QARMONÇALAN Kor Əhədin adı Azərbaycanın çalğı musiqisi tarixində hörmət və milli iftixar hissilə çəkilir. O öz dövrünün istedadlı sənətkarlarından biri idi. Əhəd Fərzəli oğlu 1893 - cü ildə Bakı şəhərində yoxsul bir ailədə dünyaya gəlmişdir. Əhədin nə ailəsində, nə də qohum - əqrabasında musiqi aləmi ilə bağlı adam olmamışdır. Onun musiqi aləminə gəlişi təsadüfən, özü də faciəli bir hadisə ilə əlaqədardır. Balaca Əhəd hələ iki yaşında olarkən göz xəstəliyinə tutulur. Həkimlərin səyi, ciddi müalicələr bir nəticə vermir. Üç yaşlı Əhədin gözləri tamam tutulur. Bu, ailədə böyük fəlakətə çevrilir. Əhədin altı yaşı tamam olanda anası ona 7 dilli balaca bir qarmon alır. Anasının bu tədbiri balaca Əhədin hədsiz sevincinə səbəb olur. Şikəst uşaq gecə - gündüz kiçik barmaqlarını qarmonun dillərinə toxundurduqca, hədsiz dərəcədə sevinərdi. Çünki qarmon onun üçün yeganə təsəlli, həmsöhbət idi. Balaca Əhədin musiqi müəllimi olmamış, heç kəs ona «bu barmağı belə vur» deyib kömək etməmişdi... Onun yeganə «məktəbi» məhəllə toyları, bir də qrammofon valları idi. Qonum - qonşuda toy olanda anası Əhədi də özü ilə qadın toylarına aparardı. O dövrdə Bakıda qadın toylarında musiqiçi dəstələri əsasən qarmonçalandan və zurna - balabançıdan ibarət olardı. Qadınların əksəriyyəti qarmonla çalınan havaları oynamağa daha çox meyl edərdilər. Qarmonda daha şirin və rəvan səslənən «Mirzəyi», «Tərəkəmə», «Vağzalı», «Qızılgül», «İnnabı», «Uzundərə» kimi oyun havaları daha çox dəbdə idi. Balaca Əhəd də qarmonçalana yaxın yerdə oturar, sonsuz həvəs və məhəbbət hissilə çalınan havaları dinləməkdən doymazdı. Gözlərini itirmiş uşaqda ətraf mühiti duymaq hissi güclü idi. Bu, ona dərin musiqi yaddaşı, çalınıb - oxunan mahnı və havaları qavramaq imkanı verirdi. O, toydan evə qayıdan kimi qarmonu ələ alıb eşitdiyi, həm də xoşladığı yeni havanı çalıb öyrənərdi. şübhəsiz ki, Əhədin tədricən qarmonçu olmağında məşhur qarmon ustası Kərbəlayi Lətifin qrammofon vallarının da az - çox təsiri olmuşdur. Əhəd saatlarla qrammofonda Lətifin çalğısına qulaq asar, onun sənətinin sirrini öyrənməyə çalışardı. Əhəd 13 - 15 yaşlarında 14 dilli qarmonda çalmağa başlayır. Onu tez - tez qonum -qonşu yığıncaqlarına, ailə şənliklərinə dəvət edirlər. Əhədin oyun havalarını sərbəst, özünəməxsus məharətlə, həm də təsirli çalması onu dinləyənləri valeh edirdi. Bakı toylarında Cabbar Qaryağdı oğlunu, Seyid Mirbabayevi, Keçəçi oğlu Məhəmmədi, İslam Abdullayevi sonsuz həvəs və maraqla dinləyən gənc qarmonçu bu klassik xanəndələrin guşə və xallarını qarmonda yerli - yerində vurmaqla dinləyicidə belə bir duyğu oyadırdı ki, onun sehrli barmaqları altında qarmon dil açıb oxuyur. Əhəd 16 yaşından mahir bir çalğıçı kimi qadın toylarına dəvət edilir. Bu toylarda Əhədin gözəl çalğısını Zeynəb adlı bir qadın dəfdə müşayiət edərdi. Əhəd bir neçə il dəfçi Zeynəb ilə Bakı - Abşeron toylarında çıxış etdikdən sonra artıq 20 yaşında kişi toylarına dəvət olunur. Az bir vaxt içərisində Əhəd elə şöhrət qazanır ki, onu hətta Şirvan - Muğan məclislərinə belə dəvət edirlər. Əhəd başqa bir şəhərə və ya kəndə dəvət olunduqda çox çətinliklə Bakıya qayıdardı. Çünki onun çalğısından doymazdılar. Hamı onun qeyri - adi, şirin, duzlu çalğısından