaqif Bağırov 1979 – 80 - ci illərdə Həsənağa Sadıqovun toy ansamblının tərkibində olub. Onun Həsənağa kimi virtuoz bir sənətkarın ansamblına qəbul olunması təsadüfi olmamış, bu işə aşıq - xanəndə Bilal Sadıqov zəmanət vermişdi. Rəhmətlik Aşıq Bilal Həsənağanın atası idi. Məsələ belə olmuşdu. Bilal Sadıqov Bakıda öz qohumlarının toyunda oxuyarkən onu müşayiət edən dǝstənin tərkibində Vaqif də çalırdı. Həmin toyda Vaqifin müşayiət qabiliyyəti, solo ifaları, lirik nəğmələri xüsusi ürəklə çalması xanəndə Bilalın diqqətini cəlb etmişdi. O, Vaqifi Həsənağaya nişan vermiş, tərifləyib dəstəyə gətirmişdi. Həsənağanın dəstəsi atasından və öz qardaşlarından ibarət olsa da klarnet və qarmon ifaçıları əksər hallarda Bakıdan dəvət olunurdular. O vaxtlar həmin dəstədə klarnet ifaçılarından Elxan Səmədzadə və ya lənkəranlı Əsgər çalırdı. Vaqif salyanlı Həsənağanın ansamblı ilə Salyanda, Neftçalada, Əlibayramlıda, Sabirabadda, Saatlıda, Lənkəran bölgəsində və Bakıda çox toylarda olmuşdu. İstedadlı qarmonçalan kimi tanınan Vaqif Azərbaycan Dövlət Muğam Teatrına da dəvət olunmuşdu. O, 2003 - cü il oktyabr ayının 1 - dən 2005 - ci il fevral ayının 1 - ə qədər həmin mədəniyyət müəssisəsində çalışıb və müxtəlif səviyyəli konsertlərdə çıxış edib. Yuxarıda qeyd olunan tarixlərdə biz onu tez - tez televiziya ekranında görürdük. Bunlar Muğam Teatrında keçirilən tədbirlərin video yazıları idi. Köhnə tarixləri əks etdirən tədbirlərin lentləri televiziyada nümayiş etdiriləndə biz yenə Vaqifi ekranlarda seyr edirik. İstəkli sənət dostumuzun fəaliyyəti bütün bunlarla bitmir. O da şəcərə nümayəndələri kimi, atası və qardaşları kimi daim çalışır. Zəhmətdən yoğrulmuş bu nəsil nümayəndələrini bir an iş - gücsüz təsəvvür etmək olmaz. V.Bağırov 1996 - cı ildə qarmonunu götürüb iki dəfə Təbrizə yollanmış, oradakı soydaşlarımızla yaxşı əlaqələr qurmuşdur. O, ev konsertlərində çıxış edərək musiqisevərləri klassik muğamlarımız və xalq havalarımızla tanış etmişdir. Hər dəfə olduğu kimi təbrizlilər yenə də milli qarmonumuzun ecazkar səsini hərarətlə qarşılayırdılar. Son 20 ildə milli qarmonumuzun təmiri və yenilərinin düzəldilməsilə məşğul olan ustalarımız çoxalıb. Bu çox yaxşıdır. Vaqif də adını yaxşı ustalarımızın sırasına yazıb. O, çox az müddətdə, cəmi 2 il ərzində özünü qarmon ustası kimi tanıtdı və ifaçılarımızın əksəriyyəti onun ünvanına tərəf yol aldı. 2004 - cü ildən qarmon ustası kimi çalışan yurddaşımızı "Hövsan Vaqif' kimi tanıyırlar. Hövsan qəsəbəsində yaşadığı üçün ona bu tanıtma verilib. Onun hazırladığı qarmonlar başqalarından xüsusilə gözəl tembri ilə seçilir. Qarmon üzrə mütəxəssis kimi deyə bilərəm ki, Vaqif gələcəkdə ən məşhur və ən keyfiyyətli qarmonları düzəldən ustalardan biri olacaq. Çünki, bunun işartıları və əlamətləri artıq açıq - aydın görünməkdədir. O, artıq tam mükəmməl, bacarıqlı ustadır. Vaqif Bağırov 1983 - cü ildə ailə qurub. Üç övladı var. Oğul Fərid çox istedadlıdır. Qarmon çalmağı atasından öyrənib. Boş vaxtlarda atasına kömək edərək qarmonların təmirilə məşğul olur. O da yaxşı usta olmağı qarşısına məqsəd qoyub. Fərid firmaların birində çalışır. O, ibadət əhlidir, mömin insandır. 