Tanınmış alimin, professorun, pedaqoji elmlər doktorunun, prorektor və rektor vəzifələrində çalışmış bir insanın, şərəfli, səmərəli və məhsuldar bir ömür yolu keçmiş görkəmli ziyalının haqqında yazı başlamaq bilirsinizmi bizim üçün necə çətindir?! Əslində onun haqqında geniş bilgili, çox əhatəli, məlumatlı və sanballı bir kitab yazılmalıdır ki, bu da şükrlər olsun ki, artıq meydana gəlmiş və geniş şəkildə yayılmışdır. Əziz oxucu! Çox dəyərli bir soydaşımızın, belə bir görkəmli şəxsiyyətin haqqında məlumata sahib olmaq istəsəniz Ağalar İsrafil oğlunun "Bir alim ömrünün salnaməsi" (Bakı, "Adiloğlu", 2007 - ci il. 464 səh.) kitabını oxuya bilərsiniz. Biz isə sizə təqdim etdiyimiz qarmon ifaçılığından bəhs edən bu kitabımızda həmin ziyalımızın musiqi aləmindəki, incəsənət sahəsindəki xidmətlərini əhatə etməyə çalışdıq. Fərahim Balakişi oğlu Sadıqov Azərbaycanımızın səfalı dağ rayonlarından biri olan Yardımlıda anadan olub. Bu, o zamanlar idi ki, atası həmin rayonun meşə təsərrüfatı idarəsinə rəhbərlik edirdi. İki ildən sonra onların ailəsi doğma rayonlarına, Masallıya qayıtdı. Fərahim ailənin ikinci övladı olmuşdur. O, 1958 - ci ildə Dadva kənd ibtidai məktəbini, 1962 - ci ildə Masallı şəhər 1 saylı səkkizillik məktəbi, 1965 - ci ildə isə N.Nərimanov adına 2 saylı orta məktəbi çox böyük uğurla və əla qiymətlərlə bitirmişdir. Hələ orta məktəbdə oxuyarkən onun böyük istedadı üzə çıxmışdır. Balakişi Sadıqovun özü kimi hər bir övladı istedadlı idi. O, özü uşaqlıq çağlarından tütək çalmış, gənclik illərində onu daha məharətlə ifa etmiş və digər nəfəs alətlərinin çalğı qaydlarını da öyrənmişdi. Məsul vəzifələrdə çalışan bu insan musiqi ilə həvəskar kimi məşğul olmuşdu. Evdə daim musiqi səsi eşidən Fərahim kiçik yaşlardan musiqiyə can atmışdır. Əmisi Firudinin ecazkar səsində eşitdiyi muğamlar onun musiqi təxəyyülünün formalaşmasında rol oynamışdır. O, hələ orta məktəb illərində peşəkar musiqiyə meyl etmişdir. İlk musiqi təhsilini cənub bölgǝsində çox yaxşı tanınan, mahir tarzən Mirzə Salmandan alsa da, böyük qardaşı Abutalıbın çaldığı qarmonun sehrinə düşmüş, onun barmaqlarına baxıb öyrənmiş, bu sənətin ifa qaydalarını, sirlərini mənimsəmiş və müəyyən dövrdən sonra özü də mahir bir qarmonçalana çevrilmişdir. Orta məktəbin yuxarı siniflərində oxuyarkən Fərahim Masallının irili - xırdalı şənlik məclislǝrinə dəvət olunmuş, el - obanın toy - büsatında qarmonunu sevə - sevə, sevilə - sevilə səsləndirmişdir. Sonrakı dövrdə, ali təhsil illərində də o, doğma rayonun toy məclislərinə təşrif gətirmiş. Masallı xanəndələrini müşayiət etmişdir. Fərahim müəllimin xatirələrindən: "Musiqiyə hədsiz sevgi bəsləyirdim, qarmon sənətinin vurğunu idim. Böyük qardaşım Abutalıbın tay - tuşları arasında mahir qarmonçalan olması da bu işdə mühüm əhəmiyyət kəsb etmişdi. Radiodan qarmonçalanların