vəcdə gələrdi. Onu dinləyən bir də dinləmək istərdi. Çünki Əhəd qarmonun ecazkar, məlahətli səsi ilə dinləyiciləri məftun edər, sehirləyib kədər, sevinc və anlaşılmaz duyğular aləminə çəkib aparardı. Əhəd təkcə qarmonçalan olmamışdır. O, eyni zamanda saz, piano, tar və tütək alətlərində el havalarını məharətlə çalırdı. Əhəd bir saz ustası kimi bütün Azərbaycanda məşhur idi. Bir çox xanəndələr toy məclislərinə dəvət olunarkən mütləq Əhəd ilə çalıb - çağırmağı münasib bilirdilər. Çünki Əhəd həm xanəndəni tarda müşayiət edər, həm də qarmonda oyun havalarını çalardı. Təsadüfi deyildir ki, Əhədin istər qarmonda, istərsə də tarda və sazda virtuoz çalğısı böyük müğənni Cabbar Qaryağdı oğlunun diqqətini belə cəlb etmişdi. O, Əhədi də özü ilə toylara aparırdı. Əhədin «Segah» muğamını qeyri - adi zövq və hünərlə, özünəməxsus incəliklə çalması Cabbar Qaryağdı oğlunu valeh edərdi. Məşhur sənətkarlar kimi Əhədin də öz dəstəsi vardı: tar, qarmon, dəf və qoşanağara alətlərində çalan musiqiçilər bu dəstəyə daxil idilər. Əhədin şagirdi məşhur qarmonçu Teyyub Dəmirov əvvəllər onun dəstəsində uzun illər dəfçalan olmuşdur. Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra Əhədin qarşısında geniş inkişaf perslektivləri açıldı. İstedadlı qarmonçu fəhlə klublarında, mədəniyyət evlərində, geniş konsert salonlarında öz gözəl çalğısı ilə xalqın mənəvi - estetik zövqünün inkişafına xidmət göstərir. Görkəmli bəstəkar Müslüm Maqomayev onu radioda çalmaq üçün dəvət edir. 1927 – 1933 - cü illərdə Əhədin sehrli qarmonunun xoş səsi efirlə bütün Azərbaycana yayılır, kənd və şəhərlərdə minlərlə dinləyicini məftun edərdi… Əhədin Azərbaycan rayonlarına qastrol səfəri musiqi həvəskarlarının hədsiz sevincinə səbəb olardı. Hamı təkrarolunmaz sənətkarın ecazkar çalğısını dinləməyə can atardı. Əhədin konsertləri olduqca təmtəraqlı keçərdi. Hətta bəzi rayonlarda yerli radio qovşağı vasitəsilə onun konsertlərini təşkil edərdilər. Əhədin gözəl qarmon, tar, saz çalmağını və istedadlı bir musiqiçi olduğunu nəzərə alan Üzeyirbəy Hacıbəyov onu 1931 - ci ildə Azərbaycan radiosunun «Notlu şərq orkestrinə» dəvət edir. O zaman Qurban Pirimov, Lazar Qabrielyan, Tutu Kərimova, Xosrov Məlikov, Səid Rüstəmov, Qılman Salahov, Xalıq Babayev kimi məşhur musiqiçilər bu orkestrə cəlb olunmuşdular. Ü. Hacıbəyov Əhədin sənətkarlıq qabiliyyətini yüksək qiymətləndirərdi. Təsadüfi deyildir ki, belə bir orkestrdə «Şur» muğamının «Bayatı -Qacar» şöbəsi, «Rast» ın «şikəsteyi - fars», «Çahargah» ın «Bəstə - nigar» şöbələri ifa ediləndə solo çalmaq Əhədə həvalə edilərdi. Əhəd bütün muğamları özünəməxsus fərdi xüsusiyyətlə çalardı. Lakin «Bayatı - Qacar» ı son dərəcə şirin, oynaq və təsirli çalardı... Muğamlar içərisində «Bayatı - Qacar» ın xüsusi yeri var. Bu muğamda incə nəvaziş, ürək çırpıntıları, kədər və qüssə motivləri daha çoxdur. Təsadüfi deyildir ki, böyük müğənnimiz Seyid Şuşinski deyərdi ki, «Bayatı - Qacar» sonsuz dərd aləmini ifadə edən muğamdır. Xanəndə onu həzin ifa etməlidir. «Bayatı - Qacar» insanın ruhi aləminin həyəcan və iztirabları ilə yanaşı, onun sevincini də ifadə və tərənnüm edir. Bu muğamda incə notlar, lirik ahənglər, titrək tellər, bir sözlə, dinləyicinin qəlbini oxşayan psixoloji duyğular