2008 - ci ilin fevral ayında "Qarmon ifaçılığı sənəti və onun Azərbaycanda tədrisi" kitabını nəşr etdirdiyim zaman vətənimizin bölgələrində yaşayıb fəaliyyət göstərmiş mahir qarmon sənətkarlarını da əhatə etmək istəyirdim. Bu zaman Füzuli rayon sakini olmuş, yaxşı ifaçı kimi tanınmış Bəylərin də adını tez - tez eşidirdim. Onun tam mükəmməl, kamil bir sənətkar olması barədə danışırdılar. Bəzi tanışlar (Bakıda məskunlaşmış qaçqınlar) çalışsalar da axtardığım sənətkarın doğmaları ilə mənim əlaqəmi qura bilmədilər. Qarmon ifaçıları haqqında ikinci kitabı başlarkən Allah - təala bu işdə özü mənə kömək oldu. Barəsində məlumat almaq istədiyim sənətkarımızın sevimli yetirmələrindən biri, xeyirxahlıq nümunəsi, əsl ziyalı Abbas müəllimlə təsadüfi tanışlıq hər şeyi yoluna qoydu. Abbas müəllim mobil telefon vasitəsilə əlaqə yaradıb, Bəylər kişinin oğlu Rasim müəllimi Bakıya çağırdı. Beləliklə 2011 - ci ilin avqust günlərinin birində Bakının Nərimanov parkındakı istirahət guşəsində əyləşib pürrəngi çay içǝ - içə məqsədimizə rəvac verdik. Bəylər Topaşa oğlu Əhmədov 1932 - ci il may ayının 10 - da Füzuli şəhərində anadan olub. Onların əsli Qalalı (Şuşa şəhəri) Topaşa bəyin nəslindən idi. Bəylərin atası da həvəskar qarmonçalan olub. Bəylər orta məktəb illərində diatonik (yarımtonsuz) qarmonla atasından çalğı öyrənib. Məhəllə uşaqları tez - tez bir yerə toplaşıb, çalıb - oynayıb şənlənirmişlər. Bəylərin istedadı, bacarığı əvvəllər tay - tuşlarının xoşuna gəlirdisə, sonralar böyüklərin də nəzərini cəlb etməyə başlamışdı. Gələcəkdə onun yaxşı sənətkar olacağı göz önündǝydi. Füzulidə qarmonçalan Dəllək Qasım olub. Rayonun sonrakı qarmonçuları Bəylər və Emin ilk dəfə onu dinləyiblər. Dəllək Qasım yarımtonsuz qarmonda çalırmış. Bəylər Əhmədov 1952 -1955 - ci illərdə Rusiyada Sovet ordusunda xidmət edib. Əsgərlikdən gǝləndən sonra o, özünə əsl sənətkar qarmonu alaraq, tam peşəkar sənətə qədəm qoyub. Bəylər təhsil almaq barədə də düşünürdü. Onun canı - qanı milli musiqimizdən yoğrulmuşdu, hərtərəfli istedad sahibi idi. Hərbi xidmətdən qayıdan Bəylər A.Zeynallı adına Musiqi Texnikumunun tar sinfinə daxil olaraq əyani şöbədə 4 il təhsil almış və sonra doğma rayona qayıtmışdı. O, yaxşı tar ifaçısı kimi də göz önündəydi. Təhsil illərində Bəylər Əhmədov musiqiçi yoldaşları ilə Bakıda və Qarabağ bölgəsində keçirilən toy - nişan məclislərinə qarmon ifaçısı kimi dəvət olunurdu. Yaxşı gənc ifaçılar arasında onun da adı var idi. Füzuli şəhərində ilk uşaq musiqi məktəbi 1957 - ci ildə yaranıb. Məktəbin ilk direktoru Mǝmməd Nəbiyev olub. Rayonun musiqisevər, istedadlı gənclərini buraya toplayaraq, gələcək böyük musiqiçilər yetişdirib. Bəylər