İstedadlı insanlarda qeyri - adilik və qəribəliklər olur. Onun qəribəliklərini vaxtında başa düşməyən, dərk etməyənlər çox olur. O isə öz fikirləri və düşüncələri ilə yaşayaraq ömür səlnaməsini yaza - yaza gəlir. İnsan dünyaya gəlir, ona ad verilir. Lakin hər adam öz adını doğrultmur. Vaqif isə ona verilmiş adı keçdiyi şərəfli sənət ömrü ilə təstiq etmişdir. Doğrudan da o, qismətinə düşmüş sənətə, musiqi elminə vaqifdir. Xalqımızın yaradıcılıq çeşməsindən qidalanan, müqtədir sənət nümunəsi göstərən bu insan musiqidə axtardığı səsin sehrinə düşərək şirin xatirəli bir yol gəlib. Onun başqa şəhərlərdə və müxtəlif ölkələrdə pərəstişkarları vardır. Vaqif Nəsrulla oğlu Əsədov 1948 - ci il sentyabrın 20 - də Bakıda anadan olub. O, Bakıdakı 25 saylı orta məktəbdə təhsil alıb. Dərslərini yaxşı oxuyurmuş. Vaqifgilin ailəsi musiqiyə bağlı idi. Evlərində olan tarı öyrənmək istədikdə onun 10 yaşı var idi. Tarın sinədə tutulma qaydası, xüsusilə köklənməsi Vaqifə çətinlik törətdiyi üçün o, bu aləti çalmaq istəmir. Evdəki diatonik qarmona meyl edir və onda bir - neçə havanı sərbəst çalır. Vaqifin atası Təbrizdən, anası isə Şuşadan olub. Ana babası Möhsün kişi məşhur xanəndə, Şuşalı İslam Abdullayevlə yaxın dostluq edərdi. O, "Segah İslam" təxəllüsü ilə tanınırdı. İ. Abdullayev Bakıda olarkən Möhsüngilə gələrdi. Balaca Vaqif yarımtonsuz qarmonu ilə çalarkən ustad xanəndənin diqqətini cəlb etmişdi. Hətta bir neçə dəfə Vaqif İslamın oxuduğu "Segaha" dəm tutmuşdu. Məşhur xanəndə öz dostuna tövsiyə edib deyir: "Sənin bu nəvənin incə musiqi duyumu var. Ona yaxşı qarmon alın". Vaqif diatonik qarmonda xalq havalarının düzgün alınmadığını duyurdu, ustad qarmonçu Adil Hüseynov uşağın qarmonunu usta yanına apararaq, səslərin köklərində dəyişiklik etdirərək Azərbaycan musiqisinə uyğunlaşdırmışdı. Dostunun məsləhətilə Möhsün kişi nəvəsinə xromatik səsdüzümlü "Kazan" qarmon alır. Vaqifin istedadı aşıb - daşırdı. O qarmon çalırdı, rəqs edirdi, mahnı oxuyurdu. Kiçik yaşlarında olanda Əbilov adına mədəniyyət evindəki rəqs kollektivində, sonralar şəhərin mərkəzində olan böyük mədəniyyət sarayındakı (keçmiş adı "26 - lar") rəqs ansamblında oynayırdı. Rəqs sənəti sanki, onun qabiliyyətinə və boy - buxununa biçilmişdi. Allah Vaqifə gözəllik, yar - yaraşıq, qəddi - qamət bəxş edəndə istedadı da ona uyğun vermişdi. Vaqif oynadığı rəqs ansambllarında xüsusi istedadı ilə seçilirdi. Hər iki kollektivin rəhbəri rǝqqas - baletmeyster Adil Rəhimov idi. O, Vaqiflə xüsusi işləyər, qurduğu rəqslarin solo yerlərini ona həvalə edərdi. Vaqif Əsədov 1960 - cı illərin birinci yarısında Azərbaycan Dövlət Televiziyası və Radiosu uşaq xorunun solisti olmuşdur. Xalqımızın məşhur müğənnilərinin əksəriyyəti böyük sənətə buradan boy atıb gəlmişlər. V. Əsədov uşaq xorunun televizya çıxışlarında "Vətənim" bəstəkar mahnısını, "Şuşanın dağları" xalq mahnısını oxuyurdu. 