Azərbaycan musiqi aləmində Kübraxanımın adı həmişə hörmətlə çəkilib. Bu mehriban, layaqətli, qonaqsevər, ürəyiaçıq, ailəcanlı, hörmət - izzətli xanım nəcibliyi, elə əsl xanımlığı ilə Kübraxanım adını doğrultmuşdur. Bir qarmon ifaçısı və oçerkin müəllifi kimi yaxşı xatırlayıram ki, yeniyetmə çağlarımda və gənclik illərimdə Kübra Əbilovanın ifalarını Azərbaycan radiosundan tez - tez eşidirdim. Bu ifalarda milli duyğular, incə qadın qəlbinin çırpıntıları, saf hisslər sezilir, Azərbaycan qarmon sənətinin üslubu tam parlaqlığı ilə nəzərə çarpırdı. 2000 - ci illərin sonlarında Azərbaycan qarmon ifaçılığı istiqamətində araşdırma işlərinə başladıqda yaxşı qarmon ifaçılarımız sırasında onun da haqqında məlumat toplamaq istədim. Lakin əlim boşa çıxdı. Əlaqə yaratdığım adamlar onun barəsində xoş sözlər söyləsələr də, yaxşı ifaçı kimi gördüklərini, eşitdiklərini dilə gətirsələr də yazı hazırlanmasına məlumat verə bilmədilər. Bəziləri isə hətta Kübraxanımın doğmalarından kimsənin qalmadığını dedilər. Odur ki, qarmon sənətimizin tarixinə aid nəşr olunan ilk kitabımda Kübraxanım haqqında bilgi verə bilmədim. Yalnız adını çəkməklə kifayətləndim. 2012 - ci ilin iyul ayında görkəmli sənətkar, xalq artisti Avtandil İsrafilovun mənzilində olub ondan müsahibə alarkən Kübraxanımın da adını çəkdim və ondan da yazmaq istədiyimi bildirdim. O, dedi: "Sənə səhv məlumat veriblər. Onun doğmalarını tanıyıram. Mən onlarla sənin aranda əlaqə yaradaram". Bu xoş xəbəri eşitcək sevimcim artdı. Lakin söz verilsə də əməl olunmadı. Bu söhbətin üstündən neçə aylar keçsə də Avtandildən bir xəbər olmadı. Görünür müxtəlif tədbirlərə, konsertlərə, xüsusilə toylara, televiziya verilişlərinə dəvətlər onu çox məşğul etdiyi, həm də o anlar səhhətilə bağlı müşküllər mənə verdiyi vədi unutdurmuşdu. Deməliyəm ki, yaşlı nəslin nümayəndələri olan qarmonçalanların hər biri ilə təmasda olanda Kübraxanımdan söz açırdım. 2012 - ci ilin sentyabr ayında Elman Həsənovla görüşərkən də bu barədə danışdım. 3 - 4 gündən sonra o mənə zəng edib bildirdi ki, təsadüfən şəhərdə Kübraxanımın kürəkəni Nadir Məmmədovla rastlaşıb və ona mənim fikirlərim barədə məlumat verib. Nadir müəllim mənim telefon nömrələrimi öz telefonuna qeyd etsə də mənimlə əlaqə saxlaya bilməyib. Səbəbsə nömrələrin ehtiyatsızlı üzündən silinməsi olub. Bakı Bələdiyyə Teatrının aktyoru Əfqandan Nadir müəllimin telefon nömrələrini əldə etdim və onunla əlaqə yaratdım. Məramımı bilən Nadir müəllim çox sevindi və görüşməyə razılıq verdi. Bir daha İslam peyğəmbərinin ruhuna dualar oxudum. O, buyurub: "Tapanlar axtaranlardır". Axtarışlarım axır ki, nəticə verdi və mən Kübraxanımın əzizlərini tapdım. Haşiyə çıxaraq qeyd edirəm ki, Nadir Məmmədov 1941 - ci ildə dünyaya gəlib. İncəsənət adamıdır. Mahir rəqqaslarımızdan biridir. Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirib. Musiqi Komediya Teatrında işləyib. Rəqqaslıq yaş həddi üzrə pensiyaya çıxandan sonra Akademik Milli Dram Teatrında direktor müavini olub, Musiqili Komediya Teatrında və Bakı Bələdiyyə Teatrında inzibati işlərdə çalışıb. Belə bir müdrik, mehriban və məlumatlı adamla tanış olmaqdan çox məmnun oldum. Azərbaycanın tanımlı şəxsiyyətləri, xüsusilə incəsənət xadimləri haqqında xeyli bilgisi olan Nadir müəllimlə həmsöhbət olmaq adama xoş təsir bağışlayır. 2013 - ci il fevralın 8 - dir, Nadir müəllimin mənzilindəyik. Qızı Aytən xanım və ulu nənəsini adını fəxrlə daşıyan 6 yaşlı Kübra xanım "Xol gəlmisiz" deyib məni mehribancasına qarşılayılar. Gözəl - göycǝk, nur çöhrəli Kübraxanımın bütün incəliklərini, zərifliklərini, gözəlliyini ulu Yaradan nəticə Kübra xanıma bağışlayıb. Bizdən isə gözəl bəxt, xoşbəxt gələcək, mənalı ön arzulamaq qalır, Qeyd etməliyəm ki, istər Nadir müəllim, istərsə də onun qızı Aytən xanım Kübraxanımın haqqında xüsusi həvəslə, dərin məhəbbətlə ürək dolusu danışırlar. Onun mərd, dəyanətli, əyilməz, məğrur, inamlı, səxavətli, xeyirxah, süfrəsiaçıq və çörəkverən olduğunu dilə gətirirlər. Sənətçinin fotoşəkillərini, şəxsi əşyalarını, radio ifalarını zərgər dəqiqliyilə göz bəbəyi kimi qoruyurlar. Onun sənətkar haqqının itməməsinə və özünün unudulmamasına çalışırlar. Aytən xanım bilgisayarı işə salır. Azərbaycan milli radiosunun "EFM -105" dalğası vasitəsilə səsləndirilmiş verilişin bilgisayara köçürülmüşünü dinləyirik. Aparıcı xanımın aydın, məlahətli səsi otağa yayılır: "Qarmonda çalır Kübra Əbilova. O, Azərbaycan ifaçılıq sənətində öz dəsti - xətti ilə seçilən ifaçılardan biridir. Vaxtiylə Azərbaycan Dövlət Filarmoniyasının solisti olub. Radionun qızıl fondunda onun ifaları qorunur. Kübra Məhəmməd qızı Əbilova 1921 - ci il dekabr ayının 22 - də Bakı şəhərində anadan olub. "O olmasın, bu olsun", "Qəribə adam" bədii filmlərindəki epizod səhnələrindəki rolları ilə tamaşaçıların yaddaşında qalıb. Beş ifası: "Vağzalı", "Uzun dǝrǝ", "Şərur", "Tərəkəmə" və "Xalabacı" rəqslərilə xatirələrdə yaşayır". Azərbaycan mili radiosu musiqi redaksiyasının baş redaktoru Hacı Məmmədov məşhur sənətçi xanımın sənətinə, şəxsiyyətinə hörmət əlaməti olaraq hər il onun doğum günü münasibətilə veriliş təqdim etdirir. Aytən Nadir qızının bilgisayarından eşitdiyimiz həmin verilişlərdən biridir. Kübraxanım Bakının köhnə məhəllələrindən birində, Mustafa Sübhi küçəsində yaşayıb boy atmışdı. Əslən Bakının Məhəmmədli kəndindən olublar. Onların ailəsində dörd uşaq böyüyüb. Kübraxanım ikinci övlad idi. Anası Məşədi Ceyran xanım yaxşı dəf çalarmış. O, toylarda çıxış etməzdi, öz doğmalarının, qohumlarının və dostlarının yığıncağında həvəskar kimi dəfi səsləndirərdi. Kübraxanım da dəf çalmağı öyrənmişdi. Eləcə evdə anasının, toylarda sənətkarların əlinə baxaraq bu işə yiyələnmişdi. O, qarmon çalmağı da kimsədən göstəriş, dərs alamadan, öz güclü istedadı sayəsində öyrənmişdi. Kübraxanımın bacısının həyat yoldaşı İsmayıl Dadaşov qarmonçalan idi, toylara gedirdi. Bir dəfə ailə yığıncağında İsmayılla Məşədi Ceyran xanım birlikdə çalırlarmış. İsmayıl qarmonu masanın