ifasını eşidərək, çox şey öyrənir və bunları öz çalğımda mükəmməlləşdirirdim. Səkkizinci sinifdə oxuyarkən Masallıda Azərbaycan Dövlət Filarmoniyası işçilərinin konserti oldu. Xatırlayıram ki, onların içərisində xanəndə Bayram Məmmədov və məşhur qarmonçalan Abbas Abbasov da var idi. Abbasın ifalarını radiodan dəfələrlə eşitmiş və çaldıqlarını öyrənmişdim. Sevinirdim ki, onu Masallı mədəniyyət evinin səhnəsində görürəm. Onun qırmızı rəngli qarmonu var idi. Abutalıb da konsertin tamaşaçısı idi. Ümumiyyətlə o, Bakıdan Masallıya gələn bütün sənətkarların konsertinə gedər, onları əziz tutar, xidmətlərində olar və evimizə qonaq gətirərdi. Bu dəfə də belə olmuşdu. Qardaşım onları evimizə çağırmış, anamın bişirdiyi cürbəcür ləziz xörəklərə qonaq etmişdi". Burada bir məsələni də qeyd etməyi lazım bilirik ki, tarixi məkan kimi Masallının əvvəlki yer adı Dəştivǝnd idi. Masallını bir ünvan, bir ərazi kimi yaradan, formalaşdıran Fərahimgilin ulu babaları olmuşlar. Öz adı ilə çox məşhur olan ulu baba Qara Kələntər aparıcı və qurucu sima kimi tarixdə silinməz iz qoyub. Belə ki, tarixi mənbələrdən bizə məlum olduğu kimi, Səfəvilər dövləti dağıldıqdan sonra Azərbaycanın hər bir bölgəsində xanlıqlar yaranıb. Cənub bölgəsinin xanlarından biri Qara Kələntəri Qala bazarına (yəni Masallıya) vali təyin edir. Vali olduğu müddətdə o, həmin ərazini formalaşdırır. Sonra onun işini böyük oğlu Xələf bəy davam etdirir. Fərahim Sadıqovun dediklərindən: "Masallıda bizə xələflilər deyirlər. Ulu babam Xələf bəyin ziyalılığı, bu bölgənin təsərrüfatının, sənayesinin inkişafındakı xidmətləri böyük olmuşdur. Farscadan dilimizə tərcümə edilmiş "Əxbǝrnamə" adlı kitabda onunla bağlı xeyli çox sayda məlumatlara rast gəlmək mümkündür. Ulu babamızın quruculuğu, yaradıcılığı, xalqa, vətənə sevgisi bizə irsən keçib." XX əsrin 60 - cı illərində Masallının mədəni həyatında, teatr və musiqi sahəsində Abutalıb və Fǝrahim Sadıqov qardaşları ön planda olardılar. Fərahim uşaqlıqdan yalnız musiqiyə deyil, aktyorluğa, idmana da həvəskar olmuşdur. O, dram və x.ç.a. ansambllarında çıxış edirdi, istər məktəb, istərsə də rayon tədbirlərində bədii qiraətçi kimi sevilirdi. Həmin zamanlar oxuduğu məktəbdə və rayon mədəniyyət evində keçirilən konsertlərin və bədii - kütləvi tədbirlərin əksəriyyətinin ssenari müəllifi və aparıcısı Fərahim Sadıqov olurdu. O, mədəniyyət evinin xalq çalğı alətləri ansamblının qarmonçalanı olmaqla bərabər, dram dərnəyinin və miniatür teatrın da üzvü idi, Masallının özündə, kənd və qəsəbələrdə, ətraf rayonlarda verilən konsertlərdə çıxış edirdi. Fərahim öz istedadı, bacarığı, çalışqanlığı və enerjisi ilə yaşadığı rayonun ictimai, mədəni həyatında olduqca fəal idi. O, rəngarəng, maraqlı, zəhmət dolu uşaqlıq və gənclik həyatı yaşamışdı. Bu yorulmaz gənc bədii özfəaliyyət kollektivlərinə rəhbərlik