O, qarmon aləmində çox yaxşı tanınır. Adı hörmətlə ən mahirlərin sırasında çəkilir. Haqqında daim müsbət fikirlər söylənir. Gözəl əməlləri, mənəviyyatı, saf niyyəti ilə çoxlarının hörmətini qazanıb. Yazı müəllifi olaraq deyə bilərəm ki, onun haqqında musiqiçilərdən yalnız xoş sözlər eşitmişəm. Yaxşı qarmon ifaçısı olması barədə neçə illər öncə soraq alsam da nə üzünü görmüş, nə də ki, çalğısını dinləmişdim. Deməliyəm ki, 1990 - cı illərin əvvəllərində Salyanda Pərviz adlı bir gəncin uğurlu addımlar, yaxşı sənətlə meydana çıxması barədə Bakıya da xəbərlər gəlmişdi. 2005 - ci il dekabr ayının 1 - də sənət dostumuz məşhur qarmonçalan Abutalıb Sadıqovu (1945 - 2008) Həcc ziyarətinə yola salırdıq. Yola salanlar arasında əməkdar Zakir Mirzə və Baxışəli Əliyev də var idi. Ziyarətə gedənləri aparan avtobuslar Hökumət Evinin yaxınlığında dayanmışdı. Klarnet ifaçısı Raqib Hüseynov da Abutalıb müəllimə uğurlu yol arzulamağa gəlmişdi. O, dedi ki, mən həm də qarmonçalan, salyanlı Pərvizi yola salmağa gəlmişəm. Pərvizgili aparan avtobus da yaxındadır. Raqib bizimlə xudahafizləşib zəvvarların digər avtobuslarına tərəf getdi. Pərviz Həcc ziyarətindən qayıdaraq müqəddəs Quranımıza sığınmış, dini ritualları yerinə yetirmiş, şəriət qanunlarına əməl etmiş, Uca Allaha gedən yolun yolçusu olmuşdur. Ziyarətdən qayıtdığı andan halal Hacı adını öz adının qarşısında daşımağı bacarmışdır. O, xalq musiqiçilərimiz arasında Hacı Pərviz olaraq tanınır. Oğlum, qarmonçalan Mikayıl Rəhmanlı musiqiçilərin toylarından yazılmış diskləri toplayaraq tamaşa edir, dinləyərək özünə lazım olanları öyrənir. 2010 - cu ilin ortalarında o, musiqiçi toyunu əks etdirən bir diskə baxırdı. Bu zaman ekranda mənim üçün yeni olan bir qarmon ifaçısını seyr etdim. İfa mənə maraqlı gəldi və mən kağız - qələmdən ayrılıb diqqət kəsildim. Onun cǝld, çevik barmaqlarla keçidlər etməsi, sürətli melodiyaları tam sərbəst və aydın təhvil verməsi cəlbedici idi. Çalğı mənə müəyyən qədər əməkdar artist Ənvər Sadıqovun ifa üslubunu xatırlatdı. Oğlum da diqqətlə tamaşa edirdi. Ondan soruşdum: - Bu ifaçı kimdir? Cavab verdi ki, Hacı Pǝrvizdir. Beləliklə, nəhayət ki, ifasını eşitmək, üzünü görmək istədiyim bir ifaçı ilə qiyabi tanışlığım yarandı. 2012 - ci il avqust ayının 14 - də, həm də müqəddəs Ramazan zamanında, axşam saatlarında, iftardan sonra Bakının Bakıxanov qəsəbəsində yaşıllığın qoynuna aldığı çayxanada üzbəüz əyləşib, çay içǝ - içə söhbət edib, yaxından tanış olduq. Pərviz Nəhməd oğlu Əhədov 1967 - ci il avqustun 6 - da Salyan şəhərində anadan olub. Ata bǝnna, ana isə evdar qadın idi. Bu mehriban, zəhmətkeş ailədə beş uşaq halalıqla böyüyüb. Pərviz sonbeşikdir. O, 1974 - cü ildə 4 saylı ümumtəhsil məktəbin 1 - ci sinfinə daxil olub və 1982 - ci ildə 8 illik təhsili bitirib. Həmin il Salyandakı texniki peşə məktəbinə daxil olub və burada 3 il təhsil alaraq sürücülük peşəsinə yiyələnib. Salyanda qarmon sənətinə həmişə maraq və sevgi olub. Bu kiçik şəhərdə böyük qarmon ifaçıları yetişib. Digər bölgələrin qarmonçalanlarından onların