üzərinə qoyanda heç kəsin gözləmədiyi qəribə bir iş baş verir. Kübra qarmonu götürüb çalmağa başlayır. Doğmalar təəccüb edirlər və bununla birgə həm də sevinirlər. Beləliklə Azərbaycan qarmon sənətinə daha bir qadın ifaçı daxil olur. Kübraxanım Əbilov adına mədəniyyət evinin fəal üzvlərindən biri kimi tanınır. Az müddətdən sonra o, peşəkar sənətə qədəm qoyur, sənətçilər arasında tanınır və müntəzəm olaraq qız toylarına, qadınların şadlıq mərasimlərinə dəvətlər alır. O, hər yerdə sevilən qarmon ifaçısı kimi qəbul olunur. Həmin dövrlərdə Bakıda və Azərbaycanın əksər bölgələrində ən məşhur olan qadın qamonçalanlarımızdan biri Kübra Əbilova, digəri Qızxanım Dadaşova idi. Bu mahir xanım ifaçılar həm də sədaqətli rəfiqə, mehriban bacı idilər. Onlar arasında möhkəm ailəvi dostluq da yaranmışdı. Kübraxanımı nağarada Ayna xanım (Qızxanımın baçısı), dəfdə isə Hörmət xanım və ya Rübabə xanım (məşhur aktrisa Safurə İbrahimovanın bacısı) müşayiət edirdi. Bu sənət adamları arasında mehriban ünsiyyət, vəfa, sədaqət, etibar var idi. Onların bir - birinə böyük inamı sənət aləmində nümunə sayılırdı. Xasiyyəti gözəl, istiqanlı Kübra Əbilova zahirən də çox gözəl, cazibədar, yaraşıqlı bir xanım idi. Onun təravətli sənəti xarici görünüşü ilə düz mütanasiblik yaradırdı. Həqiqətən sənəti ona, o, sənətinə yaraşıq idi. Məşhur usta Arxip Karpuşkinin yaratdığı nadir nüsxə qarmonlardan biri də Kübra xanımın payına düşmüşdü. Məlahətli tembrli, üz görünüşü təmiz, parlaq sədəflərlə bəzədilmiş bu qarmon onun əlində tam incəliklərlə şirin səslənirdi. Tələb olunan anlarda bu qarmonu tanımlı usta Saşa Zverev təmir edirdi. Axı bu cür dəyərli aləti naşı usta əlinə salmaq olmazdı. Kübra Əbilovanı Bakı daxilində, onun qəsəbələrində, el - oba toylarında səbrsizliklə gözləyirdilər. Qadın toylarının yar - yaraşığı olan Kübraxanım yalnız sənətilə deyil, nəzakəti, gözütoxluğu, dost qazanmağı və ayağıdüşərliyilə də xalq sevgisi qazanmışdı. Hansı kəndə, hansı evə, hansı qapıya gedirdisə o, ən əziz adam kimi qarşılanırdı. Onun sənətini bəyənir və dəyərləndirirdilər. Çaldığı şirin el havalarına həvəslə qol - qanad açıb rəqs edirdilər. Radiomuzun fonduna cəmi beş rəqs melodiyası təqdim etməsinə baxmayaraq o, bütün xalq havalarını və bəstəkarlarımızın toylarda səslənən mahnılarını sənətkarcasına ifa edirdi. O, onunla toylara gedən müğənilərin oxuduğu muğamların, təsniflərin və mahnıların müşayiǝtində tam sərbəst və pərgar idi. Bu sırada müğənnilərdən xalq artistləri Rübabə Muradova, Rǝhilə Həsənova və Tükəzban İsmayılovanın adlarına çəkə bilərik. Kübra xanımın toy qrupunun tərkibində Validə Mahmudova, Təranə Vəlizadə (haz.x.a.) və Zümrüd Məmmədova (haz.x.a.) da oxumuşdu. Süfrəsiaçıq Kübraxanımın mənzili və bağ evi həmişə qonaq - qaralı olardı. Onun yaxın rəfiqələri olan çox uca sənət adamları Şövkət Ələkbərova, Sara Qədimova, Rübaba Muradova, Münəvvər Kələntərli, Qızxanım Dadaşova, Nəcibə Məlikova və Şəfiqə Axundova tez - tez ona qonaq gələrdilər. Məşhur