etməklə ilk rəhbərlik təcrübəsini bu ocaqdan almışdı. Elə bunların nəticəsi olaraq o, sonralar bədii özfəaliyyətlə, məktəb teatrları ilə bağlı xeyli səhnəciklər, hətta pyeslər yazdı. Uşaqlıqdan Fərahim Sadıqovun çox güclü qavrama qabiliyyəti, möhkəm yaddaşı olmuşdur. Bu qabiliyyət istər ümumtəhsil fənnlərinin mənimsənilməsində, istər bədii ədəbiyyatın mütaliasində və istərsə də musiqinin qavranılmasında özünü göstərirdi. Elm aləmində çalışarkən o, Şərqdə ilk dəfə olaraq qarmon və nağara ixtisası üçün dərsliklər yazdı, qarmonda ifa olunan rəqslərin müəllifi oldu. Fǝrahim Sadıqov yalnız pedaqoji sahədə yox, həm də sənətşünaslıq sahəsində çoxlu elmi əsərlərin müəllifidir. Odur ki, yalnız pedaqoq alimlərin deyil, həmçinin sənətşünasların da ona dərin ehtiramı var. 1965 - ci ildə orta məktəbi uğurla başa vuran Fərahim Sadıqov Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (hazırda universitet) filologiya - tarix fakültəsinə qəbul olunub. (Həmin dövrdə bu iki ixtisası bir fakültədə birləşdirmişdilər. Sonra isə ayırdılar) O, təhsil illərində yaxşı oxuyan tələbələr sırasında olmaqla bərabər, institutun bədii özfəaliyyət kollektivinin fəallarından biri oldu. Məşqlərdə, tədris ocağının tədbirlərində, digər yerlərdə verilən konsertlərdə qarmonu həvəslə dilləndirir, getdikcə daha çox tanınır və bir musiqiçi kimi formalaşırdı. Musiqi sənəti ilə məşğul olması əyalətdən gəlib tələbəlik həyatını yaşayan gəncin maddi təminatına əhəmiyyətli dərəcədə kömək edirdi. O, böyük bir külfəti dolandıran atasından maddi təminat almır, Bakı musiqiçiləri arasında tədricən tanınaraq onlarla birlikdə toy - nişan mərasimlərində qarmonçu kimi çıxış edərək özü öz dolanışığı, kitab - dəftərləri üçün xərclik qazanırdı. Hətta ata - anasına da pul göndərirdi. Fərahim Sadıqov tələbə yataqxanasında böyük hörmətə sahib olmuşdu. O, ağlı, fəhmi, bacarığı, təşkilatçılığı, məsləhətləri ilə tələbə yoldaşlarının, dostlarının sevimlisi idi. Yoldaşlarının yorğun anlarında qarmonunu qutusundan çıxarıb sinəsinə sıxır, çalıb hamını sevindirirdi. Gənc qarmonçu tələbəlik illərində yoldaşlarının, müəllimlərin ad günlərində, toy - büsatında çalır, istedadı ilə çoxların rəğbətini qazanırdı. Yay tətili illərində Masallı toylarında da onun qarmonunun səsi gəlirdi. Fərahim Sadıqov 1967 - ci ildə Ukraynanın Berdyansk şəhərində keçirilən VII Ümumittifaq tələbə festivalının laureatı olub. Hələ lap erkən yaşlardan o, Masallıda yaşayan xanəndələrdən Bağı Ələkbərovu, Şahnəzəri, İsrafil Səfərovu, Kərim Həsənovu, Aşıq Məmmədəlini, Bakıdan dəvət olunan adlı - sanlı xanǝndələri və musiqiçiləri toy şənliklərində dinləmişdi. Bütün bunların hər biri onun musiqi yaddaşında qalmış, gələcək fəaliyyəti üçün iz qoymuşdu. O, məşhur Kələntərlilər nəslinin nümayəndələri olmuş, musiqi mədəniyyətimizə adları şərəflə yazılmış xanəndələr Haşım Kələntərli, Minəvvər Kələntərli, Yavər Kələntərli, kaman ifaçısı İsmayıl Talışınski ilə eyni kökdən olmasından şərəf duyur və özünün də ürəyində gələcəkdə yaxşı musiqiçi olması arzusu baş qaldırırdı. Fərahim müəllim bu yazı müəllifinə belə bir xatirə danışmışdı: "... 