daha çoxdur. «Bayatı - Qacar» muğamında improvizə elementləri daha çox olduğuna görə ifaçıya geniş meydan açır. «Bayatı - Qacar» ı istər oxuyan, istərsə də çalan musiqiçinin son dərəcə həm texniki ustalığı, həm də bədii ifaçılıq məharəti olmalıdır. Gözəl ifaçılıq üslubuna, həm də çalğı texnikasına tam yiyələnmiş Kor Əhəd bu muğamın xarakterik xüsusiyyətlərini mükəmməl duyaraq öz təkrarolunmaz çalğısı ilə rəngarəng melodik bəzəklər, dinamik naxışlar vurur, onun daha gözəl, şirin və duzlu səslənməsinə nail olurdu. Musiqi alətlərində, xüsusilə qarmonda çalınan muğam o zaman dolğun səslənə bilər ki, orada xanəndə nəfəsi, guşə və xalları hiss olunsun. Bu əlamətlər olmadıqda çalğı öz şirinliyini itirir. Buna görə də çalğıçı texniki üstünlüyü unutmamaqla, həm də havanın melodikliyini, bədiiliyini də nəzərə almalıdır. Məhz Əhədin çalğısında bu iki keyfiyyət həmişə özünü göstərmişdir. Əhədin çalğısı bir də ona görə seçilirdi ki, onun çalğı texnikası bədii ifaçılıqla məharətlə birləşərək çalınan havanın melodik imkanlarını artırırdı. Buna görə də onun çalğısı təsirli olurdu. Cəsarətlə demək olar ki, Əhəd Bakının musiqi tarixində ilk sanballı qarmonçudur. Doğrudur, Bakıda az - çox bacarıqlı qarmon çalanlar olmuşdur. Lakin heç kəs Əhəd qədər Azərbaycan musiqisini dərindən bilməmiş və onu geniş xalq kütlələri arasında təbliğ etməmişdir. Əhəd bütün hissi, varlığı ilə Azərbaycan xalq musiqisinin vurğunu idi. Onun xəmiri, necə deyərlər, musiqi ilə yoğrulmuşdu. Əhəd məsum uşaqkən gözlərini itirdisə, musiqi ona yeni bir «göz» bəxş etdi. O, ətraf mühiti, həyatı, insan münasibətlərini, musiqi duyğusu ilə dərk edir, görürdü. Məhz Əhədin fikir və düşüncələrini, ürək çırpıntılarını qarmonu ifa edirdi. Onu dinlədikcə adamlar həyəcanlanır, özünü unudur, eyni zamanda gah kədərlənir, gah da sevinirdi. Beləliklə, Əhəd öz məftunedici çalğısı ilə onu dinləyənlərin iztirablarını yüngülləşdirərək qəmdən, qüssədən xilas etməyə çalışardı. Əhəddə təşkilatçılıq bacarığı da var idi. O, 1934 – 1935 - ci illərdə Əbilov adına klubda ansambl təşkil etmişdi. Azərbaycan Dövlət Filarmoniyasında «sazçı qızlar ansamblı» nın əsas təşkilatçılarından biri də Əhəd olmuşdu. O, həm qızlara saz çalmağı öyrədir, həm də ansamblın solisti kimi fəaliyyət göstərirdi. 1938 - ci ildə Azərbaycan musiqiçilərindən bir qrup ifaçının, o cümlədən Əhədin qarmonda «Segah» ı, sazda «Çahargahı» qrammofon vallarına yazıldı. Təəssüf ki, bu cür kamil və son dərəcə virtuoz qarmonçunun təkcə «Segah» ı vala köçürülmüşdür. Bu gün bizə yeganə təsəlli olan bu val musiqi xəzinəmizin ən nadir incilərindən biridir. Öz şirin, təsirli və həzin çalğısı ilə qəlbləri əsir edən Əhəd «Segah» ı ilə Azərbaycan çalğı sənətini bir daha yüksəklərə qaldırmışdır. Əhədin «Segah» ının üstünlüyü bir də onunla izah olunur ki, onun çalğısı başdan - ayağa xanəndə guşə və nəfəsləri ilə doludur. Son dərəcə improvizə elementlərinə malik olan qarmonçu, texniki üstünlüklərə uymayaraq, bədii çalğı formalarını daha üstün tutaraq «Segah» ın bütün sirlərini açıb dinləyiciyə çatdıra bilmişdir, Məhz buna görə də dinləyici Əhədin çalğısından doymur, onu dönə - dönə dinləmək istəyir. Əhədin «Segah» ı insanı həm düşündürür, həm də yaşamaq, yaşatmaq meyllərini