və ustad qarmonçu Teyyub Dəmirov da Kübraxanımın xətrini əziz tuturdu. Bu yazını hazırlamaq üçün onun arxiv sənədlərinə diqqət yetirərkən adı çəkilən sənərkarlarımızın müxtəlif tədbirlərdə, ziyafətlərdə və toy məclislərində Kübra xanımla birlikdə çəkilmiş xeyli foto - şəkillərini gördüm. Bir araşdırmaçı kimi həmin şəkillərin hər biri mənimçün qiymətlidir. Əfsus ki, bu oçerk vasitəsilə şəkillərin hamısını kitaba daxil edə bilmirik. Kübraxanım milli mətbəximizi çox gözəl bilirdi. Gələn qonaqlar onun bişirdiyi dadlı Bakı xöröklərindən ləzzətlə dadırdılar. Kübra xanımın bağ evi Novxanıda idi. Şövkət Ələkbərova və Rübabə Muradova ona tez - tez qonaq gəldikləri üçün ətrafdakı evlərin sakinləri bu bağ evinin Rübabə xanıma, bəziləri isə Şövkət xanıma məxsus olduğunu zənn edirdilər. K.Əbilova bir müddət filarmoniyada çalışsa da, sonralar 1957 – 1977 - ci illərdə Bakı Musiqiçiləri Cəmiyyətinin işçisi olub. Onun ifaları yazılmış qrammafon valı 1968 - ci ildə buraxılaraq geniş şəkildə yayılmışdı. Bu işi Moskvanın "Melodiya" firmasının Tbilisi filialı yerinə yetirmişdi. Sənətkar xanım vala Azərbaycan radiosunun fonduna təqdim etdiyi rəqs havalarını daxil etmişdi. Kübra xanım musiqiçilərin öz toy şənliklərinə də çağrılardı. O, neçə - neçə sənətkarın məclisinin qarmon ifaçısı olmuşdu. Bu sırada Zakir Mirzənin, Gövhər Rzayevanın və Avtandil İsrafilovun adlarını qeyd edə bilərik. Kübra xanım Zakirin də, Avtandilin də nişanlılarının məclislərinin musiqiçisi olub. Zakir Mirzənin xatirələrindən: "Mənim toyum Xaçmazda olub. Valideynlərim orada yaşayırdılar. Toyumun Bakıda keşirilməsi arzusunda olsam da atamın əmrindən çıxa bilmədim. O, dedi ki, oğul, biz uzun illərdir Xaçmazda yaşayırıq. Burada hamının xeyir - şərində iştirak etmişik, burada camaata qarışmışıq. Toy məclisimizi Bakıda keçirsək, Xaçmaz xalqı məndən inciyər, elə çıxar ki, bu camaatı saymırıq. Atamın müdrik fikri məni qane etdi. Qız evi ilə razılaşıb gün təyin etdik. Nişanlımın toyuna Bakıdan öz dəstəsilə Kübra Əbilovanı dəvət etdim. Bu iş ata - anamın da ürəyincə oldu. Avtomobil danışıb Kübraxanımgili Xaçmaz şəhərinə apardım. Çox gözəl çalıb - oxudular. Hamı razı qaldı". Kübra Əbilova 1990 - cı ilə qədər sənət fəaliyyətində olaraq, sevimli peşəsini xalqa sevdirǝrǝk qız - gəlin şənlikərini bəzəyib. C.Cabbarlı adına Azərbaycan kinostudiyası 1956 - cı ildə Ü.Hacıbəylinin "O olmasın, bu olsun" operettası əsasında maraqlı, dəyərli və həmişəyaşar bir bədii film çəkib. Bu filmə baxmaqdan doymaq olmur. Oradakı maraqlı anlardan biri də Rüstəm bəyin qızı Gülnaz xanımın toy səhnəsidir. Bu filmin uğur qazanmasında, daim sevilərək tamaşa edilməsində həmin səhnənin xüsusi rolu vardır. Toy səhnəsinin xanəndəsi xalq artisti Tükəzban İsmayılova, qarmonçalan Kübra Əbilova və rəqqasə, xalq artisti Əminə Dilbazidir.
