Hər kəsin öz alın yazısı, öz taleyi var. Hər kəs öz taleyinin barını - bəhrəsini dərir. Allahın ona bəxş etdiyi istedada söykənərək uğurlu bir sənət ömrü yaşayır Nəhməd. Tanrının Nəhmədə verdiyi ağıl, kamal, saf düşüncə, fitri istedad bu gün öz bəhrəsini verməkdə, onu şana - şöhrətə çatdırmaqdadır. Hüseynov Nəhməd Əhməd oğlu 1962 - ci il sentyabr ayının 21 - də Bakının Əmircan (Əmirhacan, Xilə) kəndində anadan olub. O, pələng ili, qız bürcündəndir. Vaxtilə bu kənddən məşhur adamlar, böyük şəxsiyyətlər yetişmişdir. Böyük istedad sahibi, tarixçi, yazıçı, hərbçi Abbasqulu Ağa Bakıxanov, Axund Hacı Turab, dünya şöhrətli rəssam Səttar Bəhlulzadə, şair Səməd Mənsur, Tofiq Bayram və neçə - neçə istedadlı insanlar, elm və incəsənət adamları dünyaya Xilə kəndindən boylanmışlar. Bu kənd bu gün də istedadları ilə fəxr edir. Belə istedadlardan bir də Nəhməd Hüseynovdur. Dülgər sənətilə ailəsini dolandıran, halal zǝhmətlə övladlarını böyüdən Əhməd kişi musiqisevər adam idi. Həm də ilk övladının kiçik yaşlarından musiqiyə olan həvəsini və qabiliyyətini hiss etmişdi. Nəhməd 3 - 4 yaşlarından ağzında hey nəğmələr oxuyurdu. Bu uşağın hansı mahnını zümzümə etdiyini ata - anası hiss etməsələr də buna sevinərdilər. Düşünərdilər ki, görünür nə isə var. Bir az boy atdıqdan sonra Nəhməd radioda və televiziyada verilən konsertlərin hamısını dinləməyə çalışardı. Həyət - bacada oynayanda ağzındakı zümzümələrindən qalmazdı. Məhəllələrində toy - nişan olanda, klarnet - qarmon dəstəsi gəlin aparmağa gələndə balaca Nəhməd musiqi səsi eşitcək, ora qaçar, öz balaca yoldaşları arasında dayansa da bu sehirli musiqilər onu gələcək böyük sənət alǝminə aparırdı. Bütün bunları seyr edən Əhməd ata gülümsünər, Həqiqət ana isə ürəkdən sevinərək oğlunu öpüb - oxşayıb, iyləyib boyuna baxar, saçlarını tumarlaryıb: "Mənim balaca, nəğməkar balam"- deyərdi. Nəhməd boy atıb məktəb yaşına çatdı. 1970 - ci il sentyabr ayının 1 - də anası Nəhmədin titrək, kövrək əllərindən tutub 84 saylı məktəbin birinci sinifinə apardı. Bir neçə aydan sonra balaca Nəhməd sinif yoldaşlarının və müəllimlərinin sevimlisinə çevrildi. 1972 - ci il sentyabr ayında atası ad günü münasibətilə Nəhmədə Tatarstanın Kazan şəhərindəki musiqi fabrikində istehsal olunan, təhsil almaq (öyrənmək) üçün nəzərdə tutulan qarmon aldı. Qarmon nəinki Nəhmədi, bütün ailə üzvlərini sevindirdi. Nəhməd 10 yaşında ikən özü sərbəst qarmon çalmağa çalışdı. Bir neçə hava öyrəndi. Sonra qəsəbələrindəki mahir qarmon ifaçısı Xanlar Cəfərovdan ev şəraitində fərdi dərs almağa başladı. Bir müddətdən sonra müəllimi Xanların qohumu Rauf Bünyadovun evinə gedərək çalğı öyrənməsini davam