Aslan Mikayıl oğlu İlyasov 1948 - ci il mayın 22 - də Salyan şəhərində anadan olmuşdur. Salyan müsiqi mühiti, xüsusilə bu şəhərin qarmon ifaçılarının fəaliyyəti bu sənətə onda məhəbbət oyatmışdır. O, ilk əvvəllər tar çalmağı öyrənmişdir. Sonralar isə qarmon çalmağa başlamış, bunun onda daha yaxşı alındığını, bu işin onu öz ardınca çəkdiyini hiss edǝrǝk taleyini həmişəlik bu sənətə bağlamışdır. Onun ilk sənət müəllimi Saleh Nəzərov olsa da, uşaqlıq və gənclik illərində Salyan toy - nişanında, mədəniyyət evində verilən konsertlərdə ustad qarmon ifaçıları Rza Şıxlarov və Əflatun Ağayevin ifalarını dinləməsi Aslanın çalğı qaydalarını formalaşdırmışdır. Aslanda Əflatunun üslubu müəyyən incəliklərilə öz əksini tapmışdır. Aslanın təmkinli, təsirli xalları, şirin səs çalarları ilə səslənən "Segah" ında Əflatun sənətinin ətri, təravəti, nəfəsi tam aydınlığı ilə təzahür edir. Aslan Salyan aşıqlarının sevimli qarmonçalanı kimi, onların dəstələrinin tərkibində çox yerlərdə toy məclislərində olmuşdur. Onun xalq arasında ilk tanınması elə aşıq dəstələri ilə çalıb - çağırdığı zamanlara, bir də ki, Salyan və ətraf yerlərdə keçirilən qız toylarında klarnet dǝstəsinin tərkibində çıxış etdiyi anlara təsadüf edir. Aslan Salyanın Babazənən (el dilində Babazanlı) qəsəbəsindən yetişən, səsini radioya yazdıraraq məşhurlaşan xanəndə İnşallah Hüseynovun dəstəsində də çalışmışdı. Onunla birlikdə Salyanla Əlibayramlı (indiki Şirvan) arasındakı kəndlərdə, Neftçala və Sabirabadda çox toylarda çalmışdı. Bütün bunlar Aslanın gənclik illərində özünə yer almışdı. Həmin illərdə Aslan Salyan aşıqları ilə Bakı toylarına da gəlmiş və ən böyük qəsəbələrin toylarında bərkimişdi. Aslan bütün məclislərdə özünü sevdirməyi, insanların diqqətini özünə yönəltməyi bacarırdı. Bu hallar onda sənətə başladığı dövrdən son anlara qədər olmuşdur. Toylarda diqqəti özünə cəlb etməyi, iş görməyi bacaran sənət adamlarına "tutuzduran", "tutduran" deyirlər. Burada "tutdurmaq", "tutuzdurmaq" sözünün izahı, anlamı belədir: - yəni bacarıq nümayiş etdirmək, özünə diqqət yönəltmək, özünü sevdirə bilmək, işini, sənətini göstərə bilmək, göz önündə canlandırmaq deməkdir. Sadə dildə desək, sənətini "satmağı" bacarmaq özü də istedaddır. Aslanda belə bir istedad var idi. İndiki təbircə desək o, şou yaratmağı, maraq oyatmağı bacarırdı. Aslan Salyanda nağaraçalan Ulduz kişi ilə neçə illər yoldaşlıq etmişdir. Onunla bir dəstədə Salyana yaxın olan bütün kəndlərdə çalıb - çağırmışdılar. Ulduz xanəndələri Bakıdan gətirirdi. Klarnetçalan Elşad Cabbarov da Bakıdan idi. Artıq Aslanı Bakı musiqiçiləri və xanəndələri tanımağa başlamışdılar. Bəzən də bu dəstənin klarnetçalanı Salyandan Elman Bədəlov və ya Tahir Səmədov olardı. Salyanda və ətrafda