gücləndirir. Bir sözlə, Əhədin sehrli barmaqları dinləyicini ovsunlayıb onun qəlbini titrədir, ürəyində qəribə həyəcanlı hisslər oyadırdı... Əhədin saz çalmağı da məşhur idi. O, saz havalarını elə məharətlə çalardı ki, virtouz saz aşıqları belə onun saz çalmağına həsəd aparardılar. Əhəd sazda bütün aşıq havalarını, həm də muğamları özünəməxsus ustalıqla ifa edərdi. Xüsusilə, onun sazda çaldığı «Yanıq Kərəm» i dillərdə dastan idi. «Yanıq Kərəm» böyük bir əsərdir. Cəsarətlə demək olar ki, «Yanıq Kərəm» də xalq musiqisinin, aşıq yaradıcılığının ən incə, dolğun, zəngin nümunələri toplanmışdır. «Yanıq Kərəmi» havasının xarakterik xüsusiyyətlərini bütün incəliyinə qədər duyan Əhəd bu qədim el havasını sazda elə məharətlə çalardı, ona elə melodik bəzəklər vurardı ki, dinləyicilər heyrətə gələrdilər. Böyük konsertlərə və musiqi məclislərinə tez - tez dəvət olunan Əhəd özü ilə sazını da aparardı. Çünki o, yaxşı bilirdi ki, dinləyicilər qarmonda onun «Segah» ına qulaq asdıqdan sonra sazda da «Yanıq Kərəmi» çalmağı tələb edəcəklər. Əhəd qarmonda klassik muğamları nə qədər gözəl və məharətlə çalırdısa, oyun havalarını da bir o qədər sənətkarlıqla ifa edərdi. Onun özünəməxsus əda ilə çaldığı «Tərəkəmə» havası daha məşhur idi. Əgər muğamlar içərisində «Segah» bizim üçün nə qədər yaxın və əzizdirsə, oyun havaları içərisində də «Tərəkəmə» bir o qədər əzizdir. Əhədin virtuoz çalğısını, xalq musiqisini gözəl bilməsini nəzərə alan Ü. Hacıbəyov onu opera teatrına işləməyə dəvət etmişdi. Əhədin qızı Leyla xanım bu hadisəni belə nəql edir: «Atamın xətrini Üzeyirbəy çox istəyirdi. Bizim evə Cabbar Qaryağdı oğlu, Müslüm Maqomayev, Qurban Pirimov, Zülfü Adıgözəlov tez - tez gələrdilər. Rəhmətlik Cabbar əmi atamın «Bayatı - Qacar» çalmasını çox xoşlardı. Zülfü üçün isə o, həmişə «Segah» çalardı. Maraqlı burasıdır ki, atam «Segah» da vurduğu barmaqları sonra tarda vurardı, bu da Qurban əmini çox təəccübləndirərdi. Qurban əmi çox mehriban, həm də zarafatcıl kişi idi. Atam «Segah» ı çalıb qurtaran kimi tarı atama uzadıb deyərdi:
- Əşi, sən mənim canım o barmaqları tarda da vur.
Sonra atamı qucaqlayıb zarafatyana deyərdi:
- Əşi, bu ərəbi - qiblə haqqı sən məndən yaxşı çalırsan.
Bir gün Teyyub gəlib atama dedi ki, ustad, bəs Üzeyirbəy sizi evinə dəvət edir. Axşam mən atamın qolundan tutub Üzeyirbəygilə apardım. Üzeyirbəy bizi çox mehribanlıqla qəbul etdi. Süfrəyə çay gəldi. Üzeyir bəy bir qurtum çay içib sağ əli ilə bığını tumarlayıb atama dedi:
- Oğlan, dünən radioda «Tərəkəmə» çalırdın, çox xoşuma gəldin. Sənin «Tərəkəmə»n başqalarınkına bənzəmir. Ona görə belə qərara gəldim ki, səni opera teatrına dəvət edəm. Hə, qoçaq, razısanmı? Atam bir qədər tərəddüd etdikdən sonra dilləndi:
- Ay Üzeyirbəy, mən qarmon ilə operada nə edəcəm?
Üzeyir bəy bir də bığını tumarlayıb dilləndi:
- Heç nə. «Arşın mal alan» ın axırıncı toy pərdəsində oyun havalarını, daha doğrusu, «Tərəkəmə» ni sən çalmalısan. Bir bunun xatirinə səni operaya dəvət edirəm. - Sonra Üzeyir bəy ayağa durub sağ əlini atamın çiyninə qoyub sözünə davam etdi:
- Hə, qoçaq, razısanmı?
Atam Üzeyirbəyə öz təşəkkürünü bildirib, axırda zarafatla dedi:
- Neynək, bəyin sözündən çıxmaq olmaz.
Sabahı maşın gəldi, atamı apardılar operaya».