Qeyd etdiyim toy səhnəsinin kinofilmdən götürülmüş kadrın foto - şəklinin böyüdülmüş formada Nadir müəllimin mənzilinin divarından asıldığını gördüm. K.Əbilovanın nəvəsi Aytən xanım mənə bir qəzet təqdim etdi. "Naş vek" (Bizim əsr) adlanan qəzetdə (9 - 15 yanvar 2004) İ.Qədirovun "Ona ne iskala muziku - muzika naşla eë" (O, musiqini axtarmamışdı - musiqi onu tapmışdı) başlıqlı məqaləsi verilib. Diqqət yetirdim. Burada məşhur baletmeyster Əminə Dilbazinin də xatirəsinə yer ayrılıb. Mərhum Əminə xanımın dediklərindən: "O olmasın, bu olsun bədii filmində çəkilərkən kinostudiyada rahat bir guşə tapıb qarmonçu Kübra Əbilova ilə birlikdə məşq etdik. Sonra bizi çəkiliş pavilyonuna dəvət etdilər və hər şey çox gözəl alındı. Haşiyə (müəllifdən): "2007 - ci ildə Əminə Dilbazinin mənzil telefonuna zəng etdim və həmin məşhur filmin toy səhnəsi barədə bilgi almaq istədim. Orada qarmonçalanın Kübra xanım olduğunu dedi". "Qəribə adam" bədii filmi "Mosfilm" in istehsalıdır. Rejisor Əjdər İbrahimov şəxsən bu filmdə qarmon ifaçısı kimi Kübra Əbilovanın çəkilməsini arzu etmişdi. Onun xahişini nəzərə alıb Kübraxanımı həmin filmə çəkilişə dəvət etmişdilər. Kübra xanım qədim, zəngin və həmişəyaşar musiqi sənətimizin layiqli nümayəndələrindən biri olmuşdur. Milli qarmon sənətimizə incə naxış vuranlardan biri də o idi. Odur ki, belə sənət adamları unudulmamalıdır. Elə biz də bu oçerki yazıb onu yaddaşa gətirməklə həmin vəzifəni çiyniməzə götürdük. Kübra Əbilova 1943 - cü ildə ailə qurmuşdu. Firəngiz adlı əziz, nəcib bir övlad böyütmüşdü. İki nəvəsi var. Onun kürəkəni Nadir Məmmədovun dediklərindən: "Mən Firəngiz xanımla 1966 - cı ildə ailə qurmuşam. Bu evdə, bu ailədə həmişə mehribanlıq, səmimiyyət, mədəniyyət, xoş davranış və isti münasibət görmüşəm. Kübra xanım doğrudan da hörmətcil, cəsarətli və mərd qadın idi. Yeganə övladı Firəngizi (04.08.1946 - 18.06.2007) xüsusi nəvaziş, hüdudsuz sevgi və yağ - bal içində böyütmüşdü. Kübra xanım mənə analıq edib. Dünyasını dəyişməzdən öncə məni yanına çağırıb söhbət etdi. Söylədi: - Nadir, bilirsən ki, mən Firəngizi necə əzizləmişəm, ona necə dərin məhəbbət bəsləyirəm. Mən gedəndən sonra onu incitmə, daha çox qeydina qal, əzizlə, qoru. Bir də xahiş edirəm ki, məni Məhəmmədli kəndində dəfn etməyin. Ora gedib - gəlmək sizə çətin olar, əziyyət çəkərsiz. Onun arzusunu yerinə yetirib Məhəmmədlidə yox, Bakının köhnə qəbristanında dəfn etdik". Kübra Əbilova 1994 - cü il sentyabrın 1 - də dünyasını dəyişib. 2013 - ci il fevral ayının 11 - də sənətşünaslıq üzrə fələsəfə doktoru, dosent, əməkdar artist Zakir Mirzədən Kübra xanım barədə müsahibə aldım: "Kubra xanım Əbilova gözəl ifaçı və səmimi qəlbli mehriban bir insan olaraq, xalq arasında böyük nüfuza malik idi. Əlbəttə ki, Əhəd Əliyev məktəbinin layiqli ustad davamçılarından olan Teyyub Dəmirov, Məmmədağa Ağayev, Qizxanım Dadaşova və digər ustad qarmon ifaçılarının davamçılarından biri də Kubra xanım Əbilova olmuşdur. O özünün şirin və məlahətli ifası ilə çoxsaylı dinləyicilərin nəzər - diqqətini cəlb etmişdi. Kubra xanımın özünəməxsus ifası ilə şəhər və rayonlarda pərəstişkarları var idi. Ulu Tanrı Kubra