Amansız müharibə nəticəsində qaçqın məktəb statusu ilə Bakının Biləcəri qəsəbəsindəki 248 saylı, şəhid Qamət Abbasov adına məktəbin binasında məskunlaşan, Ağdamın Xan Şuşinski adına muğam - musiqi məktəbinin direktoru, əməkdar mədəniyyət işçisi, istedadlı tarzən Rafiq Rüstəmovun dəvətilə 1990 - cı illərin sonlarında, 2000 - ci illǝrin əvvəllərində onlarla çiyin - çiyinə çalışaraq qarmon ixtisasından dərs deyirdim. Bu mehriban kollektivin müəllimləri; xanəndə Barat Fərhadov, Əlisəfa Hüseynov, tarzən Cəlal Əliyev, qavalçalan Qəhrəman Zeynalov və direktor Rafiq Rüstəmovla Ağdam musiqiçiləri barədə maraqlı söhbətlərimiz olurdu. Artıq bəzi musiqiçilərlə qiyabi tanışlığım yaranmış, müəyyən bilgilər əldə etmişdim. Haqqında danışılan, hörmətlə xatırlananlar sırasında qarmonçalan Yelmarın da adı vardı. Qarmon sənətindən söz açılarkən onun adı mütləq qeyd olunurdu. Əlbəttə o illərdə mən gələcəkdə tədqiqatçı olacağım, kitablar yazıb nəşr etdirəcəyim barədə düşünmürdüm. O fikirdə olsaydım Qarabağın dünyasını dəyişmiş musiqiçiləri barədə maraqlı məlumatlar toplayardım. Qarmon sənətkarları barədə yazdığım bu ikinci kitabda Yelmar kişiyə də yer ayıracağımı əvvəlcədən qərarlaşdırmışdım. Onun barəsində yazı başlarkən bu işdə ilk əvvəl Milli Koservatoriyanın tələbəsi, rəhbərlik etdiyim x.ç.a. ansamblının tar ifaçısı Cavid Məmmədov yardımçı oldu. Cavidgil Yelmar kişinin qızı Yeganə xanımgillə qonşudurlar. Bu ailələri həm də dostluq birləşdirir. Beləliklə Rəhman Yelmar oğlu ilə görüşümüz yarandı. Görüşümüzün təşkilatçısı tanınan musiqiçi, tar və gitara alətlərinin mahir ifaçısı, SSRİ xalq artistləri Rəşid Behbudovun Mahnı Teatrı, Zeynəb Xanlarovanın rəhbərlik etdiyi ansambl ilə bir sıra xarici ölkələrdə çıxış edən, son illərdə Milli Konservatoriya nəzdində Musiqi Kollecində dərs deyən Tahir Haqverdiyev oldu. Beləliklə 2012 - ci il aprelin 17 - də, çalışdığım Bakı Humanitar Kollecində, sinif otağımda R.Yelmar oğlu və T.Haqverdiyevlə maraqlı söhbətlərimiz oldu. Yelmar Şahmar oğlu Zeynalov 1930 - cu ildə anadan olub. Bu nəsli, bu ailəni yaxşı tanıyan qarabağlılar Yelmara bəy oğlu deyirdilər. Çünki Şahmar bəy olub. Qarabağda yaxşı tanınan, sayılıb - seçilən kişilər sırasında dayanıb. Onun musiqiyə dərin sevgisi varmış. 16 dilli, yarımtonsuz qarmonunu sinəsinə sıxaraq ailəsi, qohumları və dostları üçün çalarmış. Onun həvəskar kimi qarmon çalmağı sonralar oğlunun peşəkar, tanınan qarmon ifaçısı kimi yetişməsinə zəmin yaratmışdı. Əksər qarmon ifaçılarımız kimi Yelmar da ilk çalğı qaydalarını özü öyrənib. Lakin fikrində, düşüncəsində, can - cismində bu sənətə olan sevgini dərk etdikcə qrammafon vallarını dinləməsi, Qarabağ qarmonçalanlarını, xüsusilə Yusif