etdirdi. Onun az vaxt içərisində öyrəndiklərini görüb duyanlar, düşüncəli insanlar Hüseyn kişiyə tövsiyə etdilər ki, oğlunu musiqiyə qoysun. Beləliklə Nəhməd 1973 - cü ildə Suraxanı rayonundakı Səttar Bəhlulzadə adına mədəniyyət sarayındakı beşillik musiqi kursunun qarmon sinifinə daxil oldu. Burada müəllimləri Əyyub Babayev, Vahid Axundlu, Kamil Cəfərov, Zemfira Hüseynovadan qarmon sənətinin ibtidaisini, incəliklərini öyrəndi. Adları çəkilən müəllimlər Nəhmədin dərsə davamiyyətindən, sənətə həvəsindən, əxlaq və tərbiyəsindən, səmimiyyətindən və qabiliyyətindən razılıq edərdilər. Nəhmədgil orada təhsil aldığı illərdə onlara "Musiqi savadı" və "Solfecio" fənnlərindən Ü.Hacıbəyovun yetirməsi, bəstəkar, əməkdar incəsənət xadimi Hökumə Nəcəfova dərs deyirdi. Burada musiqi təhsili aldığı zamanlar 1975 – 76 - cı illərdə Nəhməd o vaxtlar əməkdar incəsənət xadimi olan, sonralar isə bütün fəxri adları qazanan, bəstəkar, drijor, xormeyster Ramiz Mustafayevin mədəniyyət sarayında yaratdığı və rəhbərlik etdiyi xorda oxuyurdu. Göründüyü kimi, qarmon sənəti üzrə təhsil alan, bu işə həvəslə yanaşan Nəhməd oxumağa, mahnı və nəğmələrə heç vaxt biganə qalmamışdır. Həmçinin bu gənc musiqiçi uşaq xalq çalğı alətləri ansamblında da məşğul olurdu. Bütün bunlar onu gələcək peşəkar yola, izə hazırlayırdı. 1977 - ci ildə beşillik qarmon kursunu bitirən Nəhməd sənədlərini Bakı Mədəni - Maarif Texnikumunun xor drijorluğu şöbəsinə verdi və buraya daxil oldu. Təhsil illərində onun xor drijorluğu üzrə ixtisas müəllimi Ənvər Məmmədov olmuşdur. Nəhməd texnikumda keçirilən bütün musiqi fənnlərini mükəmməl öyrənməyə çalışırdı. Həmçinin ona burada tar ixtisası üzrə də sənət öyrədirdilər. Gənc və istedadlı tələbə Ramiz Aşurbəylidən üç il ərzində tar çalmağı da öyrənə bildi. Texnikum həyatı Nəhmədin gələcəkdə peşəkar musiqi yoluna qədəm qoymasında xüsusi rol oynadı. Musiqi aləmi bu istedadlı müsiqiçini Nemət adıyla tanıyır. Yaşadığı məhəllədə, oxuduğu yerlərdə, musiqiçilər arasında hamı onu Nemət deyə çağırıb. Çünki, Nemət adı dilə daha tez yatır. Həm də düşünürük ki, adında qazandığı Nemad sözü, elə bacarığının, qabiliyyətinin, uğurlu musiqiçi sənətinin, işgüzarlığının, çalışqanlığının, hörmət - izzətinin öz həyatına, doğmalarına, ǝsl - nǝcabətinə və onu sevənlərə gətirdiyi əsl nemətdən qaynaqlanıb. Görünür bu da qismətdən doğur 1981 - ci ildə texnikumu bitirən Nemət Hüseynov təyinatla Quba rayonunun Püstǝ - Qasım kǝndinə yollanır və burada mədəniyyət evinin direktoru işləyir. Çox çəkmir ki, o, hərbi xidmətə çağrılır. Keçmiş SSRİ - məkanının Krasnoyarsk vilayətində 2 illik hərbi xidmətdə olarkən Nemət musiqi işini davam