1964 - cü ildə 17 yaşlı yeniyetmə olaraq mən də el şənliklərində iştirak edirdim. Böyük qardaşım Abutalıb o zaman cənub bölgəsinin gənc, ən istedadlı qarmon ifaçısı kimi tanınırdı. O, Masallı musiqiçiləri ilə çox toylarda olurdu, rayonda nüfuz qazanmışdı. Bir dəfə onun dövlət tədbirində iştirakını vacib hesab etmişdilər. Bu səbəbdən o, Qızılağaclı Bağı Ələkbərovla Cəlilabadın Bəcrǝvan kəndində olacaqları üçgünlük toy şənliyinin bir gününü keçirməyə məni göndərdi. Əvvəlcə etiraz etdim, xanəndə Bağıdan, onun ad - sanından, dəvət olunduğu sanballı məclisdən çəkindiyimi bildirdim. Abutalıb dedi: - Bağı böyük sənətkar olduğu qədər çox sadə, mehriban, istiqanlı və ünsiyyətli bir insandır. O, Bakıya və digər yerlərə də dəvət olunur, müxtəlif toy dəstələri ilə oxuyur. Bağı səni elə yola verəcək ki, toyun necə başladığını, havaxt bitdiyini hiss etməyəcəksən. Birdəki, belə böyük sənətkarlarla birlikdə olmasan nə muğamlar öyrənə bilməzsən, nə də qəzəliyyata bələdliyin olmaz. Abutalıbın sözlərindən ürəkləndim və toya getim. Məclisin əvvəlindən axırına qədər hər şey yaxşı idi. Sona az qalmış bir nəfər "Qatar" muğamı sifariş verdi. Rahatsızlığımı hiss edən təcrübəli xanəndə, arif insan Bağı əmi gülümsəyərək, heç nə olmamış kimi "mənə bir do - "Mahur" kökünü ver" deyǝrǝk, "Qatar təsnifi" ni oxumağa başladı. Təsnif qurtaran kimi muğamın zil hissəsində bir neçə dəqiqəlik elə qeyri - adi gəzişmələr elədi ki, mən qeyri - ixtiyari olaraq onun nəfəslərini qarmonda bir növ təqlid xarakterli muğam melodiyası şəklində ifa etdim. Məclis əhlindən elə alqışlar qazandım ki, bu günə kimi həmin sevdalı alqışlar mənim xatirimdədir və təxəyyülümdə olduğu kimi yaşayır. Dalınca qeyri - adi bir nəfəs də elədi. Çətinliklə olsa da bu nəfəsi də müşayiət edə bildim. Sonra "Üşşaq" şöbəsində Füzulidən bir qəzəl oxudu. Nəhayət Füzulinin daha bir qəzəli üstündə "Zil -Qatar" la muğamı yekunlaşdırdı. Onun mənə "sağ ol, ay bala, yaxşı müşayiət etdin" deməsi, mənim özümə olan inamımı təsdiqlədi. Görünür təsnifin, muğamın melodiyasını, rəngləri çalmağım onu qane etmişdi. Bir neçə gün məni - XI sinif şagirdini rayonumuzda artıq muğam bilən yeniyetmə kimi barmaqla göstərirdilər." Fərahim Sadıqov 1968 - ci ildə Bakı şəhər Oktyabr (indiki Yasamal) rayonundakı 161 saylı orta məktəbdə musiqi müəllimi işləyib. O, 1969 - cu ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunu (indiki ADPU) müvəffəqiyyətlə bitirib, təyinatla Masallı rayonuna göndərilib və Sǝrçuvar kənd orta məktəbində dil - ədəbiyyat müəllimi işləyib. Onun öz xatirələrindən: "Taleyimdə mühüm rol oynayan bir hadisəni qeyd etməyə bilmərəm. 