XX əsrin 40 – 60 - cı illərində və az sonra da Bakıda Hacıbala Dadaşov, Məmmədhüseyn Salamov, Ağahüseyn Əliyev, Vahab Səmədov və digər qarmon ifaçıları sənətdə tanınan idilər. Onların hər biri Əhəd Əliyev və Teyyub Dəmirov sənətinin cığırdaşları olaraq, onların yaradıcılıq üslubundan bacarıqla istifadə edirdilər. Vahab Səmədov toy - nişan qarmonçalanı olmaqla bərabər müxtəlif musiqi heyətlərinin tərkibində konsertlərdə və bayram nümayişlərində də çalırdı. O da dövrünün yaxşı qarmonçalanlarından biri sayılırdı. Vahab xanəndə dəstələrinin tərkibində Bakıda, qəsəbələrdə və rayonlarda qarmonumuzu el - obada sevdirənlərdən biri idi. Müəllim kimi də yaxşı tanınırdı. Mənzilində həvəskarlara sənət öyrətməkdən əlavə, həm də Binəqədi qəsəbəsindəki mədəniyyət evinin qarmon sinifində dərs deyirdi. Onun yetirmələri içərisində hazırda qarmon ifaçısı kimi fəaliyyət göstərənlər və pedaqoji sahədə çalışanlar da az deyil. Yetirmələri bu gün də Vahib Səmədovu hörmətlə xatırlayırlar. O, öz sənətini oğlu Fərhada da öyrətmişdi. Fərhad da xalq musiqiçiləri arasında yaxşı tanınır və bacarıqlı qarmonçalanlardan biri sayılırdı. O, məşhur klarnet ifaçısı Şəmsi İmanovun dəstəsində çalırdı. Bundan əlavə digər musiqi qruplarının tərkibində də sənət nümayiş etdirirdi. Fərhad gənc yaşlarında həyatdan getmişdir.
___________________________________________________________________________________________________________________
Əhsən Rəhmanlı “Qarmon ifaçılığı sənəti və onun Azərbaycanda tədrisi”, Bakı “MBM” 2014, Səh. 80.