Alətşünas alim, musiqi mədəniyyətimizə dair kitablar müəllifi, Milli Konservatoriyanın müəllimi, sənətşünaslıq doktoru Abbasqulu Nəcəfzadənin dilindən dəfələrlə İlqar müəllimin yaxşı musiqiçi, yaradıcı şəxs və gözəl insan olması barədə eşitmişəm. İlqar Abdulkərim oğlu Kərimov 1960 - cı il avqustun 21 - də Şəki şəhərində anadan olub. Abdulkǝrimin babası Əkbər Ağa XIX əsrin ikinci yarısı və XX əsrin birinci yarısında Şəkidə ipək fabrikinin sahibi idi. Həmin fabrikin istehsalı çox yerǝ, o cümlədən xarici ölkələrə gedirdi. Əkbər Ağa böyük nüfuz sahibi olaraq geniş xeyriyyəçilik fəaliyyətilə də tanınırdı. İlqarın anası Rəfiqə Məmməd - Sadıq qızı Kərimova 1968 – 2000 - ci illərdə Şəki Mədəniyyət Şöbəsinin «Gənclər klubu» nun müdiri vəzifəsində çalışıb. Bu işgüzar qadın işlədiyi yerlərdə xeyli səmərəli işlər görüb. O, «Gənclər klubu» nda ilk əvvəllər musiqi dərnəkləri açmışdı. Uzun illər ərzində bu dərnəklərdə böyük musiqiçilər yetişib. R.Kərimova 2000 – 2008 - ci illərdə «Şəki ziyalılar evi» nin direktoru olub. Xidmətləri nəzərə alınaraq Rəfiqə xanım Kǝrimovaya əməkdar mədəniyyət işçisi fəxri adı veriləcəkdi, lakin, 2008 - ci ildə o, dünyasını dəyişdi. Dünyaya istedadla gələn İlqar 7 yaşı olarkən valideynlərinə qarmon çalmaq həvəsində olduğunu bildirib. Onun təkidi qəbul olunub və ona qarmon alınıb. Qarmona çətinliklə gücü çatan 7 yaşlı uşaq az vaxtda xeyli göstərici əldə etmişdi. Belə ki, o, müəllimdən dərs almadan xalq mahnılarını və rəqs havalarını sərbəst olaraq özü öyrənib çalmağa başlamışdı. Onun bacarığını nəzərə alıb musiqi dərnəklərinə getməsinə icazə vermişdilər. Burada onun müəllimləri Nurəddin Bədəlov və Vaqif Mustafayev olmuşdu. İlqar Kərimov 1967 - 75 - ci illərdə Şəki şəhərindəki 2 saylı məktəbdə natamam orta təhsilə yiyələnib. Həmin məktəbi fərqlənmə (qırmızı şəhadətnamə) ilə bitirib. Musiqi dərnəyində İlqar öz həvəsi və istedadı ilə yoldaşlarından fərqləndiyi üçün müəllimlərinin diqqətində idi. 1970 - ci ildə 10 yaşında ikən rayon səviyyəsində keçirilən rəsmi tədbirdən sonra verilən konsertdə ilk dəfə çıxış edərək hamının sevimlisinə çevrilmişdi. Rayon musiqi ictimaiyyəti də artıq onunla maraqlanırdı. 12 yaşında olarkən İlqarı tez - tez Bərdə şəhərinə toylara aparıb bu bacarıqlı uşağın ifalarına böyük maraq göstərirdilər. 1974 - cü ildə, 14 yaşında ikən artıq peşəkar musiqiçilərlə birlikdə ansambllarda çalır, onlara qoşulub konsertlərə, toylara gedir, məharət göstǝrǝrǝk tanınır və rəğbət qazanırdı. O, tədricən muğamlara da bələd olurdu. Musiqi dərnəklərində ona öyrədilən muğamlarla kifayətlənmir, qrammafon vallarını, audio - kassetləri, radio konsertlǝrini dinləyirdi. Hər bazar günü saat 14 : 00 - da Azərbaycan radiosunun birinci proqramıyla verilən muğamat konsertinə həvəslə qulaq asırdı. İlqar 16 yaşından ətraf rayonlara da toylara gedirdi. İlqar 1975 – 78 - ci illərdə Şəkidəki 43 saylı texniki - peşə məktəbində təhsil alarkən burada ansambl yaratmış və ona bacarıqla rəhbərlik etmişdi. Həmin illərdə onun təşkilatçılıq və yaradıcılıq qabiliyyəti də özünü biruzə vermişdi. O, artıq Şəkidə özünü yaxşı musiqiçi və qarmonçalan kimi təsdiq etmişdi. İlqar texniki peşə məktəbini də fərqlənmə diplomu ilə bitirib. Az.TV - nin «Biz romantiklərik» adlanan verilişində İlqar Kərimovun texniki – peşə məktəbindəki ansamblı dəfələrlə qonaq olmuş, maraqlı proqramla çıxış etmiş və geniş tamaşaçı auditoriyasının diqqətini özünə cəlb etmişdir. İlqar Kərimov 1979 – 84 - cü illərdə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunda təhsil alıb. O, təhsil illərində institutun x.