Yusifovu (1906-1991) konsertlərdə, el şənliklərində görüb, eşitməsi onun ifaçılıq səviyyəsinin artmasına xüsusi təkan olmuşdu. O, həmişə Y.Yusiovu özünə müəllim, ustad saymışdı. Yelmar gənclikdə, sənət sevgisinin dağ çayları kimi aşıb - daşdığı illərdə Əhəd Əliyevin (1893-1942) o dövrdə çox geniş yayılmış qrammafon valını dinlǝmiş, onun "Segah" ına vurulmuşdu. Həmçinin Teyyub Dəmirovun (1908-1970), Məmmədağa Ağayevin (1919-1982) qrammafon vallarını və radioya yazılmış ifalarını dinləyib onlardan öyrǝnǝrǝk geniş sənət aləminə istiqamətlənmişdi. Sonralar özünü sənətdə tapandan, bir qarmonçu kimi tanınandan sonra "Segah" muğamına daha çox meyl etmişdi. Qarabağ musiqiçiləri demişkən, şakəri "Segah" çalmaq idi. Söylənilənlərə görə o, bu muğamı özünǝxas xallarla, şirin bəzǝmələrlə və təsirli ifa edirmiş. Onu yaxından tanıyanlar toy - mağarda ona mütləq "Segah" sifariş verər və hətta deyərmişlər: "Qağa, başına dönüm, bir " Yelmar segahı" çal". O, isə adəti üzrə sağ ayağını sol ayağının üstünə aşıraraq, barmaqlarını şirmayı dillər üzərində gəzdirərək, könül tellərinin səsini bu sevimli alətin səsinə qataraq ürəkləri sızladan "Segah" ifa edərmiş. Y.Zeynalov sənət işlətdiyi dövr ərzində Ağdamda və onun ətraf bölgələrində el şənliklərinin sənətkarları ilə birlikdə çalışmışdır. Bu sırada xanəndələr Xan Şuşinski, İldırım Həsənov, Şahmalı Kürdoğlu, Mürşid Məmmədov, Zarıslı İsa, Yaqub Məmmədov, Haqverdi, Misir Həsənov, Arif Babayev, Qədir Rüstəmov, Aydın Məmmədov, Aydın Niftǝlioğlu, Barat Fərhadov, Əlisǝfa Hüseynov, tarzənlər Cəlal Əliyev, Xosrov Fərəcov, Məşədi Nəriman, Allahyar Cavanşirov, Abbas Yusifov, Lentruş Orucov, Nadir Rüstəmov, Şahmalı Qaçayoğlu, qavalçalanlar Sabir Əbdülov, Qəhrəman Zeynalov, Sərdar və Çərkəzin adlarını hörmətlə çəkirik. Qarmonumuz bir alət kimi formalaşıb meydana gəldiyi dövrdən həmişə Qarabağ toylarının aparıcı musiqi aləti olub. Bu alətin ifaçıları zaman - zaman bu diyarda sevilib, əzizləniblər. Qarmonçalanlar sırasında Yelmar Zeynalovun həmişə xüsusi çəkisi və hörməti olub. O, həm də qonaqpərvərliyilə seçilirdi. Ağdam şəhərinin Maksim Qorki küçəsindəki 2 saylı evin həyət qapısı heç vaxt bağlı olmazdı, həmişə sevimli insanların üzünə açıq idi. Həyətdəki manqalın közü heç vaxt sönməzdi. Bu evə yalnız Qarabağdan deyil, Bakıdan da məşhur musiqiçilər qonaq gələrdilər. Bərəkətli, bol nemətli süfrə açılar, maraqlı sənət söhbətləri olar, çalıb - oxumağa da mütləq meydan verilərdi. Bu genişqəlbli kişinin halal ocağında sənət yoldaşları, dostlar rahatlıq tapar, dincələr və razılıqla gedərdilər. Bunu əksər insanlar, xüsusilə sazanda dəstələrinin üzvləri yaxşı bilirlər ki, Ağdamın ən gur toylarına Bakıdan qarmonçu Məmmədağa Ağayev