1972 - ci il idi. Mən Masallı Rayon Maarif şöbəsinə çağırıldım. Şöbənin müdiri mərhum pedaqoqumuz Xurşud müəllimlə maraqlı söhbətimiz oldu. O, qəti şəkildə bildirdi ki, qarşıda gözlənilən respublika festivalında rayonumuzun məktəbliləri də iştirak etməlidir. Sözünə əlavə edǝrǝk, o, özünəməxsus təmkinlə dedi: - Sən yaxşı filoloqsan, yaxşı ədəbiyyat müəllimisən. Həm də gözəl musiqiçisən. Rayonda hamı səni yaxşı tanıyır. Ona görə səni çağırmışam ki, istedadlı uşaqları bir yerə yığıb, bədii özfəaliyyət kollektivini formalaşdırasan. Əgər uşaqlarımız festivalda yaxşı yer tutsalar, onda sənin gələcək fəaliyyətin üçün də yaxşı imkanlar açılacaq. Üzərimə böyük məsuliyyət qoyulduğunu dərk edirdim. Bütün səy və bacarığımı bu vəzifənin öhdəsindən layiqincə gəlməyə yönəltdim. Tez bir zamanda bədii özfəaliyyət yaratdım. Festivalda uşaqlarımızın uğurlu çıxışları mükafata layiq görüldü. Bu nəticələr Masallı Rayon Partiya Komitəsində müzakirə olundu və əməyimə yüksək qiymət verildi. Məni maarif şöbəsində qiyabi mǝktəblər üzrə metodist vəzifəsinə irəli çəkdilər. Elmə olan marağım və həvəsim də elə buradan başladı. Bakıya gəlib aspiranturaya daxil olmaq üçün çoxlu sayda elmi - tədqiqat materialları, jurnallar oxuyur və ciddi şəkildə hazırlaşırdım. Əvvəlcə keçmiş Lenin adına APİ - nin aspiranturasında özümü sınadım. Sonra məsləhət oldu ki, bu ǝrǝfədə Azərbaycan Elmi - Tədqiqat Pedaqoji Elmlər İnstitutunda elan olunmuş müsabiqədə iştirak edim. Mən müvəffəqiyyət qazanaraq bu elm ocağının alimləri sırasında bərqərar oldum." 1965 – 1975 - ci illərdə Masallıda və onun ətraf rayonlarında ən gur toy - düyünlər Fərahim Sadıqov və onun qardaşı Abutalıbın rəhbərliyi ilə keçərdi. Simli alətlər ifaçısı Nizami Mirzəyev də Fərahimin ansamblının tərkibində olardı. Bu toy ansamblı nəinki rayon xanəndələrini, həm də Bakıdan dəvət olunan xanəndələri də müşayiət edərdi. Farahimin bacısı Nazilə Sadıqova Masallı şəhər 1 saylı uşaq bağçasında musiqi tərbiyəçisi işləyirmiş. 1972 - ci ildə rayonda 8 mart beynəlxalq qadınlar günü təntənəli şəkildə qeyd olunurmuş. Rayon partiya komitəsindən göstəriş verilibmiş ki, bayram tədbirində uşaq bağçasının kollektivi də iştirak etsin. Nazilə xanım qardaşından xahiş edir ki, bu işdə onlara kömək etsin. O, "Göyərçin" jurnalında Mədinə Gülgünün çap olunan şeirini qardaşına verir. Fərahim müəllim "Mənim anam" adlı şeirə musiqi bəstələyir və bağçadakı istedadlı uşaqlardan birinə öyrədir. Rayon mədəniyyət evində keçirilən təntənəli tədbirdə həmin uşaq pionerlər evi ansamblının müşayiətilə oxuyur. Mahnı da, ifa da çox xoşa gəlir və böyük uğura səbəb olur. Həm musiqinin təsirindən, həm balaca müğənninin "mənim anam" deyib oxumasından zalda əyləşən tamaşaçıların hamısı ağlayırmış. Həmin uşaq həyata gələrkən