ç.a. ansamblının fəal üzvü olmuş, məşqlərdə fəallıq göstərmiş, konsertlərdə, bütün tədbirlərdə çıxış edərək bir qarmon ifaçısı kimi öz ustalığını artırmışdır. Ansamblın rəhbəri Abbasqulu Nəcəfzadə ilə onun arasında dostluq yaranmışdır ki, həmin münasibət bu gün də davam edir. Təhsil illərində o, Abbasqulu müəllimlə el şənliklərinə də gedirdi. İnşaat Mühəndisləri İnstitutunun ansamblında, 1983 - cü ildə Əliikram Quluyev rəhbər olmuşdu. İlqarın qarmon ifası Əliikramın xoşuna gəlmiş və onunla yaradıcılıq əlaqələri qurmuşdu. Həmin illərdə və sonralar onlar birlikdə xeyli toylarda çalmışdılar. Əlaqələr, bir - birlərinə olan inam, etiqad onların arasında dostluq yaradıb. Yaşa dolduqca bu dostluq daha da möhkəmlənir. 1978 - ci ildən başlayaraq İlqar müxtəlif ansambllarda çıxış etmişdir. O, Azərbaycan Konsert Birliyinin «Azərbaycan təranələri» x.ç.a. ansamblında, İnşaat Mühəndisləri İnstitutunun «Ozan» estrada qrupunda çalırdı. İ.Əbilov adına mədəniyyət evinin «Könül» rəqs ansamblının müşayiətçisi olması da onun inkişafına kömək etmişdi. İlqar Kərimovun ən geniş fəaliyyəti B.Mahmudoğlunun rəhbəri olduğu «Dastan» folklor ansambli və A.Nacǝfzadənin rəhbərlik etdiyi «Günaydın» instrumental ansamblı ilə olub. Radioya lentlərin yazılması, televiziyadakı çıxışlar, Dövlət Filarmoniyasında, Respublika sarayındakı konsertlər və rayonlardakı tədbirlər İlqarın musiqiçi kimi formalaşmasında və tanınıb rəğbət qazanmasında mühüm əhəmiyyət kəsb edirdi. İlqar dəfələrlə dövlət tədbirlərində və bölgələrimizdə məşhur ifaçılarımızla birlikdə çıxış etmişdir. O, keçmiş SSRİ - nin müxtəlif şəhərlərində və xarici ölkələrdə milli musiqimizi ləyaqətlə təmsil edə bilmişdir. İlqar Kərimov Şəkidə yaşadığı illərdə mahir zurna ifaçısı şəkili Əliəfsərlə də toy şənliklərində çıxış etmişdir. Ustad Əliəfsər İlqarın qarmon ifasını bəyənirdi. A.Nəcəfzadənin rəhbərliyilə bir zamanlar fəaliyyət göstərən və populyar olan «Meyxana» ansamblında 1976 – 78 - ci illərdə İlqar da çalışıb. Meyxana ustası Nizami Rəmzinin və «Meyxana» ansamblının Respublika sarayındakı ilk konsertində ansamblın qarmonçalanı İlqar Kərimov olmuşdu. İlqar məşhur usta Saşa Zverevlə söhbət apararaq ona qarmon sifariş vermiş, 4 tonlar əlavə olunmuş alət düzəltdirmişdir. Təbii ki, bu işlə əlaqədar qarmonun qrifində də dəyişiklik edilmiş, dillər (klavişlər) əlavə olunmuşdur. O, özünə və pərəstişkarlarına çox sevimli olan bu qarmonla ǝrǝb, fars, türk və Şərq xalqlarının musiqi nümunələrini incəliklərinə qədər çala bilir. Bəzi musiqiçilər qarmona gətirilmiş bu səs sistemini bəyənmir və ya qəbul etmək istəmirlər. Lakin bütünlükdə götürdükdə həmin pərdələr (səslər) bizim qədim musiqimizdə olmuşdur. Lazım gələn, tələb olunan anlarda 4 tonlardan istifadə musiqini bayağılaşdırmır, əksinə gözəlləşdirir və emosional gücünü artırır. İlqarın xatirələrindən: «1990 - cı ildə Türkiyəyə səfər etdik. Heyətimizdə Abbasqulu, İlham və Məhərrəm Nəcəfov qardaşları, nağaraçalan Cavanşir, mügənnilər Elçin Cəlilov və Səyyad Əlizadə də var idi. Ankara şəhərinin «Atatürk stadionu» nda konsertlərimiz oldu. Azərbaycan xalq musiqisi və bəstəkar əsərlərindən əlavə, proqrama qardaş türk xalq musiqisindən «türkü» lərin bəzilərini əlavə etmişdik. Bunları qarmonda ifa edərkən stadionda alqışlar kəsilmirdi. Bakıdan