Əhmədov Füzuli şəhər uşaq musiqi məktəbinin tar sinfində dərs deməyə başlayıb. Novruz Rzayev də tar sinfinin müəllimi idi. Üzeyir Hacıbəylinin yetirmələrindən biri Məmməd Cavadov musiqi nəzəriyyəsi, solfecio və musiqi ədəbiyyatı dərslərini aparırdı. Bəylər pedaqoji fəaliyyətdə nümunə idi. Bundan əlavə Füzuli rayonundakı toyların aparıcı, əsas, sevimli qarmonçalanı kimi fəaliyyət göstərirdi. O, ən nüfuzlu, hörmət - izzətli toy mərasimlərinə dəvət olunurdu. Bəylər müəllim həm də rayonda yaranmış ilk xalq çalğı alətləri ansamblına da rəhbərlik edirdi. O, ansambl işini də gözəl bilirdi. Bu işdə yüksək bacarıq göstərərək, ətrafına istedadlı həvəskarları toplayaraq yaxşı repertuar hazırlayıb, tez - tez konsertlər təşkil edirdi. Onun rəhbərlik etdiyi ansambl nəinki Füzulidə, həmçinin ətraf rayonlarda, hətta başqa respublikalarda da alqışlarla qarşılanaraq, bir - birindən uğurlu konsertlər vermişdi. Füzuli mədəniyyət evinin özü də, x.ç.a. ansambl və teatr truppası da o zamanlar təsərrüfat hesablı fəaliyyət göstǝrirdi. Odur ki, Bəylər Əhmədovun rəhbərlik etdiyi ansambl öz qüdrəti, repertuarı, uğurlu çıxışları ilə verdiyi əksər konsertlərdən pul qazanaraq, mədəniyyət evinin maliyyə vəsaitini artırırdı. Zəhmətkeş, hünərvər sənətkar 1960 - cı ildən başlayaraq, 13 il böyük bacarıqla bu ansambla rəhbərlik edib. O, dünyasını dəyişəndən sonra Füzuli mədəniyyət evinin x.ç.a. ansamblına tarzən Ramiz Əliyev rǝhbərlik edib. Qeyd etməliyik ki, Bəylər müəllim dövrünün mahir qarmon ifaçılarından biri olub. O, həqiqǝtən Füzulinin adlı - sanlı, sayılıb - seçilən sənətkarı idi. Bəylər Əhmədov Füzulidə yalnız öz adına gələn toylarda çıxış edirdi. O, həmişə hörmətlə qarşılanıb, hörmətlə yola salınırdı. Elə bu gün də Füzuli camaatı sevimli sənətkarı hörmətlə xatırlayır. Onun sənətini görüb dinləmiş rayon musiqiçiləri, müğənnilər özlərindən sonra sənətə cığır açmış çalğıçılara Bəylər müəllimin məharətindən danışırlar. Deməliyik ki, Bəylər kimi bir ifaçının sənətilə məşhur qarmonçalanlarımız da maraqlanırdılar. Ən mahir və çox məşhur qarmonçalan Məmmədağa Ağayev (1919 - 1982) də Bəylərin sənətinə yüksək dəyər verirmiş. Ustad sənətkar arabir Bəylərə qonaq gələr, onun ifasını dinlər, "Kometa" maqnitafon vasitəsilə lentə yazıb apararmış. Bu Məmmədağa Ağayevin Bəylər Əhmədovun sǝnətinə olan sevgisindən irəli gəlirdi. Yaxşı sənətkara dəyər vermək özü də böyüklükdən irəli gəlir. Bəylərin ifasını qiymətləndirmək Məmmədağanın böyüklüyündən xəbər verirdi. Bəylər müəllim A.Zeynallı adına Musiqi Texnikumunun tar sinfində təhsil alarkən ona bütün muğamları öyrətmişdilər. O da özü özlüyündə muğamları öz ifasında mükəmməlləşdirmişdi. Odur