1930 – 1940 - cı illər Əhədin yaradıcılığı üçün ən məhsuldar dövr olmuşdur. İstedadlı sənətkar son on il ərzində Azərbaycan Dövlət Filarmoniyasında, opera teatrında, radioda və digər musiqi müəssisələrində yorulmadan fəaliyyət göstərmiş, Azərbaycan çalğı musiqisinin inkişafına var qüvvə ilə kömək etmişdir. Əhəd onlarca bacarıqlı qarmonçu yetirmişdir. Onun şagirdlərindən Teyyub Dəmirov, Fatma, Səfərəli Vəzirov, Məmmədağa Ağayev və başqaları sonralar bir qarmonçu kimi məşhur oldular. Onlar Əhəd sənətinin ləyaqətli davamçıları idilər. İstedadlı musiqiçi Əhəd Fərzəli oğlu 1942 - ci ildə Bakıda 49 yaşında vəfat etmişdir.
F. Şuşinski “Azərbaycan xalq musiqiçiləri”, Bakı “Yazıçı” 1985, Səh. 304 – 309.
____________________________________________________________________________________________________________________________________________
Musiqi sənətində Kor Əhəd kimi tanınan mahir qarmonçalan Əhəd Fərzəli oğlu Əliyev 1893 - cü ildə Bakı şəhərində yoxsul bir ailədə dünyaya gəlmişdir. Onun nə ailəsində, nə də qohumlarında musiqiçi olmamışdır. Onun musiqiyə gəlişi təsadüfi, özü də faciəli şəkildə olmuşdur. İki yaşlı Əhəd qǝfildən göz xəstəliyinə tutulur. Həkimlərin zəhməti bir nəticə vermir. Üç yaşına çatan Əhədin gözləri tamamilə tutulur. Altı yaşa çatanda fikri dağılsın, darıxmasın deyə ona 7 dilli balaca qarmon alırlar. Buna hədsiz - hüdüdsuz sevinən balaca Əhəd barmaqlarını qarmonun dillərində hərəkət etdirərək ürəyində səslənənləri orada tapmaq istǝyirdi. Qarmon şikəst uşaq üçün yeganə təsəlli, şirin söhbətli dost - sirdaş, əsl yoldaş idi. Balaca Əhədin musiqi müəllimi olmamış, qarmon çalmağı sərbəst, tənha, özü öyrənmişdir. Yeganə məktəbi yaşadığı məhəllədə el adətilə keçirilən toylar və həm də qrammafon valları olmuşdu. Qohum - qonşuda toy olanda anası Əhədin əlindən tutub özü ilə qadın toylarına aparırdı. O dövrdə Bakı toylarının musiqiçi dəstələri qarmon - qaval, zurna - balaban, nağara çalandan ibarət olardı. Qadınların əksəriyyəti qarmonla çalınan havaları oynamağı daha çox xoşlardılar. Qarmonun şirin sədası ilə səslənən "Mirzəyi", "Tərəkəmə", "Vağzalı", "İnnabı", "Qızıl gül", "Uzun dərə" kimi oyun havaları daha çox dəbdə idi. Qəlbində musiqiyə qədərsiz həvəsli balaca Əhəd qarmonçalana daha yaxın bir yerdə əyləşər və çalınan bütün havaları həvəslə dinlərdi. Dünya işığına həsrət qalan şikəst uşaqda ətraf mühiti duymaq və musiqi qavramaq qabiliyyəti çox güclü, hissiyatı yüksək idi. Toy məclislərindən evə dönən kimi, Əhəd qarmonu götürər eşitdiyi mahnı və rəqs havalarını öyrənərdi. Onun bir qarmonçu kimi yetişməsində Kərbəlyai Lətifin qrammafon vallarında çaldıqlarının da az - çox təsiri olmuşdur. Əhəd 13 - 14 yaşlarında olanda ona 14 dilli qarmon alırlar. O, bu alətlə bir az da mükəmməl çalmağa başlayır. Onu tez - tez qohum - qonşu yığıncaqları və şənliklərinə, ailə şadyanalığına dəvət edirlər. Əhədin oyun havalarını olduqca şux, təsirli, özünəməxsus və sərbəst çalması getdiyi çal - çağır məclislərində onu hamıya sevdirər, tanıtdırar və pərəstişkar toplamasına imkan yaradardı. Bakı toylarında Seyid Mirbabayevi, Cabbar Qaryağdıoğlunu, İslam Abdullayevi, Keçəçi oğlu Məhəmmədi dinləyən Əhəd onların muğam ifalarında işlətdikləri şirin boğazları, guşə və xalları qarmonda tapıb çalırdı. Eşidənlərə elə gəlirdi ki, qarmon dil açıb oxuyur. Artıq 16 yaşına çatanda Əhəd peşəkar musiqiçi kimi tanınır və qadın toylarına dəvət olunur. Bu toylarda onun çalğısını Zeynəb adlı dəf çalan qadın, sonralar isə Teyyub adlı uşaq müşaiyət etmişdir. Onların getdikləri məclislər Bakı və Abşeron toyları olardı. 