Nizami Cərullah oğlu Əsgərov 1957 - ci il yanvarın 28 - də Bakıda dünyaya gəlib. 1964 - cü ildə 21 saylı məktəbin birinci sinfinə daxil olub. Orta təhsili 13 saylı məktəbdə başa vurub. 1968 – 1973 - cü illərdə Y. Qaqarin adına pioner və məktəblilər evində (indiki T. İsmayılov adına Uşaqlar və Gənclərin Yaradıcılıq Mərkəzi) qarmon sinfində təhsil alıb. Sonra İrzaquliyeva onun bacarıq və istedadını nəzərə alıb ciddi məşğul olmuş, övlad kimi əzizləmiş və həvəslə sənətin qaydalarını öyrətmişdir. Nizami Yaradıcılıq Mərkəzinin qarmonçalanlar ansamblında çalmış, oxuduğu ümumtəhsil məktəbin bədii özfəaliyyət kollektivində çıxış etmişdir. Onun peşəkar sənətə gəlməsində əmisi Şirvan aşığı Əli Əsgər Əsgərovun mühüm rolu olmuşdur. Nizami Əsgərov 1977 - ci ildən 1987 - ci ilə qədər Azərbaycan Dövlət Rəqs Ansamblında çalışmış, burada peşəkarlığını artırmış və bir qarmonçalan kimi özünü doğrultmuşdur. Bu dövrdə keçmiş Sovetlər Birliyinin əksər respublikalarında, xarici dövlətlərdən Macarıstanda (1984), Polşada (1984) sənət səfərlərində olmuşdur. Polşa səfərində məşhur xanəndə Alim Qasımov və Naxçıvan Muxtar Respublikasının "Şərur" folklor rəqs kollektivi də iştirak edirdi. Musiqiçilərin rəhbəri xalq artisti, bəstəkar Ramiz Mirişli olmuşdur. 1988 - ci ildə Bolqarıstandakı çıxışları Nizaminin həyat və sənət səlnaməsində silinməz izlər buraxmışdı. 1980 - cu ildə Moskvada keçirilən yay olimpiadasının bədii proqramında da Azərbaycan sənətçilərinin iştirakı çox mühüm əhəmiyyət kəsb edirdi. Sənət adamlarımız arasında N. Əsgərov da var idi. Belə sənət səfərlərindəki uğurları Nizaminin bir sənətçi kimi inkişafına böyük təkan olmuşdur. 1992 - ci ildə Türkiyədə keçirilən Beynəlxalq Festivalda çıxış edərək laureat adı qazanması sənətkarımızın böyük müvəffəqiyyətlərindən xəbər verirdi. Sonralar Türkiyədə dəfələrlə konsertlərdə olması, Kiprdə və 2001 - ci ildə İraqda Babilistan festivalında iştirakı, İrandakı çıxışları Nizaminin əsl sənətkar kimi tanınmasında mühüm rol oynamışdır. Nizami 1979 - cu ildə qiyabi yolla Azərbaycan Dövlət İncəsənət İnstitutuna (indiki Mədəniyyət və İncəsənət Universiteti) daxil olmuş və 1984 - cü ildə bitirmişdir. Sənətkar 1983 - cü ildən indiyədək tədris sahəsində də çalışmışdır. Aşıq Ələsgər adına Mədəniyyət Sarayında və Bakı Xoreoqrafiya Məktəbində yaxşı işçi kimi tanınmışdır. 1980 – 1990 - cı illər arasında onlarla xalq oyun havalarını və öz bəstələdiyi rəqs melodiyalarını lentə yazdıraraq fonetekamıza təqdim etmişdir. 2000 - ci illərdə bu işi yenidən davam edərək iyirmiyə yaxın musiqi nümunələrini radiomuzun fondu üçün yazdırmışdır. Buraya bəstəkarımızın əsərləri, xalq rəqsləri və muğamları daxildir. Dünya şöhrətli xanəndə, xalq mahnılarımızın, bəstəkar mahnılarının və muğamlarımızın mahir ifaçısı Zeynəb xanım Xanlarovanın rəhbəri və solisti olduğu ansamblda Nizami Əsgərovun fəaliyyəti onun tam peşəkar qarmonçu kimi yetişməsini üzə çıxardı. Bu ansamblda Aftandil İsrafilov, Faiq Əlibalayev kimi mahir qarmonçalanlar da çalışıblar. Belə musiqiçilərdən sonra Nizaminin bu ansamblda qarmonçalan kimi özünü doğrultması onun yüksək bacarığından xəbər verir. Hal - hazırda N. Əsgərov Milli Konservatoriya tərkibində İncəsənət Giminaziyasında qarmon sənətindən dərs deyir. Ailəlidir. Bir oğlu, bir qızı var.
____________________________________________________________________________________________________________________
Əhsən Rəhmanlı “Qarmon ifaçılığı sənəti və onun Azərbaycanda tədrisi”, Bakı “Araz” 2008, Səh. 374 – 376.