anası dünyasını tərk edibmiş. Farahim Sadıqovun bəstəkarlıq fəaliyyəti bununla bitməmiş, Bakıdakı musiqiçilərlə çalışdığı dövrdə on beşə qədər mahnı yazmışdır. Misal olaraq "Yara qurban olum" mahnısını göstərmək olar. Mahnının ilk ifaçısı müğənni Rafiq Məmmədov olmuşdur. Sonralar isə bu mahnı populyar olmuş və digər müğənnilərin də repertuarında özünə yer tutaraq bu günə qədər yaşamışdır. Fərahim müəllim Bakı musiqi mühitində özünə nüfuz qazanaraq xanəndələr İslam Rzayev, Arif Babayev, Əvəzxan Xankişiyev, Həbib Rəhimov, Rafiq Məmmədov, klarnet ifaçıları Zabit Əfəndi, Fərhad Hüseynov, Ədalət Mövsümov, Məhərrəm Zeynalov, Hacı Hamidoğlu, Akif Qürbətov və digərlərilə Bakıda, rayonlarımızda toy - büsatımıza rövnəq vermişdir. O, ən çox əvəz xan Xankişiyevlə toy yoldaşlığı etmiş, Bakının, Şirvanın, Muğanın hər yerində qarmonu ilə el şənliklərini bəzəmişdir. Toylarımızda o, həm də hikmətli sözlər, şeirlər, qəzəllər, bəhritǝvillǝr söyləməsi, bədii söz ustalığı ilə seçilmiş, yadda qalmışdır. Bacarıqlı qarmon ifaçısı radionun fonduna oyun havaları və "Humayun" muğamını yazdırmışdır. O, "Humayun" u 27 yaşı olarkən ifa etmişdir. İsfəndiyar Coşqundan sonra ikinci qarmon ifaçısı idi ki, bu muğamı radio fonduna təqdim edirdi. Onun bəstələdiyi "Məzəli rəqs", "Masallı" , "Rahimi", "Lirik rəqs", "Təbrizi", "Miyana" rəqsləri, "Şursayağı" adlı melodiyası və "Şüştər rəngi" da melodik baxımdan çox gözəldir. "Rahimi", "Miyanə rəqsi" və "Tello" radio fondu üçün lentə alınmışdır. O, şeir yazmaqla da qələmini sınamışdır. "Ana", "Yalan", "Ürək", "Şərab və insan", "Ay qız" və s. şeirlərin adlarını çəkə bilərik. Fərahim Sadıqov Azərbaycan Televiziyasının birinci proqramında 14 il apardığı "Örnək" və "Kamillik" adlı verilişlərin 100 - dən artıq ssenarisini yazmışdır. Onun yeddi hekayəsi, beş dram əsəri vardır. Sözün həqiqi mənasında da bu adam Allah vergisinə sahibdir. O, olduqca səmərəli və məhsuldar yaradıcılıq yolu keçmişdir. Fərahim müəllim 1980 - ci illərdə 8 saylı musiqi təmayüllü internet məktəbin x.ç.a. şöbəsinin müdiri işləmiş və qarmon sənətindən dərs demişdir. Elə burada çalışarkən qarmonun tədrisi üçün vəsait hazırlamış və 1985 - ci ildə çap etdirmişdir. O, 1984 - cü ilin dekabr ayında Tbilisi şəhərində "Məktəb özfəaliyyət musiqi dərnəklərinin təşkili, məzmunu və formalar" mövzusunda namizədlik dissertasiyasını müdafiə edib, alimlik dərəcəsi almışdır. Həmin vaxtdan Fərahim müəllim ifaçılıqdan uzaqlaşmış və bütün fəaliyyətini elmə və yaradıcılığa yönəltmişdir. Onun həyat və yaradıcılığının digər əsas tarixlərini ardıcıllıqla təqdim edirik:
1985 – 1991 - ci illərdə Azərbaycan Dövlət Dillər İnstitutunun pedaqogika kafedrasında müəllim kimi fəaliyyət göstərmişdir.
1986 - cı ildə (26 iyun) Azərbaycan Elmi Tədqiqat Pedaqoji Elmlər İnstitutunda baş elmi işçi vəzifəsinə təyin edilmişdir.
