Anamın faciəli ölümündən sonra Dadaşovlar ailəsində heç bir şənlik, şadyanalıq keçirilmirdi. Ata övladların qayğısını çəkir, onların təlim - tərbiyəsi ilə ciddi məşğul olurdu. Qızlar musiqi təhsili aldıqları üçün evdə dərslərə hazırlaşanda, Süleyman ata onlarla ciddi məşğələlər aparırdı. Qızxanım anadan yadigar qalan qarmonlara heç kim toxunmurdu. Erkən yaşlarından ana itirən övladların qəlbi qırılmışdı. Anadan yadigar qalan əşyalar göz bəbəyi kimi qorunurdu. Qarmona tərəfə heç kəsin əli uzanmırdı, ürək eləmirdilər. Lalə xanımın dediklərindən: "Mənim 14 yaşım var idi. Bir gün rəhmətlik anam yuxuma girdi. O, əllərində atamın həmişə evə aldığı iri, dəyirmi çörəklərdən birini tutmuşdu. İki əli ilə çörəyi mənə uzadıb gülümsünərək dedi: "Mənim zirək, Lalə qızım, al bu çörəyi apar evimizə, bacıların və qardaşınla bölüşdürüb yeyin". Mən dedim ki, - Ay ana, atam hər gün bu çörəklərdən bol - bol alıb evə gətirir". "Bunu da apar qızım, qoy çörəyiniz daha bol olsun" - dedi anam. Yuxudan ayıldım. Çox mütəəssir olmuşdum. Səhər yuxumu nənəmə danışdım. Nənəm kövrəlib ağladı. Sonra toxtayıb belə dedi: - "Bala, anan öz sənətini sənə verir. Onun ruhu narahatdır. O, istəyir ki, sənətini sən davam edəsən. Qızxanımın qarmonunu sən çalacaqsan. Götür qarmonu çal". Dedim ki, ay nənə mən bunu bacarmaram. Ürəyim açılmır, əllərim gəlmir, cürətim çatmır. Mən piano çalıram, qarmon çala bilmərəm. Nənəmin neçə günlük təkid və nəsihətindən sonra anamın qarmonunu götürdüm. Kövrəlib çalmağa başladım. Ailə üzvlərimiz hamısı evdəydi. Maraqla tamaşa edirdilər. Tədricən daha yaxşı çalmağa başladım. Ürəklənmişdim. Elə bil qarmonun səsilə anam mənimlə danışırdı. Başımı qaldırıb atamın üzünə baxdım. O, bərk ağlayırdı, gözlərindən yaş sel kimi axırdı. Mən çalğını saxladım. Atam telefonu götürüb ailəmizin dostları, qarmonçu Bədəl Bədəlov və Adil Hüseynova zəng vurub tez bizə gəlmələrini xahiş etdi. Mənə göstəriş verdi ki, ifamı davam edim. Bir azdan dəvətlilər bizə gəldilər. Mənim qarmon çalmağımı görüb dinləyəndən sonra Bədəl müəllim dilləndi: - "Süleyman, bu qız elə bil Qızxanımın özüdür. Elə onun kimi də çalacaq. Anasının da ruhu şad olar". Hər iki sənətkar xeyir - dua verib getdilər". O gündən Lalə ciddi məşqlərə başlayır. Anasının lentlərini müntəzəm olaraq dinləyir, onun ifaçılıq yolunu mənimsəməyə çalışır. Anası kimi o da doğma, bacılarını yanına alıb sənət öyrədir, onlarla yaxşıca məşq edir. Yavaş - yavaş toylara yol açılır. Dörd bacıdan ibarət dəstə Bakıda və onun ətraf kəndlərindəki qız toylarında çıxış edərək gündən - günə məhşurlaşırlar. Dəstədəki qızların hər biri həm də toyda müğənnilik də etmişlər. O cümlədən Lalə Dadaşovanın özünün də qarşısında mikrafon qurulmuş, lazım gələn anlarda o da oxumuşdur. Qızxanımın övladları olduqları üçün dəvət olunduqları məclislərdə onlara daha böyük hüsn - rəğbət göstərilmiş, sənətlərindən daha yaxşı qidalanmışlar. Çox toylarda yaşlı qadınlar Qızxanımın qızı olduğunu bilib, Lalədən vaxitilə anasının toylarda çaldığı havaları ifa etməsini təvəqqe edirdilər. Həmin qadınlar bu oyun havalarına həvəslə rəqs eyləyib Laləyə və bacılarına dərin təşəkkür edib deyirdilər: "Gənclik illərimiz, Qızxanımın