məşhur qarmonçalan olduqdan sonra onu toy şənliklərinə dəvət edənlər çoxalmışdı. Onların Salyandakı evlərinin qapısına toy vədələşməyə gələnlərin avtomobilləri düzülərdi. Qeyd etməliyik ki, ümumiyyətlə, Aslan Salyanda tay - tuşları olan sənət adamlarının hamısından tez tanınmışdı. Aslan sonrakı anlardan başlayaraq məşhur xanəndələrlə vədələşərək Bakıdan Salyan toylarına gətirirdi. Belə hallar onun hörmət - izzətini daha artırmış və onu Azərbaycanın ən məşhur xanəndələri və musiqiçiləri arasında tanıtdırmışdı. Aslan Salyanın özündə xanəndələrdən Arif Babayev, Süleyman Abdullayev, Eyvaz Həsənov, Razi Şükürov, Zaur Rzayev, Sabir Mirzəyev, Teymur Mustafayev və digərləri ilə toylarda olurdu. Aslanın Azərbaycan radiosunun fonduna təqdim etdiyi, dövründə tez - tez səsləndirilən ifaları ona böyük şöhrət gətirmiş, geniş miqyasda tanıtmış və sahibinə ümumxalq məhəbbəti qazandırmışdı. Onun ifasında səslənən oyun havalarında və "Segah" muğamında milli üslub, xalq ruhu, milli kolorit xeyli cazibədardır. Radioda və televiziyada "Tərəkəmə", "Yanıq Kərəmi" xalq havalarını və özünün bəstələdiyi rəqsləri çaldıqdan sonra A.İlyasov Bakıda və rayonlarda keçirilən toy - büsatın dəbdə olan sənətkarına çevrilmiş və xalqın sevimli qarmonçalanı olmuşdu. Radioda səslənən, onun bəstələdiyi "İrani", "Zeynəbi", "Üzümçülər", "Nazənin", "Ülviyyə" və s. rəqslər dəbə düşmüş və toyların repertuarına daxil olmuşdu. A.İlyasovun televiziya konsertlərinə cəlb olunaraq daha artıq sevilib məşhurlaşmasında AzTV - nin musiqi redaksiyasının böyük redaktoru Çingiz Abbasovun xüsusi rolu olmuşdur. Bu xeyirxah, nəcib, diqqətli və təmənnasız insan ağıllı tövsiyələri, məsləhəti ilə həmişə Aslana düzgün istiqamət vermiş, onun televiziya konsertlərində tez - tez görünməsinə şərait yaratmışdır. O, həm də Aslanı teleradio əməkdaşları ilə yaxından tanış etmiş, qarmon ifaçımızın bu kollektivin işçiləri ilə sıx əlaqədə və mehriban münasibətdə olması üçün bacarığını əsirgǝməmişdi. Çingiz müəllim sona qədər Aslana hörmət, etiqad göstərmişdi. 1980 - ci illərin əvvəllərində Azərbaycan Dövlət Filarmoniyasında Aslan İlyasovun solo konserti olmuşdu. Onu Azərbaycanın hər yerinə, həmçinin Gürcüstanda və Ermənistanda öz tarixi torpaqlarında yaşayan azəri türklərinin şadlıq mərasimlərinə dəvət etmişlər. 1980 - ci illərdə dəbdə olan sənətkarın Dövlət Filarmoniyasında da solo konsertləri olmuşdur. O, 2010 - cu illərdə Azərbaycan radiosuna yeni ifalarını; "Qoçəli", "Kolxoz", "Beşatılan", "Keçiməməsi" və b. xalq rəqslərini və özünün bir - neçə melodiyasını təhvil vermişdir. Güney Azərbaycanın bütün el - obasında, kəndlərində, qəsəbələrində və şəhərlərində, hətta İranın mərkəzi Tehranda Aslan sənətini sevənlər, audio kasetlərini, disklərini toplayıb dinləyənlər, video kasetlǝrǝ, disklərə tamaşa edib sevinənlər və zövq alanlar vardır. Xarici dövlətlərdə yaşayan güneynilər içərisində Aslanın ifalarını sevənlər də az deyil. Amerikada yaşayan bir təbrizli A.