fərqli cəhətləri o olub ki, həmin sənətkarların çalğısında şirinlik, sambal, təmkin, təsir və aydınlıq hiss olunub. Salyan qarmonçalanlarının ifa tərzində musiqili ürək daim özünü biruzə verib. Musiqi aləmində haqlı olaraq həmişə fikir yürüdülüb ki, Salyan qarmon ifaçıları şirin çalırlar. Salyanda Rza Şıxlarov, Əflatun Ağayev, Əlisahib Dadaşov, Sadıq Sadıqov, Elman Bədəlov, Saleh Nəzərov, Çingiz Qurbanov, Tofiq Məlikov, Aslan İlyasov, Süleyman İlyasov, Əliyusif kimi qarmon sənərkarlarları yetişib. Onlardan ən mahiri Rza Şıxlarov və Əflatun Ağayev, ən məşhuru isə Aslan İlyasov olub. Salyan camaatı həmişə qarmonsevərliklə seçilib. Heç bir şadyana mərasim, toy - nişan qarmonsuz keçirilməyib. Pərviz də belə bir mühitdə boy atıb pərvazlanıb. Pərvizgilin qonşuluğunda da qarmonçalanlar var idi. Sadıq Eyvazov, Yaşar Haqverdiyev, Şahlar Ağalarov qonşuluqda yaşayırdılar. O dövrdə bütün gənclər Avtandil İsrafilovun üslubu ilə sənət öyrənirdilərsə, Şahlar yeni nəsə axtarırdı, tam fərqli cəhətlərlə çalırdı. Pərvizgilə ən yaxın qonşu Sadıq Eyvazov idi. Onların həyətini ortadakı çəpər ayırırdı. Yaşıdları olan musiqiçilər tez - tez Sadıqgilə yığışar, məşqlər edər və sənət barədə söhbətləşərdilər. Sadığın böyük qardaşı Aydın (ləqəbi Aqqa) qarmon, o biri qardaşı Yadigar isə nağara çalırdı. Onların bir qardaşı Sǝdiyar da vaxtıyla nağaraçalan olmuşdu. Musiqiyə həvəskar 6 yaşlı Pərviz tez - tez Sadıqgilə gedər və onların məşqlərini həvəslə, həssaslıqla dinlərdi. Bu uşağın qeyri - adi musiqi yaddaşı var idi, nə eşidirdisə beyninə həkk olunurdu. Sadıq Pərvizə əvvəlcə bir mahnı öyrətdi. Uşaq bu havanı yaxşıca çalırdı. Sonrakı vaxtlarda 2 - 3 mahnı da öyrədib təhvil alandan sonra demişdi: "Daha sənə heç nə öyrətməyəcəyəm. Özün öyrənə bilərsən. Televizora bax, radionu dinlə, eşitdiklərini öyrən". Balaca Pərvizin həvəs və bacarığını görən valideynlər ona "Kazan" qarmon aldılar və 7 yaşında ikən onu Salyan mədəniyyət evində fəaliyyət göstərən qarmon kursuna qoydular. Əlbətdə azyaşlı uşağın qarmon çalması, alətlə davranması, gücü çatması çox çətindir. Tədris qaydalarına əsasən qarmon sinfinə 10 yaşlı uşaqları götürürlər. Təcrübəmizdən bilirik ki, 6 - 10 yaş arasında olan uşaqlar hədsiz istedad sahibi olsalar belə, qarmonun çəkisi onlara ağır gəldiyi üçün az müddətdən sonra həvəsdən düşür və məşğul olmaqdan imtina edirlər. Lakin istisnalar da olmuşdur. Vergili uşaqlar hər çətinə tab gətirmiş, istedad və həvəsləri hər şeyə güc gəlmiş, az yaşlardan gələcəkdə mükəmməl qarmon ifaçısı olacaqlarına inam yaratmışlar. Pərviz də belələrindən biri olaraq mədəniyyət evində qarmonla məşğul olanlar arasında seçilirdi. Elə ona görə də onun musiqi məktəbinə keçirilməsi barədə düşünməli oldular. Mədəniyyət evində Pərvizin sənət müəllimi Alim Abbasov idi. O, şagirdinin gələcəyinə böyük ümid bəsləyirdi. Pərviz ondan 1 il dərs aldı. 8 yaşlı Pərvizi Salyan musiqi məktəbinin 1 - ci sinfinə qəbul etdilər. Burada 5 il təhsil aldı, notu, nəzəriyyəni, qarmon sənətinə aid olan incəlikləri öyrəndi. Onun ixtisas müəllimi Vidadi Cəfərov olub. Pərviz musiqi məktəbinin x.