1965 - ci ildə mədəniyyət sarayında üzvü olduğu rəqs kollektivindən seçim edərək Vaqifi Azərbaycan Dövlət Filarmoniyasına, mahnı və rəqs ansamblına işə qəbul etdilər. Gənc rəqqas 10 gün sonra həmin ansamblın tərkibində Moskvaya yola düşür, burada keçirilən mədəniyyət və incəsənət ongünlüyündə iştirak edir. 1967 - ci ildə Azərbaycan televiziyasında lentə alınmış "Şur" adlanan filmdə çəkilmiş dörd rǝqqas arasında V. Əsədov da vardır. Filmin rejissoru Arif Qazıyevdir. Artıq 1968 - ci ildə mahnı və rəqs ansamblında bəzi kompozisiyalarda Vaqif solist kimi çıxış edirdi. O, məşqlərdə bəzən oxuyur, bəzən isə qarmon çalırdı. Məşhur baletmeyster, xalq artisti Əlibaba Abdullayev Vaqifin hərtərəfli qabiliyyətinə malik olduğunu görüb quruluş verdiyi rəqslərdə bunu nəzərə alır. O, bəstəkar, xalq artisti C. Cahangirovun musiqisi əsasında qurduğu kompozisiyada Vaqifi qarmonçu - rəqqas kimi səhnəyə çıxarır. Bundan başqa "Bulaq başında" adlanan tərtibatda V. Əsgərov müğənni - rəqqas olur. 1968 - ci ildə Naxçıvan Muxtar Respublikasına gedən Vaqif bir il yarım burada çalışır. O, Naxçıvan Filarmoniyasının əsas, aparıcı rəqqaslarından biri olur. V.Əsədov 1969 – 1973 - ci ilǝrdə Azərbaycan Dövlət Universitetində təhsil almışdır. Həmin dövrdə o, qarmon ifaçılığınına daha önəm verir və respublikamızın bütün şəhər və kəndlərində toy şənliklərində olur. Yaxşı qarmonçalanlardan biri kimi tanınan Vaqif X. Şuşiniski, Ş. Ələkbərova, S. Qədimova, Ə. Əliyev, R.Muradova, bir sözlə bütün məşhurlarla konsertlərə gedir. Həmçinin o, tanınan xanəndələrin hamısı ilə, o cümlədən Q.Əsgərov, S.Mirzəyev, S.Abdullayev, M.Mütəllimov, Y.Məmmədov, H.Hüseynov, M.Abbasov, İ.Həsənov, R.Şükürov, A.Babayevlə toylarlda fəaliyyət göstərib. V. Əsədovun qarmon ifaçılığı milli üslüba istiqamət alaraq həmişə bu ruhda davam etmişdir. Onun çalğısı çox şirin, həddən ziyadə təsirlidir. Onun sənət yolunu mübaliğəsiz klassik formadan qaynaqlanan, xalq musiqisi intonasiyasından güc alan və düzgün istiqamətə yönələn yol saymaq olar. Hörmətli sənətkar 1970 – 1980 - ci illər ərzində "Bakı musiqiçiləri birliyi" ndə çalışmışdır. Vaqif 1980 – 1986 - cı illər ərzində xalq artisti, xanəndə Ə.Məmmədovun rəhbərlik etdiyi "Humayum" xalq çalğı alətləri ansamblında çalmışdır. 1980 - ci ildə bu ansamblın tərkibində Özbəkistanın Daşkənd şəhərində konsertlərdə olmuşdur. O, "Azkonsert" də çalışdığı illərdə "Humayun" ansamblının tərkibində müğənni - qarmonçu kimi çalışmış və müxtəlif yerlərdə konsertlərdə çıxış etmişdir. V.Əsədovun milli ruha köklənmiş çalğısı xanəndə Səxavət Məmmədovun diqqətini cəlb etdiyi üçün onu özü ilə toylara aparmışdır. Bakı İcraiyyə Komitəsi rəhbərliyinin və Mədəniyyət Nazirliyi İşlər İdarəsinin rəhbərinin göstərişi ilə ilk dəfə 1986 - cı ildə restoranlarda musiqi qrupları yaradıldı. Məqsəd yalnız estrada mahnılarının deyil, o cümlədən xalq musiqimizin dinlənilməsi, rəqslərimizə tamaşa edilməsi üçün şərait yaratmaq idi. Vaqif ona verilən tapşırığın öhtəsindən bacarıqla gəlir. Bədii rəhbər kimi V.