edir. Hərbi hissədə boş saatlarda qarmon çalır, əsgər yoldaşlarını sevindirir. Burada o, "Yallı" ansamblı düzəldib istedadlı əsgərləri ora cəlb edir. Özü qarmon çalır, oxuyur. yoldaşlarından ibarət rəqs qrupu yaradır və hərbi hissədə verilən konsertlər ona başucalığı gətirir. Komandirlər onun ailəsinə tez - tez tərifnamələr göndərirlər. Nemətin "Yallı" ansamblı hərbi hissələr arasında 1982 - ci ildə keçirilən baxış müsabiqədə 1 - ci yer alır. Nemətə "Fəxri fərman" lar təqdim olunur, ona məzuniyyət verilir. Nemət 1983 - cü ildə hərbi hissədən vətənə dönərək ciddi şəkildə məşqlərə başlayıb sənətini püxtələşdirir, peşəkar sənətə qədəm qoyur. Toy - şənliklərində çalıb - çağırır, uğurlu çıxışlar edir, sevilir və seçilir. Əmircan, Suraxanı, Hövsan, Türkan, Binə və s. qəsəbələrdə Nemət həm qarmonçalan, həm də müğənni kimi yaxşı tanınır. Onu öz dəstəsiylə birlikdə tez - tez toylara dəvət edirlər. Nemət Hüseynov 1983 -1985 - ci illər ərzində Bakı şəhəri 30 saylı uşaq musiqi məktəbində qarmon ixtisası üzrə müəllim işləmişdir. Sonrakı illərdə müxtəlif musiqi kurslarında və dərnəklərində öz pedaqoji fəaliyyətini davam etdirmişdir. 1995 - ci ildə Azərbaycan Milli Konservatoriyası tərkibində Musiqi Kollecində qarmon ixtisası açılarkən Nemət oraya dəvət olunan ilk müəllimlərdən biri idi. O vaxtdan 2012 - ci ilə qədər həmin tədris müəssisəsində not və muğam üzrə nümunəvi müəllim kimi çalışmışdır. Həmin ildən Binə qəsəbəsindəki 24 saylı onbirillik musiqi məktəbinin qarmon sinfində dərs deyir. Nemət sözün həqiqi mənasında əsl müəllimdir. Öz üzərində müntəzəm çalışır, bilik və bacarığını artırır. O, əsl ifaçı və həqiqi pedaqoqdur. Səbrlə, dözümlə, həvəslə və vicdanla bildiklərini öz tələbələrinə öyrətmişdir. Onun hazırladığı tələbələr imtahan sessiyalarında və baxış - müsabiqələrdə həmişə seçilmişdir. Bundan başqa o, işdən kənar, fərdi qaydada tələbələr yetişdirir ki, bu gənclər peşəkar musiqiylə məşğul olmağa başlayır, təhsillərinin qayğısına qalır, toy - büsatda, konsertlərdə və müxtəlif tǝdbirlərdə xalqa xidmət göstərirlər. Nemətin evində korifey sənətçilərin ifaları olan lent yazılarından ibarət çox zəngin, qeyri - adi "fond" u vardır. O, özü bu sənətçilərin yaratdıqlarından vaxtaşırı öyrənərək sənətini artırır və bunları sevimli tələbələrinə öyrədir. Bu gün Azərbaycan qarmon məktəbinin inkişafında Nəhmət Hüseynovun böyük rolu var desək, səhv etmərik. Bu gün Nemətin çalğısında Teyyub Dəmirovun, Məmmədağa Ağayevin, Aftandil İsrafilovun qarmon ifalarının ətri duyulur. Bununla belə artıq onun da öz dəsti -xətti görünməkdədir. Onun çox böyük musiqi duyumu və böyük ürəyi var. Nemət 1996 - cı ildən "Suraxanı