ç.a. ansamblında çalırdı. Cəldliyi, çevikliyi və bacarığı ilə yoldaşları arasında seçilirdi. Onun xatirələrindən: "Musiqi məktəbi illərində müəllimin öyrətdiklərindən əlavə cəld ritmli melodiyaların demək olar ki, hamısını çalırdım. Televiziya konsertlərini izləyirdim. Oradan nəyi eşidirdimsə öyrənə bilirdim. Bir dəfə televiziyada qonşu respublikanın estrada orkestrının müşayiətilə skripkaçalanın ifasında "Bayatı - Şiraz" muğamı əsasında melodiyanı eşitdim. Bu konserti iki dəfə Bakı, bir dəfə də Moskva televiziyası ilə seyr etmişdim. Bu musiqini yaxşıca öyrənmiş və özümküləşdirmişdim. İfam Vidadi müəllimin də xoşuna gəlmişdi. 1977 - ci ildə rayonların musiqi məktəbləri arasında müsabiqə keçirilirdi. Oxuduğum məktəbdən müsabiqədə iştirak üçün mən layiq görülmüşdüm. Vidadi müəllim mənim böyük uğur qazanacağıma ümid etdiyi halda vəziyyət tam əksinə çevrildi. Digər qarmonçalan şagirdlər kimi mən də melodiyanı nağaranın müşayiətilə çalmalı idim. Səhnəyə çıxdım. Nağaraçalan yox idi, o, səhnədə görünmədi. Səslədilər, həmin anda o, tapılmadı. Münsiflər heyətinin üzvləri əsəbi vəziyyədə dedilər: - Vaxtımızı alırsan, biz səninçün müşayiətçi axtaran deyilik, tez ol, ifanı göstər. Mən müəllimin razılığı ilə həmin o "Bayatı - Şiraz" üstündəki rəqsi çaldım. Ritm müşayiəti olmadan çaldığım üçün münsiflər heyətinin üzvləri narazılıq bildirərək dedilər: - Bu nə melodiyadır, çalırsan? Biz belə rəqs eşitməmişik. Nə ifa etdiyini anlamadıq. Beləliklə ilk müsabiqədə uğursuzlığa düçar oldum. Vidadi müəllim pərt oldu. Hətta mənə acıqlandı da. Sonralar həmin melodiya Avtandil İsrafilovun ifasında "Basqalı" adıyla geniş yayıldı. Elə indi də onun özünün və əksər musiqiçilərimizin repertuarındadır". Haşiyə: "Haqqında söhbət gedən melodiya rumın musiqisi olaraq, onların tanımlı bir qrupunun ifasında səslənərək lentə alınmış və dünyaya yayılmışdır. Əsasən burada solist Rumıniyanın məşhur ifaçısı lonik adlı akkordeonçalandır. Əsər instrumental musiqidir. Avtandilin ifasında "Basqalı" adlı bu melodiya zəngin çalarla, çox gözəl səslənir. O, bu melodiya üzərində iş aparıb əlavələr və dəyişikliklərlə "sol" tonallığında ifa edib radio fonduna vermiş, televiziyada və digər yerlərdə canlı çıxışlarda ifa etmişdir. Həmin melodiya ustad qarmonçumuzun ifasında özünə "vəsiqǝ" alaraq xalq rəqslərimiz sırasına daxil olmuşdur. Basqal İsmayıllı rayonu ərazisində qədim yaşayış məskənlərimizdən biridir. Avtandil ifa etdiyi rǝqs melodiyasını basqallı doslarının şərəfinə "Basqalı" adlandırmışdır. İfaçı, araşdırmaçı və qarmon sinfinin müəllimi kimi əsl həqiqəti qeyd etməyi özümə borc bildim. Bu rumin melodiyasıdır. Həmin melodiyanı 1970 - ci illərin lap sonlarında İrəvan teleradiosunun estrada orkestri skripka ifaçısının solistliyilə ifa edirdi. Həmin orkestr Azərbaycan televiziyasında qonaq olarkən həmin melodiyanı da repertuara daxil etmişdilər. Fakt isə faktlığında qalır, bu rumınların melodiyasıdır". İlk uğursuzluqdan sınmayan, həvəsdən düşməyən Pərviz öz üzərində çalışaraq