Əsədov "Karvansaray", "Abşeron" va "Moskva" mehmanxanalarındakı restoranlarda işləmək üçün ansambllar yaradır. O, bu ansambllara milli musiqiçilər, rəqqaslar və müğənnilər cəlb edir və maraqlı proqramlar hazırlayır. V. Əsədovun xarici ölkələrə sənət səfərinə getməsi 1989 -1993 - cü illəri əhatə edir. O, "Vətən Cǝmiyyəti"nin xəttilə 1989 - cu ildə xanəndə Baba Mahmudoğlu və digər sənətkarlarla İsveç ölkəsinə konsertlərə gedir. Həmin ildə xanəndə Arif Babayev, tarzən Ağasəlim Abdullayev, kamançaçı Elman Bədəlov, nağaraçı Xanlar Hüseynov və rəqqaslarla Danimarkaya səfər edir. Dəfələrlə müğənni B.Dadaşova ilə xarici ölkələrdə olan Vaqif, başqa sənətçilərimizlə, o cümlədǝn kaman ustası H.Əliyevlə, xanəndə S.Əliyevlǝ, S.İsmayılova, tarzən F. Verdiyevla, kaman - çalan Ş.Eyvazova ilə müxtəlif dövlətlərdə çıxışlarda olmuşdur. Ümumiyyətlə qarmonçu - müğənni 20 - dən artıq ölkəyə sənət səfərlərinə yollanmışdır. Bu ölkələrin bəzilərində o, 2 - 3 dəfə olmuşdur. V. Əsədov 1995 - ci ildə yaşamaq üçün ailəsilə birlikdə Almaniyaya köçmüşdür. O, 2001 - ci ilə qədər Fransada yaşamışdır. Bu müddət ərzində Avropadakı Türk, Azərbaycan cəmiyyətləri və Kültür dərnəklərilə müntəzəm əlaqədə olaraq onların tədbirlərinə yaxından kömək etmiş, çalıb - oxuması ilə hamını sevindirmiş, Azərbaycan diasporunun yaxın köməkçisi olmuşdur. Vaqif Fransada yaşayaraq Almaniya, Belçika, Hollandiya ölkələrində soydaşlarımızın mədəni - kütləvi tədbirlərinə dəvət almışdır. Sənətçimizin oğullarının üçü də ailələrilə Avropa ölkələrində yaşadıqları üçün ata öz övladlarını və nəvələrini görmək üçün onların məskən saldıqları şəhərlərə hər il gedir. Hörmətli sənətkarımız 2005 - ci ildən öz vətənimizdə daimi yaşamaqda və fəaliyyədədir. Vaqif bəy ANS - müstəqil yayım və mediya şirkətinin 2004 - cu ildə "Əməkdar artisi" adı ilə keçirdiyi müsabiqənin diplomantı olmuşdur. O vaxtdan qarmonçu - müğənni kimi məşhurlaşmışdır. V.Əsədov toylara, konsertlərə, şou - proqramlara tez - tez dəvət olunur. Vaqif Əsədov 2002 - ci ildən müğənni kimi səsini lentlərə yazdıraraq 8 xalq mahnısı, 8 bəstəkar əsəri, muğam hissələri oxumaqla xeyli qədim təsnifləri radiomuzun qızıl fonduna təqdim etmişdir. Vaqif bəyin həyat və yaradıcıq yolu haqqında çəkilən film "Space" telekanalında "Sənətkarın emalatxanası" verlişində 2001 - ci ildə nümayiş etdirilmiş və sonralar dəfələrlə təkrar göstərilmişdir. Bu verilişdə onun çəkildiyi "Mahur təsnifi" klipi də xüsusi maraq oyatmışdır. V. Əsədovun haqqında 2005 - ci ildə Vüqar Tapdığın rejissorluğu ilə AZTV - nin çəkdiyi "Tǝnhalıqdan sonra" sənədli filmi mənalı və təsirlidir. Sənətkardan jurnalist Təranə xanımın 13 - 15 avqust tarixli "Kaspi" qəzeti üçün