ki, hər bir muğamı qarmonda yüksək səviyyədə ifa edə bilirdi. O, muğamları qarmonda ustad Teyyub Dəmirovun (1908 - 1962) milli üslubu ilə çalırdı. Onun ifasında muğamlarımız çox şirin alnırdı. Vaxtilə məşhur qarmonçalanlarımız Abbas Abbasov (1924 - 1997) və Aftandil İsrafilov da Bəyləri dinləmişdi. SSRİ xalq artisti Rəşid Behbudov (1913 - 1989) və Azərbaycanın xalq artisti. ustad xanəndə Yaqub Məmmədov (1930 - 2002) da Bəylər Əhmədovun qonağı olmuş, onun sənətindən zövq almışdılar. Bəylər qarmonu sözün həqiqi mənasında el dilində, xalq üslubunda dilləndirirdi. Onun "Tərəkəməsi şirin xallarla, milli çalarlarla zəngin idi. Füzuli şəhər musiqi məktəbində ilk dəfə qarmon va kamança sinfi 1972 - ci ildə açıldı. Qarmon sinfinin ilk müəllimi Bəylər Əhmədov oldu və o, dörd şagirdlə; Abbas Abbasov, Xəlil Əliyev, Minayə və Etibarla dərsə başladı. Bu uşaqlar öz ustadlarından qarmon sənətinin sirlərini öyrənərək 5 ildən sonra, 1977 - ci ildə musiqi məktəbini bitirdilər. Abbas Abbasovun xatirələrindən: "Bəylər müəllimə, onun nəsil nümayəndələrinə, övladlarına çox böyük rəğbətim var. İlk sənət müəllimim o olub. Hər birimizə doğma övlad kimi yanaşıb. Mənə sənətin incəliklərini, qaydalarını öyrədərək, musiqi aləmi üçün hazırlayıb. İndi də yaxşı xatirimdədir ki, o, səbrlə, dərin hövsələ ilə bizə barmaq məşqlərini, aplikaturanı necə öyrədirdi. Sonra müəllimim mənə Ələkbər Tağıyevin "Azərbaycan", Bəhram Nəsibovun "Sən güləndə" mahnılarını və digər kiçik həcmli, sadə quruluşlu melodiyaları öyrətdi. Beləliklə beş il ərzində sadədən mürəkkəbə doğru çox şey əxz etdik. Əvvəllər "Bayatı - Kürd", "Rast" va "Bayatı - Şiraz" muğamlarını öyrənməyimi də yaxşı xatırlayıram. Sonra "Çahargah" və "Şahnaz", 5 - ci sinifdə isə "Hümayun" muğamı keçildi. Bəylər müəllim çalışırdı ki, Füzulidə Musiqi Texnikumu açılsın. Lakin xəstələndi, dünyasını dəyişdi və bu arzusu yerinə yetmədi." Bəylər Əhmədovun ifasında "Qızılgül" və "Arazı" rəqs havaları Azərbaycan radiosunun fonduna qəbul olunmuşdu. Onun sağlığında bu oyun havaları səsləndirilirdi. Bəylər Əhmədovun rəhbərlik etdiyi x.ç.a. ansamblı keçmiş SSRİ - nin bir çox yerlərində konsertlər vermişdi. Füzuli torpağından neçə - neçə müğənninin yetişib tanınmasında Bəylər müəllimin böyük xidmətləri olub. Bu sırada Səlim Fərhadov, Əbdürrəhim Axundov, Eldar Novruzov, Tǝşkilat Nəsirov və bir neçəsinin adlarını çəkə bilərik. Rasim Əhmədovun xatirələrindən: "Atam istedadlı cavanların sorağındaydı. Onları tapıb ansambla gətirər, öyrədər, konsertlərə aparar və püxtələşməsinə şərait yaradardı. Eldar Novruzovun yaxşı səsi, zənguləsi olduğu barədə eşitmişdi. Eldar qaynaqçı işləyirdi. Atam Eldarın iş yerinə