İlyasovun reperturını dinləyərək sonra Bakı ilə telefon bağlantısı yaradıb sənətkara təşəkkürünü çatdırandan sonra bu ifalardan vətən torpağının ətrini duyduğunu bildirirdi. "Azərbaycanfilm" in çəkdiyi "Bəyin oğurlanması" bədii filmin toy səhnəsində səslənən "Tǝrǝkəmə" xalq rəqsi Aslanın ifasındadır. Bu ifadan xoreoqrafik rəqs quruluşlarında istifadə olunur. A. İlyasov 40 yaşı ötdükdən sonra boğaz nahiyəsində ciddi xəstəliyə düçar olmuş, İranın Tehran şəhərində əməliyyat olunaraq sağalıb yenidən həyata və sevdiyi sənətə qayıtmışdı. 60 - yaşı ötdükdən sonra da tale onu yenidən sınağa çəkmiş, o, daha ağır daxili xəstəliyə tutulmuş, Bakıda ciddi əməliyyata məruz qalaraq bəxtin bu imtahanından da çıxmış, ailəsinə, doğmalarına və pǝrəstişkarlarına qovuşmuşdu. Aslan da Tanrının sevimli bəndələrindən biri idi. Böyük yaradan onu şöhrətləndirmiş və ruzi dolu bir tale bəxş etmişdi. Belə şəxslərə naxışkar adam deyirlər. Bəli, onun naxışı həmişə gətirmişdir. Bəxt, naxış öz gücündə, qüvvəsində, öz təsirində idi. İlahinin verdiyinə şükür. Allahın verdiyinin qarşısını heç bir qüvvə kəsə bilməz. Bu sevimli bəndə həmişə də Allah nəzərində idi. Toylarda, şənliklərdə qarmonunu səsləndirməkdə, sənətilə ailəsinin ruzisini qazanmaqda olaraq Tanrıya şükr edirdi. Xalqın sevimli qarmonçusunun Bakıdakı evi daim qonaq - qaralı olurdu. Sənətini sevənlər, pərəstişkarlar və bir sıra sənət yoldaşları onun evinə tez - tez təşrif gətirərdilər. Əksər hallarda o, əziz qonaqlarını müxtəlif təamlarla birlikdə balığa da qonaq edərdi. Balıq onun süfrəsinin şahı idi. A.İlyasovun iki övladı var. Qızı Aslanın anasının, oğlu isə Aslan adını daşıyır. Aslan İlyasov 2013 - cü il dekabrın 19 - da dünyasını dəyişib. Salyandakı mülkündən götürülərək son mənzilə aparılıb. Onun dəfn mərasimi insan seli ilə müşayiət olunub. Bu ona olan ümumxalq sevgisinin təzahürü idi. Avtomobillərin və insanların sayı o qədər çox olub ki, dövlət yol polisləri magistral yolu bağlamalı olublar. Aslan Salyan şəhər qəbiristanında, doğmalarının yanında dəfn olunub. Qardaşı oğlu Mikayılın söylədiklərindən: "Əmim gözlərini əbədi yumana qədər ağlı, huşu yerində idi. Vəsiyyətini də əvvəlcədən eləmişdi. Onun bütün vəsiyyətləri yerinə yetirildi. Dəfni də onun vəsiyyətinə əsasən icra edilib. Bakı - Astara yolunun kənarında, Salyan şəhərinə az qalmış yolun sağ tərəfǝində Aslan əmimin 5 hektarlıq torpaq sahəsi var. Orada ilk əvvəllər məscid tikdirmişdir. Sonralar həmin ərazidə öz əllərinin zəhməti ilə böyük, gözəl bir bağ salmış, göl