dəvət olunardı. Bəzən onu aylarla Ağdamda saxlar, toyların günlərini təyin edər və bu ustad sənətkarın ifasından zövq alardılar. Məmmədağa əksər hallarda Yelmarın qonağı olardı. Toylar olmayan günlərdə Y. Zeynalov dəfələrlə öz evində M.Ağayevin şərəfinə ziyafət təşkil edərək Ağdam musiqiçilərini ora toplamışdır. Bu tədbirlər həm də musiqi məclislərinə, müsamirələrə çevrilərdi. M.Ağayev əvvəlcə Ağdam qarmonçalanlarını dinlər, sonda özü öz ifasıyla onlara istiqamət verər və məclisi tamamlardı. Bu əsl ustad dərsini (master klas) xatırladırdı. Bütün bunlar Yelmarın sǝmimiyyəti, mehribanlığı, qəlbigenişliyi sayəsində baş tutardı. Yelmarın evində özünün ifası toplanmış xeyli lentlər olub. Əfsus ki, Qarabağ müharibəsi zamanı Ağdam işğal olunarkən bunları götürmək imkanı olmayıb. O, Ağdam musiqi heyətlərinin tərkibində Şuşa, Bərdə, Yevlax, Mingəçevir, Laçın, Kəlbəcər, Gəncə, Beyləqan və başqa yerlərdə xeyli toy məclislərində olmuşdu. Onun ifasında milli rəqs havalarımız xüsusi gözəlliklə səslənirdi. "Tərəkəmə" ni isə böyük şövqlə çalırdı. Yelmar Ağdam mədəniyyət evində çalışırdı. Yaradıcı heyətlərin tərkibində bütün kəndlərə, obalara konsertlǝrǝ getmişdi. O, Ağdam Dövlət Dram Teatrında da çalışıb. 1 saylı uşaq musiqi məktəbinin qarmon sinfində dərs deyib, milli musiqimizi, oyun havalarımızı, muğamlarımızı şagirdlərə sevdirə bilib. Sevinǝrǝk rahatlıq tapdıq ki, belə bir qarmon ifaçımızı da unudulmağa qoymadıq, onun adını da şərəfli musiqi tariximizin səhifələrinə saldıq. Şahmar bəyin oğlu Yelmar çox yaşamaq haqqında olarkən və öz sevimli peşəsilə xalqa xidmət edərkən bir təsadüf nəticəsində fəaliyyətdən qalmışdı. O, öz ov tüfəngi ilə ehtiyatsız davranarkən silahdan atəş açılmış, güllə onun sol qolundan girib çiynindən çıxmışdı. Səhhətində yaranmış müşkül nəticəsində o, sol qolunu itirmiş və sevimli qarmon sənətindən ayrı düşmüşdü. Arabir qarmonu götürər, alətin sağ kəmərini çiyninə salar, sol dizinin hərəkəti vasitəsilə körüyü işlədərək çalmağa başlardı. Qarmon sənətinə ömür həsr etmiş, xoşbəxt anlar yaşamış, məhəbbət qazanmış bir insanın sənətinin və həyatının məhsuldar, samballı çağında əlil qalıb peşəsindən ayrılaraq hansı hisslər keçirdiyini təsəvvür etmək olar. O, 1986 - cı ildə, 56 yaşında bu dünya ilǝ vidalaşıb. Ağdamın Qarağacı qəbristanında dəfn olunub. Y.Zeynalovun altı övladı, on altı nəvəsi və yeddi nəticəsi var. Qısa ömür yaşasa da, Allah - təala onun ömür və sənət davamını övladlarına və nəvələrinə bəxş etmişdir.
__________________________________________________________________________________________________________________
Əhsən Rəhmanlı “Qarmon ifaçılığı sənəti və onun Azərbaycanda tədrisi”, Bakı “MBM” 2014, Səh. 138 – 142.