Onunla münasibətimiz saf və ləkəsiz müstəvi üzərində qurulmuşdur. Tanışlığımız belə olmuşdu. 1971 - ci ildə ustad xanəndə Ağabala Abdullayevin (1910 - 1976) oğlu, o zamanlar Bakı elektrik maşınqayırma zavodunda mühəndis işləyən Avtandilgildə, övladının ad günündə yaxşı çalıb - oxumaq var idi. Məclisdə kiçik heyətlərdən ibarət iki qrup iştirak edirdi. Biri Ağabalanın kiçik oğlu, tarzən - xanəndə Nizamu Abdullayev və Elmangilin qrupu, digəri isə xanəndə Vəliş Yadigarovla biz idik. Məşhur xanəndə Süleyman Abdullayev üzürlü səbəbə görə yığıncağa gəlib çıxmadı. Hər qrupun öz qarmon ifaçısı var idi. İlk tanışlıqdan məclisin tamamına qədər Elmandan səmimiyyət, mehribanlıq və alicənablıq gördüm. Ifası da sərbəst və dəyərli idi. Qarmonunun səsi də şirin səslənirdi. Mənim qarmonumun səsi onun xoşuna gəlmişdi. Hətta təriflədi də. Sonrakı dövrlərdə onunla xalq musiqiçilərinin toplaşdığı filarmoniya bağında tez - tez rastlaşırdıq. Əvvəlki səmimiyyət və mehribanlıq davamiyyətli idi. Üzünün nuru bir an da olsun çəkilməzdi. Səmimiyyətilə çoxları arasında nüfuz qazanmışdı. 1970 - ci illərdə mən bunu həmişə müşahidə etmişdim. Respublikamızın ən məşhur xanəndələri və ən mahir klarnet ifaçıları onu öz dəstələrinin tərkibində toylara aparırdılar. Çünki o, həqiqətən yaxşı qarmon ifaçısı və tərbiyəli bir gənc kimi tanınırdı. XX əsrin 90 - cı illəri sənət adamlarımızın əksəriyyətini bir - birindən uzaqlaşdırdı. Elmanla yalnız xanəndə Məmmədbağır Bağırzadənin (1950 - 2005) Azərbaycan Dövlət Mahnı Teatrının binasında keçirilən vida mərasimində rastlaşdıq. Sonrakı illərdə isə o,dost tanışdan həmişə məni xəbər alıb, mənimlə maraqlanıb və mənə salam göndərib. Bu dəfəki görüşümüz ondan müsahibə almaq üçün idi. Budur, 2012 - ci il iyun ayının 14 - də onun iş otağında qarşı - qarşıya əyləşib söhbət edirik. Mənim ora gəlib onu tapmağıma o qədər sevinirdi ki... Gülümsər çöhrəsində daim bərq vuran nur daha da artmışdı. Bu İlahidən, qüdrətdən gələn nurdur. Elman İsa oğlu Həsənov 1946 - cı il oktyabr ayının 6 - da Cəbrayıl rayon mərkəzində dünyaya gəlib. Elmanın ilk övlad olduğu bu ailəyə Allah üç övlad da bəxş edib. Uşaq çağlarında Elman böyüklərdən Cəbrayılın, bütünlükdə isə Qarabağın sazandə dəstələri haqqında söhbətləri dinləyib. Onun atası İsanın xalası əri Baxış qarmonçu olub. Keçmişdə yarımtonsuz qarmonu ilə el - oba şənliklərində çalırmış. Elman onun özünü yox, şəklini görüb və haqqında eşidib. Elman 1953 - cü ildə Cəbrayıldakı M.Qorki adına ümumtəhsil məktəbin 1 - ci sinfinə daxil olub. 1956 - cı ildə, 10 yaşında ikən 18 dilçəkli diatonik "Kazan" qarmonla sadə el havalarını və kiçik həcmli mahnıları çalmağa başlayıb. Sonralar məktəb tədbirlərində iştirak edib. Onun oxuduğu tədris ocağının və Cəbrayıl rayonunun istedadlı şagirdləri də seçilərək Bakıya yekun konsertə dəvət olunmuşdu. Münsiflər heyətinin sədri nəcib, xeyirxah insan, böyük ziyalı, məşhur musiqi xadimi, bəstəkar Əfrasiyab Bədəlbəyli (1907 - 1976) idi. O, bütün iştirakçıları diqqətlə dinləyir və hər birinə xoş münasibət bəsləyərək qayğı ilə yanaşırdı. Elmanın xatirələrindən: "Məni səhnəyə