1988 - ci ildə həmn institutda pedaqogika nəzəriyyəsi və tarixi şöbəsində baş elmi işçi vəzifəsinə seçilmişdir.
1992 - ci ildə Rusiya Ali Attestasiya Komissyasının birdəfəlik müdafiə şurasında "Uşaqların bədii yaradıcılıq qabiliyyətlərinin formalaşdırılması işinin nəzəriyyəsi və praktikası" mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir.
1992 - ci ildə Moskva şəhərində Dünya Müsəlman Ölkələri Uşaqlarının Beynəlxalq festivalında Azərbaycan Respublikası Təhsil Nazirliyinin nümayəndə heyətinin rəhbəri olmuş, xüsusi diploma layiq görülmüşdür.
1993 - cü il yanvar ayından 2006 - cı ilə qədər Azərbaycan Dövlət Televiziyasının "Tədris və maarifçilik baş redaksiyası" nın xətti ilə "Örnək" və sonra "Kamillik" verilişlərinin müəllifi və aparıcısı olmuşdur.
1993 – 2001 - ci illərdə Bakı Özəl Universitetini ("Naxçıvan" Universiteti) təsis etmiş və həmin universitetə başçılıq etmişdir.
1994 - cü ildə Azərbaycan Respublikası "Bilik" Cəmiyyətinin qərarı ilə akademik Yusif Məmmədəliyev adına Dövlət mükafatı laureatı adına layiq görülmüşdür. 1995 - ci ildə Azərbaycan Pedaqoji Kadrların Təkmilləşdirilməsi, Ixtisasının Artırılması və Yenidən Hazırlanması İnstitutunun Təhsilin təşkili və idarə edilməsi kafedrasının professoru seçilmişdir.
1996 - cı ildə (24 sentyabr) Məktəbdə təlim - tərbiyə prosesinin yeniləşməsi sayəsində səmərəli praktik və elmi fəaliyyətinə, yüksək nailiyyətlər qazandığına görə, akademik Mehdi Mehdizadə mükafatı laureatı adına layiq görülmüşdür. 1967 – 2007 - ci illərdə Moskva, Leninqrad (Sankt -Peterburq), Ukrayna (Kiyev, Sumu, Xarkov, Lvov, Puskaveç, Donetsk. Odessa və s.), Belarusiya, Moldova, Latviya, Litva, Estoniya, Gürcüstan, Tacikistan, Simferopol, Krasnodar, Dağıstan, Osetiya, Acarıstan, Çeçenistan, Dərbənd və keçmiş SSRİ - nin digər yerlərində elmi ezamiyyətlərdə olmuşdur.
1998 - ci ildə (oktyabr) Almaniya (Bonna, Münhen, Frankfurt - Mayn, Visbaden), Fransa (Paris) və Belçikada elmi ezamiyətlərdə olmuşdur.
1998 - ci ildə M.Müşviqin yaradıcılığının tədqiqi və təbliğinə görə Mikayıl Müşviq mükafatı laureatı adına layiq görülmüşdür.
1998 - ci ildə Azərbaycan Pedaqoji Kadrların təkmilləşdirilməsi, İxtisasının artırılması İnstitutunun Pedaqogika kafedrasına yenidən professor seçilmişdir. İtaliyada elmi ezamiyyətdə olmuşdur.
1999 - cu ildə (28 iyun) Azərbaycan Respublikası Qızıl Aypara Cəmiyyəti İcraiyyə Komitəsinin qərarı ilə şəhid və köçkün ailələrinə, əlillərə, kimsəsiz və imkansızlara göstərdiyi köməkliklərə görə Cəmiyyətin fəxri fərmanına layiq görülmüşdür.
1999 – 2001 - ci illərdə Ərəb ölkələrində ezamiyyətdə olmuşdur. (Abu - Dabi, Əyman, Dubay, Füceyra, Qatar, Əmman, Bəhreyn)
2000 - ci ildə Beynəlxalq Türk Akademiyasının həqiqi üzvü seçilmişdir.
