Tağıyev Təvəkkül Əhmədağa oğlu 1961 - ci ildə Salyan şəhərində anadan olmuşdur. 1969 - cu ildə zəngin ənənələrə malik olan, Azərbaycanımıza neçə - neçə elm adamları və böyük sənətkarlar bəxş edən 2 saylı orta məktəbin birinci sinfinə daxil olmuşdur. Valideyinləri uşaqlıqdan onun kövrək, incə və zərif duyğularını hiss etmişdilər. 1972 - ci ildə onu Salyan şəhər musiqi məktəbinin qarmon sinfinə qoyurlar. Az vaxtda bu uşağın musiqi duyumu və sonsuz həvəsini hiss edən Əflatun müəllim onunla daha ciddi məşğul olmağa başlayır. Müəllim şagird anlaşması son dərəcə gözəl bəhrə verir. Təvəkkül musiqi məktəbində bacarıqlı şagird kimi seçilir, təhsil ocağının konsertlərində və rayon tədbirlərində öz istedadını nümayiş etdirir. Ustad Əflatun Ağayev öz qayğısını və məhəbbətini nizam - intizam və sevimli şagirdlərindən əsirgəməmişdir. Təvəkkül 1977 - ci ildə musiqi məktəbini yüksək göstəricilərlə bitirir. Musiqiyə sonsuz həvəs gənc Təvəkkülü televiziya və radio konsertlərindən, maqnitofon lentlərindən ayrılmağa qoymur. O, hey dinləyir, məşq edir, öyrənir və sənətdə özünə yol açırdı. T. Tağıyev 1980 - ci ildən Salyan və onun ətraf rayonlarına konsertlərə və toylara getməyə başlayıb. O. 1989 - cu ildən Salyan rayonundakı Yenikend musiqi məktəbinin qarmon sinfində dərs deyir. Təvəkkül müəllim rayonun mədəni - kütləvi tədbirlərində, bayram konsertlərində musiqiçi kimi iştirak edərək öz bacarığını əsirgəmir. O, dəfələrlə xarici ölkələrdə milli musiqimizi təmsil etmiş. Ukrayna Respublikasında konsertlərdə çıxış etmişdir. Təvəkkül Tağıyev Mədəniyyət Nazirliyinin xəttilə 1993 - cü ildə İran İslam Respublikasına sənət səfərinə getmişdir. Sonrakı illərdə o həmin ölkədə konsertlərdə olmuşdur. Təvəkkül müəllim radiomuzun fonduna "Zabul" muğamı və beş rəqs havası yazdırmışdır.
__________________________________________________________________________________________________________________
Əhsən Rəhmanlı “Qarmon ifaçılığı sənəti və onun Azərbaycanda tədrisi”, Bakı “Araz” 2008, Səh. 124,125.