götürdüyü müsahibə "Mənim Bakımı sökdülər" adlanır. Vaqif 1991 – 1993 - cü illər ərzində mərhələlərlə İran İslam Respublikasına səfər etmiş. Təbriz və Tehran şəhərlərində ayrı - ayrı fərdlərə və musiqi məktəbində oxuyanlara qarmon ifaçılığının incəliklərini və düzgün qaydalarını öyrətmişdir. Sənətkar ev konsertlərinə, toy şǝnliklərinə də gedərək ifaçılıq sənətimizi təbliğ etmişdir. Bir məsələni də xüsusilə qeyd edək ki, Vaqif bəyin 2003 - cü ildə Fransanın Lil şəhərində diski çıxıb. O, qarmonda xalq mahnılarımızı çalıb oxuyub. Vaqif bəy qarmon ifaçılığına başlayandan axtarışdadır. 30 il qarmon düzəldən ustalarla söhbətlər aparmış, qarmonlarımızın səs çalarlığı, səs ardıcıllığı, zilin, bəmin əlaqəsi və s. barədə fikirlərini söyləmiş, sehrinə düşüb axtardığı səsi tapmalarını istəmişdir. O, uzun illərdir ki, sıradan çıxmış qədim qarmonlarımızı bərpa etdirərək ifaçılarımıza qaytarır. Yeri gəlmişkən bir məsələni də söyləyək ki, vaxtilə ustad sənətkarlarımızda, Kərbəlayi Lətif, Kərbəlayi Abutalıb, Ələkbər Nəzərli, Kor Əhəd və digərlǝrində olan diatonik qarmonlardakı səs düzümü bizim qədim musiqi ladlarımıza, xalq musiqimizə uyğun nizamlanmışdı. Belə olmasaydı sənətkarlar klassik muğamlarımızı ifa edə bilməzdilər. V. Əsədov XIX əsrin 90 - cı illərinə aid olan 18 dilli, yarımpərdəsiz qarmonu bərpa etdirərək özünə çox maraqlı gələn səs düzümünün şahidi olmuşdur. Bu alətdə 18 ağ dil (klaviş) olsa da, burada qeyri - bərabər temperasiyalı səs düzümü vardır. Qarmonda qədim ladlarmıza uyğun səs düzümü diqqəti cəlb edir. 18 dilin özündə yarımtonlara uyğun səslər köklənib. Həmin qarmonda yuxarıdan 1 - ci səs "lya bemol", aşağıdan sonuncu səs "do diyezdir". Qeyd etdiyimiz məsafədə qeyri - bərabər temperasiyalı səs düzümü, qədim ladımız var. Vaqif bəy qarmon alətinin düzəldilməsi və onun ifaçılığı yolunda ömür sərf etmiş bir fədakardır. Qarmon tembrinin axtarışında zaman sərf edən, alətin səs çalarlığının daha da zənginləşməsinə çalışan, bu işləri özünün tədqiqat obyektinə çevirən Vaqif Əsədov milli musiqimizi qoruyanlardan biri kimi tarixdə qalmalıdır. 2013 - cü ildə Vaqif Əsədov müğənni dostu, əməkdar artist Eyyub Yaqubovla Amerika Birləşmiş Ştatlarının bir neçə şəhərində konsertlərdə olmuşdur. Uğurlu keçən konsertlərdə Azərbaycan qarmonuna maraq göstərənlər var idi. Vaqifin ifaçılığı barədə Amerikada çıxan qəzetlərdə yazılar getmişdir. Orada Azərbaycan qarmonunun sehrli səsindən, ifaçılıq qaydalarından söz açılır. Vaqifin ifasında əsl Azərbaycan üslubu ilə səslənən qarmonun ecazkar, şirin tembri böyük maraq doğurmuşdur. Əlbəttə, bu da bir daha qarmon sənətimizin uğurundan xəbər verir.
__________________________________________________________________________________________________________________
Əhsən Rəhmanlı “Qarmon ifaçılığı sənəti və onun Azərbaycanda tədrisi”, Bakı “MBM” 2014, Səh. 338 – 342.