2000 - ci ildə (17 yanvar) Azərbaycan Jurnalistlər Həmkarlar İttifaqı (Azərbaycan KİVİHİ) Rǝyasət Heyətinin qərarı ilə tələbə gənclərin Azərbaycan bayrağına, gerbinə və himninə sədaqət ruhunda tərbiyə edilməsində təşkilatçılıq uğurlarına və elmi - pedaqoji nailiyyətlərinə görə Azərbaycan Bayrağı mükafatına layiq görülmüşdür.
2001 - ci ildə Beynəlxalq Lütfi Zadə Assosiasiyasının Ali Şurasına seçilmişdir. Türkiyədə elmi ezamiyyətdə olmuşdur.
2001 - ci ildə Hollandiyada (Amsterdam şəhərində) elmi ezamiyyətdə olmuşdur. 2001 - ci ildə Daşkənd şəhərində Beynəlxalq Lütfi Zadə Assosiasiyasının xəttilə elmi ezamiyyǝtdə olmuşdur. 2002 - ci ildə Azərbaycan Dövlət Dillər Universitetinin "Pedaqogika" kafedrasının professoru təyin edilmişdir.
2002 - ci ildə Moskva şəhərində elmi ezamiyyətdə olmuşdur.
2005 - ci ildən Bakı Elm və Təhsil Mərkəzinin prezidentidir.
2006 - cı ildə Azərbaycan Universitetinin rektoru təyin edilmişdir.
2007 - ci ildə ABŞ - da beynəlxalq konfransda iştirak etmişdir.
Professor F.Sadıqovun rəhbərliyi altında 10 nəfər namizədlik, 2 nəfər doktoruluq dissertasiyasını müdafiə etmişdir. O, 83 kitabın və 800 - dən çox elmi məqalələrin müəllifidir. Professor F.Sadıqov "Milli pedaqogika məktəbi" jurnalının baş redaktorudur. 1996 - cı ildə ABŞ - ın Knoksvel ştatının fəxri vətəndaşı seçilmişdir. Yorulmaq bilmədən çalışan, musiqimizə, muğamımıza qəlbən bağlı olan, bu sahədə elmi araşdırmalar aparan professorun 2011 - ci ildə "Maarif" nəşriyyatında 256 səhifəlik "Muğam" kitabı işıq üzü görmüşdür. Ali məktəblərin muğam ixtisasında təhsil alan tələbələr üçün dərs vəsaiti kimi nəzərdə tutulan bu kitabdan şagirdlər, müdavimlər, müəllimlər, valideynlər, tədqiqatçılar və müxtəlif zümrələrdən olan muğam həvəskarları da istifadə edə bilərlər. Əsərdə muğamlarımızın yaranma tarixi, təşəkkül dövrü, muğamların adlarının, şöbə və guşələrinin izahı, məzmunu emosional təsir gücü və bu janra aid olan incəliklər haqqında səhih məlumat verilir. Onun 2013 - cü ildə nəşr olunan "Qarmon ifaçılığında muğam" kitabı da ("Adiloğlu" nəşriyyatı, 2013, 140 səh.) çox dəyərli və tədris üçün əhəmiyyətlidir. Fərahim Sadıqov 1969 - cu ildə qrup yoldaşı Suriyyə xanımla ailə qurub. Suriyyə xanım ali dərəcəli müəllimədir. Sevgi ilə qurulan bu ailədə üç uşaq tərbiyə alıb böyüyüb. Ailənin yeganə qız övladı Təranə Müslümova biologiya elmi üzrə fəlsəfə doktoru, böyük oğul Rahim Sadıqov iqtisad elmləri üzrə fəlsəfə doktoru, Rasim Sadıqov isə polis mayorudur. Fərahim Sadıqovun altı nəvəsinin hər biri zehinli, bilikli, elmə meyilli uşaqlardır. Onların hər birinə xoşbəxtlik və nailiyyətlər arzulayırıq.
________________________________________________________________________________________________________________
Əhsən Rəhmanlı “Qarmon ifaçılığı sənəti və onun Azərbaycanda tədrisi”, Bakı “MBM” 2014, Səh. 290 – 297.