2008 - ci ildə Məşhəd ziyarətində olub. 2010 - cu ilin yazında biz onun toyunda iştirak edərək xeyir - dua vermişik. Dostlar adından Vaqifə nəvə şirinliyini yaşamağı arzu etmişik. Allah ona bu şirinliyi qismət edib. 2013 - cü ildə nəvəsi dünyaya gəlib. Ona Əsma adı veriblər. Usta Vaqif xeyirxah insandır. Dostlara münasibətdə də həssasdır. Yazı müəllifi kimi qeyd edirəm ki, onun xeyirxahlığından və dosta isti münasibətindən mənə də pay düşüb. 2010 - cü ildə nəşr olunan "Azərbaycanda klarnet ifaçılığı sənəti" kitabımın ərsəyə gəlməsi ərəfəsində maddi çətinliklə üzləşdim. Heç kim, hətta klarnet ifaçılarının özləri də mənə yardım etmədilər. Nəşriyyat xərcini ödəmək üçün qarmonumun birini satmalı oldum. Lakin alıcı olmadığı üçün qarmonu sata bilmədim. Bunu eşidən usta Vaqif bizə gəlib mənim qarmonumu satmaq adıyla öz evinə apardı. 2 - 3 gündən sonra bizə gəldi, mənə 2200 manat pul verdi və dedi: "Bu pulu öz düzəltdiyim qarmonlardan birini sataraq sənə verirəm ki, kitabını nəşr edə bilərsən. Sənin qarmonun isə məndə qalır, haçan satılar, satılar.... Səni darda qoymaq olmazdı, axı..."
Səksəninci illərdən tanımışam
Tərbiyəli, mərifətli Vaqifi.
Özümə, qəlbimə yaxın sanmışam
Əhdinə düz, sədaqətli Vaqifi.
Üzündə həmişə nur şölələnir,
Təbəssümündən də işıq ələnir,
Könlü gülür, əhvalı çiçəklənir,
Tanımışıq ünsiyyətli Vaqifi.
Əsli - nəsli, nəcabəti təmizdir,
Qəlbi bir ümmandır, geniş dənizdir,
Xatiri xoşdur, o, bizə əzizdir,
Düz duymuşuq şərafətli Vaqifi.
Dostların evinə sovqatla gedǝr,
Sevincli, fərəhli ovqatla gedər,
Həmişə hörmətlə, urvatla gedər,
Daim gördük səxavətli Vaqifi.
Etməyib pis niyyət, heç bir pis güman,
Öz zəhmətilə yaşayıb hər zaman.
Onu ǝyǝ bilməyib çətin dövran,
Əzəmətli, mətanətli Vaqifi.
Ömrü düz yaşayıb, verməyib yelǝ,
Tutduğu düz yolu əyməyib hələ.
Çətin anlarda da görmüşük belə,
Əyilməyən dəyanətli Vaqifi.
Müdrik kişinin layiqli oğludur,
Əməlləri aydın, dürüst, doğrudur.
Onu sevdirən xisləti, ağlıdır,
Çox sevirik xoş niyyətli Vaqifi.
İstedadı vardır qanı - canında,
Sənətkardır yaxşılar sırasında.
Qarmonlar düzəldir öz ad - sanında,
İş tanıdır zehniyyətli Vaqifi.
Dost sayqılı, dost qayğılı insandır,
Dostlarından ötrü qəlbi yanandır.
Ürəyi dost üçün gözəl məkandır
Bu cəhət edib hörmətli Vaqifi.
Əhsən Rəhmanlı 10.10.2013 - cü il.
___________________________________________________________________________________________________________________
Əhsən Rəhmanlı “Qarmon ifaçılığı sənəti və onun Azərbaycanda tədrisi”, Bakı “MBM” 2014, Səh. 476 – 482.