dəvət etdilər. "Orta Segah" çaldım. Əfrasiyab müəllim məni və atamı öz yanına çağırdı. Atama dedi ki, bu uşaq istedadlıdır. Onu musiqi məktəbinə qoymaq lazımdır. Atam razılaşdı. Ə.Bədəlbəyli 12 saylı uşaq musiqi məktəbinin direktoru Hacıyevə zəng vurub tapşırdı və bizi onun yanına göndərdi". Musiqi məktəbində o zaman qarmon ixtisası olmadığı üçün Elmanı qarmon sinfinə qəbul edirlər. O, burada və 7 saylı ümumtəhsil məktəbdə oxuyur. Yaşayış yeri isə qohum mənzili olur. Olduqca məsuliyyətli bir məsələ meydana çıxır. Rayondan gələn, Bakıya bələd olmayan, əmanət kimi qohum evində qalan bir uşağın şəhər mühitində iki məktəbə gedib gəlməsi, onun dərs hazırlığına nəzarət, sağlamlığına, təhlikəsizliyinə zamanət böyük məsuliyyət deyildimi? Üstəlik rayonda yaşayan valideynlərin nigarançılığı da var idi təbii ki, mövcud vəziyyət Elmanı musiqi məktəbindəki təhsildən uzaqlaşdırır. Valideynlər onu rayona aparmağa qərar verirlər. Elmanın söylədiklərindən: "Musiqi təhsili almağa böyük həvəsim var idi. Rayona qayıtmaq istəmirdim. Qürur hissim, heysiyyatım və qeyrətim buna mane olurdu. Düşünürdüm ki, rayonda deyəcəklər, Bakıda oxuya bilmədi, qayıtdı gəldi. Elə bilirdim ki, məni qınayacaqlar". Elman 1959 - cu ildə Bakıdakı 8 saylı musiqi təmayüllü internat məktəbə qəbul olunur. Xalq çalğı alətləri şöbəsində təhsil alır. O vaxtlar həmin məktəbdə qarmon sinfi yox idi. Elman bütün nəzəri dərsləri öyrənir və məktəbin x.ç.a.ansamblında qarmon çalır. O, istirahət saatlarında daim qamonla məşğul olur. Bundan əlavə Elman məktəbdə Əhmədağa müəllimin rəhbərlik etdiyi şagird rəqs qrupunu qarmonu ilə müşayiət edir. O, 1963 - ci ildə burada orta təhsili başa vurur. Elmanın dediklərinə qayıdaq: "1959 - cu ildə atam, əmim və mən ustad qarmonçu Məmmədağa Ağayevin evinə qarmon almağa getdik. O, mənə bir qarmon verib dedi ki, bir şey çal. Mən "Kolxoz" rəqsini çaldım. Söylədi ki, bu uşaq yaxşıdır, bacarığı və istedadı var. Lakin çalışmalı, çox məşq etməli, öz üzərində işləməlidir. Bizə təklif etdiyi qarmonu aldıq. Çox yaxşı alət idi. O vaxtdan həmin qarmonla çaldım, elə indi də məndədir". Elmanın valideynləri 1962 - ci ildə Bakıya köçüb Yasamal qəsəbəsində ev alırlar. Gənc Elmanın həyatı həmişəlik olaraq paytaxtın elmi, mədəni və musiqi həyatına bağlanır. Onun xatırlamalarından: "Bakıda təhsil aldığım bütün illərdə yay tətilində Cəbrayıla gedirdim. Oradakı musiqiçi dəstələri mənim qarmon çalmağımı bilirdilər. Odur ki, 14 - 15 yaşlarımdan məni özlərilə toylara aparırdılar. Tarzənlərdən Nəriman Vəliyev, Zahid Kazımovla rayon mərkəzində və kəndlərdə toylara gedirdim. Onlar mənim ifamı bəyənirdilər. Dağ Tumaslı kəndindən xanəndə Hümbət Əhmədov var idi. O, tez - tez Cəbrayıl toylarına çağırılırdı.Bu rayonda xanəndə az idi. Odur ki, Cəbrayılın sazandaları Ağdam, Şuşa və Füzulidən xanəndələr gətirirdilər. Əsas Allahyar vǝ Yusifi dəvət edirdilər. Ağabala Abdullayev isə öz dəstəsilə gəlirdi". Haşiyə çıxaraq bir məsələni də qeyd etməyi lazım bilirik. Elman Həsənov Yasamalda bir dəfə əlində qarmon gedərkən yolda rastlaşdığı bir şəxs ondan soruşur:
-Sən qarmon çalırsan?