neft" NQÇİ - nin mədəniyyət sarayında tanınmış musiqiçi Elxan Müzəffərovun rəhbərlik etdiyi "Vətən" adlı xalq çalğı alətləri ansamblında çalışırdı. O, burada həm qarmonçalan və həm də müğənni kimi solist idi. Tarzən - pedaqoq Elxan Müzəffərov əsl muğam bilicisidir. Nemət muğamların demək olar ki, hamısını bu şəxsdən öyrənmişdir. Yeri gəlmişkən deyək ki, "Vətən" ansamblı 1961 - ci ildən müvəffəqiyyətli bir yola qədəm qoyub. İndiyədək bu ansamblda neçə - neçə musiqiçilər və müğənnilər yetişərək peşəkar sənətdə özlərinə yol tapmışlar. Onlardan biri də Nemət Hüseynovdur. Bu kimi işlərdə Elxan Müzəffərovun zəhməti danılmazdır. Nemət "Vətən" ansamblının tərkibində tez - tez Suraxanı rayonunun ən mühüm tədbirlərində, bayram şənliklərində konsertlər vermişdir. Ansamblın tərkibində olmaqla, müğənniləri müşayiət etməklə kifayətlənməyib, özü də xalq mahnıları oxuyaraq alqışlar qazanmışdır. M.Hüseynov 2008 - ci ildən «Vətən» ansamblının bədii rəhbəri olub. Həmin dövrdən ansambl dövlət bayramlarında Bakıda və rayonlarımızda konsertlər vermişdir. Bir xatirǝyǝ yer verǝk: Bir gün tarzən Elxan Müzəffərov rəhbərlik etdiyi ənənəvi Azərbaycan muğam üçlüyü ilə Bakının muğamsevər kəndlərindən biri olan Türkana toy məclisinə dəvət olunur. Nemət də klarnet - qarmon dəstəsinin tərkibində həmən toyda çalırmış. Xanəndə bir neçə muğam hissələri, təsniflər, mahnılar oxuyandan sonra səsi yorulur. Bu təbii haldır, xanəndə hər gün toyda oxuduğu üçün yorulur, soyuqdəymə nəticəsində xəstələnir və s. Toyda iştirak edən qonaqlar "Çahargah" muğam - dǝstgahını sifariş verirlər. Çıxılmaz vəziyyət yaranır. Elxan müəllimin baxışları Nemətə dikilir. Nemət baxışı başa düşür. Fikrini toplayaraq dəfi əlinə götürür və tar - kamanın müşayiətilə "Çahargah" dəstgahını lazımınca toy iştirakçılarına təqdim edir və alqışlar qazanır. Nemətin xanəndəlik sənətinə yiyələnməsinin bir sirri də vardır. O, 1988 - ci ildə xanəndə Əliyusif Əlizadədən xüsusi olaraq fərdi qaydada muğam, xanəndəlik dərsi almışdır. Əliyusif Əlizadə vaxtilə ustad xanəndə Zülfi Adıgözəlovun muğam sinifində oxumuşdur. Əliyusif müəllim Bakıdakı 3 saylı incəsənət məktəbinin səs - muğam sinifində çalışmışdır. 2000 - ci ildə qarmon ifası ilə Nemət müəllim Azərbaycan radiosunun fondu üçün "Rəvahi", "Zabul", "Bayatı - İsfahan", "Segah", "Çahargah", "Dilkǝş", "Bayatı -Qacar" muğamlarını, "Ənzəli", "Sevinci", "Arifi", "Qızıl gül", "Cüt bacı", "Firuzə", "Kolxozu", "Dilican", "Kinto, "Tiflisi" adlı oyun havalarını yazdırmışdır. İfaçının 2011 - ci ildə muğamlar və rəqslərdən ibarǝt audiokaseti və kompakt diskləri işıq üzü görmüşdür. Bunlar az vaxt içərisində ölkəmizdə və onun sərhədlərindən uzaqlarda yayılaraq sənətçiyə şöhrət gətirmişdir. Nemətin kassetlərindən tədris vəsaiti kimi də istifadə etmək olur. Çoxdan unudulmuş oyun havaları Nemətin ifasında yenidən yaddaşlara qayıtdı. Çaldığı muğamları tələbələr və şagirdlər kassetlərdən və disklərdən öyrənirlər. 