Lənkəran Bahadur oğlu Səlimov axar - baxarlı, səfalı, saf havalı, əzəmətli dağlarla, meşələrlə əhatə olunmuş Laçın rayonunun İpək kəndində anadan olmuşdur. Lənkəran dördüncü övladdır. Onun atası həvəskar nağaraçalan idi. 5 yaşlı Lənkəran atasının əllərinə baxıb öyrənərək nağara çalmağa başlamışdı. Lənkəranın 8 yaşı olanda Bahadur kişi oğluna qarmon almışdı. Həmin vaxtdan o, qarmon çalmağı öyrənirdi. Toylardan eşitdiyi el havaları, radio dalğalarından dinlədiyi rəqs melodiyaları, mahnılar tədricən onun qarmon ifalarında özünə yer alırdı. Kənd - kəsəkdə onun qarmon çalmağı artıq hamıya bəlli idi. O, 13 yaşında olarkən artıq öz kəndlərində sərbəst olaraq toy şənliyində çalmış və hamının rəğbətini qazanaraq tərifli sözlər eşitmişdi. Kənd camaatının Lənkərana olan xoş münasibətini görən, oğlunun istedadını və bu sənətə olan marağını yaxşı dərk edən ata onun daha mükəmməl yetişməsinə çalışmışdı. Odur ki, onu Ağdama aparıb, qarmonçu Yelmar Zeynalovun yanına şagird qoymuşdu. On dörd yaşlı Lənkəran Yelmar kişidən dörd ay dərs almış və muğamlara müəyyən qədər bələd olmuşdu. İlk peşəkar sənətkar qarmonunu da ona müəllimi Yelmar bağışlamışdı. Bu Rusiyanın Tula şəhərində hazırlanan Azərbaycan qarmonu idi. Bu alətdə çalmaq Lənkǝrana xüsusi həvəs bəxş etmişdi. Qarmon onun əlindən yerə düşmürdü, hey çalır, çalırdı. Alət onun sadiq dostuna çevrilmişdi. Peşəkar alət onu peşəkar sənətə istiqamətləndirirdi. Həmin qarmonla o, Laçın toylarında çıxış edirdi. Lənkəran qrammafon vallarından, radiodan tez - tez dinlədiyi qarmon ifalarından məharətlə bəhrələnirdi. Məmmədağa Ağayevin, Teyyub Dəmirovun, Abbas Abbasovun çaldığı şirin havalar, muğamlar gənc ifaçı üçün tədris vəsaiti rolu oynayırdı. Dinlədiyi və öyrəndiyi havalar gənc Lənkəranı düz yola istiqamətləndirirdi. Lənkəran Səlimov 1963 – 1965 - ci illərdə Sovet ordusunda xidmət edib, orada mahir qarmon ifaçısı Zakir Mirzəyevlə rastlaşıb. Əsgərlərin istirahət saatlarında dəfələrlə Zakirin ifalarını dinləyib və onun sənət imkanlarından bəhrələnib. Əsgərlik illəri Zakirlə Lənkəran arasında dostluq yaradıb. Hərbi xidmətdən doğma yurda qayıdan gənc musiqiçi yeni həvəslə sənət aləminə qoşulub. Özünə daha keyfiyyətli bir qarmon alıb və öz üzərində çalışıb. Rusiyanın Kirov (Vyatsk) şəhərində ustaların hazırladığı alət ("Vyatka") ona xüsusi zövq bəxş edib. Az sonra o, Laçın toylarının sevimli qarmonçalanı olub. Lənkəran yenə də ustad qarmon ifaçılarının lentlərindən öyrənərək sənət imkanlarını genişləndirib. Lənkəran Laçın şəhər 1 saylı uşaq musiqi məktəbində qarmon sinfinin müəllimi olub. O, 1972 – 1975 - ci illərdə Şuşa şəhər mədəniyyət evində özfəaliyyət dərnəyinin rəhbəri kimi fəaliyyət göstərib. Lənkəran Laçın və Şuşa musiqiçiləri, xanəndələri ilə sənət munasibətləri quraraq birlikdə toy - büsatda çalıb - çağırıb. Onun çalışdığı toy ansamblının üzvləri əsasən tarzan (həm də gitaraçalan) Firǝddin Cabbarov, kaman ifaçısı Edilxan Yunusov, nağara ifaçılarından Səlim, Bahadur Səlimov va b. olub. Bundan əlavə Lənkərangilin dəstəsində mərhələlərlə xanəndələrdən Vəli, Ağdamlı İsa Bəşirov, Şuşalı Hüseyn Məşədiyev, nağaraçılardan Novruz, Kamil və başqaları fǝaliyyət göstərib. Klarnet ifaçısı Əfsər də bir müddət Lənkəranın toy dəstəsində çalışıb. Lənkəranın lent yazısının olub - olmadığı ilə maraqlandıq. Məlum oldu ki, 1975 - ci ildə Gəncə şəhər radiosunda onun ifasında "Zabul - Segah" muğamı lentə alınıb və xeyli müddət ərzində səsləndirilib. Laçın torpağının yetirməsi olan qarmon ifaçısı xanəndə Əbülfət Əliyev (1926 - 1990), Sabir Novruzov (1944 - 2010), Məhəbbət Kazımov (1953 - 2014) va gitaraçı Rəmişlə sənət və dostluq əlaqǝlərində olub. Sənətkarın yetirmələrinin də adını hörmətlə çəkirik. Laçından nağaraçalan Novruz Lənkərandan qarmon dərsi alaraq bu sənətə qədəm qoymuşdur. O, hazırda qarmon ifaçısıdır və bu sənət üzrə müəllim işləyir. Laçınlı Nadir və Elman, Şuşalı Rizvan da Lənkəranın şagirdi olmuş və ondan sənətin səciyyəvi cəhətlərini öyrənmişlər. Onların hər biri qarmon sənətçisi kimi fǝaliyyətdədirlər. Lənkəran Səlimov 1976 - cı ildə ailə qurub, üç övladı var. Lənkəran haqqında məlumat toplamaqda bizə iş yoldaşımız, dəyərli və xeyirxah insan, Sumqayıt Musiqi Texnikumunun (hazırda kollec) məzunu, Bakı Humanitar Kollecinin qarmon ixtisası üzrə müəllimi, tədrisə aid bir neçə proqramın müəllifi Xəqani Səmədovun köməyindən istifadə etdik. Əks halda qarmon sənətinə hünərlə xidmət etmiş, müəllim işləmiş, musiqi aləminə yetirmələr bəxş etmiş Lənkəran Səlimov barədə məlumatsız qalacaqdıq.
____________________________________________________________________________________________________________________
Əhsən Rəhmanlı “Qarmon ifaçılığı sənəti və onun Azərbaycanda tədrisi”, Bakı “MBM” 2014, Səh. 260, 261.