yaratmışdır. Orada mülk də tikdirmişdir. Özü vəsiyyət etmişdi ki, onun yerdən götürülməsi və yas mərasimi Bakıdakı evində yox, Salyandakı bağında - mülkündə olsun". Bu sətirlərin müəllifi səhhətinin ağırlaşdığı üçün sənət dostunun dəfnində iştirak edə bilməsə də, Salyan adət - ənənəsinə uyğun olaraq mərhumun dördündə olmuşdur. Bakıdan sənət dostları Əməkdar artist Zakir Mirzə, klarnet ifaçısı Qulammirzə Mirzəyev, qarmonçalan Baxışəli Əliyev və nağaraçalan Elşən Qasımovla birlikdə Aslanın yas mərasimində iştirak etmiş və məzarıstana gedərək sənətkarın qəbrini ziyarət etmişdir. Məclisdə iştirak edərkən yazı müəllifinə məlumat verilmişdir ki, fasiləsiz olaraq Aslan sənətini sevənlər və musiqi aləminə xidmət edənlərin əksəriyyəti dəfn günü və sonrakı günlərdə məclisdə iştirak etmişlər. Ümumiyyətlə Aslanın 7 günlük yas mǝrasimində Azərbaycanın hər yerindən gələn soydaşlarımız iştirak etmişlər. AzTV - nin məsul işçisi Çingiz Abbasov Aslanın yas mərasiminin 6 - cı günü iştirak edərək sənətkarın qəbrini də ziyarət etmişdir. O, A.İlyasovun 40 mərasimindən iki gün öncə "Mədəniyyət" kanalının "Musiqi xəzinəsi" nin sevimli sənətkara həsr olunmasına nail olmuş və olduqca maraqlı veriliş təşkil etmişdir. Verilişin aparıcısı bəstəkar, əməkdar incəsənət xadimi S.Fərəcov, qonaqlar xalq artisti A.İsrafilov və professor F.Sadıqov sənətkarın fəaliyyəti barədə danışmış, A.İlyasovun müxtəlif illərdə çəkildiyi konsertlərdən nümunələr nümayiş etdirilmişdir. Ç.Abbasov yanvarın 29 - da Salyana gedǝrǝk Aslanın yas mərasiminin 40 - da iştirak edərək dost kimi bir borcundan da çıxmışdır.
Dünyaya gəldim Salyan mahalında,
Məğrurluq rəmzi var Aslan adında.
Yaxşı oğul elin adın ucaldar,
Yurdunu ucaltdın öz timsalında.
Vardır qarmon ifaçısı çoxları,
Sənin öz ifan var, yoxdur oxşarı.
El sənətçisi adı qazanmısan,
Səni sevir Azərbaycan diyarı.
Barmaqların toxunduqca dillərə,
İlham verir oxuyan bülbüllərə.
Efirdə qarmonun səsi gələndə,
Aslan sənəti bəxşişdir ellǝrǝ.
Hatəm səxavəti vardır qanında,
Xeyirxahlıq xislətində, canında.
Yaş ötdükcə sənətin ululaşır,
Sənə halaldır bu adın, sanın da.
Toylar bəzəyidir şux rəqslərin,
Nəğməkarısan sehirli səslərin.
Şənliklərdə sevimlisi olursan,
Sevən könüllərin, duyan kəslərin.
Məşədisən, var dinə ehtiramın,
Təmizdir niyyətin, xoşdur məramın.
Evində gül balaların boy atır,
Kaş gül açsın sənin hər arzu - kamın.
Əhsən istər bu hörmətdə qalasan,
Bu həvəsdə, bu istəkdə olasan.
"Aslan segahı" qəlbləri oxşasın,
Qarmonunla aləmə səs salasan.
Ə.Rəhmanlı, may, 2007-ci il.
_______________________________________________________________________________________________________________
Əhsən Rəhmanlı “Qarmon ifaçılığı sənəti və onun Azərbaycanda tədrisi”, Bakı “MBM” 2014, Səh. 354 – 358.