2002 - ci ildə Nəhmət Hüseynovun Azərbaycan Televiziyasında solo çıxışları olmuşdur. Bu çıxışlar musiqi ictimaiyyəti tərəfindən rəğbətlə qarşılanmışdır. 2003 - cü ildə Suraxanı mədəniyyət sarayında Nemətin qarmon ifaçısı kimi uğurlu solo - konserti yaddaşlarda qalan bir mədəniyyət tədbiri idi. Nəhməd Hüseynov 1990 - cı ildə ailə qurmuşdur. Bir qızı, bir oğlu vardır. Qızı Həqiqət xanım Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının nəzəriyyə fakültəsinin sonuncu kurs tələbəsidir. Oğul Abbas hərtərəfli bacarıqlı gəncdir. Zərgər sənətinə yiyələnib bu sahədə çalışsa da, videoçəkilişlər etməyi, səsgücləndirici aparatları, digər cihazları, müxtəlif texniki avadanlığı işlətməyi bacarır.
Uşaqlıqdan nəğməyə vurulubdu,
Musiqidən, mahnıdan yoğrulubdu,
Bulaq kimi, çeşmə tək durulubdu,
Pakdır, safdır onun hər bir niyyəti,
Tanrımız qorusun bizim Neməti.
Addım - addım sənət yolu gəlibdi,
Sevdiyi bu işi amal bilibdi,
Ürəklərdən qəm - kədəri silibdi.
Ustadlardan alıb bu əmanəti,
Tanrımız qorusun bizim Neməti.
Müəllimlərini hörmətlə anır,
Onları bir örnək, nümunə sanır.
Qarmon aləmində alışıb, yanır,
Alovludur sənətə məhəbbəti,
Tanrımız qorusun bizim Neməti.
Neçə üslubları o, birləşdirib,
Onları çalğıda gerçəkləşdirib,
Öz ifa yolunu gözəlləşdirib.
Axtarış edib, çəkib əziyyəti.
Tanrımız qorusun bizim Neməti.
Sənətkar tək indi yüksəkdə durur,
Saf ürəyi sənət eşqilə vurur,
Neçə uğurlarla keçirir qürur.
Bu yollarda çəkib halal zəhməti,
Tanrımız qorusun bizim Neməti.
Qarmon ifası disklərə yazılıb,
Azərbaycana, dünyaya yayılıb,
Hər yerdə ustad qarmonçu sayılıb.
Güclüdür onun sənət keyfiyyəti,
Tanrımız qorusun bizim Neməti.
Bu gün öncül qarmonçalan sayılır,
Qarmonundan ətrafa nur yayılır,
Eşidən nadan insanlar ayılır.
Çalğı ilə qurur xoş ünsiyyəti,
Tanrımız qorusun bizim Neməti.
Musiqi bağında barı gözəldi,
Xanəndə oldu, bu yola düzəldi.
Oxuduğu muğamatdı, qəzəldi,
Hər yerdə razı salır cəmiyyəti,
Tanrımız qorusun bizim Neməti.
Əhsən Nemətlə fəxr edir, şadlanır,
Hər bir uğuruna o, qanadlanır,
Bu şeir dostun adına adlanır.
Qarmonda muğamın odur zinəti,
Tanrımız qorusun bizim Neməti.
Ə.Rəhmanlı, 15.02.2012
__________________________________________________________________________________________________________________
Əhsən Rəhmanlı “Qarmon ifaçılığı sənəti və onun Azərbaycanda tədrisi”, Bakı “MBM” 2014, Səh. 575 – 581.