20 yaşından qarmonçu Əhəd kişi toylarına çağırılırdı. Az vaxt içərisində sənəti ilə çox sevilən Əhəd Şirvan və Muğan toylarına da dəvət edilirdi. O, təkcə qarmonçalan yox, eyni zamanda saz, tar, tütək, balaban, zurna və piano ifasını bacaran istedadlı bir şəxs idi. Bütün alətlərdə çalmağı o, özü öyrənmişdi. Müəllimi olmadan musiqi aləminə gələn Əhəd Əliyev qarmon sənətində mahir ifası ilə tanınmaqla, layiqli peşəsinin təsiri ilə öz ardınca çox qarmonçalanlar gətirmişdi. Onun sənəti əsl məktəb idi. Əhəd bir saz çalan kimi bütün Azərbaycanda məşhur idi. Bir çox xanəndələr toylara dəvət olunanda Əhədlə çalıb - oxumağı üstün tutardılar. Əhəd tarda onları müşayiət edər, sazda bu alətə məxsus havaları, qarmonda isə rəqsləri çalardı. Əhədin bu qabiliyyəti Cabbar Qaryağdıoğlunun nəzərindən qaçmamış, o, onu özüylə toylara aparmışdır. Əhədin çaldığı "Segah" böyük xanǝndəmizi valeh edərmiş. Bütün məşhur sənətkarlar kimi Əhədin də öz dəstəsi olmuşdur. Onun musiqiçi heyətində qarmon, tar, qaval, qoşanağaraçalan olardı. Görkəmli bəstəkar Müslüm Maqomayev onu radioda çalmaq üçün dəvət edir. Əhədin qarmonunun qəlb oxşayan, ecazkar səsi 1927 – 1933 - cü illərdə doğma Azərbaycanımıza yayılır. O, rayonlarımıza konsert səfərlərinə getmiş, mahir ifaçı kimi hər yerdə seçilmişdir. Onun istedadlı musiqiçi olduğunu nəzərə alan dahi bəstəkar Ü.Hacıbəyli onu 1931-ci ildə radioda yaratdığı "Notlu Şərq orkestri" nə dəvət edir. Orkestrdə "Şur" muğamının "Bayatı - Qacar" şöbəsi, "Cahargah"ın "Bəstənigar", "Rast" ın, "Şikəsteyi - fars" şöbəsi ifa ediləndə solo çalmaq Əhədə həvalə edilərdi. Əhəd bütün muğamları özünəməxsus, zəngin çalarlar və bəzəklərlə çalardı. Əhəd Əliyevin ifasında "Bayatı - Qacar" muğamı dolğun, əzəmətli, təsirli və texniki ustalıqla səslǝnirmiş. Onun bu muğam üçün yaratdığı üslub da sonrakı qarmonçalanlar üçün məqbul olmuşdur. Ə.Əliyevi musiqi tarixində, qarmon ifaçılığı meydana gələn dövrdə ilk on mahir, sanballı, on peşəkar qarmonçu saymaq olar. Düzdür, onun dövründə az - çox bacarıqlı qarmonçalanlar olmuşdur. Lakin onların heç biri Əhəd səviyyəsinə gəlib çatmamışdır. Əhəd xalq musiqisinə dərindən bələd olmuş və onu layiqincə təbliğ edə bilmişdir. Uşaqkən görmə qabiliyyətini itirib dünyanın işığından məhrum olsa da, onun daxili aləmində bir qığılcım, işıq yanmışdı. Onun iç dünyasında nurlu, işıqlı aləm var idi. Çalğısı, zəngin sənəti, böyük ifaçılıq qabiliyyəti ilə dinləyicilərin qəlblərini, mənəvi aləmini işığa, nura qərq edirdi. Ə.Əliyev 1932 - ci ildə ilk dəfə "Şərq qarmonçular ansamblı" yaratmışdı. Onun 1934 - 1935 - ci illərdə Əbilov adına klubda ansamblı olmuşdur. Dövlət Filarmoniyasında təşkil olunan sazçı qızlar ansamblının yaradılmasında da Əhədin böyük rolu olmuşdur. O, qızlara həm saz çalmağı öyrǝdər və həm də solist kimi çıxış edərdi. 1938 - ci ildə Azərbaycan musiqiçilərindən bir qrupunun və Əhədin ifası qrammafon valına yazılır. Valın bir üzündə o, sazda "Cahargah", digər üzündə isə qarmonda "Segah" yazdırmışdır. Əfsus ki, belə qüdrətli və hünərli sənətkarın ifasından bizə yadigar qalan yalnız həmin qrammafon valıdır. Musiqiçilər bilir ki, sazda "Cahargah" çalmaq sənətkardan yüksək ustalıq tələb edir. Əhəd bunun öhdəsindən yüksək peşəkarlıqla gəlmişdir. Görünür, muğama dərindən bələd olması və tar çalmaq bacarığı bu işdə ona kömək etmişdir. Onun vala yazdırdığı "Segah" muğamı xalqımızın musiqi xəzinəsinin ən nadir, əvəzsiz incilərindəndir. Onun bu ifasının təsirindən qarmon çalmağı öyrənməyə gələnlərin sayı artmışdır.