respublikamızın ən yaxşı qarmon ifaçılarından biri kimi meydana çıxdı. Pərviz ilk əvvəllər virtuoz qarmon ifaçımız Zakir Mirzənin sənətini sevmiş və onun çalğısına azarkeşlik etmişdi. Sənətkarın cəld ifaları Pərvizi vəcdə gətirirdi. O, Zakirin ifalarını əsasən televiziya konsertləri vasitəsilə izləyirdi. Pərvizdən müsahibə alarkən yaxın sənət yoldaşım Manaf Rza da mənimlə birlikdə idi. Pərviz dedi: "Manaf, mən sənin də televiziya çıxışlarına tamaşa etmişəm və xarici ölkə əsərlərini iti barmaqlarla ifa etməyini sevmişəm. Bu bir həqiqətdir ki, sənin də ifan diqqətimi çəkdiyi üçün azarkeşlik etmişəm". Pərvizin yaşından xeyli böyük ifasını görüb dərk edən, bəyənən Salyan musiqiçiləri onu özlǝrilə toylara aparıblar. O, ilk əvvəllər yeznəsi, nağaraçalan Səyyarla toy - nişanda çalıb. Atası Nəhməd məşhur musiqiçi Həsənağa Sadıqovla yaxın tanış idi. O, Həsənağadan Pərvizin ifasını dinləməsini xahiş etmişdi. Uşağın çalğısını dinləyən böyük musiqiçi gülümsünərək demişdi: "Bu əsl qarmonçudur ki... Onunçün qarmon al, onu özümlə hər yerə aparacam". Pərvizgil Rza Şıxlarovla Bakıya gəlmiş və ustad qarmonçunun tanışından 1200 "rubl" a qarmon almışdılar. Bu Tula şəhərində hazırlanmış qarmonlardan idi. Beləliklə Pərviz Həsənağa Sadıqovun "Mahirlər" adlı ansamblının tərkibində 2 - 3 ay çalışaraq 20 - dən artıq iri toy məclislərində olmuşdu. Özünün söylədiklərindən: "Mən onlarla uzun müddət fəaliyyət göstərə bilmədim. Toyun biri Salyanda idisə, digəri Lənkəranda olurdu. O biri gün Əlibayramlıya gedirdik, başqa gün isə Bakı kəndində çalırdıq. Gəncə toyundan sonra Masallıya gəlməli olurduq. Həmin toyun səhəri günü yenə Bakı məclisi, yenə Salyana qayıtmaq, bu rayonun kəndlərində çalmaq, Neftçala toylarına getmək və s. və i.a. Bir -birindən uzaq məsafələrdə olan ağır məclislər, şəhərlər, rayonlar arasındakı yolları avtomobillə qət etmək, yuxusuzluq, gərginlik və yorğunluq məni əldən salmışdı. Uşaq olduğum üçün bu əziyyətlərə dözə bilmədim". Həsənağanın oğlu Elşən qarmon, fortepiano, sintezator çalır. Böyük istedadı var. Pərvizlə tay - tuş olduğu üçün tez - tez görüşürdülər. Pərvizgil onların evində məşq edirdilər. Bu məşqlər gənclərin inkişafına böyük təkan verirdi. Azyaşlı uşağın bacarıqlı qarmon çalğısı bütün toylarda iştirakçıların diqqətini cəlb edirdi. Bəzən onun başına duz çevirirdilər. "Mahirlər" in rəhbəri Həsənağaya deyirdilər: "Bu uşağı qoruyun". Pərviz Salyanda mahir gitaraçalan İxtiyar Qədirovun dəstəsində də fəaliyyət göstərib. Düzdür bu məşhur sənətkarı da Neftçalaya, Şirvan şəhərinə (əvvəlki Əlibayramlı), Masallı, Lənkəran bölgəsinə dəvət edirdilər. Lakin o, ən çox Salyan şəhərinin toylarında fəaliyyət göstərirdi. Bu da Pǝrvizin İxtiyarla birgə çalışması üçün rahatlıq yaradırdı. Pərviz Əhədov 1985 – 1987 - ci illərdə Sovet ordusu sıralarında xidmət edib. İki ay Almaniya Federatif Respublikasında, sonra isə Bakıda, Salyan kazarmasında olub. Onun xatirələrinə nəzər yetirǝk: "Tabor komandiri musiqiçi olduğumu bilib məni musiqi taqımının komandirinə təqdim etdi ki, hərbi orkestrə