İrana, oradan da Türkiyəyə köçən tanınmış tarzən Abdulla Qurbani və türk musiqiçiləri konsertdən sonra hotelǝ, otağımıza gəldilər. Mənim 4 tonlu qarmonumla maraqlanırdılar. Onların xahişilə qarmonu çalırdım. Qarmonda ifa olunanlar onlarda xüsusi maraq oyatmışdı. Musiqiçilər deyirdilər ki, Azərbaycandan bizə gətirilən qarmonların heç birisi belə deyil, həm də akkordeonlarda belə pərdələr yoxdur. Mən izah edirdim ki, bu qarmonu xüsusi sifarişlə düzəltdirmişəm. Abdulla Qurbani çox xahiş edirdi ki, bu qarmonu ona satım. Deyirdi ki, sənin qarmonun Türkiyədə çox xoşa gəlib, bu alətdən türk ansambllarında istifadə edəcəyik. Türk musiqiçiləri böyük məbləğdə pul təklif etsələr də, bahalı, komfort maşınla qarmonu dəyişmək istədiklərini bildirsələr də təbii ki, mən razılıq vermədim. Türkiyənin «Raks» firmasının əməkdaşları hotelǝ gəlib mənimlə söhbət apardılar. Təklif belə oldu ki, qarmonda türküləri ifa edim, disklərə yazıb satışa buraxsınlar. Bu isə baş tutan iş deyildi. Azərbaycanda 1990 - cı ildə hələ Sovet qanunları mövcud idi. Ölkəmiz müstəqillik qazanmamışdı. SSRİ hələ dağılmamışdı. Bizim səfər heyətimizin tərkibində DTK nümayəndəsi və digər məsul şəxslər vardı. İcazəsiz bir addım da atmaq olmazdı. Söhbətin bu yerində mən İlqar bǝyǝ sual verdim: «Siz türküləri havaxt və kimdən öyrənmisiniz?» Cavab belə oldu: «Uşaqlıq illərində Türkiyə radioları ilə verilən konsertləri çox dinləmişəm. Elə bu havaları da o zaman öyrənmişəm. Həmin musiqilər o çağlardan hafizəmə həkk olunub». İlqar 1992 - ci ildə də Türkiyənin ən möhtəşəm şəhərlərində konsert səfərlərində olub. O, sevimli qarmonu ilə yenə də türk tamaşaçılarının könüllərini fəth edib. Bakı mühitində, musiqi aləmində çalışdığı anlardan İlqar Kərimov məşhur müğənniləri, o sıradan Baba Mahmudoğlu, Gülağa Məmmədov, Teymur Mustafayev, İlhamə Quluyeva, Səfa Qəhrəmanov və Qəndab Quluyevanı müşayiət etmişdir. «Azərbaycanfilm» kinostudiyasının Rövşən Ağayevin ssenarisi əsasında çəkdiyi «Lətifə» filmində (rejissor Nizami Musayev, bəstəkar Cavanşir Quluyev) səslənən qarmon ifaları İlqar Kǝrimova məxsusdur. Demək lazımdır ki, İlqar Kərimovun bütün sənət fəaliyyəti qarmon ifaçılığı sənətinin daha da təşəkkül tapmasına və inkişafına xidmət edir. Mən İlqar bəylə söhbət edərkən ondan maraqlı fikirlər aldım. Xalq musiqimizin qarmonda səslənməsi və qədim oyun havalarının bu alət üçün işlənib hazırlanması barədə mülahizələri və tutarlı izahları məni qane etdi. O, unudulmuş xalq havalarını axtarış apararaq tapmış, yaşayış məskənlərinin adıyla adlanan «Sarıbaş», «Balakən» və «Şəki» rəqslərini lentlərə yazdıraraq radionun fonetekasına vermişdir. Hazırda qədim xalq havaları üzərində tədqiqatlarını davam etdirir, tapdıqlarını isə qarmona gətirərək məşqlərini aparır. Onu da qeyd edək ki, o, 10 - a yaxın lirik melodiyaları ifa edərək radioya təqdim edib. İlqar Kərimov məsul vəzifədə çalışır. 1989 - cu ildən "Azərkinovideo" istehsalat Birliyi Təmir - Tikinti Trestinin müdiri işləyir. Hazırda həmin idarə Mədəniyyət və Turizm Nazirliyinin Təmir - Tikinti Trestidir. İlqar müəllim həm də iş adamıdır. Özünün şirkəti var. O, «İfan» şirkətinin prezidentidir. İlqar Kərimov 1984 - cü ildə ailə qurub. 2 övladı var.
_____________________________________________________________________________________________________________________
Əhsən Rəhmanlı “Qarmon ifaçılığı sənəti və onun Azərbaycanda tədrisi”, Bakı “MBM” 2014, Səh. 546 – 549.