-Bəli. Mən sizi tanıyıram. Siz Musa Həsənovsunuz.
-Hardan tanıyırsan mǝni?
-Siz Əhməd Bakıxanovun ansamblının qarmonçalanısınız. Sizi televiziyadan tanıyıram.
-Müəllimin kim olub?
-Mənim müəllimim olmayıb.
-Qarmon dərsi almaq istəsən, mənə müraciət edə bilərsən.
Beləliklə gənc Elman 4 ay Musa Həsənovun evinə gedərək "Zabul - Segah" və "Rast" muğam dəstgahlarını, dəramədləri və rəngləri öyrənmişdi. Ağabala Abdullayev Cəbrayıla növbəti toylara gəlişinin birində rayon tarçalanlarından biri Elmanı ustad xanəndəyə təqdim edir. Ağabala kişi qonaq olduğu evdə gənc qarmonçalanın ifasını dinləyir, "Zabul - Segah" muğamını da çaldırır. Sonra həmin muğamı "re" tonallığında da dinləyir. Elman muğamı həmin tonallıqda da xanəndəni qane edəcək səviyyədə ifa edir. O zamandan A.Abdullayev onu öz dəstəsinə götürür və dəvət olunduğu bütün yerlərə aparır. Xanǝndənin əhatə dairəsi geniş, çağırıldığı yerlər çox idi. Onu Füzuli, Cəbrayıl, Qubadlı, Bərdə, Goranboy və Şəkiyə toylara aparırdılar. Elman ustad xanəndə ilə Masallıya və Şamaxının Cəyirli kəndinə toylara getməyini də yaxşı xatırlayır. Onun dediklərindən: "Ağabala əmi ilə birlikdə çalışmağım mənimçün əsl məktəb idi. Öyrəndiyim, bildiyim muğamları təcrübədə daha da mükəmməlləşdirdim. Yolları bildim və samballı çalğıya qədəm qoydum. Onunla işləyəndə əsl xanəndə müşayiətinə nail oldum. O, öz sənətinə dəyər verən, özünü qoruyan, səhhətinin, səsinin qayğısına qalan adam idi. Səsinə xələl gətirə biləcək yeməkləri yeməz, hər sudan içməz və soyuq suyu ümumiyyətlə yaxına qoymazdı. Onun dəstəsinin tarçalanı Əyyub, kamança ifaçısı Əhməd Vəliyev idi. Xanəndənin dəstəsinə qəbul olunmağım Əhmədin vasitəsilə olmuşdu. Ağabala əminin toy ansamblında oğulları Zöhrab, Rövşən və Nizami qaval çalar və oxuyardılar. Toyun şirin yerində bir də görürdün ki, üçü də birdən ayağa qalxıb qavalları gur səsləndirir və məclisdəkilərin rəğbətini qazanırdılar. Bu anlarda masamızın üzərinə xeyli nəmər tökülürdü. Vallah, toylar o qədər maraqlı keçirdi ki, məclisin bitməsini istəmirdik. Doğrudan da o vaxtkı el toyları, toy - mağar əhvalı ürəkaçan, səviyyəli və abır - hörmətli idi. Sonralar Zöhrab Abdullayev Sumqayıtda komsomol və məsul partiya işlərində çalışdığı üçün musiqidən uzaqlaşdı". Haşiyə çıxaraq bidirək ki, Zöhrab Abdullayev istedadlı insan idi. Mahnı bəstələmək qabiliyyəti də vardı. Məşhur "Olmaz - olmaz" mahnısının musiqisi onundur. Bu mahnını neçə - müğənni sevə - sevə oxumuş və hətta lentə yazdırmışlar. Bu sırada xalq artisti Qədir Rüstəmovun da adını qeyd etməliyik. "Olmaz - olmaz" mahnısı bu gün də müğənnilərimizin repertuarını bəzəyir. Z. Abdullayev az yaşamış, cavan ikən dünyasını dəyişmişdir. Elman Həsənov 1962 – 1968 - ci illərdə Ağabala Abdullayevin toy ansamblında çalışmışdır. 1967 - ci ilin yazında Azərbaycan Dövlət Filarmoiyasında "Xalq istedadları" adı ilə Ağabala Abdullayevin konserti olmuşdu. Elman da ansambl tərkibində idi. E.Həsənov 1963 -1969 - cu illərdə Azərbaycan Dövlət Polutexnik Institutunun (haz. Texniki Universitet) axşam şöbəsində oxuyaraq Y.Qaqarin adına mərkəzi pioner və məktəblilər sarayının (haz. T.