Xalq artisti, xanəndə Baba Mahmudoğlu (1940 - 2006) ustad tarzən, xalq artisti Bəhram Mansurovdan (1911 - 1985) eşitdiyini belə söyləyirdi: "M. Maqomayev" "Şah İsmayıl" operasını yazarkən Əhədin (1911 - 1985) "Segah" ını dönə - dönə dinləmiş və əsərin bir səhnəsində ondan istifadə etmişdir. Əsərdə Şah ismayıl ilə Gülzarın görüş səhnəsi vardır. "Segah" sədaları altında Şah İsmayıl Gülzarın ətrafında dövrə vurur. "Segah" ı simfonik orkestr çalır. Əhədin təsirli "Segah" ını bəyənərək M.Maqomayev onu nota almış və simfonik orkestrin ifasına gətirmişdir". Əhədin saz çalmağından aşıqlar da vəcdə gəlirdilər. O, əksər saz havalarını, həm də muğamları sazda məharətlə çalarmış. "Yanıq Kǝrǝmi" saz havası Əhədin çalğısında böyük, zəngin əsərə çevrilərmiş. Getdiyi toy məclislərinə və konsertlərə sənətçi özüylə həmişə sazı apararmış. Bilirdi ki, ondan mütləq saz ifası da istəniləcək. Muğamlarla bərabər Əhədin ifasında oyun havaları, xüsusilə "Tərəkəmə" rəqsi ecazkar səslǝnirmiş. Xalq musiqisini yaxşı bilməsini və virtuoz çalğısını nəzərə alan Üzeyir bəy Əhədi Opera Teatrına işə dəvət edir. "Arşın mal alan" operettasının toy səhnəsində Əhəd "Tərəkəmə" çalırmış. Əvvəllər radioda müntəzəm canlı çıxışlar efirə verilirmiş. Ə.Əliyev belə çıxışlara tez - tez dəvət olunar, rəqsləri və muğamları çalırmış. Xalq arasında və musiqi aləmində böyük hörmət sahibi olan Əhədin evinə Üzeyir bəy, Cabbar Qaryağdıoğlu, M.Maqomayev, Qurban Pirimov, Zülfü Adıgözəlov tez - tez gələrdilər. C.Qaryağdıoğlu onun "Bayatı - Qacar" ından doymaz, Z.Adıgözəlov "Segah" ından böyük zövq alırmış. Əhəd qarmonda çaldığı "Segah" da vurduğu barmaqları sonra tarda da işlədirmiş. Bu tarzən Qurban Pirimovu təəccübləndirirmiş. O, Əhədin həmin barmaqları bir də vurmasını xahiş edirmiş. Qəribədir ki, Əhəd xanəndə boğazlarını qarmonda və tarda ustalıqla işlədirmiş. Əhədin müəllimlik fəaliyyətini qeyd etmək xüsusilə yerinə düşər. Mənzilində dərs keçən ustad sənətkar qarmonçalanlar dəstəsi yetişdirmişdir. Məmmədağa Ağayev, Hacıbala Dadaşov, Rza Şıxlarov, Məmmədhüseyn Salamov, Vahab Səmədov, Mirzǝağa, Fatma xanım və b. ondan dərs almışlar. Onun tələbələri də peşəkar sənətə qədəm qoyandan sonra ifaçılıqla bərabər müəllimlik də etmişlər. Hacıbala Dadaşovun şagirdi olmuş Səfərəli Vəzirov, Məmmədağa Ağayevin yetirməsi Musa Həsənov sonralar qarmonçalan kimi məşhurlaşmış və musiqi mədəniyyətimizə cəsarətlə töhfələr vermişlər. Qarmon üzərində islahatlar aparılmasında da Əhədin bitkin, əsaslı fikirləri mühüm rol oynamışdır. Qarmon ustaları, o cümlədən Arxip Karpuşkin onun fikirlərini həmişə nəzərə almışdır. A.Karpuşkinin düzəltdiyi üç ədəd qarmon Əhədin əlində olmuş və sənətçi onun hər birindən lazımınca istifadə etmişdir. Qarmonların biri "si" bemol, biri "do" kökündə, üçüncüsü isə "çetverttonlu" qarmon idi. Sevimli sənətkarımızın yaradıcılığında ən məhsuldar dövr 1930 – 1940 - cı illər ərzində olmuşdur. Bu illər ərzində o, Azərbaycan Dövlət Filarmoniyasında, Opera Teatrında, radioda və digər musiqi müəsissələrində ciddi və yorulmaz fəaliyyətilə musiqi dünyamıza böyük xidmət göstərmişdir. Ə.