toylarımıza gəlməsi yadımıza düşür”. Lalə anasının repertuarından çalanda bu musiqilərdən Qızxanımın ifasının ətri duyulurdu. İfaçının söylədiklərindən: "Sənətə başlayandan Süleymanın, Qızxanımın övladı olduğum üçün özümdə həmişə məsuliyyət hiss etmişəm. Toya gəldiyimiz kənd və qəsəbələrin bəzilərində bizə deyirdilər ki, oralarda anam öz dəstəsilə çox məclislərdə olub. Hətta bəzi ailələrdə, müxtəlif illərdə o evin iki və ya üç qızının toyunda çalıb. Elə olub ki, o həyətdə anamgil elə çıxış ediblər ki, yaddaşlara həkk olunub və həmin hörmətə görə bizi dəvət ediblər. Vaxtilə anam hansı gəlinin toyunda çalmışdısa, onun qızının toyuna çağırılırdıq. Yaşlı qadınların bəziləri deyirdilər: - "Ay qızım, köhnə "Qars"ını, qədim "Uzun dərə" ni çalın. O havalar sümüyümüzə düşür. Onları Qızxanım bizimçün çalardı. Mən əvvəl "Köhnə uzun dərə" ni çalıb, sonra modulyasiya edib "Şüştər" muğamı üstdə yaradılan "Uzun dərə" yə keçirdim. Köhnə "Qars" havasını da anam kimi təqdim etməyə çalışırdım. Adı çəkilən rəqslər anamın ifasında çox yaxşı səslənsə də lentə alınmayıb. Vaxtının olmaması və qəfil qırılmış ömrü görünür buna imkan verməyib". Bacılardan ibarət toy ansamblı hər yerdə yaxşı çalıb -oxuduqlarına görə daim sevilmiş, toy mövsümü zamanı ayların əksər günlərini, bəzən isə bütün ay ərzində məclislərdə olmuşlar. Hətta Qızxanımın qızları gələ bilsinlər deyə toy məclisinin gününü, vaxtını dəyişmişlər. Sanki tarix təkrar olunurdu. Axı, bir zamanlar Qızxanımın vədəsini almaq üçün məclislərini sənətçinin vaxtına uyğun təyin edirdilər. Lalə Dadaşova 1969 - cu ildən 1991 - ci ilə qədər qız toylarında mahir qarmonçu kimi çıxış etmiş, həm də oxumuşdur. Sonralar isə sərbəst olaraq müğənnilik fəaliyyətinə başlamışdır. Vaxtilə anasının böyük həvəslə, xeyli əlavələrlə çaldığı "Uzun dərə" rəqsini Lalə dadaşova 1999 - cu ildə lentə yazdırıb. O, bu oyun havasına bəzi əlavələr və dəyişikliklər gətirib, melodiyanı bir az da gözəlləşdirib. Ümumiyyətlə anasının çaldığı səpkini saxlayıb. Qızxanım Dadaşovaya həsr olunmuş "Anamın köhnə qarmonu" adlı mahnını Lalə kövrək notlarla oxuyaraq 2001 - ci ildə diskə yazdırıb. Mahnının sözləri İsmayıl Dadaşovun, musiqisi Faiq Kazımovundur. Bir zamanlar nənəsinin tövsiyyəsi və xahişi ilə anasının ruhu şad və rahat olsun deyə onun köhnə qarmonunu götürən Lalənin kövrək əlləri çalaraq getdikcə cəsarətləndi. O, qadın ifaçılarımızdan biri kimi musiqi mədəniyyətimizə yeni nəfəs, yeni təravət gətirdi. Süleyman və Qızxanımın şəcərəsindən gələcəkdə qarmon ifaçılığında yaxşı iz qoyanların olacağına heç bir şübhəmiz yoxdur. Gendən gələn istedad öz bəhrəsini verməkdədir. Oğul Dadaş öz qızına anasının adını vermişdir. 7 yaşlı Qızxanım fitri istedadı ilə ona verilmiş adı doğrultmaqdadır. O, nəğmələr oxuyur, balaca barmaqları ilə qarmonu dilləndirir, yorulanda piano arxasına keçir. Hələlik kiçik arzularla yaşayan Qızxanım bəlkə də gələcəkdə böyük Qızxanımın sənət yolunu davam edəcək.
___________________________________________________________________________________________________________________
Əhsən Rəhmanlı “Qarmon ifaçılığı sənəti və onun Azərbaycanda tədrisi”, Bakı “Araz” 2008, Səh. 89 – 94.