Qeyd etmək fikrindəyəm ki, Bakı musiqi mühitində İlqar Şəkili kimi tanıdığımız İlqar Kərimov Əsl ziyalı, gözəl musiqiçi olmaqla bərabər, həm də xeyirxahlığı ilə seçilir. O, xahişimi yerinə yetirib, Şǝkinin tanımlı, istedadlı qarmon ifaçıları haqqında məlumat əldə edərək mənə yetirdi. Əks təqdirdə Şəki ifaçılarının həyat və fəaliyyəti kitabımızda işıqlandırılmaya bilərdi. Belə ki, tədqiqatçı olsam da, əlil olmağım əyalətlərimizi gəzib dolanmağa mənə imkan vermir. Bu səhifələrdə bir daha İlqar bǝyǝ çox - çox təşəkkür edirəm. Şəki ölkəmizin çox səfalı, dilbər guşələrindən biridir. Bu gün Şəki nəinki ölkəmizdə və ya keçmiş SSRİ məkanında, artıq dünyanın çox yerində tanınır. Bu məkan füsünkar təbiəti, faunası, tarixi abidələri, istedadlı, müdrik insanları ilə həmişə seçilib. Şəki xalqımıza başucalığı gətirən tarixi şəxsiyyətlər, qəhrəmanlar və incəsənət xadimləri bəxş edib. Kitabımız Azərbaycan qarmon sənətindən bəhs etdiyi üçün biz də yalnız bu alət ifaçıları haqqında söhbət açırıq. Belə gözəl musiqiçilərimizdən biri haqqında bilgi verǝk. Ramiz Abdulǝli oğlu Sadıqov 1944 - cü il fevral ayının 25 - də Şəkidə anadan olmuşdur. O, uşaq ikən musiqiyə maraq göstərmişdir. İlk dövrlərdə tar çalmış, sonralar qarmona meyl etmişdir. Musiqiyə meyl göstərməsində Ramizin əmisi Ələsgər Sadıqovun böyük rolu olmuşdur. Çünki əmisi Əlǝsgər Şəkinin sevimli xanəndələrindən biri olmuşdur. İlk dövrlərdə şəhər pionerlər evində qarmon dərnəyinin üzvü olan Ramiz uşaq olimpiadalarında öz məharətini göstərə bilmişdir. 2 saylı şəhər orta məktəbində təhsil aldığı illərdə artıq qarmon çalmaqla bərabər, mahnılar oxuyur və rəqs etməyə başlayır. O, hərtərəfli istedad idi, musiqi üçün doğulmuşdu. Ramiz 1961 - ci ildə Şamaxıda keçirilən gənc turistlərin VII - Respublika toplantısında iştirak etmişdir. Toplantının yekun konsertində qarmonda ifa etdiyi "Aişə" və "Qazağı" oyun havaları Azərbaycan radiosu tərəfindən lentə alınmışdır. Ramizin müəllimi radio və televizor olmuşdur. Müntəzəm olaraq Teyyub Dəmirov, Səfərəli Vəzirov, Səttar Hüseynov kimi qarmon ustalarının sənətinə böyük maraqla qulaq asmışdır. Dəfələrlə pioner və məktəblilərin Bakıda keçirilən olimpiadalarında uğurla çıxış etmişdir. Bütün bunlar onu musiqi üçün yetişdirmişdir. Musiqiyə olan sonsuz həvəsi sayəsində 1962 - ci ildə Şəki Musiqi Texnikumunun klarnet şöbəsinə daxil olmuşdur. Təhsil illərində görkəmli el sənətkarı Ələfsər Rəhimov, Əhməd Qafarov, Sabir İsmayılov, Ağasəf Musayev kimi musiqiçilərlə bərabər xalq çalğı alətləri orkestrində çalmışdır. 1963 – 1966 - cı illərdə hərbi xidmətdə olmuşdur. Həmin illərdə Bakıda Azərbaycan SSR Daxili İşlər Nazirliyinin bədii özfəaliyyət kollektivlərinin fəal üzvlərindən biri olmuşdur. Kollektivə rəhbərlik edən bəstəkar Bəxtiyar Kərimov Ramiz Sadıqovun gələcəkdə böyük musiqiçi olacağını hiss etmişdi. O, fikrində yanılmamışdı. Ramiz peşəkar sənətdə öz sözünü deyənlərdən olmuşdu. Ramiz ordudan tərxis olunduqdan sonra yenidən Şəkiyə qayıdaraq, əvvəlcə İpək Kombinati klubunda, sonralar şəhər mədəniyyət evinin nəzdində qarmon dərnəyi təşkil edir, bu işdə xüsusi bacarıq göstərir. O, 1966 – 1970 - ci illərdə şəhər mədəniyyət evində fəaliyyət göstərən "Gənclik” xalq çalğı alətləri ansamblında qarmon çalmışdır. Onun ifası gözəl və şirin idi, qəlblərə yol tapmışdı. R. Sadıqov dəfələrlə Bakıda keçirilən Respublika əhəmiyyətli tədbirlərdə fəal iştirak etmişdir. O, lirik mahnıların gözəl ifaçılarından biri olmuşdur. Həvəskar bəstəkar Şahid Abdulkərimovun "Ana məhəbbəti", "Könül açdım", "Məğrur baxışların", "Heç küsməyin yeridirmi" və s. mahnılarını ifa edən müğənnilərdən biri olmuşdur. O, həm də gözəl rəqqas idi. 1977 - ci ildə keçirilən Zəhmətkeşlərin Bədii Yaradıcılığı Festivalının laureatı olan "Zorxana" xalq rəqs ansamblının üzvü olmuş və özünü doğrultmuşdu. R.Sadıqov dəfələrlə Moskvada Ümumittifaq Xalq Yaradıcılığı Festivalında, Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində, Tumen Vilayətinin Koqalım şəhərində, Gürcüstanda, Dağıstanda keçirilən Ümumittifaq tədbirlərdə fəal iştirak etmişdir. O, uzun illər ərzində respublikamızın bütün şəhər və rayonlarında "Səbuhi" xalq çalğı alətləri ansamblının tərkibində qastrol səfərlərində olmuşdur. Ansambl tərkibində onun solo çıxışları alqışlara qərq olurdu. O, qarmonu dilləndirə, danışdıra bilirdi. Onu Şəkidə çox sevirdilər. Toynişan mərasimlərində Ramizin məharəti daim önə çıxırdı. O, sənəti sevdirmək bacarığına yiyələnmişdi. Bəli! Axı o da fitri istedada malik idi. Ramiz 1992 - ci il aprelin 10 - da 48 yaşında qəflətən vəfat etmişdir. Hazırda onun hər üç oğlu; Vüqar - tarda, Rövşən - klarnetdə, Elşən isə nağarada mükəmməl çalırlar. Şəki mədəniyyət şöbəsi tərəfindən şəhərdəki klublardan birinə Ramiz Sadıqovun adı verilmiş.
__________________________________________________________________________________________________________________
Əhsən Rəhmanlı “Qarmon ifaçılığı sənəti və onun Azərbaycanda tədrisi”, Bakı “MBM” 2014, Səh. 261,262.