Əliyev ǝn mahir musiqiçilərimizlə birlikdə 1938 - ci ildə Moskva şəhərində keçirilən "Dekada" da iştirak etmiş və yüksək, səviyyəli çıxışı ilə alqışlar qazanmışdır. Əhəddən əvvəl bəzi qarmonçalanlar olmuşsa da, qarmon ifaçılıq sənəti onun adına bağlanmış, yüksəlmiş, vüsət almışdır. Öz misilsiz sənətilə o, əsl Azərbaycan qarmon məktəbi yaratmışdır. Ustad tarzən Bəhram Mansurovun xatirələrindən: "Müğənni Yavər xanım Kələntərlinin (1902 - 1979) çalğı alətləri içərisində ən çox sevdiyi qarmon idi, qarmonçalanlar içərisində də Əhəd Əliyev. Düzdür Əhəd Əliyev artıq həyatda yox idi, lakin Yavər xanım hərdən - hərdən 30 - cu illəri anırdı, ailə məclislərinə Əhədi dəvət etmələrini söyləyirdi: - Bir axşam o dövrün ziyalılarından Ağaxan Talışınski, Əbülfəz Qarayev, Camo Cəbrayılbəyli süfrə arxasında əyləşmişdilər. Şirin söhbət gedirdi. Əhəd də məclisimizdə qonaqdı. Kimsə qayıtdı ki, ay məşədi Əhəd, sən də bir söhbət elə. Əhəd qarmonu götürdü: "Mən sözümü qarmonla deyəcəm". "Segah" çaldı. "Segah"- nə "Segah". Bəlkə də beləsi olmamışdı. Deyirlər ki, musiqi danışır, doğru sözdür. Əhəd qarmonun dilləri ilə məclisdəkilər ilə danışırdı". "Araz" x.ç.a. ansamblının tarzəni, Milli Konservatoriya tərkibində İncəsəsənət Gimnaziyasının müəllimi Xaliq Dadaşovun dediklərindən: "Atam Qulammirzə Dadaşov danışardı ki, "Sovetski" məhəlləsindəki evimizə qarmonçu Əhəd Əliyevi dəvət etmişdik. Qonaqlarım var idi. Məsləhət oldu ki, Əhədi də çağıraq. Dalınca adam göndərdik. Əhəd otağa daxil olan kimi dedi: Dörd kişi əyləşmisiz burada, biriniz durub divardakı saatın əqrəbini düzəltmirsininz. Axı əqrəb ilşib, ona görə də saat dayanıb, işləmir. O, bunu öz hissiyyatı ilə duymuşdu. Axı gözdən əlil olanların hissiyyatı güclü olur. Çalğıya başlayanda hamını heyran etdi. O qədər təsirli çalırdı ki, adam kövrəlirdi. Onu həyacansız dinləmək mümkün deyildi. Qarmonun səsi bizi sehrə salmışdı..." Xaliqin atası öz məhəllərində və Bakıda hörmət - izzəti və həm də ləqəbi ilə, "Kaberkod" Qulammirzə kimi tanınırdı. Kaberkod onun geyindiyi paltonun materialının adı idi. O dövrdə belə paltolar dəbdə olub və təbii ki, arzu edənlər çox olsa da, almağa hər adamın imkanı olmayıb. Əhəd Əliyev Bakıda yalnız toyların deyil, imkanlı ailələrin, ziyalıların və hörmətli kişilərin yığncaqlarının, ev tədbirlərinin də ən sevimli sənətkarı idi. Əhəd Əliyev 1942 - ci ildə qəfil xəstəlik keçirərək 49 yaşında dünyasını dəyişmişdir.
_______________________________________________________________________________________________________________________________
Əhsən Rəhmanlı “Qarmon ifaçılığı sənəti və onun Azərbaycanda tədrisi”, Bakı “MBM” 2014, Səh. 41 – 46.