getmiş, elə qaynaq işlərini gördüyü andaca qolundan tutub mədəniyyət evinə gətirmişdi. Səhv də etməmişdi. Eldar Novruzovun sənətə gəlişi öz bəhrəsini verdi, o, sayılıb - seçilən, xalq arasında sevilən bir xanəndə oldu. Eldar sonralar ətraflarda da çox tanındı. Dəfələrlə müsabiqələrdə iştirak etdi. Bəylər müəllim ansambl üzvlərilə ciddi iş aparırdı. Tar sənəti üzrə mütəxəssis olduğu üçün bütün alətlərə bələdliyi vardı. Məşq zamanı hər alətin ifaçısına bir - bir öyrədirdi. Doğrudan da o, hər bir alətin xüsusiyyətini, dilini yaxşı bilirdi. Ansamblda gözəl səslənmə yaradırdı." Bəylər Əhmədovun rəhbərlik etdiyi ansambl bir neçə dəfə Azərbaycan Dövlət Flarmoniyasında konsertlər vermişdi. Musiqi məktəbində onun tar sinfini bitirənlərdən öz oğlu Rasim Əhmədov, Elbrus Səfərov peşəkar sənətdə öz sözünü deyənlərin sırasındadırlar. Rasim də, Elbrus da mahir tarzən və gitaraçalandırlar. Elbrus Səfərovu əfsanəvi gitaraçı adlandırırlar. O, qonşu respublikalara, Rusiyanın şəhərlərinə, hətta Moskvanın özünə şənliklərə, tədbirlərə dəvət olunur. Elbrus Şərqin böyük musiqiçisi sayıla bilər. Bəylər müəllimin qarmon sinfində təhsil alanların əksəriyyəti respublikamızda tanınan sənətçilərdir. Bu sırada Yaqub Əliyev, Əlişad Ağayaroğlu, Mahir Məmmədov və Seyid Orucun adlarını çəkə bilərik. Deməliyik ki, ustad Bəylər Əhmədov adı qeyd olunan yetirmələrinin istedadını və həvəsini duyaraq, onlara xüsusi önəm verərək hazırlayıb. Bəylərin istifadə etdiyi qarmonu usta Yuravlyov düzəldibmiş. Haşiyə: "Yuravlyovun düzəltiyi qarmonlardan Teyyub Dəmirovda, Məmmədağa Ağayevdə və Abbas Abbasovda da olub. Həmin ustanın hazırladığı qarmonların sayı çox olmasa da, əlindən çıxan alətlər keyfiyyətcə yüksək sayılıb. Deyilənə görə o, qarmonun içərisindəki dilcəkləri (rusca - "qolos") qədim saatların kəfkirindən kəsib, doğrayıb hazırlayırmış. Həmin material çox davamlı və keyfiyyətli olduğu üçün yaxşı səslənir, həm də sınmırmış." Füzulidə Bəylərlə eyni dövrdə sənət işlədən Emin (1928 - 1973) adlı mahir bir qarmonçu da olub. O, doğulub boy atdığı rayonda və ətraflarda tanınıbmış. Muğamlarımızı, "Qazaxı" və "Şalaxo" rəqs havalarını ustalıqla çalırmış. Bəylərin qardaşı Famil xanəndə idi, öz bölgələrində yaxşı tanınırdı. Familin oğlu Oqtay qarmonçalan kimi fəaliyyət göstərmiş, sonra sənətdən uzaqlaşmışdır. O, əmisi Bəylərin foto - şəkillərini bizə gətirdiyi üçün ona təşəkkür etdik. Bəylər Topaşa oğlu Əhmədov 1951 - ci ildə ailə qurub. Bir qızı, üç oğlu və beş nəvəsi var. Bəylər müəllim 1977 - ci ildə dünyasını dəyişib. Övladlardan onun sənət yolunu davam edən, ilk övlad Rasimdir. Atadan gələn istedad, onun da qanında qaynayıb. Elə onun da taleyi