İsmayılov ad. uşaqların və gənclərin yaradıcılıq mərkəzi) "Cücələrim" rəqs ansamblının müşayiətçi - qarmonçalanı olub. Baletmeyster, əməkdar artist (haz.x.a.) Böyükağa Məmmədovun quruluş verdiyi rəqsləri müşayiət edən Elman Həsənov qarmon sənətinin bu istiqaməti üçün də formalaşmışdı. Hazırda şöhrətli tarzən olan Ramiz Quluyev də Elmanla birlikdə müşayiətçi işləyirdi. "Cücələrim" rəqs ansamblının Bakıda, Azərbaycan bölgələrində dövlət tədbirlərində çıxış edir və SSRİ - nin böyük şəhərlərində konsertlər verirdi. Məşhur "Artek" pioner düşərgəsinə də maraqlı səfər olmuşdu. Macarıstan və Çexoslovakiya respublikalarında da "Cücələrim" ansamblının konsertləri alqışlarla qarşılanmış və mətbuatda geniş şəkildə işıqlandırılmışdı. Yaranmasının 30 illiyi münasibətilə bu rəqs kollektivini 1967 - ci ildə Kremlin Qurultaylar Sarayına konsertə dəvət etmişdilər. Elman Həsənov tələbəlik illərində Ağabala Abdullayevin oğlu Nizami ilə dostluğu və sənət yoldaşlığını davam edirdi. Birlikdə konsertlərə və şadlıq mərasimlərinə gedirdilər. Yaxşı tar çalmağı olan Nizaminin elə o vaxtlardan müğənnilik məharəti də vardı. Ürəkli və təsirli oxumağı onu sonralar əsl xanəndə səviyyəsinə gətirib çıxardı və o, geniş dairədə, xalq arasında tanındı. Nizami Əvvəllər atasının yanında köməkçi xanəndə kimi çıxış etsə də, ustadın ölümündən sonra onun yerini boş qoymadı, Füzulinin ən sevimli və məşhur oxuyanlarından birinə çevrildi. Nizami Abdullayevlə Elman Həsənovun oxuyub - çalmağı bir - birini tamamlayır və bütöv sənət kimi dinləyənləri öz təsir dairəsinə salırdı. Xüsusilə "Zabul" u vǝ "Segah" ı təsirli vurğularla təqdim edirdilər. Elmanın Bakı toylarında pərvazlanması ilk anlarda Islam Rzayevlə bağlı olub. İslam müəllim onu öz toy ansamblının tərkibində rayonlarımıza və qonşu respublikalara da aparmışdı. E.Hǝsənovun İ.Rzayevlə birlikdə çalışması 1964 - ci ildən başlamışdı. Elman Bakı klarnetçalanlarından Ələkbər Əsgərov, Kamil Əzimov, Şəmsi Imanov, Bəhruz Zeynalov, Məhərrəm Zeynalov, Babaxan Bağırov və digərlərilə fəaliyyət göstərsə də, onun ən çox sənət yoldaşlığı etdiyi Cəfər Həsənov olub. 1978 - ci ildə Moskvanın "Melodiya" firmasının Tbilisi filialı Cəfər Həsənovun qrammafon valını buraxıb. O, bu valda "Tərəkəmə", "Vağzalı", "Fəridə" rəqslərini və "Ruhiyyə" mahnısını ifa edib. Müşayiətçilər isə qarmonçalan Elman Hǝsənov, nağara ifaçısı Almaz Quluyev (haz.ǝ.a.) və balabançı – dəmkeş Baba Ağababa oğlu olub. Bu sətirlərin müəllifinin "Azərbaycanda klarnet ifaçılığı sənəti" kitabının 385 – 386 - cı səhifələrində C.Həsǝovun sənət yoldaşları ilə birlikdə çəkilən foto - şəkilləri öz əksini tapır. Orada Elman Hǝsənovun şəklini də seyr etmək mümkündür. Bunlar sənət tariximizin müəyyən anlarını əks etdirən şəkillərdir. Elman Həsənov 1970 – 1980 - ci illərdə sənət meydanında yaxşı tanınan bir qarmon ifaçısı olub. O da klassik qarmon ifaçılığı ənənələrindən layiqincə bəhrələnib müasir səpgidə sənət nümayiş etdirənlər sırasındaydı. Bəli, o, haqqında