götürsün. O, bayan və qarmon çalmağımı bilib etiraz etdi. Dedi ki, bizə nəfəs alətlərində, orkestr alətlərində çala bilənlər lazımdır. Onu da deyim ki, əsgərlikdə az vaxtda bayan çalmağı öyrənmişdim. Hərbi hissənin klubunda bayan var idi. Bu çoxsıralı, tam mükəmmǝl bayan sayılırdı. Hərbi orkestrın komandiri mənə trambon alətinin ifa qaydalarını azca öyrətdi, aləti və bəzi not yazılarını mənə verib tapşırdı ki, bunları öyrənib gəlim. Elə də etdim, notla çalmağı öyrənərək onun yanına gedib işi təhvil verdim. O, razı qalıb məni orkestrə götürdü. Bayan alətində "Çardaş" əsərini də çalırdım. Xidmət etdiyim hərbi hissə dislokasiyasını dəyişdi və Almaniyadan SSRİ məkanına qayıtdı. Mən Bakıda qulluq etməli oldum. Buradakı hərbi orkestrda də mən trambon çalır və boş vaxtlarımda bayanla məşğul olurdum. Hətta bir - neçə dəfə bayram günlərində əsgərlər qarşısında bayanla yarımsaatlıq solo konsertlər vermişdim. Bu böyük marağa səbəb olmuşdu. Xarici olkə bəstəkarlarının əsərlərini, rus melodiyalarını və bizim bəstəkarların əsərlərini çalırdım. Hərbi hissə rəhbərliyi mənə təşəkkür etmişdi. Elə indi də bayanla məşq edib bu işi davam etsəm, yaxşı nəticə ala bilərəm". Söhbətin bu yerində mən bu ifaçıya bəzi tövsiyələr etdim. Dedim ki, konsertlərdə, musiqiçilərin toplantılarında, sənət adamlarının öz toylarında bayanla çıxış edib rəngarənglik yarat, bir daha istedadını göstər, bacarığını nümayiş etdir, musiqilərimizi bayanda çalıb bunları toylardakı alətlərlə sintez et. Əlbəttə bir mütəxəssis kimi bizim ən ümdə vəzifəmiz milli qarmonumuzu təbliğ etməkdir və əslində bu işlə məşğuluq. Lakin başqa xalqların müsiqi alətlərilə möcüzə yaradan vətəndaşlarımızı, xalqımızın istadadlı övladlarını bir daha göz önünə gətirmək, nəzərə çarpdırmaq və diqqətə gǝtirmək də vicdan hisslərimizdəndir. Hacı Pərvizin xatirələrindən: "Əsgərlikdən sonra Salyanda bir müddət mənim ifamı qəbul etmədilər. Deməliyəm ki, çalğım dərk olunmurdu. Hətta ifa tərzimi bəzi musiqiçilər bəyənmirdilər. Deyirdilər ki, bu nədir, sən rusca çalırsan. Əslində isə bu belə deyildi. Bu fikirlər onların məni dərk edə bimədiklərindən doğurdu, çünki mən sadə yolla çalmırdım, daha doğrusu o üslubdan darıxırdım. Mən həmişə rəhmətlik Vaqif Mustafazadənin ifalarından, onun qızı Əzizə xanımın oxuduqlarından, piano çalğısından zövq almışam. Onların improvizasiyaları məni öz çevrəsinə salıb. Ümumiyyətlə klassik musiqini sevmiş, bunları öz ifamda təqdim etmək istəmişəm. Həm də adi, sadə çalğıdan uzaqlaşmaq fikrində olmuşam. Salyanda isə əvvəllər öz mövqeyimi təsdiq edə bilmədim. Məni toylara aparmadılar. 1 il bərbər işlədim. Ənvər Sadıqovu öz dəstəsilə Salyan şəhərinə toya gətirmişdilər. Onun ifası və repertuarı Salyanda maraq doğurmuş, musiqiçilərin çox xoşuna gəlmişdi. Səhəri gündən başlayaraq bir müddət onun çalğısı, qəribə üslubu, say - seçmə musiqiləri qarmonda səsləndirməsi barədə söz - söhbət getdi. Deməli belə çalğı Salyanda qəbul olundu. Elə əslində mən də həmin üslubda çalırdım. Beləliklə bir qarmonçalan kimi mən doğma elimdə, Salyanda qəbul olundum. İxtiyar Qədirovun dəstəsində çalışdım, bölgələrin el şənliklərində çaldım". Aşıb - daşan istedad, inkişaf edib özünü sənətdə tapmaq həvəsi gənc ifaçını 1993 - ildə Bakıya gətirir. "Luna - park" ın "Aysel" restoranında çalışır. 