xanıma ən gözəl insani keyfiyyətlər bəxş etmişdi. O, evcanlı, övladcanlı, və dostcanlı, ürəyi təmiz, sadə qəlbli, qonaqpərvər, çörəkverən, sözün əsl mənasında xanım qadın idi. Kubra xanımın gözəl ifaçılığı ilə yanaşı bu gözəl keyfiyyətləri Azərbaycanın bütün tanınmış, ləyaqətli, çalıb - oxuyanlarının nəzərində idi. Onlar tez - tez Kubra xanımı görməyə gəlməklərini özlərinə vacib bir borc bilirdilər. Xalq artistləri: Şövkət Ələkbərova, Rübabə Muradova, Sara Qədimova, əməkdar artist Rəhilə Həsənova və bir çoxları demək olar ki, hər həftə Kubra xanımın evinə yığışaraq musiqi sənətindən söhbət edər, eyni zamanda çalıb oxuyardılar. Kubra xanım gözəl yeməklər hazırlamağı çox sevərdi. Xoşlayardı ki,hər növraqdan ibarət olan süfrə açsın. Kubra xanım, yeganə övladı olan qızı Firəngizlə və kürəkəni (qızının həyat yoldaşı) Nadir müəllimlə sanki nəfəs alırdı, onların xöşbəxt və mehriban yaşamaları ilə Allaha şükürlər edib, fəxr edirdi. 1964 – 65 - ci illərdə Kubra xanım mənim təzə bəstələdiyim rəqsləri radio vasitəsilə eşidib və televiziya çıxışlarımı görmüşdü. Tanınmış klarnet ifaçısı Adil Bayramovla və ustad qarmon ifaçısı Səttar Hüseynovla xəbər göndərərək, məni evinə qonaq dəvət etdi. Mən bu dəvəti məmnuniyyətlə qəbul edərək, səhəri gün ustad nağara ifaçısı Zöhrab Mǝmmədovla Kubra xanımın evinə gəldik. Kubra xanım bizi doğma ana təbəssümü ilə qarşıladı və ǝyləşmək üçün bizə yer göstərdi. Telefonun dəstəyini qaldırıb Adil Bayramova, Sattar Hüseynova və bir neçə qadın ifaçılara zəng vurdu. Dedi: - Gəlin görün kimlər gəliblər bizim evə - deyǝrǝk onları da evinə dəvət etdi. Çox keçmədi ev adamlarla doldu, özünün şirin və məlahətli danışan qarmonunu gətirib verdi mənə, evdə nağara və qaval da var idi, nağaranı da Zöhraba verdi. Zöhrabla ifa etməyə başladıq. Sanki burada toy idi. Ardı - arası kəsilmədən oynamaqdan doymurdular. "Muğam və rəqsi" ifa etdikdə isə diqqətlə qulaq asırdılar, əvvəl kövrəlirdilər. Sevincdən gözləri yaşla dolanlar da var idi. Süfrədə müxtəlif növdən ibarət yemək - içmək var idi. Biz süfrəyə dəvət olunduq, hamılıqla birlikdə yemək yedik. Bir qədər sonra Kubra xanım həmişə işlətdiyi mehriban ifadə ilə üzünü mənə tutaraq dedi: "Ana qurban, Zakir, dayanma başla ifa etməyə, apar bizi gözəl aləmə". Gecə saat 12 - yə qədər mən Zöhrabla Kubra xanımın evində şənlik etdik. Beləliklə, mən bu evin övladı kimi özümü hiss etməyə başladım, həftədə, on gündə bir Kubra xanıma baş çəkib əhvalından xəbər tutmağı özümə borc bildim. Belə ki, Kubra xanımın evində hər hansı bir yığıncağı, qonaqlığı mənsiz təsəvvür etmək mümkün deyildi. Musiqisevər dinləyicilərin qəlblərində Kubra xanım həmişə yaşayıb və Ulu Tanrının köməyi ilə daima yaşayacaqdır. Allah ona rəhmət eləsin, ruhu şad olub məkanı behişt olsun".
___________________________________________________________________________________________________________________
Əhsən Rəhmanlı “Qarmon ifaçılığı sənəti və onun Azərbaycanda tədrisi”, Bakı “MBM” 2014, Səh. 98 – 105.