musiqiyə bağlanıb. O, uşaq musiqi məktəbinin tar sinfini 1968 - ci ildə bitirib. Həmin ildə Respublika baxış - müsabiqəsinə göndərilib. Rasim Əhmədov Füzuli məktəbindən belə bir müsabiqədə iştirak edən ilk musiqiçi idi. Münsiflər heyətinin üzvləri, xalq artisti Əhməd Bakıxanov (1892 - 1973), Əməkdar artist Əhsən Dadaşov (1924 - 1976) və digər məşhur sənətkarlar idi. Rasim bu möhtəşəm tədbirə hazırlıqla gəlmişdi. O, "Çahargah" muğamını və "Daimi hərəkət" əsərini yüksək səviyyədə ifa etmişdi. Muğamın ifasında Rasim ustad tarzən Əhsən Dadaşovun barmaqlarından, xallarından məharətlə istifadə etmişdi. Bu an Əhsən müəllim gülümsəmiş, məmnun olmuşdu. Rasimin tarda ixtisas müəllimi Novruz Rzayev olub. Rasim Əhmədovun əla qarmon çalmağı da olub. 1967 - ci ildən 1971 - ci ilə qədər toylarda bacarıqlı qarmonçalan kimi fəaliyyət göstərib. Onun "Karpuşkin" qarmonu vardı. Gitara dəbə düşdüyü üçün bu alətə meyl edərək ən yaxşı gitaraçalanlardan biri kimi meydana çıxıb. Rasim atasının rəhbərlik etdiyi ansamblda ud və piano alətlərində də çalıb. O, 1975 - ci il iyun ayının 12 - də Azərbaycan Dövlət Filarmoniyasında qeyri - adi istedada malik, müxtəlif alətləri ifa edən gənclər arasında keçirilən müsabiqədə iştirak edərək, tar, saz, ud, qaval, tütək, qarmon və gitaranı məharətlə səsləndirərək laureat olmuşdur. Rasim Bəylər oğlu ali təhsili başqa ixtisas üzrə almışdır. O, Politexnik İnstitutu "sənaye və mülki tikinti" ixtisası üzrə bitirmişdir. Rasim 1977 - ci ildən Füzuli rayonunun Böyük Bəhmənli kənd uşaq musiqi məktəbinin tar sinfində dərs deyir. O, Füzuli rayonunda Rasim Bəyləroğlu kimi məşhur və sevilən gitaraçalandır. 2004 - cü və 2009 - cu illərdə onun ifaları toplanmış diskləri işıq üzü görüb. Rasim bu disklərdə xalq mahnılarını, muğamları və xalq melodiyalarını ustalıqla ifa edə bilib. Onun çalğısı çox təsirlidir, insanın ruhuna hakim kəsilir. O, ifasında gitara alətinə məxsus incə barmaqlar işlədir, ürəklə çalır. Bu ifaçı təsirli, təkrar xallarla dinləyicini ələ alır, onu öz təsir dairəsinə sala bilir. Onun hər ifasında dinləyicini özünə cəlb etmək ustalığı var. Nərimanov adına istirahət parkında, çayxanada əyləşib atası haqqında müsahibə alarkən onun öz telefonundakı ifalarını məmnuniyyətlə dinlədim. "Segah" muğamını o qədər təsirli ifa edib ki, mən qeyri - ixtiyari kövrəldim. Muğamın ardınca Ələkbər Tağıyevin "Sənsən" mahnısını da ǝla çalıb. Bu ifalar onun birinci diskindəndir.
_________________________________________________________________________________________________________________________________
Əhsən Rəhmanlı “Qarmon ifaçılığı sənəti və onun Azərbaycanda tədrisi”, Bakı “MBM” 2014, Səh. 149 – 153.