1 ildən sonra yenidən salyana qayıdır. 1 il də Salyanda yaşadıqdan sonra yenidən Bakıya gəlir və həmişəlik burada qalır. 5 il "Gülüstan" sarayında işləyərək təlabata uyğun olaraq əsasən akkordeon çalır və arabir toylara gedib qarmon ifaçısı kimi tanınır, bəyənilib sevilir. Burada musiqi aləmində Şəkili Elşad kimi tanınan, nağara ifaçısı Elşad Əbdürrəhimovla yaxın yoldaşlıq edir. Pərvizin fikirlərindən: "Elşad saf insandır, dinimizi sevir, rəğbət bəsləyir, ibadət edir. Onun əməlləri təmiz, mənəviyyatı pakdır. Bu gün də onunla sənət yoldaşlığı və dostluq edirəm. Mənə elə gəlir ki, Bakıda daimi məskunlaşmağımın səbəbi belə bir saf və sədaqətli insanı tapmağım olub". Pərviz Bakıya gəldiyi ilk zamanlarda Ənvər Sadıqovla yaxın münasibətdə olmuş, fikir və düşüncələr mübadiləsi aparmışdı. Ənvər ona demişdi: "Bizim qarmon ifamız, bu üslub tənqidlərlə, tənələrlə qarşılaşır. Sənə də bəzi iradlar tutacaqlar, xətrinə dəyənlər tapılacaq. Ancaq neyləməli, dözüb öz işimizi davam etməliyik. Sən də öz işində ol, tənqidlərə tab gətir və ifanla öz sözünü de... Biz öz işimizdə möhkəm olaq, ifa qaydalarımızı davam edək, görək sonrası necə olur...". Hacı Pərviz 1998 – 2000 - ci illərdə məşhur müğənnilərdən İlqar Muradov və Rüfət Mehdiyevlə (dünyasını dəyişib) toylara gedirdi. Bu işdə klarnet va saksafon ifaçısı Eldar Zeynalov vasitəçi olmuşdu. Eldar müəllim də iman ǝhlidir. Hacı Pərviz 1998 – 2000 - ci illərdə məşhur müğənni Nadir Bayramlının ansamblında çalışıb. 2005 - ci ildən Elşad Şəkilinin vasitəsilə "Şeron" qrupunun qarmonçalanı olub. O, müğənni Elton Hüseynəliyevlə də müəyyən müddət çalışıb. Hacı Pərviz Nadir Bayramlı və Elton Hüseynəliyevlə MDB məkanına konsertlərə və toylara gedib. Bir dəfə Hacı Pərviz Bakıdakı şadlıq sarayların birində keçirilən toy mərasimində klassik Azərbaycan qarmonu üslubunda "Şur" muğamının "Bərdaşt" və "Mayə" şöbələrini çalıb. Xalq artisti, ustad xanəndə Alim Qasımov da həmin şənliyin iştirakçısı imiş. Hacı Pərvizin qədim köklǝrǝ bağlı, maraqlı ifasını, "Şur" unu eşidən Alim vəcdə gələrək yerindən sıçrayaraq "bəh – bəh" deyib əyləşib. Sonra o, musiqiçilərin əyləşdiyi səhnəyə yaxınlaşıb ədəb - ərkan göstərǝrǝk mikrofonu götürüb və deyib: "Mən məmnuniyyətlə belə "Şur" un təsiri ilə oxuyaram. O, Pərvizin müşayiətilə qeyri - adi və həddən artıq təsirli muğam gəzişmələri edib. Pərvizin dedikləri: "Yeniyetmə çağlarımda mən Rza Şıxlarovdan az müddətdə muğam dərsi almışam. O, mənə "Şur" da öyrətmişdi. Mən həmin məclisdə ustadımdan öyrəndiyim üslubda "Şur" çalırdım ki, bu Alim Qasımovu yerindən oynatdı və oxumağa sövq etdi".
__________________________________________________________________________________________________________________
Əhsən Rəhmanlı “Qarmon ifaçılığı sənəti və onun Azərbaycanda tədrisi”, Bakı “MBM” 2014, Səh. 619 – 625.