söhbət açdığımız dövrün dəbdə olan, bəyənilən, sayılıb - seçilən sənətkarlarından biri olub. Onun çalğısında ölçü - biçi, səviyyə, məzmun, təsir gücü və dəyər həmişə yerində olub. Əgər özünü reklamla məşğul olsaydı, ifalarını qrammafon vallarına, radio lentlərinə yazdırıb müntəzəm səslənməsinə çalışsaydı və solist kimi tez - tez televiziya konsertlǝrində görünsəydi geniş xalq arasında tanınar və məşhur qarmonçalanlarımızdan biri olardı. E.Həsənov 1972 – 1979 - cu illərdə məşhur xanəndə (haz.x.a.) Zaur Rzayevin qrupunda çalışmış, bu heyətin tərkibində konsertlərdə və toylarda olmuşdur. Dəvət olunduqları yerlər yalnız Bakı, Azərbaycanın bölgələri deyil, həm də Dağıstanın, Gürcüstanın, Ermənistanın (azəri türkləri yaşayan rayonlar), Tükmənistanın və Özbəkistanın şəhərləri və qəsəbələri olmuşdur. Zaurun filarmoniyamızda verdiyi konsertlərdə ansambl tərkibində Elmanın qarmonunun şirin səsi eşidilirdi. O, ayrı - ayrı muğam şöbələrində də müğənnini əla müşayiət edirdi. 1969 - cu ildə Politexnik İnstitutu bitirən E.Həsənov Azərbaycan Dövlət Sənaye Layihə İnstitutunda mühəndis kimi işə başlayıb. O dövrdən indiyə qədər orada çalışıb. Hazırda isə həmin təşkilat belə adlanır: Fövqaladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi. E.Həsənov burada sektor müdiri vəzifəsində çalışır. Hər bir sənətkar mənsub olduğu xalqa, onun mədəniyyətinə, musiqisinə arxalandığı kimi, bu mənbələrə, dəyərlərə borcludur. Yəni böyüdüyü, boy atdığı mühütə, qidalandığı zəminə borcludur. E.Həsənov istər məktəbli olarkən, istər tələbəlik illərində, istərsə də Layihə İnstitutunda çalışdığı zaman xalqımızın musiqi mədəniyyətinə sevgiylə xidmət edib. O, qazandığı sənətlə elimizin, obamızın, şadyana mərasimlərinə rövnəq verməyi özünə borc bilib. Konsertlərdə qarmonumuzu əsl milli çalarlarla, zəngin xalq ruhunda səsləndirərək, insanlara dərin zövq bəxş edərək sevincə qərq edib. Biz də belə bir dəyərli şəxsin, gözəl musiqiçinin xidmətini göz önünə gətirib adını şərəfləndirərək musiqi tariximizə qeyd etmək üçün soraqlayıb, tapıb qapısını döyməyi özümüzə borc bildik. Elman Həsənov 1978 - ci ildə ailə qurub. İki övladı var.
Tanındı əxlaqı, tərbiyəsilə,
İnsanlarla isti ünsiyyətilə.
Oldu Bakıda yaxşı qarmonçalan,
Nüfuz qazandı o, xoş niyyətilə.
Toy - büsata gedirdi məşhurlarla,
Əla ifa göstərirdi onlarla,
Çalğı yaradırdı ad - sanlılarla,
Çal - çağırlarda elin dəvətilə.
Elmanın çalğısı çox şirin idi,
Usta qarmonçalanlardan biriydi.
Qarmonunu dilləndirən qəlbiydi,
Təriflənirdi gözəl sənətilə.
Nurludur çöhrəsi, üzü, bənizi,
Musiqidə hələ də vardır izi,
Xoş rəftarıyla alıb qəlbimizi.
Bizlərə doğmadır üliviyyətilə
İstedadı bəlli idi Elmanın,
Sənətkarı idi dövrün, zamanın.
Xatırlayır ömrün xoşbəxt o anın,
Yada salır xoş duyğu, hörmət ilə.
Ə.Rəhmanlı, 22 noyabr 2013 - cü il.
_______________________________________________________________________________________________________________________________
Əhsən Rəhmanlı “Qarmon ifaçılığı sənəti və onun Azərbaycanda tədrisi”, Bakı “MBM” 2014, Səh. 284 – 289.